Kitabı oku: «Mari Rojenin sirri», sayfa 2
Dostum iradəsindən kənar komplimentdən imtina elədi, amma faydasının şərti olduğunu bilə-bilə, təkliflə dərhal razılaşdı. Bu söhbəti bağlayandan sonra məmur haqqında hələ heç nə bilmədiyimiz işə aidiyyəti olan çoxsaylı mülahizələrin izahıyla silahlanaraq, tez-tələsik öz baxış bucağından danışmağa başladı. O, uzun-uzadı, aydınlaşdıraraq, şübhəsi olmadan danışırdı. O, bizi məsələdən hali edən müddətdə mən arabir cəsarətlənib ciddi ehtimallar irəli sürürdüm. Gecənin mürgü vuran saatları isə bir-birini qovurdu. Düpen tərpənmədən kreslosunda oturub ehtiram dolu diqqətlə qonağı dinləyirdi. Onun gözlərində eynək vardı, hər dəfə onun yaşıl şüşəsindən içəri baxanda əmin olurdum ki, dostum möhkəmcə yatıb: nəhayət, məmur çıxıb gedənə qədər qurğuşun kimi ağır-ağır axan yeddi saat ərzində o, heç nə hiss elətdirmədən belə də yatıb qaldı.
Tezdən toplanmış bütün faktlardan ibarət qovluğu şöbədən, bu faciə haqqında hər hansı bir məlumatın dərc olunduğu qəzet nüsxələrinisə redaksiyadan götürüb gəldim. Şərtsiz imtina edilən uydurmalardan təmizlənmiş hadisə belə görünürdü:
Mari Roje 18…-ci ilin 22 iyununda, istirahət günü səhət saat doqquz radələrində Pave-Sent-Andre küçəsində yerləşən anasının evindən küçəyə çıxır. Çıxarkən Jak Sent-Estaş adlı şəxsə (yalnız ona) deyir ki, gününü Drom küçəsində yaşayan xalasıgildə keçirməlidir. Dar, qısa, amma çox adamın yaşadığı Drom küçəsi Sena çayının sahilinə yaxın yerləşir və madam Rojenin qaldığı evlə oranın arası, hələ kəsə yolla getsən, iki mildən bir az artıq yoldur. Sent-Estaş Marinin rəsmi nişanlısı idi, elə özü də həmin binada yaşayırdı. O, axşamüstü nişanlısının arxasınca getməli və onu evə ötürməliydi. Hərçənd, günün ikinci yarısı güclü yağış başlayıb və o, Marinin xalasıgildə gecələyəcəyini güman edərək (çünki qızın belə etməsi birinci dəfə deyildi) sözünün üstündə durmağı lazım bilməyib. Axşam madam Roje (yetmiş yaşlı xəstə qarı) təlaşa düşüb ki, “bir də Marini görə bilməyəcək”, amma heç kəs onun bu halını ciddi qəbul etməyib.
Bazar ertəsi aydın olub ki, Mari ümumiyyətlə xalasıgilə getməyibmiş, axşam hələ də gəlmədiyini görəndə onun ola biləcəyi yerləri – şəhərətrafını və qayalıqları axtarmağa başlayıblar. Amma onun haqda yalnız itkin düşməsinin dördüncü günündə nəsə öyrənmək mümkün olub. Həmin gün (25 iyun, çərşənbə) Senanın qarşı sahilindəki Dürul keçid məntəqəsinin qayalıqlarında dostuyla birgə Marinin axtarışını aparan müsyö Bove adlı şəxs eşidib ki, balıqçılar elə indicə çayda üzən bir cəsədi sahilə çıxarıblar. Meyiti görən Bove çox çək-çevirdən sonra ətriyyat dükanının keçmiş satıcısını tanıya bilib. Dostu isə qızı dərhal tanıyıb.
Cəsədin üzü ağzından axan qatı qanla örtülübmüş. Suda boğulan insanlarda rast gəlinən ağız köpüyü yox imiş. Boğazında barmaq izləri və qara qançırlar görünürmüş. Dirsəkdən bükülüb sinəsinə çarpazlaşmış əlləri qacıyıbmış. Sağ əlinin barmaqları yumruq kimi düyünlənmiş, sol əli isə yarıyumulu imiş. Sol qolunda sanki möhkəm sıxılmış iplərdən və ya bir ipin iki dəfə dolanmasından yaranan halqavarı yara varmış. Sağ qolundasa bütün kürəyini, xüsusilə çiyin tərəfləri örtən sıyrıq izləri görünürmüş. Meyiti sahilə çıxarmaq üçün balıqçılar da ipdən istifadə etmişdilər, amma bunlar heç bir iz buraxmamışdı. Boynu çox şişibmiş. Bədəndə zərbədən yaranan heç bir qançır və cızıq da yoxmuş. Boyun kəndir parçasıyla o qədər möhkəm sıxılıbmış ki, ilk baxışda onun izini görmək olmurmuş. Kəndir sol qulağın altında düyünlənibmiş. Kimisə öldürmək üçün bunu etmək kifayətdir. Tibbi baxış protokolu mərhumun ismətinə zərrə qədər də şübhə qoymamışdı. Qız buna məcbur edilib, kobud zorlanmaya məruz qalmışdı. Bu, tapılan məqamda cəsədin vəziyyətindən də bilinirmiş.
Paltar cırılmış, tamamilə səliqəsiz hala gətirilibmiş. Üst yubkası qıraqdan belinə kimi on iki düyüm enində cırılmış, amma tamamilə üzülməyibmiş. Belinə üç dəfə dolanıb kürəyinin aşağı tərəfində boş düyünlə bağlanıbmış. İkinci yubka nazik muslindən imiş, ondansa on səkkiz düyüm enində parça cırılıbmış – olduqca səliqəli. Bu muslin parçası boynun arxasından dolanmış, möhkəm düyünlənmişdi. Muslin parçası və krujeva hissələrindən papağın lenti keçirmiş; lentlərə qadınların bağladığı kimi yox, dənizçi düyünü vurulubmuş.
Cəsədi aydınlaşdırandan sonra, onu həmişəki kimi morqa aparmamış (bunu yersiz rəsmilik hesab etmişdilər), sahilə çıxarıldığı yerin yaxınlığında tələsik dəfn eləmişdilər. Bovenin səyi nəticəsində iş mümkün olan qədər ört-basdır edilmiş, amma bir neçə gün sonra ictimaiyyətin diqqətini özünə çəkmişdi. Sonradan gündəlik qəzetlərdən biri məsələ ilə maraqlanmış, meyit qəbirdən çıxarılaraq ekspertizaya göndərilmiş, amma yuxarıda təsvir ediləndən artıq nəsə aşkarlamaq mümkün olmamışdı. Düzdür, bu dəfə paltar, papaq və başqa əşyalar mərhumun anasına və qohumlarına təqdim edilmiş, onlarsa heç düşünmədən qızın həmin gün səhər evdən çıxanda əynində olan paltarları tanımışdılar.
Bu müddət ərzində ictimaiyyətin həyəcanı hər saat artırdı. Xeyli insan həbs olunub, sonradan azad buraxılmışdı. Ən böyük şübhə Sent-Estaşunun üzərindəydi. Çünki o, həmin qanlı bazar gününü necə keçirdiyini yetərincə izah edə bilməmişdi. Amma tezliklə müsyö Q.-ya həmin gün necə, harada və saat neçədə olduğu haqda məlumatları etibarlı şahid ifadələri ilə birgə izahat şəklində təqdim etmişdi. Günlər keçdikcə məsələylə bağlı yenilik görməyən şəhər əhalisi arasında xeyli ziddiyyətli şaiyələr dolaşır, jurnalistlərsə mümkün olan bütün ehtimal və fərziyyələrini irəli sürməkdən yorulmurdular.
Ən çox maraq doğuran iddialardan biri Mari Rojenin sağ qalması, Senadan tapılan cəsədinsə hansısa başqa bədbəxt qıza məxsus olması haqqında idi. “Etual” adlı kifayət qədər elitar qəzetdə çap olunan və bu fərziyyədən bəhs edən məqalədən bir hissə ilə oxucunu tanış etməyi özümə borc bilirəm:
“Mademuazel Roje 18…-ci ilin 22 iyununda – bazar günü səhər saatlarında anasının evindən çıxmış və bildirmişdi ki, Drom küçəsində yaşayan xalası, ya da başqa bir qohumunu ziyarətə getməlidir. Məlum olan bu idi ki, həmin andan etibarən onu görən olmamışdı. O, izsiz-tozsuz yoxa çıxmış, taleyi barədə heç nə məlum deyil… Hələ də anasının qapısından çıxandan sonra onu görən bir şahidə rastlanmayıb. Beləliklə, biz Mari Rojenin həmin bazar gününün səhər saat doqquzundan sonra dirilər dünyasında olduğunu iddia edə bilmərik. Lakin əlimizdə həmin saata kimi qızın sağ-salamat olmasına dair təkzibolunmaz sübutlar var. Çərşənbə günü günorta saat on iki radələrində Senanın sahilində yerləşən Dürul keçid məntəqəsində bir qadın cəsədi aşkar olunub. Bu, (əgər Mari Rojenin evdən çıxandan üç saat sonra çaya atıldığını güman etsək) onun gedişindən cəmi-cümlətani üç sutka sonra baş verib. Hərçənd, guya qətlin (həqiqətən də, qətldirsə) belə sürətlə baş verməsini, hətta qatillərin onu axşam düşməmiş çaya atmağa yetişə bildiklərini düşünmək də mənasızdır. Bu iyrənc cinayəti törədənlər günün günorta çağındansa gecənin zülmətini üstün tutardı… Başqa sözlə, əgər tapılan cəsəd həqiqətən Mari Rojenindirsə, suda ən çoxu iki yarım və ya bir az da gecikmə ilə, üç gün qala bilib. Təcrübəyə əsasən demək mümkündür ki, boğulma, yaxud qətl səbəbilə çaya batan insan cəsədi kifayət qədər uzun – təxminən altı-on gün arası çəkəndə üzməyə başlayır. Hətta üzmə beş-altı gündən tez baş verən hallarda (tutaq ki, güllə ilə vurulanda) əgər cəsəd tez sudan çıxarılmasa, yenidən dərinliyə enir. Beləcə, biz özümüzə vacib sualı verməliyik: bu üzmə adi təbiət qanunlarını niyə inkar edir? Əgər yaralı bədən çərşənbə axşamının gecəsindən çərşənbəyə qədər sahildə qalmış olsaydı, onda orada qatilin izinə mütləq rast gəlinərdi. Hətta cinayəti törədən əzazillərin sahildə olduğunu hesab etsək belə, cəsədi suya adi ehtiyat tədbiri olaraq hansısa ağır yükü bağlamadan atmamaları heç inandırıcı gəlmir”.
Məqalə müəllifinin fikrincə, üzə bilməsi üçün cəsəd suda ən azı beş gündən çox qalmalıydı, çünki parçalanma o qədər irəliləmişdi ki, Bove meyiti dərhal tanıya bilməmişdi. Hərçənd, bu mülahizə tamamilə inkar edilmişdi. Ardınca məqalədə deyilirdi:
“Bəs müsyö Bove nəyə əsasən iddia edir ki, öldürülən məhz Mari Roje olub? O, cəsədin paltarını özü cırıb, indi də orada inandırıcı xüsusi əlamətləri gördüyünü deyir. Əlbəttə, geniş ictimaiyyətə bu “xüsusi əlamətlər”in çapıq və ləkələr olduğu çatdırılır. Əslindəsə o, qızın əli üzərindəki tükləri müşahidə etmişdi. Oradan ümumiyyətlə nəyin necə tapılması əllərin çarpaz qoyulması qədər müəmmalıdır. Həmin axşam müsyö Bove qaldığı evə gəlməmiş, saat yeddidə isə madam Roje xəbər göndərmişdi ki, onun qızının axtarışları hələ davam edir. Tutaq ki, madam Roje qocalığı və hədsiz kədərli olması ucbatından ora gedə bilməmişdi (hərçənd, buna inanmaq da asan deyil), amma əgər onlar cəsədin həqiqətən Mariyə aid oluğundan əmindilərsə, şübhəsiz, əvvəl-axır kimsə hadisə yerinə tələsib, təhqiqatlarda təcili iştirak etmək istəyərdi. Ancaq ora heç kim getməmişdi. Pave-Sent-Andre küçəsindəki evin sakinlərinə isə ümumiyyətlə heç nə deyilməmişdi, hətta onlar baş verənlərdən xəbərsiz idilər. Marinin pərəstişkarı və nişanlısı, anasıyla eyni binada yaşayan müsyö Sent-Estaş müstəntiqə bildirmişdi ki, nişanlısının cəsədinin tapılmasından yalnız növbəti günün səhəri – müsyö Bovenin onun yataq otağına gələrək keçən gecə baş verənlərdən danışanda xəbər tutub. Bizə elə gəlir ki, xəbərin xarakterini nəzərə alsaq, onun yayılması kifayət qədər sakit və soyuqqanlı aparılıb”.
Göründüyü kimi, qəzet belə bir təəssürat yaratmağa cəhd edirdi ki, Marinin yaxınları məsələyə etinasız və fəaliyyətsiz yanaşıblar – fərziyyə ilə ziddiyyət təşkil edən mənzərə isə guya həqiqətən onun meyitinin tapılmasına inanmalarıdır. Bunlar da qısaca olaraq aşağıdakılarla uyğun gəlirdi: