Həya və Dəyər

Abonelik
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Həya və Dəyər
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

HƏYA VƏ DƏYƏR

Əslində o, bir az artıq çəki almış həyat yoldaşı ilə hər gün nahar edən və çox vaxt azca sərxoş olan 50 yaşlarında bir müəllim idi. Bu payız günü də, oktyabr ayının bir bazar ertəsində bir az başı ağrıyaraq oturduğu nahar süfrəsində o hələ bu günün həyatının ən həlledici günü olacağını bilmirdi. Hər gün olduğu kimi bu gün də o, ağappaq köynəyini geyindi. Bu cür təmiz qiyafət onun belə bir dövrdə və bu cür şərtlər altında yaşamaq məcburiyyətində olmasının verdiyi narahatlığı yüngülləşdirdi. İllər boyu olduğu kimi səhər yeməyini sakitcə, pəncərədən Yakob Aals küçəsinə baxa-baxa yedi. O, Norveçin paytaxtı Osloda idi – burada işləyir və yaşayırdı. Hava tutqundu, səma qurğuşun rəngdəydi və beləcə yer üzünə ağır bir gün hakim kəsilmişdi. Göyüzünə sanki buludlardan duvaq çəkilmişdi. Yəqin ki, yağış yağacağını düşünən müəllim açılıb-bağlanan çətirini də özü ilə götürdü. Çətiri də baş ağrısı dərmanları və kitabları ilə bir yerdə çantasına qoydu. Özünün əsəbi, arvadının isə sallanan sifətinə baxmayaraq onunla ürəkdən və səmimi bir tonda xudahafizləşdi. Amma bu artıq hər gün belə idi, illər boyu mehriban, can bir qəlbdə yaşadığı qadınla indi adi bir qonaq kimi sağollaşmaq… O, bir çox şeyi indi dərk edirdi: bir zamanlar dərin birgəlik və bağlılıq duyduğu qadına indi həmin hisslərin qalıqlarının qaldığını, bu sağollaşmanın yalnız quru hörmət xatirinə, sanki məcbur imiş kimi bu şəkildə şən və həvəslə deyildiyini, ürəyinin dərinliklərində illərin onlar arasında heç nəyi dəyişmədiyini, əksinə, həyat yoldaşının da, özünün də vəziyyətin bunun tam əksi olduğunu başa düşdüyünü dərk edirdi. Beləliklə də, ya ədəb-ərkan xatirinə, ya qarşı tərəfdən eyni hörməti gördüyü üçün imkan olduqca belə hisslərini yoldaşına göstərirdi. Narahatlığını yüngülləşdirən bütün bu hallar olmadan keçinə bilməyəcəyini düşünürdü. Yaşadığı yerdən cəmi 7-8 dəqiqəlik məsafədə olan iş yerinə – Faqerborq orta məktəbinə tərəf addımlamağa başladı. Axşamdan içdiyi pivədən və üstünü də akervitlə (spirti çox olan Norveç milli içkisi – red.) düzəldəndən sonra başı partlayırdı, özünü də bir az əsəbi hiss edirdi. Deyəsən akervit bir az çox olmuşdu, indi elə bil alnından zəncir kimi sallanırdı. Məktəbə çatan kimi birbaşa müəllimlər otağına qalxdı. Çantasını kənara qoydu, kitablarını, baş ağrı dərmanını götürdü, bu dəqiqə dərsdən çıxan və dərsə gedəcək həmkarları ilə yüngülcə amma səmimi tərzdə salamlaşdı.

Sinif otağına daxil oldu, qapını arxasınca bağladı, sinifdə demək olar ki, lövhə ilə bir bərabərdə qoyulan müəllim stolunun arxasına keçdi. Lövhə, silgi və təbaşir… Məktəbə 25 illik xidmət. O, sinif otağına addımını qoyarkən uşaqlar da öz yerlərini tutmağa tələsdilər. Onun qarşısında salamına cavab verən 18 yaşlarında 25 cavan vardı. Onlar qulaqcıqlarını çıxardıb ciblərinə qoydular. Şagirdlər müəllimin istəyi ilə “Vəhşi ördək” əsərinin məktəb üçün olan buraxılışını çıxartdılar. Uşaqların ona qarşı necə düşməncəsinə kökləndiyini son vaxtlarda növbəti dəfə dərk etdi. Nə olsun ki? Özləri bilər. Müəllim kimi bir öhdəliyi var idi, dərsini deməli idi. Məhz bu qrupa girəndə o, özünə qarşı şagirdlərin bədənlərindən axın edən kütləvi könülsüzlük hiss edirdi. Ayrı-ayrılıqda götürəndə bu şagirdlər haqlı və mehriban ola bilərdilər. Amma onlar bu şəkildə, bu otaqda partalarının arxasında onun özünə və bütün hərəkətlərinə qarşı strukturlaşdırılmış bir düşmənçilik nümayiş etdirirdilər. Bir şey də var idi ki, müəllim nə deyirdi onu da edirdilər. Onlar deyinmədən, sakitcə “Vəhşi ördək” kitabını çıxardıb partalarının üstünə qoydular. Özü də kitabı açıb qarşısına qoydu. Henrik İbsenin “Vəhşi ördək” kitabı. Bu diqqətçəkən əsəri dahi İbsen 56 yaşı olarkən 1884- cü ildə yazıb. Bir aydan çoxdur ki, bu kitabın üzərində dayanmaqlarına baxmayaraq, hələ də IV pərdədən o tərəfə keçə bilməmişdilər. Bu yuxulu bir bazar ertəsi səhəri idi. Faqerborq orta məktəbində, buraxılış siniflərindən birində norveç dili dərsi, hətta qoşa saat norveç dili dərsi… Pəncərədən baxdıqda isə ağır, tutqun bir gün… O, arxaya söykəndi, tələbələr isə burunları və gözləri ilə kitaba tərəf döndülər. Şagirdlərin çoxu parta arxasında oturmaqdansa, elə bil ki, partaya yayxanmışdılar. Bu, onu əsəbləşdirsə də, qərara aldı ki, fikir verməsin. Başladı əsər haqqında həvəslə danışmağa. IV pərdənin ortasında, Sörbü xanım Ekdalgildə peyda olduğu və Rellingin yanında tacir Verle ilə ev-lənəcəyini bəyan etdiyi yerdə, o məhz həmin bölümü oxumağa başladı: (bunu şagirdlərdən birinə də demək olardı, amma özü oxumağı üstün tutdu).

Relling: (bir az səsi titrəyir) Bu həqiqət deyil, eləmi?

Sörbü xanım: Bəli, nəzakətli Relling, bu doğrudan da belədir.

O, oxuduqca özündə dözülməz bir gərginlik duydu, elə bil ki, əvvəllər bu əsəri oxuyub anlamağa çalışanda dərk etmədiyi bəzi məqamları anidən aşkara çıxarmışdı.

Artıq 25 ildir ki, bu orta məktəbin buraxılış sinfinə həmin əsəri keçir. Hər zaman da əsərin personajı olan həkim Rellinq ilə problemləri olub. Heç cür anlaya bilmir, bu həkimin əsərdə rolu nədir axı? Başa düşürdü ki, onun əsas funksiyası əsərdəki insanlar haqqında təməl və çox sadə həqiqətləri üzə çıxartmaqdan ibarətdir. Dərinə getsək, elə bütün əsər boyu bunu edir. O, Rellingi İbsenin sözçüsü kimi qəbul edir, amma bunun vacib olduğunu qəbul etmirdi. Hətta düşünürdü ki, bu personaj əsəri zəiflədir. Bu sözçünü neyləyirdi ki İbsen? Əsər özü öz əvəzinə danışır axı. Amma dayan, burada nəsə var. Henrik İbsen özünün ikinci dərəcəli qəhrəmanı Rellinqə icazə verir ki, xanım Sörbüyə onun həqiqətən də qüdrətli Verle ilə evlənib-evlənməyəcəyinə dair sual versin. Əsasən öz sarkazmları ilə şərh etdiyi əsərə Henrik İbsen bir anlıq həkim Verleni dürtür. Budur, bütün ömrü boyu artıq iki dəfə ərdə olmuş Sörbü xanımı ümidsizcəsinə sevən, acı taleyinin əsiri olan Verle… Və bu qısa zaman kəsiyi onun taleyini həll edəcək. Bu ikinci dərəcəli personajın məqamıdır! Bu məqamdan öncə də, sonra da o, əsərə damğasını vuran replikalarını səsləndirir. Bunlardan biri isə Norveç ədəbiyyatının ölməz bir sitatına çevrilib: “Əgər bir insanın həyatının yalanını onun əlindən almış olsan, eyni zamanda onun xoşbəxtliyini də əlindən almış sayılarsan!”

Məhz bu məqamı da bəziləri partanın üstünə yayxanmış, bəziləri isə normal oturan şagirdlərinə çatdırmaq istəyirdi. O, tələbələrindən III pərdəni açmağı, həkim Rellinqin ilk dəfə səhnəyə çıxdığı yeri və onun replikalarını oxumağı xahiş etdi. (Yalnız IV pərdənin ortalarına kimi gəlmiş olmalarına baxmayaraq, o, özlüyündə düşünürdü ki, uşaqlar əsərlə tam tanışdırlar. Çünki hələ lap əvvəldə tələbələr bütün əsəri oxumaq barədə ev tapşırığı almışdılar, bu zaman müəllim də elə fikirləşmişdi ki, şagirdlər bu tapşırığı yerinə yetiriblər. Tələbələrin qrup halında, yaxud tək-tək bu barədə necə davranmaqlarından asılı olmayaraq, o, özünü uşaqların üstündə polis nəzarətçisi kimi aparmağa bir səbəb görmürdü. Kifayət qədər cavan olan ürəyində (əsas da dünənki kiçik içki məclisindən sonra) gülərək bütün bunları fikirləşirdi. Həmin yeri – həkim orada həyatın yalanı haqqında öz ölməz cümləsini işlədir. Bu anda o deyir: Görürsünüz də, Rellinq ancaq danışır, hər zaman danışır. Bircə yerdən başqa, o da əsərin bu yeridir. Dram əsərində ilk və son dəfə bu şəxs burada əlimizə keçir. Şagirdlər də onun dediyi kimi kitabı geriyə və qabağa vərəqləməyə başladılar. Və Rellinqin əsərdə ilk və son dəfə olduğu yeri açdılar. Onlar əsnəyirdilərmi? Yox əsnəmirdilər. Niyə əsnəməlidirlər ki, onların bezdiklərini belə şiddətlə nümayiş etdirmələri üçün nə səbəb vardı ki? Bu, bazar ertəsi səhər saatlarında Faqerborq orta məktəbinin buraxılış sinfində baş tutan adi bir norveç dili dərsi idi. Budur onlar oturublar burada, onlara norveç dili fənnindən əlavə kimi keçirilən, qaranlıq bir çardaqda saxlanılan ördəyin şərəfinə “Vəhşi ördək” adlandırılan əsərinin izahına qulaq asırlar. Şagirdlərdən bəziləri kitaba, bəziləri ona, bəziləri isə pəncərədən bayıra baxırdılar. Dəqiqələr çox yavaş gedirdi. Müəllim İbsenin əsərində həkim Rellinqin uydurulmuş insan haqqında dediyi həmin ölməz sitat barədə söhbətini davam etdirdi. Budur, öz acı taleyinin içində donmuş həkim. Onun üçün acı, bizim üçün isə müəyyən mənada gülünc. Xüsusilə, əgər biz onu özünün işlətdiyi sarkazmlar vasitəsilə təqdim etsək… Amma… O davam etdi və barmağını sinfə tərəf tuşladı. Bu, bəzi şagirdlərin xoşuna gəlmədi, çünki onlar bu cür işarələnməyin əleyhinə idilər. Bir də, bu əsərdə bu səhnə olmasaydı nə baş verərdi? Heç nə! Həkim Relinqin titrək baxışları olmayan bir əsər! Vəssalam! Cünki bu tamamilə artıq bir iştirakçıdır. Əsərin inkşafına heç bir halda təsir etmir, nə də gördüyümüz kimi 2-ci dərəcəli bir şəxs olan həkim Relinqi dəyişdirmir. Bu əsmə anından qabaq da sonra da o tamamilə eyni xarakterə malik insan idi və eyni funksiyanı daşıyırdı əsərdə. Biz bu əsərin bütün səhnələrini və əsərlərini dəqiqliklə təsvir edən və heç nəyi təsadüfə buraxmayan İbsen tərəfindən yazıldığını düşünəndə sual verməliyik: Niyə İbsen bu artıq səhnə olan Relinqin titrək səslə dediyi o məşhur replikasından sonra əsərin taleyüklü anını gətirir? Burada nəsə bir səbəb olmalıdır. Belə olan halda da ki bu səhnə artıq və lazımsız olduğundan burada İbsenin öz 2-ci dərəcəli personajına böyük bir jest etmək istəməsindən başqa adamın ağlına heç nə gəlmir. Onda bu sual meydana çıxır: Axı niyə: Elə bu vaxt da məktəb zəngi vuruldu. Şagirdlər isə qamətlərini dərhal düzəltdilər, “Vəhşi Ördək” kitabının məktəb buraxılışını bağladılar, yerlərindən qalxdılar. Onlar sakitcə, laqeyidliklə müəllimlərinə heç gözlərinin ucu ilə belə baxmadan onun qarşısından keçib sinif otağını tərk etdilər. O isə sualın ortasında sözünün yarımçıq qalmasının gətirdiyi məyusluqla stula çökdü.

Oturduğu yerdən qalxaraq düşündü ki, 10 il bundan qabaq heç olmasa ona ağzındakı sözünü bitirməyə imkan verərdilər. Amma indi, zəng vurulan kimi hamısı kitablarını bağladı və belə də olmalıymış kimi saymazyana otağı tərk etdi. Çünkü artıq şübhə yox idi ki məktəb zəngi dərs vaxtının bitməsi anlamına gəlirdi. Hər şeyi saat müəyyən edir, dərsin də qayda qanunları var və hər bir müəllim də buna əməl etməlidir. Bütün bunları o çox güman: “dərsin nə vaxt bitməyini mən təyin edirəm” deyəcəyi təqdirdə o, özunə hədsiz güvənən və laqeyd tələbələrindən eşidəcəkdi. Onlar ona baxıb soruşacaqdılar: bütün hallarda sən dərs vaxtını müəyyən edəcəksənsə onda daha zəng niyə var? Dərs zəngi yalnız və yalnız müəllimə köməkçi vasitədir. Və yalnız onun üçün nəzərdə tutulub ki birdən müəllim hədsiz hisslərə qapılıb elə həvəslə dərs keçər ki, dərsin bitdiyini və harda olduğunu unudar. Bu onun ağlından keçənlər idi. Amma əlbətdə ki bütün bunların ona bir faydası dəyməyəcəkdi. O müəllimlər otağına doğru addımladı. Biraz əsəbləri də yerində deyildi. Əsas da ona görə ki o da ən az şagirdləri qədər tənəfüsü gözləmişdi. 45 dəqiqə dayanmadan danşmaq onu tamam əldən salmışdı. İndi onun bir stakan suya və bir başağrı dərmanına ehtiyacı var idi. Su kranının qabağında durub dərmanını çıxararkən və içərkən düşündü ki, o özü necə də bu əsərdəki həkim Rellinqə oxşayır. Həkim Relinq də bütün əsər boyu ağrılardan şikayət edirdi və özünün yöndəmsiz replikaları ilə ( amma onlardan biri doğrudan da ölməzlik qazanmışdı) orda burda dolaşırdı. O müəllimlər otağındakı adət etdiyi yerdə oturdu və həmkarları ilə həftə sonu baş tutan futbol oyunlarından danışmağa başladı. Bu müəllimlərin hər biri əslən Norveçin ayrı-ayrı yerlərindən olduğundan ölənin hər iki liqasında çıxış edən komandaların hər biri ən azı bir dəli fanatla təmsil olunardı. İşin maraqlı tərəfi də komadası qalib gələn müəllimlərin digərlərinə acıq verməsi olurdu. O özü 3-cü liqada çıxış edən bir komandanın azarkeşi idi. Komanda diviziona başçılıq edirdi. Ürəkdən inanırdı ki bu komanda 2-ci diviziona yüksələcək. Amma müəllim həmkarları ondan bu barədə soruşada nəzakətlə və düşüncəli tərzdə bu barədə heç nə deyə bilməyəcəyini söyləyirdi. (Qadın müəllimələr bu müzakirələr zamanı kişilərlə yanaşı bir masada otursalar da onlar müzakirələrdə heç iştirak etmirdilər. Onlar yalnız toxuculuqla məşğul olduqlarını arvadına gülə-gülə danışardı).

 

Zəng vuruludu və o yenidən sinif otağına qayıtdı. Uşaqlar hələ sinif otağına qayıdıb öz yerlərini tam tutmamış o öz-özünə sual verdi: Hə, bu İbsen niyə öz sözçüsünə belə bir jest eləsin? Bu axı lazımsız, özünü təkzib edən bir nüansdı və İbsen üsuluna yaraşmayan bir tərzdi. Ona görə də həkim Relinqin İbsenin bu əsərində sözçü kimi çixış etdiyi hər bir yerin qarşısında sual işarəsi qoydu. Onun sözçü olmasının səbəblərindən biri bəlkə də Gregers Verlenin canını belə asan qurtarmasının qarşısını almaqdır. Amma bu Verle də guya canını qurtarır ki? Hedviqə ördəyi vurduran, özünə qəsd eləməyə məcbur edən və bütün əsərdə faciəyə səbəb olan bu Relinq özü deyilmi? O bütün faciənin əsasını qoyur və eyni zamanda da Yalmar Ekdalın yetkinləşmə-sini, həyatı anlamasını təmin edir.

Yenə həvəssiz və yenə əsnəyən tələbələr. O tələbələrdən birinə Vəhşi Ördəkdən bir pərdə oxumağı tapşırır. Tələbə həvəssiz şəkildə başını kitaba tərəf əyir və oxumağa başlayır. Elə bu zaman şagirdlərdən çoxu usanmış şəkildə ah çəkir. Onlar artıq bu dərslə və bu kitablarla maraqlanmadıqlarını açıq-aşkar nümayiş etdirirdilər. Sözsuz ki o öz nümunəvi dərs metodları ilə bu 18 yaşlı gəncləri yerlərinə otuzdura bilərdi amma o sinifdə yarana biləcək kütləvi narazılıqdan qorxurdu. Onda artıq şagirdlər onu öz müəllimləri kimi istəməyə də bilərdilər. O qorxurdu ki onlar hamısı birdən partalarından ayağa qalxar və öz şəxsiyyətlərinə hörmət tələb edərlər. Belədə o tamam köməksiz olardı. Şübhəsiz ki, hər şeyi nəzərə alsaq onlar haqlı idi, o isə haqsız. Onun dərsinin heç bir məqsədi yox idi. Onun gözləntilərinin də şagirdlərə dəxli yox idi. Və o qorxurdu ki onun bugünkü bütün səyləri hədər getmiş olar və həddən artıq yersiz sayılar. Amma yenə də o daxilində şagirdlərin belə münasibətinə hədsiz dilxor olurdu. O öz qəzəbinə icazə verdi ki başına vursun, bütün bədənini silkələsin və ona qorxu yarantmış bu vəziyyəti tam dərk etsin. Yaranan vəziyyətə bax!

18 yaşlı tələbə kəkələyərək oxuduğu hissəni bitirəndə müəllim özündə çox böyük bir qıcıq və qəzəb duydu. O birdən dərk etdi ki əvvəlki illərdə olduğu kimi tələbələrinə təsir edə bilmir, istədiklərini həyata keçirə bilmir, hətta nə deyəcəyini bələ qərarlaşdıra bilmirdi. Elə ona görə də saata baxdı və dedi: Təəsüf “Vəhşi Ördək” haqda müzakirələrimizi burada yarımçıq saxlamalı olacayıq. Dərsin qalan hissəsində isə mən bəzi praktik məsələlərdən danışacam. Bunun öhdəsindən nisbətən asan gəldi. Uzun illərdən bəri eyni şeyi eyni vaxtda etdi-yindən ev tapşırığı, inşa və s. Haqda elə danışdı ki, düz zəngin vaxtında sözünü yekunlaşdırdı. Zəng vurulanda şagirdlər səs-küylə kitablarını öz çantalarına yığanda o da sakitcə öz kitabını bağladı. Şagirdlər yerlərindən qalxıb laqeyidliklə nümayişkarənə şəkildə onun yanından keçdilər. Onların tərzində saymazyanalıq və özündən razılıq da aşkar sezilirdi. Beləliklə 29 gənc çırtmıq çala-çala qulaqlarında qulaqcıq onun yanından keçdilər. Müəllim də ayağa qalxdı. O özünü yorğun, əldən düşmüş və çox üzgün hiss edirdi. Bir qoşa saat dərsdən canları bu dəqiqə qurtarmış şagirdlər dəstə-dəstə onun yanından şən halda danışa-danşa keçirdilər. Bu tipik norveç gənciliyi idi: qorxusuz, laqeyd və özünə əmin. Birdən o uşaqların arxasınca qışqırdı: Oldu, gələn bazar ertəsinə kimi! Onda bu kitabı da tam bitirəcəyik biz. Həm Gregers Verleni həm də kitabdakı bəzi mətinaltı mənaları anlayacağıq. Şagirdlər isə onun danışdıqlarını başa düşdüklərini göstərən heç bir işarət vermədən sakitcə onun yanında keçib gedirdilər. Bəlkə də heç onu eşitmirdilər. Cünkü artıq son tələbənin də silueti yalnız uzaqdan görünürdü. Birdən dərk elədi ki sinif otağı artıq boşdu və o öz-özünə donquldayır. Bu onu o qədər də məyus etmədi. Özünə təsəllisi də o oldu ki nə olsun o təkdi, əsas odu ki, şagirdlərin onu bu şəkildə saymama-sını heçkəs görmədi.

Müəllimlər otağına girdi. Bugünkü dərsi ancaq bu qoşa saat idi və indi o azad idi (baş müəllim olduğundan, bir də məcburi oxu dərsləri var idi deyə dərsi belə az idi). Özünü zorla öz həyatına, həyatdakı roluna gülməyə məcbur etdi. Amma gülə bilmədi. Ehh, ey dünya! Bu səhərin pis xatirələrini özündən uzaqlaşdırmağa çalışaraq qapını açıb içəri keçdi. İçəridə növbəti dərsə hazılaşan müəllimlər istirahət edirdilər. Həmkarları ilə biraz ordan burdan danışandan sora hiss etdiki dünənki akervitin təsiri hələ də getməyib. Ürəyindən yaman pivə keçdi. Ancaq dərhal özü özünü qınadı ki səhərin bu çağı da pivə olar?! Hiss etdi ki özünü biraz da olsa sakitləşdirə bilir. Digər tərəfdən artıq məktəbdə də bir işi qalmamışdı, sabahkı dərsə hazırlıqları isə evdə rahat oturub edə bilərdi. Yağışın yağmağa başlamasını məktəbin çıxış qapısına yaxınlaşanda aşkar etdi. Elə də güclü yağmırdı, sadəcə çisələyirdi. Evə qədər piyada məsafə çox olmasa da islanmaq istəmədiyindən o çətirini açıb açmamaq barədə içində götür-qoy etdi. Digər tərəfdən də, bir halda ki o çətiri özünə səhər çağı yük edib götürmüşdü, qərara aldı ki ondan istifadə etsin. Çətiri açmağa çalışdı, açılmadı. Çətiri açmalı olan düyməni də dəfələrlə basdı. Yenə heç bir nəticə hasil olmadı. Bir dəfə də, bu dəfə daha da bərkdən basdı düyməni. Yenə də heç bir şey baş vermədi. Bircə bu qalmışdı, o acıqlı halda deyindi. O 3-cü dəfə də cəhd etdi, bu dəfə də nəticəsiz. Onda çalışdı ki çətiri güc hesabına açsına. Var gücü ilə çalışsa da yarıya kimi açılan çətir elə bil ki müəllimin acığına açılmırdı. Bu artıq onun içini əsdirdi. O sadəcə Faqerborq orta məktəbinin həyətində durub öz çətirini açmağa çalışırdı. Bunu isə heç cürə bacarmırdı. Ətrafında olan yüzlərlə tələbədən əlbəttə onun bu uğursuzluğuna göz qoyanlar da vardi. Bu artıq bardağı daşıran son damla oldu. O əlində çətir məktəb həyətindəki fontana doğru addımladı və çətiri var gücü ilə fontanın kənarına çırpdı. Dəfələrlə daş fontana çırpılan çətirin simləri və dəmiri yararsız hala düşdü. Bu ona gözlənilməz bir həzz verdi və o dayanmadan eyni şeyi təkrarladı. Bir sövq təbii ilə o şagirdlərdən bəzilərinin sakitcə, asta-asta ona yaxınlaşdığını hiss edirdi. Şagirdlər artıq onu dövrəyə alsalar da çox da yaxın olmağa cürət etmirdilər. Böyük bir əsəblə sınmış, əzilmiş çətirini fontana tərəf atdı. Hiss etdi ki çətirin simləri tamam boşalıb, amma bu da onun hədsiz qəzəbini sakitləşdirmədi və o çətirin üstündə hoppanıb düşməyə başladı. Bununla da hirsi soyumayan müəllim çətirin boşalmış simlərini əlinə götürüb bacardığı qədər uzaqlara tullammağa çalışdı. Çətirin bəzi simləri boşalıb qırılmışdı və çətirin qalıqlarını hara gəldi tolazladıqdan sonra əlinin qanamasını da hiss etdi. Əlindən az-az qan damcılayırdı. Artıq hər tərəfdən şagirdlərlə əhatələnmişdi. Sakit, diqqətli, nə düşündüyü bilinməyən gözlər ona dikilmişdi. Onların hamısı azacıq məsafədən ağızları açıq halda müəllimlərinə tamaşa edirdilər. Tənnəfüs olduğundan şagirdlərin çoxu əlində yemək tutmuşdu. Sanki ətrafa duman çökmüşdü və bu dumanın arasından o şəgirdlərinə tərəf baxdı. Hər birinə diqqətlə baxdı. Yekəpər, sarışın bir qızın, buraxılış sinifindən olan 3-4 oğlanın təəccüblə ona doğru baxdığını hiss etdi və onların sifətlərində olan gülüş ifadəsi qəzəbini birə on artırdı. Diqqətlə yekəpər sarışın qıza baxıb bağırdı: “Qancıq balası, nəyə baxırsan? Yeməyivi ye zəhərlən dəə!”

Dözməyib bir pis söyüş daha söydü. Elə həmin anda da çətirini götürdu, sifəti qapqara, şəxsiyyəti alçalmış vəziyyətdə, sanki qozbel olmuş kimi onlara tərəf yönəldi. Amma yaxınlaşanda uşaqlar ehtiyatla kənara çəkildilər, onların arasından sivişib keçə bilsin deyə. Yağışdan islanmış, bu boş məktəb həyətindən çıxıb azad şəkildə, ruhu rahat olaraq, hamıdan uzaqlaşaraq Faqerboq küçəsi ilə aşağı doğru hərəkət etdi. O ruh halı ilə mütanasib olaraq cəld və iti addımlarla hərəkət edirdi. Birdən dərk edəndə ki o biraz öncə hansı əməli tutdu bu param-parça olmuş, dağılmış mənəviyyat dünyasında hər şey ona çılpaqlığı ilə aydın oldu.

Adət etdiyi bir şeyi etdi – Faqerborq küçəsi ilə aşağı doğru hərəkət etməyə başladı. Sadəcə bu dəfə həmişə etdiyi kimi Yakob Aals küçəsində sola dönmədi. Əvəzində Faqerborq küçəsinin dolambac yolları ilə aşağı doğru hərəkət etməyə başladı. Sonra Pilestredle yuxarı doğru daha sonra Stensparkın yanı ilə, Norbakkenin aşağısı ilə Bisletə doğru hərəkət etdi. Baxmayaraq ki o bu yolu instinktiv seçmişdi amma yenə də bu daxili fəryad və pozulmuş əhvalı ilə də bu tanımadığı yolların onu evə aparmadığını dərk edirdi. Sürətlə addımlayarkən ağlına gələn yeganə şey aşağı şəhərə doğru, camaatın çox olan yerinə getmək idi. Bu zaman bir şey ona gün kimi aydın idi. Bu onun Norveç dövlət məktəblərində müəllim kimi işlədiyi son gün idi. Bu onun son və həlledici çöküşü idi. O həm də dərk edirdi ki bayaqkı hərəkəti ilə o özünü Faqerbor məktəbində bir də dərs demək şansından ömürlük məhrum edib. O tamam məhv olmuşdu. Bu isə geri dönüşü olmayan çöküş idi. Nə qədər ya direktor ya başqa müəllimlər ona təsəlli versələr də burada nə var ki, bu hamının başına gələ bilər, qayit işini işlə deyə, artıq həmin məktəbinin həyətinə addımını ata bilməzdi. Sadəcə bilməzdi vəssalam! Hər şey bitmişdi. Hər şey ətrafda bu günün özü kimi tutqun və boz idi. Belə bir biabırçılıq başqasının yox məhz onun başına gəlmişdi axı. Yeri gəlmişkən, görəsən həmkarları məktəb həyətində yaşananaları gördülər? Bu düşüncənin özü belə onun bədənini keyitdi. Ay allah, bu nə iş idi mənim başıma gəldi? O qışqırdı. Amma bu həqiqət idi və olan olmuşdu. Həm də öz təcrübəsindən də bilirdi ki o ilk baxışdan sakit, mülayim görsənən və müəllimlər otağında oturan həmkarları hər bir hadisəyə, azacıq səs küyə qarşı çox diqqətli idilər. Onların gözündən nəsə qaça bilməzdi axı. Məktəb həyətində də nəsə nəzərəçarpan, gündəlik şablondan kənarda nəsə baş verəndə əvvəl bir müəllim sakitcə pəncərəyə yaxınlaşıb baş verənləri seyr edər, sonra 2-ci sonra 3-cü, beləliklə bütün müəllimlər otağındakılar olanlardan anındaca xəbər tutardılar. Yox! Yox! Beynindəkiləri silməyə çalışdı. Oldu bitdi! O lənətə gəlmiş çətirdən əvvəl-axır canımı qurtarmalıydım deyə düşündü, elə bu an gözü çətiri ata biləcəyi ictimai zibil qutusuna sataşdı. Yenə də beynindəkilər ona rahatlıq vermədi: Müəllim yoldaşları onun bir anlıq hirsli başla nə çığırdığını eşitmədilər ki. Amma nə olsun əvvəl-axır eşidəcəklər də biləcəklər də hər şeyi deyə öz-özünə pessimist şəkildə etiraf etdi. Bu axı bir dəhşətli qəza idi deyə o heyrətlə düşündü. Bu mənim bədbəxtliyimdi, bədbəxtliyim! Başqa heç nə. Necə axı mənim başıma belə bir iş gələ bilər deyə o acı-acı düşündü. Mən necə də gicbəsərəm! Və nə qədər etdikəri gicbəsərlik olsa da özünü gicbəsər adlandırmağa bir səbəb görmədi. Axı onsuz da nəyisə geri qaytarmaq olmazdı. Bu baş verə biləcəklərin ən dəhşətlisi idi deyə bir anlıq düşündü, amma özü də ozünə inanmadı. Yaxşı bəs indi mən nə edəcəm o, daxili bir şübhə ilə öz-özündən soruşdu. Arvadım bəs? Necə danışacam bütün olanları ona? Necə deyim ki, bütün qurduğumuz, yaratdığımız həyat bir anda başımıza uçub və bunun da günahkarı mənəm! Başqa sözlə bundan sonra yeməyə bir tikə çörəyi necə tapacağıq? Bu axı əsl biabırçılıqdı. Yox e, həyat daha heç vaxt bir də əvvəlki kimi olmayacaq deyə o düşüncəli tərzdə dedi. Hələ də sürətlə sakit Faqerborq küçəsi ilə addımlayırdı. Maşınların yan şüşələrində yağış damcılarını görəndə birdən ayıldı ki saçı, başı tam islanıb. Asfalt yağışdan nəm və qara, yarpaqlar isə qəhvəyi və sulu idi. Səma yağışı yerə töküb sanki yüngülləşmiş, açıq boz rəngə çalırdı. Amma birdən yenə Stenseparkın yanından keçəndə eynəyinin şüşələrində və saçında yağış damcıları hiss etdi. Norbakken küçəsinin lap aşağısında bir zibil qabı gördü və ona bu böyük bədbəxtliyi gətirən çətiri sakitcə ora qoymaq istədi və birdən təəccüblə hiss etdi ki bu çətirdən canını qurtarmaq onun gərgin bədənini yüngülləşdirməklə bərabər elə bil ki ruh halına da müsbət təsir edirdi. Guya bu dilsiz ağızsız şey bu qədər taleyüklü imiş. Hələ də qan damcılayan əlinə baxdı və qanı salfet ilə sildi. Bislete tərəf aşağı düşdü və yol dairəsinin yanında sakitcə durdu. İndi burdan hara getsin?

 

Bir neçə seçim var idi. Ya Homensbiyene doğru, ya hədsiz gözəl Yozefin küçəsi boyunca, orda oturub bir pivə içə bilərdi. Başqa bir seçim isə Uranonborq kilsəsinə doğru gedib ordan da möhtəşəm Kral sarayına keçmək idi. Doğrudan da ilin bu vaxtındakı kral sarayının möhtəşəm payız mənzərəsini görməyə dəyərdi. Oslonun bu əyri-üyrü mərkəzu küçələrində hara gedəcəyini heç özü də bilməyən bu şəxs mərkəzi küçə olan Karl Yohan keçəsinə doğru istiqamətləndi. Milli teatr, Opera, Oslonun başqa tarixi binaları bir-bir arxada qalırdı. O sağ tərəfə baxdı. Buradakı yol isə Teresa küçəsi ilə yuxarı doğru, Oslonun qərb hissəsinə – varlılar yaşayan yerə gedir. Orada isə yan-yana bahalı taxta həyət evləri və villalar uzanırdı. Birdən elə bil bu duyğulardan ayıldı və özü özünə bərk əsəbləşdi. Sən hansı halınla belə şeylər düşünürsən? Heç bu düşüncələrin yeridi? Yaxşısı budur düşün görək arvadına nə deyəcəksən? İşin də yoxdu artıq. Nə yeyəcəksən nə geyinəcəksən? İlk təqaüd vaxtın çatana kimi nəcə yaşayacaqsan? O bütün bunları özündən acı bir iztehza ilə soruşdu. Həyat axı necə olacaq bugündən sonra? O biraz da irəlilədi və Şröder restoranının yanında dayandı. Ürəyindən pivə içmək keçirdi həm də çoxdandı bu sevimli restoranına baş çəkmirdi. Əvvəl küçəni keçməli idi. Qabaqda Bislet stadionu göründü. Bu stadion da onu şirin – acı xəyallara daldırdı. Əslində bu stadionla bağlı xatirələri çox olsa da o stadionun estetik quruluşunu və akustikasını heç bəyənmirdi. Stadiona, ətrafa baxa-baxa irəlilədikcə bir fikir ona rahatlıq vermirdi. Zəifləmiş ayaqları onu bu tutqun, boz Oslo günündə şəhərin içi ilə haralara aparsa da beyni tam başqa sualla məşğul idi: Onlar bugündən sonra necə yaşayacaqlar? Yaxşı bəs arvadım necə olacaq? O özü özündən ürkmüş halda soruşdu. Qorxuram o özünün də mənim də bu şəkildə alçalmamıza dözə bilməsin. Heç buna mən də dözə bilmərəm – o qara-qara düşündü. Amma bu həqiqətdirsə… Və başqa yolu yoxdur, bu elə həqiqətdir. Onda hər şey bitib. Bu fikirlərlə, özü öz daxili aləmi ilə danışa-danışa başını elə qəzəblə yelləldi ki bütün ətrafdakı adamlar dönüb ona baxdılar.

O hələ də qanayan əllərinə vəhşi və anlaqsız bir nəzərlə baxdı. Doğrudan da dərin kəsilmiş yarasını yenidən cib dəsmalı ilə sarıdı. O indi bu payız günü Bislet yol ayrıcında dayanıb hara gedəcəyini bilməyən, tam qeyri-müəyyənlikdə olan bir insan idi.

Onun sivil cəmiyyətə əlvida deməsi faktı, işdən qovulması, və özünü bu aciz vəzəyyətə salması söz yox ki Elias Ruklanın həyat yoldaşını da kifayət qədər pərişan edəcəkdi. O düşünə bilmirdi bu səhnəni. Düşünəndə də gözünün qabağına yalnız həyat yoldaşının saysız hesabsız məsləhətləri, vəziyyətdən çıxış yolları, özünün isə uşaq kimi onun qarşısında durub yalnız çiynini çəkməsi gəlirdi. Arvadının adı Eva Linda idi. Bu izahedilməz gözəl qadını ilk dəfə görməsi, onunla tanışlığı bu ümüdsüz anlarında Elias Ruklanın gözünün önündən keçdi. Onlar tanışlıqlarından düz yeddi il sonra ailə həyatı qurmuşdular. İndi burada onun üçün həyatda hər şeyin bitdiyi bu tutqun payız günündə, Bislet dairəsinin yanında, içində gələcəyə olan ölçüyəgəlməz ümüdsüzlük fonunda həyatının keçmişini vərəqləmək istədi. Yaddaşı ona xəyanət etmədi. Gənclik, tələbəlik illəri, Eva Linda ilə Yohan Kornelusen ilə tanışlığı yağış çisələyən Oslo səhərində bir-bir yadında düşürdü:

İlk dəfə tanış olanda Eva Linda onun ən yaxın dostu sayılan Yohan Kornelusenin arvadı idi. 1960-cı illərin sonu idi. Onlar hər üçü gənc idi. Daha dəqiq desək Elias Ruklanın 30-a yaxın, cütlüyün isə 25-26 yaşları olardı. Elias Rukla sonradan can bir qəlbdə dost olacağı Yohan Kornelusenle 1966- cı ildə onların hər ikisi Oslo universitetinin Fəlsəfə fakultəsində oxuyarkən, Blinderndə (Oslo universitetinin kampusu və Universitete ən yaxın metro stansiyası) tanış olmuşdu. Elias Blindernə filologiyadan dərəcə imtahanını vermək üçün gəlmişdi. Eyni zamanda o əsas fənn kimi həm Norveç dilini həm də tarixi seçmişdi və tər tökərək Norveç dilindən öz buraxılış işini yazırdı. Xüsusi istedadı və intelekti ilə seçilməsə də bütün dərslərə girir, ümumi qrupdan geri qalmamağa və imtahanlardan kəsilməməyə çalışırdı. Elə Yohan Kornelusenlə də o fəlsəfə fakültəsində oxuyarkən tanış oldular. Yohan fakültədə seçilən tələbələrdən idi və indidən qarşısına magistr dərəcəsi oxumaq vəzifəsi qoymuşdu. Heç özləri də bilmədən bu ikili arasında münasibət getdikcə çox isti oldu. Onlar bir-birinə meyl salıb ayrılmaz dostlara çevrildilər.

Əslinə baxsan bu ikili çox fərqli idi. Çox. İstər dünyagörüşü, istər ictimai aktivlik, istər sosial düşüncələr baxımından. Hətta bu fərqlilik o qədər nəzərəçarpan idi ki, universitetdə onların bu möhkəm dostluğuna çoxları təəccüblənirdi də. Adamlar nə qədər bu iki fərqli oğlanın dostluğundan danışsalar da, iki eyni universitettdə təhsil alan cavanın tələbəlik illərində belə yaxınlaşma-sına çox təəccüblənmək də yersiz idi.

Elias Rukla ilk dəfə Yohan Kornelusene Vitganştayn haqqında olan mühazirədə fikir vermişdi. Onda həm bakalavr həm də magistr tələbələri birlikdə fəlsəfə fakültəsində bu maraqlı mühazirəni izləyirdilər. Elias Rukla yuxarı cərgələrdə oturmuşdu və birdən ucadan əsnədi. Mühazirənin ən maraqlı yeri idi, Yohan Kornelusen isə Vitqanştaynın ən tanınmış tələbələrindən olan mühazirəçiyə sual ünvanlamışdı. Sualı eşidən müəllim çox ciddi bir sifət alıb dərin fikrə getdi.

Düzünə qalsa iki məfhum arasındakı fərq soruşulan bu sual Elias Ruklaya tam adi bir sual kimi gəldi. Lakin mühaziərçi yenidən çox ciddi bir sima alıb düşünməyə başladı. O üzünü sual verən tələbəyə tutanda artıq 2-3 dəqiqə keçmişdi. Müəllim üzünü Yohana tutaraq onun sualnı izah etməyə başladı. Elə bu vaxt zəng vuruldu və bu auditoriyada mühazirəsi olan növbəti qrup tələbələr heç kimin çıxmasını gözləmədən sinifə axışdılar. Elə bu sual bəs elədi ki Elias Rukla anlasın ki, sual verən tələbə adi tələbə deyil və o özünü gələcəkdə də hələ göstərəcək. Artıq fakültənin özündə də ondan danışırdılar. İnsanlar bu istedalı tələbənin parlaq gələcəyinə artıq indidən demək olar ki, əmin idilər. Gör hələ Yohan Kornelusenin İmmanuel Kant haqqında yazacağı magistir işi necə böyük səs-küy yaradacaq. Həmin gündən bəri Elias Rukla onu fəlsəfə fakültəsinin yerldəşdiyi universitetin Niels Trexovs korpusunda (Oslo universitetində universitetin hər bir binası ölkənin, universitetin həyatında mühüm rol oynanayan şəxslərin adı ilə adlandırılıb) 9- cu mərtəbənin dəhlizlərində tez-tez görməyə başladı. Onu hər görəndə Elias Rukla düşünürdü: Onun təxminən həmyaşıdı olan bu cavan oğlan bir gün ölkənin ən tanınmış fəlsəfə xadimlərindən biri olacaq. Bir dəfə o gördü ki, Yohan Korelusen bir qrup tələbə ilə dayanıb nəyisə canfəşanlıqla müzakirə edir. Elias Rukla həm də bu tələbələrin ona necə göz qırpmadan diqqətlə qulaq asdıqlarına, ordakı qızların isə Yohan Kornelusene necə heyranlıqla baxdıqlarına fikir verdi. Onlar Yohanın dəlillərinə, arqumentlərinə diqqətlə qulaq asır və açıq-aşkar onun yanında olmaqdan qurur duyurdular. Bu tələbə yığınına deyəsən onun dedikləri qədər səs tonu da məftunedici təsir edirdi. Deyəsən müzakirənin ən qızğın vaxtı idi. Yohan Kornelusen isə fikrini çatdırıb qurtarmışdı. Tələbələrdən biri nəsə demək istədi. Elias Rukla başa düşmədi ki o Yohan Kornelusenə etiraz etmək istəyir ya onun dediklərinə nəsə bir əlavəsi var. Tələbənin nitqindən sonra hamının, xüsusən qızların nəzərləri yenidən gün kimi saçan Yohana yönəldi. Onlar bu tələbənin dediklərinə ondan ya etiraz ya da razılıq gözləyirdilər. “Deyəsən qızların belə marağı Yohana yaman ləzzət edir” Elias onlara tərəf baxa-baxa yenə öz-özünə düşündü. Yohan isə səsində və davranışında qətiyyən özündən razılıq əlaməti olmadan sözünə davam edirdi. Bu Elias Ruklanı biraz təəcbüləndirdi. Ona bu müzkirədə əsas Yohan Kornelusenin özünə əmin duruşu və üzündəki şən ifadə ləzzət etmişdi. O çox səmimi görsənirdi və müzakirələrə də açıq idi. Elias Rukla dəhlizdəki oturacağa əyləşdi. Başları qızğın müzakirəyə qarışan tələbələrdən bir qədər kənarda oturduğu üçün onların səsi artıq çox zəif gəlirdi. Bir anlıq ürəyindən bu elmi müzakirələrdə iştirak etmək, öz biliyini göstərmək, mübahisələrə qatılmaq keçdi. Dərhal da özü-özünü məzəmmət etdi. O axı hələ bakalavr idi. Onun belə elmi müzakirlərə qatılmağa savadı və cəsarəti yetərli idimi? Yaxınlaşsa onlara nəsə yeni bir fakt deyə biləcəkdimi? Bir qədər də keçdi. Qızğın müzakirə bitəndə və Yohan Korelusen iki tələbə ilə o oturduğu yerə tərəf addımlayanda o daxilində idarə edə bilməyəcəyi qədər böyük olan bir qısqanclıq duydu. Sadəcə ona görə ki Yohan Kornelusenlə birgə elə dəhlizdə addımlamaq faktı adamın həyatını necə zənginləşdirə bilərdi. Bir neçə gün sonra Elias Rukla yenidən bu skamyada oturmuşdu. Yohan Kornelusen isə dəhlizin o başından asta-asta addımlarla onun oturduğu yerə doğru gəlirdi. Yohan ağır addımlarla o oturduğu skamyaya yaxınlaşıb onun yanında əyləşəndə o Yohandan abır-həya etdi və donub qaldı. “Bəlkə siqaretin olar”? Yohan Kornelusen ondan soruşdu. Elias Rukla başını tərpədib siqaret qutusunu ona doğru uzatdı. Yohan ona uzadılmış qutudan bir siqaret çəkdi və dostcasına başını yelləyərək qutunu Elias Ruklaya qaytardı. Onlar beləcə yanaşı oturdular, Yohan astaca siqaretini sümürürdü. Heç biri danışmırdı. Nəhayət Elias dilləndi: “Nə əcəb sən fəlsəfə oxuyursan”?

Ücretsiz bölüm sona erdi. Daha fazlasını okumak ister misiniz?