Kitabı oku: «Bizim gözəl dilimiz», sayfa 2
HƏRBİ TERMİNLƏRİMİZ ÇOX DƏQİQ OLMALIDIR
“Azərbaycan müəllimi” qəzetinin “Azərbaycan dilində termin yaradıcılığı məsələləri” müzakirəsi çox vacib işdir. Elmin müxtəlif sahələrində çalışan alimlər, mütəxəssislər vaxtaşırı öz fikirlərini, təkliflərini bildirir, bu işə daha yaxından kömək göstərirlər. Terminlərlə iş bir dəfəlik iş ola bilməz. Sevindirici haldır ki, respublikamızda elmi konfranslar, qəzetlərimizdə müzakirələr keçirilir. “Terminologiya məsələləri” toplusunun nəşrə başlaması xüsusilə təqdirəlayiqdir.
Lakin nədənsə, bu mötəbər yığıncaqlarda hərbi terminlərimiz barədə ya heç nə deyilmir, ya da çox az danışırlar. Halbuki hər gün rus dilində radio, televiziya verilişlərində, qəzetlərdə, müxtəlif yazılarda çoxlu hərbi anlayışlarla rastlaşırıq və onları rusca yaxşı başa düşürük. Lakin həmin fikirləri Azərbaycan dilində ifadə etməyə çətinlik çəkirik. Məgər bu, hərbi memuar ədəbiyyatının incilərinin dilimizə tərcümə edilməməsinin səbəbi deyilmi?
Terminlərin əsas meyarı onların təkmənalı və dəqiq olması fikri hərbi terminologiyada özünü daha bariz şəkildə göstərir. Bütün inkişaf etmiş dillərdə hərbi dil çox quru dil hesab edilir. Bu, hər şeydən əvvəl, hərbi işin spesifikasından və onun terminlərindən yaranır. Doğrudan da, hərbi dil sözçülüyü, sözün bir neçə yerə yozulmasını sevmir, həmişə konkretliyi ön planda saxlayır. Bu da aydındır. Başqa sözlə desək, hərbi dildə hər şey öz adı ilə adlandırılır. Dilimizin hərbi terminləri də məhz belə olmalıdır.
Azərbaycan dilində ilk hərbi terminlər lüğətini 1926-cı ildə general Ə.Şıxlinski tərtib edib nəşr etdirmişdir. Həmin vaxtdan bəri, ümumiyyətlə, hərbi terminologiya çox inkişaf etmiş, zənginləşmişdir. “Gənclik” nəşriyyatının 1981-ci ildə təkrar nəşrlə buraxdığı “Rusca-azərbaycanca qısa hərbi lüğət” isə müqəddimədə qeyd edildiyi kimi həm izahlı lüğət, həm də tərcümə lüğəti, yəni terminologiya lüğətidir. Bəlkə də elə buna görədir ki, o nə izahlı lüğət, nə də terminlər lüğəti kimi ehtiyacı ödəyir.
Lüğətdə bəzi sözlərin Azərbaycan variantı 1960-cı illərdən əvvəlki orfoqrafiya qaydalarında göstərildiyi kimi yazılmışdır: amartizator, panton, kallimator, qaravul, partupey, kilotonna, meqatonna, meqatonn, tonn, minamyot, minamyotçu, minanos, kişlaq, eşalon, sistema, ləvazımat, fılan, absolüt, absolyut, nalayıq, provakasiya və s. Hələ bəzilərinin dilimizdə işlənmədiyini demirik.
Bəz`ən rus dilindəki bir terminin qarşısında 2-3, hətta 4 termin yazılıb. Boy, bitva, srajeniya sözlərinin hər binin qarşısında döyüş, vuruşma, dava, vuruş sözləri verilib. Halbuki “boy” sözünü – “döyüş”, “bitva”nı – “vuruşma”, “srajeniye”ni – “vuruş” kimi yazıb sabit şəklə salmaq olardı. “Ukrıtiye”ni “daldalanacaq”, “ubejişe”ni “sığınacaq” şəklində sabitləşdirmək vacibdir. “Strelok” – “atıcı”, “motostrelok” – “motoatıcı”, “motostrelkovaya rota” – “motoatıcı rota” və s. yazmaqla kifayətlənmək lazım idi. Həmin terminlərdən sonra “motonişançı” yazmaq səhvdir. Çünki “nişan” sözü yalnız “pritsel” sözünün yerində işlənə bilər. “Navodka” müqabilində isə yalnız “tuşlama” işlətmək olar.
Rus hərbi terminologiyasında çox geniş işlədilən “zona”, “siqnal”, “baza” sözləri haqlı olaraq eynilə saxlanılmışdır. Lakin bəzi hallarda həmin mənalarda “sahə”, “zolaq”, “qurşaq”, “işarə”, “duracaq” sözləri də işlədilmişdir. Niyə dilimizdə vətəndaşlıq hüququ qazanmış bu sözlərin yerinə başqa sözlər işlədək? “Sualtı qayıqlar duracağı” əvəzinə sualtı qayıqlar bazası” işlətmək lazım idi. “Deystvuyuşaya armiya – hərəkət edən ordu, vuruşan ordu”, “deystvuyuşiye voyska – vuruşan ordu” yazılıb. Axı bunlar dilimizdə “döyüşən ordu”, “döyüşən qoşunlar” şəklində çoxdan sabitləşmişdir. “Usloviya peremiriya – müvəqqəti sülh şərtləri” deyil, “barışıq şərtləri” olmalıdır. “Sverxzvukovaya skorost – səs itiliyindən çox sür`ət” əvəzinə “səsdən iti sür`ət” işlətsək dilimizdə daha yaxşı səslənmirmi? “Soprikosnoveniye – bitişmə, bitişiklik, yanaşılıq, toxunma (üz-üzə durma)” əvəzinə bir söz – “təmas” kifayət edərdi. “Sosredotoçeniye – toplama, toplanma, yığma, yığılma, cəmləmə, cəmləşdirmə” yazmaqdansa, “təmərküzləşdirmə, təmərküzləşdirilmə” işlədilsə, daha konkret olmazmı? “İmitasiya”nı “yamsılama” şəklində verməkdənsə, elə “imitasiya” şəklində saxlamaq daha doğru olardı. Nə vaxtdan dilimizdə “qəlpə” hərbi termin hesab edilməyib? “Oskolki – çarpara” verməkdənsə, “qəlpə” sözü daha münasib deyildimi? “Tranşeya – xəndək”, “okop – səngər”, “xodı soobşeniya – gediş-gəliş xəndəkləri”, “rov – qanov”, “yaçeyka – hücrə” terminlərini yalnız bu şəkildə sabitləşdirmək lazım idi. “Boyeqolovka” müqabilində “döyüş-təpə” vermək çox süni çıxır. Son vaxtlar çox gözəl bir termin sabitləşib: “döyüş başlığı”! Həmin mənada əvəzsiz termindir. “Pozitsiya” dilimizdə “movqe”dir. “Mövqe” əvəzinə “meydan” işlətmək düzgün deyildir.
“Perebejçik” “qaçqın”dır, amma nə “qaçaq”, nə də “fərari” deyildir. “Dezertir” “fərari”dir. “Razvedçik” “kəşfiyyatçı”dır, amma ona “casus” demək düzgün deyildir. “Şpion” “casus”dur. Bizcə “çasovoy”u “keşikçi”, “rikoşet”i “səktirmə” vermək daha dəqiq olardı. “Zol”, “əhl”, “əndişə”, “əngəl” terminlərini, görəsən, hansı hərbi məqamlarda işlətmək mümkündür?
“Koordinator toru”, “kilometrlər toru” istilahlarında “tor” əvəzinə “şəbəkə” sözü işlədilməli idi. Aşağıdakı terminlərin mötərizədə göstərilən variantları işlədilməli idi: buzlaşmayan məhlul (donmayan məhlul), qaz sığınacağı (qazdan sığınacaq), məsafəni rəf etmək (məsafəni qət etmək), özünü əsirliyə vermək (!) (əsir düşmək), yolu aşmaq (yolu keçmək), taxta tank minası (tanklar əleyhinə taxta mina), taxta piyada minası (piyadalar əleyhinə taxta mina), atəşi düzəldən təyyarə (atəşi təshih edən təyyarə), yer şarı (!) (yer kürəsi), idarə edilən reaktiv tank əleyhinə mərmilər batareyası (tanklar əleyhinə idarə edilən reaktiv mərmilər batareyası), yeriməyən hədəf (hərəkət etməyən hədəf), çoxdərəcəli raket (çoxmərhələli raket), yeriyən müşahidə məntəqəsi (hərəkət edən müşahidə məntəqəsi), rahat alışan maddə (tez alışan maddə), yanacaqla dolu şüşə (yandırıcı qarışıqla dolu butulka), saxta həmlə (aldadıcı həmlə), cəbhəkənarı zona (cəbhəyə yaxın zona), yanacaq və yağlayıcı maddələr (yanacaq və sürtgü materialları), çevrilmiş sıra (açılmış sıra) və s.
Komandalar və komanda sözlərinin bəzilərini dilimizə daha yatımlı etmək ehtiyacı hiss edilir: “İdti v noqu!” – “Ayaqla get! Sayla get!” əvəzinə yalnız “Ayaqlaş!”, “Şire şaq!” – “Gen addım!” əvəzinə “İri addımlarla!”, “Razomknis!” – “Açıl!” əvəzinə isə “Seyrəl!” yazılsaydı, daha münasib və dəqiq olardı.
Müasir terminologiyanın prinsiplərinə riayət edilməklə tam hərbi terminlər lüğətimizi yaratmağın vaxtı çoxdan çatmışdır.
“Azərbaycan müəllimi” qəzeti, 12 iyul 1985-ci il
DÜZGÜNMÜ ADLANDIRIRIQ?
Müasir Azərbaycan dilində işlədilən bəzi xarici coğrafi adların hazırda istifadə etdiyimiz şəkildə işlənməsi məntiqi cəhətdən şübhə doğurur. Belə coğrafi adlardan biri “Ərəbistan dənizi” oykonimidir. Orta əsrlərdən 1926-cı ilədək, yə`ni latın qrafikasına keçənədək Azərbaycan yazıçıları, jurnalistləri, səyyahları, tarixçi alimləri öz əsərlərində həmin dənizdən bəhs edərkən “Ərəb dənizi” ifadəsindən istifadə etmişlər. Rus dilində hələ keçən əsrlərdən işlədilən və hazırda da qüvvədə qalan “Araviyskoye more” adı avropalılardan alınmışdır – rus şərqşünaslığının erkən çağlarında həmin ad ingiliscəsinə uyğunlaşdırılıb götürülmüşdür. Halbuki hazırda rus dilində bir çox təşkilat, dövlət adlarındakı “Əl-Ərəbi” sözü “Arabskiy” şəklində tərcümə edirlər: “Liqa Arabskix Qosudarstv”, “Siriyskaya Arabskaya Respublika” və s. Deməli, rus dilində də “Araviyskoye more” deyil, ”Arabskoye more” şəklində işlədilməlidir. Çünki “Əl-Ərəbi” adını iki şəkildə tərcümə etməyə heç bir lüzum yoxdur.
Nəzəpə almaq lazımdır ki, myasir dilimizdəki “-istan”, “-ıstan”, “-ustan” və “-üstan” kimi şəkilçilərindən əsasən hər hansı bir xalqın daha çox məskunlaşdığı ərazini, nadir hallarda isə nəyinsə çox olduğu yeri adlandırmaq üçün istifadə edilir: Türkmənistan, Qırğızıstan, Gülüstan və s. Nəyə görə biz fərqinə varmadan “Ərəb dənizi” əvəzinə “Ərəbistan dənizi” işlətməliyik? Axı həmin dənizdə ərəblər yaşamırlar. Sadəcə olaraq onun suları ərəblərin yaşadığı Ərəbistan yarımadasının sahillərini yuyur. Ərəb dilindəki “Əl-Bəhr Əl-Ərəbi” adının mənası “Ərəblərin çox olduğu dəniz” deyil, “Ərəblərə məxsus dəniz” deməkdir. Nəyə görə hələ orta əsrlərdə rus dilində qəbul edilmiş ”məşhur qələti” dilimizdə saxlamalıyıq?
Coğrafiya dərsliklərində, mətbuatda, siyasi ədəbiyyatda “Ərəbistan dənizi” əvəzinə “Ərəb dənizi” adından istifadə edilməsi daha düzgün olardı. Nil çayı ilə Qırmızı dəniz arasındakı səhra rusca “Araviyskaya pustınya” adlandırılır və coğrafiya dərsliklərimizdə “Ərəbistan səhrası” kimi istifadə edilir ki, bu da dəqiqləşdirilməlidr. Çünki ərəb ölkələrində həmin səhra “Şərqi səhra” adlandırılır. Unutmaq olmaz ki, XIX əsrdə mətbuatımızda, tarix kitablarımızda rast gəldiyimiz “Ərəbistan səhrası” tamamilə başqa yerin adı olmuşdur. İranın hazırda Xuzistan adlandırılan əyaləti keçən əsrlərdə “Ərəbistan” adını daşımışdır. Fars dilində həmin ərazidə köçəri ərəblərin yaşadığına görə belə ad verilmişdir. Lakin sonralar ərazi iddialarına son qoymaq məqsədilə İranda həmin adın çəkilməsi qadağan edilmişdir. Son vaxtlar bir sıra ərəb ölkələrində siyasi məqsədlərdən çıxış edərək həmin ərazi barədə bizim işlətdiyimiz “Ərəbistan” sözündən istifadə etməyə başlamışlar.
Şərqşünas alimlər, tərcüməçilər və bə`zi icmalçılar öz yazılarında hazırda mətbuatımızda işlədilən “İran körfəzi” əvəzinə “Fars körfəzi” ifadəsindən istifadə edirlər. Çoxları buna irad tuturlar. Lakin unutmaq olmaz ki, orta əsrlərdən 1935-ci ilədək buraxılmış tarix kitablarımızda, mətbuatımızda, səyyahlarımızın yol qeydlərində məhz “Fars körfəzi” adından istifadə etmişlər. İranda isə indi də “Xəlice-fars” (Fars körfəzi) adından istifadə edirlər. Bəs biz niyə 1935-ci ildən “İran körfəzi” ifadəsindən istifadə edirik? Məsələ burasındadır ki, cənub qonşuluğumuzdakı dövlət rəsmi olaraq 1935-ci ildən “İran dövləti” adlandırılmışdır. O, ingilis dilində “Persian qolf”, rusca “Persidskiy zaliv” şəklində yazılır və işlədilir. Rus dilində “İranskoye naqorye” coğrafi adından istifadə edilir, amma “İranskiy zaliv” işlədilmir. Deməli, 1935-ci ildə dövlətin adı dəyişdirilmiş, körfəzin adına isə toxunulmamışdır. Ümumiyyətlə, körfəz kimi hidronimlərin adlarının dəyişdirilməsinə təsadüf edilmir. 1930-cu illərdə Siam krallığının adı dəyişdirilib “Tailand krallığı” adlandırılmışdır. Siam körfəzi isə indiyədək həmin adı daşıyır. Son yarım əsr ərzində ərəb ölkələrində körfəzin indiki “Əl-Xəlic Əl-Farisi” adının dəyişdirilib “Əl-Xəlic Əl-Ərəbi” adı verilməsinə səy göstərilir. Ərəb ölkələrində “Ərəb körfəzi” adından istifadə edilməsinə baxmayaraq, qeyri-ərəb ölkələrində tarixilik prinsipi əsas götürülərək əvvəlki kimi “Fars körfəzi” adından istifadə edilir. Türkiyədə isə indiyədək ona “Bəsrə körfəzi” deyirlər ki, bu da məntiqə uyğun gəlmir. Çünki Bəsrə şəhəri körfəzdən 141 kilometr şimal-qərbdə yerləşir. Azərbaycan dilində isə tarixi ənənə bərpa edilib “Fars körfəzi” adlandırılması düzgün olardı. Ərəblərlə farsların mübahisələrinin isə nə ilə nəticələnəcəyinin buna tə`siri olmamalıdır.
Son vaxtlar radioda, televiziyada çıxış edən bə`zi şəxslər “Həbəşistan” sözündən istifadə edirlər, “Efiopiya” sözünü işlədənlərə irad tuturlar. Deyirlər ki, dilimizdə klassik şairlərimizin işlətdikləri “Həbəşistan”, “həbəş”, “həbəş dodaqlı” sözləri olduğu halda “Efiopiya”, “efiop” sözlərindən istifadə etmək düzgün deyildir. Lakin onlar bir məsələni unudurlar ki, hələ 1970-ci illərin əvvəllərində Efiopiyanın hakimiyyət orqanları rəsmən bütün müsəlman ölkələrinin, xüsusilə ərəb ölkələrinin rəhbərlərinə müraciət edib onların ölkələrinin “Həbəşistan”, sakinlərinin isə “həbəşlər” adlandırılmasına qarşı e`tirazını bildirmiş və müvafiq olaraq “Efiopiya” və “efioplar” adlandırmağı xahiş etmişlər. Çünki “Həbəşistan” və “həbəşlər” sözlərini özləri üçün təhqir sayırlar. İş burasındadır ki, həmin vaxtadək həmin sözlərdən yalnız müsəlman ölkələrində, xüsusilə ərəb ölkələrində istifadə edilirdi. Ərəb dilində “Əl-Həbəşə” adı “Qara qullar ölkəsi”, “həbəşi” isə “qara qul” mə`nasını verir. O vaxtdan bəri ərəb ölkələrində müvafiq olaraq “Əl-Əsyubiyyə” (Efiopiya) və “əsyubi” (efiop) sözlərindən istifadə edirlər. Bizdə də “Efiopiya” və “efiop” sözlərindən istifadə edilməlidir. Əgər hər hansı bir mətndəsə Məhəmməd peyğəmbərin səhabələrinin, yəni yaxın adamlarının bir hissəsinin Həbəşistana mühacirət etməsindən bəhs edilərsə, onda məhz həmin “Həbəşistan” sözü işlədilməlidir. Həmin ərazidəki müasir dövlətdən söhbət gedərsə, onda oranı yalnız “Efiopiya” adlandırmaq lazımdır.
“Həyat” qəzeti, 21 fevral 1991-ci il.
HANSI DOĞRUDUR?
(Bir daha “Quliyev” və “Nuriyev” familiyaları haqqında)
Son vaxtlar mətbuatda, televizya verilişlərində “Qulu” və “Nuru” adlarından yaranmış familiyaların “Quluyev” və “Nuruyev” deyil, “Quliyev” və “Nuriyev” yazılmasına irad tuturlar. Bir çoxları bə`zən bunu rus dilindəki yazılış formasının dilimizdə kor-koranə təkrarı kimi izah edirlər.
Hər şeydən əvvəl göstərmək lazımdır ki, izahlı və orfoqrafiya lüğətlərimizə görə Azərbaycan dilində “qulu” və “nuru” sözü yoxdur. Dilimizdə “qul”, “nur”, habelə keçən əsrlərdə yazılmış əsərlərdə işlənmiş “nuri” sözləri vardır. Təqribən 400-500 il bundan əvvəl yayılmağa başlamış “Əliqulu”, “Hüseynqulu”, “Məmmədqulu”, “Rzaqulu”, “Mehdiqulu”, “Nəcəfqulu” və s. kimi mürəkkəb adların ikinci hissəsi son bir əsr ərzində müstəqil ad kimi işlədilmişdir. Bu, ateizm təbliğatına yarınmaqdan daha çox tələffüzü asanlaşdırmaq zərurətindən irəli gəlmişdir. Lakin bunu ədəbi dil norması kimi qəbul etmək nə dərəcədə düzgündür? Ümumiyyətlə, “Qulu” adının mə`nası nədir? Əgər hər hansı bir şəxsin adı islam dininin müqəddəslərindən birinin qulu olması mə`nasında nəzərdə tutulubsa, həmin adı yarımçıq işlətmək mədənilik, dinə ehtiram baxımından düzgün deyil. “Qulu” adı əsasən danışıq dilində işlədilmiş və tədricən yazıya da keçmişdir. Bu familiyadakı “u” hərfinin “i” hərfinə çevrilməsi isə ərəb qrafikası əsasında işlətdiyimiz əski əlifbanın qaydalarından baş vermişdir. Çünki həmin qrafika ilə yazılan mətnlərdə “qulu”, “oğlu”, “dolu”, “boru” və s. kimi əsl Azərbaycan sözləri hazırda işlətdiyimiz şəkildə deyil, ərəb dilindən alınmış və sonu “i” hərfi ilə qurtaran “külli”, “dövri”, “üzvi”, “ciddi” kimi ərəb sözlərinə uyğunlaşdırılaraq “quli”, “oğli”, “doli”, “bori” şəklində yazılırdı. Məsələn, əski əlifba ilə yazılmış kitab, qəzet və jurnallarda bir qayda olaraq “Məmmədqulizadə”, “Abbasquli ağa”, “Mehdiquli bəy”, “Quliyev” kimi ad və familiyalar “i” hərfi ilə verilmişdir. Burada rus dilindəki variantın tə`sirindən danışmaq yersizdir.
“Nuriyev” familiyası isə tamamilə düzgün yazılır. Ərəb dilindən Azərbaycan dilinə “nur” (işıq) və “nuri” (işıqlı, işığa mənsub olan) sözləri keçmişdir. Ərəb dilindən ayrılıqda “nuru” sözü almamışıq və belə bir söz nə ərəb dilində, nə də Azərbaycan dilində yoxdur. Orfoqrafiya və izahlı lüğətlərimizdə də qeydə alınmayıb. Azərbaycanda ayrıca “Nur” adına çox nadir hallarda rast gəlmək olur. “Molla Nur” adı yalnız ədəbi əsərdə qeydə alınıb. “Nur” sözü işlədilən mürəkkəb adlar müxtəlif vaxtlarda kifayət qədər olmuşdur: Nurməmməd, Nurulla, Nurəli, Nurəddin və s. “Nuri” adı isə 1987-ci ildə buraxılmış “Azərbaycan şəxs adları” kitabına salınmamışdır. Elə həmin kitabda bu sözdən düzəldilmiş “Nuriyyə” qadın adı isə vardır. Unutmaq olmaz ki, hələ orta əsrlərdə Nuri Ərdəbili, Nuri Təbrizi kimi şairlərimiz olmuşdur. Bu ad müsəlman xalqları arasında kifayət qədər yayılmışdır. Respublikamızda isə yalnız “Nuriyev” familiyasında saxlanmışdır. Dilimizdəki “gözümün nuru”, “Allahın nuru”, “evimizin nuru” kimi söz birləşmələrinin ikinci hissəsinin müstəqil ad kimi istifadə edildiyini demək ədəbi dil baxımından şübhəlidir. Bir çox qəzet və jurnallarda Türkiyənin siyasi və hərbi xadimi Nuri paşanın adını “Nuru Paşa” şəklində yazırlar ki, bununla da həmin adı təhrif edirlər. Hörmətli artistimiz Yaşar Nurinin bu ada dilimizdə vətəndaşlıq hüququ verməsi cəhdi təqdirəlayiqdir.
“Həyat” qəzeti, 4 aprel 1991-ci il.
İRSƏ QAYĞI İLƏ YANAŞMALI
Keçmişdə yaşayıb-yaratmış ədiblərimizin sonralar aşkar edilmiş əsərlərini nəşrə hazırlayıb dərc etdirmək, ictimaiyyətə lazımi səviyyədə çatdırmaq həmişə böyük diqqət, qayğı tələb edən çox məs`uliyyətli iş sayılmışdır. Böyük dramaturqumuz C.Cabbarlının ədəbi irsi daim araşdırılır, dərindən tədqiq edilir. İndiyədək adlarına yalnız ədəbiyyat tarixi dərsliklərində, bəzi tədqiqatlarda rast gəldiyimiz “Ədirnə fəthi” və “Ulduz” pyesləri, nəhayət, oxuculara çatdırılmışdır. “Ədirnə fəthi” “Azərbaycan” jurnalının 1989-cu il 3-cü nömrəsində, “Ulduz” isə “Ulduz” jurnalının həmin il 3-cü nömrəsində dərc edilmişdir. Hər iki əsəri Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı A. Rüstəmov çapa hazırlamışdır. Onun həmin əsərlərin işıq üzü görməsi üçün çəkdiyi zəhmət təqdirəlayiqdir. Lakin Cabbarlı irsindən olan bu əsərlərin oxuculara belə qüsurlu şəkildə çatdırılması təəccüb doğurur. İnanmaq olmur ki, hələ yeniyetmə çağlarında gözəl əsərlər yaratmış C.Cabbarlı bu pyeslərdə belə uyğunsuzluqlara yol vermişdir.
Bəlkə də göstərəcəyimiz iradların əksəriyyətini A.Rüstəmovun “Azərbaycan” jurnalında “Ədirnə fəthi” pyesinə yazdığı ön sözdə axtarmaq lazımdır: “Əsərdə müasir imla baxımından təshihlər edilmiş, nisbətən çətin bəzi türk, ərəb və fars sözlərinin izahı verilmişdir.” Hələ 1918-ci ildə ərəb qrafikası ilə yazılmış, o dövrün dil xüsusiyyətlərini əks etdirmiş və Türkiyə tarixinin keşməkeşli mərhələsinin zamanca kiçik bir hissəsindəki hadisələrdən bəhs edən bir əsərə müasir imlamızın qaydalarını yapışdırmaq nə dərəcədə doğrudur? Unutmaq lazım deyildi ki, onun müəllifi Cabbarlıdır! Onu çapa hazırlayan, hər şeydən əvvəl, Cabbarlı mətninin üzünü köçürən şəxsin ərəb qrafikasını nə dərəcədə bilməsini müəyyənləşdirməli, ona münasibətini bildirməli idi.
“Ədirnə fəthi” əsərində oxucuları çaşdıran, anlaşılmazlığa səbəb olan uyarsızlıqlar vardır: “Yarın isə Qars kilsəsinə hərəkət edəcəyik.” Əsərdəki hadisələr Türkiyənin ən qərb ucqarında yerləşən Ədirnə şəhərində cərəyan edir. Döyüşlərin qızğın çağında “yarın isə”, yəni sabah isə Türkiyənin ən şərq bucağındakı Qars kilsəsinə hücuma çağırmaq hərb elmi nöqteyi-nəzərindən ağlabatmaz bir hərəkət tə`siri bağışlayır. Bizcə, ya tədqiqatçı “tərsa” sözünü səhv olaraq “Qars” oxuyub, ya da əsərin üzünü köçürən “tərsa” sözünü başa düşməyib “Qars” yazıb. Ərəb qrafikası ilə yazıb-oxumağı bacaranlar bu iki sözü əlyazmasında asanlıqla səhv salmağın mümkün olduğunu yaxşı bilirlər. Söhbət Ədirnədəki tərsa (xristian) kilsəsindən gedir. Həmin sözdən Xaqanidən tutmuş əsrimizin ortalarınadək yaşamış bir çox şairlər istifadə etmişlər.
Başqa bir yerdə oxuyuruq: “Haydı, əsgər başında ölü üzərinə!” Müəllifin nə demək istədiyi qaranlıq qalır. “Ülüvv” (yüksəklik) sözü səhv olaraq “ölü” kimi oxunmuşdur. Yə`ni, “əsgərlərin önündə yüksəkliklərə doğru irəli!”. Əsərin mənfi obrazlarından olan Xalid Zöhrəni zorla özünə arvad etmək istəyir. Mətndə belə bir cümlə vardır: “Xalid: Muradıma çatmağım və təzvic etməyimdə mənə mən ediyorsan”. O həmin sözləri buna mane olmaq istəyən dostu Kamala deyir. Səhifənin sonunda isə “təzvic” sözünə belə bir izah verilmişdir: “təzvic ərə vermə”. Qəribə izahdır, Xalid Zöhrəni özünə zorla arvad etmək istəyir, izahdan isə belə aydın olur ki, onu başqasına ərə vermək istəyirmiş!
Başqa bir misal: “Silahına təklənməyən bir millət yüksək dağlara belə dayanarsa, nəhayət, yıxılacaqdır.” Burada “təklənməyən” əvəzinə “təkyələnməyən” (arxalanmayan, söykənməyən) sözü olmalıdır. Yaxud: “Fəqət siz bizim sümüklərimizi bir ovuc bolqar canavarlarına çəkan etdiniz.” Həmin “çəkan” sözünə isə belə izah verilmişdir: “çəkan – damızan, damcılayan, daman”. Kor-koranə olaraq “Ərəb və fars sözləri lüğəti”ndən köçürülmüş bu izah da cümlənin mənasını aydınlaşdırmır. Halbuki, ”çəkan etmək” ifadəsinin “atmaq, tökmək” mənası da vardır.
“Yeni həvadis yoxdur” cümləsindəki “həvadis” sözü “hadisələr” kimi şərh edilmişdir. Türk dilində həmin sözün bundan əlavə “xəbərlər, yeniliklər” mənası da vardır və burada məhz “yeni bir xəbər yoxdur” mənasındadır. “Artıq son səadətdə bir kaç kəlmə deyirəm” cümləsində açıq-aydın hiss olunur ki, “səadətdə” deyil, “saətdə” (saatda) olmalıdır. “Qılıncla çox çəkər, tapança işi” cümləsində isə “iyi” (daha yaxşı) sözünün səhvən “işi” getməsi də aydındır.
Mə`lumdur ki, türklərdə “Tofiq” adı yoxdur. Onlarda həmin ad “Tevfik” şəklindədir. “Tofiq” adı isə yalnız azərbaycanlılara məxsus addır. Əsərin qadın qəhrəmanının adını dəqiqləşdirmək lazım idi. Mətndə “Zöhrə” şəklində gedən həmin ad R.Əliyevin “Azərbaycan” jurnalının elə həmin nömrəsində dərc edilmiş “Cabbarlı üslubu” məqaləsində “Ədirnə fəthi” pyesinin qadın qəhrəmanının adı “Zəhra” şəklində təqdim edilmişdir. Çox vaxt bu iki müxtəlif adı mə`na fərqlərinə əhəmiyyət vermədən bir ad kimi eyniləşdirirlər. Tədqiqatçı bunu dəqiqləşdirməli, mübahisələrə son qoymalı idi.
Pyesdə “dəmin”, “yarın”, “umuz”, “çapuq”, “çətə”, “şəka etmək”, “suhan”, “bəkçi takımı”, “sədarət etmək”, “mədfən”, “təərrüz xətti”, “ixtilal”, “metralyoz”, “zəifülqövl” və s. kimi sözlərə və ifadələrə qısa, aydın izahlar verilsəydi, oxuculara böyük kömək göstərilmiş olardı. Bəzi sözləri ərəb qrafikasından müasir əlifbaya çevirərkən səhvlərə yol verilmişdir: “irtibad” (əslində “irtibat” olmalıdır), “ixtişaş” (iğtişaş), “mülhəqq” (mülhəq), “ehtimad” (e`timad), ”intihab” (intixab), “yə`min” (yəmin) və s.
Əsərdə işlədilən “qoca”, “qarı”, “erkək”, “ixtiyar” sözlərinin türk dilində müvafiq olaraq “ər”, “arvad” (“qadın”), “kişi”, “qoca” mənalarında olduğunu və burada da həmin mənalarda işləndiyini xüsusi qeyd etmək lazım idi. Mətndə “nerəyə”, “nerədə”, “zennindəyəm” sözlərinin “nərəyə”, “nərədə”, “zənnindəyəm” variantları da vardır. Jurnalın 134-cü səhifəsindəki “Səslər:” remarkasından sonrakı hərbi əmrlər və komandalar arasında durğu işarələri qoyub hərbi dil qaydalarına müvafiq şəklə salmaq ehtiyacı duyulur.
Türk dilində “x” səsi və hərfi yoxdur. Deməli, əsərdəki “xayır”, “xa, xa, xa”, “ax”, “ox” və başqa nidalar “h” hərfi ilə verilməli idi. Nədənsə, bir obraz bə`zi məqamlarda “gedirəm”, “edirəm” deyir, sonra isə həmin sözləri “gediyoram”, “ediyoram” şəklində tələffüz edir. Qeyd etmək lazımdır ki, remarkalarda “gediyor”, “gəliyorlar” və s. sözlərin türkcə işlənməsinə heç bir lüzum yox idi.
Göstərilən xətaların əksəriyyəti “Ulduz” jurnalında dərc edilmiş “Ulduz” pyesinə də aiddir. Bu əsərdə də xeyli miqdarda sözə izah yazılmalı idi: “mülazim” (leytenant), “müalə” (yaşama), “məbhut” (gizli), “müqabilə etmək” (qarşılamaq), “dövll-müizzimə” (əslində “duvəl-müazzimə” olmalı idi) – (böyük dövlətlər), “molaqat” (görüş), “e`tilaf” (koalisiya), “subay” (zabit), “vapor” (buxar gəmisi), “ric`ət etmək” (geri çəkilmək) və s. “Şurayi-hərb” və “hərbi şura” ifadələrinin hər ikisi eyni mə`nanı verir. Ona görə də həmin dövr üçün daha münasib olanını saxlamaq düzgün olardı. “Cərdən gəlib … məktub gətirmişəm” cümləsindəki “cərdən” sözü əvəzinə “cəryən” (qaça-qaça) olmalı idi. “Bu gün Trablisi başlamaq üçün 24 saat vaxt ultimatum veriblər” cümləsindəki “başlamaq” sözü əvəzinə “boşaltmaq” sözü olmalı idi. “Xəbis heyrətinlə mənə yavuqlaşma!” cümləsindəki “heyrətinlə” əvəzinə “xeyratınla” (xeyirxahlığınla) olmalı idi. Mətndə 14 dəfə məl`un” (lə`nətə gəlmiş) sözü və hamısında da apostrof öz yerində yazılmamışdır. “Mə`lun” şəklində getmiş həmin sözlər “e`lan edilmiş” deməkdir ki, müəllif mətnində belə bir səhvə yol verilməzdi.
“Atlas dənizi”, “Revel molaqatı”, “Şəddad bin Hərəqə”, “Yeni bazar sancağı”, “qarauzer” (çox güman ki, “kreyser”) və s. kimi xüsusi adlara və sözlərə izahlar yazmaq lazım idi. Bu əsərdə də tərkibində “x” səsi olan nidalar vardır. Qeyd etmək lazımdır ki, əsərdəki ərəb millətindən olan şəxslər də bəzi sözlərdəki “x” səsini türklər kimi “h” şəklində tələffüz edirlər ki, bu da heç inandırıcı deyildir.
Böyük dramaturqumuzun ədəbi irsini məs`uliyyət hissi ilə oxuculara çatdırmaq lazım idi. Əsərlərin kitab halında buraxılarkən göstərilən xətalardan xali olacağına ümid bəsləyirik.
“Həyat” qəzeti, 9 may 1991-ci il.