Kitabı oku: «Oğru müharibələri», sayfa 3
YENİDƏNQURMA OĞRULARI MAFİYALAŞDIRDI
“Qanuni oğrular” – bu məfhum sovetlər vaxtının məhsuludur. Dünyada başqa belə institut olmayıb və yoxdur. İndi 50-60 il əvvəlki postulatlar yuyulub, itib, yalnız sərmayə qazanmaq, hakimiyyətdə olmaq yanğısı yaranıb və bu istək hər şeyi üstələyib. Oğru klanları ya bankanın içərisinə salınmış hörümçəklər kimi bir-birlərini didir, məhv edir, ya da bir vaxtlar nifrət etdikləri, tüklərini didməyə çalışdıqları sexovşiklərə, biznesmenlərə çevrilir, bir sözlə, mafiyalaşırlar.
1990-cı il RUBOP-un məlumatı:
SSRİ məkanında milli mənsubiyyətə görə oğru cəmiyyətləri: 33% – ruslar, 32% – gürcülər, 8% – ermənilər, 5% – azərbaycanlılar, 22% – kürdlər, abxazlar, özbəklər, menqrenlər, qazaxlar, ukraynalılar və sair. Əlavə edək ki, 582 zakonnik arasında iki çeçen də “oğru” tacını daşıyır.
Qriqori Podlesskixin araşdırmalarından
M. S. Qorbaçovun başladığı yenidənqurma kriminal aləm üçün çox gözlənilməz bir iş oldu. Nüfuz dairələri çoxdan, hələ L.İ.Brejnevin dövründən bölüşdürülmüşdü və əsasən Gürcüstan oğru klanları İttifaqın bütün nöqtələrində hegemonluğu ələ almışdı. Kuçurinin oğru klanı artıq təsərrüfatçılar və məmurların bir təbəqəsi ilə iş birliyi qura bilmişdi. Həmin illərdə oğru ailələri bütün səylərini dövlət fondlarını ələ keçirməyə yönəldirdi. Bu işdə kriminal liderlərə kömək ola biləcək SSRİ-nin bütün meqapolislərində vəzifəli şəxslərin siyahısı dəqiqləşdirilir, onlarla mütəmadi iş aparılırdı. Fond hesabına ələ keçirilən ərzaq məhsulları və digər mallar qara bazarda realizə olunaraq kriminal avtoritetlərə elə gəlirlər gətirirdi ki, Amerika koza-nostrası onu heç yuxusunda da görə bilməzdi. Qorbaçovun yenidənqurması məhz bu əyyamda başlanıb. Hər yerdə təsərrüfat hesablı müəssisələr yaradıldığından fondlardan istifadə çox ciddi nəzarət altına düşdü. Gürcüstanın oğru klanları da bu faktdan təbii narahatlıq hissi keçirməyə başladılar.
Gürcüstan Kommunist partiyasının mərkəzi komitəsinin katibi Soliko Xabeişvili bu yeni idarəçilik üsulunu tətbiq edərək nəqliyyatda xidmət sahəsində, istirahətdə və ticarətdə təzə müəssisələr yaratmağa başlayanda mafiya ciddi addımlar atmaq niyyətini qətiləşdirdi.
Həmin vaxtlar Gürcüstanda və İttifaqın digər iri şəhərlərində Akakiy Koxiya “Kaxo”, “Çukiya” Qebraidze, “Peso” Buxnikaşvili, Tenqiz Dolidze, Paata Lomsadze, “Valiko” Şamba, “Jora” Tbilisskiy, “Xudo” Qasoyan, “Bextiya” Sturua, Merab Tabaqua, ”Trezor” Tengiz, Revaz “Biçi”, Aslan Usoyan “Xasan”, Canaşiya “Valter” və sair kimi avtoritetləri nüfuz dairələrini bölüşmüşdülər.
Aslan Usoyan həm Gürcüstanda, həm də Krasnodar vilayətindəki məşhur kurort şəhərlərində öz biznesini qurmağa nail olmuşdu. 70-ci illərin əvvəllərindən səksəninci illərin ortalarınadək Ded Xasan Gürcüstan oğruları arasında liderliyə qədər yüksələ bilməsə də, kürd oğruları içində özünəməxsus böyük avtoritet sahibinə çevrilmişdi. Usoyan İttifaqdakı bu xaos dövründə Özbəkistan və Qazaxıstanda da öz “tilov”unu ataraq xırda balıq ovuna girişmişdi. Daim siyasətdən kənarda dayanmaqla on beş il müddətində bir dəfə də milis bölmələrinə düşməyən Usoyan vaxtlı-vaxtında obşaklara qrev ötürür, rüşvətlə milis orqanlarında öz tərəfdaşlarının sayını artırırdı. On beş il müddətində, xüsusilə də Andropovun rəhbərliyi dövründə tez-tez keçirilən “oblava”larda Ded Xasanın adı bircə dəfə də milis protokollarına yazılmadı. Gürcüstanda isə həmin dövrlər bespredel illləri kimi tarixə düşdü. PK-də çalışan çinovniklərin əksəriyyəti oğrular tərəfindən rüşvət vasitəsilə ələ alınmışdı.
Şevardnadze SSRİ Xarici İşlər naziri vəzifəsini tutanda Gürcüstan partiya komitəsinə Cumber Patiaşvili təyin olundu. Bu təyinat SSRİ KQB-sinin şefi Çebrikovun razılığı ilə baş tutmuşdu. Xabeişvilinin yaratdığı təsərrüfat hesablı və demək olar ki, müstəqil müəssisələr respublikada nəzarətsiz mal dövriyyəsini çox azaltdı. Bu isə Patiaşvilinin ürəyindən deyildi. Birinci katib təbii ki, öz tabeliyində işləyən şəxsə tutduğu yoldan əl çəkməsini açıq şəkildə tapşıra bilməzdi. Çünki o vaxtlar respublikanın Siyasi Büro üzvləri Xabeişvilinin dalında möhtəşəm qaya kimi durmuşdular.
Patiaşvili kriminal aləmlə sıx əlaqələri olan bir adam idi. Qanuni oğru Kuçuurinin toyunda o özü ağsaqqalıq eləmiş və 1982-ci ildə isə oğru sxodkaları ilə mübarizə aparmaq istəyən Andropovun həyata keçirdiyi tədbirlərə mane olmaq barədə qərarını əngəlləməyə söz vermişdi. Onun gələcəkdə birinci katib kreslosuna əyləşəcəyi də elə həmin yığıncaqda qətiləşdirilmişdi.
OĞRU KLANLARI İLƏ MÜBARİZƏDƏ FİASKO
Patiaşvili ilə qarşıdurmada Xabeişvilinin bircə yolu vardı – öz ayağı ilə gedib, qazamata girmək. Gürcüstan kriminaliteti respublikanın həm prokurorluq, həm də milis orqanlarını artıq öz təsiri altına salmışdı. Beləliklə, Xabeişvilini rüşvətxorluqda ittiham edərək həbsxanaya saldılar. Onun əleyhinə ifadəni rayon partiya komitələrindən birinin sabiq birinci katibi Buçukuri verdi. Sonradan Buçukurinin də tutulmasında oğruların rolu böyük oldu. Görünür, o nəfsini boğa bilməmiş, qazandığı sərmayənin bir qismini oğru “obşak”ına verməkdən imtina etmişdi.
İstintaq orqanları və həbsxana rəhbərliyi çox ciddi bir göstəriş almışdılar. Buçukuri inanmalı idi ki, Xabeişvili əleyhinə yalan ifadə verməsə, özü güllələnəcək. Bu işdə Gürcüstanın o vaxtkı baş prokuroru Razmadze xüsusi canfəşanlıq göstərirdi. Tezliklə Buçukurini azadlığa buraxdılar…
Gürcüstanda, Ermənistanda, Moldova və Özbəkistanda nüfuzlu qanuni oğruların yaxın ətrafına KQB (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən daxil edilən adamlar, agentlər müntəzəm olaraq oraya informasiya ötürürdülər. Bu informasiyaların qarşılıqlı təhlili isə həqiqətin meydana çıxmasına səbəb olurdu.
Qanuni oğru ilə kəllə-kəlləyə gələn Xabeişvilinin aqibəti isə heç də yaxşı olmadı. Ona 15 il iş kəsdilər. Adi cinayətkarlarla, residivistlərlə bir düşərgədə qalmağa məcbur olan partiya bossunu çox incidirdilər. Dustaq yoldaşları ona olmazın əzablar verir, müstəntiqlər isə Siyasi Büro üzvlərinin əleyhinə ifadə almağa çalışırdılar. Ona kömək etmək də mümkün deyildi. Gürcüstanın hakim dairələri Xabeişvilinin Uraldakı xüsusi düşərgəyə etap olunmasına imkan yaratmırdılar. Çünki vəziyyətdən məlumatlı olduğunu göstərərsə, özünün agentura şəbəkəsinin də sirrini açmalı idi.
Uzun səylərdən sonra Xabeişvilinin cəzası 15 ildən 8 ilə endirildi. Bütün bunların hansı çətinliklər bahasına başa gəldiyini yalnız KQB rəhbərliyi bilirdi. Aydınlaşdı ki, mafiya bürokratik aparatın bir çox nümayəndələrini çoxdan ələ alıb. Yuxarılarda işləyən sıravi şəxslər müxtəlif hədiyyələrin müqabilində malik olduqları informasiyanı məmnuniyyətlə oğrulara ötürürdülər. Uzaq Şərqdə “Cem”, Uralda “Ded Xasan”, Mərkəzi Rusiyada “Yaponçik”, Şimali Qafqazda “Svo” elə bir tor qurmuşdular ki… Dövlət Təhlükəsizlik orqanının rəhbər əməkdaşları bütün dünyanı inandırmağa çalışırdılar ki, bəşəriyyət üçün təhlükəyə çevrilə biləcək amil məhz SSRİ və KQB deyil, mafiyadır. İndi Qərb dünyası Rusiyanın kriminal aləmi ilə üz-üzə dururdu.
Uzaq Şərqdən Kalininqradadək mafiya nəzarəti
Xabarovsk vilayətində “Cem” ləqəbli oğrunun rəhbərlik etdiyi “Həqiqi məhbuslar ittifaqı”nın yaradılması da belə tədbirlərdən idi. Bu ittifaqın özünün sistemləşdirilmiş quruluşu vardı. Yüksək rəhbərliyi qanuni oğrular həyata keçirir, yerlərdə isə obşakın mənafeyini elə oğruların təyin etdiyi “smotryaşi”lər qoruyurdu. Obşakın fəaliyyəti çox məxfi şəraitdə qurulub. Kriminal avtoritetlərin məhkəmə orqanları ilə də möhkəm əlaqələri mövcud idi…
OĞRU TACI
Bəxtiyarın uşaqlıq dostu, Gülağanın qohumu Qızıldiş Mamedin xatirələrindən:
1992-ci ilin, səhv eləmirəmsə, ya sentyabr, yaxud da oktyabr ayı idi. Basivalanın Novxanıda təzəcə aldığı bağında otuza yaxın oğru, avtoritet, oğru adına namizəd və mənim kimi oğru əqidəsinə yaxın adamlar toplaşmışdı. Ağacların kölgəsində açılmış stollarda siqaretdən tutmuş qara, qırmızı kürüyəcən nə desən – “quş iliyi, can dərmanı” düzülmüşdü.
İki gün əvvəl Bəxtiyar Söhbət və Hikmətlə Kutaisidə düzənlənən böyük sxodkadan, Malışın dediyi kimi, “qurultaydan” qayıtmışdı. Əslində, Kutaisiyə Yetim Hüseynlə Bəxtiyar dəvət olunmuşdu. Dədə Hüseyn xəstəhal olduğundan Batyaya özü ilə Cavanşir və Söhbəti götürməyi məsləhət bilmişdi. Çünki bu iki avtoritet yaxınlarda ad almalı idilər. Cavanşiri Moskvadan bir çox zakonniklər tanısalar da, Söhbət böyük yığıncaqlarda çox da iştirak etməmişdi. Həm də, eşitdiyimə görə, Söhbətlə Qroznı maloletkasında balanda yeyən Çeçen Süleyman iki həftə əvvəl Bakıda Basivalanın qonağı olsa da, xlebnikini görə bilməmişdi. Söhbət həmin vaxt Lənkəranda hansısa bir razborkanın düyününü açmağa getmişdi.
O vaxtlar Kutaisidən olan vorlar İttifaqda ən tanınmışlardan sayılırdılar və demək olar ki, hər il burada irili-xırdalı sxodkalar təşkil olunurdu. Kutaisidən qayıdanda Söhbət elə bil boyca xeyli böyümüşdü. Çox böyük təəssüratla qayıtmışdı həmin qurultaydan. Həmişə qaradinməzliyi ilə seçilən Söhbət gah Hikmətə, gah da Dədə Hüseynə yan alır, səfər barədə odlu-odlu danışırdı.
– Oğru adı almaq üçün kriminal avtoritet olmaq və zakon kodeksinə riayət etmək kifayət deyil. – Dədə Hüseyn yığıncağı açaraq birbaşa mətləbə keçdi. – Mütləq gərək bu ada layiq görüləsən və hamı tərəfindən priznavat olunasan. Elə buna görə də zakonnik olmaq sadə iş deyil. Bunun üçün indiyədək yaşayan bir sıra formal cəhətlərə riayət etməkdən savayı, əqidənin təbliği də gərəkdir. – Adətən, Dədə bir neçə qədəh alça və yaxud zoğal arağı nuş edəndən sonra rusca danışardı, bu dəfə isə Azərbaycan dilində söhbət aparırdı. – Məsələn, tutalım, qanuni oğruların yaxın ətrafını təşkil edən hər hansı bir avtoritet, polojenets və yaxud patsan oğru adına iddia edir. Hər şeydən əvvəl o gərək iki qanuni oğrudan yazılı zəmanət ala. Özü də bu oğruların stajı beş ildən az olmamalıdır. Yalnız bundan sonra namizəd digər oğrulara öz istəyini açıqlayır. Həmin andan etibarən bütün həbsxanalara, istintaq təcridxanalarına və koloniyalarına xəbər göndərilir. Bu malyavada deyilir ki, filan ləqəbli filankəs tac almaq, Oğru olmaq niyyətindədir. Görürsüz, mən “oğru” sözünü hansı intonasiya, hansı ahəng, hansı pafosla deyirəm?! Bu xəbərlər gizli oğru poçtası ilə bütün İttifaqa yayılır.
Nəfəsi təngidiyindən bir neçə dəfə dərindən öskürən Yetim əlinin hərəkəti ilə Bəxtiyara mövzunu davam etdirməyi işarə verdi.
– Bu poçt da adi poçt rabitəsi kimi operativdir, – Batya əli ilə bütün yer kürəsini fırlanırmış kimi dairə cızaraq davam elədi: – Bundan sonra namizədin oğru namusunu ləkələyən hər hansı bir addımı barədə məlumatlı olan hər bir şəxs bildiklərini mütləq açıqlamalıdır. Bu prosesdə hətta üstündən iyirmi il keçmiş hərəkətlər belə yada düşür. Çünki burada əsas məsuliyyət taclanan avtoritetə səsini verən zakonniklərə düşür.
Bəxtiyar üzünü Cavanşirə tərəf çevirərək:
– Məlumunuz olsun ki, cinayət dünyasında staj deyilən bir anlayış yoxdur, – dedi. – İnsan barəsində şəxsiyyətlərin çıxardığı qərardan etibarən heç də oğru sayılmır. İnsanın oğru əqidəsinə gəlişi özü barədə çıxardığı şəxsi qərardan başlayaraq hesablanır. Əgər kiminsə barəsində, məsələn, dünən qərar çıxıbsa və həmin şəxsin tutalım otuz yaşı varsa, onun əqidə qəbul etməsinin tarixi on beş yaşında ikən verdiyi şəxsi qərardan hesablanır.
Dediyim bu məsələ cinayət aləmindəki digər mastlara da aiddir. Onların heç birinin stajı yoxdur. Məsələn, insan dünən işverənlik eləyibsə, deməli, əslində anadan stukaç doğulub, öləndə də suka kimi də öləcək. Oğru da elədir, anadan olandan ölənə kimi oğru olur. Oğrularda belə bir ifadə var: “ot kolıbeli do qroba”, yəni, “beşikdən məzaradək”. Bunun mənası odur ki, tam bir ömrü oğru kimi yaşamış insan oğru sayılır. Buna əqidənin ana xətti baxımından başqa cür müdaxilə mümkün deyil. Məsələn, demək olmaz ki, filankəs oğru deyildi, sonra gəldi oğru oldu. Qanun buna icazə vermir. Yəni, insan anadan oğru doğulmayıbsa, oğru ola bilməz. Və yaxud hərdən deyirlər ki, filankəs filan vaxta qədər oğru idi. Buna da qanun icazə vermir. Oğrunun adı əlindən alınırsa, o, heç bir digər mastlara iddia edə bilmir. Yəni, insan oğru olubsa, daha onun geriyə yolu yoxdur. Əgər həmin adam gələcəkdə adını əldən verərək başqa bir masta iddia etsə, ona “Никто и ничто” deyirlər. Lakin onun öz adını itirməsinin tarixçəsi ayrıca bir mövzudur. Oğrunun adı nə vaxt əlindən alına bilər? Məsələn, barəsində elitanın qərarı olmadan əlini oğru qanına batırdığı təqdirdə. Yəni, oğru, haqqında ölüm hökmü çıxarılmamış başqa bir oğrunu vurub öldürüb. İkinci hal, oğru əqidəsindən uzaq əməllər törətdiyinə görə baş verə bilər. Bu əməllər sırasına oğruların və yaxud gələcəkdə oğru olmağa iddialı şəxslərin sındırılması, kişiyə yaraşmayan işgəncə vermə və digər şərəfsiz hərəkətlər daxildir. Belə adamlar barəsində oğru elitası qərar çıxarırsa, onlara oğruların tam əksi olan mast – “бля…” adı verilir. Bundan sonra biz həmin mastı “antivor” adlandıracağıq.
Antivor kimə deyilir? Mövcud qanuni prosedurları keçmədən əli oğru qanına batmış, hüquqlarından sui-istifadə edən, hakim rejimə arxalanan və yaxud ona satılan alçağa və şərəfsizə antivor deyilir. Oğru mastından dönənləri ümumi sözlərlə belə səciyyələndirmək olar.
– Mən Moskvadakı sxodka zamanı nepmenski zakonniklərdən olan Rostikə taclanmada iki nəfərin dobrosunun çox az olduğunu dedim. Təcrübəli mogikan dərhal mənimlə razılaşdı. Çünki dobro verən oğru, namizədinin bəzi çatışmayan xırda cəhətlərinə göz yuma bilər. Mən bu sözü Slatinə deməmişdən əvvəl Dədə Hüseynlə xeyli söhbətləşmişik, təhlillər aparmışıq.
– Hərdən bizimkilər stremlyaşiyə “cayıl” deyirlər, amma bu kökündən səhvdir. Cayıl əslində oğru olmaq şansını əldən vermiş adamdır, stremlyaşi isə oğru olmağa çalışır. Qarşısında həmin bu zirvəni görür və ora yüksəlməyə can atır. Stremlyaşi də əqidəyə gəlir və dönür oğru olmağa. Bu xaçda aşağıdan yuxarıya aparan bir yol da var ki, o yuxarıda qeyd etdiyim kimi “oğlan” mastına aiddir. Oğru ideyası əsasən şəhər mühitinin bəhrəsidir. Odur ki, həmin bu oğlan ideya ilə tanış olana kimi, onu anlayana kimi xeyli vaxt keçir. Bəlkə də o bu ideyanı bir təsadüf nəticəsində qazamata düşəndən sonra dərk eləyir. Və yalnız onun mahiyyətini dərk eləyəndən sonra qərarını çıxarır. Demək kradun və stremlyaşiyə baxanda oğlanın zirvəyə yolu daha uzundur, daha əzablıdır. Mən uzun yol deyəndə yenə də zaman anlamını nəzərdə tutmuram. Oğlanın oğruya yolu zaman baxımından qısa olsa belə, fikir, düşüncə, məfkurə və ideya baxımından çox uzun, ağır yoldur.
Bəxtiyar bu sözləri aram-aram dedi, məclisdə oturan cavanları ciddi baxışlarla süzdükdən sonra “Pepsi”dən bir qurtum alaraq üzünü Yetim Hüseynə çevirib:
– Dədə, Korzubı Vaqifin məni oğrulara təqdim etmə mərasimini xatırlayırsan? – soruşdu.
Yetim Hüseynin üzünü işıqlı bir təbəssüm bürüdü.
– Çox yaxşı xatırlayıram, – dedi. – Erməni qəbiristanlığında Rudikin kiçik qərdeşi Saşikin məzarı başına yığışmışdıq. On nəfərə yaxın oğru, avtoritet olardıq.
– Yox, onu demirəm… Yadında qalan adamların adlarını sadalaginən, – deyə Bəxtiyar israr etdi.
– Rəhmətlik Razboynik Çingiz idi, mən idim, Rafik Baqdasarov, – Dədə barmaqlarını qatlayaraq davam etdi, – Biz idik, Korzubı Vaqif idi, Şükür oğlu Əzizağa, Çingizin qərdeşi Ənvər, Rudik, bir də yadımda Onbirbarmaq Vaçikos qalıb. Bilmirəm, Ramaninski Vaqif vardı orada, yoxsa yox… Saşiki Xersonda qətlə yetirmişdilər, Rudiklə Vaçikos da onun nəşini çıxarıb Bakıya gətirmişdilər. Sonradan, yəni ötən il Vaqif Ramaninski Saşikin tabutunu çıxartdırıb apardı Ermənistana, qardaşlarına verdi. Amma yadımda deyil, Ramaninski həmin gün qəbiristanlıqda idi, yoxsa yox.
– Təqdimatı danış, Yetim, – Bəxtiyar səbirsiz halda dilləndi.
– Biz orada olub-keçənlərdən danışırdıq, – Dədə Hüseyn baxışlarını Bəxtiyarın üzünə zilləyərək davamını gətirdi, – Gördük ki, rəhmətlik Vaqif cavan bir oğlanla gəlir. Vaqif kristal kimi təmiz oğru olduğundan Soyuzda böyük blatı vardı və hətta danışırdılar ki, Vladimirski sentralda Vasya Babuşkin, Brilyantla da kəllə-kəlləyə gəlmiş və dediyini yedirtmiş, sübutlamışdı. Burada olanların hamısının Vaqifə ehtiramı vardı. Rudiklə Vaçikos isə ondan silirdilər. Vaçikos o vaxt heç oğru da deyildi, sxodkada Göygöz Sabirgil onun bağışlanmaz qrexinə görə adını almışdılar. Göygöz Sabir də Çingizin tərəfini saxlayır, Onbirbarmağın adının qaytarılmasına açıqdan-açığa dobro vermirdi.
– Təqdimatdan danış, Dədə, təqdimatdan! – deyə Batya səbirsizliklə təkrar etdi.
– Korzubı salamlaşdıqdan sonra Bəxtiyarı göstərərək dedi: “Cavan olmasına baxmayaraq, Bəxtiyar Rusiyada, daha müfəssəli, Vladimir krıtısında ad alıb. Mən onun haqqında lazımi qədər informasiya toplamışam, nəslini də yaxşı tanıyıram. Mən priznavat eləyirəm. Ruslar demişkən, прошу любить и жаловать”.
– Təqdimatın ən maraqlı məqamı bundan sonra oldu, – Bəxtiyar əl-qolunu tərpədərək danışmağa başladı. – Oradakıların hər biri məni zakonnik kimi tanıdıqlarını təsdiqlədilər. Əlimi sıxdılar. Təkcə Razboynik Çingiz dedi ki, mən dobro verə bilmərəm. Soruşaram, öyrənərəm, bilərəm, ondan sonra haqq sözümü deyərəm.
Bəxtiyar bu sözləri dedikdən sonra elə bil sakitləşdi, üzünü işıqlı bir təbəssüm bürüdü:
– Düzünü desəm, rəhmətliyin bu ponyatkası mənimçün qaranlıq qaldı. Ürəyimin bir küncündə Kutuzova qarşı hətta azacıq kin də baş qaldırdı. Amma sonradan mozqovat eləyəndə gördüm ki, Çingiz əsl oğru kimi hərəkət edib. Əgər məni əvvəllər heç tanımırdısa, lap müəllimi saydığı Korzubı da desə, povoda getməmək daha düzgün hərəkət idi. Bir neçə gün özümə gələ bilmirdim. Səhəri gün Nardaranda toyda yenə Korzubı Vaqiflə rastlaşdıq. Qardaşım Şahin, qonşularım Qara Müslüm, Kürən Malik, Əliheydər, Ağası da yanımda idi. Vaqif mənə pıçıldadı ki, Razboynikdən incimə, on beş ildən çoxdur, Oğru koronası daşıyır, nəfsində yediyimiz düyü boydana ləkə yoxdur. Kaş zakonniklərin hamısı Çingiz ponyatkasında olaydı.
– Bəs sonradan səni priznavat elədi? – Cavanşir özünü saxlaya bilməyib soruşdu. – Sonradan görüşüb elədüz?
– Həri, – Bəxtiyar əlini qaldıraraq onun başqa sual yapışdırmasına imkan vermədi, – həri, onun axırıncı sroku almasından bir az əvvəl Göygöz Sabirlə tubdispanserə Juk Rəhimi görməyə getmişdik. Yaxşı da qrevimiz vardı; koknardan, təkərdən tutmuş aparmışdıq. Dedilər ki, Rəhim dünən axşamdan evlərinə gedib. Çingizi gördük. Təzəcə lövbər salmışdı xəstəxanada, əhvalı çox üzgün idi, hiss olunurdu ki, həyatının axırıncı aylarını yaşayır. Görüşəndə hər iki əlimi sıxmağından, gözündəki nurdan başa düşdüm ki, haqqımda lazımi məlumatları toplayıb, dobrosunu verib. Allah ona qəni-qəni rəhmət eləsin, bütün ömrü boyu oğru dünyasının təmizliyi naminə çalışan zakonnik idi. Son illərdə Rudiklə ən yaxın kent olsa da, onunla daima düzgünlüyə görə konfliktə gedirdi. Hətta Göygöz kimi tanınmış lotuya pretenziyalarını bildirməkdən çəkinmirdi.
Cavanşir Bəxtiyarın bir anlıq susmasından istifadə edərək dilləndi:
– Düzgünlükdə Razboynikə tən gələn cayılları çox az görmüşəm. Mən də iki dəfə onu yoluxmağa getmişəm. Yedinka idi rəhmətlik. Onun ruhu qarşısında baş əyirəm. Az müddətdə Razboynikdən çox şey öyrəndim. Onuynan oturub olub-keçənləri razbirat eliyəndə o dəqiqə hiss eliyürdün ki, tərtəmiz qəlbli, hər bir məhrumiyyətlərə baxmayaraq, nəfsinə “stop” deməyi bacaran işıqlı insanla əyləşmisən…