Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Onlar da insandı», sayfa 3

Yazı tipi:

– Yeni ailənə nə vaxt köçəcəksən, ay qız?

– Söylə bizə, söylə, Ayşə qız!

Ayşə durdu, yavaş-yavaş qızlardan yana döndü, incimiş bir səslə cavab verdi:

– Hələlik atamın ailəsı mənim üçün hər ailədan yaxşıdır. Yeni ailəyə köçməli olsam hamınıza xəbər verəcəm.

– Vay, vay, necə tez incidi!

– Zarafatda başa düşmür artıq, gördünmü, ay qız?

– Atası çoban Səid Əlinin evini Ayşəyə layiq görmür.

– Demə!

– Elə eşitdim.

– Kürəkəni Samsundan gəticəkmiş.

– Vay, vay!

Qızlar uzun bir qəhqəhə çəkdilər. Ayşə səssizcə dayanıb, qızlara baxmırdı. Bir şey söyləyəcəkdi, amma boğazına bir yumru tıxanmışdı, səsi çıxmırdı. Ağlamaq istəyirdi, lakin ağlaya da bilmirdi. Həm niyə ağlasın ki? Güldü. Rəmzini xatırladı, üzü təkrar ciddiləşdi. Amma zarafatlarına niyə Rəmzini qarışdırırdı ki? Rəmzisiz zarafat edə bilməzdilər? Döndü, tütün sahələrınə tərəf getdi.

Öz sahələrınə yaxınlaşdı. Sahənin qarşısındakı cilalanmış meydanda iki tərəfi böyük tütün səbətləri ilə yüklü at dururdu. Atın yanında anası arabir əlini Günəşə qaldıraraq təpələrə baxırdı. Ayşə: “Zavallı, məni gözləyir!” – deyə düşündü, ürəyi sıxıldı, addımlarını sürətləndirdi.

Günəş artıq Ayı Dağı geridə buraxmışdı. Yaylanın üstündə toplanmış ağ buludlar heç tərpənmirdilər, yalnız bir bulud parçası araşdıraraq Roman Koşun uçurumlarından enib Topqayaya tərəf gedirdi. Günəş yandırır, əkilməmiş çöllərdə soba dəmirləri kimi qızmış quraq torpaqların, iti qayaların üzərində alovsuz bir atəş parlayırdı. Günəş tütün tarla və sahələrini sıxıb qovurduğu halda kəndlilər işlərini buraxmırdılar. Hər kəs səssizcə çalışır, yorğunluqlarını unudaraq içlərindən günün uzanmasını istəyirdilər.

Çöllərdə sadəcə enib çıxan atların, uzunqulaqların arxasında gedən insanların səsləri eşidilirdi. Battal Ənvər kimi gənc kəndlilər atlarını düzənliklərdə yolların kənarlarında böyümüş ağac kölgələrində saxlayıb, mahnı da oxuyurdular.

Ayşə olduğu yerdən yolun aşağısında tarlasında işləyən atasını görə bilirdi. Çatrapi armudları ilə dərə arasındakı çöldə idi tarla. Ayşə gedərkən bəzən atasına baxır, onun tütünlərin içində bükük belini görürdü. Bu bükük bel hərəkətsiz qaldıqca Ayşə atasını tarlanın ortasına batmış bir qayaya oxşadırdı, amma hərəkət etdiyi zaman atasının üzündəki tərləri, toz-torpaqları gözlərinin qabağına gətirirdi, atasının yorğunluğunu, belinin ağrısını ürəyində hiss edirdi, atasını dünyanın ən zavallı insanı kimi görürdü. Bəzən öz-özünə soruşurdu: “Niyə atam bu qədər işləyir, kimin üçün, nə üçün? Həm şəhər həyatı daha yaxşı deyil ki?”

Bəli, Ayşə üçün atası qəribə bir insan idi. Çünki torpaqdan başqa heç bir şey görmürdü, hiss etmirdi. İllərdən bəri evdən torpağa, torpağdan evə gedib-gəlməkdən əlləri-ayaqları torpaq rəngini almış, torpaq kimi qurumuşdu. Hər gün ayaqlarında çarıqları, kürəyində yamaqlı köynəyi, başında papağı, tarladan qayıtdığı zaman üzü-gözü toz-torpaq içində, kötük kimi döşəyə aşıb yatardı. Atasını o halda gördükcə dünyanın ən zavallı insanı sayırdı Ayşə. Amma əslində atası o qədər zavallı deyildi. Çünki Ayşə: “Ata, bu torpaqdan yorulmadınızmı?” – deyə nə vaxt soruşsa atası əvvəl gülər, sonra ciddiləşib cavab verərdi:

– Qızım, heç torpaqdan yorulmaq olar? Torpağın verdiyi zövqü, səadəti, insana dünyada heç bir şey verə bilməz.

Bəli, torpağın verdiyini insana başqa heç bir şey verə bilməz, deyərdi. Amma necə? Ayşə başa düşmürdü. Çünki atası yalnız bayramdan bayrama geyinib bəzənirdi. Səhərdən axşama qədər isə onun çəkdiyini heyvanlar belə çəkmirdi. Məhsulları şəhərə götürüb satdığı zamanlar Ayşəyə ayaqqabı, ipək şal, daraq, odekolon alırdı, amma özü üçün heç bir şey! Bəli, atası, iş, yorğunluq, torpaq… bunlar mənə zövq verir, deyərdi. Amma əslində necə idi? Yoxsa atası Ayşəyə belə deyib, dərdini ürəyində gizləyirdi.

Ayşə dayandı, atasına baxdı, qəlbinin gözləri ilə baxdı. Cəhənnəm Günəşin altında, kürəyində köynəyi yaş, üzü-gözü torpaq içində, alnında tər! Ayşə başını sinəsinə əydi. Bu səhər dəhlizdə atası üçün dəsmala bir dilim çörəklə bir baş sarımsaq bağladığını xatırladı, gözləri bağlandı, uzun qara kirpikləri arasından qurtulmuş gözyaşları yanaqlarından dodaqlarına axdı. Səssizcə ağlayırdı, ürəyində bir səs deyirdi: “Getmərəm, dünyaları versələr atamı buraxıb getmərəm!”.

Nəhayət, başını qaldırdı, aşağıda tarlanın içində yaşıl tütünlərin arasında beli bükük atasına baxa-baxa sahəyə qaçdı.

3

Yaylağın üstü çox buludlanmış, dağların uçurumlarına əsmər bulud kölgələri düşmüşdü. Amma Günəş yaylaqdan daha uzaqda idi, buludlar da hərəkətsiz.

Bəkir bəzən başını qaldırır, Günəşə baxırdı. Başını yaylağın üstünə toplanmış buludlara çevirərkən gözləri çatrapi armudlarına sataşırdı. Doğrusu, armudlara baxmaq istəmirdi, çünki gözləri nə zaman ilişsə, ağaclar: “Qoca, bəs günorta bizə tərəf gələcəkdin? Günorta yaxınlaşdı, sən isə dərə başından on beş addım belə uzaqlaşmadın. Nə oldu verdiyin söz?” deyirdilər sanki.

O zaman Bəkir Ağa gözlərini bağlayıb başını armud ağaclarına çevirərək deyirdi: “Baxmayacam! Armud ağaclarına baxmayacam!” və əyilib tütünləri qırmağa davam edirdi. Amma ürəyində yer etmiş şeytan onu yenə dürtür, başı özbaşına qalxır, təkrar armudlara baxırdı. Və armudlar təkrar edirdilər: “Qoca, bəs günorta olmadan bizə tərəf gələcəkdin? Dünən axşam böyük sözlər deyirdin, amma bax, indi… Dərə başından on beş addım belə ayrılmadın”.

Doğurdan da armud ağacları Bəkirin olduğu yerdən hələ çox uzaqda idilər. Günəş də düz başının üstünə gəlib durmuşdu. Bəkir isə günortaya qədər görüləcək işin hələ yarısını belə etməmişdi, içindəki şeytan da onu rahat buraxmadığı üçün hər şeyə hirslənirdi. Bəzən elə olurdu ki, tarladan bir daş alıb armudlara atmaq istəyirdi, amma tarlada daş tapmayıb özünə çox hirslənirdi, əyili vəziyyətdə dərədən yana dönürdü, dönərkən də bir tütün şitilini əzirdi. Ancaq o vaxt sakitləşir, amma bu da uzun çəkmirdi, çünki bu səfər də əzdiyi şitilə kədərlənməyə başlayır, bacarıqsızlığına ağlamalı olurdu. Ağaclarla danışırdı: “Hamısı sizə görə oldu!” Ağaclar səssizcə dayanır, yarpaqlarını belə tərpətmirdilər, çünki hava sakit və küləksiz idi. Ağacların səssizliyindən cəsarət tapıb deyirdi: “Siz də niyə dərəyə yaxın bir yerdə böyümədiniz?” Ağaclar səslənmirdilər. “Kim əkib sizi oraya, Allah bilir!”.

Atası əkməmişdi, bəlkə də babası, bəlkə də, babasının babası. Nə də olsa babalarından biri əkmişdi! Çünki kənddə hər kəsin torpağı kimi bu torpaq da atadan oğula keçirdi, armudları əkən də öz qanınnan biri idi şübhəsiz. Amma kim əkmişdisə dərədən çox uzağa əkmişdi. İndi bunu düşünürdü. Dayandı, armudlara baxdı, içində dedi: “Bəli, dərədən çox uzağa əkmişlər sizi! Həm beş ağacın orada nə işi vardı? Sizi mən əksəydim düz bura, ayaqlarımın dibinə əkərdim. Orada beş ağacın heç lazım deyil!”

Susdu, fikrə daldı. Armud ağacları səssizlikləri ilə dedilər: “Qışın ortasında torpağı qar örtəndə bəhməzimizi yeyərkən lazımsız deməzsən amma”.

Bəkir fikrində cavab verdi: ”Armudlarınızın yarısından çoxu tarlaya düşür, çürüyür, kübrə olur. Oranın isə kübrəyə ehtiyacı yox. Kübrəyə ehtiyacı olan yer tarlanın aşağısıdır. Burada mən olduğum yerdə. Siz isə tarlanın tam ortasındasınız”.

Armud ağacları cavab vermədilər. Qəribə bir səssizliyə bürünmüş Bəkir Ağaya baxırdılar. Bəkir Ağaya hirslənmiş kimi idilər, çünki kim bilir, nə vaxtdan bəri, neçə ildir o ağaclar orada böyümüşlər. Bəlkə də, lazımsız sözünü ilk Bəkir Ağadan eşidirdilər.

Bəkir başını qaldırdı, tütün sahələrınə baxdı. Aranın qarşısında nə atını, nə arvadını, nə də Ayşəni görə bilirdi. Tarlanın kənarına getdi, qucağındakı qırılmış tütünləri səbətlərə yerləşdirdi. Ənvər gəlmədən bir qucaq daha qırmaq ümidi ilə təkrar tarlaya döndü.

Armud ağaclarına dərdini tökdükdən sonra sakitləşmişdi. İndi istədiyi vaxt başını qaldırıb ağaclara baxırdı. Ağaclar səssiz idilər. Əsəbi kimi dururdular, Bəkirin dünən axşam arvadı ilə qızına vədd etdiyi işin yarısını belə edə bilməməsinə gülmürdülər, Bəkir də içinin rahat olmasından sevinirdi.

Yer və göy səssiz idi. Səssizlik uzandıqca ağaclara daha da hüzün çökür, ayaqları altında torpaq ağacların qəribəliyini sanki hiss edirdi, ruhu ilə Bəkirə bunları pıçıldayırdı:

– Sən qəbahəti heç özündə tapmırsan. Bəkir? Sən həmişə haqlısan, Bəkir?

Bəkir içindən torpağa cavab verirdi:

– Haqlı olduğum yerdə qəbahəti öz üzərimə ala bilmərəm, torpaq! Çatrapilerin orada deyil, burda əkilmələri lazımdı. Tarlanın orta yerində torpaq yaxşı, yağ kimi, bərəkətli. Günəş də səhərdən axşama qədər oranı bəsləyir. Amma alçaq yerlərə kübrə lazımdır. Bilmirsən ki, yağışlarda sellər axır, tarlanın aşağı hissəsi bəzən göl olur. Sonra iki gün Günəş qızdırsa sən, torpaq, çatlaq-çatlaq olursan, qidan gedir. Eh, kübrə lazım deyilmi?

Bəkir belə deyir, susur, hardan gəldiyini bilmədiyi bir səssizliyə gömülürdü. Ayaqları altındakı torpaq da səssizliklərə gömülür, səssizliklər Bəkir Ağanın qəlbini daraldır, boğazını sıxırdı, Bəkir Ağanın gözləri yaşarırdı. Bəkir Ağa diz çökür, birisi görüb də dəli zənn etməsin deyə yavaşca başını qaldırır, gizlicə ətrafına baxır, dizləri arasından ovuc-ovuc torpaq alır, ata torpağın titrəyən dodaqlarına götürüb öpürdü:

– Torpağım, torpağım, səndən başqa mən nəyi sevərəm bu dünyada? – deyir, sonra ayağa qalxıb təkrar tütün yarpaqlarını qırmağa başlayırdı.

O gün Battal Ənvər öz uzunqulağı ilə bərabər Bəkirin atını da bəlkə on dəfə tütünlərin qurudulduğu arana götürmüş, iyirmi səbət tütün daşımış, amma Bəkir hələ armud ağaclarının yanına çata bilməmişdi. Armudlara baxmırdı artıq, baxsa belə düşünmürdü. Dərə başıyla armudların arasındakı torpaq parçası bir xeyli geniş idi çünki. Fənər yandırıb gecə yarısına qədər tütün qırsaydı yenə də başa çıxa bilməyəcəkdi.

Dünən axşam arvadı ilə Ayşənin qarşısında böyük söz demişdi. İşləyəcəyi torpaq parçasının genişliyinə təxmin edə bilməmişdi. Bəlkə də, qızının yanında öz qüvvəsini mübaliğə etmişdi bir az. Amma nə olmuşdu? Evdəki bazarın bazara uyğun gəlmədiyi ilk dəfəmi görülürdü?

Armud ağaclarına çatmadısa belə, xeyli tütün qırmışdı! Arvadı Əsma bəzən Ənvər ilə xəbər göndərirdi:

– Bəkirə de ki, çox yormasın özünü. Evə dönəndə yenə arxasını döşəyə verəcək, yerindən qalxa bilməyəcək. Evdə tütün deyil, ər istəyirik biz!

Haqlı idi arvadı, çünki toyuq kimi bəzən hələ hava yaxşı qaralmadan yorğun-arğın yatağa gedir, arvadıyla, qızıyla məşğul ola bilmirdi. Ayşənin böyümüş, zamanının gəlmiş olmasına buna görə təəccüblənmişdi.

Günəş artıq günün uzun yolunu keçib Roman Koşun üstündə axşamın qırmızı əflatun qapılarına dayanmışdı. Tütün tarlaları yavaş-yavaş boşalır, su başlarında toxalı kəndlilər toplaşırdılar. Battal Ənvər Əsmanın əmrini gətirmişdi:

– Ayşə Məciki gətirməyə gedir, mən də evə. Bəkirə söylə, o da bitirsin işini!

Ənvər uzunqulağını öz tarlasına apardı. Bəkir Ağa yorğun-arğın armudun altına oturdu, bir siqaret çəkdi. Amma bu axşamkı yorğunluğundan məmnun idi Bəkir. Çünki armud ağacları ilə dərəbaşı arasındakı qisimin tütünlərini qırıb bitirməmişdi, amma yenə də xeyli görmüşdü.

Siqaretini çəkir, armud ağaclarının irəlisində qırılmış tütün saplarına baxaraq sevinir, arvadının Battalın Ənvər ilə yolladığı “Özünü çox yormasın” xəbərini düşündükcə də qoltuqlara qabarırdı. Yorğunluğunu unudur, könlü dincliklə dolur, siqaretini rahat çəkir, tarlasına baxır, qonşu tarlaları seyr edirdi, günün keçdiyinə sevinir, sabahı düşünür, böyük xəyallar qururdu.

Məciki düşündükcə: “Öküz balalasa!” – deyir, arvadını düşündükcə: “On altı il sonra qəfildən bir oğlan dünyaya gətirsən!” – deyir, amma buna heç ehtimal vermir, torpağını düşündükcə ağlından bu keçirdi: “Hamıdan geri qalmasam da tütünlər qırılıb bitsə!”

Daha çox xəyala dalmaq üçün dərhal sabahı düşünür, lakin gözlərini yuman kimi xəyallar gəlib yenə onu tapırdılar. Sabahın işini nə çoxaltmaq, nədə azaltmaq üçün gözlərini yaxşı açır, sonra başını çevirib tarlanın, tütünləri hələ ki, qırılmamış qisminə baxır, “Bu gün bu qədər bacardımsa sabah Allahın köməyi ilə daha çox edə bilərəm”, sonra ölçüsünü daha o biri gün qıracağı tütünlərə tətbiq edirdi. Amma ölçünü daim böyütməsinə baxmayaraq tək başına bitirəcəyinə yenə də şübhə edirdi.

Çünki tarla bir xeyli geniş, tütünləri qıran isə yalnız iki əl idi. Bəkir armud ağaclarına baxdı, nəfəs aldı. Lakin qüvvətsiz deyildi, içindəki qüvvətlə dedi: “Bu mənim iki əlimə iki əl daha qatılsa dağları sökərəm!”. Amma tək başına nə etsə bu işin haqqından gələ bilməzdi.

Bəkir yavaş-yavaş ayağa qalxdı. Atı bir çağırış uzaqda, tarla kənarında otlayırdı. Günəş Roman Koşun üstünə hələ təzə gəlmişdi, axşama ən azından bir, bir yarım saat vaxt vardı. İki səbət dolusu tütün qıra bilərdi daha. Amma bu fikrindən dərhal vaz keçdi, arvadının sözündən çıxmaq istəmirdi. Bu axşam arvadının evin qabağındakı bostanı bir gözdən keçir, deməsi də mümkündü.

Bəkir atına tərəf getdi. İndi hava bir az sərinləmiş, otlar dirilmiş, təzələnmişdi. Heyvan böyük bir iştahla otlayırdı. Bəkir tütünlərin arasından irələyirdi. At sahibinin yaxınlaşdığını, onu ləzzətli otlardan ayıracağını hiss etmiş kimi, otlamasına davam edərək, yavaş-yavaş uzaqlaşmağa başlamışdı.

Bəkir dadlı-dadlı otlayan atını otlardan ayırmağa istəmirmiş kimi dayandı. Əlini gözlərinə tutub Roman Koşun üstündəki Günəşə baxmaq istədi, birdən-birə yolda iki kişi gördü, donub qaldı.

Çünki əvvəl bir anlıq bunların insan olduqlarından şübhə etdi. Bunlar nə insana oxşayırdılar, nə də qarğaları qaçırmaq üçün üzüm bağlarına qoyulan müqəvvalara. Uzaqda olmalarına baxmayaraq Bəkir onların əllərini, ayaqlarını seçə bilirdi. Sonra bu yoldan qarğa belə uçmazdı, buralarda bağ-bağça da yoxdu ki, qarğaları qorxutmaq lazım olsun. Demək insandılar, amma buraların insanlarından deyil!

Bəkir uzun zaman onlara baxdı. Səhərdən bəri tarlada sıxılmışdı: “Haralı olur-olsunlar, bir az çənə vuraram!” – deyərək yolun kənarında hərəkətsiz duran iki kişiyə tərəf getdi. Amma irəlilədikcə ürəyindən qorxu keçdi, çünki görən gözləri ilə yanaşı qəlbi də: “Gözlərinə aldanma, Bəkir!” – deyirdi, “Heç belə insan olarmı?”

Amma yola yaxınlaşdıqca ürəyindən çox gözlərinə inanırdı. Yoldakıların ikisi də boyluydu, ikisi də yalın ayaq, səssiz, hərəkətsiz. İkisi də yaxınlaşan Bəkirə baxırdı.

Bəkir tələsmirdi, bəzən dayanır, onlara baxır, insan qılığında iki şeytan gözlərinə kimsə sataşmır, ətrafda kimsələri görə bilməyincə qüvvəti özündə axtarırdı, özündə tapırdı. Çünki qorxaq deyildi, qorxduğu tək şey cinlər idi. Amma Molla Rəcəbin dediyinə görə, cinlər yad məmləkətlərdən gəlir, gözə də heç görünməzlər. Göründülərsə, dərhal qaçıb gizlənərlər, müsəlmanlardan qorxduqları üçün gizlənib gecəni gözləyirlər, qaranlıq düşən kimi də gizləndikləri yerlərdən çıxıb məzarlıqlara gedirlər, müsəlman ölülərinə sataşırlar.

Lakin məzarlıq Bəkirin tarlasından çox uzaqda idi və yol kəndin hər tərəfindən görülürdü. Sonra qaçmadıqlarına görə bunlar insan qılığına girmiş cinlər də deyildilər. Buna görə Bəkir artıq qorxmurdu, sadəcə: “Kimdir, haralıdırlar?” – deyə maraqlanırdı.

Uzaqdan birinin gənc, o birinin qoca olduğunu seçirdi. İkisi də saqqallı, ikisi də ayaqyalındı, kürəklərində paltar adına bir kisə vardı sadəcə. Gəncin çiynində bir dəyənək, dəyənəyə asılı qara bir qazan, qocanın belində isə yağdan-kirdən ağırlaşmış bir kisə vardı.

İkisi də yolun kənarında iti daşların üstündə dayanır, lakin çox zavallı, çox yoxsul görünən bu insanlar Bəkiri məyuslandıra bilmirdilər. Çünki görünüşləri o rəngsiz quru çatlaq ayaqları ilə köklərini torpağın qəbul etməyib daim kənara atdığı ağaclara oxşayırdı. Bəkir onlara tərəf irəliyərkən gözlərinin önünə insanlar deyil, yalnız ağaclar gəlirdi. Daim kökləri torpağın üstündə qalan, donuz otuna oxşayan o ağaclar. Kökləri torpağın üstündə qaldığı halda o ağaclar bütünlüklə qurumazlar, amma çiçək də açmazlar. Çünki torpaq ağaca kifayət qədər qida verməz, Günəş də işığını ağacdan əsirgəyərdi. Kökləri kimi qabıqları, içləri, budaqları da qidasız olduğu halda bu ağaclar həm yaşayar, həm də özlərinə yaxın böyüyən otları, yaşıllıqları, cücərtiləri sömürüb qurudardılar.

Yol kənarındakı bu iki kişi də eynilə o cins ağaclar kimi idilər. Toz-torpaq içində qabarlı ayaqları, ucları əyilmiş, xoruz dırnaqları kimi sərt biçimsiz dırnaqları, quru, rəngsiz bədənləri, qidalı torpağa heç dəyməmiş, Allahın təmiz suyunu heç görməmiş, yer üzündə insanlar üçün yaradılmış nemətlərdən sanki tamamilə məhrum qalmışdı.

Gəncin saqqalı sarı və seyrək idi, saçları dəyirmi şəkildə kəsik idi, saçın ucları qaşlarına, qulaqlarına sallanırdı. Qoca saqqallı saçları ilə dünən axşam Ayşənin oxuduğu qəzetdəki Kala Malanın şəklinə çox oxşayırdı.

Bəkir dayandı, bir an gözlərini yumdu və dünən axşam qızının oxuduğu qəzetdəki komolizma qurucusunun şəklini gözlərinin önünə gətirdi, sonra gözlərini açdı, qarşıda yolun kənarında dayanan saqqallı qoca baxdı, ənsəsini qaşıdı:

– Ona oxşayır.

Həm də çox oxşayırdı, dünən axşam qəzetdə şəklini gördüyü adama oxşayırdı.

– Madam ki, şəklini qəzetə vurublar, onda çoxbilmiş adamdır. Söhbətə tutsam bəlkə mənə komolizmadan da danışar bir az, – deyə, düşündü Bəkir, təkrar onlara tərəf getdi.

Tarlasının kənarında dayandı. İndi o iki kişi ondan beş addım qədər kənarda səssizcə dayanmışdılar. Haranın insanları olurlar-olsunlar, nəyə oxşayırlarsa-oxşasınlar, yenə də insandılar. İnsana da insan salamı vermək lazımdır:

– Salam əleykim!

Salamının candan olduğunu göstərmək istəyirmiş kimi, əlini də ürəyinin üstünə qoydu. O birilər səslənmədilər.

– Xoş gəldiniz, səfa gətirdiz! – Bəkir dedi.

Onlar yenə səs vermədilər. Boz rəngli üzləri, səssizlikləri ilə açılmamış, sürülməmiş torpaqlara oxşayırdılar. Bir az sonra gənc cırıq jaketinin qırağı ilə burnunu sildi, yerə tüpürdü, gözlərini Bəkirin üzünə dikdi.

Salamını almamaqlarına çox hirsləndi Bəkir. Xüsusilə yerə tüpürməyinə baxaraq: “Buralı olsaydın peşman edərdim səni yerə tüpürməyinə!” – ürəyində dedi. Dönüb otlayan atına tərəf getdi. Qoca Bəkirin arxasınca ağzına gələni dedi. Amma Bəkir onun nə dediyini eşitməmiş, eşitmək də istəməmişdi. Çünki verilən salamı almayan bir kimsədən nə xeyir gələr ki?

Bəkir getdi, tütün tarlasını keçdi, otlağa çıxdı, atını yəhərlədi, heyvanın salamını qəbul etməyən bir insandan daha xeyirli olduğunu ürəyi ilə hiss etdi, heyvanın başını, yalını oxşadı. Atı da başını salladı, sahibinin oxşamasını və qəlbini hiss etmiş kimi başını Bəkirin çiyninə qoydu.

Atına minərkən: “Heyvan belə başa düşər insanın salamından!” – deyə mızıldandı Bəkir. Atına mindi, başını yoldakı iki kişiyə çevirdi. İki xarici, birinin arxasında kirli bir kisə, birinin çiynindəki dəyənəyi asılı bir qazan, yolun ortasında yan-yana ağır-ağır gedərək, Bəkirgil tərəfə, Qızıldaşa gedirdilər…

4

Axşam olurdu. Bəkirin arvadı Əsma dəhlizdə süfrəni salanda heyvanların Gəlinqayadan enmək zamanı da artıq gəlmişdi. Amma Əsma Ayşəni hələ uzun ağaclara düzülməmiş tütünlərin yanında az öncə buraxıb gəldiyi üçün qızı ilə Məciki hələ gözləmirdi. Buna görə Ayşənin düz uzun ağaclarını qaldırdığını görüb Məcikin böyürməsini eşidincə təəccübləndi. Məcikin səsini eşidənə qədər bir anlıq ürəyində bir sıxıntı hiss etmişdi, heyvanın səsi könlünə su səpdi. Dəhlizdən səsləndi:

– Heyvanın qəzaya düşdüyünü fikirləşib ödüm qopdu. Nə tez gəldin, ay qız!

Ayşə düz uzun ağacları qaldırdı, Məciki həyət yoluna itələdi:

– Heyvanları çoban Səid Əlinin Rəmzisi aparmışdı bu səhər.

– Rəmzi?

– Rəmzi! Məcikə göz qulaq olub bütün günü. Məcikə elə baxdım ki, özümə, bacıma baxmadığım kimi, dedi mənə. Heç yanından ayırmamış, ən yaxşı otları Məcikə yedirtmişdi.

– Eşq olsun oğlana!

– Həm mən Gəlinqayaya qədər də getmədim. Məciki Topuzlu çeşməyə qədər Rəmzi özü gətirdi. Məni orada gözləmişdi.

– Məcikə çox yaxşı baxıb, ana!

– Qəlbini gözlərində görürəm mən gözlərinə baxanda. Onun baxışında mərhəmət var.

Anasının bu sözləri Ayşədə izaholunmaz bir həyəcan yaratdı, könlünü sevinclə doldurdu. Sözü bu mövzuda daha uzatmaq istəyi ilə bir az da özündən əlavə etdi Ayşə:

– Bu axşam balaca qardaşlarına da tənbeh edəcək Məcikə yaxşı baxmaları üçün.

– Balaladığı gün gözaydınlığa gəl, dedin?

– Dedim.

– Yaxşı, o nə dedi?

– Mən sənin ananı, babanı öz anam, atam kimi sevirəm, dedi. Mən Məcikə iş olsun deyə baxmaram, sənin ananı, atanı öz anam, atam qədər sevdiyimə görə baxaram, dedi.

– Bax, eşq olsun oğlana!

– Elə də dedi.

Ana və qız dəhlizdə Səid Əlinin Rəmzisindən danışarkən yolda nal səsləri eşidildi, bir az sonra əncir ağaclarının arxasından Bəkirin başı göründü. Ayşə bu sözün uzanmasını bir az öncə hələ çox istəyirdi, indisə tez bitirib evə girdi.

Əsma günün işindən çox məmnun idi. Ayşə evdə, Məcik tövlədə idi. Əri də qaranlıq düşmədən evə gəlmişdi.

Bəkir Ağa əncir ağaclarının arxasından göründü. Heyvanın üstündə ayaqlarını sallayaraq Ayşənin qaldırmağa unutduğu düz, uzun ağacları keçdi, tövlənin qabağında dayandı, arvadına baxdı və atdan endi.

Günəş dağın arxasına hələ təzə gizlənmiş, səma qərb tərəfdən qırmızımtıl, əflatun rənglərlə Qızıldaşın üzərinə enmişdi. Dəniz durğun və dost kimi idi. Sahillərin sərin küləkləri bəzən yuxarılara çıxır, evlərin qarşısındakı bostanları, dəhlizlərdəki çiçəklərə sığal çəkib insanların yorğunluğunu unutdurmaq istəyirmiş kimi tərli alınlarını oxşayıb gedirdi.

Belə gözəl şirin axşamlarda işlərindən tez canını qurtaran kəndlilər evlərinə girməzlər, axşam yeməklərini dəhlizlərdə, ya da üzüm talvarları altında yeyərdilər.

Bəkir atını tövləyə bağlayarkən arvadı əlində qulplu biz taz dəhlizin pilləkənlərində dayandı. Bəkir atın əyərini açırdı, bir şey eşitmək ehtiyacı ilə ikidə bir gizli-gizli arvadını seyr edirdi. Arvadı səsləndi:

– Afərin sənə! Dünyanın işini gördün bu gün. Uzun ağacların üstünə iyirmi səbət tütün düzdük. Bu gedişlə bir həftəyə qonşusuz da bitirəcəksən, deyəsən…

Atın yanında dayanan Bəkir Ağa arvadının bu sözləri ilə qururlandı, sinəsini qabartdı, çiyinlərini qaldırdı, ağır addımlarla heyvanın ətrafını dolandı, ağır əli ilə heyvanı oxşadı. Günün uğurla keçməsindən bir az da danışsın deyə bütün qəlbilə arvadına baxır, onu dinləyirdi. Amma Əsma daha danışmadı. Dəhlizin pilləkənlərindən endi, tövlə tərəfə gedərkən Bəkirin yanında dayandı, ata baxdı.

– Amma heyvanı da taqətdən saldın haa! Mənə qalsa, yollayardım onu yaylağa. Gəzərdi bir neçə həftə. Battalınkılar da yaylağa gedirmişlər, aparardılar bizimkini də onlarla birgə…

Bəkir Ağanın yaylaqda otlayan kənd atları arasında bir atı da vardı. Keçən il Yaltadan aldığı zaman ağlında qızı vardı, qızını düşünürdü. Evini həm Ayşəsiz təsəvvür edə bilmir, həm də ömrünün sonuna qədər qızının öz yanında qala bilməyəcəyinə bütün qəlbilə hiss edirdi. Ayşə ərə gedəndə bu atı kürəkənə hədiyyə edəcəkdi. Amma bunu Ayşəyə deməmişdi, indi arvadına da demək istəmirdi. Onsuz da Ayşə hələ uşaqdı, həm ər filan düşünmürdü.

– Çaldilbər adət deyil belə işlərə. Otlasın heyvan. Nə bilirsən, bəlkə, bir qara gündə lazım olar. İyirmi dörd min rubl verdim, qara gündə iyirmi dörd min rubl Nogaylıqdan ən az üç-dörd kisə buğda gətirir.

Əsma başıyla təsdiq etdi:

– Sənin atdan yaxşı başın çıxar. İnsan ömrü də qara günsüz olmaz. Amma sən ayağını dən tut, başını sərin, könlünü fərah tut, düşünmə dərin! Torpağın var, bağın var, bağçan var, div kimi də sağlamsan. Qara günü də devirərsən, qorxma! Bax, bu gün işi necə icra etdin. İyirmi səbət tütün qırdın tək başına!

– Elə! Səhərdən bir az yorğun idim, amma işə başlayınca yorğunluğumu unutdum.

– Elədir, iş başlayana qədər çətin gəlir, amma bir də yerindən tərpənsə gedər avtomobil kimi.

Arvadının bu sözləri Bəkirin ürəyini daha da qüvvətləndirdi, gözlərini qürurla parlatdı:

– Sən atına bir az ot ver. Mən də Ayşə ilə Məcikin qarşısına çıxım. Qaranlıq düşmədən dəhlizdə oturub yeyərik axşam yeməyini!

Gözlərindən şirin həyəcan qığılcımları uçuşaraq tez-tez söylədi Əsma:

– Məcik tövlədə. Bu səhər heyvanları çoban Səid Əlinin Rəmzisi güdüb otlaqlarda. Axşamüstü də heyvanları Gəlinqayadan kəndin içinə gətirən kimi bizim Məciki Topuzlu çeşməyə qədər gətirmiş, Ayşəni orada gözləmişdi.

– Səid Əlinin Rəmzisi?

– Hə, o! Oğlan qızıl parçasıdı. Bizim Məciki öz bacısı kimi sevirmiş. Ən yaxşı otlaqlara aparıb, yanından ayırmayıb, bir dəqiqə belə gözdən qaçırmayıb. Bunları bizim Ayşəyə çeşmə başında Topuzlu deyib.

Bəkirin birdən-birə fikri qaçdı:

– Bizim bu qız nə deyib dolanır kənddə təkbaşına şəhər qızları kimi?

– Aaa, nə olub? Gəlinqayaya gedirdi. Topuzlu çeşmə başında rastlaşmış Rəmziylə. Bir az danışıblarsa, bunun nəyi ayıbdı, de görüm! Məciki bütün günü yanından ayırmamış, ayrı nə? Yaxşı otlaqlara aprmağı pisdi? Südü çoxalar. Hamısı sənin qarnına gedər də, elə deyil?!

– Elədir, amma hər qarnın da bir zərəri var.

– Aaa, yenə axşamı zəhər etmə bizə, canım. Nə oldu, mən qız olanda pəncərəmin qarşısını kəsdirən sən deyildin? Qızın Topuzlu çeşmə başında millətin gözü qarşısında oğlanla danışıb. Sən gizli danışanlardan qorx, hər kəsin qarşısında danışanlardan deyil! Bunun harası ayıbdı, söylə görüm? Həm oğlan da bir qızıl parçasıdı.

– Saçından dırnağına qədər qızıl olsa, çoban Səid Əlinin Rəmzisi Ayşənin tayı deyil, vəssalam!

– Biz də qızı evləndirməyə qalxmadıq ki qışqırırsan xoruz kimi. Ayşə çeşmə başında oğlana rast gəlib, uzaqdan dayanıb danışıblar. Mən də sənə nələr danışıblar, onu söyləyirəm. Ayşə Rəmziyə Məcik balalayanda gözaydınlığına gəl, deyib. Rəmzi də, mənə iş olsun deyə baxmam Məcikə, sənin ananı, atanı öz anam, atam kimi sevdiyimdən baxaram, deyib. Mən bu qədərini söylədim, sonrasını sən düşün, qərarını ver, – deən Əsma qəflətən susdu, inəyi sağmağa getdi, tövləyə girdi.

Bəkir:

– Anasını, atasını öz ana-atası qədər sevərsə qızını nə qədər sevər, görəsən? – deyə mızıldanıb, uzun zaman atın yanında səssiz, hərəkətsiz dayandı. Atın yəhərini, tütün səbətlərini tövləyə aparmağa, çarıqlarını çıxarmağa belə həvəsi qalmamışdı. Tövlənin qarşısındakı köhnə kötüyün üstünə oturdu, amma çox otura bilmədi, qalxdı, bostana tərəf getdi.

Bəkir dərdinə dərmanı yalnız əkin sahəsinə gedərkən, torpağı əllərilə tutarkən tapardı. İndi də eyni ehtiyacla gedirdi bostana. Amma bu axşam könülsüz gedirdi, bu axşam gözə görünməyən bir qüvvət onun ayaqlarını aparırdı. Bostanın kənarında dayandı, lobya dirəklərinə, divarı örtən yaşıl yarpaqlı balqabaqlarına uzun-uzun baxdı.

Bostanda onun nə işi vardı? Yoxdu, yoxdu, bostanda onun heç bir işi yoxdu. Olsa belə, o iş bu axşam Bəkirdən uzaq idi, gizli idi, gözlərinə görünmürdü. Bəkir bu axşam heç bir şey görə bilmirdi. Başını qaldırdı, evin dəhlizinə, açılan qapılara baxdı. Dəhlizdə, otaqlarda ağır və dərin bir səssizlik vardı. Ayşə haradaydı, görəsən? Amma Ayşə də bu axşam ondan uzaq idi, onun qəlbinə girə bilmirdi. Bəlkə də, ilk dəfə bir ata qəlbilə öz qızını başqaları üçün bəsləyib böyütdüyünü hiss etdi. Bu hiss acı idi, çox acı. Bəs bu, bir həqiqət deyildi ki?

Bostanı, Məciki, dəhlizi, evi, qapıları, axşamın əsmər kölgələrinə bürünmüş otaqlar, əşyalar, Ayşəsi belə, bu axşam Bəkirdən uzaq, çox uzaq şeylər idi. Nə edəcəyini, dünyaya nə üçün gəldiyini, niyə yaşadığını bilməyən bir insan kimi idi. Ağır əllərini arxasında tutdu, üzü, çiyinləri sallanmış, nəfəs almışdı, tövlədən kənar tərəfə döndü, ağır-ağır getdi, köhnə kötüyə oturub siqaret yandırdı.

Öz əliylə ata torpağında əkdiyi, böyütdüyü tütünü çəkirdi, içinə çəkib qalın dodaqlarından havaya sovurduğu incə, ağ dumanlarda, axşam qəribliyi içində buraxıb gəldiyi tütün tarlası, armud ağacları, qırılmış, qırılmamış tütünlər gözü önünə gəlirdi.

Xeyli siqaret çəkdi. Məciki də xatırladı, doğulacaq buzovu Rumun öküzünə bənzətdi. Qırılmış iyirmi səbət tütün ağlına gəldi. Amma hamısının üstündə bütün ağırlığı və ağrısı ilə Ayşə dayanırdı…

Arvadı Əsma inəyi sağdı, atı tövləyə apardı, tütün səbətlərini tövləyə daşıdı, heyvanlara su verdi, hər şeyi yerinə-yoluna qoydu, yerləşdirdi, tövlənin içini süpürdü, toyuqların hininə baxdı, dəhlizin qarşısındakı çiçəkləri suladı və evə girdi.

Arvadı bunların hamısını edərkən Bəkir Ağa köhnə kötükdə tərpənmədən oturmuşdu, dirsəkləri dizlərində, başı ovuclarında həm siqaret çəkir, həm də öz narahat fikirlərə qapılırdı.

Nəhayət, arvadı dəhlizdə dayandı:

– Qiyamətə qədər oturacaqsan o kötüyün üstündə? – deyə səsləndi.

Bəkir ağır-ağır qalxdı, səssizcə dəhlizə getdi.

O axşam Bəkir yeməyini yedi, yemək də Bəkiri. Ayşə də səssiz idi, gözlərinin ətrafında acılıq və qırmızılıq var idi. Heç danışmırdı, süfrədə olmağa məcbur bir insan kimi oturmuşdu, yeyərkən nə anasına, nə də atasına baxırdı. Onu yandıran bir ağrı vardı içində. Yediyi yemək də acı idi. Bu axşam Ayşəyə bütün həyat acı gəlirdi. Anasının, atasının xətrinə dəyməmək üçün bir az yedi, yeyərkən muncuq kimi iki damla gözyaşı axıtdı səssizcə. Yanaqlarından axan bu iki damlanı nə anası gördü, nə atası. Buna görə də daha çox ağlaması gəldi. Yavaşca süfrədən qalxdı, otağa girdi, keçi dərisinə çökdü, ayaqlarını altına yığdı, başını döşəyin kənarına söykəyərək səssizcə ağlamağa başladı.

Ayşə süfrədən çəkiləndə Bəkir evinin səssizliyini, qəribliyini ürəyində hiss etdi. Bu səssizliyi diriltmək, canlandırmaq ehtiyacı ilə bir söz demək istədi, deyə bilmədi. Ayşənin girdiyi qapıya baxaraq sadəcə deyə bildi:

– Ona nə olub?..

Daha heç nə deyə bilmədi, çünki olanlar təkcə Ayşəyə olmurdu, öz ürəyində də ağır, boğucu bir hiss var idi.

Bu axşam Əsma da danışmırdı. Tarla işlərini bitirmiş kəndlilər də hələ bostanlarından gəlmir, evin yanından keçən yolda nə bir insan, nə bir heyvan görünürdü, buna görə səssizlik uzandıqca daha dərin, daha ağır olurdu.

Arvadı süfrəni yığıb içəri girdi. Bəkir qəribə bir ehtiyacla arvadını gözlədi. Amma Əsma dəhlizə çıxmadı. Çıxsa belə nə danışacaqdı, bilmirdi. Ayşə hər axşam qəzet oxuyur, şeirlər mütaliə edir, səhər xəbərlərini izah edirdi, gözəl-gözəl keçərdi zaman. Amma bu axşam! Bu axşam Ayşənin evdə olduğundan belə şübhə edirdi, lakin evdə idi Ayşə.

Bəkir: “Eh, vallah dəli olacam!” – deyirdi ürəyində. Əlini dizinə vurmaq, çətinliyindən xilas olmaq istəyirdi. O, ayılıb həyata, arvadına, qızına baxmaq, xoşbəxt olmaq istəyirdi. Amma ürəyini gəmirən şeylər vardı! Bir Ayşə, bir də tarlada qırılmamış tütünlər var idi. Tütünləri yığınca dəstələmək vaxtı gəlirdi, dəstələmədən sonra da qış qılınc kimi gəlib dağların üstünə çökəcək, çəmənlərə, evlərə enəcəkdi. Bəkirin isə odunu hazır deyildi hələ. Komolizma da insana hər cür şeylər eşitdiriridi. Sağdan soldan qulaqlarına: “Rusiyada kəndlilərin əlindən torpaqlar alınırmış!” – deyən xəbərlər gəlir, amma bunun yalan olduğuna heç sübhə etmirdi. Çünki alınan, verilən torpaqlar, kim bilir, necədilər? O isə illərdir ata mirası torpağında otururdu, ata torpağı isə elə asan-asan nə alınır, nə verilirdi.