Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Xatiratım», sayfa 3

Yazı tipi:

– Qulağın məndədir, ya yox? Əvvələn, həzrət peyğəmbərin namazıdır ki, ibarət ola iki rükətdən: hər rükətdə bir fatihə və on-on beş dəfə “inna ənzəlna oxuna gərək, habelə rükuyə gedəndə on beş dəfə “inna ənzəlna”, habelə hər dəfə rükudan və sücuddan qalxdıqda on beş dəfə “inna ənzəlna” oxuna gərək. Bu bir. İkinci, həzrət əmirəlmöminin namazı dörd rükətdir ki, hər rükətdə bir dəfə fatihə və əlli dəfə “qül hüvəllahü əhəd” oxuna gərək. Üçüncü, həzrət Fatimeyi Zəhra namazıdır. Bu da iki rükətdir. Burada fatihədən sonra [gərək] yüz dəfə “inna ənzəlna” və yüz dəfə “qül hüvəllahü əhəd” oxuna. İkinci rükətdə bu saydıqlarım gündəlik namazlardır. Dördüncü, mahimübarək Rəməzan ayının naflə namazlarıdır ki, ibarət olsun min rükətdən ki, bunun təfsilatını inşallah Rəməzan ayı daxil olanda sənə nağıl elərəm. Sonra qulağın məndə olsun, bu saydığım namazlardan savayı islam ümməti üçün genə bir çox namazlar qərar verilibdir. Məsələn, nəmazi-məbəs ki, rəcəb ayının iyirmi yeddisindədir ki, ibarət ola on iki rükətdən. Sonra bösət namazı on iki rükət mübahilə namazıdır ki, zilhiccənin iyirmi dördündə qılınır. Sonra ziyarət namazıdır, rəğayib namazıdır, şəbanın on beşinci gecəsinin namazıdır, rəcəbin on beşinci gecəsinin namazıdır, eydi-mahi-rəməzan namazıdır, qəfət namazıdır, səfər namazıdır, tövbə namazıdır, aşura namazıdır, eydinovruz namazıdır…

Burada məni yuxu tutur.

Çün bu sətirləri oxuyan mənim möhtərəm oxucularım, şəkk yox ki, burada rəvayət olunan keyfyyətlərə inanacaqlar, çünki Allah şahiddir ki, burada bir zərrə qədər xilaf yoxdur, elə də onlar görəcək ki, mənim haman qaranlıq əsrimin mömin müsəlmanları gecə və gündüz vaxtlarının çox hissəsini namaza həsr etmişlər. O ki qaldı mənim kimi uşaq tayfası, onların da bir paraları – necə ki mən biçarə atalarının və əmilərinin təsiri altında bu namazların cümləsini də olmasa, çox hissəsini qılmağa məcbur olurdular. Ancaq bu söhbət ilin adi on bir ayı barəsindədir.

Amma bunu mən indi də qorxa-qorxa deyirəm ki, ilimizin aylarının içində bir şərafətli ay var ki, haman ayı indi mən yadıma salanda canıma lərzə düşür. Amma o vaxtlar mən də qeyri-mömin bəndələr cərgəsində haman mübarək ayın daxil olmağını damların üstündə istiqbal edirdik. Haman şərafətli ayın adı mahi-mübarəki-rəməzandır. Və o ay mənim üçün indi böyük bir yadigardır. Səbəb budur ki, indi mən düşünürəm ki, o mübarək ayın mənə və mənim əziz valideynimə xeyri o olubdur ki, o biçarələr və həmçinin vətənimin onlartək binəvaları haman mübarək ayın uzun gecələrini yatmayıb səhərə kimi namaz qılıblar. O namazların adı nafleyi-mahi-mübarəki-rəməzandır. Bu namazların qeyri-vacibi və sünnəti namazlara nisbətən təfavütü budur ki, onların genə rükətinin sayı və hesabı var, amma Rəməzan ayının naflə namazlarının haqq-hesabı yoxdur. Çünki Fazili – Dərbəndinin rəyincə, Rəməzan ayının birindən on doqquzunadək hər gecə üç yüz rükət namaz gərək qılasan. Amma müctəhid Məməqaninin risaləsində nafleyi-mahimübarəki-rəməzanın qədəri birindən on doqquzunadək hər gecə həştad rükət yazılır. Ancaq nuzdəhhüm, bistü yekküm və bistü seyyüm gecələri hər gecə üç yüz rükət yazılıbdır.

Və bunu mən kəmali-sədaqətlə ərz edirəm ki, mən uşaqlıqda rəməzanın uzun gecələrini rahat yatmamışam və nə qədər ki namazı qılmağı təlim almamışdım, dayımın və valideynimin etikafına tamaşa edirdim. Və uşaqlığımın şirin yuxusu gəlib məni basanda cəhənnəmin əqrəblərinin qorxusundan gözlərimi açardım və görərdim ki, dayım, atam, anam və qonşuluqda yaşayan yenə bir neçə mömin və möminələr namaz qılırlar. Axşamdan səhərə kimi namaz qılırdılar; naflə namazını qılardılar.

Və elə ki axırda mən də böyüyüb on iki-on üç yaşa çatdım, mən də haman Rəməzan gecələri, mömin və möminələrlə naflə namazlarını qılmağa şərik oldum və şərik olduqda, söz yox, cənnətin naz və nemətlərinə də şərik oldum. Haman cənnətin ki, “tücri min təhtihələnhar” hələ, bəlkə, “əzvaci mütəhhirə”. Dəxi o vaxt əzvacın da mənasını mənə dindar müdərrislərim öyrətmişdilər.

Bu söhbətlər hələ Rəməzanın birindən on səkkizinədəkdir. O ki qaldı Rəməzanın on doqquzundan axırınadək, bu barədə də müfəssəl söhbətimi orucluq dəsgahının rəvayətinə buraxıram ki, bundan sonra ərz olunacaqdır.

Söz buradadır ki, bu qədər əhəmiyyət ki, Rəməzanın doqquzundan axırınadək verilir, bu qədər naflə namazı ki, ibarət olsun gecədə üç yüz rükətdən ki, on doqquzundan axırınadək hər gecə qılınır, bunun əsl illəti buradadır ki, hər Rəməzanın həmin hissəsinin gecələrinin biri qədr gecəsidir ki, islam ümməti indiyədək haman qədr gecəsini axtarmaqdadır. Və bunu indi qeyd edirəm ki, haman gecəni bu günə kimi mömin bəndələr hələ yenə tapmayıblar.

Və lakin çün qədr gecəsinin söhbəti Rəməzan söhbətinə daxildir, bu təfsilatı gələn hissəyə buraxıram və keçirəm genə namaz fəqərəsinə.

Qurtardımı namazlar? Və indiyədək söylədiyimiz namazları əgər bir nəfər mömin bəndə qılıb qurtarmış olsa, dəxi onun üçün genə qılınmamış namaz qalıbdırmı, ya yox? Baxaq görək.

Və mən bu sətirləri indi yazanda özüm də deyirəm, bəlkə, dəxi qurtardı getdi? Bəlkə, dəxi bu qədər namazları ki mənim mömin vətəndaşlarım və din qardaşlarım o vədə qılırmışlar, bəlkə, dəxi bununla onların təklif qurtarır? Bəlkə, indi onları əməli-salehlər cərgəsinə daxil etmək olar? Bəlkə, dəxi bu namazlardan başqa Allah-taala dəxi onlardan qeyri bir namaz tələb eləmir?!

Heyhat! Sənin xaliqin səni xəlq etməyibdir, məgər ondan ötrü ki, onun sirlərini dərk etməyə qadir olasan! Və illa hər bir mövcudatın bir müəyyən təklif vardır və cəmi kainat ki, xudavəndi-aləm tərəfndən vicda gəlibdir, bunların hərəsi bir amil dərəcəsindədir ki, təbiətin ehkamını hər bir yaranmış öz dairəsində əmələ gətirsin. Və bu dəsgahın genə əvvəl və axır sahibi necə ki cəmi vacibül-vücudun xaliqi olan pərvərdigari-aləmdir ki, gözəgörünməyən mənbədən və idrakımız çatmayan göylərdən yer üzünə barani-rəhmət12 göndərir.

Haman barani-rəhmət ki, mənim zavallı vətənimdə necə ki Kərbəla meydanında o baranın bir qətrəsi abi-həyat mənziləsində idi, bunun illəti o idi. Mənim o vədəki vətənimin zariləri, suyun qıtlığından yay zamanları gecə və gündüz əlləri duada, barani-rəhmət gözlərdilər və şəhərin də əhalisi gecə və gündüz meyvə ağaclarını və səbziyyatı suvarmaq üçün gecə və gündüz əlləri duada Allahdan yağış istərdilər, yağış həftələrlə və bəlkə, aylarla yağmazdı. Və təbiətin susuzluqdan bitkiləri qurudub yandırmaq xasiyyətini genə Allah-taala özü təyin edibdir. Niyə təyin edibdir, özü bilər. Və girəm ki, təbiətin bu xasiyyəti vücudilə hədsiz və hesabsız mömin bəndələrin və məsum əkinçi əhalinin məhsulatı quruyub yanacaqdır və insanlara bu quraqlıqdan qıtlıq və aclıq üz verəcəkdir və zavallı zəhmətkeşlərin zəhmətləri səmərəsiz qalacaqlar və bu aclıqdan bir çox uşaqlar ağlayacaq bunlar hamısı öz yerində; bunlar genə haman cənab Allahın öz işidir. Və biz bəndələrin təklif genə dinməməkdir. Və o dəqiqə mənim zavallı vətəndaşlarımın təklif genə dinməmək idi və necə ki dinmirdilər.

Bari-pərvərdigara, bəs sənin onlara necə rəhmin gəlmir? Onlar ki sənin yolunda bir gecə və gündüzün ərzində neçə yüz rükət namaz qılırlar. Onların alınlarında möhür yer eləyibdir. Onlar həta naflə namazlarını sənin qorxundan cabəca13 edirlər. Bəs zəhi14 nainsafıqdır ki, sən onların ziraətini yandırasan və namü-tənahi yarış anbarlarından mömin bəndələrinə müftə yağışını müzayiqə edəsən! Niyə belə eləyirsən? Yoxsa onların həddi və hesabı olmayan dindarlıqlarına, qorxaqlıqlarına və savadsızlıqlarına və məlumatsızlıqlarına arxayınsan? Ona arxayınsan ki, bu işlərin mahiyyətini və sirrini duymayacaqlar? Çünki onlar bilməyənlərdir!

Xudaya, ləbbeyk! Bizə yağış!

Və yadıma salıram o günləri ki, şəhərimizin əhalisi zirü-cavan, kişi və övrət, qoca və uşaq, həta dördayaqlılar, şəhərin kənarına axışıb getməkdədir. Bir həngamədir ki, gəlib görəsən!

Xudaya, bizə yağış!

Şəhərin bütün əhalisi şəhərin kənarında, səhradadır. Bu gün düşənbədir. Hamı orucdur. Və mən də və məntək cəmi səkkiz yaşındakı uşaqlar da orucdur. Üç gündür ki, orucuq. Axund Molla Tağı, yəni şəhərimizin birinci vaizi və qazısı və fazili şənbə günündən xəbər veribdir ki, üç günü: şənbəni, yekşənbəni, düşənbəni cəmi möminlər oruc tutsunlar ki, bu gün, düşənbə günü, yəni üçgünlük etikafdan sonra müsəllaya çıxsınlar. Bu gün şəhərin cəmi insanları səhraya köçməkdədir. Hamı pay-piyada, ayaqyalın və həta dizə kimi çərmənmiş… havanın şiddətli istisinin, yayın gününün təsirindən yerə ayaq basmaq mümkün deyil. Gör nə qiyamətdir ki, bütün yayı havaya nəinki rütubət, bəlkə, bir parça da bulud gəlməyib. Cəmi nəbatat quruyub xəzəl olmaqdadır.

Xudaya, bizə yağış! Ləbbeyk!

Elə ki mömin bəndələr, mollalar, səf-səf hacılar, dəstə-dəstə məşədi və kərbəlayılar səf-səf “xüzu-xüşu”la “əstəğfürullah, rəbbi və ətubi ileyh” deyə-deyə səhraya cəm oldular. Qazı Axund Molla Tağı çıxdı uca bir daşın üstə, əvvəl bir xütbə oxudu və sonra üzünü camaata tutub əllərini ölçə-ölçə çox tənəli bir səslə başladı moizəsini:

– Hə! hə! Gələrsiz, gələrsiz, ağlarsız, ağlarsız, hə! Ya eyyühəl-insan! Bir vaxt var idi ki, barani-rəhmət yağanda siz öz evlərinizdə qiymətli fərşlər üstündə əyləşib deyirdiniz, xub, biz yomiyyə namazını əda etdik, bir qeyri-vacibi və sünnəti namazları cabəca etdik. Bizə təklif olunan namazların cümləsini əzaya qoymayıb yerinə yetirdik… Hə! Ya eyyühəl-insan, siz mütməin oturmuşdunuz evlərinizdə ta demirdiniz bu nə bəladır ki, nazil olubdur ki, dağlar və daşlar da quraqlıqdan od tutub yanır. Hə! Bəs siz bilmirsiniz, xudavəndialəm sizləri xəlq edəndə iki göz verib cəll-cəlalın dəsgahına tamaşa edəsiniz və sizə əql kəramət edibdir ki, o əqlin vasitəsilə bunu dərk edəsiniz ki, xudavəndi-aləmin ehkamını yerinə yetirməyincə ondan nicat gözləmək mümkün olmaz? Hə! Barani-rəhmət! İndi sizə baranirəhmət lüzumu görsəndi. Bəs bu barani-rəhmətin müqabilində hanı sizdən sadir olan xüzu və xüşu? Hanı tövbə və istiğfarınız və nəyə arxayınsınız? Yoxsa o beş-on rükət yomiyyə namazına arxayınsınız? Yoxsa neçə yüz rükət qeyri-namazlara arxayınsınız? Yoxsa bir neçə min rükət naflə namazlarına mütməinsiniz ki, dəxi cəmi təklifər sizdən mürtəfe oldular? Heyhat! Necə qəfət, necə qəfət! Bəs o necə olacaq ki, bir gün ki onun adı ruziməhşərdir, o vədə sizin hamınızı ərseyi-mizani tərazüyə çəkəcəklər və orada sizi məşhur edəcəklər və bu dünyada qıldığınız namazlar barəsində sizdən sual-cavab edəcəklər? O vaxt qiyamət gününün şahidləri ki ibarət olsun ənbiya və övsiyadan cənab həqqin hüzurunda hazır olacaqlar. O vaxt hatifdən səda gələcək: “Hazır olsun, bu məclisdə lövh vəl qələm”. Və elə ki qələm burada adəm surətində hazır oldu, həqqi-sübhani və təalidən ona xitab olunacaq: “Ya qələm, zəmani ki, mənim vəhyim sənə ilham olundu ki, cəmi məxluqatın əməllərini öz lövhünə yaz, aya sən yazmısanmı, ya yox?” Onda qələm cavab verəcək ki, “nəm (bəli), yazmışam”. Xudavəndi-aləm burada qələmdən şahid istəyəcək. Və qələm burada İsrafli şahid göstərəcək. Sonra xudavəndi-aləmdən xitab olunacaq ki, İsrafli hüzura gətirsinlər. Elə ki İsrafl hüzura gəldi, ondan sual olunacaq ki, əya sən şahid ola bilərsənmi ki, məxluqatın nameyi-emalını qələm öz lövhünə yazmış ola? Və əgər ona şahidsən, pəs həmin nameyi-emalı sən öz yerinə yetirmisənmi, ya yox? Burada İsrafl cavab verəcək ki, “nəm (bəli), mən lövhdə yazılan nameyi-emalı yetirmişəm Cəbrayilə. Çağırın gəlsin Cəbrayili”. Elə ki Cəbrayil də hazır olur, ona da bu sualı verəndə o da cavab verir ki: “nəm (bəli), mən lövhdə yazılan nameyi-emalı yetirmişəm cəmi ülülözm peyğəmbərlərə ki, axırıncı ibarət olsun Məhəmməd-ibni-Əbdüllahilərə-biyyil-qüreyşil-hərəmindən”.

Camaat burada başına döyür və ağlayır. Va müsibəta!.. Axırda xatəmül-ənbiya ortalığa təşrif gətirib xəllaqül-aləmə ərz edir ki:

Xudaya, mənim ümmətim sənin dərgahında şərmsardır. Ol səbəbə ki onlar cəmi vacibi namazlar əda etdilər, həta rəməzanül-mübarək ayının nuzdəhhümdən başlamış otuzuncu gününə kimi gecələr, axşamdan ta sübhədək yatmadılar. Böyük və kiçik, həta bu sətirləri cızma-qaralayan səkkiz yaşındakı uşaqlar da dayılarının qorxusundan gündüzlər on səkkiz saat yay günləri susuz qalıb, gecələri də üç yüz rükət naflə namazı qıldılar və qeyri-namazların da cəmisini yerinə yetirdilər. Ancaq bu qaranlıq məmləkətdə tək bircə bədbəxtlik üz verdi ki, o da ibarət ola ondan ki, bu bədbəxtlər “tələbi-baran”15 namazını unudub qılmadılar. Va müsibəta! Və məhz həmin məsiyətin nəticəsidir ki, indi sənin də bu camaata qəzəbin tutub. Yayın bu şiddətli istisində neçə aydır ki, bu fəqirlərin ziraətini16 susuz qoymusan və o muftə yağış anbarlarından bunlara yağış göndərmirsən ki, bu vilayətdə gələcəkdə qıtlıq əmələ gəlməsin və mömin bəndələrin acından ağlaşmasınlar.

Camaat uşaq kimi “vay-vay” deyib ağlayır.

Burada Axund Molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. Camaat ona iqtida elədi. Axund üç dəfə bir-birinin dalıyca ucadan və bəlağətlə dedi: “Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd” və sonra başladı namazı. Haman iki rükətdən ibarət adi namaz idi. Bircə təfavütü bu idi ki, qunut vaxtı bu duanı tək oxudu: “Allahummə ibadükə”.

Namazı qurtarandan sonra Axund Molla Tağı yeridi bir az da qabağa. Ridasının17 sağ ətəyini sol çiyninə atdı, ridasının sol ətəyini sağ çiyninə atdı və iki xütbə oxudu və üzünü qibləyə tutub başladı tövbə eləməyə və yüz dəfə bir-birinin dalıyca dedi: “Əstəğfürullah rəbbi və ətubi ileyh”. Bunu yüz dəfə dedikdə camaat da onu təkrar edirdilər. Və ondan sonra yüz dəfə “sübhanallah” və yenə yüz dəfə “lailahəilləllah”. Və axırda üzünü camaata tərəf çöndərdi, fatihə surəsini oxuyub və camaat da fatihə deyib hamı gözlərini silə-silə evinə dağılmağa başladı.

Bununla tələbi-baran namazı qılındı, tamam oldu.

12.Barani-rəhmət – rəhm yağışı, mərhəmət yağışı
13.Cabəca – yerbəyer
14.Zəhi – böyük, çox
15.Tələbi-baran – yağış tələb etmək, yağış istəmək
16.Ziraət – əkin
17.Rida – çiyninə atılan yun qumaş

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
978-995-255-761-9
Telif hakkı:
Hədəf nəşrləri

Bu yazarın diğer kitapları