Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Erkən gələn durnalar, Ana tarla», sayfa 2

Yazı tipi:

Atası onu bir az sakitləşdirdi:

– Atları çox qovma. Onlar öz işlərini bilirlər. Həm qaçırlar, həm də canlarını qoruyurlar.

– Bəs onların hansı ötədir, ata, Çabdar, yoxsa Çontoru?

– Hər ikisi ötədir. Qaçışda da, gücdə də. Maşın kimi işləyirlər. Təki vaxtında və doyunca yemlə, qoşqusuna fikir ver – heç vaxt dilini gödək eləməzlər. Etibarlı atlardır. Bildir Çüy kanalında, bataqlı, killi bir yerdə işləyirdik. Arabalar təkər topunacan batırdılar bəzən. Bir də onu görürdün birinin arabası batıb, nə irəli – nə geri. İstəyirsən lap «qarovul!» – deyə qışqır. Qaçıb mənim üstümə gəlirdilər – aman günüdür. Üz vurur, xahiş edirdilər. Necə mağmın qoyasan? Öz Çabdarımı və Çontorumu gətirib onların arabasına qoşurdum – di gəl tamaşa elə: dinəndə onlara heyvan deyirik amma düşüncələri var, hiss edirdilər ki, özgə arabasına elə-belə qoşulmayıblar, kömək etmək lazımdır. Atlarımı qamçıyla tərpətməzdim, səsimi eşitdirməyim kifayət idi – onlar elə güc verirdilər ki, yan qayışları qırılmasa, diz çökürdülər, amma dolu arabanı xəndəkdən dartıb çıxardırdılar. Bunları Çüy kanalında hamı tanıyırdı, qibtə edirdilər: bəxtin gətirib, Bekbay, deyirdilər. Bəlkə də elədir, amma atlara qulluq lazımdır, onda bəxt də gətirir.

Çabdar və Çontoru isə rahat yorğayla işgüzarcasına səkir, onlar haqda nə danışıldığını heç veclərinə də almırdılar. Paçaları tərləmiş, qulaqları islanmışdı, eləcə yalmanlarını yellədə-yellədə, yol çibinlərindən başlarını silkələyə-silkələyə qaçmaqda idilər.

– Ata, bəs bunların hansı yaşlıdır? – deyə Sultanmurad soruşdu. – Çabdar yoxsa Çontoru?

– Çontoru üç yaş böyükdür. Gözümdən qaçmır: Çontoru yavaş-yavaş qocalır, hərdən tövşüyür. Amma Çabdarın saz vaxtıdır. Təpərli, qaçarlı atdır. Onun belində cıdıra da çıxsan, çoxlarını arxada qoyar. Keçmişdə bu cür atlar haqda deyərmişlər: əsl igid atıdır.

Sultanmurad buna çox sevindi, çünki Çabdar onun xoşuna daha çox gəlirdi. Qənirsiz kəhər idi – xırdaca xallı çal at. Özü də bu güclü, yaraşıqlı axta kəhər həlim idi, harın deyildi.

– Mənim isə Çabdar daha çox xoşuma gəlir, – deyə o, atasına bildirdi. – Çontoru xəfgir atdır. Yaman tərs-tərs baxandır.

– Kəfgir at deyil, əksinə, ağıllıdır, atası gülümsündü. O, boş-bekar usandırılmağı xoşlamır. – Və bir az susub əlavə etdi: – Hər ikisi yaxşıdır.

Oğlu da onunla razılaşdı.

– Hər ikisi yaxşıdır, – deyə təkrar edərək atları dəhmərlədi.

Bir az keçəndən sonra atası dedi:

– Hə-hə, toxta görək, saxla arabanı. – Özü də rahatca fit çalaraq gözlədi. – Atlar rahatlanmaq istəyirlər, amma dilləri yoxdur, deyə bilmirlər. Bunu hiss etmək lazımdır.

Doğrudan da axta atın ikisi də şırıltılı, köpüklü şırnaqlarla yolu islatmağa başladılar, onların ayaqları altındakı pudra kimi narın toz qatı isə nəmi canına Hopduraraq şişib kömbələdi.

Sonra onlar yenə tərpəndilər. İrəliyə doğru yol uzandıqca uzanırdı, arxada qalan dağlar get-gedə daha da aralanırdı.

Çox keçmədi, qabaqda şəhər həndəvərinin bağları göründü. Buraya çatanda atası cilovu yenidən özü tutası oldu. Və düz etdi. İndi Sultanmuradın gözünə nə cilov görünürdü, nə də atlar. Şəhərə çatmışdılar. Şəhərin səs-küyü, rəngləri, qoxuları qulaq batırırdı. Elə bil oğlanı coşqun selə atmışdılar və sel də onu fırlada-fırlada, dalğalarda ata-ata aparırdı.

Bax elə onda, həmən o xoşbəxt gün dünyada heç kəsə nəsib olmayan səadət gülmüşdü üzünə, onun bəxti gətirmişdi: Atçabarda, Cambulun iri mal bazarında səyyar zoopark köç salmışdı. Sən hələ təsadüfə bir bax: birinci dəfə şəhərə gələsən – orada da işin avandlığından heyvanxana ola, üstəlik də fırlanan yelləncəklər, əyriş-üyrüş güzgülər attraksionu…

2

Gülüş otağına o üç dəfə getdi. Doyunca gülür, sakitləşir, təzədən oraya qayıdırdı, həmin o möcüzəli əyriş-üyrüş güzgülərin yanına. Ölsən də, qalsan da ömrün boyu belə şeyi düşünüb tapa bilməzsən.

Muğayat olsunlar deyə atası arabanı tanış bir çayxanaçıya tapşırdıqdan sonra oğlunu aparıb bazar boyu gəzdirirdi. Əvvəl-əvvəl atasının burdakı özbək dostları ilə salamlaşdılar. «Əssalam əleyküm! Mənim böyük oğlumdur», – deyə Bekbay onu tanışlarına təqdim edirdi. Özbəklər Yerlərindən azacıq qalxır, əlini döşünə qoyaraq Sultanmuradı salamlayırdılar. «Nəzakətli xalqdır!» – atası məmnun halda dillənirdi.

Sonra satış malları sıralarına baxdılar, mağazalara baş çəkdilər, ən başlıcası isə heyvanxananı gəzib dolaşdılar. Adam yığnağını yara-yara bütün qəfəslərə və ağıllara baxırdılar. Fil, ayılar, meymunlar – nə başınızı ağrıdım, daha, nələr, nələr…

Sultanmuradın ən çox yadında qalan fil oldu – otu yandırılmış təpə kimi bozumtul-kül rəngli, tez-tez bir ayağından o biri ayağına mətərislənən, xortumunu yellədən nəhəng fil. Adamlar dayanıb gözlərini filə zilləyərək, olmazın şeylər danışırdılar. Deməzsənmi, fil siçandan qorxur. Deməzsənmi, onu cırnatmaq olmaz, yoxsa allah göstərməsin, zəncirdən qopar, şəhəri elə dağıdar ki, daşı daş üstə qalmaz. Amma, orası da var ki, Sultanmuradın daha çox bəyəndiyi qoca özbəyin hekayəti oldu: sən demə fil yer üzünün ən ağıllı heyvanı imiş. Meşə işlərində o öz xortumuyla ən ağır tirləri qaldırıb daşıyır, hələ bu harasıdır, əgər fil görsə ki, yaxınlıqda yaşlılardan heç kəs yoxdur və tək qalmış uşağı ilan çalmaq istəyir, yaxud qeyri təhlükə baş verə bilər, onda dərhal xortumunu işə salır, körpəni yerdən götürüb xilas edir.

Bu cür hekayətlər atasının da xoşuna gəlirdi. O, yerində dayanaraq heyrətlə başını bulayır, dilini nırçıldadır, hər dəfə də oğluna müraciətlə deyirdi: «Eşitdinmi? Dünyada gör necə möcüzələr var imiş!»

Bir də gülüş otağı, əlbəttə, yadında qalmışdı. Get, orda özün-özünə lap uğunanacan gül…

Sultanmurad özündən bir neçə parta arxada oturan Mırzagülə altdan-altdan göz ağartdı. «Sənin yərindir o gülüş otağı! – icməylə fikirləşdi. – Dərhal ayrı cür danışardın, ay gözəl! O əyriş-üyrüş güzgülərdə əksini görən kimi daha özünü heç dartmazdın». Oğlan elə bu dəm öz fikrindən xəcalət çəkdi. Nə yapışıb yazığın yaxasından, axı qız ona nə pislik eləyib? Özünə görə o da bir qızdır, intəhası sinifdəkilərin hamısından gözəldir. Buna görə təqsiri nədir? Bəzən hələ «jaman»3 da alır.

Bir dəfə dərs vaxtı müəllim onun cib güzgüsünü əlindən almışdı. Güzgülənməyə tez başlamısan demişdi. Onda Mırzagül qıpqırmızı pörtmüşdü, az qalmışdı ağlasın. Sultanmurad o gün nədənsə qızın əvəzinə pərt olmuşdu. Dünya dağılmayıb ki, güzgüdür də, bəlkə təsadüfən düşüb qızın əlinə…

Sultanmurad qıza tərəf bir də baxdı, ona yazığı gəldi. Göm-göy göyərmişdi. Mırzagül, soyuqdan büzüşüb yumağa dönmüşdü, nəmli gözləri islanmış daşlar kimi işıldayırdı, bəlkə də ağlayırdı qız. Axı onun atası da, qardaşı da cəbhədəydilər… O isə qız barədə gör necə də pis fikirləşir. Eh, axmaqsan, Sultanmurad!

Sinifdəkilərin çoxu soyuqdəymədən öskürürdü. Bəlkə o da ökürsün hə? Özü də yalandan öskürməyə, silkələnməyə, əzilib-büzülməyə başladı. Nə olsun, hamı öskürür, o niyə öskürməsin, kimdən əskikdir ki? İnkamal müəllimə mənalı-mənalı ona göz ağartdı.

3

Heyvanxananı və gülüş otağını seyr etdikdən sonra onlar ara bazarına getdilər. Elə buradaca bəzi hədiyyələr aldılar. Hacımurada oyuncaq tapança – təptəzə, qəşəng, metal parıltılı, ilk baxışdan əsl naqandı ki, naqan. Qızlara isə rezin sapdan asılmış balaca yumşaq toplar aldılar. Rezin sapı dartanda top aşağı-yuxarı atılıb düşürdü. Anasına baş yaylığı, sonra da şirni-şirniyyat və başqa şeylər…

Bazarı başdan-başa gəzib dolaşdılar, hər şeyə baxdılar, oğlan təkcə fırlanan yelləncəyə minmədi, sözün düzü, bunu atası da təklif etmədi. Bu, dedi, uşaqlar üçündür, sənsə yekə igidsən, iki il keçər, səni evləndirərik. Zarafat edirdi kişi. Fırlanan yelləncəklərin yanında bir az dayandılar, tamaşa etdilər. Sonra atası tələsdirdi: – Stansiyaya, neft bazasına özümüzü çatdırmalıyıq, – dedi; çəlləkləri doldurandan sonra gəldiyimiz yolla geri qayıtmalıyıq. Vaxt daralmışdı. Gün şəhərin o tərəfinə əyiləndə onlar neft bazasına çatdılar. Buradan şəhərətrafı ilə getdilər, yolüstü çayxanada toqqanın altını plovla bərkidəndən sonra geriyə üz tutdular.

Axşam alaqaranlığında şəhərətrafı bağları arxada qoyaraq gündüz şəhərə gəldikləri həmin yola çıxdılar. Otların rayihəsini canına hopduran axşam havası ilıq və təravətli idi. Yolkənarı arxlarda qurbağalar quruldaşırdı. Atlar rahat yerişlə gedirdilər, dolu çəlləklərlə çox da iti getmək olmazdı. Sultanmuradı bala-bala mürgü basırdı. Yorulmuşdu. Necə də yorulmayaydı, bu gün – günlərin baş günüydü. Heyf ki, arabada uzanıb yatmaq üçün yer yox idi. Yaman yatmaq istəyirdi. Sultanmurad atasının çiyninə söykənərək, dünyadan xəbərsiz kimi yuxuya getdi. Təkərlər çala-çuxura düşəndə hərdən ayılırdı və dərhal da dərin yuxuya qapılırdı. Özü də hər dəfə yuxulamazdan əvvəl məqam tapıb fikirləşə bilirdi ki, nə yaxşı dünyada atalar varmış. Sığındığı ata çiyni onunçün rahat və etibarlıydı. Atların ayaq tappıltısı, arabanın cırıltısı, taqqıltısı isə öz işindəydi.

Azmı getdilər, çoxmu getdilər, Sultanmuradın yadında deyildi, lakin araba dayandı birdən. Təkərlərin səsi kəsildi. Ətrafa sükut çökdü. Atası onu qucağına alıb hara isə apardı.

– Buz baltasıdır, maşallah, aparmaq olmur. Necə də ağ oğlan oldu, – deyə atası onu bağrına basaraq deyinirdi.

Sonra onu quru ot tığının içinə qoyub, üstünü öz sırıqlığıyla örtərək dedi:

– Sən yat, mən də atları açıb otarım.

Sultanmurad heç gözünü də açmadı, elə şirin yatmışdı ki, yalnız yenidən onu fikirləşdi: nə yaxşı, nə yaxşı dünyada atalar varmış…

Atası çəkmələrinin bağını açaraq ayağından çıxardanda o yenə yuxudan oyandı. Bütün günü bu çəkmələr onun ayaqlarını gör necə də sıxırlarmış. Çəkmələrin sıxdığı atamın gözündən yayınmayıb, necə ağlına gəlib görəsən?

O təzədən yuxuladı, özü də bədəni elə asudələşmişdi ki, elə bil maneəsiz bir axına düşərək üzə-üzə gedirdi. Ona elə gəlirdi ki, geniş düzəngahdakı rəngarəng otların üstüylə külək dalğaları uğuldayıb keçir. O, həmin otların arasıyla qaçır, uğultuya qapılaraq batıb-çıxır, özü də üzən o uca yaşıl otluğa yuxarıdan səssiz-səssiz ulduzlar səpələnirdi. Gah burda, gah orda yerə səssizcə yanar ulduz şığıyıb düşürdü. Lakin o qaçıb oraya çatana kimi ulduz sönürdü. Bunun yuxu olduğunu bilirdi. Hərdən ayılanda çidarlanmış atların yaşıl otu dibindən necə biçdiklərini, ağızlarından çıxarılan yüyən gəmlərini cingildədə-cingildədə tayanın ətrafında necə fırlandıqlarını eşidirdi. O bilirdi ki, atası yanındaca yatır, bilirdi ki, çöldə geçələyirlər, əgər gözlərini açsa – doğrudan da göydən yağan ulduzları görə bilər…

Amma yuxu çox şirin olduğundan o, gözlərini açmaq istəmirdi. Gecə yarıdan keçəndən sonra hava ayazıdı. Tədricən yanaşaraq atasının böyrünə sığındı, atası da yuxulu-yuxulu onu özünə sıxdı. Onlar yol üstə, tərtəmiz çöldə, açıq havada yatmışdılar. Bu, sənə isti otaq, nazbalış deyil…

Sonralar ulduzlu yuxunu o, tez-tez xatırlayırdı…

İki addım qonşuluqdakı bildirçinin zərif «qur-qur»u dan sökülənəcən kəsilmədi… Yəqin bütün yer üzünün bildirçinləri xoşbəxtdirlər.

4

– Sultanmurad, sənə nə olub? – deyə İnkamal müəllimə onların partasına yanaşdı və yalnız indi-indi şagirdi onu göz önündə hiss etdi…

– Heç, elə bir şey olmayıb. – Elə bil özünü doğruldurmuş kimi, Sultanmurad ayağa qalxdı.

Sinif otağı əvvəlki kimi soyuq və sakit idi. Uşaqların gülüşü və alışdığı öskürək səsləri eşidildi.

– Sən gah yalandan-gerçəkdən öskürürsən, gah da verilən sualı qulaqardına vurursan, – deyə İnkamal müəllimə soyuqdan çiyinlərini yığaraq bildirdi. – Yaxşısı budur get saman gətir, sobanı alışdır.

Sultanmurad hazır vəziyyətdə eşiyə cumdu. Bəs nə bilmişdin, dərsin ortasında belə şeylər həmişə olmur. Fasilələrdə növbətçilər saman gətirib sobanı qızdırırlar, amma dərs vaxtı bu, nadir hadisədir.

O, eyvana atıldı. Üzünə qar sovruğu dəydi. Eh, bura sənə Seylon deyil. Həyətdən qaçaraq saman mərəyinə tərəf qaçarkən, yaralı cəbhəçi, kolxoz sədri Tınalıyevin atdan necə düşdüyünü gördü. Özü cavan adamdır, di gəl əyriböyür olub. Deyirlər bir neçə qabırğası yoxdur. Sən demə paraşütlə tullanırmış, desantçı imiş. Davadan əvvəl aqronom imiş deyilənə görə. Amma Sultanmuradın belə şeylərdən xəbəri yox idi. Müharibədən əvvəl nə olubsa – ayrı aləmdir, heç inanmaq da mümkün deyil ki, davadan əvvəl yaşayış olub ya yox…

Sultanmurad bir qucaq saman götürüb sinfə qayıtdı, qapını ayaqlarıyla itələyib açdı. Uşaqlar xısınlaşıb dirçəldilər.

– Sakit, fikriniz dağılmasın! – İnkamal müəllimə tələb etdi. – Sultanmurad. Sən də öz işinlə məşğul ol.– Sobada, yanmış saman külünün lap ortasında körpə nəfəsinə bənzər bir közərti qalmışdı. Bir saman çəngəsiylə elə onu üfürüb alışdırası oldu. Sonra bir çəngə də, yenə bir çəngə, saman alovunu uda-uda soba guruldadı. Təki saman atmağı çatdıra biləsən. Sinif azacıq canlanıb şənləndi.

Ürəyindən keçdi, üzünü uşaqlara çevirsin, ağzını əyib kimi isə güldürsün, kimilərini də, ələlxüsus arxa partada oturan Anatayı hər ehtimala qarşı yumruğu ilə hədələsin. Deməzsənmi, o, sinifdə hamıdan böyükdür, on beş yaş yarımın içindədir, arabir hələ Mırzagülə də söz atır. Bu saat ona filan şeyi nə göstərərdi. Acığına, al, ha, al! Amma bunu etmək olmazdı. Müəllimə çox ciddiydi. Həm də onun xətrinə dəymək kişilikdən deyildi. Axır vaxtlar cəbhədəki yeganə oğlundan məktub almırdı. O, topçuların komandiridir. Müəllimə onunla yaman fəxr edir. Əri isə hələ müharibədən əvvəl yox olub, başına nəsə pis iş gəlib. Elə ona görə də müəllimə aula köçüb gəlib, dərs deməklə məşğul olub. Oğlu Cambul pedaqoji məktəbində oxuyurmuş, oradan cəbhəyə gedib. İnkamal müəllimə pəncərədən atlı poçtalyonu görər-görməz, şagirdlərdən birini o dəm məktub üçün göndərər, dərsə-filana baxmaz. Əgər məktub olarsa, geri dönəndə şagirdin ayaqları elə bil yerə dəyməz, quş kimi uçar. Hələ öz aralarında müəyyən bir növbə də düzəltmişdilər – müəlliməyə məktub gətirmək üçün gələn dəfə kim qaçıb getməlidir.

Müəllimənin oğlundan məktub gələn günlər əməlli bayrama çevrilirdi! İnkamal müəllimə məktubu dərhal gözdən keçirərdi və gözünü kağız parçasından ayıranda elə bil sinifdə ayrı müəllim görünərdi. Ağ saçlarını, gümüşü birçəyini səliqəylə gizlədən müəllimənin sevincini görüb sakit dayanmaq mümkün olmadığı kimi, onun gözlərini yaşlı görəndə ürəyin də sıxılmaya bilməzdi.

– Uşaqlar, hamınıza çoxlu-çoxlu salamlar. Sizin aqay sağ-salamatdır. Vuruşur, –deyərək titrək səsini gizlətməyə çalışırdı və bütün sinif şagirdləri onunla birlikdə sevincini büruzə verməyə bilmirdi. Hamı gülümsəyir, ona doğru can atır, sevincini bölməyə çalışırdı. Lakin bir dəqiqə sonra müəllimə xatırladırdı: – İndi isə, uşaqlar, gəlin dərsimizi davam etdirək.

Bu zaman təlimin ən yaxşı, ən gözəl anları başlayırdı: onun sözlərinin gücü sanki çoxalırdı, fikrindən fikir doğurdu, danışdıqlarının, aydınlaşdırdığının, sübut etdiyinin hamısı şagirdlərin ruhuna hopur, beyninə həkk olunurdu. Bu, onun yüksəlişi olurdu, şagirdlər isə sinifdə heyranlıqla oturub dinləyirdilər…

Müəlliməni axır günlər nə isə narahat edirdi, nə isə intizarda qoymuşdu… Yəqin elə ona görədir ki, kolxoz sədri dərs hissə müdirinin müşayiəti ilə sinif otağının qapısında görünəndə, İnkamal müəllimə asta-asta yazı taxtasına tərəf çəkildi. Və hər necə olsa da, özündə güc taparaq dedi:

– Ayağa durun, uşaqlar. Sultanmurad, sən də keç öz yerinə.

Sultanmurad sobanın qapıcığını bağlayıb, cəld öz partasına tərəf cumdu.

Gələnlər salam verdilər.

– Əleykümə salam! – deyə sinif birağızdan dilləndi.

Araya həyəcanlı, şübhəli sükut çökdü. Hətta öskürən də olmadı.

– Bəlkə bir hadisə baş verib? – İnkamal müəllimə soruşdu. Onun səsini qəhər boğdu.

– Elə bir bəd iş yoxdur, İnkamal müəllimə, – Tınalıyev onu dərhal sakitləşdirdi. – Mən ayrı işlə əlaqədar gəlmişəm. Uşaqlarla balaca söhbət etmək istəyirəm. Dərsə girdiyimə görə isə bağışlayın – mənə icazə veriblər, – o, başının işarəsi ilə qocaman dərs hissə müdirini göstərdi.

– Bəli, çox vacib söhbətdir, – dərs hissə müdiri təsdiqlədi. – Əyləşin, uşaqlar.

Sinif elliklə oturdu.

Cəbhədən qayıdandan sonra, payızdan bəri kolxoza təzə-təzə başçılıq etməsinə baxmayaraq, sədri hamı tanıyırdı, elə o özü də burdakıların hamısına bələd idi. İndi isə buraya tanışlığa gəlməmişdi. Bir də, nə ehtiyac var idi? Yeddinci sinfin şagirdləri aulda göz qabağında olan yeniyetmələr idi. Bu yeddinci siniflilərin hər biri ilə evdə də söhbət etmək olardı, idarədə də, yolda da, aulun harasında gəldi, orda da. Lakin şagirdlərlə xüsusi söhbət üçün sədr məktəbə gəlsin – bu, hələ görünməmiş iş idi. Heç söhbət yeridir, bu zaman nə söhbət ola bilərdi? Yay olsaydı, ayrı məsələ, hamı bir nəfər kimi kolxozda işləyir, bəs indi nə söhbət?

– Sizinlə işimin adı belədir, – Tınalıyev sözə başladı, şagirdlərin gərgin sifətlərinə diqqətlə nəzər salaraq, var gücünü toplayır, şax durmağa çalışırdı ki, əyriböyürlüyü nəzərə çarpmasın.–Məktəbiniz soyuqdur, samandan başqa heç nəylə sizə kömək edə bilmirəm. Məlumdur ki, samanın da alışmağıyla sönməyi bir olur. Keçən illərdə məktəbi təzəklə isidirdik. Onu əvvəlcə dağlardan taylarla endirir, sonra arabalara yükləyib daşıyırdılar. Bildir isə bu işlə məşğul olmağa macal da çatmayıb, adam da tapılmayıb. Hamı cəbhədədir. Bağlı anbarda ikicə ton kömürümüz var, Cambulda alverçilərdən almışam. Bu kömür dəmirçixana üçündür. Dəmirçixana üçün bir az dəmir-dümür əldə etmişəm, onu da qanı qiymətinə alverçilər satıb bizə. Vaxt gələr, onlarla haqq-hesab çürüdərik. Hələlik isə vəziyyət olduqca ağırdır. Cəbhədə də vəziyyət ağırdır. Bildir bacara bilməmişik, iki yüz hektar sahəyə payızlıq buğda səpilməyib. Heç kəs günahkar deyil. Müharibə! Belə də olur. Lakin, əgər bizim kolxozda olduğu kimi, bütün kolxozlarda yarımçıq əkib, yarımçıq səpib, yarımçıq yığsalar, onda düşməni yenə basa bilmərik. Bəli, bu dəhşətli qüvvənin öhdəsindən gəlmək üçün çörəyimiz də olmalıdır, mərmimiz də. Uşaqlar, mən sizin yanınıza elə o məqsədlə gəlmişəm, bəziləriniz məktəbi müvəqqəti yarımçıq qoyası olacaq. Vaxt gözləmir, qoşqunu yaz əkininə hazırlamaq lazımdır, bizim qoşqu heyvanları isə elə kökə düşüblər ki, baxanda adamın ürəyi ağrıyır – ayaq üstə güclə dayanırlar. Sökülüb-dağılmış qoşqu ləvazimatını hazırlamaq, kotanları, toxumsəpənləri təmir etmək lazımdır, onlar isə qar altında qalıb çürüyür… Bütün bunları niyə deyirəm? Ona görə ki, payızlıq səpinimizin boş qalan sahəsinin əvəzini yazlıq səpinlə çıxmalıyıq. Nəyin bahasına olursa olsun, danışıqsız, cəbhədə olduğu kimi. Bu isə o deməkdir ki, plandan əlavə öz qüvvəmizlə iki yüz hektar sahəni şumlamalı və səpməliyik. İ-ki y-ü-üz! Başa düşürsünüzmü? Bəs işçi qüvvəsini hardan alaq, kimə arxalanaq? Qərara gəldik ki, nəyimiz var-var, üstəlik yaz əkin-səpin kampaniyası hazırlığına əlavə olaraq, ikigavahınlı kotançılar briqadası da təşkil edək. Çox düşünüb-daşındıq. Qadınları göndərə bilmərik. Sahə uzaqda, Aksay çölündədir. Adam yoxdur. Axır bu qərara gəldik ki, kömək üçün sizə, şagirdlərə müraciət edək…

Sitildəyə-sitildəyə həmişə geydiyi boz əsgər şineli əynində, qulaqlı boz papağı başında, qayğılı sərt sifətli, özü isə hələ cavan olan əyriböyür, tayqabırğa, vərdiş etdiyi yol çantası da sırtında, tündməcaz, qaradinməz sədr Tınalıyev belə deyirdi…

Belə deyirdi məktəb yazı lövhəsinin yanında dayanan sədr Tınalıyev və bu lövhədən bir coğrafiya xəritəsi asılmışdı və insanlar ağıl edərək bu xəritədə bütün torpaqları, hələ Seylon, Yava, Sumatra, Avstraliya kimi möcüzəli isti ölkələri də yerləşdirmişdilər və yaşayanda gedib oralarda yaşayasan, kef edəsən, dünya vecinə gəlməyə…

Bax belə deyirdi sədr Tınalıyev…

Bayırda isə çovğun güclənmişdi, əsib sovururdu, pəncərə deşiklərində vıyıldayırdı. Soyuqdan təntiyən, başını küləkdən gizlətməyə çalışan sədr atının şalbanın yanında ayaqlarını yerə necə döydüyünü Sultanmurad pəncərənin qabağından aydınca görürdü. Külək isə atın yalmanını yoluşdurur, sallaq uzun quyruğunu yana atırdı. At yaman üşüyürdü…

Hə, bura sənə Seylon deyil!..

– Dərslərinizdən sizi kef üçün ayırmıram, – Tınalıyev aydınlaşdırdı. – Bu, məcburiyyətdən doğan bir tədbirdir. Özünüz başa düşməlisiniz. Dava yatandan sonra, bəlkə də bir az tez, sağ qalsam, bu oğlanları özüm məktəbə gətirəcəm, xahiş edəcəm ki, təhsillərini davam etdirsinlər. Amma hələlik bizimki belə gətirib…

Sonra dərs hissə müdiri danışdı. Sonra Tınalıyev təzədən sözə başladı. Sinifdə canlanma başlayanda – uşaqlar əllərini qaldıranda ki: mən işləməyə getmək istəyirəm, – Tınalıyev dərhal məsələni aydınlaşdırdı.

– Əgər hər kəs belə fikirləşirsə ki, mən hamını işə apararam, o, səhv edir. Kim pis oxuyursa, deməli, pis də işləyər. İkincisi də, yaxşı şagird itirdiyi vaxtın əvəzini, sonra çıxa bilər. Hə, Sultanmurad, sən sinifdaşların arasında deyəsən hamıdan böyüksən…

Uşaqlar səsləndilər.

– Sinfimizdə hamıdan böyük Anataydır. Bu günlərdə on altı yaşı tamam olur.

– Mən yaşdan danışmıram. Boyu nəzərdə tuturam. Bura bax, Sultanmurad, – o yenə oğlana müraciət etdi. – Sən bildir bağça-bostan yeri əkmisən, elə deyilmi?

– Elədir, – deyərək Sultanmurad ayağa durdu. – Aral vadisində yer əkmişəm.

– Özü də dördatlı, ikigavahınlı kotanla?

– Bəli, dördatlı, ikigavahınlı kotanla əkmişik, amma onda mən yalnız kömək edirdim. Sartbayın kotanı idi, indi o, əsgərlikdədir. Bağça-bostan işi yubanırdı. Ağsaqqal Çəkiş üz vurdu, mən də kömək etdim.

– Mən bunu bilirdim. Elə ona görə də səndən başladım, –deyə sədr fikrini bəyan etdi.

Hamı dönüb Sultanmurada baxdı. Gözü Mırzagülün baxışını aldı. Qız ona o biriləri kimi deyil, ayrı cür baxırdı və özü də qəflətən qıpqırmızı qızardı, elə bil onun haqqında danışırdılar. Sultanmurad bundan pərt oldu, hələ ürəyi də guppuldadı.

– Bağça-bostan yeri mən də əkmişəm! – deyə Anatay yerindən qışqırdı.

– Mən də, – Erkinbəy onun səsinə səs verdi.

Bunun ardınca başqa səslər də ucaldı.

Lakin Tınalıyev xahiş edərək onları sakitləşdirdi.

– Uşaqlar, gəlin işimizi qayda ilə görək. Məsələ çox ciddidir. Əvvəlcə oxumaqdan başlayaq. Dərslərin necədi? – o yenə də Sultanmurada üz tutdu.

– O qədər də yox, – deyə Sultanmurad mızıldandı.

– Necə yəni, o qədər də yox?

– Belə də, o qədər də pis deyil.

– Amma o qədər yaxşı da deyil, – səhərdən bəri sakitcə dayanmış İnkamal müəllimə söhbətə qarışdı. – Ona həmişə deyirəm: sən daha yaşı oxuya bilərsən, bundan yüz dəfə artıq olarsan. Çox zəkalı oğlandır. Di gəl ki bəladır – başı havalıdır.

– Hə-ə, – sədr fikirli halda səsləndi. Mən isə güvənirdim… Nə isə. Atan cəbhədədir. Belə çıxır ki, onunçün çörək qazanmalısan. Bəs sən necə, Anatay?

– Elə mən də onun kimi, – deyə cavab verdi, qaşqabağını tökərək ayağa durdu.

– Belə çıxır ki, biri o birindən qalmaz, – Tınalıyev gülümsündü, azacıq susaraq dedi: – Təzədən məktəbə qayıdandan sonra təhsilin qədrini bilərsiniz. Öz başım çəkib, yaxşı bilirəm. Bir şey olan kimi, bəli, rədd olsun oxumaq, gedib işləyərəm. Məgər təkcə işləmək üçünmü yaşayır insan? Necə bilirsən, Anatay?

Anatay istədi nə isə aydınlaşdırıb desin, amma etiraf etdi:

– Bilmirəm.

– Hər şeyi mən də bilmirəm, – Tınalıyev söhbəti davam etdirdi, – müharibə araya düşməsəydi gedib oxuyardım, hələ imkan olardı oxumağa.

Sinifdə açıq-aşkar gülüşmə başlandı. Məzəli işdir – yekə kişidir, o boyda kolxoz sədridir, hələ meylindən oxumaq da keçir. Onların isə canları boğazlarına gəlib, məktəbdən lap beziblər.

– Burda gülməli nə var ki?– Tınalıyev özü də gülümsədi.– Doğru sözümdür, uşaqlar, of, elə oxuyardım. Bunu siz sonralar, başınız əhlət daşına dəyəndən sonra anlayarsınız.

Elə bu vaxt sinifdə kim isə fürsətdən istifadə edib, sədrin sözünü kəsdi:

– Başkarma-aqay, doğrudurmu, deyirlər siz təyyarədən tullanmısınız?

Tınalıyev başını tərpətdi.

Oğlan əl çəkmirdi:

– Bax, buna varam! Bəs qorxmurdunuz? Mən bir dəfə tütün damının üstündən ot yığınına tullandım – qorxudan dizlərim əsdi.

– Elədir, tullanmışam. Amma paraşütlə tullanmışam, – Tınalıyev izah etdi. – Bu, adamın başı üzərində bir gümbəzdir, dəyə kimi enir aşağıya…

– Bilirik, bilirik, – sinif bir ağızdan küyüldədi.

– Belədir ki, biz desant idik. Paraşütlə tullanmaq – bizim işimiz idi.

– Bəs desant nədir? – yenə kiminsə səsi qopdu.

– Desantımı soruşursunuz? Desant – xüsusi, vacib tapşırığı yerinə yetirmək üçün müəyyən bir yerə atılan, yaxud göndərilən döyüşkən dəstədir. Aydındırmı, başa düşdünüzmü?

Sinif susmuşdu.

|– Desantda bir neçə adam da ola bilər, bir neçə min də. Tınalıyev başa saldı. – Ən ümdəsi budur ki, desant düşmən arxasına keçir, özü də müstəqil fəaliyyət göstərir. Əgər hər şey aydın deyilsə, gələn dəfə də danışaram. İndi isə, gəlin, işlə məşğul olaq. Anatay, sən otur, niyə ayaq üstə durmusan? Sənin atan da cəbhədə vuruşur.

– Mənim d!

– Mənim atam da!

– Mənimki də!

– Mənimki də!

Tınalıyev əlini qaldırdı:

– Bilirəm, hamısını bilirəm, uşaqlar. Elə düşünməyin ki, mən səhərdən axşamacan yalnız kolxozla məşğulam. Orduda olanların da, hospitaldakıların da hamısına bələdəm. Sizin hamınızı tanıyıram. Elə ona görə də yanınıza gəlmişəm. Belədir, Anatay, atan üçün çörək qazanmağa sən də gedəcəksən, bir illiyinə, bəlkə də çox, məktəbdən ayrılası olacaqsan.

– Mən də istəyirəm! Mən də! Mən də! – deyə bir neçəsi yerindən qışqırdı. Belə hallarda hərə özünü bir qəhrəman hesab edir. Hazırda isə bir bəhanə vardı– təki məktəbə gəlməsin. Get, çöldə atla işlə. Özgə nə lazımdır?

– Yox, toxtayın! – sədr onları sakitləşdirdi. – Bu cür olmaz. Kim əvvəllər kotan macı tutubsa, yalnız onlar gedəcəklər.

Bura bax, Erkinbəy, bağça-bostan yeri sən də əkmisənmi? Atan Moskva yaxınlığında həlak olub, bilirəm. Çox atalar, qardaşlar qurban gedib. Erkinbəy, səndən də xahiş edirəm. Bizə kömək əli uzat. Məktəbdə dərs öyrənmək əvəzinə, gedib yer şumlamalısan. Ayrı əlacımız yoxdur. Anana hər şeyi özüm aydınlaşdıraram…

Sonra sədr Tınalıyev iki oğlanın adını da çəkdi – Erkəş və Qubatqul. Özü də dedi ki, adları çəkilənlərin hamısı sabah tezdən atxananın həyətində olsunlar.

Evdə, axşamdan xeyli keçmiş, yatmağa hazırlaşanda Sultanmurad sədrin məktəbə gəlişini anasına danışdı. Anası yorğun-yorğun alnının tərini silərək sakitcə dinlədi – bütün günü kolxozda, fermada əlləş, axşam da uşaqların qayğısı… Səfeh Hacımurad da dəxli olmadan sevinib hay saldı:

– Ay can, ay can! Məktəbə getdi yoxdur! Kotançı ol, at sür! Mən də istəyirəm!

Anası ciddiyyətlə soruşdu:

– Dərslərini öyrənmisənmi?

– Hə, öyrənmişəm, – deyə Hacımurad cavab verdi.

– Onda get yat, səsin də çıxmasın! Bildin?

Böyük oğluna isə o heç nə demədi.

Yalnız qızları yatağa uzandırıb rahatlayandan sonra, üfürüb söndürmək istədiyi lampanın yanında qəhərləndi, özü də Sultanmuradı yatmış bilib, başını əllərinə söykəyərək xeyli ağladı. Arıq çiyinlərini ata-ata için-için ağladı, yaman ağladı. Sultanmuradın ürəyi sıxıldı, yataqdan durmaq, anasına nəvaziş göstərmək, bir-iki xoş kəlməylə onun könlünü almaq istədi. Fəqət onu narahat etməyə iqtidarı çatmadı, qoy ürəyini təkcə boşaltsın. Axı indi o, müharibədə, gözdən uzaq – könüldən iraq atası haqda da, uşaqlar haqda da düşünürdü, ev-eşik, cürbəcür şeylər keçirdi fikrindən.

Qadın qadındır. Gözlərinin suyu ovuclarının içində olur bu qadınların. Tınalıyev sinifdən çıxanda İnkamal müəllimə yaman kövrəldi, hətta şaşqınlaşdı da. Zəng vurulmuşdu, o isə masanın arxasında oturub qalmışdı, tərpənmək istəmirdi. Şagirdlər oturmuşdular, heç kəs eşiyə qaçmadı, müəllimənin yerindən qalxıb qapıya yönəlməyini gözləyirdilər. İnkamal müəllimə elə qapıda ağladı. Özünü saxlamağa çalışdı, amma bacarmadı! Gözləri yaşlı getdi. Sinifdə yaddan çıxıb qalan xəritəni Mırzagül müəllimlər otağına apardı və o da gözləri nəmli qayıtdı. Bəli, qadın qadınlığında qalır. Hamıya yazıqları gəlir, ona görə ağlayır qadınlar. Dünya batmayıb ki, heç dəxli var, bir il çəkər, iki il çəkər, müharibə qurtarar – sonra yenə məktəbə getmək olar…

Sultanmurad eşikdə püskürən qar çovğununu dinşəyə-dinşəyə bu fikirlərlə yuxulayırdı.

Ertəsi günün səhəri qar yenə də ara vermədən ələnirdi. Çovğun buz bağlamış qar üzərində burumlanırdı. Sıx topa buludlar göyü ağırlaşdırmışdı. Sultanmurad atxananın həyətinə çatanacan əməllicə üşüyüb dondu.

Tınalıyevin planlaşdırdığı iş Sultanmuradın düşündüyündən qat-qat çətindi. Əvvəlcə köhnə tövlənin yanındakı ağıla getdilər. Burada qar basmış atxanada atlar başlarını sallayaraq kirlənir, yarıboş axurlarda qabaqdan qalma quru ot qırıntılarını burunları ilə eşirdilər. Məlum məsələdir, atlar yayda saz olur, qışda arıqlayırlar, amma bunlar – bir dəri, bir sümük idilər. Onları işlədib-işlədib, qış qapını kəsəndə – ümumi atxanada qoyub gediblər. Yemləyən, qulluq edən olmayıb. Ot-ələfin qəhədi çıxıb. Az-çox nə qalıbsa, onu da yaz əkininə saxlayıblar.

Oğlanlar çaşbaş halda dayanıb qaldılar.

– Hə, nə gözünüzü döyürsünüz! – qoca Çəkiş, donquldandı. Elə bilirdiniz ki, sizdən ötrü burda Manas tulparlarını burazla bağlayıb saxlayacaqdılar, hə? Ucdantutma seçin – yanılmazsınız. İyirmi gündən sonra bu atların hər biri cavan cöngə kimi dingildəyəcək. Heç şübhəniz olmasın! Yeddiyaşar atlardır– təki yemini ver, qulluq elə! Qalanıyla işin olmasın, özləri bilir!

– Seçin, götürün, uşaqlar, nə lazımdırsa edərik, – sədr dilləndi. – Başlayın. Hərəyə dörd at. Hansıları bəyənirsinizsə…

Elə bu vaxt gözlənilməz hadisə baş verdi. Ümumi atxanadakı o sahibsiz arıq alaşaların arasında atasının atları–Çabdar və Çontoru da veyllənirdi. Sultanmuradın gözü əvvəlcə Çabdarı aldı, onu çal rəngindən tanımışdı, sonra da Çontorunu gördü. Başlar iri, yalmanlar pırtdaşıq, qılçaları nazilib caydaqlaşmışdı, itələsən yıxılardılar. Sultanmurad həm sevindi, həm də qorxdu. Atası ilə şəhərə getdikləri o dəm yadına düşdü. Atasının əlində necə də qənirsiz görünürdü o atlar. Gör indi nə kökə düşüblər… Onda saz və güclü-qüvvətli olan Çabdarla Çontoru əcəb inamla, təpərlə qaçırdılar. İndi isə…

– Budur onlar, baxın, budur atamın atları! – deyə, Sultanmurad sədrə və briqadirə tərəf dönərək qışqırdı. – Budur, Çabdarla Çontorudur. Budur onlar!

– Elədir! Doğrudur! Bekbayın atlarıdır onlar! – qoca Çekiş onun sözünə qüvvət verdi.

–İndi ki belədir, onları öz öhdənə götür! Götür atanın atlarını, – sədr sərəncamda bulundu.

Sultanmurad atasının atlarını ayırdı və əlavə bir cüt də seçdi – Ağquyruqla Qonuru. Dördlük düzəldi. İkigavahınlı kotan üçün qoşqu atları olmalıydı bu dördlük. O biri oğlanlar da bəyəndikləri atları seçib ayırdılar.

3.«Jaman»– «pis» qiymət
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
250 s. 1 illüstrasyon
ISBN:
978-9952-8252-1-4
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Dədə Qorqud
Народное творчество (Фольклор)
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 4,9, 8 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 3,7, 3 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1,5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre