Kitabı oku: «Canlı əhvalatlar», sayfa 3
MƏZUNLARIN GÖRÜŞÜ
Bir neçə həftə əvvəl mən gündəlik işlərimlə məşğul olarkən, birdən telefon zəng çaldı. Zəngin səsi nəsə çox möhkəm idi – adətən belə zənglər pis xəbərlərin müjdəçisi olur. Amma bu dəfə xatadan salamat ötüşdük: zəng vuran vaxtilə eyni sinifdə oxuduğum bir qız idi və xahiş edirdi ki, məktəbi bitirməyimizin 20 illiyi münasibəti ilə keçirməyə hazırlaşdıqları məzunların görüşünü təşkil etməkdə ona kömək edim.
Belə. Doğrudanmı iyirmi il keçmişdi? Məni dəhşət götürdü. Tüklərim biz-biz oldu, kürəyimdə sanki qarışqalar gəzişməyə başladı, alnımda tər damcıları əmələ gəldi. Mən bu iyirmi ildə nə işlər görməyə imkan tapmışdım? O vaxt anam mənə xəbərdarlıq etmişdi: sən bu suala nə vaxtsa cavab verməli olacaqsan! Amma mən onun saçlarındakı çəhrayı rəngli biqudilərə baxıb güldüyüm kimi, onun sözünə də yalnız gülməklə cavab vermişdim (işə bax ki, bir həftə qabaq köhnə şeylər satılan bazarda özüm də eynən həmin biqudilərdən almışdım).
Qəribədir, adi telefon zəngi necə də adamın həyatının altını üstünə çevirə bilərmiş. Mən 1970-ci ilin mahnılarına (indi onları «köhnə» adlandırırlar) tamam ayrı gözlə baxmağa başladım. Ağlıma qəfildən o da gəldi ki, Daqqerin yaşı artıq 50-ni haqlayıb, «Su üzərində tüstü»7 – elə əvvəldən gic mahnıdır, mənim çox sevdiyim «Günəş altında fəsillər»8 mahnısı isə çoxdan unudulub gedib. Doğrudanmı mənim günəşim artıq gözə çapmadan sakitcə qüruba enməyə başlamışdı?
Güzgünün qabağına keçib özümə nəzər saldım… bu lənətə gəlmiş güzgüdə, etiraf edim ki, saçlarımın dibindən tutmuş gözlərimin qıraqlarındakı qırışlara qədər sifətimin hər bir məsaməsinə diqqətlə baxdım və ona sevindim ki, nə yaxşı hələ buxaqlarım yoxdur!
Növbəti bir neçə həftə mənimçün əsl cəhənnəm əzabına çevrildi. Mən yataqdan səhər saat 6.30-da qalxır və gecə ərzində nə yollasa yançaqlarımda yığılan piyi əritmək üçün müxtəlif idman tapşırıqlarıyla özümü yorub əldən salırdım. Amma nahaq – bütün ümidlərim boşa çıxırdı. Sonra özümə yaxşı bir paltar seçmək üçün saatlarla mağazaları gəzib dolaşırdım, elə bir paltar tapmaq istəyirdim ki, məni azından iyirmi il cavanlaşdırsın. Məlum oldu ki, belə paltarların tikişini artıq 1975-ci ildə – düz iyirmi il bundan əvvəl dayandırıblar. Mən bunu yalnız başqa üslubda üç paltar alandan sonra bildim. Mənim ağlıma öz şəxsi davranışımın yalnız bir məntiqi izahı girdi: orta yaş böhranı.
Etiraf etməli oldum ki, axşamlar pillələri qalxarkən hərdənbir eşitdiyim məzəli çartıltı elə mənim öz dizlərimdən gəlir. Və mən öz xülasəmdəki «bacarıq vərdişləri» qrafasına, deyəsən, «uşağı qorşoka oturtmağı öyrətmək» cümləsini yazmaq barədə ciddi düşünməli olacaqdım, – çünki bu mənim həyatda qazandığım ən mühüm nailiyyətlərdən biri idi.
Bundan başqa, mən qəfildən xatırladım ki, hər gün «Bren fleks» yeyirəm, – özü də qətiyyən ona görə yox ki, bu mənim xoşladığım sıyıqdır. Və mən tapperuer9 axşamları keçirirdim, belə ki, indi rəfiqələrimin və qadın dostlarımın sayının nə qədər olduğunu təxmini bilirdim.
Ümumiyyətlə, mənim həyatım heç də düşündüyüm, kimi, qabaqcadan planlaşdırdığım kimi keçməmişdi. Özümü əlbəttə ki, xoşbəxt sayıram. Mənim çox yaxşı ərim və iki övladım var, bütün maraq dairəm də əslində elə onların əhatəsində fırlanır. Lakin yarımştat katibə işi və analıq vəzifələrinin lazımınca yerinə yetirilməsi sinif yoldaşları arasında çoxdan keçirilmiş sorğunun nəticəsində «həyatda uğur qazanmağa ən çox şansa malik» bir qadının obrazına o qədər də uyğun gəlmirdi. Doğrudanmı mən ömrümün iyirmi ilini yelə vermiş, onu boşuna keçirmişdim?
Lakin məzunların görüş gününə aldığım dəvətnaməni zibil yeşiyinə tullamağa hazırlaşdığım anda yeddi yaşlı oğlum arxadan mənə yaxınlaşdı, çiynimə toxunub dedi:
– Anacan, mən səni çox istəyirəm, öp məni.
Bax belə. Və bilirsinizmi, indi mən ömrümün növbəti iyirmi ilini də məmnuniyyətlə xərcləməyə hazırdım.
Linn Q. Qol
PEÇENYE OĞRUSU
Xanım aeroportda öz reysini gözləyirdi. Uçuşa hələ bir neçə saat qalmışdı və o, vaxtı öldürmək üçün özünə kitab, bir paket də peçenye alıb gözləmə zalına keçdi, boş yer tapıb əyləşdi və kitabı açıb oxumağa başladı.
Kitab çox maraqlı idi, amma qadın bir oturacaq aralıda əyləşmiş hansısa sırtığın xəlvəti əlini uzadıb ikisinin arasındakı paketdən peçenye çıxardığını gözünün qırağıyla görməyə də imkan tapdı. Fikirləşdi ki, buna görə hay-küy qaldırmağa dəyməz, odur ki, özünü görməzliyə vurub peçenyedən dişləyə-dişləyə və hərdənbir saata nəzər sala-sala yenə də kitabı oxumağa davam elədi. Bu arada oğru da vaxtını boş keçirtmir, onun strateji ehtiyat şirniyyatını yavaş-yavaş azaldırdı.
Bu, artıq xanımın əsəblərinə toxunmağa başlamışdı. «Əgər dalaşqan olsaydım, bu əclafın gözünü vurub yerə tökərdim!» – deyə xanım fikirləşdi. Sırtığın lap yekəsiymiş – xanım hər dəfə əlini uzadıb paketdən peçenye götürəndə, o da götürürdü, birini bu götürəndə, birini də o götürürdü. Nəhayət, paketdə cəmisi bircə peçenye qaldı. Xanıma maraqlı oldu ki, görəsən bu yaramaz indi neyləyəcək. Həyasızlığa bir bax! O, utanmadan axırıncı peçenyeni paketdən çıxarıb ikiyə böldü, birini öz ağzına qoyub, o biri yarını da arsız-arsız xanıma uzatdı.
Peçenyeni alanda xanım düşündü ki, əcəb səbir yiyəsiyəm – buna söz ola bilməz! Amma heç demə bu tip təkcə oğru deyilmiş, həm də qanmazın, ədəbsizin, tərbiyəsizin lap yekəsiymiş. Heç olmasa, əvəzində «sağ ol» deyəydi.
Reysi elan olunanda xanım nəhayət ki, rahatlıqla köks ötürüb yenidən qalxdı, kitabı çantasına qoyub, hətta nankor oğruya məzəmmətlə baxmağı da özünə rəva bilmədən dönüb uçuş xəttinə tərəf getdi. Təyyarənin salonuna daxil olub, keçib öz yerini tutdu, əyləşib çantasını açdı ki, kitabı ordan çıxartsın və… bu vaxt az qala heyrətdən gözləri kəlləsinə çıxdı – çantada ağzı açılmamış dolu peçenye paketi vardı! «Əgər mənim peçenyem burdadırsa, – deyə xanım çaşqın halda fikirləşdi, – onda belə çıxır ki, mən gözləmə salonunda bayaqdan onun peçenyesini yeyirəmmiş… və o öz malını mənimlə bölüşməkdən qətiyyən imtina etmirdi!»
Tanımadığı yad adamdan üzr istəmək artıq gec idi. İşə bax! Heç demə sırtıq və nankor oğru əslində xanım özüymüş!
Valeri Koks
XALACAN, SİZ VARLISINIZ?
Qapımın böyründə soyuqdan göyərmiş nimdaş paltarlı iki uşaq fırlanırdı.
– Xalacan, sizdə makulatura var?
Mən tələsirdim, vaxtım yox idi, ona görə də istədim onlara deyəm ki, məndə makulatura yoxdur, amma bu vaxt gözlərim onların ayaqqabılarına sataşdı – ikisinin də ayağında yağışdan islanmış nazik səndəl vardı.
– Keçin içəri, sizə qəhvə hazırlayım, – dedim.
Uşaqlar dinməzcə qonaq otağına keçdilər. Ayaqlarındakı balaca səndəllər sobanın qarşısına yaş izlər saldı.
Mən uşaqlara kakao və povidlolu buterbrod verdim ki, soyuq havaya çıxmazdan qabaq bir qədər isinib qızışsınlar və toqqanın altını bərkidib özlərinə gəlsinlər. Sonra mətbəxə qayıtdım və ailə büdcəsi üzərindəki işlərimi davam etdirdim.
Bir müddət keçəndən sonra mən qonaq otağına səssizlik çökdüyünü görüb ora baş çəkdim. Qız masanın arxasında oturub boş fincanı diqqətlə gözdən keçirirdi. Oğlan məni görəndə bir qədər tərəddüdlə soruşdu:
– Xalacan… siz varlı qadınsınız?
– Varlı qadın? Yox bir!
Mən köhnə mebelimə baxdım. Qız fincanı nəlbəkiyə qoydu.
– Sizin fincanlarınız nəlbəkilərinizlə eynidir, – qızın səsi nəsə yaşına uyğun deyildi və onda bir aclıq hiss olunurdu… amma bu, mədə aclığı, qarın aclığı deyildi.
Uşaqlar mənim verdiyim bir topa kağızı-kuğuzu qoltuqlarına vurub, təzədən soyuğun və nəmişliyin «ağuşuna» çıxdılar. Mənə heç bir minnətdarlıq bildirmədən. Bu heç lazım da deyildi. Bir halda ki, minnətdarlıqdan daha yaxşı bir iş görmüşdülər, onda buna nə lüzum vardı? Ən adi saxsı fincan-nəlbəkilərdi. Amma eyni serviz dəstindən. Mən plitənin üstündə bişməkdə olan kartofun dadına baxdım və sousu qarışdırdım. Kartof… qırmızı sous… başımın üstündə dam… ərimin daimi işi… Bütün bunlar sanki bir serviz dəstidir… hansısa tamlıq, bütövlükdür.
Stulu sobanın qarşısından kənara çəkib döşəmədəki səndəl izlərini sildim. Ancaq səndəllərin izi ürəyimdən silinib getmədi ki, getmədi. Qoy heç getməsin də. Qoy o izlər daim ürəyimdə qalsın. Qoy özümün yadımdan çıxanda o izlər nə qədər varlı olduğumu mənə xatırlatsınlar.
Marion Dulan
QAR UÇQUNU
Hər itkidə bir qazanc var.
U. Klement Stoun
Bu, əsl bizim arzuladığımız daxmaydı – məşhur «Sadans» dağ xizək kurortunun yaxınlığında, Timpanoqos yamacındakı dağ şəlaləsinə açılan 1000 kvadratmetrlik zəngin yaşayış məskəni. Arvadımla birgə bu ərazinin layihələşdirilməsi, tikilib-qurulması və avadanlıqla təchiz edilməsi işinə bir neçə il vaxtımız getmişdi. Amma cəmisi 10 saniyə vaxt kifayət etdi ki, bizim gözəl daxmamız göz qırpımındaca xarabalığa çevrilsin.
Fəlakətin baş verdiyi günü, sanki dünən olubmuş kimi, mən çox dəqiq xatırlayıram. Toyumuzun doqquzuncu ilinin tamam olması ərəfəsində qalın qar yağmışdı. Buna baxmayaraq, mənim arvadım dağa – bizim evdən Yuta ştatının Provo şəhərinə, təzəcə inşa olunmuş dağ daxmasına yarım saatlıq yolu qət etməyə özündə cəsarət tapmışdı. O, bizim altı yaşlı oğlumuz Aaronu da özüylə götürüb nahardan qabaq yola çıxmışdı. Yolüstü mağazaya baş çəkib tort da almışdı ki, bayramımızı qeyd edək. Mən doqquz yaşlı qızımız Emmi və kiçik oğlumuz Hanterlə onlara bir qədər gec qoşulmalıydım.
İlk həyəcan siqnalını günorta saat 3-də aldım. Bizə «Sandans» dağ xizək kurortunun xilasetmə xidmətindən zəng vurmuşdular.
– Sizin kottecdə problemlər var. Tez gəlməyiniz yaxşı olardı.
Heç bir əlavə məlumat vermədilər. Kitab üzərindəki işimi yekunlaşdırmağa borclu olsam da, – bütün möhlətlər çoxdan başa çatmışdı, – kompüterin arxasından cəld ayağa qalxıb, qarlı dağ yollarına üz tutdum. Kurorta gəlib çatanda, orda məni direktor və şəxsi heyətdən kimsə qarşıladı – onların hamısının sifətləri qayğılı idi. Direktor məni görən kimi dedi:
– Deyəsən, sizin daxmanıza fəlakət üz verib, arvadınız və oğlunuz da ordadır. Qalxın mənim maşınıma və cəld irəli.
Mənim torpaq sahəm kurortun əsas xizək yoluna bitişik idi və ora yalnız dar dolanbaclarla getmək olardı. Hər iki tərəfdən hündür qar divarları ucalırdı, ona görə də adama elə gəlirdi ki, maşın labirintlə şütüyür. Növbəti döngəni burulanda dar dəhlizlə bizə tərəf əks istiqamətdən maşın gəldiyini gördük. Sürətlə getdiyimizdən əyləci qəfil basmağımızın az köməyi oldu, amma xoşbəxtlikdən maşınlar bir-birini yüngül sürtdülər, ciddi ziyansız ötüşdük. Bir-birimizdən məlumat alıb, təzədən daxmaya tərəf yolumuza davam elədik. Nəhayət, uzaqdan daxmanın misdən olan dam örtüyü görsəndi.
Xilasetmə dəstəsi döyüşçülərinin əhatəsində olan arvadımla oğlumu hələ uzaqdan görmüşdüm. Maşından çıxıb onlara sarı cumanda arvadım əliylə mənə daxma üzərindəki meşəni göstərdi. Gördüklərim məni sarsıtdı: qar uçqunu ağacları kibrit çöpü kimi qıra-qıra yamac boyunca üzüaşağı gəlibmiş!
Mən baxışlarımı daxmanın üzərinə yönəltdim və nəhayət ki, qar uçqununun bizim dağ evimizi nə kökə saldığını gördüm. Bir neçə saniyə ərzində bütün şüşələr qırılmışdı, iri qonaq otağına tonlarla ağırlıqda qar topası yığılmışdı. Bir sözlə, qar uçqunu bizim xudmani dağ yuvası arzularımızı məhv edib mərtəbələrin altını üstünə çevirmişdi. Sevib-seçib aldığımız mebellər bir-birinə qarışmış halda qarın üstünə səpələnib qalmışdı. Mən bu sarsıdıcı mənzərəni heç zaman yaddan çıxara bilmərəm.
Xilasedicilər bizə tezliklə getməyi əmr etdilər – daha bir qar uçqunu təhlükəsi vardı. Biz geriyə tamamilə çaşqın və sarsılmış vəziyyətdə qayıtdıq. Etiraf edim ki, dağ evimizin yerlə yeksan olması bizi son dərəcə məyus etmiş, hamımızı ruh düşkünlüyünə salmışdı. Üstündən xeyli ötəndən sonra da mən sakitləşə bilmir, özümdən soruşurdum ki, axı, biz niyə belə bir uğursuzluqla qarşılaşdıq? Niyə Allah bu bəlanı bizə qismət elədi?
Bu yerdə mən öz hekayətimi bitirə bilərdim. Amma onda siz həmin gün baş verən möcüzədən xəbər tutmazdınız. Mən özüm də ondan yalnız səkkiz ay keçəndən sonra agah oldum. Necəsə, bir dəfə həmkarım mənə yaxınlaşıb sadəlövh bir söz soruşdu:
– Arvadın sənə danışıbmı ki, sizin dağ eviniz qar uçqunu altında qalan gün onlar mənim arvadımla az qala qəzaya uğrayacaqdılar?
– Yox, – mən cavab verdim, – nə qəza, orda nə olmuşdu ki?
– Mənim arvadım oğlanları da götürüb iki günlüyə dağdakı evimizə getmişdi. Qar çovğunu başlayanda qərara alıblar ki, geri qayıtsınlar. Evdən çıxmazdan qabaq oğlanlarımdan biri deyib ki, gəlin hamımız dua eləyək, yolumuz uğurlu olsun. Hamısı başlarını aşağı əyib, qısa dua oxuyub, sonra yola düzəliblər. İşə bax ki, əyri-üyrü dar yolda az qalıblar ki, sənin arvadının maşını ilə toqquşsunlar. Arvadım var gücüylə əyləci bassa da, xeyri olmayıb, cip dayanmayıb! O, qarlı dağ yoluyla sürət götürüb üzüaşağı şütüyürmüş. Son anda arvadım sükanı döndərib, maşının qabağı yoldakı qar topasına pərçimlənib, arxa tərəf isə əks tərəfdəki topaya dirənib. Bir sözlə, bizim maşın sənin arvadının yolunu kəsib. Onlar bizim maşını çıxartmaq üçün bir saat əlləşiblər, axırda naəlac qalıb, kömək üçün kurortun xilasedicilərinə müraciət etməli olublar.
– Qəribədir, – mən dedim, – arvadım bu barədə mənə heç nə danışmayıb.
Biz bu «qəzanın» ora-burasını bəzəyib bir az gülüşdük, sonra evlərimizə dağılışdıq. Baş verən şeyin həqiqi mənası mənə yalnız sonradan çatdı: əgər bu «xoşagəlməz» qəza baş verməsəydi, arvadımla oğlum qar uçqununun altında qalacaqdılar!
O vaxtdan mən yolda baş vermiş hadisə barədə çox tez-tez düşünürəm. Tanışlarımızın cipi yolunu kəsərkən arvadımın nə qədər təəssüf və peşmançılıq keçirdiyini təsəvvür edirəm; həm də onu təsəvvür edirəm ki, yola çıxmazdan öncə dua eləmiş oğlanlar orda özlərinə nə qədər sual veriblər: görəsən, Allah bizim dualarımızı niyə eşitmədi?
Onda bu vəziyyət onlara bədbəxtlik kimi görünübmüş. Amma indi, geriyə dönüb baxanda aydın görünür ki, onlar özləri də bilmədən əsl möcüzənin iştirakçısı olublar.
O vaxtdan bəri mən həyatımda baş verən hər hansı hadisəni tələsik qiymətləndirməyə can atmıram. Vaxt ötdükcə hadisə ilə bağlı yeni informasiyalar ortaya çıxır və çox vaxt belə aydın olur ki, əvvəlcə xoşagəlməzlik kimi görünən bir şeyin gerçəklikdə xeyir gətirdiyi üzə çıxır. Hər dəfə hansısa növbəti «bəla» üz verəndə, indi mən özümə sual verirəm: «Görəsən, bu yolla, bu üsulla Allah hansı möcüzəni yaradır?» Və «İlahi, axı nəyə görə?» deyib gileylənmək əvəzinə, mən sadəcə olaraq belə deyirəm: «İlahi, sənə min şükür!».
Sonra isə sakitcə oturub möcüzənin təsdiqini gözləyirəm.
Robert Q. Allen
BAYRAM NECƏ ALINDI
Anamın məni məcburən ad gününə necə göndərməsini heç vaxt unutmaram. Biz Texasdakı balaca Uiçit-Fols şəhərində yaşayırdıq. Mən üçüncü sinifdə oxuyurdum və bir dəfə evə araxis yağının yüngülcə iyi gələn bir dəvətnamə gətirdim.
– Getməyəcəm, – mən dedim. – Bu, bizə təzə gəlmiş Rut adlı qızın dəvətnaməsidir. Bernislə Pet də getməyəcək. O, bütün sinfi dəvət edib. Düz otuz altı nəfəri.
Əllə yazılmış dəvətnaməni gözdən keçirən anam nədənsə qəfildən kədərləndi, sonra isə qərarını verdi:
– Gedəcəksən. Sabah hədiyyə alaram.
Mən qulaqlarıma inanmadım. Anam ömründə mənim harasa getməyimi bu cür tələb etməmişdi! Mən deyirdim ki, yaxşısı budur, ora getməkdənsə yıxılım ölüm, amma mənim heç bir hoqqam anamı fikrindən daşındıra bilmədi.
Şənbə günü gəlib çatdı. Anam məni zorla yataqdan qaldırıb, aldığı hədiyyəni səliqə ilə büküb qablaşdırmağımı tələb etdi. Bu, arxa tərəfində güzgüsü olan, çəhrayı rəngli sədəfdən düzəldilmiş qəşəng bir daraq-şotka idi. Anam bu hədiyyəni iki dollar doxsan səkkiz sentə almışdı.
Biz anamın 1950-ci il istehsalı olan ağ-sarı «Oldsomobil»inə əyləşib qonaq getdik. Qapını Rut özü açdı və əlinin işarəsilə məni içəri dəvət etdi, daha doğrusu, ömrümdə ilk dəfə gördüyüm sərt, qorxunc pilləkənlə ikinci mərtəbəyə qalxmalı olduğumu bildirdi. Otağın qapısına çatanda mən yüngülləşdim: başdan-başa gün işığına qərq olmuş taxta döşəməli sadə, geniş qonaq otağı, köhnə mebellərin üstünə, stulların söykənəcəyinə çəkilmiş qar kimi ağ salfetlər. Masanın üzərində 9 çəhrayı şamla bəzədilmiş, üstündə əyri-üyrü hərflərlə «Ad günün mübarək, Ruti» yazılmış və kremlə gül fiqurları düzəldilmiş iri bir tort vardı. Mən «krem» güllərin qızılgül olduğunu dərhal sezdim.
Tortun ətrafında qaymaqlı konfetlə birlikdə otuz altı kağız stəkan qoyulmuşdu, hər stəkanın üzərində də ad yazılmışdı. «Pis deyil, – mən fikirləşdim, – hamı yığışanda qiyamət olacaq».
– Bəs anan hardadı? – mən soruşdum.
– Anam… deyəsən xəstələnib… – Rut gözünü döşəməyə zilləyib dedi.
– Bəs atan?
– O bizimlə yaşamır.
Biz daha danışmadıq. Qonşu otaqdan hərdən quru öskürək səsi eşidilirdi. On beş dəqiqə keçdi. Sonra daha on dəqiqə keçdi. Birdən məni dəhşətli bir fikir götürdü: daha heç kəs gəlməyəcək! İndi burdan necə çıxıb gedəsən? Mənim özümə yazığım gəlməyə başladı… amma bu vaxt sakit hıçqırıq səsi eşitdim və başımı qaldırıb gördüm ki, Rut ağlayır, yanaqlarından göz yaşları süzülür. Mənim uşaq ürəyim dərhal bu qıza qarşı qayğı hissilə doldu və öz uşaqlarımıza ürəyimdə bərk hirsləndim. Xudbinlər!
Oturduğum stuldan sıçrayıb bərkdən dedim:
– Gəlmirlər, heç gəlməsinlər! Onlarsız da keçinərik.
Rutun üzündəki məyusluq səmimi təbəssümə çevrildi.
Beləliklə, bizim ixtiyarımızda üçgöyərtəli iri bir tort vardı, 36 stəkan qaymaqlı konfet vardı, dondurma vardı, hərəsi bir litr olan iki dənə qırmızı «Kul-eyd» içkisi vardı, üç düjün bayram suvenirləri, bir xeyli də oyunlar və prizlər vardı.
Biz tortdan başladıq, amma şamları yandırası olmadıq, belə ki, əl altında kibrit yox idi, Ruti isə (indi o, sadəcə Rut deyil, Ruti idi) anasını narahat etmək istəmirdi və ona görə də biz özümüzçün xəyalımızda belə təsəvvür elədik ki, guya şamlar yanır. Mən «Happy Birthday» oxudum və Ruti ürəyində arzu tutub xəyali şamları üfürüb söndürdü.
Vaxt hədsiz dərəcədə tez ötüb keçdi – lap parkdakı attraksionda olduğu kimi. Gözümüzü yumub-açmağa macal tapmamış artıq mənim getmək vaxtım çatdı – pəncərənin altında dayanmış anamın maşınının siqnalı eşidildi. Mən dalbadal bir neçə dəfə Rutiyə təşəkkür bildirib, maşına qaçdım və öz bayramımızın təfərrüatlarını anama danışdım:
– Mən bütün oyunlarda qalib gəldim! Hərçənd, düzünə qalsa, «Eşşəyin quyruğundan yapış» oyununda Ruti qalib gəldi, ancaq dedi ki, yubilyarın prizi udması düzgün olmaz, ona görə də onu mənə verdi… bir də ki, biz qonaqlar üçün olan suvenirləri tən yarıya böldük. Sənin aldığın hədiyyə Rutinin çox xoşuna gəldi! Bizim sinfimizdən bircə mən gəlmişdim. İndi gözləməyə səbrim çatmır ki, onları tez yandırıb-yaxım! Qoy görsünlər ki, necə gözəl bir bayramı əldən buraxdılar!
Anam maşını yolun qırağına verib saxladı, məni bərk-bərk qucaqladı və yaşla dolmuş gözlərini üzümə dikib dedi:
– Mən səninlə fəxr edirəm!
Həmin gün mən başa düşdüm ki, bəzən bir nəfərdən də nəsə asılı olurmuş. Mənim sayəmdə Rutinin doqquzuncu ad günü korlanmadı, anamın sayəsində isə mən məhz necə varamsa, elə də oldum.
Le-Enn Rivz
QƏZA
Taleyin qiymətli hədiyyələri çox vaxt bizə ağrı, itki və peşmançılıq şəklində gəlir. Amma səbir etmək lazımdır – vaxt ötdükcə biz onların əsl mahiyyətini görəcəyik.
Cozef Edison
O il Milad bayramı bazar gününə düşmüşdü, ona görə də kilsə məktəbinin bazar axşamı məşğələsi böyük bayrama çevrilməliydi. Səhər ibadətindən sonra bir qadın – iki qız anası – mənə yaxınlaşdı və soruşdu ki, mən onun qızlarını həmin axşama apara bilərəmmi. Qadın ərindən boşanmışdı, onun keçmiş əri başqa şəhərə köçmüşdü, özü isə qaranlıqda maşın sürməyə qorxurdu, üstəlik də həmin axşam güclü yağıntı vardı və yolların buz bağlayacağı gözlənilirdi.
Mən razılaşdım və axşam kilsəyə üçlükdə getdik. Təpəni aşanda mən gördüm ki, düz bizim qarşımızdakı keçiddə bir neçə maşın toqquşub. Yollar buz bağlamışdı və çox sürüşkən idi, belə ki, mən əyləci dərhal basa bilməzdim və nəticədə önümdəki maşınla toqquşdum.
– Ah, Donna! – arxamda oturmuş qız qışqırdı.
Mən dönüb baxdım ki, görüm hər şey qaydasındadırmı… Bu, maşınlarda təhlükəsizlik kəmərləri peyda olmazdan qabaqkı vaxtlar idi. Böyrümdə oturmuş qız zərblə qabaq şüşəyə çırpılmışdı və şüşə qırıqları onun sol yanağını iki yerdən bərk sıyırmışdı; qızın üzündən qan axırdı. Çox pis mənzərə idi.
Xoşbəxtlikdən, maşınların birində dərman qutusu tapıldı və biz qanaxmanı dərhal dayandırdıq. Polis dedi ki, belə bir şəraitdə toqquşma qaçılmazdır, buna görə də təqsirkar yoxdur. Amma buna baxmayaraq mən bərk dilxor idim, özümə yer tapa bilmirdim ki, 16 yaşlı gözəl qızın üzündə ömrü boyu çapıq qalacaq. Özü də bu onun mənim himayəmdə qaldığı bir vaxtda baş vermişdi.
Təcili yardım stansiyasında Donnanı dərhal cərrahın yanına göndərdilər ki, tikiş qoysun. Dəqiqələr ötürdü. Mənə elə gəldi ki, bu prosedur yaman çox uzanır. Qorxurdum ki, çapıqların hansısa fəsadları olsun, ona görə özümü saxlaya bilməyim, ləngimənin səbəbini tibb bacısından soruşdum. O, cavab verdi ki, bugünkü növbətçi həkim plastik cərrahiyyə üzrə ixtisaslaşır. Onun qoyduğu tikişlər çox vaxt aparır, əvəzində çapığın yeri, demək olar ki, tam itir. Görünür, Allahın Donnaya rəhmi gəlmişdi.
Sonra Donnanı palataya keçirtdilər. Mən ürəyimdəki qorxu və nigaranlıq hissi ilə qıza baş çəkməyə getdim – birdən qız məni görməkdən əsəbiləşdi və baş verənlərdə məni təqsirkar bildi, onda necə olsun? Milad bayramında həkimlər çalışırdılar ki, xəstələri tez evə buraxsınlar və təxirəsalınmaz əməliyyatlar istisna olmaqla, həmin günə əməliyyat təyin etmirdilər. Belə ki, Donnanın olduğu mərtəbədə də xəstələr çox az gözə dəyirdi. Mən Donnanın özünü necə hiss etdiyini tibb bacısından xəbər aldım. O dedi ki, hər şey qaydasındadır. Doğrudan da, Donna günəş dovşanı kimi işıq saçırdı. Şən və sevincək halda o, tibb bacılarından onların iş-gücü barəsində soruşur, tibb bacıları da onunla həvəslə söhbət edirdilər. Dediyim kimi, xəstələrin əksəriyyəti evə buraxıldığından tibb bacılarının işləri elə də çox deyildi.
Mən baş verənlərə görə Donnadan üzr istəməyə başladım, amma qız yalnız əlini yellətdi və dedi ki, pudra altında belə çapıqlar görsənməyəcək, dərhal da sözü dəyişib, mənə tibb bacılarının hansı prosedurları yerinə yetirdiyindən və bunun nəyə görə lazım olmasından həvəslə danışmağa başladı. Donna çox xoşbəxt görünürdü. O, ilk dəfə idi ki, xəstəxanaya düşmüşdü və burda hər şey ona maraqlı gəlirdi.
Məktəbdə məşğələlər başlayanda Donna bütün sinfin diqqət mərkəzində idi – o, qəza və xəstəxana barəsində təkrar-təkrar, yorulmaq bilmədən danışırdı. Onun bacısı və anası baş verənlərdə məni günahlandırmırdılar, əksinə, həmin axşam qıza göstərdiyim qayğıya görə mənə minnətdar idilər. O ki qaldı Donnaya – qızın sifəti əvvəl necə vardısa, elə də qalmışdı, pudra çəkəndə isə, ümumiyyətlə heç bir çapıq görsənmirdi. Bu məni bir qədər sakitləşdirdi. Buna baxmayaraq, fikirləşəndə ki, bu qəşəng qız mənim ucbatımdan həmişə üzündəki çapıqla yaşamalı olacaq, bir qədər narahat olurdum.
Bir ildən sonra mən başqa şəhərə köçdüm və Donnanın ailəsi ilə əlaqələrim kəsildi.
On beş ildən sonra isə məni həmin şəhərin kilsəsinə dəvət etdilər ki, orda bir neçə ibadəti icra edim. Orda olduğum axırıncı axşam mənimlə xudahafizləşməyə gəlmiş adamların arasında Donnanın anasını da gördüm. Çoxdankı maşın qəzası, gənc qızın üzündəki qan və çapıq barədə xatirələr yaddaşımda qəfildən oyanıb məni diksindirdi. Donnanın anası sevinə-sevinə mənə yaxınlaşdı. Soruşdu ki, Donnanın taleyinin necə olmasından mənim xəbərim varmı? Yox, mən bundan xəbərsiz idim. Onda qadın soruşdu ki, bəs Donnanın o vaxt tibb bacılarının işiylə necə maraqlanması mənim yadımdadırmı? Hə, bax bu mənim yadımda idi.
– Donna tibb bacısı olmağa qərar verdi, – deyə qadın mənə həvəslə bildirdi. – Tibb məktəbinə daxil oldu, məktəbi əla qiymətlərlə bitirdi, sonra xəstəxanada yaxşı iş yeri aldı, orda cavan bir həkimlə tanış olub evləndilər və indi iki qəşəng uşaqları var. Donna məndən xahiş etdi sizə çatdırım ki, o vaxtkı həmin o maşın qəzası – onun həyatının ən yaxşı hadisəsidir!
Robert C. MakMüllen Jr.