Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 4

Yazı tipi:

V

İndi, söz yox, kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Amma xeyr, burada əsla və qəti məzəmmət yeri yoxdu. Əgər duraq insafnan danışaq, haqqı itirməyək, gərək heç Xudayar bəyi günahkar tutmayaq.

Doğrudur, bu qiylü-qalın hamısına bais Xudayar bəydi; amma Xudayar bəyin qəsdi o deyil ki, xalqın evinə mərəkə salsın. Xudayar bəyin tək bircə qəsdi var. Onun qəsdi məhz Zeynəbi almaqdı; yoxsa bu kişi nə Zibanın və Fizzənin ağlamağına razıdır, nə də Zeynəbin ürəyinin sıxılmağını istəyir. Xudayar bəy Məhəmmədhəsən əminin eşşəyini qəsdnən satmadı ki, Məhəmmədhəsən əmi Kərbəla ziyarətindən qalsın. Xeyr, Allah eləməsin. Xudayar bəyin Məhəmmədhəsən əmiynən düşmənçiliyi yoxdur ki! Xeyr, belə deyil. Xudayar bəy eşşəyi o səbəbə satdı ki, ona beş-altı manat pul lazım idi. Pul da ondan ötrü lazım idi ki, bir kəllə qənd və bir girvənkə çay alacaq idi. Qəndi və çayı da ondan ötəri alırdı ki, qazıya verəcək idi.

Pəs bunların hamısından belə məlum olur ki, Xudayar bəyin məhz bircə qəsdi var. Onun qəsdi ancaq evlənməkdir; yəni Zeynəbi almaqdır. Belə olan surətdə Xudayar bəyin bu tövr hərəkətinə heç vədə pis demək olmaz; çünki burada bir xilaf əməl yoxdu. Şəriət evlənməkliyə heç vaxt mane olmuyubdu.

Xudayar bəyə də evlənməklik çox vacibdir. Əvvəla ondan ötrü vacibdir ki, evlənməklik səvab işlərin birisidir. İkinci ondan ötrü vacibdir ki, Xudayar bəyin övrəti belə çirkindir ki, heç kəs rəğbət eləməz onun əlindən su alıb içsin. Xudayar bəyin övrəti Zeynəbin əlinə su tökməyə yaramaz. Üçüncü Xudayar bəyə ondan ötrü evlənmək və məhz Zeynəbi almaq vacibdir ki, Xudayar bəy özü çox kasıbdır, nə qədər desən kasıbdır. Amma Zeynəbi alsa, daraşıb yetim-yesirin malını yeyib çıxacaq başa. Pəs bu cür mənfəətli sövdədən hansı axmaq qaçar?

Bəli, belədi.

Hələ siz Xudayar bəyi yaxşı tanımırsınız. Xudayar bəy çox ağıllı adamdı.

Xudayar bəy Zeynəbi almaqdan ötrü çox təlaş edir. Bu fikrə düşəndən, bir dəqiqə aramı yoxdu. Bir fənd qalmayıb ki, bu barədə eləməsin. Amma indiyə kimi hər nə eləyib, nə qədər çalışıbsa, heç bir nəticə bağışlamayıbdı. Axırıncı fəndi o oldu ki, Vəliqulunu gizlədib, Zeynəbə sifariş elədi ki, qlava Vəliqulunu qatıb dama; bəlkə yazıq övrətin balasına ürəyi yana və razılıq xəbərini göndərə.

Haman axşam ki, Vəliqulu anası ilə sözə gəldi, çıxıb üz qoydu düz qayınatası Xudayar bəygilə.

Vəliqulu girdi içəri və salam verib durdu kənarda və dalını dayadı evin divarına. Vəliqulu oturmadı ondan ötrü ki, o həmişə bu evə gələndə əlüstü ona ya qayınatası, ya qayınanası yer görsədib, xoş dil deyərdilər, amma indi bunların heç birisi olmadı.

Xudayar bəy namaz üstə idi. Xudayar bəyin iki oğlu – Heydərqulu altı yaşında və Muradqulu doqquz yaşında, – hər ikisi quru yerdə üzü üstə uzanıb və iki əllərini bir-biri üstə qoyub, qıçlarını göyə qalxızıb, bir-birini qıçlarından vururdular. Gülsüm, yəni Vəliqulunun nişanlısı, Vəliqulunu görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. Xudayar bəyin övrəti uşaqların sol səmtində oturub, üzünü qoymuşdu sağ dizinin üstə.

Vəliqulu içəri girən kimi övrət haman halətdə qalıb, üzünü dizinin üstündən götürmədi. Söz yox, bu kəmiltifatlığın əvvəlinci nişanəsi. Ancaq Muradqulu başını qaldırıb gülə-gülə dedi: “Buy, əmoğlum gəldi”.

Hərçənd Xudayar bəy namaz üstə idi, amma hər kəs onun sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. Namazı qurtarıb, üzünü tutdu Vəliquluya, amma surətinə təğyir18 vermədi:

– Vəliqulu, bala, ayaq üstə niyə durursan? Gəlib otursana.

Vəliqulu kənardan çömbəlib, başladı çarıqları çıxarmağı.

Xudayar bəy canamazdan təsbehi götürüb, başladı çövürməyi və üzünü uşaqlarına çöndərib, onları məzəmmət elədi ki, biədəb olmasınlar; yəni durub otursunlar. Amma uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi və bir də Xudayar bəy bikar deyil idi, təsbeh çövürürdü. Bu özü elə bir işdi; ələlxüsus mömin müsəlmanlardan ötrü. Xudayar bəy də bişəkkü şübhə mömin müsəlmandır.

Xudayar bəy bu dəqiqə bu halətdə oturmuşdu diz üstə sağ əlinin dirsəyi sol əlinin kəfəsində, sağ əlində təsbeh, başını salmışdı dala; güya ki, ağzına su alıb, qarqara eləyir, gözünü evin səqfinə dirəyib, deyəsən pərdi sayırdı. Amma, söz yox, pərdi saymırdı, “qülhüvəllah” deyirdi.

Xudayar bəy təsbehin hər dənəsinə bir dəfə “qülhüvəllah” zikr eləyirdi. Beş dəqiqəyədək təsbehi çövürüb və alçaq səs ilə tez-tez bir-birinin dalınca “qülhüvəllah, qülhüvəllah, qülhüvəllah” – deyib axırı təsbehi qoydu yerə və üzünü tutdu Vəliquluya:

– Vəliqulu, bu gün bir az bikefə oxşayırsan?

Vəliqulu bir cavab vermədi. Xudayar bəy genə başladı:

– Neylək, ürəyini sıxma. Dünya işidi, elə də olar, belə də olar. Mən bilirəm niyə bikefsən. Amma neyləmək, Allah ananın atasına nəhlət eləsin! O bizim hamımızı dilxor eləyibdi. Ax, ax, Vəliqulu! Allah Kərbəlayı Heydərə rəhmət eləsin! Vəliqulu, atanın qədrin hələ bundan sonra bilərsən. Deyirsən ana gəlib ata əvəzi olacaq? Xeyr, heç vədə olmaz. Anan arvaddı, amma atan kişi idi. Arvadın pirinə nəhlət! Arvadın dini, imanı, məzhəbi olmaz. Arvad nə bilir məzhəb nədir? Qardaş oğlu, mənim çalışmağım hamısı bundan ötrüdü ki, sizi və yetim bacılarını ananızın əlindən bir tövr qurtaram. Belə bilirsən, Vəliqulu, mən doğrudan yaxşılıq itirən adam deyiləm, namərd deyiləm. Kərbəlayı Heydərnən mən qardaş idim. Onun mənim boynumda çox haqqı var… Çox, çox. Niyə, sən özün də gərək biləsən ki, bu yalan deyil. İndi pəs necə ola bilər ki, mən bu yaxşılıqları itirim? Allah mənə qəzəb elər. Yox-yox, Allah görsətməsin, Allah eləməsin! Mən bir para namərdlərdən deyiləm, yaxamı çəkim kənara, deyim nə olacaq olsun. Xeyr, belə olmaz. İndi, əzizim, Vəliqulu, qardaş oğlu, sən özün də görürsən ki, sizin məndən savayı bir özgə böyüyünüz, baş çəkəniniz yoxdu. Pəs belə olan surətdə mən necə durum kənarda baxım ki, anan getsin Xalıqverdi bəyə və gözəl atanın, rəhmətlik atanın o iki gözümün işığı atanın…

Bu sözləri Xudayar bəy bir halda deyirdi ki, deyəsən pəs ürəyi yanırdı. Sol əlilə geyməsinin ətəyini qalxızıb güya ki, gözünün yaşını silir. Amma bir xırdaca huşyar adam olsaydı, əlüstü duyardı ki, Xudayar bəyin gözünə bir tikə yaş gəlməyibdi.

– O rəhmətliyin mal-dövlətini aparıb lotular ilə yesin, çıxsın başa, bə yetimlər necə olsun? Bə sən necə olasan? Ax, Allah, Allah, sən yet fəryada! Aman günüdü, Allah!

Vəliqulu əllərini cibinə qoyub, başı aşağı Xudayarın sözlərinə qulaq verirdi. Xudayar bəy sözlərini qurtarıb, çubuğunu doldurmağa məşğul oldu. Vəliqulu bir öskürüb başladı:

– Vallah, əmi, and olsun bizi yaradan məxluqa, mən gün olmaz ki, anamnan savaşmıyım. Elə indi bu saat bir yekə dava salıb buraya gəlmişəm.

Xudayar bəy çubuğu alışdırıb və tüstünü püflüyüb dedi:

– Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram! Mən hələ elə güman eliyirəm ki, anannan dilbirsən. Sən sən olsan, heç vədə ona ana deməzsən. Sən sən olsan, nə onun yanına gedərsən, nə onnan bir evdə qalarsan. Niyə, Allaha şükür, sənin yerin yoxdu? Bax, bura elə sənin öz evindir. Nə qədər qalacaqsan, qal, ye, iç; ölən günə kimi qal mənim evimdə. Yox, bunlar hamısı sözdü. Vəliqulu, mən sözü əlüstü seçərəm. Sən istəsən, anan əlüstü rəyə gələr. Nə sözdü?

– Axı, əmi, başına dolanım, mən dəxi neyləyim? Elə sən nə deyirsən, mən də eliyim. Dəxi mənim əlimdən nə gələr ki?

– Yəni indi sən sözümə baxırsan da? Çox yaxşı, qal burada, getmə ananın yanına.

– Baş üstə. Getmə deyirsən, getmərəm. Mən nə deyirəm ki?

– Əlbəttə, getmə da! Nə səbəbə gedəsən? O ki, səni oğul yerində qoymur, sən ona ana deyib, qabağında durursan? Getmə, qal burda və xəbər ver ki, mən dəxi o evə üz çöndərmiyəcəyəm. Qurtardı getdi.

– Baş üstə, əmi. Mənim sözüm nədi ki? Mən elə bu saat acıq eliyib, çıxıb gəlmişəm. Gedəcəyəm əgər, dəxi niyə gəlirdim?

Xudayar bəy üzünü tutub Muradquluya dedi:

– Muradqulu, dur bu saat get Məşədi Əhməd dayına deynən dədəm deyir bir tez Qasıməlini göndərsin bura, vacib iş var.

Muradqulu ayağa durub, getdi qapını açdı çıxsın eşiyə, amma cəld qapını örtüb qayıtdı gəldi öz yerinə və üzünü tutdu dədəsinə:

– Dədə, vallah, mən gedə bilmərəm. Eşik elə qaranlıqdı ki, göz-gözü görmür.

Xudayar bəy bu sözləri eşitcək cəld çubuğu atdı və Muradqulunun yanına sıçrayıb, yapışdı onun iki qulağından və öz boyunca qaldırdı. Bu heyndə bir qəribə iş oldu. Xudayar bəyin övrəti onun üstə tullanıb, iki əli ilə başladı onun saqqalını yolmağa. Muradqulu dədəsinin əlindən qurtulub, qaçdı bacısı oturan küncdə soxuldu Gülsümün dalına. Ər və övrət əlbəyaxa oldular. Muradqulu və Heydərqulunun nərələri, analarının çığırtı səsi, Xudayar bəyin anqırtısı evə bir elə vəlvələ saldılar ki, guya bu saat dünya və aləm dağılacaq.

Gülsüm öz yerində belə möhkəm oturmüşdu ki, deyəsən cansız bir şeydir. Vəliqulu da ancaq bir ayağa durub, heç bilmədi nə eləsin və kimə kömək çıxsın.

Xudayar bəy övrətinin saçlarını sağ əlinə doluyub, evi o yana sürüyürdü, bu yana sürüyürdü. Həmin dəqiqə Allah öz qüdrətindən Qasıməlini yetirdi. Qasıməli tez qaçıb, övrəti Xudayar bəyin əlindən alıb, başladı onu, yəni övrəti məzəmmət eləməyə.

– Sənin ki, canın budur, axı düz tərpəş də, bacı. Axı sən niyə ərinin işlərinə qarışırsan ki, başına bu oyun gəlsin? Di get, aldın payını, çağır dayını!..

Övrət başına çırpa-çırpa evdən qaçıb çıxdı eşiyə. Xudayar bəy övrətinin dalınca yaman deyə-deyə çəkildi oturdu öz yerində və üzünü tutdu Qasıməliyə:

– Qasıməli, balam, bu dava sənin üstə olub. Mən Muradquluya dedim gəlib səni çağırsın, gəlmədi. Mən də durub onu döyəndə bu mərəkə başladı.

Qasıməli gəlib durdu Xudayar bəyin lap qabağında. Bir əlində zoğal ağacı, bir əlində çörək dürməyi Xudayar bəyin sözünə bu cür cavab verdi:

– Niyə, rəhmətliyin oğlu, əvvəla budur ki, sən axı özün bilirdin ki, mən gələcəyəm. Gündüz sənə demədim gecə gələrəm söhbət elərik? Və bir də ki, görək Muradqulunun vəkili sənsən, ya anasıdır? Uşağı ata döyər də, söyər də. Ananın nə borcudur ataynan övladın işinə qarışsın? Xeyr, sənin arvadın pis dolanır. Mən axı bilirəm onun dərdi nədir (bu sözlə Qasıməli bir baxdı Vəliqulunun üzünə). Mən bilirəm onun dərdi nədir.

Xudayar bəy ancaq indi başa düşdü ki, üzü bir neçə yerdən qanayıb. Arvadının cırnaqları görükür ki, çox iti imiş. Dəstmalnan üzünü silə-silə dedi:

– Qasıməli, yaxşı yerində gəlmisən. Elə bu saat get Vəliqulugilə, anasına de ki, Vəliqulunu qlava tutub qatdı dama. Desə, niyə, ya xeyr, bəlkə soruşmadı, elə belə deyinən ki, Xudayar bəyin şikayətinə görə qlava Vəliqulunu tutub qatdı dama və deyir ki, Xudayar bəyi razı eləməyincə ötürməyəcəyəm.

Qasıməli əlüstü üz qoydu qapıya səmt və gedə-gedə dedi:

– Baş üstə, əlbəttə belədi. Çox yaxşı, bu saat gedim deyim.

Qasıməli çıxıb getdi və Xudayar bəy götürdü çubuğu əlinə və Vəliquluya – ki, indiyə kimi ayaqüstə idi, – izin verdi otursun. Vəliqulu oturdu və Xudayar bəy çubuğu alışdırıb başladı çəkməyi. Qapı yavaşça açıldı və yazıq övrət dinməz-söyləməz gəlib oturdu kənardan qızının yanında. Xudayar bəy üzünü tutdu övrətinə:

– Necədi, əzizim? Bir də məni təngə gətirərsən? Bir də cızığından çıxarsan?

Övrəti dinmədi. Xudayar sağ əlini yuxarı qaldırıb başladı:

– And olsun Allahın birliyinə, sən bir də mənim işlərimə qarışasan, mənim sözümün qabağında söz danışasan, ta onda özünü ölmüş bil! And olsun Allaha, qabırğalarını sındırram! Ayişənin qızı, mənim evlənməyimin sənə də dəxli var?

Övrət bir cavab vermədi. Xudayar bəy genə başladı:

– Dədən evindən mənə çox dövlətlər gətirmisən, bir az da şaxlan mənim üstümə. Nə deyirsən, sözün nədir? Mən əgər evlənirəm, özüm bilirəm ki, nə səbəbə evlənirəm. Bunu hamı başa düşür ki, mənim fikrim özgədir. Mən ondan ötrü evlənmirəm ki, mənim göylüm arvad xahiş edir. Yox, belə deyil. Bə niyə bu neçə ildə bu cür fikirlərə düşməmişəm? Əgər evlənmək istəsəydim, indiyə kimi evlənmişdim da! Səndən qorxurdum, alaşa, ya sənin qohum-qardaşlarından? Eh, öz dərdimiz özümüzə bəs deyil, sən də gəlib dərdimizi artırırsan, məlun qızı məlun!

Övrət indiyə kimi bir söz deməyib, sakit və samit qulaq asırdı. Belə məlum oldu Xudayar bəyin “məlun qızı” deməkliyi arvada kar elədi, sağ əlini uzadıb barmaqlarının ucunu yerə qoyub cavab verdi:

– Belə məlun oğlu özünsən! Belə it oğlu özünsən! Belə köpək oğlu özünsən! Belə qurumsaq oğlu özünsən! Nə səsini atmısan başına? Ağzına it başı almısan? Ağzını təmiz saxla! Vallahi ki, vaqiəni pis görürsən! Evlənirsən evlən, kim sənə deyir evlənmə? Amma məni də boşa! Dəxi mən gəlib sinnimin bu vaxtında günü davası çəkməyəcəyəm! Yox, məni boşa! Mən dəxi heç vaxt səndə otura bilmərəm!

– Başım üstə, gözüm üstə, sözüm nədir. Ba bu yaxşı sözdü. Elə sabah səni boşaram. Heç ürəyini sıxma. Qoy səhər açılsın, səni boşuyum. Baş üstə, baş üstə.

Xudayar bəy sözünü deyib qurtardı, amma övrəti bir cavab vermədi; nə dedi boşa, nə də dedi boşama. Övrətin bu cür sakit olmağından elə başa düşmək olardı ki, özü dediyinə peşman oldu. Həqiqətdə övrət artıq peşman oldu Xudayar bəyə boşa sözü deməkdə; çünki indiyə kimi, yəni Xudayar bəy evlənmək fikrinə düşəndən bəlkə yüz dəfə övrəti ona deyib məni boşa. Amma indiyədək Xudayar bəy övrətinə heç belə cavab verməmişdi. Həmişə boşanmaq sözü ortalığa gələndə Xudayar bəy övrətinə hər nə eləsəydi, – ya döyəydi, ya söyəydi, – heç vaxt deməzdi ki, boşaram. Ancaq bunu deyərdi ki, “ölsən də boşamaram səni. Boşuyum, pəs uşaqların necə olsun?” Pəs indi ki, Xudayar bəy bu cür cavab verdi, övrətin qəlbinə belə gəldi ki, “ey dili-qafil, bəlkə də elə doğrudan sabah bu kişi məni boşadı. Onda pəs mən başıma nə gün ağlıyım?”.

Xudayar bəyin övrəti elə xoşbəxt övrətlərdən deyil ki, ərlərinə cürət ilə desinlər “məni boşa”. Bu sözü elə övrət ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına arxalana, ya qardaşlarını nəzərdə tuta, ya ki, öz dövləti və puluna qürrələnə. Xudayar bəyin övrəti bu nemətlərin hamısından binəsibdi.

Xudayar bəyin övrətinin adı Şərəfdi. Şərəf ortabab, qara və arıq övrətdi; yəni göyçək övrət deyil. Yaşı olar qırx, bəlkə də bir az artıq; bəlkə ki, sinndə Xudayar bəydən böyükdü. Şərəf Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma ruzgar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayar bəyin ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda; yəni hörməti artdı və övrətinə nisbət özü oldu ağa, övrəti oldu qarabaş. Amma bunilə belə Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. Elə olub ki, bir ağac Xudayar bəy vuranda birini də Şərəf vurubdu, iki yumruq Xudayar vuranda birini də övrəti vurub. Amma bununla belə genə Xudayar bəydən qorxar; çünki necə olmuş-olsa, genə Xudayar bəy kişidir. Kişi məlum zaddı ki, övrətdən güclü olar. Və bir də ki, Xudayar bəyin əlində çətin deyil ki, övrətini boşasın!

Xudayar bəy də indiyə kimi ondan ötrü övrətinin çirkinliyinə, bəddavalığına dözüb ki, kasıblığı cəhətə mümkün eləməyib xərc çəkib bir özgə övrət alsın. Şərəf bunu çoxdan başa düşüb. Odur ki, əvvəllər evlənmək söhbəti düşəndə Şərəf bir tikə narahat olub şivən eləməzdi; çünki bilirdi ki, ərinin bir qəpiyi yoxdu ki, versin saqqıza, çeynəsin. Amma indi iş özgə cürdü. İş indi bu cürdü ki, Xudayar bəy istəyir Zeynəbi alsın. Əgər Zeynəb Xudayar bəyə gəlmək xahiş eləsə, dəxi Xudayar bəyə pul lazım deyil. Zeynəbin bu saat dörd-beş dəst əcəri paltarı boxçadadı; həmçinin özünə görə pulu və malı. Şərəf də bundan qorxur ki, Zeynəb istəsə ona, yəni Şərəfə, lap yaxşı hərif ola bilər. Söz yoxdur ki, Xudayar bəy Zeynəbi də alandan sonra Zeynəb olacaq xanım, Şərəf olacaq ona qarabaş. Bu da Şərəfə ölümdən bədtərdi.

Bu səbəblərin hamısına görə, Xudayar bəy ki, övrətinə dedi sabah səni boşaram. Şərəf artıq peşman oldu ki, ortalığa boşanmaq söhbəti saldı. Pəs bu cəhətə ərinin sözünün qabağında bir söz danışmadı. Xudayar bəy durdu ayağa. Bir gərnəşdi, əsnədi və Gülsümə dedi ki, gətirib yerini salsın və Vəliqulunun yanına yeriyib, ona alçaq səs ilə bu cür nəsihət elədi. Vəliqulu da durdu ayaq üstə. Xudayar bəy ağzını tutdu onun qulağına:

– Qulaq as, Vəliqulu. Ağlını yığ başına və mən nə deyirəm, ona əməl elə. Əgər istəyirsən ki, mən səndən razı olam və səni qohumluqdan kənar eləmiyim, mən sənə hər nə deyirəm, hamısını bir-bir yadında saxla və hamısına əməl elə. İndi bu saat durub gedərsən Qasıməligilə. Gecə yat orda. Amma heç kəs sənin orda qalmağını bilməsin. Qasıməliyə mən sabah özüm də tapşırram hər kəs soruşsa, desin səni qlava dama qatıbdı. Sən qalarsan orda və heç yana çıxmazsan, ta ki mən özüm genə hər vaxt lazım olsa, səni çağırram, danışarıq. Bəlkə bir tövrnən o bədyolu yola gətirək. Di indi get, get.

Vəliqulu çömbəldi çarıqlarını geysin. Gülsüm də bir tərəfdən bir köhnə döşək salıb bir-iki köhnə yorğan açdı və köhnə yasdıqları gətirib düzüb çəkildi kənara. Vəliqulu çarıqlarını geyib çıxdı getdi. Xudayar bəy soyunub, məşğul oldu bitlənməyə çiraq işığına. Bir-iki bit dırnaqları ilə öldürüb uzandı və yorğanı çəkdi üstünə. Qalanlar da hərə bir yanda çəkilib yatdılar.

Nə Xudayar bəyin, nə də Şərəfin yuxusu gəlir. Xudayar bəy bir saat qədəri oyaq qalıb və sabahkı günün tədbirini töküb ancaq yuxuladı. Xudayar bəy bu cür tədbir tökdü.

Xudayar bəy Zeynəbin xasiyyətinə bələd idi. Yəqin elədi beləliknən ipə-sapa gəlməyəcək. Oyza çöndü, buyza çöndü və axırı bir mətləbdə gəldi dayandı. Xudayar bəyin yadına bir əhvalat düşdü. Bu əhvalat da bu yavıqlarda olmuşdu.

Əhvalat bu idi ki, bir-iki ay bundan əqdəm bir şəxs gəlir qazının yanına, deyir ki:

– Qazı ağa, sənə iki kəllə qənd verrəm, əgər filan övrətin kəbinini kəsəsən mənə.

Qazı bir az fikirləşib cavab verir ki:

– Axı o övrət xalqın kəbinli övrətidir. Nə tövr xalqın övrətinin kəbinini özgəyə kəsmək olar?!

Haman şəxs cavab verir ki:

– Qazı ağa, mən özüm də bilirəm ki, belədir. Pəs sənə mən niyə iki kəllə qənd verirəm? Ondan ötrü iki kəllə qəndi verirəm ki, kəbinli övrəti mənə alasan da! Yoxsa dul övrətin kəbinini cicim də kəsər. Və bir də, qazı ağa, indi o övrətin əri gedib Kərbəlaya. Kim nə bilsin gələ, gəlmiyə. Gələndən sonra, genə əlinə bir düdük vermək çətin deyil.

Bu mətləb Xudayar bəyin yadına düşən kimi öz-özünə dedi ki, “çox əcəb, hələ o övrət kəbinli övrət idi. Qazı iki kəllə qənd alıb haman şəxsin işini düzəltdi. Hələ Zeynəb, Allaha şükür, dul övrətdir. Heç kəbinli də deyil. Pəs belə olan surətdə mən niyə gedib ərzimi qazıya deyə bilmərəm? Xeyr, yəqin ki, bu iş bundan savayı özgə cür baş tutmayacaq. Görükür ki, qazı lotudu və yaxşı adamdı. Allah onun atasına rəhmət eləsin. Görükür ki, dərdmənddi. Pəs elə sabah gedim qazının yanına”.

Bu tövr tədbir töküb Xudayar katda genə bir yerdə duruxdu və fikrə cumdu. Onun qabağını bir şey kəsirdi. Xudayar bəyin bu saat cibində yeddi abbası pulu var idi. Onu da töycü hesabından vermişdilər ona, versin qlavaya. Xudayar bəy bu yeddi abbasını indi şəhərə gedib xərcləsə də, o qədər ziyan yoxdu; qlavaya sonra düzəldib verə bilər. Və bir də qlava nə deyəcək? Qlava onun dədəliyi deyil?

Çox yaxşı, qoy bu belə olsun. Amma yeddi abbası ilə iş düzəlməz. Qərəz, bir qədər də fikirləşib, bunun çarəsini tapdı ki, qabaqca bizə məlum olubdu.

Səhər Xudayar bəy yerindən durub, boxçadakı geyməsini geyib, təzə börkünü qoyub, istədi çıxsın eşiyə.

Xudayar bəyin bu tövr getməyindən əlüstü övrət-uşağı başa düşdü ki, Xudayar bəy şəhərə hazırlaşır. Gülsüm Xudayar bəyin yavığına gəlib soruşdu:

– Dədə, hara gedirsən?

Xudayar bəy qaşqabaq ilə cavab verdi:

– Gedirəm şəhərə, qazının yanına. Gedirəm ananı boşuyam.

Xudayar bəy eşiyə çıxan kimi, ana və balalar bir elə ağlaşma qalxızdılar ki, guya Xudayar bəyə yas qurublar.

O məhəllədə binəva Zeynəbin və uşaqlarının matəmi, bu məhəllədə yazıq Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən əminin eşşəyini alıb getsin şəhərə. O məhəllədə də fəqir Məhəmmədhəsən əminin və bütün külfətin matəmi.

VI

Məhəmmədhəsən əmi Xudayar bəyi yola salıb, gəldi girdi evinə.

Məhəmmədhəsənin evi yekə qış evidir. Çünki qışda bu evdə təndir yanar, o səbəbə evin tirləri qapqara qaralıbdı. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır; çünki tirlərin çoxusu əyilibdir. Səqfin ortalığından bir “hammal” verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. “Hammalı” altdan iki sütun saxlayır. Hər sütunun altına bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü, üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. Kürsünün altında var üzüquylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə bir iki dəstə yorğan-döşək. Bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki mücrü.

Vəssəlam ki, Məhəmmədhəsən əminin evinə girən əlüstü görər ki, bu kişi kasıb adamdır.

Məhəmmədhəsən əmi içəri girən kimi gördü ki, oğlu Əhməd üzüquylu sərilib quru yerə və ağlaya-ağlaya gah bu yanı üstə çönür, gah o yanı üstə çönür. Yazıq oğlanı guya ki, bir zəhərli ilan vurubdu. Ağlaya-ağlaya gah başına vurur, gah başını döyür yerə.

Bir az kənarda qırx beş-əlli sinndə bir övrət çömbəlib, dalını dayayıb kürsüyə və çənəsini hər iki əlinin kəfəsinə qoyub, qaşqabaqnan Əhmədin ağlamağına tamaşa edirdi. Köhnə çarğat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik – övrətin libası ancaq budur. Əgər deyək ki, bu övrətin ayaqlarında heç başmaq da yoxdu, yəqin eləmək lazımdır ki, bu övrət kasıb bəndənin övrətidir.

Bəli, bu övrət Məhəmmədhəsən əminin övrəti İzzətdi.

Məhəmmədhəsən əmi girdi içəri və oğlunu dediyimiz halətdə görüb, gəldi onun yanına. Bir qədər əyilib, yapışdı oğlunun qolundan ki, bəlkə durğuzub ovutsun. Oğlan dəxi də şiddət elədi. Məhəmmədhəsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi.

– Dur, bala, dur. Ağlama, niyə ağlıyırsan, dəli oğlu dəli? Axşam olcaq katda eşşəyi genə gətirəcək da! Eşşəyi öldürməyəcək ki! Dur, bala, dur. Ağlama.

Məhəmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. Birdən Əhməd bir söz deməyib, durub qaçdı eşiyə. Ancaq Məhəmmədhəsən əmi daldan çağırdı oğlanı ki, bilsin hara gedir. Oğlan cavab vermədi. Sonra üzünü tutdu övrətinə səmt:

– A kişi, bu səfik oğlu səfik hardan şeytan kimi çıxıb gəlib eşşəyi apardı, bizi mərəkəyə saldı?! Lap, vallah, belə mərəkə olmaz. Əhmədi heç təhərnən ovutmaq olmuyacaq. Allahü-əkbər, belə də şey olardı?!

Övrəti cavab verdi:

– Yaxşı-yaxşı. Bildilər, bildilər. Bu sözləri indi sən mənə deyirsən, ta mən neyliyim? Eşşəyi verməmiş bu sözləri mənə deyəydin da! İndi eşşəyi vermisən, mənə məsləhətə gəlmisən?

– Axı, ay arvad, vallah necə eləyim? Üz üzdən utanır. Gəlir istiyir, adamın üzündən gəlmir ki, desin vermirəm. Və bir də bu bir elə şey deyil ki, itsin, batsın. Eşşəkdi da! Aparıb, genə gətirəcək verəcək özümüzə. Eşşəyin ki, ətini yemiyəcək!

Bu sözləri deyəndə Məhəmmədhəsən əmi əllərini yanına salıb durmuşdu övrətinin qabağında, guya ki, divanbəyiyə cavab verir. Divanbəyi əllərini ölçə-ölçə səsini atdı başına:

– Kişi, vallah, billah, səndə bir tük qədəri ağıl yoxdu. Yaxşı, a kişi, axı sabah yox, birigün züvvarlar çıxırlar. Axı o yazıq heyvanı qoy bir gün rahat qalıb dincəlsin, əmələ gəlsin ki, səni buradan altı aylıq yola aparsın, gətirsin. Yaxşı, yekə kişi, srağa günü eşşək getmişdi Uzun ağaca, dünən aparmışdın dəyirmana, bu gün də ki, getdi şəhərə. Pəs havaxt o heyvan evdə qalıb kökələcək ki, sən onu minəsən, ziyarətə gedəsən. Ay vay, qadam o pis sifətinə!

– Arvad, Allah xatirinə əl çək mənim yaxamdan! Mənim öz fikrim özümə bəsdi. İndi ta necə edək? Eşşəyi Xudayar bəy aparalı yarım saat olar. Mən indi ta gedib, eşşəyi ondan alıb, kişini yarı yolda qoya bilmərəm ki! Kişi, genə necə olsa, ağsaqqaldı. Adamın genə işi düşər. Necə ola bilər ki, bir eşşəkdən ötrü hakimi özündən incidəsən? Aparıb eşşəyi, genə axşam qaytarıb gətirəcək da!

– İndi pəs mən neyliyim? Gəl indi Əhmədi ovut, görək necə ovudacaqsan. Mən balamın ürəyini sıxım? Axı görək nədən ötrü? Görək Xudayar bəynən sənin nə alıb verəcəyin var? Katdadı, özünə katdadı da! Görək onun katdalığının sənə bir nəfi var?

Əhmədin eşikdən ağlamaq səsini eşidib, İzzət səsini kəsdi. Əhməd ağlaya-ağlaya içəri soxulub, genə özünü çırpdı quru yerə və ağlaya-ağlaya, “vay, vay” deyə-deyə başladı:

– Vay-vay! Mənim eşşəyimi, mənim eşşəyimi! Vallah, ana, Xudayar bəy eşşəyi aparıb şəhərə, ordan eşşəyin üstə sal19 yüklüyüb, aparacaqlar körpü qayırmağa. Vay-vay-vay!.. Ana, mənim eşşəyimi!

Genə bir qədər ağlayıb, oğlan irəliki kimi cəld durub qaçdı eşiyə.

Məhəmmədhəsən əmi oğlanın dalınca çıxdı həyətə görsün oğlu hara qaçır; amma Əhməd çoxdan gözdən itmişdi. Məhəmmədhəsən genə evə qayıdıb, övrətinə dedi ki, görə bilmədi oğlanı. Bu axırıncı fəqərə İzzətin qeyzini dəxi artıq cuşə gətirdi:

– A kişi, Allah görüm sənin evini bərbad eləsin! Bir ayaq qoy gör axı uşaq hara qaçdı getdi? Buy, Allah, mən necə eliyim? A kişi, vallah, Əhməd dəlidir. Özünü aparıb quyuya-zada salar.

– Ay arvad, axı mən başıma nə daş salım? Mən nə bilim indi o hara qaçdı, qoydu getdi?

İzzət durdu ayağa və köhnə göy çadirşəbi başına salıb, çıxa-çıxa bu sözləri dedi:

– Atana nəhlət, Xudayar bəy! Anana nəhlət, Xudayar bəy! Dədən tünbətün düşsün, Xudayar bəy! Babanın həşri Ömərin həşrilə qopsun, Xudayar bəy!

İzzət uzaqlaşdı və səsi gəlmədi. Məhəmmədhəsən əmi bir ah çəkib, gəldi oturdu palazın üstə, dalını dayadı divara. Qeyzindən yazıq kişinin alnından tər axırdı. Məhəmmədhəsən əmi papağını çıxardı qoydu yerə və başladı bu cür öz-özünə şikayətlənməyi:

– Allah, dərgahına çox şükür! Bəndənin başına bu qədər iş gələr ki, mənim başıma gəlir? Bu Yezid oğlu Yezid elə mənim eşşəyimi gərək gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin? Kənddə iki min eşşək var. Get birini min, apar da! Elə məni gözün görür? Allahü-əkbər! Elə arvad yalan demir ki! Doğru deyir də! Yazıq heyvan bir gün rahat qalmır ki, bir az əmələ gəlsin… Eh, vallah, mən bir qəpik pula dəymərəm. Mən doğrudan kişi deyiləm ki! Arvad məndən yaxşıdır. Əlbəttə, arvad məndən yaxşıdır. İndi Xudayar bəy eşşəyi İzzətdən istəsəydi, İzzət eşşək verərdi? Hələ İzzət arvaddı. Allahü-əkbər! Lap işlərim çətin yerdə dayandı. Vallah, bilmirəm kasıblıq dərdi çəkim, arvad-uşaq dərdi çəkim, eşşək dərdi çəkim. Yəni eşşəyi də verməmək olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsən, onda dəxi kənddə baş gəzdirmək olar? Genə necə olsa, hakimdi, katdadı. Günün günorta çağı gəldi, nahaq yerdən yaxaladı ki, bu qədər iştrafındı ver, onda pəs necə olsun? Xeyr, olmazdı ki, vermiyeydim. Hələ mən bilmirəm ki, vallah, bu arvad-uşaq nə deyir? Hələ bu küçük niyə belə özünü yerdən yerə çırpır?! Deyin görək axı mənnən bir yerdə alnınızın tərini silib pul qazanmısınız? Verdim, çox yaxşı elədim verdim. Öz eşşəyimdir, özüm də verdim da! Dəxi sizə nə dəxli var? A kişi, yəni insafən onların da günahı yoxdur. Onlar da elə məndən ötrü qalmaqal eləyirlər da. İzzət yaxşı deyir da. Eşşək bir gün bikar qalmır ki, bari bir az kökəlsin. Xeyr, onların da günahı yoxdur…

Məhəmmədhəsən əmi bu fikirdə idi, həyətdən İzzətin qayım səsi gəlib, Məhəmmədhəsən əminin fikrini dağıtdı:

– Apar da, apar! Bu köpəyin eşşəyini də apar öldür də! Ay əlinə dönüm, Xudayar bəy, apar öldür də! Allaha qurban olum. Çox əcəb oldu, çox yaxşı oldu… – Bu sözləri deyə-deyə İzzət ox kimi soxuldu evə və üzünü Məhəmmədhəsən əmiyə tutub genə başladı:

– Necədir? Di get, rahat oldun? Dincəldin, ya yox? Ay o pis sifətinə qusum! Xudayar bəy eşşəyi bilirsən hara apardı? Aparıbdı şəhərə, üstə sal daşıyacaqlar. Heydərxan körpüsünü qayırırlar. Hər kənddən bir eşşək istiyiblər. Niyə, gərək bütün Danabaş kəndində elə bircə sənin eşşəyin məşhur idi? Da sənin eşşəyindən başqa eşşək yox idi? Di get, dincəldin?

Bu sözləri deyib, İzzət çarşovu başından kürsünün üstə atıb, genə oturdu öz yerində. Məhəmmədhəsən əmi cəld börkünü başına qoyub, durdu ayağa və gəldi arvadının yanına.

– Arvad, necə eşşəyi aparıblar daş daşısınlar? Bunu kim deyir?

– Kim deyəcək? Xudayar bəyin arvadı özü deyir. Mən elə ora getmişdim. Getdim ki, görüm bəlkə hələ Xudayar şəhərə getmiyibdi, bəlkə eşşəyi alam gətirəm. Xudayar bəy çoxdan qoyub gedib. Arvad özü mənə dedi. Mən hələ heç soruşmadım eşşəyi nədən ötrü Xudayar bəy aparıb şəhərə. A kişi, hələ arvad məni bir aləm məzəmmət eliyib ey! Mənə deyir ki, siz məgər malınızdan keçmisiniz? Siz bilmirdiniz ki, Xudayar bəy eşşəyi nədən ötrü apardı şəhərə? Apardı Heydərxan körpüsündən ötrü sal daşısınlar. Mənə bərk-bərk tapşırdı ki, Əhmədi yolluyaq eşşəyi alıb gətirsin.

Məhəmmədhəsən əmi bu sözləri eşitcək üz qoydu qapıya səmt çıxıb getsin.

– Gedim elədə Əhmədi bu saat göndərim. Gedim görüm hardadı Əhməd.

Bu heyndə Əhmədin ağlamaq səsi gəldi. Bir az keçdi, Əhməd də, Məhəmmədhəsən əmi də girdilər içəri. Məhəmmədhəsən əmi oğluna genə eşşəkdən yana bir az arxayınlıq verib dedi ki, gedib eşşəyi Xudayar bəydən alıb gətirsin. Oğlan əvvəl cavab verdi ki, indi Xudayar bəy az qalıb şəhərə yetişsin. Məhəmmədhəsən əmi dübarə ona dedi: zərəri yoxdur, elə şəhərə də yetişmiş olsa, eşşəyi alıb gətirsin.

Əhməd ağlamaqdan sakit olub, bir qədər anasına baxdı, bir qədər sağa və sola baxdı, sonra şəhərə getməyə razı olub evdən çıxdı.

* * *

Axşama az qalanda Məhəmmədhəsən əmi qəmgin kəndin qırağında, şəhər yolunun üstə, yolun kənarında oturub, gözünü dikmişdi şəhər yoluna. Yolnan yeddi yaşında bir oğlan, ağ təskülah başında, göy qədək arxalıq əynində və ağ tuman, ayaq yalın, qabağına bir dəstə quzu qatıb və əlindəki şökə20 ilə bu quzuları vura-vura gəlir kəndə. Bu quzu sürüsü otlamaqdan gəlirdi. Oğlan Məhəmmədhəsən əminin müqabilinə yetib və dik-dik Məhəmmədhəsən əminin üzünə baxıb dayandı. Sonra bir-iki qədəm də Məhəmmədhəsən əminin tərəfinə yeriyib soruşdu:

– Məhəmmədhəsən əmi, bu vaxt burada niyə oturmusan?

Məhəmmədhəsən əmi oğlana çox yumşaqlıqla cavab verdi:

– Bala, adam var şəhərdə, gözətdiyirəm.

Oğlan gördü ki, quzuları xeylək aralanıbdır, dəxi bir zad deməyib, qaçdı sürüsünün dalınca. Oğlan getcək Məhəmmədhəsən əminin qabağında genə bir on-on iki yaşında bir oğlan cındır paltarda hazır olub, Məhəmmədhəsən əminin bu vaxtda burada oturmağının səbəbini soruşdu. Məhəmmədhəsən əmi əvvəlinci oğlana verdiyi cavabı buna da verdi. Bu oğlan rədd olandan sonra Məhəmmədhəsən əmi gördü ki, daldan genə bir dəstə qaramal gəlir. Mallar gəlib yetişdi və malların dalından bir kişi hazır oldu otuz beş-otuz altı sinnidə, qara çuxa, ağ tuman və ayaq yalın.

18.Dəyişiklik
19.böyük, yastı daş layı
20.Nazik çubuq
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8252-1-3
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre