Kitabı oku: «Tanımadığımız məşhurlar», sayfa 3
AVSTRİYA VƏLİHƏDİ RUDOLF
yaşasaydı dünyanın taleyini dəyişəcəkdi, amma o, çəkmələrini çıxartmadan yatağa girərdi və orada öldü
1889-cu il yanvar ayının soyuq və dumanlı bir səhərində, günəşin doğmasına az qalmış, qüdrətli Avstriya-Macarıstan imperiyası vəliəhdinin ov evindəki otağından üç güllə səsi eşidildi.
Gecəni Vəliəhd Rudolfla ov evində keçirən dostları, səsi eşidən kimi yataq otağına qaçdılar. Qapını döydülər, cavab verən olmadı, qapını sındıraraq içəri girdilər.
İçəridə gördüklərindən dəhşətə gəldilər. Otaqda hər şey bir-birinə qarışmışdı. Masalar çevrilmiş, boş şampan şüşələri ətrafa atılmışdı. Yastıqlar qan içindı idi, hətta divarlarda qan izi gözə çarpırdı. Vəliəhd Rudolf ov qiyafətində, ayağında çəkmələri olduğu halda yataqda uzanmışdı. Başına dəyən güllə beynini parçalamışdı. Sevgilisi olan qadın isə yataqda, yanağından aldığı güllə yarasından dünyasını dəyişmişdi. Rudolfun sevgi ilə sığalladığı şabalıd rəngli saçları yaranı yarıya qədər örtürdü. Bədənində fiziki təcavüz izi yoxdu. Sağlığında olduğu kimi ölüsü də bir yunan ilahəsi qədər gözəldi.
Əlli il əvvəl Avstriyada baş verən bu qətl və ya intihar hadisəsi bəlkə də hər birimizin həyatında iz buraxmış və dünya tarixinin dönüş nöqtəsi olmuşdur.
Vəziyyəti izah edim:
Rudolf çox demokratik bir şahzadə idi, sağ qalsaydı, bəlkə də Birinci Dünya müharibəsində Avstriyanın iştirakına mane olacaqdı. Heç sevmədiyi Alman imperatorunun müttəfiqi olmayacaqdı. Sevgi bəslədiyi İngiltərəylə müharibə etməyəcək və o zaman da nə Birinci, nə də İkinci Dünya müharibələri baş verməyəcəkdi.
Rudolf sevgilisini öldürdükdən sonra intiharmı etmişdi? Yoxsa hər ikisi düşmənləri tərəfindən qətlə yetirilmişd? Həqiqəti bilən yoxdu. Bu romantik faciəni araşdıran çox yazıçılar alman, ingilis, italyan dillərində kitablar yazdılar. Amma heç kim həqiqəti ortaya çıxara bilmədi, bəlkə bundan sonra da heç kim bu sirr pərdəsini aralaya bilməyəcək və bu faciə sirrini qoruyub saxlayacaqdır.
Atəş səsləri eşidildiyi zaman, ov evində iki nəfər vardı. Koburq şahzadəsi Filip və qraf Hoyos. Hər ikisi bunun intihar olduğunu deyir. Onlar da, Vyana sakinlərinin hamısı da şahzadənin ailə qurduğu xanımı ilə xoşbəxt olmadığını bilirdi.
Səkkiz il əvvəl, Belçika kralının qızı şahzadə Stefani ilə evlənmişdi. Amma aralarında sevgi yoxdu. Onlar ölkələrinin siyasi mənfəətləri üçün evlənməyə məcbur edilmişdilər. İllərlə ailəli olduqları halda bir-birlərinə biganə olmuş, ailə həyatı yaşamamışdılar. Xanımı yatağını onunla çox nadirən paylaşmasına baxmayaraq, onun başqa qadınlara göstərdiyi iltifatı qısqanırdı.
Rudolf çox səyahət etmişdi, 10 dil bilirdi, kitablar yazmışdı, xalqın sevgisini qazanmışdı. Vyanada sağlığına badələr qaldırılan, bütün imperatorluq ərazisində xatirəsi əziz tutulan bir şəxsdi.
Ölümündən bir il əvvəl, 1888-ci ildə, damarlarından yunan qanı axan, gənc, alovlu və ehtiraslı baronessa Mariya Vetsera ilə tanış olmuşdu. O zaman baronessa 18, sahzadə isə 29 yaşında idilər. İlk baxışdan bir-birlərinə aşiq oldular.
Ehtiraslı eşq macərası, dedi-qodunu çox sevən Vyana elitasının dilində dolaşaraq yaşlı imperator Frans İosifin də qulağına çatdı. Gəncliyində özü də çoxlu sevgi macərası yaşamış imperator, dedi-qodulara əvvəl fikir vermədi. Amma məsələ artıq böyümüşdü, Vyana və Budapeştdə sadə xalqa qədər yayılmışdı. Vəziyyət belə olunca imperator Frans, oğlu Rudolfu yanına çağıraraq bu qanunsuz sevgisindən əl çəkməsini tələb etdi.
Rudolf imperatorun əmrinə tabe olmaqdan boyun qaçırdı. Mariyanı heç vaxt tərk etməyəcəyini bildirdi. Frans hirsləndi, oğlunu qorxutmağa çalışdı, əli ilə masanı yıxdı. Amma xeyri olmadı. Rudolf Mariyanı şərəfdən, var-dövlətdən, hətta parıldayan Habsburq tacından da üstün tuturdu. O vəliəhdlikdən imtina etmək, xanımı ilə boşanmaq və Mariya ilə evlənmək qərarına gəlmişdi. Bu qərar imperatoru daha çox özündən çıxartdı və onu mirasdan məhrum edəcəyi ilə hədələdi.
Bundan sonra Rudolf və Mariya gizli görüşməyə başladılar. Vyana sakinlərinin nəzərlərindən və şər dillərdən 30 mil uzaqlıqda, şam ağaclarının arasında olan ov evində görüşməyə başladılar.
Yanvar ayında da bu evə çəkilmiş, həyatdan 3 günlük xoşbəxtlik oğurlamışdılar. Hər şey orda baş verdi və üç əl atəş səsi tarixin gedişatını dəyişdi. Faciə günü Rudolfu otaq xidmətçisi səhər saat 6:30 da oyandırmışdı. Ova gedəcəkdi. Fəqət xidmətçi qadın, havanın dumanlı və çox soyuq olduğu xəbərini verdi. Buna görə ova getmək fikrindən daşınaraq arabasının hazırlanmasını əmr etdi. Vyanaya qayıdacaqdı.
Onu əsas görən də bu xidmətçi idi. O, vəliəhdin səhər çox xoşbəxt göründüyünü və gülümsəyərək onu qarşıladığını deyirdi. Vəliəhdin qətl qurbanı olduğu versiyası üzərində israr edirdi.
Rudolfun bir səbəb olmadan özünü öldürməsi müəmmalı idi. Əksinə, həyatına davam etməsi üçün daha çox səbəbi vardı. Böyük sərvəti, xalqın sevgisi, sevdiyi qadın, gənclik, şöhrət və Habsburq xanədanının tacı kimi, çox insanın arzusu ola biləcək şeylərə sahibdi.
Yaşlı imperator işi ört-basdır etmək üçün, saray həkiminin Rudolfun epilepsiyadan dünyasını dəyişdiyini elan etməsini istədi, həkim bu əmrə tabe olmadı.
Rudolf, böyük bir ehtişam və izdihamla, altı əsr Avstriyaya hökm etmiş Habsburq xanədanının ailə məzarlığında dəfn edildi. Sevgilisinin cəsədi isə paltar dolabında gizlədilərək, günlərlə zirzəmidə saxlanıldı.
Axırda, sıx şam meşəsinin ortasında yerləşən bir monastrın qəbristanlığında, gecə vaxtı, şahid olmadan dəfn edildi. Cəsədi keşişlərin şam ağacından hazırladığı sadə bir tabuta yerləşdirdilər. Tabuta yerləşdirilərkən paltarı budaqlara ilişərək cırılmışdı. Rudolfla görüşə gələrkən, sevinclə başına geyindiyi şlyapasını başının altına yastıq əvəzinə qoydular.
Şamlar arasında əsən yaslı mehin süpürdüyü xəzəllərin xışıltısından başqa səs eşidilmirdi.. Məzarı üstündə İncil də oxunmadı, ruhunun rahatlıq tapması üçün heç bir dua edilmədi.
RUSİYA İMPERATRİÇASI YEKATERİNA
axmaq ərini taxtdan endirərək bir imperatorluğa hökm etdi və saysız məşuqla sevişdi
Böyük Yekaterina, Rusiya taxtına oturan imperatriçaların ən məhşurudur.
Əsl adı Yekaterina olmadığı kimi, heç rus da deyildi. Bəzi tarixçilər hətta onun böyük bir hökmdar olduğunu da təkzib edirlər..
Rusiyaya gəldiyi zaman heç kim tərəfindən tanınmayan, saray adətlərini bilməyən bir Alman şahzadəsi idi, əsilzadə tərbiyəsi almamışdı, sadə insanlar arasında böyümüşdü. Nə tanışı vardı, nə də ki pulu, üç dəst paltardan başqa heç nəyi yoxdu. Amma rus taxtı-tacının vəliəhdi Pyotrla evlənə bilmişdi. Çətinlik çəkmədən ona təsir etməyə başladı. Pyotr çənəsindən ağız suyu axan axmağın biri idi. Çar olduqdan sonra xidmətçləri ilə oturub içki içir, əsgərləri qamçı ilə döyür, yerdə uzanaraq əsgər oyuncaqlarla və gəlinciklərlə saatlarca oynayır, bu oyundan yorulmurdu.
Yekaterinanın çoxlu uşağı oldu, amma yarıdəli Pyotr bu uşaqları qəbul etmədi və ondan olmadıqlarını iddia etdi.
Dəfələrlə, ziyafətlərdə qonaqların qarşısında Yekaterinanı təhqir etdi. Onu boşayaraq monastıra göndərmək və heç vaxt azad etməməklə hədələdi.
Əri onu insan yerinə qoymurdu, o da ərindən nifrət edirdi. Yekaterina gizli çevriliş hazırladı və ərini taxtdan endirməyi bacardı. Yekaterinanın məşuqlarından biri arağa zəhər qataraq Pyotru öldürməyə cəhd etdi.
Pyotr o qədər sağlam bir bədənə sahib idi ki, zəhər ona təsir etmədi. Bunu görən qatil, onu yerdə sürüklədikdən sonra ölənə qədər döydü, boynuna keçirdiyi kəndirlə boğaraq öldürdü.
Bu hadisədən sonra Yekaterina dünyanın ən böyük imperatorluqlarından biri olan və 50-dən çox fərqli millətin yaşadığı Rusiyaya 34 il hökm etdi. Heç vaxt yenidən ailə qurmadı, amma yalnızlıqdan darıxmadı da. Yüzlərcə məşuqu oldu və bunların hər biri onun romantik və ehtiraslı ürəyində iz buraxdı. Amma nəvələrinin tərbiyəsinə o qədər ciddi yanaşırdı kı, çiçəklərin necə tozlandığı ilə maraqlanan nəvələrinə botanika dərslərini qadağan etdi.
Sevgililərinin şərəfinə böyük ziyafətlər verdi, bu ziyafətlərə 500 milyon dollar xərclədi. Bəzi istedadsız məşuqlarına general rütbəsi verdi. Demək olar ki, bütün məşuqlarını mükafatlandırdı. Orduda general, hökumətdə baş nazir etdi və ya sərvət bağışladı. Polşanı işğal etdiyində məşuqunu Polşa kralı elan etdi. Məşuqu buna etiraz etdi, amma Yekaterina ondan bezmişdi, uzaqlaşdırmaq üçün çarələr axtarırdı, beləcə onu uzaqlaşdırdı. Bir müddət sonra onu cəzalandırmaq üçün taxtdan endirdi. Polşa taxtını Rusiyaya gətirərək öz vanna otağına yerləşdirdi.
Ən çox sevdiyi məşuqu, ordu zabiti Georgi Orlovdu. Qədim yunanlar qədər yaraşıqlı olan Orlov bir mağara adamı kimi vəhşi idi. Əsəbləşdiyi zaman yumruqlarını sıxar və Yekaterinanı möhkəm döyərdi. Sonra həftələrcə gözə görsənməz, sarayın gözəl xidmətçiləri ilə eyş-işrətlə vaxtını keçirərdi. Yekaterina çox hiyləgər qadındı. Orlovu bağışlayar və ona yeni yüksək rütbələr verər, saraylar və minlərlə təhkimli kəndli bağışlayardı. Axırda Orlov özü kimi dəli bir qızla qaçdı və ağlını itirərək dünyasını dəyişdi.
Ondan sonra Yekaterina çirkin, amma nəhəng bədən quruluşlu bir adama aşiq oldu. Potyomkin adlı bu adamın bir gözü yox idi. İçki məclislərinin birində dava edərkən gözünü itirmişdi.
Asiyanın bütün sərvətlərinin ayağına sərildiyi bir sarayda yaşamasına baxmayaraq Yekaterinanı ev paltarında və ayağında başmaqla qarşılayardı. Saçları buruqdu, çoxdan bəri yuyulmadığı gözə girirdi. Dırnaqlarını kəsmək yerinə gəmirərdi, çiy soğan və sarımsaqsız yemək yeməzdi. Amma inanılmaz fiziki gücə sahibdi. Bir toxunuşu ilə Yekaterinanı ehtiraslandırmağı bacarırdı. Yekaterina onu “qızıl lələkli tovuz quşum, göyərçinim, hav- havım” kimi ləqəblərlə çağırırdı.
Bu “hav-hav” ən böyük rus generallarından biri idi. Amma bu general silah səsindən qorxur, toplar atəş etməyə başladığı zaman, məktəbli qızlar kimi, tir-tir əsməyə başlayırdı.
Dünyanın ən varlı qadını olmasına baxmayaraq, Yekaterina gündə sadəcə iki dəfə yemək yeyirdi və süfrəsi orta sınıf bir amerikalının süfrəsindən zəngin deyildi. Yeməkləri qızıl boşqablarda servis edilirdi. Əgər aşpaz yeməyi yandırmışsa, sadəcə gülümsər və yanmamış kimi, yeməyini sonuna qədər yeyərdi.
Şəhvət düşkünü olaraq tanınan bu qadın heç vaxt spirtli içki içmədi. Meyvə şirəsini çox sevir və hər səhər beş fincan tund qəhvə içmədən yataqdan qalxmazdı. Bu beş fincan qəhvənin hazırlanması üçün yarım kilo qəhvə sərf edilirdi.
Yüzlərlə xidmətçisi vardı, amma otağındakı sobanı özü yandırardı. Həyatında bir dəfə olsun tütün çəkmədi, amma burunotundan istifadə etməyi çox sevərdi. Geyimləri burunotuna bulaşar və qoxusu uzaqdan hiss olunacaq qədər şiddətli olardı.
Qardemarin süvarisi kimi hündür boylu və dik qamətli idi. İmperatorluq arabasında oturarkən, boyunu daha da hündür göstərmək üçün dik durardı. Uşaqlıqda vücudu o qədər əyri-üyrü və formasız idi ki, düzəltmək üçün illərlə, gecə-gündüz bədənini dik tutacaq xüsusi korset geyinməyə məcbur olmuşdu.
Başının ölçüsü və böyüklüyü altı yaşındakı bir uşağın ölçüləri qədər idi. Ancaq 26 yaşına qədəm basdığında, kəllə sümüyü inkişaf edərək normal bir adamın ölçülərini aldı. Kəlləsinin bu anormallığı ona dözülməyəcək qədər şiddətli baş ağrıları verirdi.
Təkəbbürlü və qürurlu olduğu üçün, üzərinə “İmperatriça Əlahəzrətlərinə” sözləri yazılmadan gələn zərfləri açmazdı və məktubları oxumazdı. Saray əyanlarından biri sərxoş olaraq Yekaterinanın əri olduğunu iddia etdi, burnunu kəsdirməklə onu cəzalandırdı.
Yaşlanan Yekaterina o qədər kökəlmişdi ki, ayaqları bədənini daşıya bilmirdi. Əlil arabası ilə hərəkət edirdi.
Dişləri tökülmüş, gövdəsi fil bədəni kim iri olmasına baxmayaraq, romantikadan və yeni məşuqlar tapmaqdan əl çəkmirdi. Nəvəsi yaşında bir gəncə aşiq oldu. Səltənətinin son illərində, əsli-kökü bilinməyən bu gənc, özünü Rusiyanın çarı kimi aparırdı.
JOZEFİN
Napoleonla görüşmək üçün 2 saat qapısının qarşısında gözləyən, sonra isə bu məşhur imperatoru özünə dəlicəsinə aşiq edən qadın
Bu hekayə, orta Amerika adalarının kiçik bir balıqçı qəsəbəsində anadan olmuş, kasıb bir otaqda yaşamış, şəkər qamışı təmizləmə emalatxanasında işləmiş bir qadının hekayəsidir. Bu qız tarixin tanıdığı ən böyük adamlardan biri ilə ailə qurmuş və beləcə məşhurlaşmışdı.
Əsl adı Mari Jozef Roz de Taşer de la Pajeri olsa da ”Jozefin” adı ilə tanınır.
Jozefin Napoleondan 6 yaş böyükdü. İlk qarşılaşdıqları zaman Jozefin 33 yaşında, Napoleon isə 27 yaşında idi. Gözəl deyildi, dişləri çürümüşdü, iki kiçik uşağı və çoxlu borcu vardı. Vəziyyəti heç ürəkaçan deyildi. Amma kişiləri idarə etməkdə istedad sahibi idi. Dul idi və qarşı cinslə bağlı təcrübəsi böyükdü.
Fransız inqilabçıları birinci ərini edam etdikdən sonra köməksiz və maddi dəstəksiz qaldı və digər dul qadınlar kimi özünə yeni ər axtarmağa başladı.
Rəfiqələrindən biri ona Napoleonu təriflədi. O zamanlar Napoleon nə mənsəb, nə də ki pul sahibi idi. Müharibədən yeni qayıtmış və dönərkən özü ilə bədənində qaşınma verən parazitlərdən başqa heç nə gətirməmişdi. Onu narahat edən bu qaşıntıdan canını qurtarmaq üçün saçlarını dibindən qırxdırmışdı.
Jozefinin rəfiqələri Napoleonun yaxında parlayacağını düşündükləri üçün onu tərifləmişdilər, məhz buna görə Jozefin onunla tanış olmağa can atırdı.
Nə etməliydi?.. Hiyləgər bir plan hazırladı. On iki yaşındakı oğlunu Napoleonun yanına göndərərək keçmiş ərinin qılıncını istədi, ona təhvil edilib-edilməyəcəyini soruşdu. Əlbəttə, Napoleon müsbət cavab verdi. Ertəsi gün Jozefin pudralandı, bəzəndi, Napoleonun yanına gələrək təşəkkür etdi və xeyli göz yaşı tökərək alicənab hərəkətinə görə minnətdarlığını bildirdi.
Jozefinin şəxsiyyəti və qeyri-adiliyi Napoleonu özünə heyran etdi. Sosial həyatda özündən daha üstün olduğunu anladı. Jozefin çay içmək üçün onu evinə dəvət edərkən qürurlandı, bunu böyük bir iltifat olaraq qəbul etdi. Çay məclisində, tarixin tanıdığı ən böyük generallardan biri olmaq niyyətində olduğunu gizlətmədi…
Üç ay sonra evlənəcəklərini elan etdilər. Napoleon işlərində çox dəqiqdi. Onun bu sözləri məşhurdur: “Vaxt ən vacib şeydir. Müharibədə məğlub ola bilərəm, amma heç kim vaxtımı boş keçirdiyimi görməyəcəkdir”. Zamana bu dərəcədə önəm verən insan öz nikah mərasiminə iki saat gecikmişdi. Nikah məmuru onu gözləməkdən yorulmuş, oturduğu yerdəcə arxaya söykənərək əsnəməyə başlamış, sonunda isə şirin yuxuya dalmışdı.
Evləndikdən 48 saat sonra isə İtaliyada yeni bir müharibəyə başlamaq üçün yola düşdü. Ac və nimdaş geyimli ordusu ilə o qədər parlaq zəfərlər qazandı ki, bütün Avropa heyrət etdi. Min ildən bəri belə parlaq zəfərlərə şahid olmayan Avropa millətləri nəfəs dərmədən onu izləyirdilər.
Məsələnin ən maraqlı tərəfi isə, müharibənin ən qızğın vaxtlarında belə Napoleonun Jozefinə hər gün sevgi dolu məktublar yazması və bunu yazacaq vaxt tapmasıdır. Alovlu, ehtiraslı, coşdurucu bir üslubla yazılan bu məktublardan biri 1933-cü ildə, Londonda təşkil olunmuş hərracda 20 000 dollara satılmışdır.
Mən də oxudum o məktubları və dəyərinin 20 000 dollar olması ilə razılaşdım. Bir nümunə gətirim:
Sevgili Jozefin,
Məni ilhamlandırdığın sevgin ağlımı başımdan aldı – yemək yeyə bilmirəm, yuxum ərşə çəkilib. Dostlarımla maraqlanmıram. Qələbəyə sevinmirəm, sənin xoşuna gəldiyi üçün yeni qələbələr qazanmaq istəyirəm. Zəfərlərimin səni xoşbəxt etdiyini bilməsəydim, ordumu buradaca tərk edər, Parisə tələsər və özümü sənin ayaqların altına atardım.
Mənə sonsuz bir sevgi verdin, mənim içimi, ağlımı başımdan alan çılğınlıqlarla doldurdun. Sənin rəsminə baxmadığım bir saatım belə olmur və rəsmini öpmədiyim bircə saat belə təsəvvür etmirəm.
Bu nümunə, məktublarının içində ən az ehtirasla yazılmış olanlarındandır. Belə bir alovlu məktub alan qadınların demək olar ki hamısı, məktubun müəllifi ilə evlənməyə hazırkən, Jozefin təsirlənmişə oxşamırdi. Başqa biri ilə görüşməyə başladı və məktublara cavab belə vermədi. Napoleonu çılğına döndərdi.
Nəticədə, Napoleon da cavabsız sevgidən yoruldu. Misirdə hərbi yürüş zamanı bir sarışın xanımı çaya dəvət etdi. Bu xəbər Parisdəki Jozefinin qulağına çox tez çatdı. Necə deyərlər, qara xəbər tez yayılır. Jozefin ona xəbər yolladı: “Mənimlə evlisən, onu yanından uzaqlaşdır”.
Napoleon Fransaya qayıtdığı zaman qiyamət qopdu. Ailədaxili munaqişə baş verdi, hətta Napoleon onu otağından qovdu.
Ailədaxili münasibətlər heç yolunda getmirdi. Napoleon Jozefinə bacılarından daha çox dəyər verirdi, bu isə bacılarının paxıllıq və qısqanclıq hisslərini körükləyirdi. Jozefinin onları saymadığını gördükcə ona qarşı olan nifrətləri daha da artırdı, nə edəcəklərini bilmirdilər. Onu Napoleondan uzaqlaşdırmaq üçün yollar axtarmağa başladılar, dedi-qodu yaydılar, məsxərəyə qoydular. Napoleona bu “yaşlı və kök qadını boşayaraq, gənc bir xanımla evlənməsini” məsləhət gördülər.
Amma heç bir faydası olmadı, heç bir sözün Napoleonun ona olan sevgisini öldürməyə gücü çatmadı. Heç bir şeyin xeyri yox idi, planları fayda vermirdi.
Bütün bunlara baxmayaraq, yenə də ayrılma qərarı verdi, amma bu qərarın tək bir səbəbi vardı. Oğlunun olmasını istəyirdi. Göz yaşları içində, pərişan bir vəziyyətdə boşanma sənədlərini imzaladı. Sonra isə 3 gün saraydan çıxmadı, heç kimlə görüşmək istəmədi, dövlət işləri ilə məşğul olmadı.
Qısa bir müddət sonra Avstriya şahzadələrindən Mariya Luiza ilə evləndi.
Həyatın oyununa bax ki, Mariya bütün avstriyalılar kimi, uşaqlıqdan Napoleona nifrətlə tərbiyə edilmişdi. Hər gün Allaha Napoleonun həyat yoldaşı olmamaq üçün dua edirdi. Amma siyasi səbəblərə görə buna razılıq verdi.
Evləndiyi günə qədər Napoleonu görməmişdi. Evləndikdən sonra da Napoleonu sevmədi, maralanmadı. Napoleonun hərb meydanında uğursuzluqları başlayınca onun yanından qaçdı, hətta oğluna Napoleonu pisləyərək, atasına nifrətlə böyütdü.
Napoleonun ilk və son həqiqi sevgisi Jozefin olaraq qaldı. Jozefin öldüyü zaman onun məzarını qucaqlayaraq ağladı.
“Sevgili Jozefinim, sağ olsaydın, sən heç vaxt məni dar günümdə qoyub qaçmazdın”, dedi.
Gözlərini dünyaya əbədi yumarkən son sözləri “Jozefin” oldu.
Ücretsiz ön izlemeyi tamamladınız.