Kitabı oku: «Bizim gözəl dilimiz», sayfa 4
ORFOQRAFİYA LÜĞƏTİ DİLİN GÜZGÜSÜ OLMALIDIR
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin təkrar nəşri ərəfəsində oxucuların təkliflərindən, düzgün fikirlərindən imkan daxilində istifadə etmək, məncə, faydalı olardı. Bütün yazılarda orfoqrafiya lüğəti əsas götürülməlidir. O, dilimizdəki sözlərin necə yazılması barədə fikir ayrılıqlarına son qoymağa qadir nəşr olmalıdır. Yüksək yazı mədəniyyətinə nail olmaq üçün bu lüğətin tələblərinə əməl etmək lazımdır.
Alimlərdən M.Əliyevin və N.Cəfərovun “Bakı” qəzetinin 1992-ci il 13 yanvar tarixli nömrəsində müzakirə təriqi ilə dərc edilmiş “Dilimizin saflığını qoruyaq” məqaləsinin xoş niyyətlə yazıldığına şübhə ola bilməz. Müəlliflər iradlarının böyük əksəriyyətində haqlıdırlar. Lakin onların bir sıra təklifləri ilə razılaşmaq mümkün deyildir. Lüğətə “aksiya” sözünün (“səhm” mə`nasında) daxil edilməsinə heç bir lüzum yoxdur. Çünki kitabın 447-ci səhifəsində “səhm” sözü vardır. Son vaxtlar qəzetlərdə ayrı-ayrı cəmiyyətlərin e`lanlarında həm “aksioner cəmiyyəti”, həm də “səhmdar cəmiyyəti” ifadələri işlədilir. Bir nəfər aksionerin, yaxud da səhmdarın cəmiyyəti ola bilməz. “Səhmdarlar cəmiyyəti” ifadəsi daha dəqiqdir, ondan da dilimizdə lap çoxdan istifadə edilir.
Məqalə müəllifləri əbəs yerə “canəfza” sözünün “canfəza” şəklində olduğunu güman edirlər. Hər iki söz “Ərəb və fars sözləri lüğəti”ndə vardır və birincinin “canlandıran”, ikincinin isə “zövqləndirən” mənasında olduğu göstərilir.
“Çuvalduz” sözünü “çuvaldız” şəklində yazmaq nəyə lazımdır? “Duz” fars dilinin ünsürlərindəndir və “tikən” mənasındadır. Bu qəbildən olan başqa sözləri, məsələn “təkəlduz” sözünü “təkəldız” yazaq? Bir də ki, “çuvalduz”un nəyi pisdir?! “Hovur” sözünü ingilis dilindəki “saat” mə`nasını verən sözə bağlamaq tamamilə səhvdir. İzahlı lüğətimizdə göstərildiyi kimi, danışıq dilimizdə “bir hovur” ifadəsi də mövcuddur.
Orfoqrafiya lüğəti tərtib etməyin də öz me`yarı, öz qaydaları vardır. Hazırkı lüğətimizdə həmin qaydalara əməl edilmişdir. Bununla belə, lüğətdə bir sıra uyğunsuzluqlara, anlaşılmazlıqlara da rast gəlirik. Məsələn, nəsr-proza, əsgər-soldat, çəllək-boçka, çarpayı-krovat, vəkil-advokat, rəf-polka, ling-lom, sürücü-şofer, casus-şpion, qərargah-ştab, düşərgə-lager, iste`dad-talant, yafəsşünas-yafetidioloq, bəstəkar-kompozitor (şahmat sahəsində istifadə edilən “kompozitor” sözünü “kompozisiyaçı” şəklində vermək daha münasibdir), alay-polk və s. paralellər vardır. Razılaşmaq lazımdır ki, həmin paralellərin ikinci tərəfinə dilimizin heç bir ehtiyacı yoxdur.
Lüğətdə dilimizin öz sözlərinin də paralelləri çoxdur: qırov-qrov, başıalovlu başılovlu, başıaçıq başaçıq, incir əncir, davadərman – dərmandava, ədabazlıq ədəbazlıq, ahvay ahu-vay və s.
Etiraf etmək lazımdır ki, deməyəsən, deyək, deyəsən, oradakı, buradakı, oraya, görəsən, görək, tutalım, görünür, xüsusda, xüsusunda və s. sözlər orfoqrafiya lüğətinin materialı deyildir.
Təəccüblüdür ki, Azərbaycan dilinin saylarından yalnız iki yüz, üç yüz, dörd yüz, beş yüz, altı yüz, yeddi yüz, səkkiz yüz və doqquz yüz sayları lüğətə salınmayıb. Niyə? Ona görəmi ki, həmin saylar ayrı yazılır, yə`ni iki sözdən ibarətdir? Lakin başa düşmək olmur ki, bu sayları niyə ayrı yazırıq? Dünya dillərinin əksəriyyətində ərəb, türk, rus dillərində həmin saylar mürəkkəb söz kimi bitişik yazılır. Dilimizdə də onların bir vurğu altında tələffüz edilməsini qanuniləşdirib lüğətə salmaq lazımdır. Yeri gəlmişkən, onlardan düzəldilən sıra sayları ikiyüzüncü, üçyüzüncü və s. sıra sayları bitişik yazılır. Təəssüflər olsun ki, həmin sıra sayları da lüğətə daxil edilməyib.
Ərəb dilindən alınmış “xəsərəddünya”, “daqqülbab (etmək)”, “va həsrəta!”, “vamüsibəta!” və s. sözləri lüğətə salmağa ehtiyac yoxdur. Lüğətdəki “əlhəmdullah”, “əstəğfürullah”, “barakallah”, “nəüzübillah” sözləri düzgün yazılmamışdır. Əslində isə onlar “əlhəmdulillah”, “əstəğfirullah”, “barəkallah”, “nəuzubillah” şəklində yazılmalıdır. Çox işlətdiyimiz “əlbəttə” sözü lüğətə salınıb. Bəs “əlbət”, “ələlbət”, “ələlbəttə”, “əlif-əlbət”, əlif-əlbəttə” sözlərinə ehtiyac varmı?
Zənnimcə, gələcək nəşrdə islamşünaslıq terminlərinə daha çox yer vermək lazımdır. Ümumiyyətlə, lüğət tərkibində ərəb və fars dillərinin ünsürləri olan sözlərə (filvaqe, əlqissə, bilcümlə, biləks, laəqəll, layə`ləm, bica, mayəhtac, bafaidə, qəzəbnak, filməsəl, bittəmam, bahəm və s.) yenidən baxmaq lazımdır. Fərasətsizlik, hörmətsizlik, təcrübəsizlik, tərbiyəsizlik sözlərini çox işlədirik və onlar lüğətə salınmışdır. Lakin heç bir məntiqə sığmayan bifərasətlik, bihörmətlik, bitəcrübəlik, bitərbiyəlik kimi sözləri lüğətə nə üçün daxil edilib?
“Əlkimya”, “əlkimyaçı”, “əlkimyaçılıq” sözləri rus dilindəki “alximiya”, “alximik”, “alximiya” sözlərinin müqabili kimi lüğətə daxil edilb. Halbuki, “kimya”, “kimyagər”, “kimyagərlik” sözləri onları tamamilə əvəz edir. Orfoqrafiya lüğətinə çoxlu söz salınmayıb: alçagülü, qaşovotu, qeyri-qaratorpaq, qulançar, damət, şə`n, ədəbxana, ərzhalçı, ismaililər, mö`təzililər, me`marlıq, müəzzin, müjgan, ödənc, kibernetika, kitabsevər, küftəburun, xanımbarmağı, xətmigülü, türbədar, əmicanı (əmi arvadı), dayıcanı (dayı arvadı), fövqəldövlət, tə`nəli və s. Lüğətdə “bə`ziləri”, “çoxları”, “onlar” sözləri var. Lakin “başqaları” və “bunlar” sözlərinin olmaması təəccüb doğurur.
Omonimlərin ayrı-ayrı sözlər kimi deyil, bir söz kimi verilməsi səhv fikirdir və bunun sayəsində lüğətdəki sözlərin sayı azalmışdır. Arı – arı (təmiz mə`nasında), qabaq – qabaq (bitki), qaynaq – qaynaq (mənbə), qazmaq – qazmaq (plovun dibi) və s. kimi sözlər ayrılıqda lüğətdə əks etdirilsəydi, hansı prinsip pozulardı?! Lüğətdə “şose” sözü bir “s” hərfi ilə ver ilir. Axı hamı həmin sözü “şosse” şəklində tələffüz edir. Niyə “seyrangah” və “küləfrəngi” sözləri “seyrəngah” və “külafirəngi” şəklində verilib?
Lüğətin tərtibində eyni kökdən olan apostroflu sözlərin səpələnməsi də təəccüb doğurur. Məsələn, “bə`zən” sözündən sonra “bə`zi”, “bə`ziləri” sözlərini dalbadal yerləşdirmək lazım idi. Çünki apostrof həmin sözlərdə üçüncü hərfin yerində durur.
Orfoqrafiya lüğətimizdə bu cür uyğunsuzluqlar çoxdur. Arzu edirik ki, onun gələcək nəşrində bütün kəm-kəsirlər və qüsurlar aradan qaldırılsın. Orfoqrafiya lüğətimiz Azərbaycan dilinin güzgüsü olmalıdır.
“Bakı” qəzeti, 13 mart 1992-ci il.
DİLƏ QAYĞI HAMININ BORCUDUR
“Həyat” qəzetinin dilçilik, terminologiya problemlərinə dair fevralın 8-də keçirdiyi söz məclisi, zənnimcə, çox gərəkli və faydalı tədbirdir. Deyilən təkliflərin əksəriyyəti ilə razılaşmazdan əvvəl, götür-qoy etmək, ölçüb-biçmək lazımdır.
Məsələn, həmin məclisdə belə bir fikir söylənmişdir: “… “-iyyət”lə bitən ərəb mənşəli sözlər dilimizdə tək-tükdür.” Yoxsa, mədəniyyət, şəxsiyyət, əbədiyyət, kəmiyyət, keyfiyyət, heysiyyət, ictimaiyyət, insaniyyət, ciddiyyət, cəmiyyət, fərdiyyət, niyyət, qalibiyyət, muxtariyyət, məhrumiyyət, məs`uliyyət və s. sözlər artıq dilimizdən çıxarılıb? Yə`ni həmin sözlərin “-iyyət” şəkilçisi “-lik” şəkilçisi ilə əvəz edilib? Doğrudur, həmin sözlərlə yanaşı dilimizdə, məsələn, mədənilik, ciddilik, əbədilik sözləri də vardır. Lakin niyyət, kəmiyyət, keyfiyyət, qalibiyyət, cəmiyyət və s. sözlərin “-iyyət” şəkilçilərini “-lik” şəkilçilərilə əvəz edin, görək, nə alınır. Razılaşmaq lazımdır ki, “əbədilik” sözü heç də “əbədiyyət” sözünü hər yerdə əvəz edə bilməz.
“İstiqlaliyyət” sözü barədə bə`zi mülahizələrimi bildirmək istərdim. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya aktında “müstəqilliyi” sözü əvəzinə “istiqlaliyyəti” sözü işlədilməli idi. Çünki diliizdəki “istiqlaliyyət” sözü yalnız belə bir məqamda işlətmək üçündür. Xalqların uzun müddət mübarizə aparıb nail olduğu son müvəffəqiyyət yalnız “istiqlaliyyət” sözü ilə ifadə edilir. Hər bir ölkənin xalqının “İstiqlaliyyət bayramı” olur, “Müstəqillik bayramı” yüngül çıxır.
Söz məclisində səslənmiş belə bir fikirlə razılaşmaq mümkün deyildir: “…prosesin özü müvəqqəti, keçici olduğuna görə sözün ömrü də gödək olacaqdır, vaxt gələcək ki, ölüb gedəcəkdir.” Hər hansı bir söz, heç olmasa, mətbuatda bir dəfə işlənibsə, dilin lüğət tərkibinə daxil olub yerini möhkəmlədə bilməsə də dilin lüğət fondunda həmişəlik qalacaqdır, zaman-zaman dənizin üzə çıxardığı köpük kimi görünəcək, sonra yenidən yox olacaq, sonralar dəfələrlə suyun üzərində ağaracaqdır. Ona görə də, hər hansı bir yeni sözü “tədavül”ə buraxmazdan əvvəl, yüz, bəlkə də min dəfə ölçüb-biçmək lazımdır.
“Xidmət” sözü ətrafında mübahisələr də təəccüb doğurur. Nə üçün “proizvodstvo” və “xozyaystvo” sözlərinin müqabilində ərəb mənşəli “istehsalat” və “təsərrüfat” sözlərini işlədərək “lindan istehsalatı”, “yardımçı təsərrüfat” ifadələrini meydana gətirəndə bu qədər mübahisə yaranmamışdır? Halbuki, “slujba” sözünün müqabilində onsuz da çox işlədilən “şö`bə”, “idarə”, “aparat” əvəzinə “xidməti” sözünü işlətmək olar: “mətbuat xidməti”, “aeroportun təhlükəsizlik xidməti” və s.
“Başqa dillərdən alınma terminlərin azərbaycanlaşdırılması xüsusilə ağrılı keçir” fikrini təsdiq edərək göstərmək istərdim ki, bu işdə Arazın o tayındakı mətbuatın, nəşr mə`mulatının, elmi əsərlərin imkanlarından da istifadə etmək lazımdır. Dilimiz o taylı-bu taylıdır. Orada da dünya səviyyəli dilçi alimlər var, orada da dilə qayğı ilə yanaşırlar. Bu işdə dini mətbuatı və əsərləri də izləmək lazımdır. Dilimizin təşəkkülündə ərəb və fars dillərinin roluna e`tinasızlıq göstərmək doğru deyildir. Ərəb dilinin bir sıra sözdüzəldici şəkilçiləri, ümumiyyətlə, ərəb sözləri hələ çox karımıza gələcəkdir.
“Həyat” qəzeti, 28 mart 1992-ci il.
BİZƏ TÜRKCƏ-AZƏRBAYCANCA LÜĞƏT LAZIMDIR
1920-1985-ci illərdə belə bir problemi müzakirə etməyin əbəs olduğu hamıya mə`lumdur. Lakin hazırkı dövrdə buna tamamilə başqa baxımdan qiymət verənlərin tapılacağına da şübhə etmək olmaz. Bu mühüm məsələyə vətənpərvərlik mövqeyindən yanaşmağın vaxtı çatmışdır. Kim nə deyir-desin, belə bir lüğətin indiyədək hazırlanıb nəşr edilməməsi Azərbaycan türkologiyası, dilçiliyi üçün bağışlanmaz səhvdir.
Türkoloqların bildirdiyinə görə, Türkiyədə dil islahatı, xüsusilə əlifba dəyişimi zamanı müəyyən sün`i tədbirlər görülməsi nəticəsində bu dildə külli miqdarda, başqa dillərin heç biri ilə müqayisə edilməyəcək dərəcədə paralelizmlər yaranmışdır. “Osmanlı” və “türk dili” məfhumlarının meydana gəlməsini yalnız bununla izah etmək olar.
Bəs türkcə-azərbaycanca lüğətin bizə nə faydası ola bilər? Mə`lumdur ki, Avropa dillərindən, xüsusilə fransız dilindən türk dilinə külli miqdarda söz daxil edilmişdir. Lakin biz həmin sözlərin heç də hamısını qəbul etməmişik və onlar dilimizə yaddır. Azərbaycan dilində həmin sözlərin böyük əksəriyyətinin müqabilində tamamilə başqa sözlər – həm əcnəbi, həm də doğma sözlərimizi işlədirik: spor (idman), fuar (yarmarka), ekonomik (iqtisadi), epik (incəsənət), kamp (düşərgə), kamyon (yük maşını), kreş (körpələr evi), apartman (mənzil), asansör (lift), teleferik (funiklyor), okul (məktəb), qrev (tə`til), ambalaj (qablaşdırma), plak (qramofon valı), piyasa (bazar), matematik (riyaziyyat), niklör (nüvə), banliyo treni (şəhərətrafı qatar), deterjan (yuyucu vasitə), piyanqo (lotereya), kürtaj (abort), amatör (həvəskar), sekreter (katib) və s. Dilimizdə vətəndaşlıq hüququ qazanmış Avropa mənşəli sözlərin əksəriyyəti türk dilində işlədilmir, yaxud da onların yerinə yeni sözlər yaradılmışdır.
Ərəb dilindən türk dilinə elə sözlər keçmişdir ki, biz onları heç vaxt işlətmirik: ahize (telefon dəstəyi), tüveyc (taccıq), hüveynat (mikroorqanizmlər), malzeme (material), mendil (yaylıq), şaka (zarafat), mizah (yumor), nezle (soyuqdəymə), nüfus (əhali), korsar (dəniz qulduru), müsteşrik (şərqşünas), hüb (məhəbbət), hür (azad) və i.a. Ərəb dilindən Azərbaycan dilinə keçmiş, amma türk dilində istifadə edilməyən sözlər də vardır.
Türk dilində elə sözlər var ki, dilimizdəki sözlər kimi səslənir, amma tamamilə başqa mə`nalar verir: anlaşma (müqavilə), aydın (ziyalı), basılmaq (nəşr edilmək), çöpçü (zibiltəmizləyən), doğan (şahin), baz (qızılquş), samanqapan (kəhrəba), doğramaçı (dülgər), pinti (xəsis), pulçu (filatelist), çırpışdırmaq (yavaşca tıqqıldatmaq), çıraq (dülgər şagirdi), çelik (polad), subay (zabit), hırıltı (xırıltı), er (əsgər), qulluq (köləlik) və s.
Fars dilindən türk dilinə keçmiş, amma bizdə işlədilməyən və ya tamamilə başqa mə`na verən sözlər də var: dal (budaq), mihmandar (ekskursiyaçı), çarşaf (döşək ağı), yekpare (vahid), hezar (bülbül), keşide (tiraj), serpuş (baş geyimi), siyah (qara), hemağuş (qucaqlaşma), encümen (komissiya), hemşirezade (bacı uşağı) və s. Qəribə də olsa, dilimizdə işlədilən nümayəndə, nümayiş, çarpayı, çamadan, xoşbəxt, zərgər, rəhbər, sərhəd, mehriban, dərman kimi fars sözlərinin əvəzinə türk dilində müvafiq olaraq temsilçi, törən, karyola, valiz, mutlu, kuyumçu, öndər, sınır, sevimli, ilac kimi sözlər işlədilir.
Bunlardan əlavə, türk dilində qədim sözlərin əsasında elə sözlər yaradılmışdır ki, Azərbaycanda işlədilmir. Türk dilinin bir çox leksik və frazeoloji ifadələri dilimizdə başqa mə`nalara uyğun gəlir. Türk dilində “qoca qarı” ifadəsi dilimizdəki “küpəgirən qarı” mə`nasını verir. Türkiyəli bir kişinin “Ankarada doğdum” deməsi bizdə gülüşə səbəb olacaqdır. Türk dilində fe`lin məchul növünün öz şəkilçisinin (-ıl, -il, -ul, -ül) olmasına baxmayaraq, orada “doğduğum yer” ifadəsində heç bir qəbahət görmürlər. Bizdə isə qrammatik məntiqə əməl edərək işlətdiyimiz “doğulduğum yer”, “doğulmuşam” ifadələrini türklərdəki kimi işlətməyəcəyimizə şübhə ola bilməz. Türk dilində “vəsiqəli” (fahişə), “Nil ayqırı” (begemot), “malul” (invalid), “hırtı-pırtı” (köhnə-köşkül), “politika yapmaq” (aldatmaq), “ən`ənəçi” (mühafizəkar) kimi bizdə təəccüb doğuracaq sözlər çoxdur. “Fırıldaqçı” sözü türk dilində də bizdəki mə`nada işlədilir. Lakin bu sözün “uşaqlar üçün fırlağan düzəldən adam” mə`nası da vardır.
Türk dilində bizdəki ilə müqayisədə bir çöx sözlərdə səslərin yerdəyişməsi baş verir: domuz (donuz), toprak (torpaq), yaprak (yarpaq), aksırmak (asqırmaq), köprü (körpü), parmak (barmaq), püt (büt), gömlek (köynək), diken (tikan), tavuk (toyuq) və s. Dilimizin bə`zi sözlərinin türk dilində olmadığı, habelə türk dilinin çoxlu sözlərinin dilimizdə işlənmədiyi də mə`lumdur.
Bizə belə bir lüğət türk dili fonetikasının saysız-hesabsız dil hadisələrindən (səs fərqlənməsi, səs düşümü, səs artımı, səs uyuşması və s.), ərəb, fars, Avropa dillərindən keçmiş sözlərin yazılışındakı qaydalardan baş çıxarmaq, dillərimizin leksik və frazeoloji ifadələrindəki mə`na fərqlərindən düzgün istifadə etmək üçün lazımdır. Dilimizdəki orfoqrafiya və orfoepiya qarmaqarışıqlığına son qoymaq üçün belə bir lüğətə böyük ehtiyac var.
Həmin lüğət bizə Trabzon bazar leksikonundan çıxıb siyasi, elmi, mədəni, iqtisadi və bir çox digər sahələrdə yüksək səviyyəli müzakirələrdə iştirak etməyimizə çox kömək edə bilər.
İndiyədək müxtəlif mətbuat orqanlarında türk şəxs adları, Türkiyənin coğrafi adları, bu dildə işlədilən ixtisarlar o dərəcədə müxtəlif şəkildə verilir ki, yaranmış qarmaqarışıqlığa son qoyulacağına şübhə edirsən. Mə`lumdur ki, hər bir sanballı ikidilli lüğətdə şəxs adları, coğrafi adlar və ixtisarlar əlavə kimi verilir. Türkiyədə elmin müxtəlif sahələrindəki terminlərin dilimizdəkilərlə yüz faiz eynilik təşkil etməyəcəyi də aydındır. Deməli, elmin müxtəlif sahələri üzrə türkcə-azərbaycanca terminlər lüğətləri də hazırlamaq lazımdır.
Nəhayət, nəzərə almaq lazımdır ki, Türkiyədə “Böyük osmanlıca-türkcə sözlük” və “Kiçik osmanlıca-türkcə sözlük” kimi sanballı, türkdilli ölkələrin ziyalılarının həsəd aparacağı nəşrlər buraxılmışdır. Bunu elmlər namizədi dərəcəsinə nail olmaq və ya türkoloqlar, şərqşünaslar sırasına soxulmaq üçün etməmişlər. Bu nəcib iş əlifba dəyişimi nəticəsində xalqın öz keçmişindən üzülmüş əlaqələrini bərpa etmək niyyətindən irəli gəlmişdir. Hazırkı şəraitdə biz də türk xalqları ilə qırılmış əlaqələrimizi bərpa etmək məqsədilə türkcə-azərbaycanca, türkməncə-azərbaycanca, özbəkcə-azərbaycanca, uyğurca-azərbaycanca, tatarca-azərbaycanca və s. lüğətlər yaratmalıyıq.
“Həyat” qəzeti, 9 iyun 1992-ci il.
“SİMNAR” ADI NECƏ YARANMIŞDIR?
Adlarımızın hər birinin hansısa bir dildə müəyyən mə`nası olmalıdır. Böyük Nizaminin “Yeddi gözəl” əsərindəki hekayətlərdən birinin əsas obrazı olan mahir me`mar Simnarın adından götürülərək bə`zi soydaşlarımıza verilən bu adın lüğəti mənası nədir?
“Sim” farsca “gümüş” və “nar” ərəbcə “od” deməkdir. Bunların sintezindən ibarət “Simnar” adının mə`nası nə ola bilər? Qəribədir ki, bu ad yalnız bizdə mövcuddur. 1991-ci ildə Tehranda buraxılmış və “Qur`an”, “Avesta”, “Şahnamə”, “Xəmsə” və digər şah əsərlərdəki adların mə`naları izah edilən “Fərhənge namhaye İran” (“İran adlarının lüğəti”) ensiklopediya-mə`lumat kitabına “Simnar” adı salınmamışdır. Yaxın və Orta Şərq xalqlarında da belə bir ada təsadüf edilmir. Bizdə isə uşaqlara bu adın verilməsi prosesi Nizaminin “Yeddi gözəl” əsərinin dilimizə tərcüməsindən sonra müşahidə edilir. Ötən əsrlərdə, hətta XX əsrin 30-cu illərinə qədər olan dövrdə belə bir ad daşıyan adamların olması da şübhəlidir.
İş burasındadır ki, islamın zühurundan əvvəlki ərəb mədəniyyətini gözəl bilən Nizami öz əsərinin bütün dövrlərin oxucularına böyük tə`sir göstərən obrazının adını “Simnar” şəklində yazması şübhə doğurur. Ərəb dili ensiklopediyalarında və izahlı lüğətlərində bu ad “Sinimmar” şəklində yazılır və “Yeddi gözəl”də təsvir edilən əhvalat eynilə təkrar edilir. Müasir ərəb dilində də “Cəzau-Sinimmar” (Sinimmarın cəzası) frazeoloji ifadəsindən müxtəlif münasibətlərdə geniş istifadə edilir. Ərəb dilindəki həmin ifadə “artıq tamah baş yarar”, “acgözlüyə görə cəza”, “tamahkarlığın aqibəti” mə`nalarında indiyədək işlədilir. Nizaminin bu adı təhrif etməsi heç ağılasığışan şey deyildir! Çünki öz qəhrəmanlarını və obrazlarını qədim ərəb, yunan, hind, rum, İran sivilizasiyalarından götürən və onların adlarını ərəb qrafikası əsasında olan fars əlifbasının imkanlarına əməl edərək çox dəqiqliklə verən Nizami “Sinimmar” əvəzinə “Simnar” yaza bilməzdi.
Şairin ölməz “Xəmsə”sinin ən mö`təbər və nəfis əlyazmalarından birində 1636-cı ildə Dost Məhəmməd ibn Dərviş Əd-Dərəxçi tərəfindən köçürülmüş və ə`la müniatürlərlə zinətləndirilmiş, hazırda Respublika Əlyazmalar İnstitutunda saxlanan əlyazmasında bu ad “Sinimmar” şəklində verilmişdir.
Böyük İran alimi Əli Əkbər Dehxudanın (1879-1956) Tehran universiteti tərəfindən 1969-cu ildə buraxılmış “Lüğətnamə” ensiklopediya lüğətinin 149-cu cildindəki “Sinimmar” məqaləsində aydınca göstərilir ki, bu ad Nizaminin məşhur “Yeddi gözəl” əsərinin əsas obrazlarındandır və nədənsə, son vaxtlar bə`zi nəşrlərdə “Simnar” şəklində verilir. Ə.Ə.Dehxuda göstərir ki, “Sinimmar” sözünün rum dilində “oğru, “gecələr yatmayan adam” və “qəmər” mə`naları vardır. Bəlkə də həmin mə`nalar “Simnar” adının İranda və farsdilli ölkələrdə yayılmamasının əsas səbəbkarı olmuşdur. Əsədi Tusinin “Lüğəte-fars” əsərində də Nizaminin bu obrazının “Sinimmar” olduğu göstərilir.
Bizdə bu adın etimologiyasının izahına “Yeddi gözəl”in “Elm” nəşriyyatı tərəfindən buraxılmış sətri tərcüməsi nəşrinin “Lüğət” hissəsində cəhd göstərilmişdir. Lakin orada da (səh.334) “…o, qədim Babil allahı Simnimar adı ilə bağlıdır” yazmaqla yenə də bu adı təhrif etmişlər. Hicri tarixlə 1333-cü ildə Təbrizdə fars dilində buraxılmış “Yeddi gözəl əfsanəsi” kitabının bu yaxınlarda Azərnəşr tərəfindən Azərbaycan dilində nəşrinin 11-ci səhifəsində göstərilir ki, bu ad Təbriz nəşrində “Səmnar” şəklində getmişdir və “…bundan sonra Nizamidə adlandırıldığı kimi “Simnar” yazacağıq.” Bizcə, fars dilində həmin sözün “Səmnar” və “Simnar” qrafik şəkillərinin eyni olduğu nəzərə alınaraq burada “Sinimmar” sözündən söhbət getməli idi.
“Yeddi gözəl” əsərinin Azərbaycandakı nəşrlərində bu adın “Simnar” şəklində getməsinin əsas səbəbini mənzum tərcümədə onun daha yaxşı səslənməsinə cəhd göstərilməsi deyil, sadəcə olaraq tərcüməçilərin həmin sözün ərəb qrafikası ilə yazılışına diqqət yetirməmələri ilə izah etmək lazımdır.
“Həyat” qəzeti, 12 iyun 1992-ci il.
HƏRBİ DİLİMİZ HAQQINDA BƏ`Zİ MÜLAHİZƏLƏR
Hər bir xalqın ədəbi dilinin əsasında təşəkkül tapan hərbi dili tarixin müəyyən dövrlərində, daha doğrusu, millət müharibə təhlükəsinə mə`ruz qaldığı və müharibə etdiyi vaxt cəmiyyətin həyatında daha bariz şəkildə özünü büruzə verir. Əmin-amanlıq illərində hərbi dil hiss edilmədən arxa plana keçir və yalnız bir də müharibə təhlükəsi zamanı vətəndaşların zehnini məşğul etməyə başlayır.
Dilçilik elmində “hərbi dil” məfhumu barədə geniş bəhs edilməsə də, bir sıra dillərin mütəxəssisləri hərbi sənədlərin, memuarların dilindəki, hərbi qulluqçuların leksikonundakı səhvlərdən bəhs edir, onların ədəbi dilin normalarını korlamasından şikayətlənirlər. İndiki çətin günlərimizdə dilçi alimlər, jurnalistlər, hərbi qulluqçular, cəbhə xəbərlərinin təhlili ilə bilavisitə məşğul olanlar əslində bütün vətəndaşlar hərbi dilimiz qayğısına qalmalıdırlar. Xalqımızın ölüm-dirim mübarizəsi apardığı bu günlərdə rəsmi və müstəqil informasiya vasitələrinin, müxtəlif qəzet və jurnalların, radio və televiziyanın müxbirləri öz yazı, veriliş və müsahibələrində hərbi dilimizin qaydalarına əməl etməlidirlər. Hərbi informasiya, müsahibə və icmallarda hər şey öz adı ilə çəkilməlidir. Bu, hərbi dilin tələbidir.
Bir sıra qəzetlərdə “texnika və canlı qüvvələr cəmləşmişdir”, “mövqelər dağılmışdır”, “tikililər dağılmışdır”, “əsir getmişdir” kimi cümlə və ifadələrdən belə təsəvvür yaranır ki, göstərilənlər öz-özünə baş vermişdir. Lakin elə yazmaq lazımdır ki, həmin hadisələrin kiminsə tə`siri nəticəsində baş verdiyi nəzərə çarpdırılsın: “texnika və canlı qüvvə cəmləşdirilmişdir”, “mövqelər dağıdılmışdır”, “tikililər dağıdılmışdır”, “əsir götürülmüşdür”. Cəbhə xəbərlərinin dili emosional və konkret olmalı, məntiqə əsaslanmalıdır.
“Arxa işləri üzrə komandirin köməkçisi”, “tə`lim-tərbiyə üzrə komandirin köməkçisi” əvəzinə “komandirin arxa tə`minatı üzrə köməkçisi”, “komandirin tə`lim-tərbiyə üzrə köməkçisi” ifadələri yazmaq daha düzgündür.
Eyni bir qəzetdə həm “polk”, “rota”, “batalyon”, həm də “alay”, “bölük”, “tabur” sözləri işlədilir. Bə`zi qəzetlər isə inadla “tabur” sözünü “tabır” şəklində yazırlar. Bu söz dilimizdə ilk dəfə işlədilmir. General Ə.Şıxlinskinin “Qısa rusca-türkcə hərbi lüğəti”ndə “tabur” şəklində verilmişdir. Müasir türk dilində də “tabur” şəklində istifadə edilir. “Tabır” danışıq dilində işlədilir, hərbi dil isə ədəbi dilə söykənir. Yeri gəlmişkən, “tabur” sözünü daha bir məqamda da işlətmək lazımdır. Radio və televiziya müsahibələrində hərbi qulluqçularımız “stroy qarşısında”, “stroyla getmək” kimi ifadələrdən çox istifadə edirlər. Halbuki “tabur qarşısında”, “taburla getmək” kimi sırf hərbi ifadələr vardır. Bu ifadələr ədəbi dilimizin qaydalarına xilaf çıxmır və hərbi dilimizi daha da səlisləşdirə bilər.
Bə`zən qəzetlər döyüşlərin gedişində müəyyən bir müddəti göstərmək üçün xeyli söz istifadə edirlər: “İyun ayının 12-də axşam saat 7-nin yarısından iyunun 13-də səhər saat 8-ə 25 dəqiqə qalana qədər.” Dünyanın əksər ölkələrinin silahlı qüvvələrində heç bir dolaşıqlığa yol verilməməsi, dəqiqlik üçün bu cür məqamlarda vaxtın ifadə edilməsi üçün dördrəqəmli formadan istifadə edirlər: “İyunun 12-də saat 18.30-dan iyunun 13-də 07-35-dək.” Belə olduqda “axşam”, “səhər”, “dəqiqə qalana qədər” söz və ifadələrini işlətməyə ehtiyac qalmır.
“Snayperdən atəş açıldı”, “bir döyüşçümüz minadan partladı” cümlələrində məntiqi səhvlər vardır. Snayper silahın bir növünü daşıyan döyüşçüdür. Atəş isə snayper silahından açıla bilər. Döyüşçü özü partlamır, minanın partlamasından həlak olur. KİV-də “Qrad” tipli raketlər”, “Alazan” tirli raketlər”, “Kristal” tipli reketlər” ifadələrinin verilməsi məqbul deyildir. “Alazan” raketləri” və s. kimi ifadələr kifayətdir.
Bir sıra fikirlərin ifadə tərzi narazılıq doğurur: “Bizimkilər tərəfindən vurulub məhv edilmişdir”. Hərbi qəzetdə belə bir cümlə işlətmək kənar seyrçi mövqeyində durmağa bənzəyir. “Düşmənin müqavimətini dəf edirlər” – hücumu dəf edərlər, müqaviməti isə qırarlar, sındırarlar.
Hərbi ixtisarlara da diqqət yetirmək lazımdır. Eyni bir qəzetdə həm “PDM”, həm də “BMP” yazmaq səriştəsizlikdir.
Qəzetlər kimin həlak olmasına, kimin isə şəhid olmasına diqqət yetirməlidirlər. Müharibədə hər həlak olana şəhid demirlər.
Hərbi sirr və hərbi etika barədə danışmağın vaxtı çatmışdır. İyun ayının əvvəllərində qəzetlərin birində belə bir cümlə oxudum: “Müsahibimiz AXC Ağdam rayon şö`bəsinin sədri, Eldar Bağırov adına 845 nömrəli tabırın komandiri Allahverdi bəy Bağırovdur.” Hərbi sirr baxımından, görəsən, düşmənə daha nə lazımdır?!
Televiziya və radio verilişlərində hərbi qulluqçular çox vaxt bir-birlərinə “bəy” deyə müraciət edirlər. Orduda rəislik-tabelilik münasibətlərini sabitləşdirmək və subordinasiya qaydalarını möhkəmləndirmək lazımdır…
Qəzet redaksiyaları döyüşçülərimizin cəbhə rayonlarında qrup halında çəkilmiş fotoşəkillərinin dərc edilməsinə hərbi sirr baxımından ehtiyatla yanaşmalıdırlar. Deyilənlər televiziya jurnalistlərinin cəbhədən verdikləri reportajlarda hərbi qulluqçuların hansı geyimdə göstərilməsinə də aiddir. Silahlı qüvvələrimizin döyüşçüləri xalqa nizam-intizamın hökm sürdüyü bir ordunun hərbi qulluqçuları kimi təqdim edilməlidir.
“Xalq qəzeti”nin cari il 16 iyun tarixli nömrəsində “Milli orduda dil məsələsi” yazısını dərc etməsi də hərbi dilimizin püxtələşməsinə diqqət yetirdiyini göstərirLakin belə vacib bir məsələ – hərbi terminlərin dəyişdirilməsi, daha doğrusu, islah edilməsi silahlı qüvvələrin müvafiq səlahiyyətli qurumunun kollegiyasında hərbi mütəxəssislərin, bir neçə dillərin tərcüməçilərinin, xüsusilə hərbi tərcüməçilərinin iştirakı ilə yüksək səviyyədə həll etmək lazımdır.
Hərbi dilimizin sabitləşməsinə təkcə müvafiq kütləvi informasiya vasitələrinin əməkdaşları deyil, bütün vətəndaşlar qayğı göstərməli, onu yad ünsürlərdən təmizləmək üçün öz nitq və yazılarına diqqətlə və məs`uliyyətlə yanaşmalıdırlar. Hərbi dilə qayğı vətənpərvərlikdəndir.
“Həyat” qəzeti, 1 iyul 1992-ci il.
Ücretsiz ön izlemeyi tamamladınız.