Kitabı oku: «Allah eşqinə! Şeirləri və Poemaları», sayfa 4
Yazı tipi:
AHI TUTUBDU
Başım bəlaları havayı çəkmir,
Bağışlanmaz bir günahı tutubdu.
Elə o günahın üstündə mənə,
Bu divanı şahlar şahı tutubdu.
* * *
Mən ovçu olsam da ata bilmərəm,
Ovu qovmaq ilə tuta bilmərəm,
Ömürlük arzuma çata bilmərəm,
Məni bir sevginin ahı tutubdu.
* * *
Özün bil, gülürsən gül, gəz bu dərdə,
Ağıllı eşq əhli gülməz bu dərdə,
Yüz min təbib çarə bilməz bu dərdə,
Vətənoğlu bir allahı tutubdu.
BU GECƏ YUXUDA…
Bu gecə yuxuda görmüşəm səni,
Kaş gördüyüm yuxu gerçək olaydı.
Həmin uca dağlar…, yaşıl sinələr…,
Həmin çəmən, həmin çiçək olaydı.
* * *
O çəmən…, o çiçək…, o bulaq…, o daş…,
O yoxuş…, o yeniş…, o yol…, o yoldaş…,
Ömrümüz günümüz deyirəm ki, kaş,
Gördüyüm yuxu tək göyçək olaydı.
* * *
Qayıdaydı geri o göyçək günlər,
O çəmən zamanlar, o çiçək günlər,
Yuxuya dönəydi bu gerçək günlər,
İlahinin özü kömək olaydı.
26 iyun 1996 il. GƏNCƏ
SƏNƏ NƏ ŞER YAZIM
Sənsiz məkanı görmürəm,
Sənsiz zamanı görmürəm
Sənsiz heç yanı görmürəm,
Gözlərimin qarasısan,
Sənə nə şer yazım.
* * *
Səndən özgə gümanım yox,
Səndən qeyri amanım yox,
Səndən savay dərmanım yox,
Dərdlərimin çarasısan,
Sənə nə şer yazım.
* * *
Məhəbbətim dinə-dinə,
Alovlanır gündən-günə,
Yar sinəmi gir içinə,
Ürəyimin parasısan,
Sənə nə şer yazım.
MƏNİM MƏHƏBBƏTİM
Elə dərin xəyaldadı,
Dinməz mənim məhəbbətim.
Elə ülvi göylərdədi,
Enməz mənim məhəbbətim.
* * *
Fələklər girsə qəsdinə,
Mələklər dəysə şəstinə,
Dəryalar axsa üstünə,
Sönməz mənim məhəbbətim.
* * *
Ucalıqdan ensə dünya,
Bir şam kimi sönsə dünya,
Məhvərindən dönsə dünya,
Dönməz mənim məhəbbətim.
XOŞ BİLDİ KƏRƏM
Eşqi sinəsinə çəksədə min dağ,
Mənasız nəşəni boş bildi Kərəm.
Nəsili əbədi bar verən bir bağ,
İnsanı köçəri quş bildi Kərəm.
* * *
İnsan bir köçəri quş olduğundan,
Ömrünün axırı qış olduğundan,
Bəlalı sevgiyə tuş olduğundan,
Eşqini bəlaya tuş bildi Kərəm.
* * *
Dolanım başına ay Azərbaycan,
Tarixi bu sirri unutma hər an,
Əslini almaqdan, nəsil salmaqdan,
Yanıb kül olmağı xoş bildi Kərəm.
QIZLARDAN ÖYRƏNİB
Gül, gül olub sevilməyi,
Bizim qızlardan öyrənib,
Göyərçin ağ geyinməyi,
Bizim qızlardan öyrənib.
* * *
Qönçə, piyalə olmağı,
Sular, şəlalə olmağı,
Lalələr lalə olmağı,
Bizim qızlardan öyrənib.
* * *
Çəmənzar öz naxışını,
Bulaq büllur axışını,
Ceyran, ceyran baxışını,
Bizim qızlardan öyrənib.
QIZLARDAN ÖYRƏNİB
Həsrəti bol-bol çəkməyi,
Məhəbbətə qol çəkməyi,
Yola baxıb yol çəkməyi,
Gözüm qızlardan öyrənib.
* * *
Dayazlıqda dərinliyi,
İstilikdə sərinliyi,
Belə şəkər-şirinliyi,
Sözüm qızlardan öyrənib.
* * *
Bəhmən, dolan məmləkəti,
Doğru yolu çaşma qəti,
Unutma ki, bu isməti,
Üzüm qızlardan öyrənib.
BƏYƏNMƏDİN SƏN
Nə olar, sevmədin, sevmədin gülüm,
Bu taleh bir mənə verilməmişki…
Nə çoxdu sevənlər, sevilməyənlər,
Tək mənim başımda görülməmişki…
* * *
Sənin dönük çıxan eşqin ha deyil,
Qeyri bir sualdır sındıran məni,
Üstündən keçsədə əlli il, yüz il,
Özgə iş olacaq yandıran məni.
* * *
Keçən keçdi… Getdi… demirəm utan,
Deyirəm gör nəyi bəyənmədin sən.
Əl boyda sinəyə sığınıb yatan,
Dağ boyda ürəyi bəyənmədin sən.
SƏN NİYƏ…?
Sən mənim eşqim ilə,
Aləmə bünyad oldun.
Məni qəmgin elədin,
Amma özün şad oldun.
* * *
Ömrümdə bir yaraşıq,
Gözümdə nurlu işıq,
Qəlbimdə gizli atəş,
Dilimdə fəryad oldun.
* * *
Əzrayıl dəyməz mənə,
Alarsan sən canımı,
Mələklər cəllad olmaz,
Sən niyə cəllad oldun.
* * *
Etdiyin zülm mənə,
Xoşdur yenə ey dilbərim,
Bəhmənəm çünki mənim,
Eşqimə ustad oldun.
YAD EYLƏ MƏNİ
Eşqin ilə alovlanıb sönmüşəm,
İnsafın varsada yad eylə məni.
Həsrətinlə soyuq daşa dönmüşəm,
Gəl, gəl vüsalınla od eylə məni.
* * *
Həm yaşılın ilə, həm alın ilə,
Gözəllərə məxsus cəmalın ilə,
Gənclikdə gördüyüm kəmalın ilə,
Qəfil çıx qarşıma mat eylə məni.
* * *
Bəhmənəm qəlbimdə gur tufan etdin,
Özün bilə-bilə nahaq qan etdin.
Həyatda ömürlük pərişan etdin,
Barı yuxularda şad eylə məni.
OXU ŞERİMİ
Dad əlindən, dad əlindən qanmazın,
Qanan oxu, qanan oxu şerimi.
Dad əlindən, dad əlindən yanmazın,
Yanan oxu, yanan oxu şerimi.
* * *
Heç bilmirəm əvvəlmisən, sonmusan,
Hardan uçub söz mülkümə qonmusan?
Sən ki, belə bu heyrətdən donmusan,
Donan oxu, donan oxu şerimi.
* * *
Gah oda dön, gah közə dön, gah külə,
Gah pəsə yen, gah bəmə qalx, gah zilə.
Saz dilə gəl, tar dilə gəl, ney dilə,
Kaman oxu, kaman oxu şerimi.
* * *
Yamanlıqla ömrü vermə yelə sən,
Bir gərək ol obaya sən, elə sən,
Bəlkə döndün yaxşı oldun elə sən,
Yaman oxu, yaman oxu şerimi.
* * *
Mən Bəhmənəm qəlbimə qəm əkibsən,
Leysan kimi göz yaşımı tökübsən,
Gör sinəmə nə dağları çəkibsən,
Canan oxu, canan oxu şerimi.
GÜNLƏRDƏ QALDI
Dünyanın ləzzəti, həyatın tamı,
Səninlə olduğum günlərdə qaldı.
Mənim sağlığımda, sağlamlığımda,
Dərdindən öldüyüm günlərdə qaldı.
* * *
Gözümdə islanmış yaş xatirələr,
Pozulmaz, silinməz daş xatirələr.
Şirin düşüncələr, xoş xatirələr.
Xəyala daldığım günlərdə qaldı.
* * *
Elə o günlərmiş günümün ağı,
Nə gözəl dağ imiş sinəmin dağı,
Bəhmənəm ömrümün çiçəkli çağı,
Saralıb, solduğum günlərdə qaldı.
ÇATMADI
Həyatım arzumu qoydu gözümdə,
Əlim istədiyim ələ çatmadı.
Dondu təbəssümüm qaldı üzümdə,
Əlimin sığalı telə çatmadı.
* * *
Tuş olmadım ürəyimcə həvəsə,
Həsrət qaldım o mehriban nəfəsə,
Baxdım məni elə saldı qəfəsə,
Ahım, naləm qızılgülə çatmadı.
* * *
Bəhmənəm söz dedim dürüst biçimdə,
Min dərdi söylədim bir sarı simdə,
Boğuldu…qovruldu…yandı içimdə,
Harayım obaya, elə çatmadı.
ÜRƏYİMDƏ BİR MƏZAR VAR
Ürəyimdə bir məzar var,
Demə kimin məzarıdı.
İlk arzumun, ilk eşqimin,
İlk sevgimin məzarıdı.
* * *
Ürəyimdə bir məzar var,
O məzarın daşı göynər.
Onun daşı göynədikcə,
Gözlərimin yaşı göynər.
* * *
Yana-yana qovrulubdur,
Daşları da o məzarın,
Yağış olub ələnirəm,
Torpağına narın-narın.
QISASI VAR
Əhli məhəbbət yarandım,
Məndə eşqin sevdası var.
Könlüm evi kainatdı,
Ətirli yaz havası var.
* * *
Əzəl gündən nəsibimdir,
Səma qədər dərin xəyal.
Bu sinəmdə dalğalanan,
Təlatümlər dəryası var.
* * *
Xəyalımda göy meşələr…
Qərib axşam…uzaq yollar…
Ulduzlu göy…aylı gecə…
Əfsanələr dünyası var.
* * *
Qoy öldürsün Bəhmənini,
Dəymə, dəymə o yarə sən.
Öz əliylə alır bəlkə,
İntiqamı, qisası var.
AY HƏSRƏTİ VÜSALINDAN ŞİRİNİM
Cümləsi zər, kəlməsi ləl, sözü dürr,
Boyu bəstə, camalı ay, saçı gur,
Özü mələk, sevgisi pak, eşqi nur,
Məhəbbəti dəryalardan dərinim.
Ay həsrəti vüsalından şirinim.
* * *
Sən olmasan yazılmazdı bu sözlər,
Sən olmasan yozulmazdı bu sözlər,
Sən olmasan alışmazdı bu közlər,
Bu gözlərin alovuna bürünüm.
Ay həsrəti vüsalından şirinim.
* * *
Alsın məni dərin-dərin xəyallar,
Meh əsdirisin sərin-sərin xəyallar,
Layla desin şirin-şirin xəyallar,
Fikrə gedim nə danışım,nə dinim,
Ay həsrəti vüsalından şirinim.
* * *
Nəzər-diqqət yetirsən də yüz mənə,
Doğru qiymət verməmisən düz mənə,
Sən deyirdin məhəbbəti buz mənə,
Dağı-daşı yandırırmı gör ünüm,
Ay həsrəti vüsalında şirinim.
* * *
Tanrım özü bilə-bilə eləsin.
Bu istəyi gülə-gülə eləsin,
Bir amin de, Allah elə eləsin,
Çirkin olsam sənə gözəl görünüm.
Ay həsrəti vüsalından şirinim.
* * *
Darda olsam darda sənsən yaşadan.
Harda olsam orda sənsən yaşadan,
Göydə Allah yerdə sənsən yaşadan,
Yalan desəm dizin-dizin sürünüm…
Ay həsrəti vüsalından şirinim.
TƏKCƏ SƏN QAYTARARSAN
Xəyallarla yaşayan kövrək cavanlığımı,
Təravəti təzə-tər göyçək cavanlığımı,
Ətri bənövşə saçan çiçək cavanlığımı,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
* * *
O qədrini bilmədən ötürdüyüm günləri,
Ömrümün ləli kimi itirdiyim günləri,
Həsrət-həsrət yadıma gətirdiyim günləri,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
* * *
Ayrılıqdan titrəyib, əsib gedən baxtımı,
Mənim ilə ülfəti kəsib gedən baxtımı,
O məndən üz döndərib küsüb gedən baxtımı,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
* * *
Köhnəlsə kainatım, təzə bir kainatı,
Sona çatsa həyatım, ikinci bir həyatı,
Hər ömrə bircə dəfə verilən mükafatı,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
GÜNAH GÖZDƏ DEYİL
Şikayət eyləsə biri birindən,
Günah gözdə deyil, gözəllikdədi.
Əgər yara vursa biri-birinə,
Silah gözdə deyil, gözəllikdədi.
* * *
Zülmət qaranlığın qaçılmasını,
Sübh şəfəqinin saçılmasını,
Gözləsən sabahın açılmasını,
Sabah gözdə deyil, gözəllikdədi.
* * *
Sevgidə sabahı kim arzulasa,
Ümudu, pənahı kim arzulasa,
İmdada Allahı kim arzulasa,
Allah gözdə deyil, gözəllikdədi.
* * *
Həqiqət tük olsa əyə bilmərəm,
Nə üçün belədi niyə bilmərəm,
Tək bircə mən onu deyə bilmərəm,
Tamah gözdə deyil, gözəllikdədi.
AZƏRBAYCAN GÖZƏLİ
Göydən enmiş mələksən, Azərbaycan gözəli,
Mələkdən sən qəşəngsən, Azərbaycan gözəli,
Behişti görməmişəm, o dünyanı bilmirəm,
Sən bu dünyada təksən, Azərbaycan gözəli.
* * *
Hər cənnət guşəsinə səni dəyişmək olmaz,
Hər könül şüşəsinə səni dəyişmək olmaz,
Behişt bənövşəsinə səni dəyişmək olmaz,
Elə zərif çiçəksən, Azərbaycan gözəli.
* * *
Sənin bir baxışına min quzu qurban ola,
Məhəbbət səmasının ulduzu qurban ola,
Türk qızı, turan qızı, çin qızı qurban ola,
Can evində ürəksən, Azərbaycan gözəli.
* * *
Təravətin itməyib dünyanın bu çağında,
Gülüş çöhrədə qalır, təbəssüm dodağında,
Dolur ala gözlərin xəyallar qucağında,
Niyə belə kövrəksən, Azərbaycan gözəli?.
DƏYİŞMƏMİŞƏM
Mən ana yurdumun kal almasını,
Yad ellərdə nara dəyişməmişəm.
Burda bəslədiyim yosma söyüdü,
Orda xan çinara dəyişməmişəm.
* * *
Adlandırmamışam göylər ulduzu,
Ədalı, işvəli hər vəfasızı,
Sevdiyim sadəcə bir qara qızı,
Min nazlı nigara dəyişməmişəm.
* * *
Yaltaqlıq eyləyib girmədim qına,
Arifim, istəsən Bəhməni sına,
Nə düşüb şöhrətin təmənnasına,
Ruhumu min vara dəyişməmişəm.
GÖZƏLLƏR QOCALANDA
Bir ellər gözəlinin,
Saçlarında dən gördüm.
Özgə heç kim görməsin,
Bu möhnəti mən gördüm.
* * *
Qəlbim yaman kövrəldi,
Gözlərimə yaş gəldi.
Əzəli yaranışdan,
Nədir-nədir bu adət.
Sualıma cavab ver,
Sən ey ulu təbiət.
– Gözəl niyə qocalsın!?
Onu duyan qəlbimiz,
Niyə qəm sazı çalsın,
Gözəl niyə qocalsın!?
* * *
Desin, gülsün nəsillər,
Gözəl keçsin fəsillər,
Ötən hər aylar, illər,
Ömürdən bac almasın.
Qeyrilər qocalsa da,
Gözəllər qocalmasın!!!
* * *
Bağrım başı qan olur,
Gözəllər qocalanda.
Könül pərişan olur,
Gözəllər qocalanda.
Ürəyim şan-şan olur,
Gözəllər qocalanda.
* * *
Bütün işləri unut,
Yıxılaram məni tut.
Başımda qara bulud,
Gözümdə duman olur.
Gözəllər qocalanda,
Gözəllər qocalanda.
TUŞUNDA QALDI
Əsirlər dolandı, vətən dağları,
Ərşdəki buludun tuşunda qaldı.
Əridi köksündən Kəpəzin qarı,
Ağ kəlağay kimi başında qaldı.
* * *
Elə vurğun oldum o şən diyara,
Qəlbim ayrılmadı getdimsə hara,
Quş oldu qonmadı yad çəmənzara,
Fikrim o dağların daşında qaldı.
* * *
O dağda çox çadır qurmuş obalar,
Hər otlu cığırın min dastanı var,
Koroğlu misalda getdi babalar,
İzi yaylaqların döşündə qaldı.
* * *
Qocaldı igidlər, ucaldı ərlər,
Duyuldu nə qədər düyünlü sirlər,
Ötdü qərinələr, keçdi əsrlər,
Dağlar elə cavan yaşında qaldı.
* * *
Bulaqlar başında xəyala daldım,
İncə duyğuları sazımda çaldım,
Min lalə yanaqdan mən ilham aldım,
Gözüm bir gözəlin qaşında qaldı.
AMANDI VƏTƏN
Ay ana qapından qovlama bizi,
Amandı, amandı, amandı, vətən.
Hər oğul bu dərdə tablaşa bilməz,
Vətəndən ayrılmaq yamandı, Vətən.
* * *
Səninlə varlığım nura boyanır,
Sənsiz ürəyimdən bulud boylanır,
Sənin başın üstə al günəş yanır,
Qürbətin yolları dumandı, Vətən.
* * *
Göylərin düşmənə qılınc vurmasa,
Yerlərin başına daş uçurmasa,
Dağların Bəhmənə arxa durmasa,
Əl-əldən üzülən zamandı, Vətən.
ALLAH AMANDI
Ay allah amandı, nə bəd zamandı,
Gün-gündən, ay-aydan, il-ildən gedir.
Dost-dostdan ayrılır, qohum-qohumdan,
Əl-əldən üzülür, el-eldən gedir.
* * *
Niyə bəlalıdır bu xalqın başı,
Könüldən ayrılır könül sirdaşı,
Çətin tanıyacaq qardaş-qardaşı,
Nəsil aralanır nəsildən gedir.
* * *
Sərt qışın yerini solğun yaz alır,
Qoca mürgülüyür, Ahıl soz alır,
Gəncin ürəyindən sevgi azalır,
Eşqin hərarəti könüldən gedir.
* * *
Bəhmənəm gözlərim doldu vətənsiz
Saraldı bənizim soldu vətənsiz,
Daha Vətənoğlu oldu vətənsiz,
Neçə şirin-şirin söz əldən gedir.
KƏLBƏCƏRDƏ QALIBDI
Daha gözüm yoxdu dünya varında,
Xanimanım Kəlbəcərdə qalıbdı.
O yerlərdən elim-günüm köçəndə,
Din-imanım Kəlbəcərdə qalıbdı.
* * *
Dünya məndən ötrü zülmətlərə tay,
Həyatın qapısı bağlı bir saray,
Görünmür gözümə nə günəş, nə ay,
Asimanım Kəlbəcərdə qalıbdı.
* * *
Durmuşam ölümlə pəncə-pəncədə,
Əriyir varlığım bu işgəncədə,
Quruca cismimdi gəzən Gəncədə,
Bütöv canım Kəlbəcərdə qalıbdı.
İZİNDƏN ÖPÜM
Məni Kəlbəcərə qaytar ilahi,
Onun dağlarından, düzündən öpüm.
Nərgizi, laləni basım bağrıma.
Qaymaq çiçəyinin üzündən öpüm.
* * *
O dağların sinəsində görünüm,
Dumanına-çisgininə bürünüm,
Torpağında ilan kimi sürünüm,
Ayna bulaqların özündən öpüm.
* * *
Görüm göz yaşını elsiz daşların,
Qərəzsiz, fitnəsiz, felsiz daşların,
Dolanım başına dilsiz daşların,
Yalçın qayaların yüzündən öpüm.
* * *
Sığınım qoynuna dağlar ananın,
Alım qadasını dərdi qananın,
Çəməndə turacın, göldə sonanın,
Baxçada bülbülün sözündən öpüm.
* * *
Zəhmi nə ağırdı evdə təkliyin,
Sonu ağlamaqdır bu kövrəkliyin,
Meşədə əliyin, daşda kəkliyin,
Zirvədə qartalın gözündən öpüm.
* * *
Çıxım axırına bu dərdi-qəmin,
Sağalsın yarası dağlı sinəmin,
Səksən il yaşamış ovçu dədəmin,
O dağlarda qalan izindən öpüm.
HƏSRƏT QALDIM
Gəncədən ulu dağlara baxarkən
Həsrət qaldım əlim çatmır əlinə,
Sorağına qurban olum dağların.
Çınqılına, qayasına, daşına,
Torpağına qurban olum dağların.
* * *
Görən birdə qayıdarmı o çağlar,
Çeşmə üstə çatılarmı ocaqlar,
Görüşəndə mən susaram, o çağlar.
Bulağına qurban olum dağların.
* * *
İnci düzüb çiçəyinə, gülünə,
Qövsü-qüzeh kəmər olub belinə,
Leysan yağıb, sığal çəkib telinə,
Darağına qurban olum dağların,
* * *
Bahar-yaraşığı, yay yaraşığı,
Çeşmə yaraşığı, çay yaraşığı.
Səhər günəş, axşam ay yaraşığı,
Çırağına qurban olum dağların.
* * *
Ayrılıqdan min bir ah var, aman var,
Görüşməyə ürəyimdə güman var,
Zirvəsində bircə çəngə duman var,
Papağına qurban olum dağların.
* * *
Ləl söylədim qayasına, daşına,
Bulaq dedim gözlərinin yaşına,
Əgər əlim yetişməsə başına,
Ayağına qurban olum dağların.
* * *
O zirvədir, o təpədir, o dərə,
O aşırımdır, o keçiddir, o bərə.
Özü dedi, mən də yazdım dəftərə,
Varağına qurban olum dağların.
* * *
Bəhmən bizi bu ayrılıq haqladı,
Mehri-ülfət təməlindən laxladı,
Uluların məzarını saxladı,
Qonağına qurban olum dağların.
12 İyul 1994 Gəncə
VƏTƏN OLMAZ
Hər gözəl olan yer,
Ana yurd ilə tən olmaz.
Hər parlaq olandan,
Axı yaqut, yamən olmaz.
* * *
Ulduzla günəşdir bəzəyən,
Nurlu səmanı.
Məncə ya çiçəksiz,
Ya da gülsüz çəmən olmaz.
* * *
İnsansız olar vahiməli,
Vəhşi təbiət.
Dəhşətli məkandır,
Gələn olmaz, gedən olmaz.
* * *
Hər hansı yeri, yurdu,
Vətən eyləyən eldir!
El ilə vətəndir Vətən,
Elsiz Vətən olmaz.
* * *
Hakimlərə Allah,
Niyə vermir bu sualı.
Yurdunda-yuvasında
Bu Bəhmən nədən olmaz!?
NƏ DEDİNİZ, A QARTALLI QAYALAR
Yüz il keçə, min il keçə solmuya,
O çiçəyi məzarıma qoyalar.
Bu torpağın vüsalından ötəri,
Of,– demərəm bağrım başın oyalar.
* * *
Bu dağların başına bax başına,
Kəklikləri xına qoyub daşına,
Hardan düşüb yaylaqların döşünə,
Bu çalarlar, bu rənglər, bu boyalar.
* * *
Dərdlərimə sizdən dəva istədim,
Ciyərimə təmiz hava istədim,
Zirvənizdən mən də yuva istədim.
Nə dediniz a qartallı qayalar!?
HAZIRAM ÜSYAN ÜÇÜN
Allah məni yaratmayıb ah üçün, aman üçün,
Haqqımdakı haqsızlığa hazıram üsyan üçün,
Bir xatanı, bir günahı bilə-bilə eyləsəm,
Qoy ilahi özü versin cəzamı nöqsan üçün.
* * *
Ülvi gözəllik bilmişəm ülfəti mən, mehri mən,
Haram yoldan var qazanıb güdməmişəm xeyri mən.
Kainatı o şəriksiz yaradandan qeyri mən,
Heç kimə baş əyməmişəm dərdimə dərman üçün.
* * *
Hücum çəkdi.məğlub oldu.qabağımdan qaçdı qəm,
Taleh məni topa tutudu yenə qaldı huşum cəm,
Neçə dərdə sipər oldu əl boydakı bu sinəm,
Dağlar kimi dayanmışam qasırğa, tufan üçün.
* * *
Yurdu yanmış bir Bəhmənəm fikrim gəzir dərində,
Bu dərdlərə dözüm olmaz hər oğulun sərində,
İldırımlar şaqqıldayır zamanın göylərində,
Mənim başım yaranıbmış çən üçün duman üçün.
MƏNİ
Mən bir qulam zaman quldar,
Alır məni, satır məni,
Mən qayığam həyat dalğa,
Atır məni, tutur məni.
* * *
İnsaf hanı, mürvət hanı,
Vicdan hanı, qeyrət hanı,
Bu zamanın gəda xanı,
Nadanlara qatır məni.
* * *
Mən Bəhmənəm tutmur xalım,
Əyir məndən taleh zalım,
Ana dünya qadan alım,
Bir layla de yatır məni.
LALA DÜNYA
Gözəlliyinə heyranıq,
Bitibdir bir lala dünya.
Şirinliyindən doymuruq,
Bələnibdir bala dünya.
* * *
Bir yan qışdı, bir yan bahar,
Bir yan bütöv bir laləzar,
Bu gözəllik həmişə var,
İnanmaram sola dünya.
* * *
Vətənoğlu düşmə dərdə,
Çal sazını pərdə-pərdə,
Bu dünyadan sonra birdə,
Heç kim görməz belə dünya.
HAYLI-HARAYLI DÜNYAM
Buludları qaynaşan.
Selləri aşıb-daşan,
Şimşəkləri oynaşan,
Ulduzlu, aylı dünyam,
Haylı-haraylı dünyam.
* * *
Al şəfəqli toranlı,
Uca dağlı, aranlı,
Qarlı, buzlu, boranlı,
Baharlı, yaylı dünyam,
Haylı-haraylı dünyam.
* * *
Şirin qoxuya həsrət,
Dərin yuxuya həsrət,
Bir içim suya həsrət,
Çeşməli, çaylı dünyam.
Haylı-haraylı dünyam.
* * *
Leysanı səpələnmiş,
Üstünə nur ələnmiş,
Səadətə bələnmiş,
Fəlakət paylı dünyam,
Haylı-haraylı dünyam.
* * *
Göz muncuğu taxmalı,
Kənar durub baxmalı,
Uçuq damlı-daxmalı,
Qızıl saraylı dünyam.
Haylı-haraylı dünyam.
Ücretsiz ön izlemeyi tamamladınız.
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
18 ekim 2022Hacim:
1 s. 3 illüstrasyonISBN:
978-9952-8032-8-2Telif hakkı:
JekaPrint