Kitabı oku: «Xatiratım», sayfa 2
Namaz
O qaranlıq dünya ki, ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada valideynimi, qohum-əqrəbamı, qonşularımı, cəmi vətəndaşlarımı haman vaxt namaz üstə görmüşəm.
“Allahu əkbər”.
Hər dəfə dayımgilə gedəndə o rəhmətliyi namaz qılan görmüşəm. Atam həmişə namaz üstə olardı. Anam hər gün neçə dəfə namaz qılardı (yomiyyə namazı9).
Qonşuluqda sağ tərəfdən Məşədi Məhəmmədgildə və sol tərəfdən, dəmirçilər tərəfdən həmə vəqt “Allahu əkbər” sədası qulağıma çatardı. Məscid həyəti gecə və gündüz namazqılan ilə dolu olardı. Və xülaseyi-kəlam, hər gün sübh vaxtı, zöhr vaxtı və şam vaxtı müəzzin Molla Kərimin “Allahu əkbər” nidası asimana bülənd olardı. Haman saat cəmi möminlər əl aftabaya yetirib başlardılar dəstəmazı: “Qül hüvəlla-hü-əhəd, Allahus-səməd…” və dəstəmaz alıb şüru edərdilər namaza. Sübh vaxtı sübh namazına, zöhr vaxtı zöhr namazına, şam vaxtı şam namazına və xiftən namazına.
Və lakin möhtərəm qare10 elə güman etməsin, bu on yeddi rükət pənckaneyi-yomiyyə namazını əda etmək üçün o qədər vaxt da sərf olunmaya gərək. Bu barədə üzr istəyib ərz edirəm ki, o baxar namaz qılanın həvəsinə və şövqünə. Mümkündür, vaxta qənaət etmək və müxtəsərcə həmd-surəni qiraət edib şüru etmək rüku və sücuda və təşəhhüd və səlam. Allahın da borcunu verdin getdi, dəxi sənin başının üstə durub demir ki, yox, qələt eləmə və tələsmə.
Amma rəvayət etdiyim “qaranlıq” əsrin namazqılanlarını bəndə indi yadıma salanda bunu təsdiq edirəm ki, indi səliqələr büsbütün dəyişilib və bunu indi şəhadət edirəm ki, o zamanın dindar əhli imanlarının və o cümlədən dayımın, qonşuluqda dindar və əhli-iman Molla Əlilərin, Məşədi Məmmədəlinin və cəmi fazillərin və pakdamən hacıların vaxtlarının çox hissəsi namaz qılmağa sərf olunardı. Və çün mən uşaq idim və qeyri-ailələrə o qədər tərəddüdüm yox idi, onunçün də dayımın namaza vaxt sərf etməyi o vaxtın qeyri-möminlərinin ibadət və riyazətinin bir nümunəsi gərək ola.
Sübh azanından dayımın dəstəmaza hazırlıq dua və sənası başlanardı: “Allahu əkbər, Allahu əkbər, bismillahir-rəhmanirrəhim. Qül hüvəllahü əhəd, Allahus-səməd… Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd, bismillahir-rəhmanirrəhim, la hövlə vəla qüvvətə illa-billahü əliyyül əzim. Allahu əkbər”.
O vədələr uşaq idim və yuxum da bu səbəbdən gərək bərk və şirin olaydı və elə indi də. Ancaq o həyəcanla ki dayım namaz qılmağa məşğul olardı, dəxi mümkün deyildi yatmaq və oyanmamaq. Əvvəla, namazını xeyli ucadan qılardı və ikinci elə bətər məxrəclə ərəb ibarələrini tələfüz edərdi və elə bir nazü-qəmzə ilə növ-növ dualar zikr edərdi ki, gün çıxandan da sonra ki, namaz gərək tamam olub qurtara idi, – dayım şüru edərdi Quranın bir neçə surəsini axıradək tilavət eləməyə. Əvvəl başlardı böyük surələrdən, məsələn, yadımda qalan: “Vəşşəms” surəsi, “Qiyamət” surəsi, “Əmmə” surəsidir. Və bunlardan savayı genə bir neçə surəni mərsiyəxantək avazla xanəndə-misal oxuyub keçərdi “İnna ənzəlna” kimi kiçik surələrə və saqqalını tumarlaya-tumarlaya durardı ayağa. Dəxi indi dayım, əlbətə, özünü dünyada yaşayan ən xoşbəxt Allah bəndələrindən dəxi də xoşbəxt hesab edərdi. Bu haman dayımdır ki, otuz il ondan sonra Sabir onun şənində belə bir qəzəl yazdı:
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,
Cənnətə uyqu ipilə bir kəmənd atmaq dilər.
Əbləhin fkrincə, cənnət bir Buxara şəhridir,
Beççətək qilmanları bulduqca oynatmaq dilər.
Və hələ elə güman etməyin ki, dayım öz təklifni qurtardı və dua-sənadan azad oldu. Xeyr, görərdin ki, namazı bu qədər həngamə ilə qılıb qurtarandan sonra durardı ayağa və təsbeh çevirə-çevirə genə öz-özünə dodaqlarının altında vird elərdi: “Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd”, “lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim, lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim”.
Buna da diqqət eləmişəm ki, daim namazı əda edib qurtarandan sonra xoş-əhval nəzərə gələrdi. Bunun səbəbini o vədələr mən başa düşə bilməzdim, amma sonra başa düşdüm ki, namazdan sonra dayım üçün üz verən səadətin əsl mənbəyi budur ki, indi dəxi dayım özünü Quranda iman əhillərinə vədə verilən nemətlərə haqlı hesab edir. O kəslərin ki, “amənu və əməlüs-səlihat”, o kəsləri ki, iman gətirib əməlləri salehdir, yəni öz vaxtında namazlarını belə eşqi-übudiyyətlə əda ediblər. “İnnə ləhüm cənnat”, onlar üçündür behiştin bağları ki, “tücri min təhtihəl-ənhar”, haman bağlar ki, orada ağacların altında həmişə arxlar axacaq. Və hələ bu kifayət deyil və dayım üçün tək bircə sulu bağın vədəsi o qədər də qiymətli olmaya gərək, çünki dayımın özünün o günləri yaxşı meyvəli ağacları və sulu arxları var idi. Amma dayım üçün ən qiymətli və ən maraqlı o idi ki, bu bağlarda seyr edən qadınlar, əvvəla, pakizədirlər (“vələhüm fha əzvaci mütəhhirətin”) və saniyən, bu bağın pakizə huriləri orada həmişəlik və baqi idilər: “Və hüm fha xalidun”.
Buna biçarə dayım kəmali-etiqadla inanırdı, əlbətə ki, inanırdı. Yoxsa əgər inanmasa idi, güman edə bilmənəm ki, bütün ömrünün şirin sübh yuxusunu özünə və öz biçarə oğul-uşağına haram edə idi. Onunçün də Sabir burada söylədiyinin bu qisminin dayıma gərək dəxli olmaya:
Məqsədi sövmü səlatildən bu imişkən, yazıq
Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.
Burada biçarə kişi tərəfndən bunu sədaqətlə ərz edə bilərəm ki, dayımın sövmu-səlatindən məqsədi tək bircə həmişəlik cənnətdə mütəhhirə qadınlarla həmişəlik və tükənməyən ömür keçirmək idi. Burada öz ibadəti ilə dayım nə xudanı, nə də bəndəni aldatmaq fkrində yox idi.
Bu, hələ sübh namazıdır. Mülahizə eləmək lazımdır ki, burada dayımın nə qədər vaxtı bu namazı əda etməyə sərf olundu. Və bunu qeyd etmək lazımdır ki, necə ki dayım, habelə də vətənimin qeyri-dindarları.
Hələ bu, sübh namazıdır, hələ bu, ikicə rükət sübh namazıdır. Hələ on yeddi rükət yomiyyə namazının, demək, on beş rükəti qalır.
Doğrudur, zöhr, əsr və şam ilə xiftən namazlarının nədənsə ehtiramı sübh namazı ehtiramınca deyil və bu saydığımız namazlar sübh namazıtək təmtəraq ilə əda olunmurlar. Və lakin genə əda olunurlar.
Xub, əgər söhbət tək bircə on yeddi rükət yomiyyə namazı barəsindədir, bunu iş arasında genə qılıb qurtarmaq olar. Pəs o nədir ki, bu məqalənin yuxarısında zikr olundu ki, o qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həməvəqt, gecə və gündüz namaz üstə görmüşəm? Söhbət əgər tək bircə yomiyyə namazıdır, bu ki cəmən on yeddi rükətdir. Sözdə xilaf yoxdur. Pəs o hansı namazlardır ki, onları il on iki ay gecə və gündüz, mənim yazıq vətəndaşlarım qılmaqdan qurtarmazdılar? Və elə ki sonralar bir az yekəldim və Molla Əlinin məktəbində başladım həmin axirət ülum və fünunundan təhsil eləməyə o vaxt mürur ilə başladım vaqif olmağa ki, dayılarım, qonşularım və cəmi vətəndaşlarım, gecə və gündüz qıldıqları namazın birinin adı nəmazi pəncganeyi-yomiyyədir.
Dəxi bu?
Nə qədər ki uşaqdım, bu işləri ağlım dərk eləmirdi, amma elə ki böyüdüm, o vədə başa düşdüm ki, dayım və atam yomiyyə namazından savayı qıldıqları namazlar yomiyyə namazı dərəcəsindən vacibi namazlardır. Belə ki, uşaqlıqda, məsəla, Qurban bayramı günü məhəlləmizin fazillərini və möminlərini namaz qılan görəndə elə güman edərdim ki, onlar məhz bikarçılıq babətindən namaz qılırlar. Amma böyüyəndən sonra kitablarda oxudum və şəriətşü-naslardan öyrəndim ki, Qurban bayramı namazı sübh və ya şam namazı dərəcəsində vacibi namazdır. Belə ki, Qurban namazını əda etməmək sübh namazını əda etməmək mənziləsindəndir. Və habelə Rəməzan ayı namazı və qeyri-vacibi namazlar. Məsəla, nə ağlın kəsir dünyada yazıq müsəlman ümməti üçün nə qədər namaz yazılıb?
Hərçənd şəriətmədarlar namazları iki hissəyə bölüb, bir hissəsinə “vacibi” və birinə “sünnəti” adı qoyublar, amma mən gördüklərimi bu saat ortalığa qoysam, o vədə mülahizə buyura bilərsiniz ki, rəvayət etdiyim “qaranlıq”da yaşayan islam ümməti üçün qıldıqları namazı sayıb qurtarmaq olsa, o vaxt göydəki ulduzları da sayıb qurtarmaq olar.
Rəhmətlik vətəndaşlarım cümə günləri cümə namazına durardılar, ölü öləndə meyit namazına durardılar, göy guruldayanda namaz qılardılar (ayət namazı), ay tutulanda namaz qılardılar (xüsuf namazı), gün tutulanda namaz qılardılar, qara yel əsəndə namaz qılardılar, qırmızı yel əsəndə namaz qılardılar, and içəndə namaz qılardılar, nəzr eləyəndə namaz qılardılar, icarə eləyəndə namaz qılardılar.
Və bunlar keçəndən sonra həmə vəqt bikar qalanda başlardılar namazı. A balam, dəxi bu nə namazdı? Bu da atadan qalma namazdır; atanın qəza namazlarıdır ki, övlada onları əda etmək vacibdir.
Elə bu?
Mən xilaf ərz edə bilmənəm və o şey ki, uşaqlıqda görmüşəm, indi birbəbir nağıl eləyirəm. Və şayəd mən burada indi cızma-qaraladığım rəvayət gələcəkdə bir kəsə lazım ola və bu sətirləri oxumağın ona lüzumu ola və şayəd bu söhbət onlara təəccüblü görükə. Və lakin indi bu saat ki, haman uşaqlıq günləri ayın-şayın gözümün qabağındadır, mən o vaxt vətənimin cəmi mömin bəndələrini gecə və gündüz namaz üstə görərdim.
Söhbət buradadır ki, indiyədək yuxarıda saydığım namazlar ancaq vacibi namazlardır və məlumdur ki, vacibi namazlardan başqa müsəlman ümməti üçün sünnəti namazlar da təyin olunubdur. Bu da o namazlardır ki, onu qılmaq da olar, qılmamaq da olar. Yəni qılmamaq deyəndə necə qılmamaq? Əlbətə, mümkündür qılmamaq və o da baxar insanın öz məzaqına və dindarlığının dərəcəsinə. Əgər sən istəyirsən, o dünyaya iki üzü sulu gedəsən ki, heç bir yalançılığın qalmaya və ruzi-məhşərdə sual-cavab vaxtı hamıdan qabağa yeriyib dünyada tutduğun əməlin müqabilində özünə mükafat istəyəsən, onda, əlbətə, vacibi namazlardan başqa sünnəti namazları da qılacaqsan. Zira bunların hamısının müqabilində sənə mükafat veriləcək və bunlar bihudə deyil.
Və nə qədər ki uşaq idim, bu işlərin mənasını o qədər dərk edə bilmirdim; ancaq axır vaxtlarda Molla Əlinin məktəbində Qurandan dərs alanda o yerə gəldik çatdıq ki, xudavəndi-aləm özü kitabında buyurubdur ki, “fəmən yəmələ misqalə zərrətün xeyrə yərəhu və ilax…” Yəni indi sənə məlum oldu ki, vacibi namazdan başqa sünnəti namazlar da sənə nişan verilib. Əgər onları da əda etməzsən, mükafat da almazsan, əgər əda edərsən, onun da xeyrini görərsən və ilax. Onunçün də mənim dindar vətəndaşlarım vacibi namazlarından başqa sünnəti namazlarından da dəxi boyun qaçırmazdılar.
Və yadımdadır ki, mərhum dayım, qonşumuz Məşədi Məmmədəli və sol tərəfdə mömin dəmirçi qonşularımız namaz qılan zaman görərdim ki, bunlar savayı yomiyyə namazından genə namaz qılırlar. Hey namaz qılırlar. O vədə başa düşmürdüm ki, o dəxi nə namazdır; sonralar şəriət dərslərini dərk edəndən sonra başa düşdüm ki, əvvəla, günorta namazından qabaq səkkiz rükət naflə [namazı] qılmaq lazımdır. Əsr namazından qabaq yenə səkkiz rükət naflə namazı qılmaq lazımdır. Sonra dörd rükət məğrib namazı qılmaq sünnətdir. Gün batandan sonra ki, buna “vitrə” namazı dəxi deyilir. Sonra səkkiz rükət xiftən namazından sonra genə naflə namazıdır. Sonra genə bir rükət “nafleyi-vitr” namazıdır. Sonra iki rükət namazi-nafleyi-sübhdür. Və hələ bununla təklif rəf olmur. Naflə namazlarının hələ özünə məxsus duaları da vardır ki, onları da zikr etmək və tilavət etmək yenə vacibatdandır. Belə ki, həzrət imam Məhəmməd Bağır əleyhüssəlamdan rəvayətdir ki, necə ki öz iki gözünü əziz tutursan, zöhr vaxtı vacibi və sünnəti namazlar əda edəndən sonra onu bil ki, sənin imamın həmişə zöhr namazı əsnasında otuz dörd dəfə qül hüvəllahü əhəd” surəsini və bir dəfə “qül ya eyyühəl kafrun” surəsini tilavət etməmiş ayağa durmazdı. Və habelə gündəlik naflə namazlarının yanında o qədər dua və surələrin oxunmağı təyin olunub ki, onları burada bir-bir zikr etmək istəsək, gərək hədsiz mürəkkəb və kağız burada sərf edək.
Burayadək söylədiyim məlumatı mən hələ uşaqlıqda təhsil etmişdim və səkkiz-doqquz yaşa çatanadək namazların qəvaidini, məzmununu və onları əda etməyi öyrənmişdim. Və hələ məktəbə getməmiş və savad öyrənməmiş namazın cəmi ibarələrini əzbər bilirdim, çünki bu sində namaz qılırdım. Və namazı qılmaq üçün heç savadın lüzumu yox idi. Necə ki o vədə bu namazların cümləsini qılan mömin vətəndaşlarımın çoxu savadsız idi. Və burada savadın heç lüzumu yox idi. Səbəb bu ki, namazın və duaların mətn ibarələrini əzbərləyib, mənasını bilməyə-bilməyə namaz qılırdılar; necə ki indi və həmişə qılırlar.
Bizə namazı təlim edən evimizdə hacı dayım idi və sonra da məktəbdə müəllim Molla Əli idi. Hacı dayımın heç savadı yox idi. Amma Molla Əli, çun Nəcəfül – Əşrəfdə təhsil tapmışdı, alim adam idi.
Hacı dayım cəmi namazların, duaların və surələrin ibarəsini elə təkmil əzbərləmişdi ki, güman edə bilməzdin ki, bu kişi adını yaza bilməzdi. Hacı dayım əlli-əlli beş yaşında bir kişi idi. Amma elə qocalmışdı ki, namazın rüku və sücudunu hıqqana-hıqqana əda edə bilərdi. Bununla bərabər o qədər mömin və o qədər namazqılan idi ki, səhərdən-axşamadək səccadə qabağında namaz qılardı. Və binəva mən və xaloğlum Əhməd uşaq vaxtlarımızda, yəni anlamaz vaxtlarımızda ona baxıb gülərdik, amma sonralar bir tərəfdən dayım bizi döyə-döyə qorxutdu və bir tərəfdən də məscidlərdə vaizlərin cənnət və cəhənnəm moizələrinin təsiri altında başladıq yavaş-yavaş ağıllanmağa. Və səkkiz yaşında olanda mən – necə ki yuxarıda ərz olundu – yomiyyə namazlarını qılmağa başlamışdım. Amma xalaoğlum Əhməd şalapay çıxdı və özünü binamazlara yavıq saxladı. Onun səbəbi bu idi ki, Əhmədin yeznəsi rus dərsi oxumuşdu və o rus dərsi oxuyan binamaz (adı Mirzə Ələsgər idi) deyirdilər nə özü namaz qılırdı, nə uşaqları qoyurdu qılsınlar.
Dayım bu barədə məni bərk saxladı. Və doğrudur, özü qıldığı cəmi namazları mənə qıldırmazdı, ancaq anama qıldırardı. Amma yomiyyə namazını məndən bərk tələb edərdi. Qalan namazları da ancaq mənə təlim etmək istərdi ki, yekəldikcə mən də onları yavaş-yavaş qılım. Və indi bu saydığım namazların cümləsini və onların cəmi ibarələrini və həta Quranın namaz vaxtında tilavət olunan cəmi surələrini mən indiyədək əzbər bilirəm. Və mənim bu elmim, əvvələn, dayımın tərbiyəsi nəticəsidir, saniyən, müdərris Molla Əlinin mənə verdiyi dərslərdən mənə hasil olubdur.
Bununla bərabər mən və Əhməd, hərçənd uşaqlıqda fanatik dərəcəsində mömin idik, dayımın dindarlığına və bizə həddən ziyadə nəzərə gələn namazpərəstliyinə,gah doğrudan da, uşaq kimi gülərdik və dayım namazda olanda çün danışa bilməzdi ki, namazı batil olmasın, ancaq bir neçə dəfə “Allahu əkbər” çığırardı və gözlərinin yanı ilə elə acıqlı baxardı ki, biz bilərdik ki, bizimkini bizə verəcəkdir. Məsələn, bir gün gəldik, gördüm, dayım yenə namaz üstədir. Günortadan bir-iki saat keçmişdi. Və bildim ki, bu namaz zöhr namazı deyil, çünki zöhr namazını dayım başlayanda elə başlardı ki, müəzzin Molla Kərim (ya sonralar Molla Baxşəli) minarədən yerə düşsün.
Gözlədim, dayım namazını qurtardı. Eləcə xəta oldu ki, dayımdan bu namazın hansı namaz olduğunu soruşdum. Burada rəhmətlik, əvvələn, başladı məni məzəmmət eləməyə ki, mən on bir yaşa çatmışam və hələ indiyədək “Cəfəri-təyyar” namazını eşitməmişəm. Və başladı mənə çox bir tənəli və acıqlı səslə vəz etməyə ki, “Cəfəri-təyyar” namazı dörd rükətdir. Və əvvəlinci rükətində iki dəfə salam zikr olunur. Fatihə surəsindən sonra “iza zül-zülət” surəsi oxunur və ikinci rükətində fatihədən sonra “qül hüvəllahü əhəd” və rükudan qabaq on beş dəfə oxunur: “Sübhanallah əlhəmdülillah və lailahəilləllah və Allahu əkbər”. Və dəxi nə gərək oxuna və neçə dəfə nə oxuna… Və bu çarə qoca dayım başladı genə neçə dəfə “sübhanallah vəllahü əkbər” dualarını saymağa.
Yadımdan çıxmır ki, burada xalaoğlum Əhməd başladı gülməyə. Dayım başmaq tayını götürdü atdı onun dalıyca. Başmaq tayı getdi Əhmədin əvəzində dəydi dayıcanımın alnına. Biçarə arvad əlini alnına basıb elə oradaca qaldı.
Bir qədər keçdi, dayım qəlyan istədi və bilmirəm, həmin övqatəlxlikdənmi səbəb oldu, ya qeyri bir səbəb oldu, ancaq dayım bir qədər yumşaldı və məni yavıq çağırıb başladı nəsihətini:
– Bala, sən hələ uşaqsan. Mən demirəm ki, bu namazların hamısını sən də gərək qılasan, çünki sən hələ uşaqsan, qıla bilməzsən, hamısını qıla bilməzsən. Və dünən hacı Molla Tağı məsciddə moizə eləyəndə fərmayiş buyurdu ki, uşaqlara bu namazların hamısı caiz deyil. Ancaq sənə yomiyyə namazını qılmaq kifayətdir, amma bəşərtiha-bəşərtiha ki11, qəzaya qoymayasan. Yoxsa, doğrusu, dünən mən səndən çox incidim, çünki dünən gün qalxmışdı, sən hələ qırışmal, şirin yuxuda idin.
Dayım qəlyanı sümürüb baxdı üzümə və bilmirəm, nə fkir elədisə, arvadının kefni soruşdu və mənə dedi:
– Bala, heç eyib eləməz ki, insan dünyada elmli ola. İndi mən görürəm ki, sən hələ namazların daha pisini-yaxşısını bilmirsən, amma indidən bilməyin heç eyib gətirməz. Zira ki, o vaxt ki, özünü tanıdın, yekəldin bir də görəcəksən ki, sənin boynunda böyük təklifər var. Məsələn, bax indi mən sənə “Cəfəri-təyyar” rəziyəllahın namazını təlim etdim. Sən elə güman eləmə ki, namazlar tək bununla qurtardı, getdi. Onu heç kəs demir ki, dəxi yoxdur, onu bircə binamazlar deyə bilərlər. O adamlar deyə bilərlər ki, yavaş-yavaş onların qəlbi gəldikcə kəsafət bağlayır. Onlar istəmirlər ki, bunu bilələr və başa düşələr ki, bu beş günlük dünya ibarətdir Allah-taalanın göstərdiyi yol ilə getməkdən və Məhəmməd rəsulullah bizə gətirdiyi şəriəti əziz tutmaqdan. Və bu şəriətdə bizə çox-çox namazlar təyin ediblər ki, onları biz əda etməsək, vallah, billah, taalah bizə qeyri bir nicat yolu yoxdur, yox, yox, yox. Pəs dəxi o hansı namazlardır?