Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 5
– Məhəmmədhəsən əmi, bu vaxt niyə burda oturmusan?
– Dadaş, şəhərdə adam var, gözətdiyirəm. İndilərdə gərək gələ.
– Yaxşı, gələn gələcək da. Bəli, görükür ki, çox vacib adamdı.
– Xeyr, Xudayar bəy bu gün eşşəyi minib aparıb şəhərə. Eşşəyi də göndərəcəyəm dəyirmana. Odu ki, oğlanı göndərmişəm. Hələ ki, nə eşşək gəlib, nə oğlan.
Məhəmmədhəsən əmi, söz yox, eliyə bilərdi ki, bu kişiyə qısaca cavab verib, heç ortalığa eşşək fəqərəsi gətirib söhbəti uzatmasın. Amma Məhəmmədhəsən əmi qəsdən bu cür cavab verdi.
Məhəmmədhəsən əmi eşşəyin söhbətini saldı ki, görsün bu kişi nə deyəcək. Aya bu da bilirmi ki, Xudayar katda eşşəyi işlətməkdən ötrü aparıb, ya yox? Bu kişinin cavabı Məhəmmədhəsən əminin halına lap müvafiq oldu. Kişi cavab verdi ki:
– Çox yaxşı. Xudayar katda eşşəyi yemiyəcəkdi ki, dübarə eşşəkdən ötrü şəhərə adam getsin.
Məhəmmədhəsən əmi lap işin əslini bilməkdən ötrü söhbəti lap açdı və belə başladı:
– Doğrusu, bu gün Xudayar bəy eşşəyi apardı şəhərə, amma sonra mən belə eşitdim. – Yəni övrət sözüdü, heç inanmaq da olmaz. – Mən yəni belə eşitdim ki, guya yəni Danabaş kəndindən bir eşşək istiyiblər ki, aparıb şəhərə, oradan Heydərxan körpüsünə sal daşısınlar. Odur ki, bir az xofə düşdüm. Çünki eşşək dəyirmana gedəcəkdi, o səbəbə mən də Əhmədi göndərdim ki, əlbəttə eşşəyi gətirsin. Bundan ötrü oturmuşam…
Kişi çox təəccüblə qulaq verirdi. Məhəmmədhəsən əmi sözünü qurtaran kimi bir az gülümsünüb cavab verdi:
– A kişi, bu nə sözdü? Necə Heydərxan körpüsünə sal daşıyacaqlar? Xa-xa-xa… A kişi, doğrudu, Heydərxan körpüsünü qayıtdırırlar, amma dəxi bir eşşək istəmirlər ki! Heydərxan körpüsünə Danabaş kəndindən yüz manat xərc istəyirlər. O sözləri hər kəs sənə deyib, lap yalan deyib. Başını divara döyüb! Dur gedək, a kişi, heç nahaq yerə burda mətəl olma. İndi bu saat elə Xudayar bəy də gələr, eşşəyini də gətirər. Dur, dur gedək.
Məhəmmədhəsən əmi genə bir yola səmt baxıb, “ya Allah” dedi, durdu ayağa. Və haman şəxs ilə düşdülər yola və üz qoydular kəndin içinə.
Küçə dolu idi qaramal və qoyun-quzu sürüsü ilə, hava yavaş-yavaş istəyirdi qaranlıqlamağı.
– Məhəmmədhəsən əmi, sən Allah, o sözü hələ sənə kim deyib?
– Xeyr, yalan sözdü. Mən özüm bilirəm yalan sözdü. Niyə, mən axmaq deyiləm ki! Bir eşşək ilə körpü tikilər? Bu sözü də yəni özgəsi demiyibdi, elə Xudayar bəyin övrəti deyibdi. Xeyr, yalandı. Mən özüm bilirəm ki, yalandı…
– A kişi, belədi da! Xa-xa-xa… Bunu bayaqdan deyəydin da, rəhmətliyin oğlu! Mən indi mətləbi başa düşdüm. Belə bilirsən nə var, Məhəmmədhəsən əmi? Mən axı, özün də bilirsən ki, Xudayar bəygilin qonşusuyam. Xudayar bəy mən bilirəm niyə bu gün şəhərə gedib. O, iki mətləbdən ötrü gedib. Axı bilmirəm bilirsən, ya yox? Axı Xudayar bəy Zeynəbi istiyir.
– Necə Zeynəbi?
– A kişi, niyə tanımırsan? Kərbəlayı Heydərin övrətini da! Bə, istiyir! Sən bilmirsən, çoxdan istiyir! Elə Kərbəlayı Heydər ölən gündən. Bəli, Xudayar Zeynəbi istiyir. Amma nə Zeynəb gəlir, nə də ki, Xudayar bəyin arvadı razı olur. Bu gecə qışqırıqları göyə qalxmışdı. Odu ki, səhər Xudayar bəy durub arvadına deyib ki, gedirəm səni boşuyam. İndi Xudayar bəy də Zeynəbi almaqdan ötrü gedib, ya da ki, arvadını boşamaqdan ötrü. Yox, sözüm orda deyil… Sözüm orasındadır ki, Xudayar bəyin arvadı şeytanın birisidir. O qəsdnən elə deyib ki, Xudayar bəy eşşəyi apardı Heydərxan körpüsünə sal daşısınlar. Helə deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyib. Yəqin belədir.
Məhəmmədhəsən əmi və haman şəxs yetişdilər küçənin başına. Haman şəxs çöndü sağ tərəfə və Məhəmmədhəsən əmi xudahafiz deyib və haman şəxsin atasına qəlbində rəhmət oxuyub, üz qoydu öz evinə gəlməyə…
Məhəmmədhəsən əmi qapını açdı ki, girsin evə. Gördü ki, ev qaranlıqdı. Övrətini çağırıb, bir səs eşitmədi. Genə çağırdı, genə cavab eşitmədi. Qapını örtüb, qayıtdı həyətə və elə bildi ki, övrəti gedib görəsən hansı qonşuların evinə, bir az söhbət eliyib ürəyi açılsın. Məhəmmədhəsən əmi həyəti bir qədər dolanıb, çıxdı küçə qapısının ağzına. Çünki tövləsinin ağzı küçə qapısına yavıq idi, gördü ki, tövlədən bir ağlamaq səsi gəlir. Gəldi tövlənin qapısını açıb, görsün ağlamaq səsi haradan gəlir. Qapını açan kimi aşkar arvadının səsini tanıdı. Başını içəri uzadıb çağırdı:
– İzəd!21
Ağlamaq səsi kəsildi, amma cavab gəlmədi. Məhəmmədhəsən bir də çağırdı. Genə səs gəlmədi. Məhəmmədhəsən əmi bir də çağırdı. Övrəti İzzət acıqlanmış cavab verdi:
– Nə var, nə deyirsən? Gözün kordu, görmürsən ki, mənəm?!
– İzzət, ağlıyırsan? Deyəsən mənim qulağıma ağlamaq səsi gəldi.
İzzət cavab vermədi. Əvvəl bir fınxırdı, sonra tövlədən çıxdı eşiyə. Ər və övrət üz qoydular evə tərəf. Gəldilər evə. İzzət çırağı yandırdı, gətirib qoydu bucaqdakı deşiyə və özü gedib oturdu qaranlıq bucaqda. Məhəmmədhəsən bir qədər ayaq üstə durub, gəldi oturdu palaz üstə və dalını da dayadı yükə.
– İzzət, doğrudan pəyədə ağlıyan sən idin?
Övrət cavab vermədi.
– İzzət, pəyədə axı mən bir ağlamaq sədası eşitdim, sən idin ağlıyan?
İzzət cavab vermədi.
– Elə sən idin ağlıyan. Nahaq yerə ağlıyırsan və ürəyini sıxırsan; çünki mən elə bu saat yol üstə idim. Şəhərdən gələn var idi. And içirdi ki, Xudayar bəy eşşəyi bu saat gətirəcək. And içirdi deyirdi ki, doğrudu Heydərxan körpüsünü qayıtdırırlar, amma nəinki Danabaş kəndindən bir eşşək istiyiblər, bəlkə Danabaş kəndindən yüz manat pul istiyirlər. O kişi ki, mənə bu sözləri deyirdi, and içirdi ki, elə bu saat Xudayar katda eşşəyi gətirəcək. Deyirdi elə özüm gördüm. Vallah, doğru deyirəm.
– Cəhənnəmə gələcək, gora gələcək! Mənim oğlumun ayaqları indi qabar olubdu. Mənim nə vecimə eşşək gəldi, ya gəlmədi. Cəhənnəmə gəlsin, gora gəlsin! Əhməd tez gəleydi. Mən elə Əhmədin fikrinə qalmışam, yoxsa eşşək cəhənnəmə gəlsin, gora gəlsin!
– Arvad, vallah o kişi deyirdi ki, elə bu saat gələcəklər. Axı o kişiyə nə olubdu durub yalandan desin? Olmasa deməz ki! And içirdi deyirdi mən onları özüm ikisini də bazarda gördüm; yəni Xudayar bəyi də, Əhmədi də. Deyirdi elə mən çıxdım gələm, onlardan soruşdum bə siz nə vaxt gedirsiniz? Mənə dedilər ki, elə indi biz də gəlirik. Mən gəldim, onlar da qaldılar ki, gəlsinlər.
Övrət bir söz demədi. Durdu ayağa, bir ah çəkdi, genə bir fınxırdı və dizliyinin qırağıynan burnunu silib, gəldi kürsünün yanına, bir neçə quru lavaş götürüb, yığdı sol əlinin üstə və aparıb çömbəldi qapının ağzında və başladı çörəkləri sulamağı.
Məhəmmədhəsən əmi:
– İnşallah, indi gələrlər, – deyib durdu ayağa və başmaqlarını geyib, gəldi durdu arvadının yanında.
İzzət çörək sulamaqdan qurtaran kimi Məhəmmədhəsən kürkünü götürüb çıxdı eşiyə və bir az keçdi, gəldi və qapının ağzında çömbəlib, başladı dəstəmaz almaqlığı. Əvvəl əllərini yudu, sonra üzünü və sonra qollarını. Hər bir suyu tökəndə deyirdi: “Bismillah”. Dəstəmazı qurtarıb və məs çəkib, gəldi bir taxçadan möhür tapıb, qoydu palazın üstə və başladı namazı.
İzzət də genə gedib bucaqda oturub, çənəsini qoymuşdu dizlərinin üstə. Məhəmmədhəsən əmi azanı və iqaməni oxuyub, keçdi həmdə və qülhüvəllahı zikr eləyib, istəyirdi əyilsin rükua, birdən qapı açıldı və Əhməd zəif və naxoş kimi girdi içəri. Məhəmmədhəsən əmi əvvəl hər iki əllərini göyə qalxızıb, bərk “allahü-əkbər” – dedi. İzzət sevincək qalxdı yerindən və çağırdı:
– Əhməd!
Əhməd evə girən kimi naxoş adamlar kimi divara dayanıb alçaq səs ilə dedi:
– Vay, ana!
Məhəmmədhəsən əmi səbr eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. Ər və övrət hərəsi Əhmədin bir qolundan yapışıb, biri deyir: “Bala, niyə elə eliyirsən?”, o birisi deyir: “Bala, haran ağrıyır?”
İzzət deyir:
– Qadan alım, Əhməd, niyə oturmursan?
Məhəmmədhəsən deyir:
– Bala, bə eşşək necə oldu?
Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi, İzzət uca səs ilə onun üstə çığırıb başladı yamanı:
– Ay eşşək verənin atası tünbətün düşsün! Ay eşşək satanın atasına lənət! Ay o eşşəyi görüm ilan vursun! Mənim balam burda az qalır ki, ölsün, hələ durub eşşək əhvalatı salır ortalığa.
Məhəmmədhəsən əmi bir söz demədi. Əhməd də divara dayanıb, gah “vay” deyir, gah “ox” deyir. Axırı güclə və artıq yalvarmaqlıq ilə və o üzündən-bu üzündən öpməklik ilə İzzət Əhmədin qolundan yapışıb, gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın.
Bir qədər dincəlib Əhməd, Məhəmmədhəsən əminin və İzzətin təvəqqəsinə görə başladı şəhərə gedib gəlməkliyinin əhvalatını nağıl eləməkliyi. Başladı əvvəl yorulub yol üstə neçə yerlərdə oturmaqlığından və sonra necə gəldi şəhərə və karvansaraçı ilə dava eləməkliyindən. Sonra genə şəhərdə o yanı-bu yanı gəzib, Xudayar bəyi axtarmaqlığından və axırı genə yorula-yorula, yolun üstə bəlkə on-on beş yerdə otura-otura gəlib Danabaş kəndinə çıxmaqlığından.
Əhməd nağıl eliyə-eliyə hər bir söz arasında bir and içirdi. Bir söz deyirdi, bir deyirdi “vallah”; bir söz deyirdi, bir deyirdi: “imam Hüseyn haqqı”; bir söz deyirdi, bir deyirdi: “imam Rza haqqı”, “cənab əmirin Zülfüqarı haqqı”. Əhmədin nağlı qurtardı və üzünü tutdu anasına:
– Ana, nə bişirmisən?
– Bala, bir zad yoxdu, elə yavan çörəkdi… Əgər istiyirsən, qatıq da var, gətirim.
– Hi-hi-hi, mən qatıq yemirəm. Niyə, bir az aş bişirəydin da!
– Bala, nə bilim, elə bu qalmaqal lap başımızı qatdı. Qoydu ki, görək nə qayırırıq? Neylək, bu gün qatıq ye, sabah inşallah, əlbəttə sənə aş bişirərəm.
İzzət bir qədər çörək və qatıq gətirib, qoydu oğlunun qabağına. Oğlan başladı yeməyə. Ər və övrət durdular namaza.
Məhəmmədhəsən əmi namazı övrətindən tez qurtarıb, gəldi oturdu oğlunun yanında və başladı onun kefini və halını soruşmağı. Oğlan başını aşağı salıb, ancaq yeməyə məşğul idi. Məhəmmədhəsən əmi oğlandan cavab almayıb genə soruşurdu.
– Bala, şəhərdə nə var, nə yox?
Əhməd deyəsən istədi bir söz desin, amma çünki ordları dolu idi xörəknən, mümkün eliyə bilmədi cavab versin. İzzət namazdan qurtarıb üzünü tutdu ərinə səmt və tərhnən22 ona başladı nəsihət eləməyi ki, uşağa əziyyət verməsin.
Məhəmmədhəsən əmi nəsihəti qəbul edib, çəkildi kənara və təsbehi götürüb başladı çevirməyi. Çevirə-çevirə alçaqdan bir dua vird eləyirdi. İzzət durdu ayağa və yavaş-yavaş çadirşəbini atıb kürsünün üstə, bir neçə sulanmış çörək də gətirib qoydu ortalığa və ərini çağırdı ki, yavıq çəkilib çörək yesin. Məhəmmədhəsən əmi genə övrətinin sözünə baxıb, çəkildi dəstərxanın başına. Əhməd qatığı yeyib, qabı lap təmizləmişdi. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa. Əhməd başladı hırıldamağa. Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyi. Amma İzzət üzünü turşudub yapışdı məzəmmətin ucundan:
– Ay yazıq, səndə ar-namus harda idi? Mən sənin yerinə olsam, ağlaram ey, nəinki hırıldaram!
– Axı mənə niyə deyirsən, oğluna de da. Mən gülürəm, ya o gülür?
– Niyə, oğluma niyə deyirəm? Sən sabah yox, biri gün ziyarətə gedirsən, ya oğlun gedir? Oğlumun nə vecinə?! Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb gedib kərbəlayı olacaqlar, amma sən arvad kimi oturacaqsan evdə.
– İnşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki, mən qalım, onlar getsinlər.
İzzət dinmədi, başını saldı aşağı və başladı yeməyə. Əhməd yorğunluq cəhətə oturduğu yerdə yıxıldı yan üstə, atası ona diqqət tutdu ki, çörək ortalıqda olan vaxt adam yatmaz. Əhməd qulaq asmadı.
Məhəmmədhəsən əmi və övrəti çörək üstə idilər. Birdən Əhməd üzüquylu yıxılıb başladı ağlamağı.
– Bala, niyə ağlıyırsan? – Atası bu cür soruşdu.
Əhməd bir cavab verməyib ovunmadı. İzzət Əhmədin yanına sürüşüb, əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə.
– Bala, Əhməd, niyə ağlıyırsan?
Əhməd ağlaya-ağlaya bu cür cavab verdi:
– Mənim eşşəyimi… Vay, vay, vay!.. Mənim eşşəyimi! Mənim eşşəyimi! Mənim eşşəyimi!.. E.. e.. e… Mənim eşşəyimi!..
İzzət genə başını əyib, oğlunu başladı dilə tutmağa.
– Bala, ağlama, ağlama, bala… Eşşək yiyəsinin atası tünbətün düşsün! Niyə eşşəyi verirdi ki, indiyə kimi eşşək çöldə-bacada qaleydi.
– E… e… e… mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi!
İzzət lap hirslənib, üzünü tutdu Məhəmmədhəsən əmiyə səmt və çığıra-çığıra başladı:
– Dur axı get, dur get gör axı eşşək necə oldu? Eşşək gəlməsə, mənim balam yuxu yuxuluyacaq? Dur get gör axı eşşək necə oldu? Gör o Ömər oğlu Ömər eşşəyi neylədi?
– Mən indi hara gedim?
– Sən indi cəhənnəmə get, gora get! Hara gedəcəksən? Get gör bəlkə o köpək gəlib, oturub evində? Bəlkə eşşəyi gətirib? Kim bilsin gətirib ötürüb həyətlərinə. Yəni olar deyirsən elə millətdilər ki, xalqın malını gətirib genə sahibinə tuşralar?23
Məhəmmədhəsən əmi “ya Allah” deyib durdu ayağa və Əhməd səsini kəsdi. Müxtəsər, Məhəmmədhəsən əmi getdi. Xudayar bəyi evlərindən soruşdu. Dedilər ki, gəlməyib. Genə şəhər yoluna səmt çıxdı, bir şey görmədi. Kor-peşman qayıtdı gəldi evinə və bilmədi ki, necə evə girib desin ki, hələ eşşək gəlməyib. Bir qədər durdu küçə qapısının ağzında, sonra girdi tövləyə. Tövlə qaranlıq idi. Bir şaqqıltı gəldi. Məhəmmədhəsən sevincək “çöçə” elədi; guya eşşəyi çağırır.
Bu heyndə İzzət həyətdə imiş; Məhəmmədhəsən əminin tövlədə “çöçə” səsini eşidib, elə bildi ki, eşşək gəlib; sevincək uca səs ilə oğlunu çağırdı ki, ona müjdə xəbəri versin.
– Əhməd, muştuluğumu ver, eşşək gəldi.
Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə və ləhliyə-ləhliyə gəldi anasının yanına.
– Ana, hanı eşşək? Buy-buy, mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi! Ana, hanı eşşək?
– Bala, gəl, gəl gedək. Dədən eşşəyi qatdı pəyəyə.
Ana və oğul tələsik qaçdılar tövləyə səmt. İzzət bəlkə otuz ildir ki, belə zirək qaçmamışdı. Pəyənin qapısına yetişcək Əhməd özünü soxdu içəri və əvvəl dədəsini çağırdı.
– Dədə!
– Nədi, bala?
– Mənim eşşəyimi! E… e… e… Mənim eşşəyimi! Dədə, hanı mənim eşşəyim?
– Bala, hələ eşşək gəlmiyib. Bilmirəm o köpək oğlu niyə indiyə kimi gəlib çıxmadı?
Əhmədə ta bu söz bəs idi. “Vay” deyib tövlənin qapısının ağzında özünü çırpdı yerə. İzzət qüssədən və Məhəmmədhəsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağı.
Ta sübhədək nə Əhməd yuxuluyub, nə İzzət, nə də Məhəmmədhəsən əmi.
VII
Əl-həmdü lillahil-ləzi əhəllət nikahə təzvicə və hərrəməz-zina və sifahə və səlatü və səlamü əla xeyri xəlqihi Məhəmmədin və alihi-əcməinə əlləzi əz-həbəllahü ənhümür-ricsə və təhərrəüm təthirən. Əmma bədu əl-həmdü və səna… fəqət çaləllahü təbarəkə və təalafi kitabihil–Kərim və fürqanihil-əzim. Əzzə mən qailin əuzü billahis-səmiil-əlim minəş-şeytanir rəcim və ənkihül-əyama min kum vəs-salehin min ibadikum və əsaikum ənyəkunu füqaraə yuğnihümü-lahü min fəzlihi vəllahü vasiün əlim: ənkəhtül-mərətəl-məlumətə lirəcülil-məlumi ələs-südaqil-məlumi qəbültün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül mərətəl-məluhə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül mərəfəl-məlumətə lir-rəcülül-məlumı əfəs-südaqıl-məlumı-qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlum. Zəvvəc tül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlum, Qəbiltül-təzvicə lir-rəcülil-məlumi ələs-südaqil-məlum.
Ənkəhtü-və zəvvəctü-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlum. Qəbiltü-nikahə vəttəzvicə lir-rəcülil-məlumi ələs-südaqil-məlum.
Ənkəhtü Zeynəbə li-Xudayar bəy ələs-südaqil-məlum qəbiltü-nikahə li-Xudayar bəy ələs-südaqil-məlum. Zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-təzvicə li-Xudayar ələs-südaqil-məlum. Ənkəhtü və zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-nikahə və təzvicə li-Xudayar ələs-südaqil-məlumi.
Bəzəni daimi dadəm Zeynəbra bər Xudayar. Bər mehri-məlum bəzəni dili qəbul nəmudəm bər Xudayar bər mehri-məlum.
Daimi övrətliyə verdim Zeynəbi Xudayara 50 manat mehr üzərinə. Daimi övrətliyi qəbul elədim Xudayara 50 manat mehr üzərinə.
Allahhümmə! Əllif beynəhüma bihəqqi Məhəmmədin və alihi və bihürməti surətil-“fatihə”!
Qazı fatihə surəsini oxuyub, “Allah mübarək eləsin” – deyib, əlindəki kəbin kağızını qoydu qabağına və üzünü tutdu oturanlara.
– Di gəlin, qol çəkin.
Oturanların biri Xudayar bəy idi. Xudayar bəy oturmuşdu yuxarı başda diz üstə. Xudayar bəydən aşağı oturmuşdu iyirmi iki-iyirmi üç sinndə bir cavan oğlan. Bu, Danabaş kəndinin qlavasının yasovulu və Xudayar bəyin rəfiqi Qasıməlidir ki, biz tanıyırıq. Qasıməlidən aşağı oturmuşdu genə iki şəxs; birinin sinni olardı otuz-otuz iki, o birinin də sinni qırxdan yuxarı olmazdı. Bunlar həmçinin danabaşlıdırlar. Əvvəlkinin adı Kərbəlayı Qafar və ikincisinin adı Kərbəlayı Səbzəlidir. Bunlar hər ikisi Xudayar bəyin sədaqətdi və köhnə rəfiqləridir.
Söz yoxdur ki, bizə məlumdu ki, bu ağalar nə səbəbə indi gəlib, burada əyləşiblər. Bunları Xudayar bəy gətirib: Qasıməli Zeynəb tərəfindən vəkildi və qalanları şahiddilər.
Əlbəttə, biz bunu da bilirik ki, bunların vəkillikləri və şahidlikləri saxtadı. Bu səbəbə Xudayar bəyin tədbirinə görə bunlar üçü də qazıya özlərini özgə cür nişan verib, adlarını dəyişdilər. Qasıməli adını qoymuşdu Vəliqulu ki, olsun Zeynəbin oğlu. Qazıya dedi ki, anam Zeynəb məni bu xüsusda vəkil edib; yəni Xudayar bəyə getmək rizasını veribdi. Kərbəlayı Qafar adını qoydu Kərbəlayı Baxşalı. Kərbəlayı Səbzəli də adını qoydu Məşədi Orucəli. Bunlar hər ikisi Qasıməlinin vəkilliyinə şəhadət verdilər.
Bəli, qazı fatihə surəsini oxuyub, “Allah mübarək eləsin” – deyib, əlindəki kəbin kağızını qoydu qabağına və üzünü tutdu oturanlara, hansılarını ki, sizə tanıtdım:
– Di, gəlin, qol çəkin.
Qasıməli cəld cavab verdi:
– Qazı ağa, mən qol çəkə bilmirəm.
Qasıməli verən cavabı Kərbəlayı Qafar da və Kərbəlayı Səbzəli də dedilər.
Qazı təəccüblə soruşdu ki, yəni necə qol çəkə bilməzlər? Üçü də cavab verdilər ki, dəst-xətləri yoxdu; yəni bisavad adamdılar. Qazı onlara dübarə dedi ki, elədə pəs gərək gedib elə adam gətirələr ki, onların əvəzindən qol çəksin. Bunlar qazıdan təvəqqə elədilər ki, elə qazı özü onların əvəzindən qol çəksin. Qazı bir qədər duruxdu və bu əmrə razı olmadı. Qasıməli durdu ayağa ki, gedib bir adam gətirsin. Qapının ağzında durub, bir fikir elədi və üzünü tutdu qazıya səmt:
– Axı, qazı ağa, mən bu qürbət vilayətdə kimi tanıram ki, gedib tapıb gətirim? Gəl elə sən özün qol çək bizim əvəzimizdən.
Qazı əgər əvvəldən razı olsaydı da bunların əvəzindən qol çəkməyə, indi dəxi heç vəch ilə olmaz. Ondan ötrü ki, bunların danışmağından və Qasıməlinin bu axırıncı sözündən bir az bədgüman oldu ki, məbada bunlar hiylə eləyələr. Qazı təcrübəli adamdı. Bu cəhətə Qasıməliyə təkidnən dedi:
– Dəxi çox danışmağın mənası yoxdur. Bayaq getsəydin, indi adam gətirmişdin.
Yarım saat keçmədi ki, kəbin məsələsi tamam oldu. Qazı dübarə xeyir-dua elədi və Xudayar bəy, Qasıməli və hər iki kərbəlayılar durdular ayağa ki, getsinlər. Xudayar bəy üzünü tutdu qazıya:
– Qazı ağa, bir məsələm var. Söz yox, indi o arvad oldu mənim kəbinli arvadım. Amma söz burasındadır ki, qazı ağa, o arvad bir az bədxasiyyətdi. Yəni o qədər də bədxasiyyət deyil, bir az belə dəlisodu. Yəni dəliso da deyil, belə bir az huşu başında deyil, dəliyə oxşayır. Söz yox, indi siz özünüz də görürsünüz ki, onun mənə gəlmək xahişi var. Vəliqulu, belə deyilmi? Bəli, bu kişi özü heç danmır ki, anası bir az dəlisodu; yəni bir az huşu başında deyil. İndi işdi, biz getdik kəndə və gördük ki, arvadın, yəni Zeynəb arvadın dəliliyi tutub, onda pəs mənim təklifim nədi?
Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı:
– Doğrudu, qazı ağa. Başın üçün mənim anamın bir az huşu başında deyil, elə rəhmətlik atam Kərbəlayı Heydər öləndən anam gün olmazdı ki, ağlamasın. Elə o qədər ağladı ki, qüssədən axırda dəli oldu. Doğrudan, qazı, mənim anamın bir tutması var. Tutması tutanda da Allah görsətməsin, öhdəsindən gəlmək olmur.
Qazı təsbehi çevirə-çevirə dedi:
– Niyə, olan, məgər sizin kəndinizdə ağsaqqal yoxdu? Məgər sizin kəndinizdə dəlilər, divanələr öz başınadılar? Gərək belə zad olmuya. Şəhərdə ki, belə zad yoxdu. Şəhərdə birisi dəli oldu, onu tutub qatırlar dama. O qədər kötək vururlar, o qədər ac-susuz saxlayırlar ki, ağlı başına gəlir.
Qazı sözünü qurtardı və Xudayar bəy dübarə soruşdu:
– İndi işdi, qazı ağa, nə bilmək olur, indi işdi biz getdik gördük ki, Zeynəb arvadın tutması tutub, deyir ki, mən filankəsə getmirəm, onda pəs mənim təklifim nədi? Çünki o arvad o qədər dəlidi ki, o qədər huşsuzdu ki, qorxuram ki, lap dana, deyə ki, mən oğlumu heç vəkil eləməmişəm.
Kərbəlayı Qafar Xudayar bəyin sözünü möhkəmləndirməkdən ötrü dedi:
– A kişi, ağzı nədi desin ki, mən oğlumu vəkil eləməmişəm?! Pəs biz burda nəçiyik? Bizim hər ikimizin yanında vəkil eliyibdi. O deməyə kim baxar?
Qazı sağ əlini Xudayar bəyin çiyninə uzadıb, mehriban-mehriban dedi:
– Əzizim, sənin heç işin yoxdu. Sən get kəndə, Zeynəb övrətə xəbər ver ki, yığışıb gəlib sənə övrət olsun; necə ki, özü razıçılıq veribdi və oğlunu vəkil eliyibdi. Əgər dursa çəm-xəm eləməyə, əgər dedi ki, xeyr, mən gəlmirəm, ya oğlumu vəkil eləməmişəm, onda sən əlüstü gəl mənə xəbər gətir, ya xeyr, bir ərizə yazdır gətir mənə. Mən də yazım nəçərnikə ki, filankəsin övrəti ərinin evindən qaçıb, ərinə itaət eləmir. Onda onu it ölüsü kimi sürüyüb, salarlar sənin evinə. Lap arxayın olun və gedin.
Xudayar bəy, Qasıməli, Kərbəlayı Qafar və Kərbəlayı Səbzəli danışa-danışa Buzxana məhəlləsinin uzun küçəsini gəlib çıxdılar başa. Hamamın yanına yetişəcək Xudayar bəy dayandı və “ox, yoruldum” – deyib çökdü hamamın səkisinə və çubuğunu çıxardıb başladı doldurmağı. Hamamdan çıxan övrətlər təəccüblə bunlara baxıb, bəziləri gülə-gülə, bəziləri mırtdana-mırtdana kəndlilərin yanından keçib gedirdilər. Axırı kəndlilər başa düşdülər ki, bura oturmalı yer deyil. Əvvəl Xudayar bəy durdu ayağa və dedi:
– Balam, burdan gedək. Arvaddan xata gələr, gəlin gedək.
Ağalar bir qədər də gedib, oturdular çayın kənarında bir uçuq divarın üstə. Xudayar bəy əlində çubuq çömbəlib, dirsəklərini dizlərinin üstünə dayayıb, başını əymişdi aşağa və dinmirdi. Qalanları durmuşdular ayaq üstə. Xudayar bəy çubuğu bir-iki sümürüb püflədi və üzünü heç yana çöndərməyib başladı:
– Nə deyirsiz, indi hara gedək?
Qasıməli cavab verdi:
– Hara gedəcəyik, gedək kəndə da.
Xudayar bəy bir qədər fikirləşəndən sonra başını qaldırmayıb dedi:
– Yaxşı, gedirsiniz gedək.
Xudayar bəy qalxdı ki, dursun ayağa, Qasıməli və Kərbəlayı Səbzəli həmçinin durdu ayağa. Amma Kərbəlayı Qafar hərəkət eləməyib, üzünü Xudayar bəyə tutub başladı:
– Xudayar bəy, mən istiyirəm indi bir söz deyim. Qardaş, mən təcrübəli adamam, hərçənd sinnim cavandı. Qardaş, mən and içirəm ki, o arvad heç vəchlə öz xoşuna gəlib sənə arvad olmuyacaq. Xeyr, olmuyacaq. Mən ki, onu tanıyıram, heç vaxt olmaz. Əgər doğrudan onu öz xoşuna qoysan, heç vaxt gəlməz. Demirəm, bəlkə divan gücü ilə ola. Mən məsləhət görürəm elə indi ki, burdasan, dəxi təxirə salmıyasan, elə indi bu saat, elə bu gün gedib nəçərnikə şikayət edəsən ki, mənim arvadım mənə itaət eləmir, mənim evimdə oturmur. Bunu lap məsləhətli iş görürəm. Ta bilmirəm indi siz nə məsləhət görürsüz…
Xudayar bəy dübarə oturub, irəliki kimi başını saldı aşağa. Bu oturan kimi Qasıməli ilə Kərbəlayı Səbzəli də oturdular. Kərbəlayı Səbzəli bu əmrə razı olmadı və bu cür dedi:
– Xeyr, bu iş yaxşı iş deyil, Allaha xoş getməz. Bəlkə elə arvad bir söz demiyəcək; bəlkə elə razı olacaq. Niyə dəxi nahaq yerə nəçərnikə deyəsən, nəçərnik da yazıb, arvadı gətirtsin divanxanaya. Xeyr, arvad yazıqdı, yazıqdı arvad. Allaha xoş getməz!
Bir qədər mübahisədən sonra məsləhət belə görüldü ki, elə indi bu saat Xudayar bəy gedib nəçərnikə şikayət eləsin.
* * *
Bu gün Məhəmmədhəsən əmi də gəlmişdi şəhərə. Yazıq qoca kişi piyada və ayaqyalın, başmaqlarını alıb əlinə və cibinə bir-iki çörək qoyub, gəldi çıxdı şəhərə və üz qoydu qabaqca deyilən karvansaraya.
Haman vaxt Kərbəlayı Cəfər darvazanın səkisində oturub, pendir-çörək yeyirdi. Məhəmmədhəsən əmi yeridi Kərbəlayı Cəfərin yanına və salam verib dedi:
– Atan rəhmətdə Kərbəlayı, zəhmət çək ulağı çıxart aparım. And olsun Allaha, sabah züvvar çıxacaq, eşşəkdən ötrü lap məəttələm. Dur, dur, Allah atana rəhmət eləsin…
Məhəmmədhəsən əmi sözlərini deyəndən sonra yəqin elədi ki, bu odabaşı kardı, qulaqları eşitmir. Yəni Məhəmmədhəsən əminin yerinə özgəsi də olsa idi, belə güman elərdi. O səbəbə ki, Məhəmmədhəsən əmi bu sözləri deyib qurtardı, amma Kərbəlayı Cəfər nəinki bir cavab vermədi, bəlkə üzünü də çöndərib baxmadı ki, görüm bu sözləri deyən kimdi, bəlkə hərəkət də eləmədi. Ancaq şirin-şirin çörək yeməkdə idi. Məhəmmədhəsən əmi doğrudan onu kar hesab eləyib irəli yeridi və başını aşağı əyib, uca səslə dedi:
– Ay Kərbəlayı, Allah atana rəhmət eləsin, zəhmət çək o eşşəyi çıxart aparım. And olsun Allaha, sabah züvvar çıxacaq, eşşəkdən ötrü lap məəttələm…
Bu heyndə Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmmədhəsən əmini lap qorxutdu:
– Cəhənnəmə məəttəlsən! Gora məəttəlsən! Da neylim məəttəlsən? Pəh, dəng olduq. Axı mənə sən eşşək tapşırmısan? Dəli-divana deyilsən ki! Yoxsa keflənmisən?
Məhəmmədhəsən əmi hər iki əllərinin kəfəsini Kərbəlayı Cəfər əminin qabağına uzadıb yalvarır:
– Ay Kərbəlayı, gəl sən Allaha bax, mənim ulağımı ver qoyum gedim işimə. Allah xatırına məni avara eləmə.
– Əzizim, sən kimin yanında mənə eşşək tapşırmısan? Əvvəla budur ki, sənin eşşəyin tövlədə də olsa, sənə heç vaxt verə bilmərəm. O səbəbə ki, eşşəyi mənə sən tapşırmamısan ki! Və bir də ki, eşşək burda deyil. Eşşəyi hər kəs gətirmişdi, o da apardı. Yoxsa burda eşşək harda idi.
– Yəni Xudayar bəy apardı?
– Nə bilim hansı bəy apardı. Sizin kəndin katdası apardı.
– Pəs bilmirsən hara apardı?
– Nə bilim? Cəhənnəmə apardı.
– Bəlkə apardı Heydərxan körpüsünə daş daşısınlar?
Kərbəlayı Cəfər heç cavab vermədi. Məhəmmədhəsən əminin suallarından təngə gəlib durdu ayağa və üz qoydu bazara səmt getməyə. Genə Məhəmmədhəsən əmi onu çağırıb təvəqqə elədi ki, barı desin görək Xudayar bəy eşşəyi hara aparıbdı. Kərbəlayı Cəfərin görükür ki, Məhəmmədhəsən əmiyə rəhmi gəldi, qayıdıb gəldi onun yanına, bir az yumşaqlıqnan dedi və and içdi ki, doğrudu, Xudayar bəy eşşəyi çatmışdı karvansaraya, amma genə çıxarıb apardı. Məhəmmədhəsən dübarə soruşdu ki, pəs hara apardı? Kərbəlayı Cəfər “cəhənnəmə apardı” cavabını verib, üz qoydu bazara səmt getməkliyə.
Məhəmmədhəsən əmi çox yorulmuşdu. Danabaş kəndindən şəhərə iki ağac yarım yoldu. Bu qədər yolu piyada gələsən, özün də qoca kişi olasan, əlbəttə, yorulacaqsan. Məhəmmədhəsən əmi darvazanın səkisində Kərbəlayı Cəfər oturan yerdə oturub, dalını dayadı divara və dizlərini qucaqlayıb cumdu fikrə. Vaqeən Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu.
Bəli, xəyalət yazıq qoca kişini hər yandan bürüdü. Əvvəl keçən günləri yadına düşdü; yəni uşaqlığı. “Heyf, heyif sənə, uşaqlıq! Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir”. Sonra uşaqlıqdan keçdi cavan vaxtlarını saldı yada. Əvvəl bir qədər əmilərindən giley elədi ki, onun mal-dövlətini yeyib, onu kasıblıq dərdinə düçar elədilər. Sonra qürbətə gedib əliboş qayıtmağı yadına düşdü. Genə bir ah çəkib, şükür elədi.
Müxtəsər, sinninin hər guşəsinə əl uzatdı, baxdı gördü onun alnına məhz bir qaragünçülük yazılıbdı. Amma hamıdan artıq Məhəmmədhəsən əminin ürəyi bir zaddan sarı sıxılırdı. Məhəmmədhəsən əminin ürəyi ona sıxılırdı ki, söz yox, bu işlərin hamısı Allah-taalanın öz işidi, heç bir şey yoxdu ki, xudavəndi-aləm ondan bixəbər olmasın. Pəs bunun indi ulağının başına bu iş gəldi, axı aşkar şeydir bu eşşəyin başına bir şey gəlsə, axı o, Kərbəlaya ziyarətindən qalacaq. Pəs indi bunu nə tövr başa düşmək? Bu yol mübarək yoldu. Bu yol Kərbəla yoludu. Bu yol gözəl yoldu. Birisi ki, bu mətləbə düşdü, Kərbəlaya getmək niyyəti elədi, lazımdır ki, Allah-taala ona hər işdə kömək olsun. Pəs bir surətdə ki, indi onun eşşəyini gətirib burada istəyirlər batıralar, pəs nə səbəbə görəsən xudavəndi-aləm öz qüdrət əli ilə bu işləri düzəltmir və günahkarlara, baislərə qəzəb eləmir? Pəs görükən budur ki, heç Allah-taalanın vecinə deyil Məhəmmədhəsən əmi ziyarətə getdi, ya yox; yəni Allah-taalanın ona, yəni Məhəmmədhəsən əmiyə iltifatı yoxdu.
Bu cür xəyalat Məhəmmədhəsən əminin artıcaq ürəyini sıxırdı. Bir qədər də fikir eləyəndən sonra Məhəmmədhəsən lap yəqin elədi ki, Allah-taala ola bilər ki, onun ziyarətə getməkliyinə əslən razı deyil ki, onun başına bu işlər gəlir.
İki saata yavıq Məhəmmədhəsən əmi burada oturub, bu cür xəyalatnan keçirdi. Sonra genə “şükür” deyib durdu ayağa. Və bir saata yavıq şəhəri o üzə-bu üzə dolandı ki, bəlkə Xudayar bəyi tapa. Axırda üz qoydu nəçərnik divanxanasına səmt. Məhəmmədhəsən əmi o səbəbə nəçərnik divanxanasına gəlmir ki, şikayət eləsin Xudayar bəydən, ya karvansaraçıdan. Xeyr, Allah eləməsin. Məhəmmədhəsən əmi dinc adamdı. Şər ilə, şıltaq ilə arası yoxdu. Və bir də ki, indiki əsrdə şikayət eləməkliyin özü elə bir çətin işdi. Ondan ötrü ki, şikayətçi gərək yəqin eləyə ki, şikayəti möhkəm eləyə biləcək. Şikayət də şahidnən möhkəm olar. Amma Məhəmmədhəsən əminin şahidi yoxdu. Ondan ötrü ki, pulu yoxdu. Söz yox, Xudayar bəyin də pulu yoxdu. Söz orasındadır ki, Xudayar bəyin əlində yekə dəyənək var. Nə vaxt kefi istəyir qaldırır, nə vaxt kefi istəyir yendirir.
Danabaş kəndində bu yekəlikdə zoğal dəyənəyinin hörməti heç pulun hörmətindən az deyil. O ixtiyar ki, dəyənəkdə var, bəlkə pulda yoxdu. Bu səbəblərin hamısına görə və bir də o səbəbə görə ki, Məhəmmədhəsən əmi əslində fəqir adamdı, bu səbəblərin hamısına görə, Məhəmmədhəsən əmi heç vaxt Xudayar bəydən şikayət eləməzdi.
Məhəmmədhəsən əmi divanxanaya girməkdə, nəçərnik də divanxananın balkonuna çıxmaqda. Nəçərnik əli ilə işarə elədi, Məhəmmədhəsən əmi pilləkəni çıxıb, gəldi nəçərnikin yanına. Balkonda üç-dörd atlı əllərini yanlarına salıb, cərgə ilə durmuşdular. Nəçərnik bunların birisini çağırıb, üzünü tutdu Məhəmmədhəsən əmiyə və rusca bir zad dedi. Yavuğa gələn atlı tərcümə elədi ki, ağa deyir bura gəlməkdə nə mətləbi var desin. Məhəmmədhəsən əmi lap karıxdı və əvvəl bilmədi ki, nə desin, sonra qızara-qızara, utana-utana, titrəyə-titrəyə üzünü tutdu atlıya:
– Ağa, doğrusu, mənim eşşəyimi bilmirəm Heydərxan körpüsünə daş daşımağa aparıblar, ya da ki, karvansaraçı məni aldadır, deyir ki, burda deyil.
Atı Məhəmmədhəsən əmi dediyindən bir zad başa düşmədi. Nəçərnik onun üstə çığırıb qovdu kənara və rusca atlılara dedi ki, içəridən dilmançı çağırsınlar. Bu heyndə bir uca boylu oğlan əlləri yanında qaçıb gəldi nəçərnikin yanına. Nəçərnik genə dilmanca bir söz dedi və dilmanc üzünü tutdu Məhəmmədhəsən əmiyə: