Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Oğru müharibələri», sayfa 4

Yazı tipi:

DED XASAN LENİNQRADDA MƏSKUNLAŞIR

Doxsanıncı illərin əvvəllərində tale onları yenidən görüşdürdü – Leninqradda.

Yura Qorbatı məhbus buşlatını “Vranqler” firmasının sürtülmüş cins kostyumuna, Ded Xasan isə zek sırıqlısını dəbdə olan vodolazka və səliqəli boz “troyka” kostyuma dəyişmişdi. Hər ikisi həyatdan razı görünürdü. Kafe-bistroda əyləşib qəlyanaltı edərkən Aslan sabiq xlebnikinə dərdini söylədi – şəhərin smotryaşisi sayılan Malışev onun biznes qurmasına mane olurdu.

– Söz vermirəm, amma sənin haqqında “Malış”la danışaram, – Qorbatı dilləndi. – Məncə, ona qazancından faiz təklif etsən, lap Nevski prospektində də biznes qurmağına etiraz etməyəcək. Sizi görüşdürərəm, qalanları sənlikdir. Onunla dil tapacağına şübhə etmirəm…

…Bir ay sonra Malışevin çağırdığı sxodkada Ded Xasan onun sağ tərəfində oturmuşdu. Usoyan hətta ilanla dil tapmağı bacaran adam idi.

YURA QORBATI

Usoyan dostları ilə oturduğu məclislərdə həyatının Yura Qorbatının həyatına oxşadığı barədə danışmağı xoşlayar, onu öz müəllimi adlandırardı.

1992-ci ilin sonlarında Usoyan tez-tez yaxşı pay-puşla Yura Qorbatının görüşünə gələr, saatlarla həddən ziyadə arıqlamış, çətinliklə yeriyən, meyvə şirəsi və əzilmiş banandan savayı heç nə yeyə bilməyən, lakin ölümün gözünə dik baxıb kimsədən şikayətlənməyən adamla oturardı. Türmə lazaretində çalışan həkim və tibb bacıları da Aslan Rəşidoviçin gəlişindən şadlanardılar, çünki gürcü şivəsi ilə danışan bu adam xəstəxana personalını da gətirdiyi meyvə, ərzaq bolluğuna dadandırmışdı. Doxsanıncı illərin əvvəllərində hətta Moskvadakı mağazalarda adicə kolbasa, konserv, çay və konfetin yoxa çıxdığı dövrdə xəstəxanaya gətirilən onlarla ərzaq qutuları Ded Xasanı personalın, xəstə məhbusların sevimlisinə çevirmişdi.

Qorbatı da oğurluğa Aslan Usoyan kimi yeniyetməliyində başlayıb. İttifaq dağılanadək Leninqradda ən hörmətli qanuni oğru kimi ad çıxarıb.

Qazamat xəstəxanasında ölüm ayağında yatan Qorbatı, müntəzəm olaraq onun görüşünə gələn Aslan Usoyana həmişə düşündüyü, lakin yaza bilmədiyi memuarını danışardı.

– Mən ziyalı ailəsində doğulmuşam. Üçüncü sinifdən başlayaraq mənim ev müəllimlərim olub, ingilis və alman dillərini öyrədirdilər. Valideynlərim mənim savadlı insan kimi böyüməyim üçün xəsislik etmirdilər. Leninqradın ən tanınmış fırça ustası mənə tuşla şəkillər çəkməyi öyrədirdi. Həmişə ondan bacarıqlı, işgüzar, istedadlı olduğum barədə təriflər eşidərdim.

37-ci ildə zavodda baş mexanik vəzifəsində çalışan atam Stalin-Yejov repressiya qatarının təkərləri altına düşdü, onu gözümün qabağındaca həbs etdilər. Az sonra atamın güllələndiyi xəbərini aldıq. “Xalq düşməni”nin ailəsi üçün represiya illərində yaşamaq olduqca çətin idi. Bizdə də çətinliklər yaranmağa başladı. Bəzən mən iki-üç gün adicə, yavan çörəyə həsrət qalırdım.

Anam çox, həddindən ziyadə gözəl qadın olduğundan ikinci dəfə İoann Yaroslavskinin oğluna ərə getdi. Onun xaç atası Leninin səxsi sürücüsü Stepan Kazımiroviç Qill olub. Anam həm də Orconikidze və Rokosovskinin ailələri ilə də çox yaxından tanış idi. Anamın atası Admiralteystvoda birinci komissar vəzifəsində çalışıb. Atamın ölümü, anamın başqa birinə ərə getməsi mənə psixoloji təsir etmişdi desəm, yanılmaram.

Bir tərəfdən də müharibə başlayır, Leninqrad mühasirəyə düşür, insanlar acından bir-birinin ətini yeyirdilər. Öz gözümlə gördüyümü danışıram – bizdən bir mərtəbə yuxarıda yaşayan, əvvəllər mənə heykəltəraşlıq və memarlıqdan nəzəriyyə öyrədən professor-pedaqoq binamızın zirzəmisində tələ quraraq siçovulları tutur, oradaca başlarını üzüb, dərilərini soyurdu. İri, balaca pişik böyüklüyündə siçovullar bir qədər aralıdakı məzarlıqdan gəlirdilər bizim zirzəmiyə. İnsan meyitlərini doyunca yedikdən sonra istirahət etməyə gəlirdilər…

İÇDİYİM SÜD BURNUMDAN GƏLDİ

Aclıq illərində mən oğurluq etməmişəm. 1947-ci ildə biz – bütün sinif şagirdləri bahalı xəz yaxalıq oğurladıq, puluna süd alıb içdik. Hamımızı tutmuşdular, amma nədənsə yalnız məni Strelnıdakı uşaq koloniyasına göndərdilər, “xalq düşməni”nin oğlu kimi. Uşaq koloniyası mənim ürəyimcə idi, çünki burada siyasətdən, kimin tutulub güllələndiyi barədə danışmırdılar. Nepin repressiyaları, adamların qorxa-qorxa danışmaları zəhləmi tökmüşdü. Koloniyada tam başqa mövzuda söhbətlər gedirdi. Maraqla qulaq asırdım məndən böyük, həqiqətən oğurluqla, cibgirliklə, kukla qoymaqla gündəliklərini qazanan uşaqların danışıqlarına. Strelnıdan sonra mən yenidən barmaqlıqlar arxasına düşdüm, özü də böyüklər arasına. Halbuki, hələ on dörd yaşım vardı, azyaşlı sayılırdım. Mentlər məni yaxalayanda cibimdən “Valter” tapançası çıxdı. Silahın mağazası, çaxmağı və güllələri olmasa da, belə qərar çıxardılar ki, əgər onu təmir etsən, yaxşı-yaxşı silib təmizləsən, atəş açmaq mümkündür. Mentovkada məni şərlədilər: filan gün, filan vaxt bu tapançadan açılan atəşlə filankəs yaralanıb… İstintaq zamanı dəhşətli işgəncələrə məruz qalsam da, oyuncaq əvəzi gəzdirdiyim tapançadan atəş açmadığımı bildirirdim. Buna baxmayaraq, belimə iyirmi il yükləyib məni Şimali Urala, bütün məhbusların zolaqlı zek paltarları geyindiyi “SevUralLaq”a yatab göndərdilər. Güllələnmiş “xalq düşməni”nin oğlu olduğumdan məni xüsusi düşərgəyə yolladılar. Burada salamat qalmaq üçün sözün əsl mənasında vuruşmaq tələb olunurdu. Bir vaxtlar məni tanıyanlar adımın qarşısına “istedadlı”, “bilikli” sözləri əlavə edirdilərsə, buradakı residivistlər, qəssablar, domuşniklər, şipaçlar məni “tiqryonok”9 adlandırdılar. Yaşımın az, bədənimin arıq olmasına baxmayaraq, elə “polosatıy”10 zona qədəm qoyan kimi şmon aparan starşinanın boğazını cırmaqlarımla, sifətini dişlərimlə qana boyadım. O, boynumdan sapla asdığım, içərisində atamla anamın fotosu olan medalyonumu əlimdən almağa girişmişdi. O vaxtlar az-çox məhbəs qanunları işləyirdi, dedovşinadan müdafiə, zəiflərin qayğısı prinsipləri qorunurdu. Məhbəs qanunlarını qoruyanlar əqidə sahibləri, qanuni oğrular idi. Tezliklə mənə kimin kim olduğu aydınlaşdı. Starşinaya bədən xəsarətləri yetirdiyimə görə məni vertuxaylar və speslagerin kiçik çinli zabitləri press xataya salıb sındırmaq istəyirdilər.

FLOR KOLIMSKİNİN QƏMXARLIĞI

Lakin zonada hətta xozyain və kumun da çəkindikləri Frol Kolımskiy mənə qəmxar çıxmaqla həyatımı xilas etdi. Dörd ay sonra məni Port Vanindəki peresılkaya göndərdilər. Etap gedərkən və iki həftəlik peresılka türməsində yenə oğrularla birlikdə oturub-dururdum. Frol məni əqidə qardaşlarına tapşırmışdı. Məntəqədə iyirmi beş-otuz min zek vardı və hər gün gəmilərlə müxtəlif yerlərə etaplar olunurdu. Məni o vaxtlar ən gedər-gəlməz sayılan Kolımaya göndərdilər. Yolda ikitərəfli sətəlcəmlə xəstələnmişdim. Bəxtim yenə gətirdi – gəminin zirzəmisindəki zeklər arasında Maksim Qorkinin ölümündə təqsirləndirilən, İttifaqda tanınan alim həkimlər də vardı. Yığışıb quru çayla, tütünlə hazırladıqları məlhəmlərlə müalicə elədilər.

Düşdüyüm düşərgədə məhbuslar qızıl yuyurdular. Burada Sovet İttifaqı Qəhrəmanlarından tutmuş, SSRİ xalq artistlərinədək çinli, titullu zeklər beşillik planın vaxtından əvvəl yerinə yetirilməsi üçün tər tökürdülər.

Mən adam öldürməyin əleyhinəyəm. Lakin hərdən belə vəziyyət yaranır ki, öz həyatını müdafiə etməlisən. Bütün ömrüm boyu kimsəni alçaltmamışam. Axı onsuz da bizim ölkədə əksəriyyət alçaldılmışlar, təhqir edilmişlər zümrəsinin donunu geyənlərdir. Məhbəs yerlərində belə münasibət dustaq üçün ikiqat zərbədir. Burada yalnız blatnoylara toxunmurdular. Mujikdən aşağıda dayanan mastların həyatı isə cəhənnəm əzabı idi. Blatnoyların əqidəsini seçdim. 8 ay Maqadanda qaldıqdan sonra bütün ətraf düşərgələrdəki zakonnikləri bir yerə toplamağa başladılar. Deyilənə görə, tezliklə onları Çukotkaya, ya da Uralda tikintisinə başlanılmış xüsusi tipli “sanatoriya”lara yatab etməli idilər. Hər gün baş verən münaqişə, dava lap zəhləmi aparmışdı. “Polşalı vor zakonlar” özlərini yenidən oğrular sırasına qatmağa çalışır və avtoritetlərdən 1947-ci il “Moskva sxodkası”nın qanunlarını dəyişdirmək vaxtının çatdığını deyərək yeni toplanış, yeni qərar tələb edirdilər.

ZAKONNİKLƏRLƏ “POLYAKLAR”IN MÜHARİBƏSİ

“Qanundan kənar” elan edilmiş polyaklar “köhnə vorlar”dan qisas almağa girişmişdilər. Bəzən bu alçaldılma həddinə çatdırılırdı. Onlar köhnə vorları oğurlayır, ancaq öldürmürdülər. Zorla “petux” edir, yaxud əllərində tutduqları lezviyanı öpdürməklə onu “vor” çinindən salırdılar. Bu proseduranı keçmiş “vor”un geriyə yolu bağlanırdı. O vaxt belə oğrular “ayrılmışlar” adlanırdı. Üçüncü bir qrup, “ayrılmışlar” qrupu yaranmışdı ki, bunlar da hər iki tərəfə qanlı düşmən kəsilmişdilər. Elə hökumətə də bu lazım idi. Biri-birinin ardınca Çukotkaya on minlərlə dustaq doldurulmuş gəmilər hərəkətə başladı.

Yayda bütün peresılkalar tez-tez dolub-boşalırdı, hər on gündən bir barjlar, gəmilər doldurulur, Lena çayı ilə şimala doğru daşınırdı.

Biz Çukotkaya çatanda yayın ən isti vaxtı saydığımız avqustun sonları idi. Külək vıyıltı ilə ulayır, qar adamın ayaqları altında canavar dişləri kimi xırçıldayırdı.

Gəldiyimizin elə birinci həftəsində üç saat vorlarla polyaklar arasında müharibə getdi. Hayqırtı, qışqırtı, inilti səslərindən küləyin vıyıltısı da eşidilməz olmuşdu.

Çox dəhşətli saatlar idi. Vuranın kim, vurulanın kim olduğu məlum deyildi. Düşərgənin sahəsindəki ağ qar axan qandan qıp-qırmızı olmuşdu. İnsanlar yerdə kərtənkələ kimi sürünür, yaralı ayı tək ağnayır, imdad diləyirdilər. Hər tərəfdə insan bədənindən ibarət bir horra qalaqlanmışdı. Qudurmuş, qışqıraraq əllərindəki bıçaq, dəmir parçalarını yelləyən, qaçışan adamlar birdən-birə qopmuş tufanı xatırladırdı.

Baraka girdim, uzaq küncdə adyalın arasına soxuldum. Qulaqlarımı barmaqlarımla tıxamışdım ki, heç nə eşitməyim.

İki gün sonra eşitdim ki, Çukotka düşərgələrində həmin gün on beş mindən çox məhbus ölüb.

Burada hərəkət itlər qoşulmuş kirşələrlə idi. Qarışıqlıqdan istifadə edərək, kirşələrə doluşub Alyaskaya qaçanlar da oldu. Qırmızıpoqonlular tikanlı məftillərin arxasında dayanaraq bir gün müddətində düşərgənin içərisinə girmədilər. Bir həftə sonra bizi gəmilərə doldurub yenidən Maqadana gətirdilər. Gör nə qədər üstündən vaxt ötüb, amma Çukotka axşamını xatırlayanda damarlarımda qanım donur.

Sibirdə həyat ancaq yeməklə davam edir. Əgər yemək həddən artıq azdırsa, onda insanın gücü hətta tərpənmək üçün də qalmayanda hər şey iradədən asılı olur.

Aclıqdır, tamam əldən düşmüsən, istəyirsən ki, əl-ayağını uzadıb hər şeyi öz axınına buraxasan. Çoxları proqulkadan imtina edirlər. Sənin içindən bir səs qışqırır: “Olmaz, get!” Yorğunluqdan ayaqların gizildəyir, əyilir. Gəz, gəzin barakda. Saatlarla gəzin. Uzanmaq istəyirsən… Yox! Otur! Baxma ki, ətləri tökülmüş yanbızının sümükləri incidir, ağrıyır. Otur, yatsan öləcəksən! Yemək haqqında fikirləşmək istəyirsən. Olmaz! Dəmir iradəlı ol, çörək haqqında düşünməyi kənara at. Tütün çəkənsən? Batdın, “Titanik” batan kimi. Bədəni əldən düşənlərin tütün piləməyi tərgitdiyini görməmişəm. Əvvəldən atmaq, tərgitmək lazım idi, nə qədər ki, bədənindəki sümüklərdə ət vardı. Bir dəri, bir sümük qalanda, ancaq nəfəsin dayanandan sonra tütünü ata bilərsən.

Çoxları ölümdən əvvəl xəstəliyə tutulardılar – ponos11 Dərman verilmirdi. Batan adam saman çöpünə əl atdığı kimi, zeklər də ponosa tutulanda çörək paylarını nazik-nazik doğrayar, suxarı kimi qurudub yeyirdilər.

Əgər pellaqrik ponosa tutulmuşdunsa, deməli həyatdan əlini üzməliydin. Bu vaxt mədə və bağırsaqların divarları sürüşkən qişa ilə örtülür, yediyin seliklə birlikdə bir saat sonra ifraz olunurdu.

Pellaqrik ponosa uğrayanda iki-üç günün içində şam kimi əriyib, arıqlayırdılar, onlar yaddaşlarını itirir, bəziləri dəli olurdular. Bir, yaxud uzağı iki gün sonra “ponosçik”lər cənnət qapılarında növbəyə durmağa uçurdular. Mən Leninqrad blokadasında günlərlə ac qalmağı öyrənmişdim… Dözürdüm…

HƏYATI MƏNƏ LYOVA ANLATDI

Bizimlə birlikdə İvan Lvov – “Lyova” ayamalı məhbus vardı. Dostoyevskini, Bunini, Drayzeri, Tolstoyu, Gertseni oxumuşdu. Vanka mənə mütaliə etməyi, incəsənəti, əntiq əşyaları sevməyi öyrətdi. Düz iyirmi il idi zondan-zona gəzirdi. Kamçatkadan qayıdanda dostlaşmışdıq.

– Srok tı poluçiş vse ravno, – deyirdi. – No yesli budeş soprotivlyatsya, to zdes v tyurme poteryayeş zdorovye. A yesli soznayeşsya i podpişeş protokolı, poyedeş v laqer – uvidiş svet, çistıy vozdux.12

Mən sağlamlığımı birinci iki ayda itirdim.

Lyovaya qulaq asdıqca, onun keçirdiyi işgəncələri gözlərim önündə təsvir etdikcə, bu arıq, həyatsevər, saf qəlbli insana təsəlli verməyə söz tapmırdım.

– Başıma hansı müsibətləri gətiriblər, danışsam, yəqin ki, ağlayarsan, – gülümsəyərək söhbət edirdi Qorbatı…

– Məhbəs məhkəməsi sovetlərdə volyadakı xalq məhkəmələrindən dəfələrlə düzgün qərarlar çıxarmasıyla fərqlənirdi. Biz demək olar ki, hər gün iclaslarda kiminsə qəbahət işinin araşdırılmasıyla məşğul olurduq. Sxodkalarda mən düzgünlüyün, oğru qanunlarının əlifbasını öyrəndim.

Sonralar, mən yaşa dolanda hamim Tolya Çerkas oldu. O da zakonnik idi, amma Lyova ilə müqayisədə çox mizer, bəsit, yalnız tapdanmış yolla gedən axsaq adam təsiri bağışlayırdı. O insanları alçaldır, bəzən hətta əl də qaldırırdı. Bu olaylar mənə xoş gəlmədiyindən, Çerkasdan ayrıldım.

Tolyada insaniyyətdən əsər-əlamət yox idi. Bir yerdə ki, dostluq-yoldaşlıq hissi öldü, hər şey əhəmiyyətini itirir, biganələşirdi.

Belə lagerlərdə lesopovalda, filiz mədənlərində işləmək zek üçün mütləq ölüm demək idi. İşləməmək də olmazdı. Karserlərə, BUR-lara doldurub dondurur, yaxud acından öldürürdülər.

Əlac yenə pula qalırdı. Pul! Pişiyi aslana, eşşəyi ərəb atına döndərən – pul! Yaxşı işləyənlərə yaxşı da pul verirdilər. Hökumət və ya düzgün ifadə etsək, “köhnə qreşnitsa”lar verdikləri pulu yenidən geri almağın yollarını bilirdilər. Pul verilən günlər “polskiy maqazin”də istədiyin şeyi tapırdın. Araqdan tutmuş, nəşəyə qədər. Yaxşı pul almış cavan zeklər içib beyinlərini dumanlandırır, başqa məşğuliyyət olmadığı üçün qumara başlayırdılar. Şahmat, domino, hətta “durak” da pulla oynanılırdı.

DÖRD AYLIQ AZADLIQ

Sonralar, İrkutsk lagerində oturanda İvan Lvovla yenidən görüşdük. Muzeydən oğurluq etdiyinə görə tutulmuşdu. Oğurladığı rəsm əsərlərini sataraq pulları cavan rəssamlara vermişdi.

– Bu dörd ay ərzində mən azadlıqdan lazımi qədər faydalandım, – deyirdi Lyova. – Paytaxtımızın küçələri ilə tələsmədən gəzişirdim. Üç il ərzində burada heç nə dəyişməmişdi. Yalnız əvvəllər zibilxana kimi tanıdığım, səllim itlərin qaçışdığı çöllükdə doqquzmərtəbəli binalar tikilmişdi. Palçıqlı qar lehmələri, yeni salınmış asfalt yoldakı çala-çuxurlar… Yanımdan ötənlər mənə fikir vermirdilər. Bu həm xoş təsir bağışlayırdı, həm də təəccüb doğururdu. Zonadakı qəzəbli, kin-küdurətli baxışlara vərdiş etdiyimdən, birdən-birə qəlbimdə istilik duydum: mən azadlıqdayam!.. “Axır ki, azadam!” – deyib, qışqırmaq istəyirdim.

Vağzaldakı kafedə yaxşıca yeyib-içmişdim. Parka girib azacıq dincəlmək istədim. Burada bir dəstə gənc dövrə vurub mübahisə edirdilər. Onlar yalnız öz yaratdıqları əsərlərini camaata nümayiş etdirmək istəyirdilər. Çox bəsit bir arzu… Hökumət isə buna icazə vermirdi. Bizim hakimiyyətdə əyləşənlərin böyük əksəriyyəti yalnız əmrlər verməyə vərdiş etmiş kəmsavadlardır. Onlar yumşaq kreslolara əyləşəndən sonra ədəbiyyata, incəsənətə vaxt ayıra bilmir, yalnız siyasətlə, yəni fırıldaqla, rüşvətxorluqla, yekə oğurluqla məşğul olurlar.

Mən Lyovanın sözlərindəki həqiqəti sonralar dərk etdim. İncəsənəti, əntiq əşyaları tanıyandan, öyrənəndən sonra… – deyə Qorbatı davam edir.

MƏMURLAR VƏ İNCƏSƏNƏT İNCİLƏRİ

– Mən dəfələrlə dövlət məmurlarının mənzillərində olmuşam. Onların evlərində elə rəsm əsərləri, əntiq əşyalar var ki, qiymətləri onlarla milyon dollarlarla ölçülən bu muzey incilərini İttifaqda kimsə ən yüksək məvaciblə belə yüz il müddətinə əldə edə bilməz. Deməli, bu əsərlər, antikvar əşyalar oğurluq maldır…

…İncəsənət əsərlərinin oğurluğu qədim peşələrdən biridir. Lakin XX yüzillik bu peşənin tam çiçəklənməsi dövrü olmuşdur. Belə ki, həmin dövrdə varlı amerikan və yapon kolleksiyaçıları incəsənət əsərləri, əntiq əşyalara külli miqdarda pul təklif edirdilər. Təkcə hərraclar vasitəsilə ildə yarım milyona yaxın incəsənət əsəri satılırdı. Burada cəmi iki çıxış yolu var – ya yeni “incilərin” yaradılması, yəni saxtalaşdırma, ya da ki, oğurluq. Ən böyük oğurluqlarından biri də Bostondakı İzabella Qardner muzeyində baş verib.

“İZABELLA QARDNER”İN QARƏTİ

“Qardner” muzeyi haqqında eşitmisən? – deyə Qorbatı diqqətlə qulaq kəsilən Usoyandan soruşur və cavab gözləmədən davam edir, – Yolun okeanın o tərəfinə düşərsə, mütləq oraya baş çək. Yalnız bu muzeyə baxmaq naminə Amerikaya səfər etdim və on iki gün sərasər otaqları gəzdim. Bu muzey Peterburqun Ermitajı qədər məşhurdur. Venesiya üslubunda tikilmiş bu əzəmətli malikanədə 2500 ədəd ali əsər, inci saxlanılır. Məsələn, onların arasındakı Tisianın “Avropanın oğurlanması” əsəri İtaliya rəssamlıq məktəbinin ən qiymətli incilərindən biri sayılır. Muzeyə təşrif buyurmuş tamaşaçılar burada ev sahibəsinin dövründən qalmış ab-havanı həmin an duyurlar.

Oğurluq olan gün gecə saat 1-2 radələrində polis forması geymiş iki nəfər muzeyə gələrək gözətçiyə oğurluq barədə məlumat aldıqlarını və mütləq muzeyi axtaracaqlarını bildirirlər. Hərəkətləri, davranışları, detallarla tanışlığı və nəhayət polis jarqonlu danışıq ifadələri işlətmələrində heç bir nöqsan yox idi. Və heç nədən şübhələnməyən gözətçi qapını açıb “asayiş keşikçiləri”ni muzeyə buraxır. Hər birinin belindəki kəmərdən asılmış rasiyadan polis kodlarını təkrar edən səslər eşidilirdi. Tez bir zamanda “polislər” gözətçi və onun köməkçisinin əllərini qandallayaraq ağızlarını tıxayırlar. Zallarda iyirmi bir dəqiqəyə qədər olan qarətçilər bu müddət ərzində beş əsərin, o cümlədən Rembrandtın yeganə dəniz mənzərəsi sayılan “Qalileydə fırtına”nı, “Qara geyimli kişi və qadın”ı, Hovard Flinkin mənzərəsini, Eduard Maneyə məxsus portret əsərini və muzeyin mirvarisi sayılan dahi holland rəssamı Vermeyer Delftskinin “Konsert” əsərini çərçivələrindən kəsib götürürlər. Rembrandtın lələkli şlyapalı böyük avtoportretini isə oğrular divardan çıxarsalar da çox güman ki, ağır olduğundan özləri ilə apara bilməmişdilər.

Sonra qarətçilər Napoleonun qvardiyasına məxsus döyüş bayrağının saxlandığı vitrini açmağa cəhd göstərsələr də, buna nail ola bilməmişlər. Məlum olduğu kimi, qvardiya heç vaxt təslim olmur. Nəhayət beş-altı rəsm əsərini, yaşı 3000 il olan bürünc çin kuboku və nəzarət videokameralarının kasetlərini oğurlayan “polislər” aradan çıxırlar.

Muzey rəhbərliyi oğurluq barədə beş saat sonra xəbər tutur.

Bu günə kimi FTB-nin əməkdaşları qarət olunmuş əsərlərin qəribə siyahısı üzərində baş sındırırlar. Çünki oğrular Tisianın, Bottiçellinin, Mikelanjelonun və digər ustaların qiymətli inciləri əvəzinə məhz bu əsərlərə üstünlük vermişdilər. Bu səbəbdən də FTB-nin yeganə versiyası qarətçilərin sifarişlə iş görmələri qənaəti olur.

Oğurlanmış əsərlərin dəyəri isə 300 min dollar təşkil edir. Bütün səylərə baxmayaraq, ən məşhur muzey oğurluğunun sifarişçiləri və qarətçiləri hələ də yaxalanmayıblar.

Lyova mənə incəsənət aləmi haqqında universitet biliyi verdi.

9.pələng balası
10.zolaqlı
11.ishal
12.Heç nəyə baxmayaraq cəza müddəti alacaqsan. Əgər müqavimət göstərsən, mübarizə aparsan, qapalı türmədə sağlamlığını itirəcəksən. Əgər sənə quraşdırılan protokollara imza qoysan, zonaya gedəcək, təmiz hava, işıq görəcəksən

Ücretsiz ön izlemeyi tamamladınız.