Kitabı oku: «Mari Rojenin sirri», sayfa 3
“Mari öz ad-sanına kölgə salmaq məqsədilə dostlarıyla birgə şəhəri tərk edib və Senadan tapılan qız meyitinin bəzi əlamətlərinin Mariyə uyğun olduğunu görən dostları bundan istifadə edib, hamını onun öldüyü fikrinə inandırmaq istəyiblər”.
Hərçənd, “Etual” burda da yersiz tələskənliyə yol vermişdi. Aydın oldu ki, etinasızlıqla fəaliyyətsizlik məsələsi ümumiyyətlə uydurmadır, çünki qarı çox zəifdi, son hadisələr də onu lap əldən salmışdı, Sent-Estaş isə bütün bunları soyuqqanlılıqla qəbul etməyib, əksinə, xəbərdən özünü itirib, müsyö Bove də onun bu halını görərək qohumlarını inandırmağa çalışıb ki, bu halda oğlanın hadisə yerinə getməsi yalnız təhqiqatın gedişatına mane ola bilər. O cümlədən, meyitin ikinci dəfə qəbirdən çıxarılaraq ictimai baxışa təhvil verilməsi, Mari Rojenin qohumlarının dəfnə lazım olan ən ucuz xərcləri belə qarşılamaması və onların mərasimdə iştirak etməməsi barədə “Etual”ın iddiaları – təkrar edirəm, bütün bunlar qəzetin oxucularda Marinin ölmədiyinə dair təəssüratları möhkəmləndirmək cəhdi idi və tezliklə ciddi arqumentlərlə təkzib edilmişdi. Qəzetin son nömrələrinin birində bütün şübhələri Bovenin üzərində yıxmağa cəhd olunmuşdu. Məqaləsində redaktor yazırdı:
“Budur, hər şey dəyişir. Bizə belə bir xəbər çatıb: bir dəfə madam Rojenin evindən çıxmağa hazırlaşan madam B. ilə müsyö Bove deyiblər ki, tezliklə jandarmlar gələcək, amma onlara heç nə demək lazım deyil, çünki hər şeyi madam B. izah edəcək… Güman etmək olar ki, hazırda işin bütün həqiqi təfərrüatlarını müsyö Bove beynində gəzdirir. Müsyö Bovesiz bu məsələ yerindən tərpənən deyil, çünki hara dönürsən, dön, oradan bu şəxs çıxır. Amma hansısa naməlum səbəbdən o, başqalarının təhqiqatlarda iştirakının cidd-cəhdlə qarşısını alıb və mərhumun kişi cinsindən olan qohumlarının iddiasına görə, müsyö Bove ən qəribə şəkildə onların hadisə yerinə gəlməsinə mane olub. Göründüyü kimi, o, qohumlarının meyiti görməməsi üçün əlindən gələni edirmiş.”
Aşağıdakı fakt isə müsyö Bovenin üzərinə atılan şübhəni guya təsdiqləyir. Qızın yoxa çıxmasından bir neçə gün qabaq Bovenin bürosunda tək qalan bir ziyarətçi açar dəliyinə taxılmış qızıl gülü, onun üzərinə asılmış qrifel lövhəyə isə “Mari” yazıldığını görübmüş.
Qəzetlərdə oxuduqlarımızdan gəldiyimiz ümumi nəticə beləydi ki, Mari, onu çayın həmin sahilinə aparan, ismətinə toxunub, sonra öldürən quldur dəstəsinin qurbanı olub. Hərçənd, kifayət qədər nüfuza sahib daha bir qəzet – “Kommersel” bu fərziyyəni müxtəlif cəhdlərlə yalanlamağa çalışırdı. Onun səhifələrindən bir neçə abzası sizə təqdim edəcəyəm:
“Biz əminik ki, istintaq bütün bu müddət ərzində – Dürul keçid məntəqəsində qurdalanan dövrdə yalançı izlə irəliləyib. Təsəvvür etmək mümkün deyil ki, bu gənc xanım qədər ictimaiyyətə yaxşı tanış olan bir şəxs üç məhəlləni heç kimə görünmədən gedə bilsin və ona rast gələn heç bir nəfərin də yadında qalmasın. Və bu qız küçələrdə adamların qaynaşdığı saatlarda evdən çıxıb… Dürul keçid məntəqəsinə və ya Drom küçəsinə çatanacan onu küçədən keçən onlarla insan görməliydi, amma evdən çıxandan sonra qızı əvvəl-axır bir şahid də görməyib və onun çıxış məqsədinin təsvirindən əlavə, əlimizdə həqiqətən evdən həmin vaxt çıxdığına dair heç bir dəlil yoxdur. Paltarı cırılıb, həmin hissə də bədənin ətrafına elə sarınıb ki, düyünləyib cəsədi sürümək olsun. Əgər cinayət Dürulun ərazisində baş versəydi, bütün bunlara ehtiyac olmazdı. Cəsədin keçid məntəqəsinin yaxınlığında sudan çıxarılması heç də onun məhz həmin ərazidə suya atılmasını söyləməkçün yetərli səbəb deyil. Bədbəxt qızın alt yubkalarının biri iki fut uzunluğunda, bir fut enində kəsilib, çənəsinin altından dolanaraq boynunun arxasında düyünlənibmiş. Ola bilsin, bu, qızın qışqıra bilməməsi üçün edilib və bunu adi cib dəsmalı olmayan insanların etməsi daha inandırıcı görünür”.
Hərçənd, məmurun bizdə peyda olmasından iki gün qabaq polis “Kommersel”in iddialarını təkzib edən bəzi vacib məlumatlar əldə edə bilmişdi. Madam Dülük adlı bir şəxsin iki oğlu Dürul keçid məntəqəsinin yaxınlığındakı meşədə gəzişərkən sıx kolların arasından üç-dörd iri daşdan tikilmiş söykənəcəkli və ayaqaltılı oturacaq tapırlar. Yuxarıdakı daşın üstündə ağ rəngli alt yubkası, aşağıdakının üzərindəsə ipək şarf varmış. Sonra yaxınlıqdan çətir, əlcək və cib dəsmalı tapılıb. Cib dəsmalının üzərində tikişlə “Mari Roje” yazılıbmış. Çətənə kollarının arasında cırılmış paltar hissələri varmış. Torpaq ayaq altda yaxşıca tapdalanmış, kol-kos əzilmişdi – bütün bunlar burada dava-dalaş olduğuna şahidlik edirdi. Meşə ilə çay arasında yerləşən sıx kolluğun ortasından cığır açılmış, torpaqdakı izlərdənsə bilinirmiş ki, burada nəsə ağır şeyi sürüyə-sürüyə aparıblar. Həftəlik qəzet olan “Soley” bütün Paris mətbuatının fikirlərini təkrarlayaraq, bu tapıntıları belə qiymətləndirirdi:
“Bütün bu əşyalar, şübhəsiz, orada üç-dörd həftə qalıb; yağışın təsirilə kiflənməli və yanındakı nəsnələrə qarışmalıdılar. Ətrafında otlar bitmiş, bəzi yerlərdəsə üzərində çör-çöp düşmüşdü. Çətirdəki ipək şişmiş, qatlanan yerləri bir-birinə yapışmışdı, yuxarı qatlanacaqları isə o qədər kiflənmiş və çürümüşdü ki, onu bağlayanda bir-birindən qopdu. Paltardan cırılmış əskilər təxminən üç düyüm enində, altı düyüm uzunluğundaydı. Onlardan biri alt yamağın büzməsi, digərisə lap yuxarıdan cırılmış hissə idi. Onlar yırtılmış kimi görünür və yerdən bir fut yüksəklikdə – qaratikan kolundan sallanmış vəziyyətdəydi. Bu iyrənc cinayətin baş verdiyi yerin, nəhayət, tapıldığına daha heç bir şübhə ola bilməz”.
Bu kəşf yeni məlumatların əldə edilməsinə şərait yaratdı. Madam Dülük göstərdi ki, onun Dürul keçid məntəqəsi yaxınlığında – Senanın sahilində xudmani mehmanxanası var. Ətrafı səhralıqdır. Parisdən ora yalnız qayıqla getmək olar. Ondan adətən istirahət günü əyləncələri üçün şəhər quldurları istifadə edir. Həmin qanlı bazar günü, təxminən günorta saat üç radələrində mehmanxanaya qarabəniz oğlanın müşaiyət etdiyi bir cavan qız gəlmişdi. Onlar bir müddət mehmanxanada olandan sonra yaxınlıqda yerləşən qalın meşəyə getməyi məsləhət bilmişdilər. Madam Dülük həmin qızın paltarını yaxşı yadında saxlamışdı, çünki paltar ona bu yaxınlarda vəfat edən bir qohumunu xatırladırdı. O, xüsusilə də şarfa diqqət yetirmişdi. Gənc cütlük çıxandan dərhal sonra mehmanxanaya özlərini çox hay-küylü aparan xuliqan dəstəsi girmiş, yeyib-içdiklərinin pulunu vermədən qız və oğlanın seçdikləri istiqamətdə meşəyə getmiş, artıq hava qaralmağa başlayandasa yenidən mehmanxanaya qayıtmış, oradan da tələm-tələsik qarşı sahilə keçmişdilər.
Elə həmin axşam hava tamamilə qaralandan sonra madam Dülük və onun böyük oğlu mehmanxana ətrafında qadın çığırtısı eşidiblər. Bu möhkəm çığırtı tezliklə kəsilmişdi. Madam Dülük təkcə şarfı deyil, qurbanın paltarını da tanımışdı. Balans soyadlı fayton sürücüsü də şahidlik etmişdi ki, həmin bazar Marini bir qarayanız oğlanla Senanı keçəndə görüb. Balans Marini tanıyırdı və səhvə yol verə bilməzdi. Meşədən tapılan bütün şübhəli əşyalar Marinin yaxınları tərəfindən təsdiqlənmişdi.
Düpenin xahişiylə qəzetlərdən çıxarış etdiyim bu məlumatlara yuxarıda deyilənlərdən başqa yalnız bir fakt əlavə edilmişdi – bu fakt isə özü-özlüyündə xeyli əhəmiyyətli görünürdü. İndi hamının hadisə yeri olaraq qəbul etdiyi meşənin həmin hissəsində şarf və başqa əşyalar tapılandan sonra, oradan Marinin nişanlısı Sent-Estaşın cansız bədənini tapdılar. Onun yanında üzərinə “Opium” yazılmış boş flakon varmış. Ağzından bilmək olurmuş ki, Sent-Estaş zəhəri həqiqətən içib. Sonra huşunu itirmiş, özünə gəlməmiş canını tapşırmışdı. Cibindən yazılı kağız parçası çıxmışdı: sevgisini qısaca Mariyə xatırladaraq xəbər verirmiş ki, mütləq öz canına qıymalıdır.
– Mənim, əlbəttə, sizə deməyimə ehtiyac yoxdur ki, – qeydlərimi diqqətlə oxuyan Düpen dedi, – bu iş Morq küçəsindəki qətldən də qarmaqarışıq məsələdir, amma ondan çox vacib bir xüsusiyyətinə görə də seçilir, onun kimi vəhşicəsinə qaddarlıqla törədilməsinə baxmayaraq adi cinayətdir. Onda adilik çərçivəsindən çıxa biləcək heç nə yoxdur. Fikir verin, elə buna görə də hamı bu cinayətin üstünü açmağın asan olacağını güman edib. Onun əsas büdrəmə səbəbi adi görünməyidir. Hətta əvvəlcə mükafat təyin eləməyi də artıq bilirmişlər. İstintaqın uşaqları bu iyrənc cinayətin niyə və necə törədildiyini dərhal təsəvvür etməyə başlayıblar. Onların təxəyyülü bunun törədilməsinin müxtəlif vasitələrini, eləcə də xeyli təşviqedici motivləri düşünməyə qadirdir. Bu vasitə və motivlərin hansınınsa həqiqətə uyğun gəlməsi ehtimalına güvənərək, tam əmin olublar ki, mütləq hansısa tamamilə üst-üstə düşəcək. Bu müxtəlif ehtimalların sadəliyi bir şeyə şahidlik edib: düzgün qərarı tapmaq nəinki asan, əksinə, çox çətin olacaq. Həqiqət axtarışında məntiqin öz yolunu ənənəvilik və sadəlik tərəfdən saldığını az görməmişəm. Bu hallarda da “nə baş verib?”i deyil, “əvvəllər heç vaxt olmayan qeyri-adi nə baş verib?” sualını soruşmaq lazımdır. Axı madam Lespanyenin evindəki istintaqda Q.-nın agentləri məhz hadisənin qeyri-adiliyindən başlarını itirdilər. Əslindəsə düzgün istiqamətlənmiş intellekt sırf bu qeyri-adilikdə uğurun zəmanətinə yetişə bilərdi: elə həmin intellekt dərin çarəsizlik içində ətriyyat malları satıcısının yoxa çıxma şərtlərini də açıq-aydın asanlıqda görə bilərdi. Üstəlik, təşkilatın uşaqları bu məsələdə asan qələbənin vədini görmüşdülər.
Madam Lespanye və qızının işində əvvəlcədən söhbətin qətldən getdiyini bilirdik. Şübhəsiz, özünəqəsd də istisna deyildi. Burda da intiharı istisna etməməliyik. Dürul keçid məntəqəsinin yanından tapılmış cəsədin görüntüsü bu vacib sualda heç bir şübhə yeri buraxmır. Əlbəttə, cəsədin Mari Rojeyə məxsus olmadığı da güman edilir, bununla da qatilin (və ya qatillərin) tutulması üçün təyin olunmuş mükafat və məmurun bizə vədi şübhə altına düşür. Hər ikimiz bu cənabı çox gözəl tanıyırıq. Və bilirik ki, ona həddindən artıq güvənmək lazım deyil. Əgər biz təhqiqata həmin meyitdən başlayıb, qatili tapmağa çalışsaq və aşkar etsək ki, bu cəsəd Mariyə tox, başqa qadına məxsusdur, ya da elə lap əvvəldən Marini axtarıb sağ-salamat tapsaq – yəni, hər iki halda müsyö Q. ilə iş gördüyümüzə görə bizim zəhmətimiz hədər gedəcək. Bu səbəbdən hüquq mühafizə orqanların yox, öz maraqlarımıza görə birinci əmin olmalıyıq ki, Senadan tapılan cəsəd məhz Mari Rojeyə məxsusdur.
Ücretsiz ön izlemeyi tamamladınız.