Kitabı oku: «Keçmişdən gələn səslər», sayfa 5
–Bəs, eyni zamanda, bu yerin başqasına çatacağı yuxunuza girməyib ki? – mürəbbiyə istehzalı təbəssümlə soruşdu.
– Bitirməyə imkan verin… Beləliklə, deməli, pan Saturninə yuxu gördüyümə görə bu gün-sabah köçüb gedəcəyimi dedim, o isə – sizin kimi, az inamlıdır, məni lağa qoydu: “Yuxu aldada bilər, doğruluq üçün sizə fal açılmasın?” Mən isə ona belə dedim: “Gülün, gülün, mən isə həqiqətən fal açacağam…” Bir qarıdan xahiş etdim: o, üç dəfə dalbadal kart açdı və hamısı bir çıxdı: sarışından xoş xəbər gözləməli və qaraşından ehtiyatlanmalı…
– Ağbəniz kimdir ki?
– Hörmətli ksöndz belibağlı quşu kimi çaldır…
– Bəs qarabuğdayı? – deyə panna Valentinə gülməyini dayandırmadan öcəşdi
– Aydındır ki, sizin yaramaz anbardar – deyə xala cavab verdi.
– O?… Qarabuğdayı?.. O daha çox şabalıdı saçlıdır!
Xala başını silkələdi.
– Oy-oy! Siz pan Saturninin tayısınız, sanki bir-biriniz üçün yaranmısınız!
– O necədir? –deyə mürəbbiyə qızararaq, soruşdu.
– Sağ-salamatdır və pis yaşamır. Hey sizi xatırlayır.
– O?.. Məni?.. – deyə pani Valentina çiyinlərini çəkərək, səsləndi.
Xala səsini endirdi:
– E, belə iddiasız olmayın! O, gəncdir, xoşagələndir, artıq dörd yüz manat maaş alır… Hələ hamı ona necə hörmət eləyir! Axı o, sadəcə, dahidir! Filosof kimi ağıllıdır və üstəlik də əla rəqs edir… Bir dəfə mən onunla vals oynayanda…
– Siz hələ də rəqs edirsiniz?
– Mən? – deyə xala barmağını sinəsinə döyərək, soruşdu. – Mənim heç qırx yaşım da yoxdur, məni illər deyil, iş qocaldıb… Bax, hansısa hörmətli ksöndzün yanında yaşasaydım…
– Necə bəyəm, pan Saturnin əvvəlki kimi çox oxuyurmu? – deyə mürəbbiyə onun sözünü kəsdi.
– Kitabları bütöv arabalarla udur, inanırsınızmı, pani? Tez-tez çay içmək və ucadan mütaliə etməkdən ötrü yanıma gəlir, hələ necə, tutulmadan, ifadə ilə oxuyur! Ona tez-tez deyirəm: “Dincələydiniz – axı artıq xırıldayırsınız!” O isə: “Razı olardım (bu yerdə həmişə ucadan ah çəkir) , ancaq…məni əvəz etməyə heç kəs yoxdur, panna Valentina da yoxdur…”
– Ah, əl çəkin! Komplimentlərə, üstəlik də yerindəcə quraşdırılanlarına dözə bilmirəm! – deyə mürəbbiyə hiddətləndi.
Xala incik şəkildə ona baxdı.
– Vicdanım haqqı, – o, sinəsinə döydü, – heç nə quraşdırmıram! Hər dəfə mənimlə rastlaşanda sizin barənizdə soruşur…
– Yəqin mənim heç də gözəl olmadığımı unudub…
– Gözəllik nəyinizə gərəkdir?.. O sizin ağlınız qarşısında diz çökür! Dinləyin, sizə daha nə deyəcəyəm: bir dəfə öz xatirələri ilə mənim lap zəhləmi tökəndə ona birbaşa dedim: “Onunla evlənəydiniz və iş bitəydi, yoxsa boş sözlərinizlə qulaqlarımızı aparmısınız”. O isə cavabında: “Məgər o mənə gələr?” Sifəti elə yazıq oldu ki, inanırsız, pani, az qala, ağlayacaqdım. Bu yerdə sanki ayıldım: indi sizinkilərə baxdığım kimi onun gözlərinə baxdım, çiyninə vurdum və dedim: “Əzizim, siz öncədən duymaya inanmasanız da, sözlərimi xatırlayın: mən hələ hansısa hörmətli ksöndzün yanında yeri gözləyib ona çatacağam, siz isə onunla evlənəcəksiniz…” Ona elə belə də dedim, əzizim…
– Bəs o? – deyə panna Valentina soruşdu.
– O?.. Onun eynilə indi sizdə olan sifəti vardı…
Panna Valentina masa arxasından sıçradı.
– Görürəm, yalnız ksöndzün yanına yerləşmək və adamlara elçilik etmək barəsində fikirləşirsiniz…
Xala mürəbbiyəni qucaqladı və onun aşağı dikilmiş gözlərinə baxaraq soruşdu:
– Məgər pis elçilik edirəm?.. Məgər əlim yüngül deyil?.. Siz hiyləgərsiniz, panna Valentina!
Bu anda xalaya atların verildiyini və şeylərinin artıq bağlandığını bildirdilər.
– Bəs cənablar hanı? – deyə xala soruşdu. – Onları görmək və təşəkkür etmək istərdim…
– Cənab pan yatır, pani isə nasazdır, – lakey belə cavab verdi.
Belə saymazlıq kasıb qohumu dərindən incitdi. Onun dodaqları əsdi.
– Deyiləcək kimi deyil, doğmalar sizi yaxşı qəbul edir… – deyə panna Valentina qeyd etdi.
– E, mən onlardan incimirəm! Onlar ağalardır, mən isə adi dərziyəm. Indi öz işlərilərində qanları qaradır, başqalarına kömək etməyə nə vaxtları, nə də vəsaitləri var, o hayda deyillər!
O, qumaş kimi qırmızı panna Valentinanı öpdü və arxa qapıdan həyətə keçərək, arabaya istiqamətləndi.
Birdən küncdən Anelka onun qarşısına sıçradı və onun əlindən yapışaraq, pıçıldamaqla, isti-isti öpdü:
–Xala, mən sizi həmişə sevəcəyəm!..
Gözlənilməzlikdən yana xala göz yaşlarına boğuldu.
– Allah sənə xeyir-dua versin, bala! – dedi. –Sən əsl mələksən!..
Ancaq qız onu görmələrindən qorxaraq, artıq qaçıb getmişdi.
Həmin axşam panna Valentina sərçələrə ikiqat çörək payı doğradı. Yaxınlıqda heç kəsin olmadığına əmin olaraq, pəncərə altlığına dirsəkləndi və qüsurla oxudu:
Ey çiçəklərim, sevgidən necə
Əzab çəkdiyimi ona danışın.
Bu, elmli qarımış qızı pan Saturninə elçilik edənəmi aid idi? Eləcə naməlum qaldı.
Sevən qəlbin izharından daha çox öskürməni xatırladan oxuma ətrafdakıların əhval-ruhiyyəsi ilə heyrətləndirici dərəcədə həmahəng deyildi. Əvvəllər belə şən ev sahibi kədərli idi; ev adamlarından ən həyat eşqlisi Anelka da qəmlənirdi: əvəzində dodaqları indiyə kimi yalnız kəskin xəbərdarlıq və nəsihətlər üçün açılan qadın oxuyurdu. Bundan da dünyada sevincin heç vaxt ölmədiyi görünürdü. O bir ürəkdə sönərək, digərində parlayır.
ALTINCI FƏSİL
ŞMULUN MEYXANASI
Bazar günü idi. Adətən, demək olar, adamsız olan yolun üzərində xeyli arabanın və kosteldən evə gedən mömin icma üzvlərinin qaldırdığı toz burulurdu. Zaman-zaman boz səmadan və yanğın tüstüsü kimi yuxarı qalxan ağımtıl dumandan başqa heç nəyi fərqləndirmək olmurdu. Toz külək tərəfindən kənara aparılanda isə yolda uzun araba və piyada sırası görünürdü. Bəzən yaşıl tarlaların fonunda ağ at sayrışırdı, ya da kiminsə plaxtası (əldə toxunma zolaqlı qalın qadın paltarı – tərc.) tünd-mixəyi sermyaqalar (qaba mahuddan qaftan – tərc.) arasında ağarır, yaxud da qadın yaylığı tünd-göy sürtukla yanaşı al qırmızı ləkə kimi yanırdı. Bu canlı zəncir daim hərəkət edirdi. Bəzi yerdə ilan kimi qıvrılır, bəzi yerdə ox kimi düz idi, bəzi yerdə isə başıpozuq şəkildə ayrı-ayrı dəstələrə dağılır və nəhayət, çay nohura axıb töküldüyü kimi, yolda əmələ gəlmiş tıxaca tökülürdü. Bu yerdə artıq ətraf təbiətin rəngləri görünmürdü – yalnız saman saralır, arabaların taxtaları bozarır və mixəyi sukmanlar, sarı şlyapalar, qadın dəsmalları və parlaq rəngli tumanlar əlvan kütləyə qarışırdı.
Külək təkərlərin taqqıltısını, kişilərin qışqırtısını, qadınların çığırtılı səslərini, at kişnərtisini uzağa yayırdı. Bu basabas qont (damüstü ensiz, nazik taxtalar – tərc.) damlı böyük ağ tikintinin yanında baş verirdi. Girişin üzərindəki çardağı yetəri qədər kütləli, yuxarı və aşağı getdikcə daralan, ortasında isə çəlləkşəkilli dörd şalban saxlayırdı. Bu, Şmulun icarəyə götürdüyü meyxana idi və burada adamlar kostyoldan geri yolda qarınlarını bərkidirdilər.
Meyxananın yanında arabalar sıx dayanır, oxları bir-birinə toxunur və birilərinin dişlələri dugərlərinin çəpərlərinə girirdi. Sifətlərinə yarma torbaları asılmış atlar boyunlarını əyir və səbrsizliklə dodaqlarını tərpədir, yemə toxunmağa və aclıqlarını söndürməyə boşuna güc verirdilər. Bəxti daha çox gətirənlər sifətlərini qarşılarında dayanmış arabalara dürtür və özgə otunu həzzlə çeynəyirdilər. Tülək kürəkli bir kəhər axta at onlardan nümunə götürmək istədi və otun ətrilə yoldan çıxaraq, daim başını yanda dayanmış arabaya doğru döndərməyə çalışdı. Ancaq bu sol gözü çəp axta at ota deyil, incik bir atın sifətinə soxuldu və o, qulaqlarını yatıraraq, ciyilti ilə kişnədi və yazıq əlili dişlədi.
Hamısının yekununda milçək topası ac və qıcıqlanmış atlara hücum etdi. Zəhlətökən həşəratlar onların göz qapaqlarına, sifətlərinə, burun deşiklərinə yapışır və bədbəxt qurbanlar daim səslərini əsdirir, dırnaqlarını torpağa çırpır və quyruqları ilə milçəkləri qovurdular və bu onlara çətin başa gəlirdi. Yalnız qocalıqdan gözlərinin altında dərin çökəklər yaranmış, ağır zəhmətdən isə böyürləri sürtülmüş və qabaq ayaqları qövsvari əyilmiş, hamıdan qabaqda bağlanmış axta at, sanki mürgüləyən kimi, farağat dayanmışdı. Bəlkə qocanın yuxusuna təmiz yulaf dolu axur, yaxud da, dayça olaraq, örüşün şirəli otunun üstü ilə azadlıqda qaçdığı və gənc dişi atlara mehribanlıq etdiyi və – təəssüf! – ahıl yaşında hər cür marağını itirdiyi xoşbəxt, tez uçub getmiş zaman gəlirdi.
Dəhliz və meyxana adamla dolu idi. Bir neçə qız qapıdan baxaraq gülüşür və çöldə dayanmış oğlanlarla oynaşırdılar, oğlanlar isə onların əllərindən yapışır və meyxanadan, analarının sayıq gözlərindən uzağa çıxarmağa çalışırdılar. Sağda, sobanın yanında qadınlar skamyada yerləşmiş və ətrafda dayanmışdılar. Solda və giriş qapısının qarşısında uzun masaların arxasında skamyalarda kişilər əyləşmişdilər. Onların arasına isə qalanlarının dostcasına hiddətini doğuran yalnız bir qadın – sırtıq qışqırıqçı əsgər arvadı soxulmuşdu.
Adamlar oturmağa yer olmayan otağın ortasında da basabas salmışdılar, sağ küncdə, baryerin arxasında isə bufet piştaxtası vardı. Burda polyak qız araq süzür, Şmulun arvadı isə qara, ancaq möhkəm sürtülmüş atlas paltarda kimdən nə qədər pul alınacağını hesablayırdı.
Burda hər şey, əşyalar da, adamlar da özündə keçid mərhələsinin izini daşıyırdı. Burda bütünlüklə adətlərə və böyüklərin iradəsinə müti gənclərə və bununla yanaşı, yayılaraq, hansısa hörmətli sahibin düz burnuna tüstü buraxmaqla, bir quruşluq papiros çəkən gəncə də rast glmək olardı. Enli yanları olan saman şlyapalar arasında artıq kartuzlar 9qabağı günlüklü furajkalar – tərc.) da sayrışırdı. Yaşıl araq qədəhciyi ilə yanaşı, masaların üzərində şirin nalivka (meyvə şirəsindən hazırlanan spirtli içki – tərc.) və araq üçün hündür ayaqlı yonma qədəhlər də rast gəlirdi. Pivə çəlləkləri və araq butılkaları arasında çoxdan təmizlənməmiş samovar, üstündə isə burnu əzilmiş böyük çaydan durmuşdu.
Kişilər enli qayışla qurşaqlanmış ənənəvi “sukman”da, ya da buynuz düyməli qurşaqsız uzun qaftanlarda, bəziləri isə hətta tünd göy mahuddan gödəkçə və şalvarda idilər. Qadınlar yaylıq, yaxud kiseyi ləçək, mis düyməli göy sukmanlar, ya da şəhər koftaları geymişdilər. Biri, qədimdəki kimi, indiyə qədər, kostyoldən çıxaraq, başmaqlarını əlində aparır, digərləri dərhal geyinir və evə qədər soyunmurdular.
Bu basabasda nə müdirin paltosu, nə də təsərrüfat müdirinin burkası 9yapıncısı – tərc.) heç bir təəssürat doğurmurdu. Mülkədardan az danışırdılar, – daha çox voytdan (kəndxudadan – tərc.), soltıslardan (~kəndxudalardan – tərc), yaxud öz işlərindən danışırdılar. Bəzi yerlərdə sərxoşlar qarışdırılmış bərbad araqla gözlərindən sıxılmış göz yaşları ilə öpüşür, ya da kənd ağalarından kimsə dirsəklənərək, kirvəsinə oxuyurdu:
Kaska sobanın arxasına, Matsek onun ardınca…
Ən çox isə hamıdan ucadan eşidilirdi:
– Sizin sağlığınıza, kirvə!
– Allahla için!
Meyxanadan kandara kəskin tənbəki, tər və araq buxarı qoxusu gəlirdi. Toz uçurdu. Şandakı arıların vızıltısını xatırladan səs-küydə zaman-zaman skamya və bufet piştaxtası arasındakı tüpürcəkli döşəmədə uzanmış şən sərxoşun qışqırığı seçilirdi:
– Oy, da dana!
Sobanın yanında əyləşmiş kənd qadınlarından biri onu bu, insan ləyaqəti üçün aşağılayıcı halda görərək, şəhərlisayaq geyinmiş qonşusuna dedi:
– Belə ağnamaqdan ötrü kişi deyil, donuz olmaq lazımdır!
– Kişilər ilk dəfə deyil ki, döşəmədə sürünürlər, – deyə hansısa boz kaftanlı qırmızıburun kəndli müdaxilə etdi.
– Yox bir! Mənim Yuzikim heç bir halda etməzdi! – şəhərlisayağı geyinmiş qadın onun sözünü kəsdi.
– Sizin Yuzik kimdir ki! – deyə qırmızısifət donquldandı və əlini yellədi. Sonra bulanıq gözlərini piştaxtaya zillədi.
– Yox, gözləyin, kirvə, dinləyin, – qadın, görünür. “şəhərlilər”ə oxşamağa çalışaraq, dil boğaza qoymadı. –Mənim Yuzikim hələ məktəbdə oxuyanda bir dəfə evə gəlir, kandarda dayanan kimi, mən qablardan düz ona sarı atılıram. Qucaqlamaq istəyirəm, o isə, mənim qızılım, necə də məndən kənara sıçrayır! “Görmürsünüzmü, ana, əynimdə təmiz mundir var?” – “Görürəm, oğul” – “Ona görə də çirkli əllə ondan yapışmaq olmaz, yoxsa heç nəyə yaramayacaq!” Mən ona deyirəm: “Oğul, səni qucaqlaya bilməyimdən ötrü mundiri çıxar”. O isə: “Anacan, mənim köynəyim də yaxşıdır, onu çirkləndirərsiniz…”
– Oh, belə bir şey toqquşdursaydı, mən özümkünə bildirərdim! Mundiri ona göstərərdim! Qanla yuyunardı! – deyə əlində qədəh olan qadın səsləndi.
– Bəs siz nə etdiniz, kirvə? – digər, çəpgöz qadın maraqlandı.
– Dinləyin, indi sizə danışaram. Deməli, Yuzikə deyirəm: “Yaxşı, oğul, indi yuyunaram”. O isə çiynindən asılmış çantasından gümüşü kağızdakı sabun çıxarır və mənə verir. Inanırsınızmı, bu sabunla yuyunanda məndən elə bir iy gəlirdi ki, hətta insanların qarşısında da ayıb idi…
Qadınlar başlarını yelləyərək, dinləyirdilər və biri cavab verdi:
– Görünür, oğlanı nahaq yerə məktəbə göndərmisən! Sənin Yuzikinin anasına söylədiyini bəzi pan uşağı, muzdura belə, həmişə deməz.
– Düz olan doğrudur! Onları məktəbə göndərməyə dəyməz! – digər arvadlar da onu müdafiə etdilər.
– Siz hələ durun, kirvə, dinləyin! – deyə nağılçı etiraz etdi. – Başqa oğlum olsaydı, onu göndərməzdim, ancaq Yuzik… Oho! Necə olmuşdusa, onunla plebaniyaya getmişdik və keşiş ona latınca yazılmış kitab verdi, – o, səhvsiz oxuyurdu və orda nəyin necə yazıldığının hamısını keşişə izah etdi. Ksöndz hətta heyrətləndi və dedi: “Əgər gənclik illərimdə latınca belə bilsəydim, heç nə etməzdim, yalnız tavana tüpürərdim”.
Həmin dəqiqədə bir qadın bulanıq gözlü kişinin yanına soxuldu. Onun başında yaylıq əvəzinə çənəsi altından düyünlənmiş əlvan önlük vardı.
– Hə, Matsek, nəhayət, evə gedəcəksən, ya yox?
– Əl çək, psyakrev! – deyə kişi onu dirsəyi ilə sıxışdıraraq, donquldandı.
– Sənin nə acıman, nə də vicdanın var! Bütün günü meyxanada əyləşməyə və lənətə gəlmiş arağı başına çəkməyə hazırsan! Tezliklə Iqnati kimi olacaqsan, bütün yaxşı adamların gülüşü altında skamya altında uzanacaqsan! Özünə gəl, heç olmasa, bir dəfə mənə qulaq as!
Kişi piştaxtaya yaxınlaşdı və bir qədəh araq götürdü.
– Matsek! Matsey! – arvadı ona yalvardı. – Özünə gəl!
– Al, iç! – əri qədəhi onun əlinə basaraq, cavab verdi.
– Gördünüz? – deyə qadın yaxında dayananlara müraciət etdi. – Mən onun içməməsini deyirəm, o isə hələ məni də qonaq edir!
– Qonaq edirsə, için! – kimsə məsləhət gördü.
– Nə olar! Içərəm! Bir halda pulu ödənib, axıdılmayacaq ki!
Başqa qrupda, dovşandakı kimi, qırmızı gözlü hansısa pırtlaşıq saçlı kişi dayanmışdı. Yaxınlaşan arvadı özünün axıra kimi içilməmiş qədəhini ona uzatdı.
– Gözlərinizlə bağlı bu bədbəxtçilik çoxdanmı baş verib? – deyə naxışlı kaftanlı qonşusu ondan soruşdu.
– Deyəsən, beşinci gündür, – deyə o biri cavab verdi.
– Düz deyil, – arvadı söhbətə qarışdı. – Məhz gələn çərşənbə günü həftəsi keçəcək.
– Bəs nə iləsə müalicə edirsinizmi? – deyə şapkalı kişi maraqlandı.
– E…hansı müalicə… – pırtlaşıq saçlı sözə başladı.
– Niyə boşuna uydurursan? – yenə arvadı onun sözünü kəsdi. – O cümə günü çoban onun gözünə kül səpib – yalnız bir dəfə, gələn cümə günü isə yenə gələcək və nə isə yaxacaq.
– Kömək etdimi?
– Atəş kimi yandırdı, xeyli də irin axdı, amma, deyəsən, daha pis oldu…
– Axmaq! – deyə arvadı hirsləndi. – Əgər o, irinini axıdıbsa, deməli, artıq yaxşıdır. Əgər bu irin gözlərdə qalsaydı, sən kor ola bilərdin…
Ən böyük masanın arxasında rənglənməmiş dəridən olan uzunboğaz çəkməli kəndli digərini, gözəl sifətli və uzun çal bığlı dazı dilə tuturdu:
– Voytsex, mənə üç manat borc verəydiniz! Biçindən sonra sizə üç manat və beş zlotı qaytararam, üstəlik də arağa qonaq edərəm.
– Bu gün iki manat verə bilərəm, biçindən sonra isə siz mənə üç manat verərsiniz, – keçəl tənbəki qoxulayaraq, cavab verdi.
– Yox, siz üç verin, biçindən sonra isə üç manat və beş zlotı alarsınız.
– Elə alınmaz.
– Yaxşı, üç manat, beş zlotı və…üstəlik toyuq da verərəm.
– Razı deyiləm! – deyə keçəl inad etdi.
– Yaxşı, istəyirsiniz, üç manat, beş zlotı, toyuq və… on beş yumurta?
– Əgər otuzsa, onda razıyam, – deyə keçəl elan etdi. – Araq da verin.
Onlar bir-birinə əl verdilər.
– Ey, Voytsex! –masa arxasındakı qonşulardan biri, göy gödəkçəli gənc kəndli keçəli səslədi. – Bəs siz nə vaxtsa öz pulunuza içirsinizmi?
– Axmağam ki, meyxanaçının cibini doldurum? – deyə keçəl mırıldandı.
– Axı özgə puluna içirsiniz!
– Nə etməli! Şmul yəhudi olsabelə, o da yaşamalıdır, onu da cənabi allah yaradıb.
– Matsek! – deyə başında önlük olan arvad bağırırdı. – Heç olmasa, bir dəfə qədəhdən qop, evə get, yoxsa uşaqlar təkdirlər, yanğın törədə bilərlər…
– Siz, kirvə, qanınızın alınmasını tapşırın, – dərhal gözünüzdən əl çəkəcək, – deyə kimsə pırtlaşıq saçlı kişiyə məsləhət görürdü.
– Oy, da dana! – skamyanın altında eşələnən bağırırdı.
– Nə olar, əlvida, Malqosya! Atana yarınmaqdan ötrü ya at oğrusu olmalıydım, ya da gizlincə araq alveri etməli idim, – deyə gözəl oğlan qapıda duran qıza belə deyirdi.
– Voytsex, sizin sağlığınıza!
– Sağlığla için!
– Yan, gəl öpüşək! Əgər sənin barəndə beləsini danışmaq istəmişəmsə, əllərim və ayaqlarım qurusun… Ancaq o məni andla qorxutmağa başlayanda – deməli oldum. Öpüşək!.. Həbsxanada öz müddətinin iztirabını çəkmisən, amma eybi yoxdur. Yadında saxla: Iisus Xristos da, oğurlamasa belə, əzabları qəbul etmişdir… Öpüşək, qardaş!..
– Sizə deyirəm, Voytsexdənsə yəhudidən pul borc almaq daha yaxşıdır… O, adamları soymağa ustadır!
– Gözləyin, kirvə, bax mənim Yuzikim məktəbdən gələcək, hər şeyi sizə hər hansı mirzədən daha yaxşı izah edəcək! O elə bir oğlandır ki!
– Oy, da dana!
Boğanaq meyxanada danışıqların belə parçaqırıqları eşidilirdi. Piştaxta arxasındakı qız isə elə hey qədəhlərə araq süzürdü, Şmulun qara atlas paltarlı arvadı isə hey hesab yazırdı.
Birdən kənd ağalarından biri qapının qarşısındakı skamyaya sıçradı və onun ətrafındakı adamlar çığırışdılar:
– Sakit! Dinləyin!
– Nə olub? Ikinci dəfəmi xütbə dinləyəcəyik? – oğlanlardan biri söz atdı.
– Görünür, uzun müddət oturmaqdan Qjibin ayaqları tutulub, onları açmaq istətib!
– Orda sakit, oğlanlar! – deyə Qjibin qonşuları qışqırdılar.
– Qardaşlar! – Qjib belə başladı. – Burda hamı özümüzünküdür… özümüzünkü olmayanlar da var, ancaq bu, dərd deyil. Meşə barəsində Müqəddəs Yan günü üçün panla müqavilə bağlamaq lazım olduğunu özümüzünkülərə xatırladıram. Bu iş barəsində hər kəsin öz fikri var: biriləri razıdır, digərləri yox. Qardaşlar, hamımızın mehribanlıqla nə isə eyni bir şeyə qərar verməkdən və arxasında dayanmaqdan ötrü sizə müraciət edirəm.
– Imzalamamalı! Imzalamamalı! – deyə arvadının güclə qapıya dartdığı Matsek qışqırdı.
Meyxana qəhqəhədən uğuldadı.
– Nəyə gülürsünüz – deyə Matsek soruşdu. – Axı hər dəfə hansısa kağızı imzalayanda ya məktəbə, ya da nahiyəyə pul ödəməli olurduq…
– Gəl sərxoşa qandır! – deyə kimsə söz atdı.
– Heç də sərxoş deyiləm! – Matsek arvadını itələyərək, incidi.
Qjib davam etdi:
– Kirvə Matsey, əlbəttə, bir az o söz… keflidir, amma ağıllı söz dedi. Mən də sizə məsləhət görürəm: imzalamağa tələsməyin. Ən yaxşısı gözləməkdir. Kim gözləyə bilsə, həmişə daha çox götürəcək. Ağalar, beş il əvvəl panla razılaşmanı necə istədiyinizi xatırlayırsınızmı? Onda hər təsərrüfata bir morq xahiş edirdik, o isə vermirdi. Iki il sonra artıq hərəyə iki morq verirdi, indi isə üç verir…
– Axı kim üçə razılaşar! – deyə tənha səs eşidildi.
– Əgər dörd versə, güzəştə gedərik…
– Beş də azdır!
Meyxananın digər ucunda yeni natiq çıxış edirdi
– Adamlar! Mənə belə gəlir, Yuzef danışdığı iş deyil…
– Eləmi!
– Niyə iş deyil ki?
– Bax buna görə: əlimdə olan mənimdir, hələ əlimdə olmayansa mənim deyil!
Doğrudur, hər il bizə daha çox vəd edirlər, ancaq, ola bilsin, bir il sonra artıq üç morq da verməzlər – onu kim bilir? Indi pan güzəştə gedir, çünki ona meşəni satmaq lazımdır. Ancaq əgər meşə yanarsa? Yaxud pan bütün mülkü satmaq istəsə? Bəlkə yeni mülkədar meşəyə görə bizə bir morq da verməyəcək. Yuzefə “gözləyin!” demək asandır – onun, onsuz da, otuz morq torpağı var. Bizə isə adama cəmisi onu çatıb, uşaqlarımız da böyükdür, – evlənəcəklər, onlara nə ilə pay verək? Oğlumu meşəyə yarpaq yeməyəmi yola salacağam? Ona meşə deyil, torpaq və daxma lazımdır.
– Məgər siz üç əvəzinə dörd morq istəməzdiniz? – deyə Qjib soruşdu.
– Aydındır, istəyərdim, – deyə onun rəqibi razılaşdı.
– Əgər dörd istəyirsinizsə, gözləmək lazımdır.
– Adamlar, məni dinləyin! –gözləri ağrıyan kişinin arvadı çığırdı. – Imzalamayın!
– Bax sən! Arvadlar da elə!
– Ağzını yum, ifritə, sənin işin deyil!
– Bəs kimiin işidir? – qadın daha ucadan çığırdı.
– Axı səninki artıq ölüb, niyə ona görə burda boğazını yırtırsan?
– O çox şey anlayır! – arvad etiraz etdi. – Mənə qulaq asın, hamınızdan artıq ağlım var.
– Bax, gözləyin, kirvə, mənim Yuzikim məktəbdən qayıdacaq, onda siz ağlınızı onunla ölçərsiniz! –şəhərli kimi geyinmiş qadın sobanın arxasından səs verdi.
– Arvadlar, orda sakit! Onları vəba aparsın, cığıldaşdılar!
Daz Voytsex skamyanın üstünə çıxdı və qışqırdı:
– Nə qədər gec deyil, razılaşın! Hərənin öz torpaq parçası olacaq, ancaq indi mal-qaranızın özgə torpağında veyllənməsindən sizə fayda çoxdurmu? Öz zolağı olmaq daha yaxşıdır, nəinki…
– Allahdan qorxun, Voytsex! Axı ayağınızdakı mənim uzunboğazlarımdır!
– Necə yəni? – ətrafda soruşdular.
– Bir manat əvəzində girov qoymuşam, o isə onlarda gəzir!
– Ay simic!
– Faiz götürür, üstəlik də özgə uzunboğazlarında lovğalanmaq istəyir.
Pərt olmuş Voytsex skamyadan düşdü və yumruğu ilə hədələyərək, daxmadan çıxdı.
Iri boylu, hamıdan bir baş hündür kəndli olan Qayda ayağa qalxdı.
– Mən də sizə deyirəm – gözləyin! – o, yumruğunu masaya çırparaq, başladı. – Hələlik meşəyə haqqımız olarkən bizim üçün necə olduğunu bilirik, ancaq hər kəsə iki-üç artıq morq veriləndə necə olacağını bilmirik – onda müşəyə burun soxmağa cəsarət etmə…
– E, əgər imzalasaq, onsuz da, meçəyə yolumuzu qadağan etməyəcəklər, – mülkədarla müqavilə tərəfdarı etiraz etdi. – Əgər burda alman öz adamları ilə birlikdə zühur etsə, cədvəllə davranmağa və komanda verməyə başlayacaqlat: “Bu yolla get, onunla “olmaz”, – bax, onda biz əliboş qalacağıq!
– Eybi yox, almanın da qollarını qısaldarıq, – Qayda belə dedi.
– Oy, qısaltmayın, yox! – yad kənddən olan kəndli hay verdi. – Bax, bizim yaxınlığımızda alman peyda oldu, dərhal kağızlarda eşələnməyə, torpaqölçənlər gətirməyə başladı və kəndlilər mal-qaranın yarısını satmalı oldular. Onun alman meşəçisi Şimon Mazurkanı meşədə tutanda və Şimon onunla mübahisə edəndə, alman uzun müddət fikirləşməyərək, gülləni dovşana tutuzduran kimi, ona tutuzdurdu, beləcə, sonra tam üç ay Şimonun cəmdəyindən qırma çıxdı.
Şəhərlisayağı geyinmiş qadın meyxananın ortasına sıçradı.
– Adamlar! Özünüzə də, mənə, dula da acıyın! Mənim Yuzikimsiz heç nəyi həll etməyin. Gələn kimi sizə elə bir məsləhət verər ki, heyrətlənərsiz! Bax, belə oğlandır!
– Ey, sahiblər, yaxşısı budur, öz panınızla razılaşın, yoxsa o, şvabı sizin boynunuza əyləşdirməsin! – Başqa kənddən olan kəndli onları çəkindirdi.
– O özü polyak olsa da, şvabdan yaxşı deyil! – Qayda incikliklə etiraz etdi. Adam kimi geyinmir, həmişə əynində ağ, ya da hansısa damalı paltar var, arvadı da yalnız şvabca donquldanır. Onunla, ya onsuz – bizə eyni şeydir! Başqa panlarda kəndli xəstə olanda, heç olmasa, bəzən dərman alır, yaxud uşaqlara kitab bağışlayırlar. Bu kafir isə adamı pul qazanmağa da qoymur. Məni heç vaxt malikanəyə çağırmırlar – allaha şükür, başqalarını daşıyıram və çörək qazanıram, pana işləyənlər isə heç vaxt pul görmürlər…
– Yox, yox, o elə də pis deyil, daha pisi olur, – razılaşmanın tərəfdarlarından kimsə söhbətə qarışdı.
– O, istəsə də, kəndliyə heç bir ziyan vura bilməz, çünki heç vaxt malikanədə deyil…
– Yalandır! – Qayda acıqla onun sözünü kəsdi. – Onun əmrilə mənim otuz manata da ala bilməyəcəyin donuzumu güllələdilər. Keçən həftə isə qızı Aneltsya daxmama yaxınlaşmış və Maqdama lent bağışlamışdı, o, qızına elə hirsləndi ki, sanki bu, lent deyil, bütöv bir mülkdür… Eh! – yerinə əyləşərək, artıq yarımsəslə bitirdi, – onun uşaqlarına yazığım gəlir, xüsusən qızına, yoxsa ona göstərərdim!
Piştaxtanın arxasındakı qapıdan Şmul göründü və təbəssümlə hər tərəfə təzim etdi.
Qjib ona müraciət etdi:
– Bəs siz nə deyirsiniz, Şmul, – mülkədarla kağızı imzalayaq, ya yox?
– Artıq, sahiblər necə istəyirlərsə, – icarəçi diplomatik cavab verdi.
– Sizcə, kim haqlıdır, – mən, yoxsa indi imzalamaq istəyənlər?
– Siz də, Yuzef, haqlısız, onlar da haqlıdırlar. Hər kəs ona sərfəli olan kimi edir.
– Bəs siz imzalayardınız?
– Siz nə fikirləşirsiniz, Yuzef, imzalamaq mənim üçün yenilikdirmi? Oho, gündə neçə dəfə hər cür kağızları imzalayıram!
– Bilirik. Imzalamağa razılaşardınızmı ki, üç morqa görə…
– Hansı üç? Dörd! – ətrafda səsləndilər.
– Dördü də azdır!
– Sizə elə gəlir, dörd morq hədsiz azdır, – Şmul belə dedi, – mülkədar üçün isə bunun hədsiz çox olduğu kimi gəlir. Hər kəs ona sərfəli olanı istəyir.
– Deməli, imzalayardınızmı? – amansız Qjib ondan söz almaq istəyirdi.
Ancaq yəhudi bu dəfə də həlledici cavab vermədi. O irəliyə bir addım atdı və əlini qurşağı arxasına salaraq, o birini də, sanki takt tutaraq yelləyərək dedi:
– Yuzef, siz gülməli adamsınız! Hər kəs məndən nə edərdimi soruşur, sanki bütün dünyada bircə mənim çiyinlərim üzərində başım var! Pan soruşur, siz soruşursunuz. Mən isə… Sizin torpağınız məndə olsaydı, dörd morqa razılaşıb-razılaşmamağı mühakimə edərdim. Mülkədar olsaydım, sizə adama dörd morq verib-verməməyi götür-qoy edərdim. Sonra xeyrimin tələb etdiyi kimi edərdim. Siz də belə edin!
Qjib yenə skamyanın üstünə qalxdı.
– Qardaşlar! Aramızda həmişəlik tam razılıq olması naminə panla yalnız… beş morqa müqavilə imzalayaq.
– Mənimki imzalamayacaq! – qırmızıgözlünün arvadı çığırdı.
– Yan, onun ənginə qoy! Niyə sənin əvəzinə cavab verir?
– O… mənim… əngimə? – qadın daha ucadan bağırdı – Bəs belə! Al! Al sənə!..Marş evə, bu sərxoşlara qoşulmağa dəyməz! – Bunu qışqıraraq, ərini kandara itələyənə kimi onun boynunun ardını döyəclədi.
– Gözləyin, mərhəmətli insanlar, bax, mənim Yuzikim gələcək, o sizə məsləhət görər, – deyə şəhər paltarlı qadın hey təkrar edirdi, amma heç kəs ona qulaq asmırdı.
Kişilər acmışdılarmı, yoxsa mübahisə etmək zəhlələrini tökmüşdü, hər nə isə, izdihamla meyxanadan çıxmağa başladılar. Hamısı arabalarını qoşmağa, yola çıxarmağa başladılar və bir-birinin ardınca getdilər. Heç dörddəbir saat da keçmədi ki, boşalmış böyük meyxanada yalnız hər ikisi güclü şəkildə şən olan Matseylə arvadı və skamyanın altında yatmış sərxoş qaldı. Piştaxta arxasındakı xidmətçi qız qədəhləri toplayır, Şmulun arvadı isə elə hey yazır və yazırdı…
Şmul öz hücrəsinə getdi, karandaşla bir parça kağıza yazdı: “Hərəyə beş morq istəyirlər” – və bir oğlana bu yazını malikanəyə, pana aparmağı tapşırdı. Özü isə yola toplanmağa başladı.
– Sən hara? – arvadı yəhudicə ondan soruşdu.
– Almanın yanına gedirəm. Yəqin o, mülkü alar. Əgər onunla düzəlişsəm, dəyirmanım olacaq.
– Əgər onu pan tikməyibsə, yəqin alman da tikməyəcək, – deyə arvadı etiraz etdi. – Səndə heç nə alınmayacaq.
– Bəlkə, getməyə dəyməz?
– Yox, hər halda, get… Cəhd elə.