Kitabı oku: «Aşeka», sayfa 3
Kim görsə, “Qarnında böyütmüsən” – dedi. Mən də uzun müddət bu mənim oğlumdur deməyə utandım.
İlk dəfə ana olanda iyirmi yaşım var idi, indi isə qızımın biri ərə gedəcək yaşdadır, digəri də tezliklə məktəbi bitirir. Oğlumun olmağı bir tərəfdən yaxşı oldu. Rəhmətlik anam deyərdi ki, qız uşağı qonaqdır.
İllər necə tez keçdi… Mehmedim də böyüdü. Muxtarlığa Mehmedin adına əsgərliyə çağırış vərəqi gəlib. Üç-dörd gün içində əsgərlik şöbəsinə gedib təyinini almalıdır.
Gör saat neçə oldu, hələ də evə gəlməyib. Qardaş qədər sevdiyi dostu Həsən var. Mehmedim kimi yaxşı uşaqdır. Bircə evə gec gəlməyi olmasaydı…
Atasına deyəndə, “Olsun da, yekə kişidir”, – deyir, sonra da gedib yatır. Mənsə anayam. Gözüm yolda qalır. Nigaran qalıram. Yarım saat da keçdi… Ay Mehmed, harda qaldın?…
Mehmed, həmin gecə evə gec gəldiyimiz yadındadır? Xədicə xala bütün gecə pəncərənin önündə qalmışdı. Küçənin başında ayağımızı astaca daşa basan kimi gəldiyimizdən xəbər tutub pərdəni aralamışdı. Nə cibimizdə qara qəpik, nə də dilimizdə uyduracaq yalan qalmışdı. Uğursuzun biri idik. Nə ağlı olan qız bizə ərə gələrdi, nə də qızı olan ata bizim kimi avaralara “hə” deyərdi.
Xatırlayırsan, Xədicə xalanın bir əlindən mən, digər əlindən sən öpmüşdün. Əlini geri çəkdikcə “Anam” deyə bağışlaması üçün yalvarmışdıq. Sonra Xədicə xalanın ürəyi yumşalmışdı. Atan oyanmasın deyə tünd qəhvə bişirib bizə içirtmişdi. Otağa keçib əlində ağ konvertlə geri qayıdanda gözlərimiz bərələ qalmışdı. Əsgər olmuşdun! Əsgər!
Yaşıl beretli əsgər forması sənə çox gözəl yaraşmışdı. İki kilometrdən uçan milçəyi belə gözündən vura bilirdin. Həmin gecə Xədicə xala sənə xına qoymuşdu. Səhər yallı getmişdik. Küçəyə yığışan qonşular arasında Ayşə də vardı. Dayanmadan ağlayırdı. Məhz həmin gün eşqinizin əbədi olacağına, ölümün belə sizi ayıra bilməyəcəyinə inanmışdım.
Əsgər anası olmaq başqa hissdir. Allah bu qürur hissini elə bir həsrətlə birgə bəxş edir ki, insan hansını daha üstün tutacağını belə bilmir. Sanki dünən doğulmuşdun, bu gün isə boynunda al bayrağımız dostlarının əllərində havada yellənirsən.
Ən böyük əsgər mənim oğlumdur! Anasının ağıllı balası, birdənəm, böyüyüb əsgər olub. Rəhmətlik anam deyərdi ki, insan ömrü su kimi axıb keçir.
Bax… Ayşə də Mehmedimi yola salmağa gəlib. Dünənə kimi “Nə nişanlındı, nə yoldaşın” deyirdim. Amma bax… Gözləri mənim gözlərim kimi yaşlıdır. O da bir ananın övladıdır. Mənə Mehmedimin əmanətidir.
Əslində yaxşı qızdır, həm də gözəldir. Gəlinim olduğu üçün demirəm, həqiqətən, ahugözlü mələkdir.
Mehmedim ilk dəfə əlimi öpdürməyə gətirəndə ürəyimdə “Ahu gözlüdür” demişdim, amma qayınanalıq etdim, oğluma heç nə demədim. Mehmedimə elə dərin məhəbbətlə baxır ki, hər görəndə az qala ürəyim gedir. Mən beləyəmsə, bəs oğlum neyləsin?
Zaman su yerinə axır… Dedilər avtobusun yola çıxmağına hələ bir saat var. Bir də eşitdim ki, müavin hər kəsin öz yerində əyləşməsini əmr etdi. Həyəcanlandım.
Gəl, oğlum! Gəl, Mehmedim! Gəl, canımın içi, ətim-sümüyüm, qanım-canım, oğlum, Mehmedim! Gəl, anasının göz bəbəyi! Gəl, səni yenidən körpə tək bələyirmiş kimi qucaqlayım. Vətən sizə, siz isə Allaha əmanətsiniz! Bizə görə narahat olma, ağıllı oğlum.
İlk məktubun gəldi
“Bu hissəni özün məzuniyyətə gələndə oxuyarsan” deyib zarafatlaşırdıq. Ayşəyə məndən daha çox məktub yazırsan. Belə davam etsə, səndən inciyəcəm… Təbii ki, zarafat edirəm. Ayşə tərbiyəli, saf qızdır. Arada ev işlərində anana kömək edir. Məncə, hər gün sizdədir, amma Xədicə xala deyir arada gəlib baş çəkir. İkisi də məktubunu oxuyanda ağlayır. Sanki gəlin-qayınana yox, iki bədəndə bir can olublar. Qardaşın Bəkir aşağı qiymətlərlə ikinci sinfə keçdi. Baqqal Levent də qız qaçırdıb. Gülmə!.. Doğrudan, qız qaçırdıb. Bir də onu deyim ki, Ayşə səni düşündüyündən qat-qat çox sevirmiş. Sonra demə ki, “Qan dostum Həsən heç bunu mənə deməyib”. Unutma, toyunda sağdışın özüm olacam!
* * *
Ən çətin iş gözləməkmiş. Elə bil, onu doqquz ay bətnində saxlayan, səbrlə doğulacağı günü gözləyən mən olmamışam. Mehmeddən gələn məktublar olmasa, bu həsrətə heç cür dözə bilmərəm.
Arada dənizə gedib-gəlirəm, fikrim dağılır. “Qaraköy” deyilən yer var. Tez-tez Ayşə ilə gəmiyə minib gedirik. Mehmedimlə gəmiyə çox miniblər. Qağayılara çörək qırıntıları atıb, çay içərək dənizi seyr ediblər. Bu qız cahildir. Heç belə şeyləri biz qayınanamıza deyə bilərdik? Ay tövbə…
Bu gecə Mehmedimlə danışıblar. Oğlumun olduğu yerdə atışma olmayıb. Hərçənd atışma olsa da, igid övladlarımız heç nədən qorxmadan keşik çəkirlər. Mavi gözlü Mehmedimə qara zeytun göndərdim. Tapşırdım ki, doyunca yesinlər, yenə göndərəcəm.
İgidim sağ-salamat qayıtsın Ayşəyə elçi gedək. Sonra üçümüz birlikdə gəmiyə minib qağayılara çörək atarıq.
* * *
Siz tərəflərdə hava mənfi qırx imiş. Təki xəstələnmə. Zülmət gecələrini ulduzların yox, mərmilərin işığının aydınlandırdığını hardan bilərdim? Anama və Ayşəyə deməməyi tapşırmışdın, ancaq özüm də inana bilməmişdim. Zarafat etdiyini düşünüb gülümsəmişdim. Güllələrin başının üstündən yağış kimi yağdığını hardan bilərdim… Ehtiyatlı ol, yaralanma! Daha nə qalıb ki?! Sən gedəndən “Çoxu gedib, azı qalıb” mahnısı dilimdən düşmür. Yəhyanın çayxanasında oyun oynayacaq tərəfdaşımın yeri həmişə boş qalır. Nərddə zər atanım yoxdur. Ah, Mehmed… Sən gedəndən çayxanadakı çayın da dadı qaçıb. İnan ki, daha Sezen Aksuna da qulaq asa bilmirəm. Gülmə… Əslində çox dərd çəkirəm.
Anan həmişəki kimidir. Atan da şükür, yaxşıdır. İki gündən bir onlara baş çəkirəm. Narahat olma. Sənin yemək payını da mən yeyirəm. Artıq doqquz kiloqram kökəlmişəm. Əvvəl elə bilirdim pivə içdiyim üçün kökəlirəm, amma elə deyilmiş. Sən gedəndən heç rakı da içməmişəm. Sən demə, o zibilin dadı-duzu da sənin şirin söhbətlərin imiş. Bu, sənə yazdığım son məktubumdur. Ola bilsin ki, məktub sənə çatmamış evə qayıdacaqsan. Necə deyərlər, “Şəfəq, doğan günəş”*…
* * *
“Şəfəq, doğan günəş” – Tərxisə bir gün qaldığını bildirən ifadə:
Oyan, Mehmed,
Keşik növbəsi
Səni gözləyir.
Dağ başında al bayraq,
Məğrur dalğalanır.
Hava mənfi qırxdır,
Bu şaxtada bir ordunu qırmışıq.
Su yatır, Mehmed,
Sən yatma…
Xain yatmır, Mehmed…
Oyan, Mehmed,
Çayın səni gözləyir.
Kənddən gələn zeytunu
Çörək arasına qoy.
Qarnını yaxşı doyur,
Gecə növbəsinə
İndi adın yazılır.
Kürkünü gey əyninə
Boşalt, doldur tüfəngi
Geyin yun çəkmələri
O mavi beretinlə
Mavi gözlərinin önünə
Gəlir Mustafa Kamal…
Kürəyini qaşıma, Mehmed
Güllənin yeri qanayır.
Axı demişdim xainlər
Adamı arxadan vurur.
Yumma gözlərini.
Gözlərini əbədi yummaq
İyirmi yaşlı gəncə yaraşmaz.
Nəfəs al, Mehmed!
O böyük mələyə gülümsəyərkən
Şəhadət lazımdır!
Sənin şəhadətin
Vətənə olan şəhidlik borcundur, Mehmed.
Oyan, Mehmed,
Kəndin yolu səni gözləyir.
Sarı qızın buzovu
Torpaqlarınızın qızıl buğdaları
Meydanın məşhur bulağı
Sevgilin Ayşə səni gözləyir.
Doqquz yaşlı qardaşın Bəkir
Qan qardaşın Həsən
Muxtar, kənd əhli, hər kəs
Hər kəs səni gözləyir.
Oyan, Mehmed,
Bir bax bu dağlara,
Sənin kimi neçə igid yatır.
Yumma gözlərini,
Xain qarğalar
Hər yerdə uçur.
Səsin gəlsin, Mehmed,
Şığı yağı üstünə
Yenə aslanlar kimi.
Oyan, Mehmed,
Sevgilinin gəlinliyi,
Qardaşının gəncliyi,
Atanın ürəyi,
Bütün kənd əhli səni gözləyir.
Oyan, Mehmed,
Anan Xədicə …
Anan Xədicə ağlayır…
Ayşənin qışqırıq səsindən küçədə dayanan Həsənin əlində tutduğu torbalar yerə düşür. Qaçaraq Mehmedgilin küçəsinə gəlib çatanda bir təcili yardım və bir hərbi maşın görür. O, Mehmedin yaşadığı binanın düz qarşısında dayanmışdı. Həsənin ürəyi şiddətlə döyünürdü. Yıxıla-dura tez özünü evə salır. Xədicə ananın əlində qan qardaşı Mehmedin şəklini görür.
Sanki ana-oğul yenidən bir bədəndə birləşmişdilər.
Xədicə ananın cınqırı da çıxmırdı.
Evin eyvanından Türk bayrağı dalğalanırdı.
Həsən hər səhər, hər axşam Xədicə anaya baş çəkirdi.
Xədicə xala hər dəfə ona “Ay, oğul! Sən hər dəfə gələndə Mehmedim gəlirmiş kimi sevinirəm”, deyirdi. Şəhid anası Həsənin ətrini də Mehmedin ətri kimi hiss edirdi.
Aişə Mehmedin yoxluğuna dözə bilmədi.
Ağac qurudu… Sarmaşıq da qurudu....
AŞEKA öldü.
Mehmedin baş daşında bu misralar yazılıb:
“Məndə bir eşq əbədidir, sevgilim.
Ya istiqlal, ya ölüm! – deyənlərin nəslindənəm”.
Ayşənin baş daşında isə ”Bizi üst-üstə basdırsınlar, sevgilim. Məgər halalım deyilsən?”
Eşqdir bizim simamız
Məhlədə bir dümbəyin tıqqıltısı eşidilir.
Silahlı şəxslərin görüşü var.
Qatlanan bıçaq və balisonglar2 şıqqıldayır. Havadan qan qoxusu gəlir.
Dəmir bilərziklərin üzərindəki gümüşü naxışlar gözəl qadın kimi bütün diqqəti öz üzərində cəmləyir.
İki gənc başını azca qabağa əyərək bir-birinə baxır. İlk həmləni Fərhad edir, həmlə Müslümün sağ qoluna zərbə endirməkdən ibarət idi. Lakin Müslüm geri çəkilərək özünü qoruya bilir.
Fərhad əlinin üstü ilə burnunu silib gülümsəyir. Fərhadın bıçaqlı hücumundan çox, bic-bic gülümsəməsi Müslümü qıcıqlandırırdı. Balisongu əlində təsbeh çevirirmiş kimi fırladırdı.
Ayağına tərəf hücum edərək rəqibinin diqqətini əsas hədəfdən yayındırır. Fərhad bıçaq hücumundan yayınsa da, yerində dura bilmədiyi üçün yıxılır. Yerdə olduğu üçün iş lap qəlizləşir.
Müslüm gənc ceyranı yerə yıxmış şir kimi idi. Ovu ilə elə oynayır ki, sanki bir azdan onu parçalayıb yeyən o olmayacaq. Yerdəki ceyran Fərhaddır. O isə mərhəmət istəmir. Heç Müslüm də rəhm etmək barədə düşünmür.
Müslüm son zərbəni endirməyə hazırlaşırdı ki, Fərhad ürəyində “Heç olmasa, tikiş atılası yara olsun” deyə düşündü. İkisi də, gördüyünüz kimi manyak idilər. Elə bu məqamda məhəlləyə atom bombası kimi bir səs yayılır: “Müslüm, ondan əl çək!”. Müslüm ağzındakı əti çıxarırmış kimi tüpürüb, dişlərini və damağını yaladı. Başını sağa- sola tərəf yelləyir. hərəkət etdirir. Dərindən nəfəs dərib: “Yaxşı, Marlon, qoy, sən deyən olsun”, – deyir.
Gələn Kamal idi. Bu tərəflərdə yaşayanlar “Xaç atası” filmindəki Marlon Brandoya oxşadığına görə Kamala bu ləqəblə müraciət edirdilər.
Əslində, oxşarlığı yox idi. Sadəcə Kamalın “Xaç atası” obrazı ilə bənzər davranışları vardı. Mərd, dəliqanlı və qoçu idi. Necə deyərlər, “ən”lərin “ən”i idi.
Məhlədəki taxta evlər insana xüsusi əhval bəxş edir. Cümə səhərləri bir eyvandan digər eyvanacan sərilmiş yorğan-döşək üzü, paltarlar təmizlik təəssüratı oyadır.
Eyvanlardakı dəmir yağ qutularında əkilmiş reyhanın ətri insanı riqqətə gətirir. Qadınlar evlərinin girəcəyinə xalça sərib, uşaqların səs-küylü oyunlarının sədaları altında krujeva toxuyaraq ən ciddi mövzularda qeybət edirlər.
Məhlənin girişindəki “Hovuzlu çayxanası”nda stolüstü oyunlar oynanılır, çay içilə-içilə nargilə çəkilir.
Yaraşıqlı görünüşü ilə hər gün küçəyə çıxan Marlon Kamal səliqəli ütülənmiş qara kostyumu və ağ köynəyi ilə xanımların qəlbini fəth etmişdi. Əlindəki təsbeh sağ əlinin baş barmağı ilə bir vəhdətdə idi. Təsbehi çevirə-çevirə məhəllə uşaqlarıyla zarafatlaşaraq günə bismillah edərdi.
Əli Marlon Kamalın qapı qonşusu olan on üç yaşlı heyranıdır.
Qoçu dayıların
Məhləsində uşaqdım.
Ən kobudunun belə
Məzluma körpə tək,
Rəhm etdiyi məhlədə…
Nə mübahisə edəni,
Nə ac olanı
Vardı bizim məhlədə…
Nə xərac alanı,
Nə qalayçı,
Nə dəmirçi
Doğulmamışdı hələ…
Cəmi on üç yaşım olmasına baxmayaraq, Marlon Kamal qardaşın sayəsində məhlə qayda-qanunlarını ən birinci mən öyrənəcəm.
Anam Marlonun xətrini çox istəyir. Sadəcə mənə nəsə olacağından narahatdır. Kamal qardaşla çox oturub-dursam, mənim də başıma pis hadisə gələcəyindən qorxur, amma qorxusunu dilə gətirə bilmir. Deməyinə ehtiyac da yoxdur, onsuz da, bilirəm. Hər kasıbın evinə kömür payladığı gün Marlon Kamalı evimizə dəvət etdim, amma gəlmədi. Dəliqanlı adamdır. “Çayxanada məni gözləyirlər” deyib, çıxıb getdi. Əslində isə atamın olmadığı evdə subay bacım var deyə gəlmədi.
Əli Marlon Kamalı evə dəvət edəndə bacısı Gülzar elə həyəcanlanır ki, gəl görəsən. Nəbzi dəqiqədə min beş yüz dəfə vurmağa başlayır. Sanki içində arı yuvası var və arılar eyni anda sağa-sola uçmağa başlayır. Pərdənin dalından Əliylə Marlon Kamala qulaq asanda əlləri ilə saçlarını, üst-başını səliqəyə salmağa başlamışdı.
Əlinin anası Həsinə xala başa düşdü ki, evində yetişmiş kişi xeylağı yoxdur deyə Marlon Kamal evə gəlmək istəmədi. Ona görə də “Kamal, oğlum, içəri gəl görək, sənə bir qəhvə dəmləyərəm”, – dedi. Marlon “Yox, anam, çayxanada məni gözləyən var. Başqa vaxt gələrəm”, – dedi. Həsinə xala “Sən də mənim bir oğlumsam”, – deyə Marlon Kamalı razı saldı. Elə ki, Marlon Həsinə xalaya “Yaxşı” deyir, Gülzar daha da həyəcanlanır.
Ücretsiz ön izlemeyi tamamladınız.