Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Oliver Tvistin macəraları», sayfa 2

Yazı tipi:

Oliver öz peşə yoldaşları ilə tanış olur

Tabutçunun dükanında tək qalanda Oliver lampanı götürüb dəzgahın üstünə qoydu. Qorxu ilə ətrafa göz gəzdirdi. Tabutları görəndə tükləri biz-biz oldu. Ona elə gəldi ki, indicə tabutun içindən dəhşətli bir baş qalxacaq və onun bağrını yaracaq.

Divar boyu düzülmüş tabut taxtaları əllərini ciblərinə qoymuş kabuslara bənzəyirdi. Onun yatacaq yeri isə qəbirə oxşayırdı.

Oliver özünü yalqız, kimsəsiz və bədbəxt sanırdı. Yatmaq üçün piştaxtanın altındakı dar yerə girəndə arzuladı ki, yuxuya gedəndən sonra onu elə bu tabutda aparıb qəbiristanlıqda dəfn etsinlər, qəbrin üstündə isə hündür otlar bitsin.

Səhər dükanın qapısına dəyən ayaq zərbələrinin səsi Oliveri yuxudan oyatdı.

– Qapını açın, eşidirsinizmi? – deyə kim isə qışqırırdı.

– Bu saat açıram, ser, – deyə Oliver qapının zəncirini açıb açarı burmağa başladı.

Bayırdakı adam açar yerindən soruşdu:

– Olmaya təzə oğlan sənsən, hə?

– Bəli, ser.

– Neçə yaşın var?

– On yaşım var, ser.

– İçəri girən kimi səni bir yaxşıca əzişdirəcəyəm, məhəllə küçüyü!

Bu xoş vəddən sonra bayırda fit səsi eşidildi.

Oliver belə şeyləri çox görmüşdü. Çox döyülüb-söyülmüşdü. Zavallı Oliver əlləri titrəyə-titrəyə qapını açdı.

Evin qabağındakı tirin üstündə ucaboy bir yetimxana uşağı oturmuşdu. Başqa heç kəs görünmürdü. Oliver soruşdu:

– Bağışlayın ser, qıpını döyən siz idiniz?

– Mən ayağımla çırpırdım, – deyə yetimxana uşağı cavab verdi.

– Sizə tabut lazımdır, ser?

Yetimxana uşağı bu sözü eşidib bərk qəzəbləndi. Tirin üstündən düşüb yaxın gəldi:

– Yurdsuzlar evindən gəlmiş küçük, məgər bilmirsən, mən kiməm?

– Bilmirəm, ser.

– Mən mister Noe Kleypolam, sən isə mənə tabesən. Dükanın dal qapılarını aç, tənbəl məxluq!

Oliver dal qapıları açanda səndələyib pəncərə şüşəsini sındırdı. Noe dedi: “Darıxma, cəzanı alarsan”.

Tezliklə mister Sauyerberi dükana gəldi. Onun ardınca missis Sauyerberi də gəldi. Oliver, necə ki Noe demişdi, “cəzasını aldı”.

Sonra Oliver həmin gənc centlmenlə səhər yeməyi üçün anbara endi. Anbardakı qız – Şarlott dedi:

– Ocağa yaxın otur, Noe. Ağaların səhər yeməyindən qalan yaxşı bir qaxacı sizə saxlamışam. Oliver sən də o qazanın qapağının üstündəki qırıntıları götür. Bu da sənin bir fincan çayın. Qoy yeşiyin üstünə. Orada da iç. Tələs, çünki səni tezliklə dükana çağıracaqlar.

– Eşidirsənmi, yurdsuzlar evinin küçüyü? – deyə Noe Kleypol əlavə etdi.

– Eh, Noe! – deyə Şarlott səsləndi. – Niyə imkan vermirsən ki, oğlan yeməyini sakitcə yesin?

– Onu hamı sakit buraxıb, o da sakit olub da! Nə atası, nə də anası ona maneçilik edir. Hi-hi-hi!

Şarlott bərkdən gülməyə başladı. Noe də ona qoşuldu. Onlar artıq ət qırıntılarını yeyən yazıq Oliverə nifrətlə baxırdılar.

Noe yurdsuzlar evindən gəlməmişdi, yetimxana uşağı idi. Anası paltaryuyan, atası isə əyyaş əsgər idi. Bir taxta ayaqla istefaya çıxmışdı. Məhəllə uşaqları Noeyə “yetimxana uşağı” və başqa rüsvayçı adlar verirdilər. Noe bunlara dözürdü. İndi onun işlədiyi yerə başqa bir yetim gəlmişdi. Noe bütün acığını Oliverdən çıxarmaq istəyirdi.

Üç-dörd həftə keçdi. Günlərin birində mister və missis Sauyerberilər şam edirdilər. Mister Sauyerberi arvadına dedi:

– Əzizim, səninlə bir məsələdə məsləhətləşmək istəyirəm. Tvist barəsində. Xoşsifət və yapışıqlı oğlandır. Onun sifətində qəmgin bir ifadə var. Məncə, belə kədərli görkəm dəfn mərasimlərində gözəl təəssürat yaradar.

Missis Sauyerberi bu ideyanın yeniliyinə valeh oldu.

Oliver Noenin dərsini verir

İlin xəstəlik gətirən fəsli idi. Tabuta böyük ehtiyac vardı. Qızılcadan çoxlu uşaq tələf olurdu. Belə bir halı şəhərin qoca sakinləri də xatırlamırdılar.

Oliver dəfn mərasimlərində başına lentləri dizinə qədər sallanan şlyapa qoyurdu. Onun bu görünüşü adamları kövrəldirdi. Mərasimlərdə sakit dayanıb özünü ələ almağı öyrənmişdi. Mister Sauyerberinin ona olan ümidləri özünü doğrultmuşdu.

Noe Oliverə paxıllıq edirdi. Şarlott onunla pis rəftar edirdi. Missis Sauyerberi də ona düşmən olaraq qalırdı. Oliver bu üç adamın arasında qalmışdı.

Bir dəfə Oliver və Noe həmişəki qayda ilə mətbəxə endilər ki, qoyun ətinə qonaq olsunlar. Bu vaxt Şarlottu yuxarı çağırdılar. Noe fürsətdən istifadə edib Oliveri ələ salmağa çalışdı.

– Yetimxana küçüyü, anan necədir?

– O vəfat edib. Onun haqqında artıq-əskik danışma.

– Anan nədən ölüb, yetimxana küçüyü?

– Ürək xəstəliyindən. Ona qulluq edən qoca arvadlar mənə belə deyiblər.

Bu sözləri deyəndə Oliverin gözündən yaş axmağa başladı.

– Səni belə ağlamağa vadar edən nədir, hə? Ay yetimxana küçüyü, gərək biləsən ki, …

Noe Kleypol Oliverin anası barədə pis söz işlətdi. Bu sözdən sarsılan Oliver bir də soruşdu:

– Nə dedin?

– Eşitdiyini.

Hirsindən qıpqırmızı qızaran Oliver sıçrayıb masanı və stulu aşırdı. Bir dəqiqə əvvəl fağır görünən bu oğlan indi tüğyan edirdi. O, var gücünü toplayıb mərhum anasını təhqir edən Noeyə bir yumruq ilişdirdi, onu yerə yıxıb altına aldı. Sonra boğazından yapışıb Noeni silkələməyə başladı.

Noe bağırdı:

– Şarlott! Xanım! Məni öldürmək istəyir!

Noenin qışqırtısına əvvəlcə Şarlott, sonra xanım gəldi.

– Ax, yaramaz! – deyə Şarlott Oliverin üstünə cumdu. O, kişi qədər qüvvətli idi. – Naşükür, qaniçən, iyrənc!

Şarlott Oliveri döyməyə başladı. Şarlottun yumruğu ağır idi. Missis Sauyerberi də özünü yetirib ona kömək etməyə başladı. Onlar üçlükdə Oliveri dartıb anbara saldılar. Xanım əldən düşmüş halda kresloya oturdu və gözünün yaşını tökməyə başladı.

– Ah, aman Tanrım! – deyə Şarlott qışqırıb şivən qopardı. – Noe, əzizim, tez bir stəkan su gətir! Tez ol!

– Ah, Şarlott, böyük xoşbəxtlikdir ki, o, bizim hamımızı öz yatağımızda doğramayıb!

Şarlott o saat onun sözünü təsdiq etdi:

– Bəli, elədir! Sağ qalmağımız böyük xoşbəxtlikdir, missis.

– Yazıq uşaqcığaz! – xanım şəfqətlə Noeyə baxdı. – Bəs indi nə edək? Ağanız da evdə yoxdur. O hərif elə indicə qapını vurub açacaq.

Elə bu vaxt Oliver qapıya bir təpik ilişdirdi. Şarlott dedi:

– Aman allah, missis… Bəlkə, polis çağıraq?

– Yaxud da əsgərləri, – deyə Kleypol təklif etdi.

Birdən xanımın yadına mister Bambl düşdü.

– Yox! Noe, tez ol, mister Bamblı çağır. Bıçağı götür, yolda tiyəsini yumruq dəymiş gözünün altına qoy ki, şişi çəkilsin.

Noe cəld yerindən götürüldü. Küçədə uşağın qatlama bıçağı gözünə qoyub camaatın arasından özünə yol açmasını görənlər bərk heyrət edirdilər.

Oliverin qiyamı

Noe Kleypol darvazanın ağzına çatdı. Hönkürüb ağlamaq və qorxmuş sir-sifətini daha da büzüşdürmək üçün bir dəqiqəliyə dayandı. Qapını döydü.

– Mənə mister Bambl lazımdır! Mister Bambl!

O, saxta bir həyəcan və təşvişlə qışqırırdı. Bu qışqırtı mister Bamblı özündən çıxardı.

– Ah, mister Bambl, ser! Oliver, ser… Oliver…

– Nə var? Nə olub? Yoxsa qaçıb?

– Yox, ser! Qaçmayıb, ser! O, cani imiş, ser! İstəyirdi məni öldürsün. Sonra Şarlottu öldürmək istəyirdi. Evin xanımını da öldürmək istəyirdi.

Noe ilanbalığı kimi qıvrılmağa başladı. Bununla göstərmək istəyirdi ki, çox ciddi zədələnmişdir. O, istəyirdi ki, həyətdə gəzən ağ jiletli adamın da diqqətini özünə cəlb etsin. Ağ jiletli adam onu gördü və soruşdu ki, bu yaramaz uşaq niyə ulayır?

– Tvist adlı o uşaq bunu, az qala, öldürürmüş, ser.

Ağ jiletli adam quruyub qaldı və dedi:

– Lənət şeytana! Mən bilirdim ki, belə də olacaq! O uşağın ömrü gec-tez dar ağacında qurtaracaq!

– O hələ istəyirmiş ki, qulluqçunu da öldürsün, ser! – deyə mister Bambl əlavə etdi.

– Hələ öz xanımını da öldürmək istəyirdi, – deyə Kleypol da üstünü düzəltdi.

– Bayaq deyirdin ki, öz ağasını da öldürmək istəyirmiş, hə, Noe? – deyə mister Bambl birini də artırdı.

– Yox, ağa evdə yoxdur, – deyə Noe cavab verdi. – Amma Oliver deyirdi ki, onu da öldürəcək!

Ağ jiletli centlmen təəccüblə soruşdu:

– Necə? Deyirdi ki, öldürəcək?

– Bəli, ser. Xanım istəyir ki, mister Bambl gəlsin və o yaramazı kötəkləsin.

Ağ jiletli adam Noenin başını sığallayıb dedi:

– Sən yaxşı uşaqsan. Al sənə bir penni verim. Bambl, öz əl ağacınızla oraya gedin. Ona yazığınız gəlməsin, o yaramaza aman verməyin, Bambl.

Mister Bambl kötək üçün hazırlanmış əl ağacını götürdü və dedi:

– Aman verməyəcəyəm, ser. Buna əmin olun.

Ağ jiletli centlmen əlavə etdi:

– Bədəni göyərməsə, ondan heç nə çıxmaz.

Dükandakı vəziyyət dəyişməmişdi. Oliver hələ də anbarın qapısını içəridən təpikləyirdi.

Bambl alçaq, lakin zəhmli səslə dedi:

– Oliver!

– Məni buraxın! – deyə Oliver anbardan səsləndi.

– Sən mənim səsimi tanıyırsanmı, Oliver?

– Bəli, tanıyıram.

– Bəs qorxub titrəmirsən?

– Xeyr, – deyə Oliver cəsarətlə cavab verdi.

Bu cavab mister Bamblı əməlli-başlı sarsıtdı. Qapıdan geri çəkildi. Heyrətlə ətrafındakılara baxdı. Missis Sauyerberi dedi:

– Ah, mister Bambl, yəqin, onun ağlı başından çıxıb. Yoxsa sizinlə bu cür danışmağa cəsarət etməzdi.

– Bu dəlilik deyil, missis. Bu – ətdəndir.

– Deyirsiniz nədəndir?

– Ətdən, missis, ətdən! Siz onu çox yedirdirsiniz. Təkcə bir horranın ümidinə qalsaydı, belə iş baş verməzdi.

Xanım dindar bir adam kimi başını qaldırıb tavana baxdı:

– Ah, aman Tanrım! Bu da bizim səxavətli olmağımızın nəticəsi!

Onun səxavəti bunda idi ki, tör-töküntüləri, heç kəsin yeməyəcəyi qırıntıları Oliverin qabağına tökməyə xəsislik etmirdi.

Mister Bambl isə öz tövsiyyələrini verməyə davam edirdi:

– Ona şagirdlik müddəti qurtarana qədər yalnız horra vermək lazımdır, missis Sauyerberi.

Bu böhranlı dəqiqələrdə ağa gəlib çıxdı. Arvadı, Şarlott və Noe birinin üstünə beşini qoyub ona danışdılar. Mister Sauyerberi anbarın qapısını açdı. Şagirdinin yaxasından yapışıb bayıra çıxardı.

Oliverin paltarı tikə-tikə olmuşdu, saçları pırtlaşıq, üz-gözü göyərmişdi. Amma gözləri alışıb-yanırdı. O, qorxunc bir nəzərlə Noeyə baxdı.

– Daha sözüm yoxdur, – deyib mister Sauyerberi Oliveri silkələdi və bir şapalağa qonaq elədi.

– O, mənim anamı söyürdü, – deyə Oliver cavab verdi.

– Nə olsun ki, söyüb? Çox böyük iş olub! Sənin anan barədə nə deyibsə, yerində deyib. Anan elə o cür sözlərə layiqdir! – missis Sauyerberi çığırdı.

– Yox, layiq deyildir! – deyə Oliver cavab verdi.

– Yox, layiqdir, – deyə missis Sauyerberi bir də təkrar etdi.

– Bu, yalandır! – deyə Oliver qışqırdı. – Yalandır!

Missis Sauyerberinin durmadan ağladığını görən ağası Oliveri elə kötəklədi ki, nəhayət, arvadını razı saldı. Mister Bamblın əl ağacına isə ehtiyac qalmadı.

Axşama qədər Oliver anbarda qaldı. Axşam missis Sauyerberi gəlib qapının dalından onun anası barədə yenə xoşagəlməz sözlər dedi. Noe və Şarlott da tez-tez gəlib ona atmacalı sözlər deyirdilər. Sonra missis Sauyerberi ona yuxarı qalxmağı və öz miskin yatağına getməyi əmr etdi.

Oliver qaranlıq dükanda oturub düşünürdü. Anasını təhqir edəni döydüyü üçün qəlbi iftixar hissi ilə dolmuşdu. Onu heç kəs görmür və eşitmirdi. O, diz çöküb ağladı.

Soyuq və qaranlıq bir gecə idi. Oliver şam işığında əşyalarını səssizcə yığıb bağlama düzəltdi. Skamyada oturub səhərin açılmasını gözlədi. Hava işıqlaşanda küçəyə çıxdı.

Oliver mister Bamblın onu fermadan gətirdiyi yolu yaxşı xatırlayırdı. Həmin yolu tutub irəlilədi. Bir azdan gəlib fermanın böyrünə çıxdı. Deyəsən, hamı yuxuda idi. Oliver dayandı və bağa boylandı. Birdən gördü ki, uşaqlardan kim isə orada ləki təmizləyir. Oliver onu tanıdı. Bu uşaq onun əvvəlki yoldaşlarından idi.

Uşaq onu görən kimi qapıya – Oliverə sarı qaçdı.

– Səs salma, Dik! Yatağından qalxan var?

– Məndən başqa, heç kəs.

– Dik, məni gördüyünü heç kəsə demə. Mən qaçmışam. Məni döyür və incidirdilər. Qərara gəlmişəm ki, səadətimi başqa yerdə axtarım. Sən nə yaman saralmısan, Dik!

– Doktor deyirdi ki, öləcəyəm. Özüm eşitdim, – deyə uşaq ötəri gülümsəyib cavab verdi. – Çox şadam ki, səni gördüm. Amma vaxt itirmə, çıx get!

– Yox, mən səninlə vidalaşmaq istəyirəm. Biz yenə görüşəcəyik, Dik. Bilirəm ki, görüşəcəyik. Sən sağalacaqsan, xoşbəxt olacaqsan!

– Ümidim var, amma öləndən sonra. Mən bilirəm, doktor haqlıdır, Oliver. Çünki yuxuda həmişə göyləri, mələkləri, heç vaxt görmədiyim xeyirxah insanları görürəm. Məni öp, – deyə oğlan alçaq qapının üstünə dırmaşdı və zəif əllərini Oliverin boynuna doladı. – Əlvida, dostum, Tanrı sənə yar olsun!

Oliver ömründə ilk dəfə idi ki, ona ünvanlanan xeyir-dua eşidirdi. O, bu xeyir-duanı heç vaxt unutmadı.

Oliver Londona yollanır

Oliver çəpərlərə qısıla-qısıla qaçaraq gəlib böyük yola çıxdı. O qorxurdu ki, onu təqib edib tutarlar.

Nəhayət, dincəlmək üçün bir dirəyin yanında oturdu. Dirəyin üstünə iri hərflərlə yazılmışdı ki, buradan Londona yetmiş mil məsafə var. Bu yazı onda qəribə fikir oyatdı. London!.. Əzəmətli, böyük şəhər!.. Mister Bambl onu orada tapa bilməz…

Onun bağlamasında bir parça çörək, cod köynək və iki cüt corab vardı. Bundan əlavə, cibində bir penni pulu vardı. Bu pulu bir dəfn mərasimindən sonra ona ağası bəxşiş vermişdi. Çünki o dəfndə Oliver xüsusilə fərqlənmişdi. O, bu pulla uzun yolu necə gedəcəyini düşündü.

Həmin gün Oliver iyirmi mil getdi. Bu müddətdə quru çörək qabığından və yolüstü evlərdən xahişlə alıb içdiyi sudan başqa dilinə bir şey dəymədi.

Qaranlıq düşəndə yol kənarındakı biçənəyə döndü. Ot tayalarının birinə girib yatmağı qət etdi. Külək çöldə yaman bərk vıyıldayırdı. Oliver üşüyürdü. O, ac və yorğun idi.

Səhər qalxanda soyuqdan bədəni qurumuşdu. Bir yandan da aclıq onu əldən salmışdı. Gün ərzində on iki mil gedə bildi. Qıçları sızıldayırdı. Oliver o gecəni də soyuq bir yerdə keçirdi. Səhər ayaqlarını güclə sürüyürdü.

Oliver kəndlərdə vurulmuş iri lövhələrə tez-tez rast gəlirdi. Lövhələrin üzərində dilənçilik edənlərin həbsxanaya düşəcəyi yazılmışdı. Bu yazıları görəndə Oliver çox qorxurdu.

Bəzən kəndlərdə mehmanxanaların qabağında dayanıb qəmli baxışları ilə ora girib-çıxanlara baxırdı. Mehmanxana sahibləri düşünürdülər ki, bu uşaq nə isə oğurlamaq istəyir. Odur ki, onu qovurdular. Kiminsə evinin önündə dayanıb bir şey istəyəndə itləri üstünə salardılar.

Ac olduğu üçün tamam taqətdən düşmüşdü. Belə getsə, ölüb yolda qalacaqdı. Ən acınacaqlı vaxtında Oliver yolunun üstündə olan qarovulxanada rəhmdil bir gözətçiyə və şəfqətli qoca bir lediyə rast gəldi. Gözətçi onun qarnını pendir-çörəklə doyurdu.

Qoca ledinin bu zavallı yetimə yazığı gəldi və ona bacardığı qədər pay verdi. Ən böyük bəxşişi isə o oldu ki, halına acıdı və ağladı, ona xeyir-dua verdi və mehriban sözlər dedi.

Yeddi gün sonra Oliver axsaya-axsaya Barnet şəhərinə gəlib çıxdı. Bir pilləkəndə oturdu. Bəziləri ona baxıb keçirdilər. Lakin heç kəs onun halını soruşmurdu. Oliver bir yerdə oturub qalmışdı. Əl açıb dilənməyə belə taqəti yox idi.

Birdən fikir verdi ki, bir neçə dəqiqə əvvəl ona baxıb keçən gənc centlmen geri qayıdıb küçənin o tərəfindən ona baxır. Oliver də başını qaldırıb gözünü ona zillədi. Bunu hiss edən oğlan küçəni keçib ona yaxınlaşdı:

– Cavan oğlan, nə baş verib?

O, Oliverlə eyni yaşda olardı. Amma özünü çox ciddi aparır və yaşlı adam kimi danışırdı. Başına şlyapa qoymuşdu.

– Mən çox yorğun və acam, – deyə gözləri yaşarmış Oliver cavab verdi. – Yeddi gündür yol gəlirəm.

– Yeddi gün, – deyə gənc centlmen səsləndi. – Yəqin ki, dimdiyin əmri ilə, hə? – Oliverin təəccübünü görüb əlavə etdi. – Dostum, deyəsən, “dimdik” sözünün nə demək olduğunu bilmirsən, hə?

Oliver dedi ki, bu söz quşların ağzını bildirir.

– Yaman təcrübəsizsən. Dimdik – hakimdir, məhkəmə hakimi! Hakimin əmri ilə bir yerə getdinmi, bil ki, o yol birbaşa səni dar ağacına aparır. Ondan isə qırılıb düşmək çətin məsələdir. …Yaxşı, qulaq as, sənə yemək lazımdır. Amma mənim də əlim aşağıdır. Lakin olanımı sənin yolunda xərclərəm. Qalx, getdik.


Gənc centlmen onu süd dükanına apardı. Vetçina və bir bulka aldıqdan sonra Oliveru bir aşxanaya apardı, onu yeməyə qonaq etdi. Oliver təklifdən istifadə edib yeməyə başladı. Oğlan isə bu zaman ona diqqətlə baxırdı.

Oliver yeməyi qurtaranda qəribə oğlan soruşdu:

– Londonda mənzilin var?

– Xeyr.

– Pulun var?

– Xeyr.

Oğlan fit çaldı və əllərini cibinə basdı.

– Siz Londonda yaşayırsınız? – deyə Oliver soruşdu.

– Hə, öz evimizə gedəndə orada oluram, – deyə oğlan cavab verdi. – Yəqin ki, sən də bir yer axtarmaq fikrindəsən, elədirmi?

– Elədir. Öz şəhərimizdən çıxandan bəri ancaq açıq səma altında yatmışam.

– Yaxşı, gözlərini ovuşdurma. Bu axşam Londonda olmalıyam. Orada mənim dostum var, çox hörmətli qoca bir centlmendir. O, sənə müftə sığınacaq verər.

Oliver öyrəndi ki, öz yeni dostunun adı Cek Daukinsdir. Yaxın dostları isə ona “Zirək Cüvəllağı” deyirlər.

Axşamın düşməsini gözləməli oldular. Bir neçə küçədən keçdilər. Küçələrdən birini keçəndə Cüvəllağı yüyürməyə başladı. Oliverə də onunla daban-dabana qaçmağı əmr etdi.

Oliver qaça-qaça ətrafına diqqət edirdi. Ömründə belə miskin bir yer görməmişdi. Gecəydi, amma ətrafda çoxlu sahibsiz uşaq qaynaşırdı, meyxanalardan sərxoşların mahnıları eşidilirdi. Kiçik evlərin yanında arvadlar və kişilər zibillikdə eşələnirdilər. Evlərin yanında şübhəli gənclər gözə dəyirdi.

Bunları gördükdə Oliver yeni dostundan yayınıb qaçmaq istədi. Lakin Daukins bir evin qarşısında ayaq saxladı. Oliver də dayanmalı oldu. Bələdçisi onun əlindən tutub dəhlizə dartdı və qapını örtdü.

Cüvəllağı fit verdi.

– Hey, kimdir orada?

– Fırıldaq və uğur.

Qapıda bir kişi sifəti göründü. Bir əlində şam, o biri əli gözünün üstündə soruşdu:

– Siz iki nəfərsiniz ki! O ikinci kimdir?

– Təzədir, – deyib Cüvəllağı Oliveri irəli itələdi.

Onlar qaranlıq və natəmiz bir otağa daxil oldular. Bir qoca yəhudi məftildən asılmış tavada çörək qızardırdı. Onun üz-gözü qırışmış, pırtlaşıq qırmızı saçları sifətinə dağılmışdı.

Asılqandan xeyli sayda burun dəsmalı sallanırdı. Döşəməyə bir neçə mitil kisə sərilmişdi. Masanın arxasında dörd-beş yeniyetmə əyləşmişdi. Onlar Cüvəllağı yaşda olardılar, amma özlərini kişi kimi aparır, qəlyan çəkir, içki içirdilər.

Yəhudi Oliveri salamladı. Gənc centlmenlərdən biri qayğı ilə Oliverin papağını alıb asdı. O biri isə iki əlini onun ciblərinə salıb yoxladı. Qoca yəhudi əlindəki yağlı çəngəli onların başlarına və çiyinlərinə vurmasaydı, bəlkə, daha dərinə gedəcəkdilər.

Yəhudi dedi:

– Biz səninlə tanış olmağımıza çox şadıq, Oliver. Cüvəllağı, sosiskanı odun üstündən götür. Ocağın yanında Oliverə yer elə. Biz lap indicə burun dəsmallarını çeşidləyib yuyulmaq üçün hazırlamışıq. Ha-ha-ha!

Bütün dəstə hay-küylə yeməyə girişdi. Oliver də arabir əlini yeməyə uzadırdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

5,0
2 puan
₺49,16
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
106 s. 11 illüstrasyon
ISBN:
9789952241396
Telif hakkı:
Altun Kitab / Алтын Китаб
Metin
Средний рейтинг 4,8 на основе 10 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 3 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 1 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок