Kitabı oku: «Bakı-1501», sayfa 4
– Harda?
Rәhim bәy sağ әlindәki tatarını qaldırdı, çayın axarı ilә yuxarı tәrәfi göstәrib izahat vermәyә başladı:
– Odu, bax orada… bir az yuxarıda.
– Bәs hara getdi?
– Bilmәdim. Mәni görcәyin qayaların arasında yox oldu.
Bayram bәy şübhә ilә amil – bәlәdçiyә baxdı:
– Kim olar? Bәlkə, Şirvanşahın adamlarından – güdükçülәrindәndi?
Amil şübhә ilә başını salladı.
– Ağlım kәsmir. Şirvanşah Fәrrux Yasar Qәbәlә tәrәflәrdә qoşun yığmaqdadı. Şamaxı boşdu. Oğlu Qazi bәy dә Bakı iqamәtgahındadı. Bunu yәqin bilirәm. Bu, olsa-olsa, hәmin sizә dediyim govurlar olacaq. Yәqin, gәlmәyimizdən xәbәr tutub qaçıblar, haradasa o dağlarda-zadda gizlәniblәr, zağalara tәpiliblәr. Bax, başına dönüm, ağa, әsl qılınc gücunә dinә gәtirmәli elә bunlardı. Yolüstü. Hәm Allaha xoş gedәr, hәm dә bәndәyә. Çünki kafırdan da pisdilər.
Amilin qәbilәlilәrlә çoxdan idi ki, arası yox idi. Bu aralıq Rәhim bәy iki nökәrin sürüyә-sürüyә gәtirdiyi әmudunu yüngülcә yerdәn qaldırıb bir neçә dәfә çiyninә qoydu. Başı üstünә qaldırdı, gah sağ, gah da sol әlindә buladı. Bu onun adәti sәhәr hәrәkәtlәri idi. Bayram bәyin ağzı amillә danışır, gözlәri gәncin cazibәdar hәrәkәtlәrini izlәyirdi. Amil sözünü qurtaranda gözü hәlә dә Rәhimdә ikәn dedi:
– Yaxşı, onda sәn Rәhim bәylә get, göstәrdiyi yeri yoxla. Mәn dә mәsәlәni qibleyi-alәmә xәbәr verim.
Rәhim bәy әmudu sağ әlindә fırladıb kiminsә başına endirirmiş kimi bir hәrәkәt etdi vә sәrrastlıqla durub ona tamaşa edәn iki nökәrin düz arasına atdı. Nökәrlәr diksindilər. Bayram bәy tәhsinlә, iftixarla, amil yaltaqlıqla gülümsәdi. Rәhim bәy isә yenidәn atlandı. Qәlbindә anlaşılmaz bir hәvәs doğmuşdu. Ona elә gәlirdi ki, hәmin yerә qayıtsa, ürkütdüyü xәyalı bir dә görәcәk.
Amil dә atlandı. Bayram bәy şahın xeymәsinә, onlar isә çayboyu yuxarı tәrәfә yollandılar.
Yavaş-yavaş, qәdәm-qәdәm at sürәn süvarilәr bir az әvvәl Rәhim bәyin xoş xәyal gördüyü yerә çatanda gәncin nәdәnsә qəlbi titrәdi, iri bir küyüm ağzı suya tәrәf, böyrü üstә yerә yıxılıb qalmışdı. Elә bildi, gördüyü qızdır. Öz әvvәlki arzusuna rәğmәn o qızın burada olmasını istәmirdi. Amilin onu görmәyini arzu etmirdi. Hәnirti duyub dala baxanda dabanbasma atlarını onlara çatdıran Bayram bәylә hökmdarı gördülәr. Hökmdar üzü niqablı idi. Amil vә Rәhim bәy atlarını saxlayıb aralandılar. Cilovu sol әllәrinә verib sağ әllәrini döşlәrinә qoydular, baş endirdilәr. Rәhim bәy dәrhal qızı da, xәyallarını da unudub gözlәrini cavan şaha dikdi. Elә baxırdı ki… Müridlәrin öz aralarında indidәn tacqoyma mәrasimi keçirilmәdәn şah, padşah adlandırdıqları bu cavanın bircә kiçik işarәsi ilә onun yolunda canından keçmәyә, özünü qurban vermәyә hazır idi.
İsmayıl soruşdu:
– Adamı burda görmüsәn, Rәhim?
– Bəli, hökmdarım, burda.
– Haçan?
– Elә indicә, qurbanın olum.
– Hara qeyb olduğunu görmәdin?
– Çox baxdım, qibleyi-alәm, daşların arasında itdi. Elә bil yerә batdı. Deyirәm, bәlkә, gizlәnib. Mәn gedәndәn sonra çıxıb ora, – deyә cavan süvari әli ilә sıldırımların üstünü göstәrdi.
Burada azman qayalar sәrt qara divar yaratmışdı. Amil nә isә demәk istәdi, lakin şahın hüzurunda danışmağa cürәt etmәdi. Bir dә ondan söz soruşan da yox idi, rәyini bilmәk istәyәn dә. Ondakı hәrәkәti duyan hökmdar çiyni üstündәn amilə baxıb Bayram bәydәn soruşdu:
– Bәs çarvadar – bәlәdçinin fikri nәdi?
Dolayısı ilә olsa da, sual ona verilmişdi. Bәlədçi baş endirdi vә üzünü Bayram bәyә tutub kәkәlәyәrәk dillәndi:
– Ora quşqonmaz qayalardı, ora insan ayağı dәymәz. Çıxmalı yol da yoxdu.
– Bәlkә, o biri üzündәn…
– O tәrәf dә dağlardı – uca, özü dә yol-izsiz.
İsmayıl yenә dә Bayram bәyi qaralayıb dedi:
– Onda adam bura göydәn düşmәyib ki. Keçәk o biri taya. Çayın o biri tayından, bәlkә, bir şey seçә bildik.
Bu sözlәrlә dә o atını Günәşli çaya saldı. Çayın ortasında su burulur, gicov getdikcә dәrinlәşirdi. İndi artıq su atın qarnının altına vururdu. Bayram bәy cavan şahın öz atını Kürә vurmasını görmüşdü, şücaətinə bәlәd idi. Bununla belә, dar çay boğazında qәfil sel gələ bilәrdi. Dağ çaylarının ilin bu fәslindә gözlәnilmәzlikləri çox olur. Әvvәli sәssiz başlayır, az sonra güclənir, kükrәyir, uğultusu alәmi götürür. Beş dәqiqәnin içində qabağına dәvә dә çıxsa, süpürləyib aparır vә tez dә su azalır, sakitlәşir, çay nәrmin bulağa, susqun quzuya dönür. Yalnız sahillәrdәki lil, selinti, nәhәng daşlar, bir az əvvәl burada baş vermiş faciәnin nişanәsi kimi qalır.
Bayram bәy bir an içindә bütün bunları düşünüb həyəcana gәldi, nә isә demәk, şahı xәbәrdar etmәk istәyirdi ki, İsmayıl özü atın qarnının altına vuran suyun getdikcә dәrinlәşdiyini duyub, heyvanı sola, axara doğru döndәrdi. Axar boyu cəld atı sәyridib, su zәrrәlәrini fәvvarә kimi göyә qaldırdı vә bir qızğın gәnc nadincliyi ilә o biri sahilә sıçradı. Bayram bәy, amil – bәlәdçi vә Rәhim bәy də onu müşayiәt etdilәr.
Qarşı sahildәn azman qayanın üstündә heç bir canlı görünmürdü. Evdәn, alaçıq vә ya başqa bir tikilidәn әsәr-əlamәt yox idi.
Atlılar başlarını yuxarı qaldırıb xeyli baxdılar. Onlar atlarını bir qәdәr sürüb, Günәşli çayın hәr iki sahildәn sıldırım vә uca qayalarla әhatә olunduğu әn dar boğazına qәdәr getdilәr. Yenə dә elә bir şey görmәdilәr.
Geri qayıtdılar, yenә dә gözlәrini qara divara bәnzәyәn qayalığa dikib irәlilәyirdilәr. Birdәn hökmdarın nәzәrini çayın suyu ilә bәrabәr qayanın dibindәki iri köhül cәlb etdi. Sumu deşib açmışdı bu mağaranı? Yox, insan әlinin işinә bәnzәyirdi.
İsmayıl atın cilovunu çәkdi, qәdәm-qәdәm sürmәyә başladı. Diqqәtlә bu mağara ağzına baxırdı. Hələ müşayiətçilәrinә bir söz deyib nәzәrlәrini onu maraqlandıran yerә cәlb etmәmişdi ki, birdәn dәlmәdәn iki əl uzandı, küyümü suya batırıb doldurdu vә çәkildi. İndi izahata ehtiyac yox idi. Yanındakılar da bu әllәri vә küyümü görmüşdülәr. Amil – bәlәdçi özünә müraciәt olunmasını gözləyә bilmәdi, heyrәt qarışıq bir sәslә dillәndi:
– Govurlar ordadı, qibleyi-alәm! Onlar, görünür, yuxarıdan lağım atıblar, qayanı yarıblar su üçün.
– Mәlum oldu, mәlum oldu…
Bayram bәy tәnә ilә bәlәdçiyә dedi:
– Demәk, qayalığın üstünә dağ tәrәfdәn yol var, amil!
– Belә görünür, tәsaddüqün olum, şahım!
– Bayram bәy, binagüzarlıq gör, qayalığı mühasirә edin.
– Baş üstә, qibleyi-alәm!
Rәhim bәy atını hökmdarın atına yaxın sürüb, xahişkar sәslә dillәndi:
– Mәnim dәstәmә izn ver, qibleyi-alәm!
Hökmdar niqabının altından özündәn cәmi bir-iki yaş böyük olan gәncin sәdaqәt vә vәfa, itaәt vә xahiş yazılmış simasına baxdı, Rәhim bәyin sol qaşının üstündәki çapıq yeri hәlә dә qızarırdı. O, bu çapığın tarixçәsini yaxşı xatırlayırdı.
Hadisәnin üstündәn hәlә heç bir il də keçmәmişdi. Yaxşı yadındaydı, o zaman Lahicanda keçirdiyi altı ildәn sonra Mirzәli hakimin qonaqpәrvәr sarayını tәrk edib, başının adamları ilә Әrdәbilә getdi. Lakin Әrdәbil hakimi Cәyirli Sultanәli bәy Әlvәnd Mirzənin adı ilә onu Әrdәbilә buraxmadı. Gәnc İsmayıl hәlә şahlıq adını üstünә götürmәmişdi. Başındakı 1500 qızılbaş atlısı içindә әn yaxın müqәrrәblərindәn Lәlә Hüseyn bәy, Abdulla bәy, Lәlә Xülafa bәy, Rüstәm vә Bayram bәy Qaramanlı qardaşları, Xınıslı İlyas bәy, Ayqut oğlu, Qara Piri bәy Qacar var idi. Deylәmdәn keçib Talış hakiminin razılığı ilә Astaraya gәldilәr. Qışı Әrcüvanda keçirdilәr. Elә hәmin hadisә dә burada baş verdi. Sәn demə, Әlvәnd Mirzәnin razılığı ilə Cәyirli Sultanәli bәy İsmayıla sui-qәsd hazırlayıbmış. O gecә İsmayılın çadırı qarşısında Bayram bәyin adamları, qapının ağzında isә onun bacısı oğlu Rәhim bәy keşik çәkirdi. Rәhim bәy o qәdәr sayıq olmuşdu ki, hәmin gecә sui-qәsdin üstünü açmış, İsmayılı xilas etmiş, özü isә başından yara almışdı. Elә bu vaxt Şirvanşah Fәrrux Yasarın Talış hakiminә min tümәn göndәrib, İsmayılı tәlәb etmәyini eşitdilәr. Yaralı Rәhim bәyi dә özlәrilә götürüb Әrcüvanı tərk etmәyә mәcbur oldular. Sәfәr zamanı onu at üstündә, kәcavәdә daşımalı oldular. Sәfәr isә xeyli çәkdi, bir ilә yaxın.
Demәk olar ki, hәmişә yolda oldular. Hәr iki xәyanәt qızılbaş әmirlәrindәn Bayram vә Rüstәm Qaramanlının əlilә açılıb, Rәhim bәyin әlilә dәf edildiyindәn onların dәrәcәsi vә hörmәti İsmayılın vә başqa müqәrrәb müridlәrin yanında daha da uca oldu. Әrcüvandan çıxaçıxda Türkiyә, Şam vә başqa yerlәrә carçılar göndәrib, onları din uğrunda şeyx Cüneyd vә şeyx Heydәrin qatili şirvanşahlara qarşı mübarizәdә birliyә dәvәt etdilәr. Özlәri isә Qarabağa, Göycәyә gәldilәr. Göycәdә qaraqoyunlu әmirlәrindәn Sultan Hüseyn dә İsmayıla qarşı xәyanәt vә qәtl mәclisi tәşkil etdi. Lakin qızılbaş әmirlәri onun yağlı dillәrinә aldanmayıb, İsmayılı Çuxursәdә ötürdülәr. Mәclisә özlәri getdilәr. Belәliklә, әmirlәr öz mürşüdlәrini bir sui-qәsddәn dә xilas etdilәr. Әrzincanda bütün qızılbaş әmirlәrinin yığıncağı çağrıldı. İsmayıl yığıncağa hamıdan әvvәl yollandı. Sәfәrlәrin ağır olmasına baxmayaraq Rәhim bәyin sәhhәti sürәtlә yaxşılaşırdı. Odur ki, Çuxursәddәn İsmayılı Әrzincana mәhz o – inanılmış Qaramanlı nәslinin nümayәndәsi müşayiәt etdi. Әrzincanda iki mühüm qәrar qәbul olundu:
1. Sәfәvilәrә qarşı qatı düşmәn mövqeyi tutan Şirvanşah Fәrrux Yasar әleyhinә tәxirәsalınmaz müharibә başlansın.
2. Bunun üçün dә irәlicәdәn maddi vәsait vә hәrbi sursat toplansın.
Belәliklә dә, qәsb yolu ilә vәsait toplamaq üçün Xınıslı İlyas bәy Mantaş qalasına, Xülafa bәy isә Axalsıxa gedib sursat hazırlığı gördülәr. Buradaca Şirvanşah Fәrrux Yasar din düşmәni elan olundu. Qazilәr qazavat davasına başlayıb Әrzincandan Şirvana yollandılar. İndi artıq İsmayılın dәstәsindә yeddi mindәn ziyadә atlı, bir o qәdәr piyada qazi var idi. Әrzincandan buraya qәdәr onun xeymәsinin dәyişmәz gözәtçisi şahın xas alayının sәrkәrdәsi Bayram bәy Qaramanlının qazilәri vә onların içindә dә bacıoğlusu Rәhim bәy var idi. İsmayıl, bax, indicә gözünә daha da qırmızı görünәn hәmin yaranı qaşı üstündә gәzdirәn bu cavan qazinin qeyrәti sayәsindә sağ-salamat Şirvana gәlib çıxa bilmiş, üç böyük tәhlükәdәn xilas olmuş, müzәffәr sәrkәrdә vә hökmdar kimi qәdim Şirvan torpağını fәthә başlamışdı. Bütün bu qırğınlar – bu qardaş qırğınları onun qәlbindәki şair guşәsinә toxunanda qeyri-ixtiyari yadına çox uzaq bir sәhnә düşürdü.
“Uşağın yaddaşı kәskin olar”, – deyiblәr. İndi hökmdar o xırdaca yaşında gördüklәrinin hamısını böyük bir güzgüdə seyr edirmiş kimi xatırlayırdı. Atası Sultan Heydәrin xahişi ilә Alәmşah bәyim qardaşı Sultan Yaqub ibn Uzun Hәsәnin iqamәtgahına yollanmışdı. Gedәndә anası körpә İsmayılı da özüylә aparmışdı. Onsuz dura bilmir, hәm dә uşağı dayısına göstәrmәk istәyirdi. Sultan Yaqub o vaxtlar Tәbrizdәydi. İsmayıl hәr şeyә böyük maraq və yetikliklә baxan, yaşına görә olduqca aydın fikirli әllamә uşaqdı. Orada qaldıqları bir neçә gün әrzindә bacıyla qardaş arasında sünni-şiә mәzhәblәri üstündә qızğın mübahisә gedirdi. Axırda Sultan Yaqub dayısının dediyi bir söz uşa-ğın xәyalına qızmar dәmirlә damğa yeri qoymuşdu: “Әziz bacım, sәn әrinә qahmar çıxmaqnan bizi mәhv edәcәksәn. Öz doğma ata ocağına, öz doğma qardaşına düşmәn kәsilәcәksәn. Alәm bilir ki, Şirvan başdan-başa sünni idi, sәnin istәkli әrin onları qıracaq, biz dә sizi onlarla birgә. Başın dövlәt işlәrindәn, siyasәtdәn çıxırsa, nәnәmiz Sara Xatun yerişi yerimәk, onun yolunu getmәk istәyirsәnsә, yaxşı-yaxşı fikirlәş. Gör, kimә daha çox tәsir etmәk, kimin üçün ağbirçәk olmaq daha doğrudur. Gör, qardaş qırğını kimin zәrәrinә, kimin xeyrinәdir. Hәr halda bilirәm ki, әrinin arzularını qoyub, bizә yar olmayacaqsan. Çünki onun zәfәri sәnin zәfәrindi. Amma nә etsәn, düşün”.
Bütün bu düşüncәlәrlә dә İsmayıl hәlә gәncә cavab vermir, “Sәn mәni tәhlükәdәn qorudun, mәn dә sәni qorumalıyam” – deyә fikirlәşirdi. – Lakin burda elә bir tәhlükә dә yoxdur. Kiçik bir tayfa, qәbilә xırdaca bir qayanın başına yığışıb. Govur da olsalar, bu amil demişkәn, görünür, çox inadlıdırlar. İnsan gör bir nә qәdәr zәhmәt çәkib, dağ yarıb, “govur yaran yolla” su aparır, özünü qoruyur. Bu döyüş tәhlükәli dә ola bilәr. Bәzәn bir qoşundan, cana doymuş dəli bir dəstә qorxulu olur. Bunu mәnә Xülafa bәy də, Lәlә bәy dә dönә-dönә deyib. Әn tәdbirsiz sәrkәrdә o sәrkәrdәdir ki, düşmәni özündәn aciz bilә. Onu saymaya. Sayılmayan yara simlәr”.
İsmayıl sağ әlini ondan bir qәdәr aralı gedәn Rәhim bәyə tәrәf uzatdı.
– Olsun, amma ehtiyatlı ol, Rәhim bәy! Sәnin bir kәsinti dırnağın bizim yanımızda min govur başından qiymətlidir.
Rәhim bәy әyildi vә böyük bir mәhәbbәtlә, ehtiramla hökmdarının ağ, zәrif dәrili, lakin qılınc oynatmaqdan xeyli bәrkiyib irilәşmiş әlini öpdü.
Cavanın belә bir hәvәs, sәdaqәt vә sәylә әmri qәbul etmәsi şair qәlbindә xәfif bir tәәssüf oyatdı. Xatirində başqa bir mәnzәrә canlandı.
Gözünün önündә ilk gördüyü ölüm sәhnәsi canlandı. Әslindә, hәlә uşaq ikәn çox ölümlәr görmüşdü. Asılan da, oxla, xәncәrlə, lap zәhәrlә dә öldürülәn görmüşdü. Amma bütün o ölümlәr özgә әlilә, muzdlu nökәrin, xәyanәtkarın, çoxu isә cәlladın әlilә olmuşdu. Bu isə… Birinci dәfəydi ki, o öz әlilә – qılıncının zәrbәsilә başı bәdәnindәn ayırmışdı. Şair ruhlu gәnc üçün bu ilk an bir qәdər dәhşət, heyrәt qarışıq qәribә bir tәәssüf hissi oyatmışdı. Bu an, tәkcә bir an donmuşdu. O, öz әli ilә bir hәyata son qoymuşdu! Özündәn xeyli yaşlı, özündәn xeyli cüssәli, özündәn çox dünyagörmüş, bәlkә dә, bir neçә uşağın – ailәnin yiyәsi, bir şәxs!
“Xaliqi-lәmyәzәlin lütfilә bәxş etdiyi canı mәxluqun әlindәn zorla almaq ha!”
Lakin elә hәmin düşüncә beynindә oyanan anda, lәlәsi Hüseyn bәy Bәydilinin, Bayram bәy Qaramanlının hәr iki cinahdan, – “Afәrin, hökmdarım! Mәrhaba, zәrbәn hәmişә belә kәsәrli olsun, şeyxim!” – nidalarını eşitmiş, Rәhim bәyin qibtә vә fәrәh saçan, parlaq qığılcımlar oynayan gözlәrini görmüş, hәr şeyi unutmuşdu. Dostları onu arxadan, sağ vә soldan qoruyurdu. O da gәncliyә, cürәti tәriflәnәn cavana mәxsus dәli bir coşqunluqla sağı-solu biçmәyә başlamışdı. İlk qan gözlәrini tutmuş, ilk qan beynini bir nöqtәdә saxlayıb dumanlatmış vә gәnc şair qәlbindә doğan tәәssüf qarışıq heyrәt hissini silib atmışdı. Sonralar ara-sıra həmin hiss şeir vә musiqi, elm vә әdәbi mәclislәrdә qәlbindә oyansa, onu narahat etsә dә, hәrb meydanında beynindәn o hiss və hәyәcan birdәfәlik silinmiş. Hәmişәlik onu tәrk etmişdi.
İlk ölümdәn bir gün sonra onun lәlәsi ilә hәrbi qılınc tәlimçisi arasında qәribә bir mükalimә baş vermişdi. Tәlimçi mürşüdә demişdi: “Bәlkә, hakimiyyәtә özün hazırlaşasan. Bu uşağın meyli mәncә qılıncdan çox kitabadır. Qorxuram, ondan bir şey çıxmasın”.
Lәlә mürşüd cavab vermişdi: “Qorxma, çıxacaq! Onda elә bir zalım ürәk tәrbiyә etmişәm ki, cәllad da hәsrәtin çәkәr. Rüzgarın gözü hәlә belәsini görmәmiş ola gәrәk. Şair olmağından özü utanacaq. Mәnim hakimiyyәtimә qalanda – yox! Şeyx Sәfiyәddin nәslinә avamların etiqadı, böyük inamı var. Dalınca kor-koranә gedәcәklәr. Bizә dә bu lazımdı”.
Bu mükalimәdәn İsmayıl xәbәr tutmadısa da, sonralar döyüş meydanlarında tәlimçisini belә heyran qoydu. Sәn demә, müәllim dә sәhv edәrmiş…
Bir qəbilənin sonu
(davamı)
Mühasirә gözlәnildiyindәn artıq çәkdi…
Hökmdar vә adlı-sanlı sәrkәrdәlәr qoşunun әsas hissәlәrinә hәrәkәt әmri verdi va onlar başda olmaqla qazilәr Şamaxıya doğru yollandılar. Sahildә tәkcә Rәhim bәyin adamları qaldı. Onlar bir gün әrzindә qaya üstündәki düşәrgәyә – sonralar “Govurqazan” adlandırılan yerә dönә-dönә hücum etdilәr. Lakin tәkcә bir adamın keçә bilәcәyi cığırda neçә qurban verib, çәkilmәyә mәcbur oldular. Rәhim bәyin səbri tükәnirdi. Şah onun gәlmәsinә müntәzir idi. O, govurları qayadan endirib şiәliyә dәvәt etmәliydi. Qәbul elәmәyәnlәr qırılmalı idi. İşin uzandığını görәn sәrkәrdә çarə axtarırdı. Elә bu vaxt cığırın başına yol tapmış qazilәrdәn biri kәmәnd atıb cavan bir oğlanı əsir aldı vә Rәhim bәyin yanına gәtirdi.
Rәhim bәy tәxminәn özü yaşda olan bu oğlanın sifәtindә tanış cizgilәr görәndә heyrәtdәn özünü ələ ala bilmәdi. O, ömründә bu yerlәrdә olmamış, oğlanı görmәmişdi, tanımırdı. Bәs bu tanışlıq nә ilә izah olunmalı idi? O gəncin bir gün әvvәl çay qırağında gördüyü qızın qardaşı Güntәkin olduğunu bilmir, onun üzündə mәhz qızın gözlərini, qaşlarını gördüyünün fәrqinə varmırdı.
– Sәni dini-mübinimizin müqәddәs qanunlarına dəvət edirәm. Qәbul elә vә qәbilәdaşlarını da bu dinə çağır. Qoy, tәslim olsunlar, nahaq qan da tökülmәsin.
– Biz, şükür Allaha, müsәlmanıq. Qәbilədaşlarım da, mәn dә.
– Mәn sәni müqәddәs şiәliyә çağırıram.
– O nә olan şeydi, anlamadım, ağa?
– Kәlmeyi-şәhadәtini de.
– Әşhәdü әnna ilahә illәllah, Әşhәdü әnna Mәhәmmәdәn Rәsulallah.
– Әlavә et. Әşhәdü әnna Әliyyәn vәliyyullah.
– Axı nә üçün?
– Peyğәmbәrin yerindә vәsi olan Әliyyul-Mürtәza, şahi mәrdan eşqinә!
– Allahı bir, peyğәmbәri bir, “Quran”ı bir olan dindә başqa qol tanımıram.
– Qәbilәnizin ağsaqqallarını çağır…
– Qәbul elәmәzlәr!
Sual-cavab xeyli uzun çәkdi. Oğlan nә özü şiәliyi qәbul edir, nә dә qәbilәdaşlarının tәslimi üçün aman dilәyirdi. Onda Rәhim bәyin sәbri tamamilә tükәndi. Axtardığı çarәni tapmış kimi oldu. Rәhim bәyin әmri ilә qaya üstündәki düşәrgәdәn yaxşı görünәn açıqlığa çәkildilәr. Bir zaman qәbilәnin ulu babalarını İslama dәvәt etmiş qocanın mәzarı – pir üstünә gәldilәr. Burda mәzarın düz damlı türbәsi әn hündür yer idi vә qәbilәlilәr hökmün icrasını görüb qorxar vә tez tәslim olardılar. Rәhim bәyin әmrilə xas alayın qazilәrindәn әn uca sәsli bir nәfәr türbәnin üstünә çıxdı. Üzәrindә tәk bir “Allah” sözü yazılmış tağ qapının üstündә dayandı vә üzünü qaya düşәrgәyә tutub uca sәslә bağırdı:
– Ey govurlar, eşidin vә sonra demәyin ki, eşitmәdik. Baxın, bu cavanı sizin gözünüzün qabağında fәxri kainatın vәlisi Şahi-Mәrdanı vә şiәliyi qәbul etmәdiyi, yezid şirvanşahlara, şeyx Cüneydin, şeyx Heydәrin qatilinә lәnәt oxumadığı üçün din yolunda qәtlә yetiririk. Sizә söz veririk ki, qәtldәn bir hor keçәnәcәn tәslim olmasanız, hamınızı belәcә qılıncdan keçirәcәyik.
Qәbilәlilәr nәfәslәrini dә gizlәyib baxır, hәlә ki özlәrini büruzә vermir, pirin üstündə baş verәn hadisәlәri yaxşı görürdülәr.
Birdәn onların inana bilmәdiklәri bir hadisә oldu. İki qazi cәlladın kömәyi ilә qolu möhkәm bağlanmış Güntәkini pirin üstünә qaldırdı. Onun başını, qazilәrdәn birinin qolundan aşırıb yerә qoyduğu qalxanın üstünә әydilər. Cəllad, Rəhim bәyin işarәsi ilә oğlanın boynunu vurdu. Nə bir ahı, nә bir fәryadı eşidildi. Son dәqiqәsindә də aman istəmədi. Oğlanın qanı qalxanın qabarıq sәthindən süzülüb üzәrindә tәk bir “Allah” sözü yazılmış pir qapısına tərәf axdı.
Qaya üstündәki düşәrgәdәn acı fәryad, ağlaşma, oxşama sәsi ucaldı. Heç yarım dәqiqә keçmәmiş kişilәrin zorla belә saxlaya bilmәdiyi Gümüşbikә ilә Aytәkin üzlәrini cırıb qanlarına qәltan olmuş halda başıaçıq, ayaqyalın özlәrini dar cığırla aşağı atdılar. Ana da, bacı da özünü qanına bulaşmış Güntәkinin cәnazәsinә çatdırmağa qoşurdu. Onların ardınca canına lәrzә düşmüş digər qarılar yüyürüb gәlirdi. Özünü unutmuş kişilәr dә onların dalınca düşәndә, Rәhim bәyin adamları hamını mühasirә edib mәqsәdlәrinә belә tez çatdıqlarından – bir nәfәr dә itki vermәdәn mühasirәni qurtarıb, şahın әmrini yerinә yetirdiklәrindәn sevinirdilәr.
O günün axşamına doğru qәbilәnin köhnә vә tәzә düşәrgәsindә bir nәfәr dә qalmadı. Şiәliyi qәbul etmәyәnlәrin çoxu qılıncdan keçirildi, qalanı әsir düşdü. Әsirlәr içindә qız-gәlin dә var idi. Hamısının qoluna zәncir vurulmuşdu. Onları bir neçә nәzarәtçi sürüb aparırdı. Şirvanşah Fәrrux Yasara qәlәbә çalandan sonra Şamaxıda qul bazarı tәşkil edilәcәkdi. Sәrkәrdәlәr alınan әsirlәri bu bazara çәkәcәkdilәr. Qul tacirlәri bazarda onlara qiymәt qoyacaq, alacaqdılar. Ticarәt başlamazdan әvvәl hökmdarın hacibi bazara gәlәcәk, cavan padşahın әhdi-nәzir etdiyi sayda qul alacaqdı. Sonra da qәlәbә naminə peyğәmbәrin “qul azad etmәk” haqqında hökmü mövcibincә aldığı qulları, şahi-cavanbәxt adından azad edәcәkdi. Qalan әsirlәr isә hәrrac yolu ilә satılacaq, dünyanın müxtәlif şәhәrlәrinә, xüsusilә, Әrәbistana, Türkiyәyә, İrana aparılacaq, saraylara, әmir vә sәrkәrdәlәrin imarәtlәrinә yenidәn, daha baha qiymәtә satılacaqdı. Bu müddәt ərzindә qul tacirlәri әsir qızlar içindәn әn gözәllәrini hәrәmxanalar üçün seçәcәk, onlardan rәqqasә, xanәndә, nәvazәndә hazırlayacaq vә xüsusi mәktәblәrdә tәlim verildikdәn sonra qızların qiymәti birә-beş bahalanacaqdı. Belә qul bazarları hәr qәlәbәdәn sonra böyük şәhәrlәrin iri meydanlarında, bazarlarında düzәldilirdi. Hәmin bazarlara tәkcә müharibәdә alınmış әsirlәr deyil, hәmçinin Şimali Qafqazdan vә qonşu mәmlәkәtlәrdәn borc müqabilindә, daxili vә xarici vuruşmalar nәticәsindә әlә keçirilmiş uşaqlar, cavanlar da gətirilirdi.
Rәhim bәy nә qәdәr göz gәzdirdisә, әsir karvanı içində bir gün әvvәl şıltaq uşaq sevinciylə zәrif ayaqları ilə Günәşli çayın suyunu çalxaladan, suyu nadincliklə şappıldadan o qızı görüb tanıya bilmәdi. Әsir qızlar indi nә görkәmdә idi ki! Yas, kәdәr, pәrakәndә geyim vә dağınıq saçlar onları tanınmaz hala salmışdı. Qul bazarına satlıq getdiklәrini bilirdilәr.
Әvvәlcә Rәhim bәyin xas alayı, ardınca da әsir vә qәsb edilmiş mal-qara karvanı (bunların da yerini kim isә ölüm qorxusu ilә göstәrmişdi) Kamaladın vә İncәbel dikinə qalxıb Şamaxıya doğru yol aldı. Bir gün әvvәl getmiş şah qoşununun izinә düşdülәr. Rәhim bәyin keçib getdiyi yerdә iki xәrabә qaldı. Biri qәbilәnin әsrlәr boyu yaşayıb dövran sürdüyü kәnd, biri dә tәzә düşәrgә. Sonralar qonşu kәndlәrin “Qala-qalaq” adlandırdığı bu düşәrgәdә indi dә әhalinin “Govurqazan” dediyi o su yolu durur: həyat eşqi, azadlıq rәmzi kimi!
Qoşun keçib-getdi; cәnazәlәrin üstündə qoca quzğun dövrә vururdu.
Qoşun keçdikcә İsmayılın Fәrrux Yasar ilә Cabanıdakı mәşhur vuruşuna qәdәr Şamaxıya gedәn yol boyu “Әliyyәn vәliyyullah” demәyәn bütün kәndlәrin yandırıldığı yerdә qalaq-qalaq kül qaldı…
* * *
Xәzәrim, dәrya mәhәbbәtim! İllәr, әsrlәr keçәndәn sonra bu yerlәrdә tәdqiqat aparan arxeoloqlar qazıntı apardığı əski kәnd yerlәrindә 25 santimetr qalınlığında kül laylarına rast gәlәcәklәr.
“Güngörmәz”dә Hacı Sataz döşündә, Çuxannı qışlağında, Cәnkәn çәmindә, Haramıda, Bәrkdәrә üstündә, hәmyәdaşquyu yurdunda, qanlı lağım üstündә, Qanlı qışlaqda, Qanlıçay boğazında, Qanlıtәpә yurdda (nә qәdәr qanlı yer adı!), Tava yerindә babaların qәdim mәskәnini axtarıb tapacaq, qırıq kuzә, sınıq boşqabları pinclәyib muzeylərә düzәcәklәr. Vәtәndaş müharibәlәrini – qardaş qırğınlarını lәnәtlәyәn dәlil, sübut kimi gəncliyә nişan verәcәklәr.
Eh, daha nәlәr olacaq, dәrdin alım, Xәzәrim, nә deyim, nә danışım; mәn xatırladıqca dünya başıma aylanır. Hәr vәrәqindә tariximizin bircә xәttini gördüyüm әlyazmaları, hәr naxışında keçmişimizin bircә nişanәsi qalan pincli qablar… Nә isә… Gәlin qoca quzğunun izlәdiyi qoşunun dalınca getmәyәk. Qanlı vuruş Cabanıda gedir, biz isә Bakıya qayıdaq. Axı Şirvanı fәth etmәyә gәlәn şeyx oğlu şah qüvvәsinin bir hissәsini Bayram bәy Qaramanlının başçılığı ilә ayırıb Bakıya – Qazi bәyin öhdәsindә qalmış Şirvanşahın qış sarayını fәthә göndәrib. Sәnin sahilinә enәk, Xәzәrim! Görәk orada nә qәdәr qardaş, qardaş qanı axıdıb sәnin pak sularına?
Dalğaların nә qәdәr vәtәn övladının qanına boyanıb? Xırdaca, oynaq, dәcәl lәpәlәrin sahilin qanlı qumlarını yuyub arıdıb. Sәn göz yaşlarındanmı belә duzlusan, ahlardan, әninlәrdәnmi belә hәzinsәn, qәzәblәrdәnmi belә çoşqunsan, Xәzәrim mәnim?
Sənətkar məhəlləsində
Bu şәhәrdә hasarlı hәyәtlәr yox idi. Evlәr sımsıx, divar-divara tikilmişdi, bir-birinә yol dar dalandan keçirdi. Elә bil ki, әhali ya başı alovlu, qanlı-qadalı yağıdan qorxub bir-birinә sığınmışdı (canavar görmüş quzu sürüsü kimi), ya da üstü göy qübbәli, altı gen dünyamızda torpağımıza qәnaәt elәmiş, yeri-yurdu әkin-biçin üçün saxlamışdı. Demişdilәr ki, qoy, tayfanın әkәri çox, biçәri – çörәyi bol olsun.
Şәhәrdә, demәk olar ki, evlәrin böyründә dә qәbirlәr var idi. Bu şәhәrdә hәr şeydәn әvvәl zәrgәrlik vә dulusçuluq inkişaf etmişdi. Dulusçuluq mәmulatı ikimәrtәbәli kürәlәrdә bişirilirdi. Aşağıda odluqda, uzunsov çalada tәzәklәr, kәrməlәr qalanıb yandırılır, içәrisi palçıqla suvanmış üst gözә qab-qacaq yığılır, yanan odun tәsirilә qıpqırmızı qızarırdı. Dulusçular qışda tәzәk vә kәrmәdәn, yayda külәş vә qaramığdan istifadә edirdilәr.
Otaqlar ev sahibinin hazırladığı mәmulatla bәzәdilirdi. Rәflәrә, dәhmәrdәlәrә kasa, gildәn bişmiş şirli qablar, kuzә, küpә, bardaq vә dәbbәlәr düzülürdü. Üzәrinə qara, qırmızı, mixәyi cizgilәr çәkilmiş hәndәsi fiqurlar hәr biri bu qaba gözәllik verdiyi kimi, eyni zamanda bunlar sirli-sehirli yazılar, cadular, yasaqlar vә inamlarla bağlı idi.
Hәyәtdә püstә ağacının budağına keçirilmiş dәryaz, oraq ev sahibinin әkin-biçinlә dә әlaqәdar olduğunu göstәrirdi.
Dulusçuların hәyәti bir az geniş olurdu. Hazır mәmulatı eşşәyә yükləyib bazara çıxarırdılar. Kәndlәrdən gәlәnlәrә sovça, sәnәk, nehrә, küpә vә başqa mәmulat satırdılar. Әvәzində buğda, arpa alırdılar. Şәhәr əhli tәkbir inәk, qoyun da saxlayırdı. Şәhәr kәnarında əkin yeri olanlar taxıl da әkirdi. Әhalinin әksәriyyətinin dənizkәnarı bağlarda xırdaca bir evi, azacıq üzüm, әncir bağları vardı. Yayı külfәtlәrini götürüb bu bağlara köçür, qızıl qumlar üstündә, qızmar günәşdәn şirә çәkmiş kәhrәba kimi ağ şanı, ağadayı, qızıl üzüm, kişmişi, qara şanı yetişdirirdilәr. Arvadlar bu üzüm vә әncirdәn qış ruzisi üçün püskәndә, şirbәdüşәndә, mövüc qurudur, dərdlәrə dərman, xəşil vә halvalara dad verәn doşab, uşaqların novxarışı olan zincilfәrәc bişirirdilәr.
Zәrgәrlәrin hәyәti çox yığcam idi. Adәtәn, iki otağın birindә külfәtin yatacağı yerlәşir, bir növ әndәrun yerini görür, digәrindә ev sahibi zәrgәr işlәyirdi ki, bu otaq hәm dә sifarişçi qonağın qәbulu üçün idi. Zәrgər burada öz xırdaca dәzgahı dalında işlәyir, balaca, dәqiq tәrәzisində qızıl-gümüş çәkir, sonra onları әridir və istәdiyi şәklә salırdı.
Tәsvir etdiyimiz ikiotaqlı balaca hәyәt belә zәrgәrlәrdәn birinin mәnzili idi. Burada uca qol-budağı qonşu hәyәtlәrinә belә boylanmış bir püstə ağacı var idi.
Püstә ağacının altında salınmış nimdaş palazın üstündә iki arvad vә bir dә 5-6 yaşlarında bir qız uşağı oturmuşdu. Onlardan biri dolğun bәdәnli, girdәsifət, uzun hörüklәri az qala topuğuna çatan qadın idi. Başına dingә vurmuşdu. Qırx yaşlarını haqlamışdı. Gen, iki balaq tuman geyinmişdi. Bardaş qurub oturmuş, әlindәki mis qalıba al mәxmәrdәn araqçınlıq keçirib, gülәbәtin düzürdü. Araqçının naxışlarını mis qalıbın dairәsinә baxa-baxa tikirdi. Yanındakı qurama boğça açıq idi. Burada gülәbәtin, ipәk, keçi saplar topu, qızılı iynә dәsti vardı. Arabir gәrәyi olan saplardan münasib iynәyә keçirib işlәyirdi. Qadın ev sahibi zәrgәr Dәrgahqulunun külfәti Xırdaxanım idi. Xırdaxanım әrinin sәyyar sәnәt sәrgisinә bәnzәyirdi – qulaqlarında әsl usta әlilә, mәhәbbәtlә işlәnmiş әlvan minalı, zәrif şәbәkәli qırxdüymә sırğalar, boynunda “balıqşәlpәli” gәl-bәnd, barmağında xatәm üzük, qollarında hәsiri qolbaqlar var idi. Mina kәmәr darayı köynәk üstündәn belini kip bağlamışdı. Sanki qadınlara әrinin sәnətini nümayiş etdirirdi. Şәhәrin bütün başqa qadınları kimi o da olan bәzəklәrini heç vaxt üstündәn çıxarmırdı. Evdә dә, hamamda da, toy-bayramda da.
Xırdaxanımın müsahibi dә ikibalaq tuman vә arxalıq geyinmişdi. O, diz üstündә oturub qarşısına qoyduğu daraqda yun darayırdı. Yanındakı kisәdәn әlçimlәri götürüb darağa keçirir, qabdan bir çimdik yar alıb әllәrinә sürtür vә daranmış әlçimlәri yenidәn darayır, daha doğrusu, onları “süzürdü”. Görünür, yun çox zәrif bir şey üçün – şalvarlıq, çuxalıq vә ya da bahalı xalça üçün daranırdı. Yaxın qonşusu Xırdaxanımla birlikdә hәvәsә-hәvәs işlәmәyә gәlmiş bu qadın dulusçu Vәliyullanın külfәti Balaxanım idi. 35-36 yaşlarında olardı. Qәnşәrindәki balaca qız qızlığı Sәkinә idi. Qıçlarını yığıb bükmüş vә dizinә kәlәf keçirmişdi. Bir-bir yanındakı dükçәlərdən götürüb әvvәlcә kәlәflәyir, sonra da analığının göstәrdiyi qaydada yumaq sarıyırdı.
Balaxanım Vәliyullaya tәzә әrә gәlmişdi. Yeddi yetim üstünə. Ona görә hәlә mәhlәdә qapıbir qonşusu Xırdaxanımın taleyinә dәrindәn bәlәd deyildi. Xırdaxanım isә həm bu boşluğu doldurmaq, qonşusunu olub keçәnlәrdәn hali etmәk, hәm dә ürәyini boşaltmaq üçün uzun bir hekayәt başlamışdı.
– Hә, elә ki dava başlandı, qoşun yığdı düşdü ortaya, qaçan qaçdı, mәnimki başıbәlalı keçdi girә. Axı bizim şahlıq üstә davaynan nә işimiz vardı? Hә… Tәzә gәlin idim. Bir üzüm qız, bir üzüm gәlin. Özü dә o günlәrdә tәzәcә uşaq ziyan elәmişdim. Sabah tezdәn yazıq kişi hәftә bazarına getmişdi. Tez dә qayıtdı gәldi. Sәn demә, qapıya yaraqlı qoşunyığan böyük durubmuş, onun içәridәn çıxmağını gözlәyirmiş. Girdi içәri. Dedi ki, gedirәm, Gülәli qızı, can sәnin, pәnah Allahın. Şükür kәrәminә, verәn tanrı balanı da aldı. Yoxsa nigaran gedәrdim sәndәn. İki baş qalacaqdın, bir baş qalırsan. İki әlin bir başını saxlar. Gәldim – mәnimsәn, gәlmәdim – yamana getmә! Axtar, zonala, yaxşıya get. Dedim, bәri bax, mәnim sirkәm belә suları götürmәz, sınsın iki әl ki, bir başı saxlamaya. Yaradan Tanrı yaratdığı canı çörәksiz qoymaz. Arın-arxayın get, Allah amanatı! Gәldün – sәninәm, gәlmәdün – qara torpağın. Sən mәni nә saymısan? Ağca ətim bir әr görüb, bir dә qəbir görәr! Yeddi il aşıq kimi әlimә saz aldım. Daşa dönmüş canım, yeddi kənd – oba gәzdim, yeddi dünya dolandım. Gördüm, yaxşıları yaxşılar alıb, pis xәbәrә mәn qayıl deyilәm. Arada bir “öldü” xәbərini çıxardılar. “Gördüm” deyəni görmәdim. Odu ki, öldüsünә inanmayıb, elçi gәlәnlәri qapıdan qaytardım. Elә bu gülәbәtin düzməyi dә o vaxtdan adәt elәdim. Qızlar üçün cehizlik daraqqabı, “Quran”qabı, möhürqabı, başmaqüzü, sürmәdan araqçın tikib satırdım. Çörәyimi çıxarırdım. Sidqimi Allaha bağladım. Gözümü yeddi yol ayrıcından üzmədim, yolunu gözlәdim. Yeddi ildən sonra gәldi çıxdı.
“A Güləli qızı, əcәb getmәmisәn. Halal olsun sənә ananın südü”, – dedi.
Xırdaxanım elә danışırdı ki, elә bil nәğmә oxuyurdu. Səsində, sözlәrinin bir-birinin ardınca düzüşündә mәhz nəğmә ahəngi vardı. Balaxanım bu ahəngə uyub, böyük mәhәbbətin sadә hekayətini, özünә qismәt olmayan bir şirin nağıl təki dinlәyirdi. Arabir kirpiklәrinin dibini nәmlәndirәn yaşı ucuzbәsәr, nimdaş Basqalı kәlağayısının ucu ilә silir, yun qılpınlarının əlindən gözünә düşmәmәsilә alışırdı.
– Maşallah-namxuda, istәmәyәn gözlәrә şiş batsın, nә bəxtәvәrsәn Dәrgahqulu qədeşnәn…
Xırdaxanım bəxtiyarlıqla gülümsədi.
– Hәri ya… Hәlbәt ki, bircә uşaq sarıdan kişini yarıtmadım. Gec oldu uşaqciyәzim. İndi kişinin saç-saqqalına dәn düşәn vaxtında, oğlu boyda nəvәsi oleydi gәrək.
Balaxanım tәzә rәfiqəsinә ürәk-dirәk verdi.
– Day ona sәn neynәyәsәn? Allahın yazısıdı dә.
– Hәri, elә mәn dә hәrdәn onu fikirlәşәndә deyirәm ki, kaş ilkim qaleydi. Ziyan eləmәsəydim, saxlardım özü gәlәnәcәn. Amma sonra da deyirәm ki, Allah bilәn mәsləhәtdi. Neyçün ki birdәn Allah elәmәmişkәn, o sağ qalsaydı, kişinin özünә bir zaval toxunardı. Ağzımı açan kimi kişi dә mən deyәni deyir. Deyir, bütün bunlar Allahın yazısıdı. İndiki bәsimizdi. Qismәtdәndi…
Ücretsiz ön izlemeyi tamamladınız.