Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Erkən gələn durnalar, Ana tarla», sayfa 3

Yazı tipi:

1943-cü ilin qışında onları doğma məktəbdən nəyin naminə ayırmışdılarsa, elə o gündən, o andan başladı…

İş başdan aşmışdı, qayğılar ağla gələ biləcəyindən qat-qat çox idi. Atxanada hər işi vaxtlı-vaxtında çatdırmaq lazım idi, üstəlik də, əkinə çıxaracaqları kotanların təmir olunmasında qoca Barpıya və onun topal gürzvuranına kömək etmək üçün gündə bir dəfə dəmirçixanaya qaçmalı olurdular. Əvvəllər metal qırıntısı kimi atılmış kotan əmələsini, dəmir-dümürü indi təzədən söküb yığmaq, vintlərini açmaq, pasdan, palçıqdan təmizləmək lazım gəlirdi. Hətta köhnəlib korşalmış gavahınlar da təzədən işə yarayırdı. Dəmirçilər onların üstündə tər tökür, uclarını döyüb itiləyir, odda, suda bərkidib ovxarlayırdılar. Hər gavahın kara gəlmirdi, əgər hansını tamam-kamal döymək mümkün olurdusa, onda Barpının kefi durulurdu. Belə hallarda o, gürzvuranını məcbur edirdi dəmirçixananın damına qalxsın və ordan atxanadakı uşaqları səsləyib çağırsın.

– Ehey, ay kotançılar! – topal gürzvuran damın üstən çağırardı. – Tez yüyürün bura, usta sizi öz yanına çağırır!

Oğlanlar qaçıb gələrdilər. Onda qoca Barpı sanballı, qaragöyümtraq, təzədən döyülmüş gavahını göstərdi.

– Al, tut, – deyə ehtiyat gavahın almaq üçün növbəsi çatana təqdim edərdi. – Al, al, əllərinlə tut. Bax, ləzzət al. Apar öz kotanına tutuşdur. Gözəyarı ölç, kəsdir, gör yerində yaxşı oturacaqmı. Hə! Gözəlliyə bir bax! Elə bil bəylə gəlin qovuşub! Şumda isə Daşkənd güzgüsündən də yaxşı parıldayacaq. Hələ bu gavahınların aynasında öz ağız-burnunuza da tamaşa edəcəksiniz. Bəlkə, güzgü əvəzinə gözaltınıza hədiyyə edəsiniz Hə? Ömürlük hədiyyə ola bilər! İndi isə apar qoy yerinə, öz tərəcənə. Belədir, belə. Gələn dəfəki o birinizindir. Hamıya çatar. Sonra çölə apararsan. Heç kəsi gavahınsız qoymaram. Hərənizə üç cut hazırlayacağam. Təkcə özümə təzə dişlər döyüb düzəldə bilmirəm, qalan hər-iş əlimdən gəlir. Gavahın sarıdan nigaran olmayın. Bax, ay uşaqlar, çöldə bizi hələ çox xatırlayacaqsınız. Axı, kotanın canı – gavahındır! Qalan hər nə varsa, gavahın üstə qurulub. Gavahın kəsəri – şırım dəyəri! Gavahın kütləşdisə – kotançının qanı getdi. Belə-belə möcüzələr…

Yaxşı kişiydi qoca Barpı. Ömrünü dəmirçixanada keçirirdi. Yeri gələndə qürrələnirdi, amma işinin ustası idi.

Sərraclıq emalatxanasına da tez-tez baş çəkmək lazım gəlirdi. Briqadir Çəkiş məcbur edirdi. Qoşqu ləvazimatını, deyirdi, səliqə-sahmana salmağa kömək edin. Qoşqusuz, qayış-qantarğasız, deyirdi, işiniz aşmaz. Kotanın da olar, atların da, amma qoşqusuz – avara qalarsan. O da düz deyirdi. Buna görə də hərə bacardığı qədər can qoyur, sərraclara kömək edirdi ki, bəri başdan öz atlarına uyğun qoşqu düzəltsin.

Lakin ən başlıca, ən vacib məsələ işlək atlara qulluq etməkdən ibarət idi. Bütün günü səhərdən axşamacan, bəzən lap qaranlıq qarışanacan tövlə işləriylə məşğul olurdular. Atların ot payını – gecə yemini verəndən sonra, elə gecə vaxtı evə qayıdırdılar. Tələsmək, tələsmək lazımdı!

Vaxt əsla gözləmirdi. Yanvarın axırlarıydı. Deməli, qulluq edib atları dirçəltmək üçün otuz, uzağı, otuz beş gün ancaq qalırdı. Əkin başlayanacan işlək heyvanların gücünü-qüvvətini bərpa etmək – indi kotançıların yalnız özlərindən asılıydı. At yatsa da, o, belə yaranıb, axurunda gecəli-gündüzlü yemi gərək gözünün qabağında olsun…

Tınalıyevin hesabıyla fevralın axırında, torpaq yaxasını qardan qurtaran kimi, kotanlar dərhal təbii Aksay mərzinə çıxarılmalıydı. Nə vaxtsa, hələ keçmiş zamanlarda insanlar Aksayda əkin-biçinlə məşğul olmuşlar. Sonralar Aksay çölləri nədənsə baxımsız qalıb. Bəlkə ona görədir ki, Aksay – uzaq-uzaq, adamsız boş çöldür. Üstəlik, orda sahələr dəmyəlikdir, təpə-yamaclardan ibarətdir… Briqadir Çəkişin nəql etdiyinə görə, atası guya deyirmiş ki, Aksayda rəncbərlik edən ya dilənçi kökünə düşüb dərbədər olar, ya da yığdığı məhsulu daşımaq üçün bütün xalqı köməyə çağırarmış. Əvvəl-əvvəl, gərək toxumu vaxtında səpəsən. İkincisi də – yağmurdan asılıdır Aksayın məhsulu. Qoca Çəkiş belə danışardı.

«Əkinçi daim riskə gedir, fəqət həmişə də ümid edir»– Tınalıyev belə deyirdi. Tınalıyev elə ona güvənirdi, kotançıların gücünü də ona hazırlayırdı – ümid edirdi ki, bəlkə xoşbəxtlikdən yağmur olacaq, Aksay bol məhsul verəcək…

Günlər ötürdü. Həftənin axırında atlar az-çox dirçəlmiş, ətə-cana gəlmişdilər, İşlər qaydasına düşmək üzrə idi. Gündüzlər günün hərarəti hiss olunurdu. Qış, deyəsən, əl-ayağını yığışdırmaq fikrindəydi. Buna görə də gündüzlər atları günəqarşıya, eşik axurlarının yanına çıxardırdılar. Günəqarşıda atlar daha yaxşı yeyirlər və daha tez özlərinə gəlirlər. Dördlüyün beşi də – Aksay desantının iyirmi atı çəpər boyu, axurun yanında bir sırada düzülmüşdülər. Sədrin səhər yoxlanışına oğlanlar hazır vəziyyətdə dayanmışdılar, – hərəsi öz dördlüyünün yanında. Onların adını Tınalıyev qoymuşdu «Aksay desantı». Elə hər şey burdan başladı – briqadirlər də, furqonçular da, mehtərlər də onları ayrı cür adlandırmazdılar: desant, desantçılar, Aksay atları, Aksay üçün ot, Aksay kotanları. Atxananın yanından keçən adamlar oraya baş çəkib öyrənirdilər, görən, desantın işləri necə gedir. İndi bütün aul əhli Aksay desantından danışırdı. Özü də hamı bilirdi ki, desanta komandir, Tınalıyev tərəfindən, Bekbay oğlu Sultanmurad təyin olunub. Bu təyinat, əlbəttə, Anatayla toqquşmasız keçmədi. O, dərhal mübahisəyə girişdi:

– Sultanmurad niyə komandir olsun? Bəlkə, biz onu istəmirik!

Bu sözlər Sultanmuradı yandırıb-yaxdı. Dözə bilmədi:

– Mən komandir olmaqdan ötrü sino getmirəm. Könlündən keçir, özün ol komandir!

Oğlanlardan Erkinbəylə Qubatqul da mübahisəyə qoşuldular:

– Bura bax, Anatay, paxıllıq edirsən ha!

– Sənə nə, heyfin gəlir? İndi ki buyurublar – deməli komandir Sultanmuraddır!

Amma Erkəş Anataya qahmar çıxdı:

– Elə isə, Anatayın nəyi əskikdir? O, güclü oğlandır! Nə olsun ki, boyca Sultanmuraddan bir azca alçaqdır. Məktəbdə biz sinifbaşçını seçirdik, eləmi, gəlin komandiri də özümüz seçək… Yoxsa, harda aş – Sultanmurad orda baş!

Tınalıyev sakitcə qulaq asırdı, sonra gülümsündü, başını yırğaladı və birdən ciddiləşdi, sərt görkəm aldı,

– A-ha, səslər kəsilsin! – deyə əmr etdi. – Yaxın gəlin. Sıralanın. Bax belə, cərgəylə düzlənin. İndi ki, desantsınız, desant olun. Hələlik isə, mənə qulaq asın. Yadınızda saxlayın, komandir seçilmir. Komandir yuxarı vəzifəli rəis tərəfindən təyin olunur.

– Bəs o rəisin özünü kim təyin edir? – Erkəş sədrin sözünü kəsdi.

– Onu da ondan böyük rəis!

Araya sükut çökdü.

– Belədir, uşaqlar, – sədr sözünə davam etdi. – Müharibə gedir, biz də müharibədəki kimi yaşamalıyıq. Qulağınızda qalsın, mən sizə görə başımla cavabdehəm. İkinizin atanız həlak olub, üçünüzünküysə cəbhədədir. Mən sizə görə ölülər və dirilər qarşısında cavabdehəm. Lakin mən bu məsuliyyəti öz üzərimə götürürəm, ona görə ki, sizə inanıram. Siz isə kotanlarınızı götürüb uzaq Aksaya getməlisiniz. Xüsusi tapşırıq almış paraşütçülər desantı kimi neçə gün, neçə gecə çölün düzündə tək qalacaqsınız. Əgər siz hər xırda şeydən ötrü höcətləşərək qışqırıb-bağırırsınızsa, bəs onda necə işləyib yaşayacaqsınız?

Bax, belə deyirdi sədr Tınalıyev atxana həyətində, oğlanların cərgəsi qarşısında. Keçmiş paraşütçü, oğlanların qənşərində həmin boz əsgər şinelində dayanmışdı: başında qulaqlı boz əsgər papağı, qayğılı sərt sifətli, özü hələ cavan, əyriböyür, tayqabırğa sırtında da vərdiş etdiyi yol çantası…

Bekbay oğlu Sultanmuradı komandir təyin etdiyi Aksay desantının cərgəsi qabağında sədr Tınalıyev bax belə deyirdi.

–Hər şey üçün cavabdeh sənsən, – deyirdi o. – Adamlara da, işlək atlara da, kotanlara da, qoşquya da cavabdehsən. Aksay şumu üçün də sən cavab verəcəksən! Cavab vermək isə – tapşırığı yerinə yetirmək deməkdir. Öhdəsindən gəlməzsən – başqasını komandir təyin edərəm. Amma hələlik heç kəsin heç bir etirazını qəbul etmirəm.

Bax belə deyirdi sədr Tınalıyev həmin gün atxananın həyətində, Aksay desantının kiçicik cərgəsi qarşısında.

Kotançılar sədaqətlə, heyranlıqla onun üzünə baxırdılar, hər əmrini yerinə yetirməyə hazır idilər. Sədr qənşərdə çal saçlı, zabitəli, dəbilqəli Manasın özü kimi dayanıb durmuşdu, oğlanlar isə onun qarşısında sıralanmış sadiq batırlara bənzəyirdilər. Əlləri qalxanlı, kəmərləri xəncərli. Manasın güvəndiyi o şanlı igidlər, ərənlər kimlər olublar görəsən?

Adlı-sanlı birinci qəhrəman Sultanmurad idi. Hamıdan böyük olmasa da, on altıncı yaşına qədəm qoymuşdu. Zəkasına və qoçaqlığına görə onu – Bekbay oğlu Sultanmuradı komandir təyin etmişdilər. Bütün ataların ən yaxşısı olan onun atası isə onda uzaq səfərdəydi, böyük davaya getmişdi. Öz döyüş atı Çabdarı da o, oğlu Sultanmurada etibar edib getmişdi. Sultanmuradın hələ balaca qardaşı da vardı – Hacımurad. Hərdən zəhlə tökməsinə baxmayaraq, o öz qardaşcığını çox istəyirdi. O bir də gözəl Mırzagül-biykeçi xəlvət sevirdi. Mırzagül-biykeçin təbəssümü hamının gülüşündən gözəl idi. Özü də Türküstan çinarı kimi qamətli, bənizi qar kimi bəyaz, gözləri isə – qaranlıq gecədə şölələnən dağ tonqalları…

İkinci qəhrəman şanlı-şöhrətli Anatay-batır idi. Dəstənin ən böyüyü, on altı yaşını haqlamışdı. Heç nədə heç kəsdən əskik deyildi, azacıq boyu gödəkdi. Gücünə söz ola bilməzdi. Atının da batıra yaraşan adı vardı, Oktoru – yəni, kəhər ox! Anatayın atası da uzaq səfərdəydi, böyük davada. Və Anatay da pünhan sevirdi həmin aybəniz gözəl Mırzagülü. Özü də həmin gözəlin öpüş həsrətiylə alışıb-yanırdı…

Üçüncü qəhrəman mehriban oğlan Erkinbəy-batır idi. Ailənin ən böyük uşağı. Yaxşı və sadiq dost. Hərdən acı-acı köks ötürər, gizlincə ağlayardı. Həmin uzaq səfərdə Moskvanı qoruyanda onun atası qəhrəmancasına həlak olmuşdu. Erkinbəyin atının da batıra yaraşan adı vardı – Akbaypak-gülük, yəni səkil köhlən!

Dördüncü batır isə, Erkəş-batır idi. O da dost və yoldaş. On beş yaşında. Öz fikrini deməyi xoşlardı, mübahisəyə girişəndi. Amma işdə etibarlı adamdı. Onun atası da uzaq səfərdəydi, böyük davada. Erkəşin atının da batıra yaraşan adı vardı – Altın-tuyak, yəni qızıl nal!

Bu batırların arasında beşincisi də vardı – Qubatqul-batır! O da on beş yaşında, o da ailənin ilki. Həmin uzaq səfərdə, həmin böyük davada Qubatqulun atası Belorusiya meşələrində qəhrəmancasına həlak olmuşdur. Qubatqul işdə yorulmaz oğlandı. Hər bir batır kimi o da öz döyüş atı – Jibekjalı, yəni ipəkquyruq köhlənini çox sevirdi.

Tınalıyevin qarşısında bax belə batırlar dayanmışdılar. O saplaq boyunlu, çəlimsiz çiyinli batırların başları üstündən o yanda isə – uzun axur boyu bağlı kotan dördlükləri dayanmışdılar: beş dördlük, yəni iyirmi araba atı və bu qaçağan atları ikigavahınlı kotana qoşaraq, uzaq Aksaya getməli idilər…

Aksaya, Aksaya, qar əriyən kimi yer şumlamağa! Aksaya, Aksaya: yer buğlanan kimi kotan sürməyə!

Qar isə hər tərəfdə yatıb qalmışdı, möhkəm yapıxmışdı yerə. Öz növbəsində günlər də yaxınlaşmaqda idi.

5

Bəli, həmin günlər yaxınlaşırdı…

Aksaya gedəsi kotan atlarını hərə bir cür adlandırırdı – kimi desantınkılar deyirdi, kimi aksayçılarınkı, – qərəz, bir şey aydındı ki, iki həftə keçəndən sonra dördlüklər tövlədəki o biri atlardan əməlli-başlı fərqlənirdilər. Doyunca yemlənmiş, suvarılmış, qaşınıb tumarlanmış Aksay atları desant axuru boyunca qatarlanaraq, güclənən dolğun əzələləri, şən baxışları və həssascasına şəklənən qulaqlarıyla göz oxşayırdılar. Onların yatmış harınlığı ayıldı və özü-özlüyündə əsl mənada təzədən atlaşdılar. Unudulmuş xoy-xasiyyət üzə çıxdı. Atlar öz təzə sahiblərinə əməllicə isinişib alışmışdılar. Onlar tanış hənirtiyə, addım səsinə tərəf dönərək, astadan, sanki pıçıltıyla, mehrlə kişnəyir, zərif yumşaq dodaqlarını inamla irəli uzadırdılar. Daha oğlanlar da alışmışdılar, az qala atların lap qarnının altına girərək ərklə səslənirdilər: «Hə, ayağını qaldır görək, bir az geri çəkil! Dayan, macal ver, ay çərləmiş! Gör necə də, girişir, yaranır şeytanın biri şeytan! Al ha, sən tək deyilsən, a gülməşəkər!»

İlk günlər açıq havada suvadağa gedəndə atların gözləri alacalanırdı, qılçaları dolaşırdı, sonralar isə oynayıb səkməyə başladılar, ələlxüsus da çaydan qayıdanda. Hərə öz döyüş köhləninin belində atları suvarmağa elliklə aparırdılar. Sultanmurad Çabdarı minərdi, Anatay – Oktoru, Erkinbəy– Akbaypakı, Erkəş – Altıntuyakı, Qubatqul da Jibekjalı. Kiçicik ilxını hər tərəfdən əhatə edərək çaya tərəf qovub aparırdılar.

Qış vaxtı əsas məsələ budur ki, suvadaq münasib yerdə seçilsin, oraya gedən yol sürüşkən olmasın. İllah da bu qədər at birdən su içmək istəyir. Ona görə də çayın sahil buzlarını əvvəlcədən qırıb yer hazırlamaq, yol boyu təhlükəli yerlərə küləş tökmək lazımdır. Sərt şaxtalı günlərdə isə çapıqlar açılmalıdır. Sultanmurad bu işdə də ciddi növbətçilik müəyyən etmişdi: suvat hazırlığı ilə kim hansı gün məşğul olmalıdır. Atlar təmiz, soyuq axar suyu kotançıların nəzarəti altında itələşmədən rahatca içirdilər. Su buz layının altından çıxır, daşlıq dayazlıqda buraya axır, eləcə də daşların arasından yenə buzun altına süzülürdü. Özü də buz qatına dəyərək loqquldayırdı.

Atlar suyun səsini dinşəyirmiş kimi, içməyə ara verir, günün ilıq şüalarında qızınırdılar. Atlar doyunca içdikdən sonra tələsmədən yola çıxır, tövləyə tərəf tərpənəndə oynamağa başlayır, burun pərlərini şişirdərək fınxırır, quyruqlarını yellədərək, irəli-geri səkir, şıllaq atır, şahə qalxırdılar. Oğlanlar da yan-yörədə çapır, döyüş köhlənlərini oynadır, qışqırışırdılar.

Aradan bir müddət də keçdi və camaat desant atlarına tamaşa etməyə gəldi. Tövlədəki atlar elə bil dünyaya təzədən gəlmişdilər. Qocalar girəvəni əldən verməyərək, bu xüsusda fikirlərini söyləyirdilər: deyirdilər at qədər həssas məxluq yoxdur. Ona çəçələ barmağının ucu boyda mərhəmət göstər, o, yüz qat artıqlamasilə əvəzini qaytarar. Özü də müxtəlif rəvayətlər danışırdılar: necə atlar var imiş qədimdə!

Tərif məsələsində yalnız sədr Tınalıyev xəsislik edirdi. O, ən əvvəl desantçıların özlərini, sonra da atlarını nəzərdən keçirirdi. Hər şeyə göz qoyurdu, kotanların vəziyyətini, qoşquların səliqə-sahmanını yoxlayırdı, irad tuturdu ki, filankəsin şalvarının dizi niyə yamanmayıb – əgər anasının vaxtı çatmırsa, özü iynə-sap götürüb tikə bilməzmi? Bəs çul necə, çullar nə vaxt hazır olacaq? Tövləni özünüzlə Aksaya aparmayacaqsınız ki, gecələr çöldə soyuq olur. Tələsdirir, vaxtın daraldığını xatırladırdı ki, Aksayda görüləcəyi gec olan işi indidən yoluna qoymaq lazımdır. Kotan atlarına, birinci növbədə aksayçılara quru yonca vaxtında daşınıb gətirilməsəydi, sədri od götürürdü, dava-qalmaqal qopurdu və o belə hallarda dişinin dibindən çıxanı deyirdi briqadir Çəkişə.

Bu işə öz heyrətini bildirməyən bir də anaları idi. Gah biri, gah o biri gəlib deyinirdi ki, bu cəzadır verirlər, hələ bir desant da uydurublar özlərindən, indiyəcən belə şey olmayıb, ərləri müharibədə olduğu bəs deyil, indi də uşaqlarını saldat ediblər, ev-eşikdə qollarından tutan yox, dərdlərini deməyə həyan tapılmır, səhərdən gecəyarıya kimi tövlədə əlləşirlər… Əslinə baxsan, onlar çox şeyi lap haqqına deyirdilər.

Komandir olduğuna görə Sultanmurada daha çox söz gəlirdi. Hamıya görə cavab verəsi o olurdu. Və dünyada ən çətin şey analar qarşısında cavabdeh olmaqdır. Onun anası bu işə daha əhəmiyyət vermirdi, yorulmuşdu: «Təki atası davadan sağ-salamat qayıtsın, özü bilər. Mənimki mənə bəsdir. Bir gün ayağımı uzadıb o tərəflik olaram, oğul, başına döyərsən, amma gec olar…» Anasına yazığı gəlirdi, halına ürəkdən acıyırdı. Ancaq nə edə bilərdi Sultanmurad; tutalım, lap onun yerinə özgəsi olaydı. Hər desantçının öhdəsində dörd at var idi, üstəlik də iş başdan aşmışdı. Yemlə, sula, təmizlə, qaşovla, yem hazırla və təzədən yemlə, sula, qaşovla, peyin daşı və bu işləri hər dəfə təzədən gör… Hələ atların dəmrovunu, çiyinlərindəki, cidovlarındakı irinləmiş köhnə yağırlarını yuyub təmizləmək, sağaltmaq bilsəniz necə bir əzabdır. Sahə baytar feldşeri hər cür məhlul, yağ-mağ qoyub gedib, müalicəni isə özləri edirdilər. Özü də hər gün. Yoxsa heyvanı sağalda bilməzsən. Yemləyə-yemləyə öhdəsindən gələrsən, di gəl, yaranın üstünə xamut keçir, görüm necə keçirirsən. Bəs nə bilmişdiniz. Bircə salamat at yox idi, hamısının çiyni-döşü yağırlı, ayaqları zədəli. Onu müalicə etmək istədiyini at başa düşmür, hünərin var, tut saxla.

Atlar kökəlib harınlaşanda, bir yerdə durmaqdan bezəndə onları çıxarıb açılışdırmaq lazım gəldi, gündə hərəsini saat yarım yortma sürəydin gərək, yoxsa, briqadir Çəkişin dediyinə görə, «kotana qoşulandan sonra suyu canından çıxacaq, boş gövdəsi qalacaq». Bax elə o zaman olduqca xoşagəlməz bir hadisə baş verdi.

Bir gün desantçıların beşi də öz «döyüş» köhlənlərini çapırtmağa çıxarmışdılar. Sultanmurad Çabdarı, Anatay Oktoru, Erkinbəy Akbaypakı, Erkəş Altın-tuyakı, Qubatqul da Jibekjalı minmişdilər. Əvvəlcə necə lazımdır, yortma sürdülər. Atxananın ətrafında dolandılar, sonra küçəyə çıxdılar, ordan keçib aulun həndəvərində qarlı çöldə yortdular. Günəşli, şəffaf bir gün idi, havadan bahar işığı gəlirdi. Ucalıqdakı dağlar elə bəmbəyaz, elə sakit, elə aydın idilər ki, ağ yamaca bir çibin belə qonsaydı, görünərdi, vızıltısı da eşidilərdi. Qışın nəfəsi kəsilirdi, günəş öz səxavətini artırırdı get-gedə.

Atlar məmnuniyyətlə qaçırdılar. Onlar da açılışmaq, oynaqlaşmaq üçün darıxmışdılar. Yüyənləri boşaltdılar, atlar götürüldü. Ürəklərindən dördnala çapmaq keçirdi. Qabaqda Sultanmurad gedirdi: Anatay isə arxadan onun amanını qırırdı:

– Haydı, sürəti artır, niyə yavaş sürürsən!

Lakin Sultanmurad bir komandir kimi çox da sürəti artırmağa icazə vermirdi. Atı açılışdırmaq – cıdıra çıxmaq deyil. Bu, bir növ işdir, atları məşq etdirməkdir ki, sonra qoşquya girəndə darta bilsinlər. Bütün desant beləcə getməkdə idi. Çöldə atların başını döndərib geri qayıtmaq istəyirdilər ki, təpədən qopan səslər eşitdilər. Uşaqlar məktəbdən qayıdırdılar. Desantçıları görüb, qışqırışır, əllərini yellədirdilər. Desantçılar da cavab olaraq qışqırır, əl eləyirdilər. Öz sinifdaşlarıydı, yeddincilərdi, dərsdən çıxmış başqa siniflər də vardı. Dəstə ilə, səs-küylə gedirdilər. Özü də o dəstənin içində Mırzagülü Sultanmuradın gözü aldı, dərhal tanıdı qızı. O qədər uşağın içindən necə ayırd elədi, özü də bilmirdi, amma düz tanımışdı. Kiçik başşalı arasında nurlanan sifətindən, qamətindən, yerişindən tanımışdı qızı. Deyəsən, qız da onu tanımışdı uzaqdan. Nəsə qışqıra-qışqıra, çantasını yelləyə-yelləyə, o biri uşaqlarla birlikdə təpədən o da qaçırdı. Gərək ki, hələ qışqırıb dedi: «Sultanmura-a-ad!» Özü də necə qaçsa yaxşıdır, qollarını yana açaraq, quş kimi ona tərəf uçurdu, yaddaşına şimşək kimi həkk oldu, o dəm anladı ki, bütün bu günlər ərzində onu düşünüb, onun həsrətini çəkib… Və qəribə bir sevinc dalğası onu ağuşuna alaraq apardı; apardı, sonra da burulğana salaraq fırlatdı…

Nə təhər oldusa, atlıların hamısı birdən dördnala çaparaq təpəyə, sinifdaşlarının qaçdığı tərəfə üz tutdular. Çölü yel kimi keçərək yamaca cumdular. Onlar təpənin yanından döşlə keçər, o heyran baxışlar önündə atlarını dəstəylə oynadar, sonra da tövləyə qayıda bilərdilər. Sultanmuradın fikrincə belə də olmalıydı. Elə bu ara Anatay irəli çıxdı. Onun Oktoru cəld, oynaq at idi.

– Dayan, belə hara, çapma dördnala! – Sultanmurad xəbərdarlıq verdi, lakin Anatay heç dönüb baxmadı da.

Sultanmuradı qəribə fikir yandırıb-yaxdı: «Özünü qıza göstərmək istəyir!» Qəzəbləndi, hövsələdən çıxdı, beyni qızdı və Çabdarın başını buraxdı, qıy vurdu, nərə çəkdi, atın yalmanına yataraq Anatayı haqlamağa başladı. Anatay isə sürəti get-gedə artırırdı. Və dəliqanlılar ötüşə girişdilər, görək qıza birinci kim çatacaq, öz çılğınlığını, üstünlüyünü kim göstərəcək. Aləm idi onların at çapması! Hər halda Çabdar daha güclüydü, atası əbəs yerə demirdi ki, lazım gəlsə o ən qaçağan cıdır atı da ola bilər. Anatayı tufan kimi haqlayan Sultanmuradın sevinci aşıb-daşdı. Sinifdaşlarının birdən-birə dayandığını gördü, onların arasında qızı da gördü. Bu yarışa da onun xətrinə girişmişdi. Özü də üstün gəlirdi. O, Anatayı ötüb keçərkən atı döşün yuxarı səmtinə yönəltdi ki, qıza daha yaxın olsun, həm də Çabdarı yuxarıdan sürməkdə onun bəxti gətirmişdi, yoxsa kim bilir, başına nə aqibət gələ bilərdi. Çünki Anatayla böyür-böyürə çaparaq, azacıq uduşla irəli çıxaçıxdan bircə an sonra, həmin məqamda rəqibinə nəsə oldu. Hamı bir ağızdan qışqırdı. Sultanmurad atın başını çəkərək geriyə baxdı – Anatay gözünə dəymədi. Yel kimi uçan atı birtəhər yavaşıdaraq ağzını geri döndərəndə gördü ki, Oktor yıxılıb, qarın içində geniş şırım aça-aça yamac aşağı yuvarlanıb. Anatayın özü isə kənara düşüb qalıb. Uşaqlar, qar içindən ağır-ağır, güclə qalxan Anataya tərəf qaçırdılar.

Sultanmuradın canına qorxu doldu. Yaxına sıçrayaraq Anatayın əlini qanlı görəndə qorxusu daha da artdı. Mırzagüllə bir anlığa baxışları toqquşdu. Rəngi qaçmış və şaşqın olsa da, o yenə hamıdan gözəl idi… Anatay özünə gələn kimi, aşağıya, qar yığını içində çapalayan atının yanına qaçdı. Yüyən atın ayaqlarına dolaşmışdı. Bu vaxt o biri desantçılar da arxadan özlərini yetirdilər. Hamı birlikdə kömək edərək atı ayağa qaldırdılar. Qulağına dəyən səslərdən Sultanmurad yalnız onu dərk etdi ki, hər şey yaxşı qurtarıb.

Batırların özünü qıza göstərmək cəhdi belə bir pərtliyə çevrildi. Mırzagülün gözünə baxmağa xəcalət çəkirdilər. Sakitcə çıxıb getməyə tələsirdilər, tövləyə qayıtmaq vaxtı çatmışdı. Yalnız aula yaxınlaşanda Erkəş gördü ki, Anatayın mindiyi Oktor axsayır.

– Dayan! – deyə səslədi. – Əyə, görmürsənmi, altında at axsayır.

– Axsayır? – Anatay çaşbaş halda soruşdu.

– Hə da! Özü də necə axsayır!

– Hələ bir az sür get görək, – Sultanmurad bildirdi. – Sən sür, biz də baxaq.

Oktor, doğrudan da axsayırdı. Damarı artıq şişməyə başlamışdı. Pis hadisəydi. Bilmirdilər nə etsinlər. Zəhmət çək, atı kotana hazırla, hazırla, axırda gəl özün öz başına oyun aç. Qarlı yamacda da heç cıdıra çıxarlar, axı hər addımda at sürüşüb, təpəsi üstə yuvarlana bilər. Elə də oldu. Yaxşı ki, hələ özləri güdaza getmədilər.

– Günah səndədir! – deyə pörtmüş, qəzəblənmiş Anatay birdən dilləndi. – Ötüşməyə sən özün başladın!

– Bəs mən sənə qışqırıb demədimmi: «Dayan, hara belə çapırsan?»

– Onda ötüb keçməyəydin!

– Bəs sən niyə dördnala çapıb gedirdin?

Qışqırdılar, höcətləşdilər. Az qala əlbəyaxa olacaqdılar. Lakin ağılları başlarına gəldi. Tövləyə axsaq atla qayıtdılar. Qaşqabaqlı, dinməz-söyləməz qayıtdılar. Atları sakitcə yerbəyer etdilər, axsaq Oktoru da bağladılar axura, amma bundan sonra nə edəcəklərini özləri də bilmirdilər. Çaşbaş idilər, sirri gizlədirdilər. Cavab verəsi olacaqlarını yaxşı dərk edirdilər. Uşaqlar Anataya deyirdilər: get, atabaxanlara məlumat ver, hər şeyi olduğu kimi danış, de ki, Oktor axsayır, nə etməli, necə etməli? O isə ipə-sapa yatmırdı:

– Mən niyə getməliyəm? Günahkar mən deyiləm. Bizim komandirimiz var. Qoy gedib özü məlumat versin.

Təzədən höcətləşdilər. Yenə az qala vuruşacaqdılar. Sultanmuradı hər şeydən çox hiddətləndirən oydu ki, Anatay özünü əsla günahkar saymırdı.

– Arvadsan sən! – Sultanmurad lağa qoydu. – Söz pəhləvanısan! Bərkə düşəndə – girməyə kol axtarırsan! Elə bilirsən qorxuram. İndi ki bu iş olub– özüm gedib hər şeyi danışaram.

– Get da. Sən ki, komandirsən, – Anatay toxtamaq bilmirdi.

Sultanmurad özünə ürək-dirək verərək, hər şeyi olduğu kimi atabaxana danışmalı oldu. O isə təlaş içində qaçıb gəldi, şikəst olmuş atı yoxlamağa başladı. Qalmaqal qopmuşdu. Deməyə nə var – zarafatmıdır, əkinə başlahabaşlada qoşqu heyvanı zay olub əldən çıxsın. Elə bu dəmdə briqadir Çəkiş başlarının üstün aldı. Kimdənsə xəbər tutub öyrənmişdi, kim isə çatdırmışdı ona. Atabaxan elə indi-indi Oktorun ayağını yoxlayırdı, şişin səbəbini müəyyən etməyə çalışırdı görsün – damarımı sərpib, yoxsa sümükmü çatlayıb. Tappıltı bax elə bu məqamda eşidildi; hamı birdən dönüb baxanda kimi görsələr yaxşıdı – briqadir Çəkiş at belində. O, sakitcə atdan düşdü. Xoruzlanaraq qəzəblə onlara yanaşdı:

– Nə olub, nə yığışmısınız buraya?

– Heç, ağsaqqal, fikirləşirik, görək damar sərpib yoxsa sümük çatlayıb?

– Nə fikirləşmək! – Çəkiş hikkəsindən qızararaq partladı necə partladı. – Bu saat bunların hamısını tribunala verəcəm! Yerlərindəcə güllələyəcəm!

Çəkiş əlindəki şallağı bulayaraq kotançıların üstünə cumdu. Oğlanların hərəsi bir tərəfə qaçdı. Çəkiş onların arxasınca götürüldü. Heç kəsi yaxalaya bilmədi və təngnəfəs olmuş qocanın rəngi gömgöy göyərdi, özü də qızışaraq qamçıyla hədələdi, qışqırdı:

– Kotan atlarını gör bir kimlərə etibar etmişik? Bunlar ki, xalq duşmənləriymiş! Hamısını bir nəfər kimi güllələmək gərək! Nə qədər zəhmət çəkdik, nə qədər yem işlətdik, hamısı hədər getdi. İndi nəynən əkəcəyik o boyda yeri?

Atxananı başına götürən briqadir qışqıra-qışqıra, söyə-söyə gedərək Sultanmuradla toqquşdu. O birilər qaçıb dağılışanda Sultanmurad öz yerində qalmışdı. Rəngi avazıyan, qorxuya düşən oğlan gözlərini briqadirə zilləyərək yerindəcə dayanmışdı, cavabdehlikdən yayınıb qaçmağa cəsarət etməmişdi.

– Hə-ə, bu sənsən! Hələ baxırsan da mənim üzümə! – Və qoca Çəkiş özünü saxlaya bilməyib, komandirin kürəyinə çiyni qarışıq bir qamçı çəkdi. İkinci dəfə vurmaq istəyəndə fikrindən vaz keçdi, xırıldadı, ayağını dəhşətlə yerə döydü: – Qaç, köpək oğlu! Qaç, deyirəm sənə! Qaç! Şallaqlayıb öldürəcəm, qaç!

Sultanmurad səndələdi, üzünü əlləriylə qeyri-iradi qoruyaraq, hürkmüş gözlərini briqadirdən çəkməyərək yerində dayandı. O, kürəyində açılacaq yandırıcı şallaq zolağı gözləyirdi. Özü də var gücünü toplamışdı ki, qaçmasın, dözsün, sinə gərsin…

– Yaxşı, yaxşı! – oğlanın inadkarlığına heyrət edən Çəkiş birdən-birə dilləndi. – Qalan payını atan müharibədən qayıdanda alarsan. Bu işin üstündə elə onun öz yanında səni şallaqlayacağam!

Sultanmurad susurdu. Çəkiş isə hələ də özünə gələ bilmirdi. İrəli gedir, geri gəlir, əllərini yellədirdi:

“Sən, qaç deyirsən – bu isə mıxlanıb durub yerində! Sən hələ bir ağlını başına vur, görüm, hara qaçım dalınca! Siz hara, mən hara – çatamı bilərəm dalınızdan! Xala xətrin qalmasın deyə qaçaydın heç olmasa, onda ürəyim bir az sakitləşərdi! İndi səni necə döyüm– əynin tünəkə, qabırğaların sananır, bədənin qamçıya gələn deyil. Döyüləsi yerin də yoxdur! Yaxşı, R olan oldu! Keç bu qocanın günahından. Atan qayıdanda kötəkləyərsiniz məni ixtiyar çağımda, olacağa çarə yoxdur. İndi isə gəl göstər görüm nə həngamə açmısınız…

Qərəz, belə bir həngamə baş vermişdi həmin gün. Sultanmurad payını almışdı. Öz cəzasıydı, çəkirdi. O halda briqadir şallaqsız keçinə bilməzdi. Bu qədər zəhmət, əzab-əziyyət puç olmuşdu– kimin nəyinə gərəkdir şikəst at? Ətlik olub getmişdi. Amma işlək heyvanı kəsməyə kimin əlindən var gələrdi? Çəkişin və digər başı çıxanların dediyinə görə zədə qorxulu deyildi. Anatayın Oktorunu bir qocanın həyətinə aparası oldular. O, atları müalicə edə bilirdi. Oraya yonca, yulaf daşıdılar, növbətçilik düzəltdilər. Bəxtləri gətirmişdi, beş gündən sonra Oktoru tövləyə gətirdilər, işlər düzəlmək üzrəydi.

Ümumiyyətlə, o həftə – bəduğur həftə oldu. Evdə də anası xəstələnmişdi. Əvvəl özünü yaxşı hiss etmirdi, sozalırdı, sonra yüksək qızdırmayla yorğan-döşəyə düşdü. Sultanmurad evdə qalası oldu, anasına, balacalara qulluq etmək lazım idi. Evlərinin necə kasıblaşdığı, necə miskinləşdiyi yalnız onda gözünə çarpdı. Atası davaya gedəndə on baş qoyunları var idi, indi biri də qalmayıb: ikisini qovurmalıq üçün kəsib yemiş, qalanlarını da istiqraz haqqı, nə bilim, hərbi və digər vergiləri ödəmək üçün satmışdılar. Yaxşı ki, qapıda heç olmasa bir inək vardı, yelinləmişdi, yaxın günlərdə doğmalıydı, bir də Hacımuradın Qarayalman eşşəyi veyllənirdi həyətdə. Olub-qalan mal-qara elə buydu. İndi ona da yem tapılmırdı. Damda bir neçə bağlama quru qarğıdalı şaxı qalmışdı. Baxıb hesabladı ki, bu yem inək doğandan sonra müəyyən müddət ancaq kifayət edər; hələ o da nagümandır, əgər qış uzansa– kim bilir, nələr ola bilər. Eşşək özünə yem axtarıb tapmalıdır. Həndəvərdə tikan-mikan tapıb başını dolandırırdı. Yanacaq məsələsi daha betərdi – təzək tükənmək üzrəydi, kuray çırpısı da bir neçə günlük qalmışdı. Bəs sonra? Aktöş köpəyin də qarnı qarnından keçirdi, quru qaraltıydı. Sultanmurad qüssələndi. Özü özündən utandı. Atxanada Aksay desantının hazırlığı işinə gecəli-gündüzlü başı elə qarışmışdı ki, öz təsərrüfatlarının bu acınacaqlı hala düşdüyündən xəbəri yox idi. Məgər beləydimi atası evdə olanda? Vaxtında elə ot biçib tədarük hazırlayırdı ki, qışa da bəs edirdi, yaza da. Yanacaq ehtiyatını da artıqlamasıyla görürdü. Deməyə lüzum yox, atasının vaxtında güzəranları tamam ayrı cürdü – sarsılmaz, tədbirli, gözəl yaşayış. Həm də təkcə öz evlərində deyil, hər yerdə, hər yanda, bəlkə lap bütün dünyada, Məsəl üçün indi həyətləri ayrı cür görünürdü. Xəzan vaxtı yarpağı tökülmüş ağac kimi burada nə isə çatışmırdı. Baxmayaraq ki, aul da öz yerindəydi, küçələr də, evlər də, amma atasının vaxtındakı kimi deyildilər. Hətta ötüb keçən at arabalarının təkərləri də atasının vaxtında olduğu kimi taqqıldamırdı – axı, atası da eyni yolla eyni cür araba sürürdü…

Cambula gedib-gələnlər danışırdılar ki, şəhəri bahalıq, qıtlıq, aclıq basıb, adam görən kimi evə qayıtmaq istəyir. Deməli, şəhər də o zaman atasıyla gedib gördüyü şəhər deyil daha.

Nədən belədir görəsən? Belə çıxır ki, atası burda yoxdur – hər şey pisləşib… Bəs indi haralardadır atası, sağ-salamatdırmı? Ay yarım bundan əvvəl gəlib axırıncı məktubu. Anası təskinlik verir, deyir ki, yolda yubanır məktubları. Doğrudan da məktub gecikə bilər, üstəlik də cəbhədən gəlir. İndi cəbhədəkilərin gözünə məktubmu görünür? Elə əsas məsələ də budur: bir var Çüy kanalından gələn məktub yubana, bir də var – cəbhə məktubu. Bunu hamısı düşünür, anası da, onlar da.

Srağagün səhərə yaxın it qəflətən həşirlə hürdü, sonra səsini kəsdi, sevinclə zingildədi və pəncərəni tıqqıldatdılar. Anası səksəndi, xəstə yatmağına baxmayaraq, yerindən sıçrayıb qalxdı. O da pəncərəyə cumdu. Kim isə dayanmışdı evin yanında. Birinci anası tanıdı.

– Nurqazı dayınızdır gələn, – dedi oğluna, – çıx qarşıla. – Özü də titrətmədən dişləri şaqqıldaya-şaqqıldaya qayıdıb yatağa girdi.

Anasının doğma qardaşı Nurqazı dayı ömrü boyu dağlarda yaşamış, qonşu sovxozda çobanlıq etmişdi. Yaşı ötməsinə baxmayaraq, bu yaxınlarda onu da əsgərliyə çağırmışdılar, Cambuldan isə başqa çobanlarla birlikdə geri qaytarmışdılar. Sürülərə baxmağa adam yox idi. Qoyun-quzunu allah ümidinə qoymaq olmazdı. Yaxşı ki, heç olmasa Nurqazı dayı var idi, hərdən baş çəkirdi onlara. Elə bu dəfə də, bacısının naxoşladığını eşidib, dağlardan enib gəlib, sürüləri hələ yataqlardadır. Atüstü baş çəkməyə gəlib, görsün nə var-nə yox, sonra da obaşdan qayıdıb getsin iş başına.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8252-1-4
Telif hakkı:
JekaPrint
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,5, 4 oylamaya göre
Metin
Ortalama puan 4,2, 5 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 3, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1,5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre