Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Polyanna», sayfa 2

Yazı tipi:

Çardaqdakı kiçik otaq

Polli Harrinqton bacısı qızını qarşılamaq üçün oturduğu yerdən qalxmadı. Sadəcə, başını oxuduğu kitabdan qaldırıb əlini uzatmaqla kifayətləndi.

– Xoş gəlmisən, Polyanna, – deyə dilucu dilləndi xanım Polli. – Mən…

Ev sahibəsi sözünü tamamlamağa macal tapmadı. Çünki artıq bu vaxt Polyanna yüyürərək özünü xanım Pollinin qucağına atmışdı. Qızcığaz hıçqıraraq dedi:

– Polli xala! Məni himayənizə götürdüyünüz üçün sizə necə təşəkkür edəcəyimi bilmirəm. O qədər sevinirəm ki! Bu mənim üçün həyatımın ən gözəl anıdır.

Xanım Polli ona sarılmış qollardan xilas olmağa çalışdı. Qaşlarını çataraq dedi:

– Yəqin ki, elə belədir.

Sonra isə qızı özündən uzaqlaşdırmaq üçün fənd qurdu:

– Polyanna! Bir az qıraqda dayan, qoy sənə kənardan baxım və daha yaxşı görüm.

Polyanna bir neçə addım geri çəkilib dayandı:

– Doğru deyirsiniz, xalacan. Heç imkan vermədim ki, mənə diqqətlə baxasınız. Əslində, üzümdə bu qədər çoxlu çil varkən, heç bilmirəm, mənə baxmağa dəyərmi? Ən əsası isə niyə qara yox, qırmızı paltar geyindiyimi sizə izah etməliyəm. Yolda Nensiyə atamın dediklərini…

– Atanın dedikləri mənim üçün maraqlı deyil! Səhv etmirəmsə, sənin kiçik bir çamadanın olmalı idi.

Polyanna yenidən şən səslə dilləndi:

– Əlbəttə var, xalacan. Onu mənə Xeyriyyə Cəmiyyətindən hədiyyə ediblər. Təəssüf ki, çox əşyam yoxdur. Axır vaxtlar Xeyriyyə Cəmiyyətinə mənim kimi kiçik qızlara yaraşacaq şeylər bağışlamırdılar. Çamadanımda atamın bir neçə kitabı, bir də bəzi xırda-para şeylər var. Atamın dediyinə görə…

Xanım Polli bu dəfə qızın sözünü daha sərt şəkildə kəsərək dedi:

– Polyanna! Bunu qulağında sırğa elə. Yanımda atandan danışmağını istəmirəm. Başa düşdünmü?

Birdən-birə Polyannanın gözləri yaşardı. Titrək səslə dilləndi:

– Polli xala, yəni siz… siz…

Amma sözünün arxasını gətirə bilmədi. Xanım Polli acıqla dedi:

– İndi səninlə birlikdə yuxarı – otağına çıxacağıq.

Qadın irəlidə, Polyanna isə arxasınca çardağa doğru qalxdılar. Qızcığazın gözlərindən xırda yaş damlaları süzülürdü. Ürəyində dedi: “Görünür, atamdan danışmağı ona görə istəmir ki, mən üzülməyim. Atamı xatırladıqca nə qədər kədərləndiyimi, hər halda, o da bilir”

Bu ehtimal qızı sakitləşdirdi. Göz yaşları qurudu. Yenidən əvvəlki şən Polyanna oldu. Yuxarı qalxarkən başını açıq qapılardan içəri uzadır, otaqları gözucu nəzərdən keçirirdi. Otaqlarda gördüyü gözəl əşyalar onu heyran etmişdi. Ayaq basdığı xalçalar yosun kimi yumşaq idi. Atlaz pərdələr, geniş və bəzəkli divanlar, divarlardan asılmış qızıl suyuna çəkili çərçivələrdəki rəsmlər… Bütün bu gördükləri Polyannanın heyranlığını birə-beş artırırdı. Pilləkənlə çardağa doğru qalxarkən qızcığaz, nəhayət, aradakı sükutu pozdu:

– Polli xala, necə gözəl əşyalarınız var! Əminəm ki, bu qədər varlı olduğunuza görə çox məmnunsunuz!

Xanım Polli geri çevrilib sərt nəzərlərlə Polyannaya baxdı və dedi:

– Ayıb olsun, Polyanna! Məni dəhşətə gətirirsən! Bu sənin ağlına necə gələ bilərdi?

– Xalacan, yoxsa varlı deyilsinizmi?

– Var-dövlətlə ancaq axmaqlar və acgözlər öyünə bilərlər.

Polyanna əlavə sual verməyib susdu. O artıq öz otağını xəyalında canlandırmağa başlamışdı. Qızın təsəvvüründə onun otağı geniş və işıqlı idi. Yerə əlvan xalçalar döşənmişdi. Divarlardan cürbəcür rəngli şəkillər asılmışdı. Pəncərələrində isə parıltılı pərdələr yellənirdi.

Polyanna qurduğu bu xəyaldan çox həyəcanlandı və otağını görmək üçün ürəyi uçundu. Bu vaxt xanım Polli başqa bir qapı açdı, onlar artıq başqa pilləkənlə qalxmağa başlamışdılar. Dəhliz bomboş idi, üstəlik, hava o qədər isti idi ki, az qalırdı adam boğulsun.


Xanım Polli, nəhayət, dəhlizin sonundakı qapını açdı və dedi:

– Sənin otağın bax budur, Polyanna! Artıq çamadanını da gətiriblər. Açarı üstündədirmi?

Polyanna xalasını dinləmirdi. O, yerindəcə donub-qalmışdı. Təsəvvür etdiyi otağın əvəzində gözü qarşısında tamam başqa bir mənzərə vardı! Bayaqdan dil- boğaza qoymayan qızın dili sanki tutulmuşdu.

Verdiyi suala cavab ala bilməyən xanım Polli bağırdı:

– Polyanna! Səndən nəsə soruşarkən mənə dərhal cavab verməlisən, başa düşdün?

Qız çaşqın halda dilləndi:

– Bəli, xalacan, başa düşdüm.

– Belə baxıram ki, otaqda hər şey yerbəyer edilib. Bir azdan Nensi gəlib digər əşyalarını da yerləşdirməyə kömək edər. Şam yeməyi saat altıdadır. Gecikmə!

Polli Harrinqton sözlərini tamamlayıb sərt addımlarla otaqdan çıxdı.

Polyanna otaqda tək qaldı. O, ətrafa kədərli gözlərlə baxırdı. Özünü ağlamaqdan güclə saxlayırdı. Otağını belə təsəvvür etmirdi! Hər tərəf boş və darıxdırıcı idi. Hətta pəncərələrdə adi pərdə belə yox idi.

Əşyalarını boşaltmalı idi. Bir-iki addım atmışdı ki, ayaqları dolaşdı. Yıxılmamaq üçün tutacaq heç nə yox idi. Odur ki qızcığaz çamadanın yanında yerə çökdü. Artıq özünü saxlaya bilmədi və hönkür-hönkür ağlamağa başladı.

Nensi onun otağına gəlib qızı bu vəziyyətdə görəndə ürəyi ağrıdı. Dərhal yerə əyilib onu qolları arasına aldı və dedi:

– Mən elə belə də bilirdim. Bilirdim ki, səni yerdə və göz yaşları içində görəcəyəm.

Polyanna başını etiraz edirmişcəsinə yelləyib dedi:

– Yox, Nensi, yox, bu hala düşməyimin səbəbi sənin düşündüyün şey deyil. Sadəcə, Allah və mələklərin atamı öz yanlarına aparması ilə hələ də barışa bilmirəm. Onun üçün darıxıram.

– Keçər, əzizim, hər şey düzələr. Ağlama, bəsdi. Açarı ver, çamadandan paltarlarını çıxarım.

Polyanna hıçqırmağa davam edərək açarı Nensiyə uzatdı:

– Onsuz da çamadanda çıxarılmalı olan düz-əməlli heç nə yoxdur.

– Elə isə lap yaxşı! Onları yerbəyer etmək daha asan olar.

– Haqlısan, Nensi, – qızcığaz göz yaşlarını silib xəfifcə gülümsədi. – Hər zərərdə bir xeyir var, elə deyilmi?

Xidmətçi qız Polyannanın sözlərinə bir qədər təəccüblənsə də, heç nə demədi. Çamadanı boşaltmağa başlayanda qəlbi sızıldadı. Paltarlar təmiz olsa da, həm az idi, həm də köhnəlmişdi. Onlarla bərabər, sandıqdan bir neçə kitab da çıxdı.

Nensi əşyaları yerləşdirməklə məşğul olmağa başladı. Polyanna isə gözlərini boş divarlarda gəzdirməkdə idi. Yeganə təsəllisi divarlarda bir dənə də olsa güzgünün olmaması idi. Deməli, belədə üzündəki çilləri də görməyəcəkdi. Bundan yaxşı nə ola bilərdi?

Birdən qızcığaz pəncərəyə tərəf yüyürdü və maraqla çölə baxmağa başladı. Sonra isə əllərini bir-birinə çırparaq qışqırdı:

– Bura bax, Nensi, bura bax! Gör necə də gözəl mənzərədir. Uzaqda ağaclar və kiçik evlər var. Hətta saat qülləsi də görünür. Çay gümüş kimi parlayır. Hamısı çox gözəldir, çoox! Bu pəncərədən görünən mənzərə ən gözəl tablodan belə daha gözəldir. Xalam mənə bu otağı ayırdığı üçün artıq çox xoşbəxtəm!

Qızcığaz sözünü yenicə bitirmişdi ki, Nensinin hıçqıraraq ağlamağa başladığını eşitdi. Buna çox təəccüblənən Polyanna xidmətçi qızın yanına qaçdı və maraqla soruşdu:

– Yoxsa bu otaq sənin idi? Elə isə indi onun mənim üçün ayrılmasına çox pis oldum.

– Yo… yox, – deyə Nensi kəkələdi. – Siz sanki bir mələksiniz, xanım Polyanna. Kaş bəzi insanlar sizə rəva gördüklərinə görə utanaydılar… Aman Allahım, qapının zəngi çalınır.

Nensi təlaşla aşağı qaçdı. Polyanna isə yenidən pəncərənin qarşısına gəldi. Bayaq gördüyü o gözəl mənzərəni seyr etməyə başladı. Amma otaqdakı isti artıq dözülməz həddə çatmışdı.

Polyanna yavaşca pəncərəni açdı, içəri təmiz və sərin hava axdı. Qızcığaz buna çox sevindi. Başını çölə uzadaraq sərin və təmiz havanı ciyərlərinə çəkdi. Pəncərənin qarşısında böyük bir ağac vardı. Qalın və iri budaqları olan ağac sanki qollarını geniş açaraq Polyannanı səsləyirdi. Birdən qızcığaz qəhqəhə çəkib öz-özünə dedi: “Bacararam! Əlbəttə, bacararam!”

Belə deyib əvvəlcə pəncərənin üstünə çıxdı. Sonra isə ayağını ağacın ən yaxındakı iri, qalın budağına uzatdı. Meymun kimi budaqdan budağa atılaraq ağacın altına, yumşaq otların üstünə düşdü.

İndi o, bağçada idi. Bağçanın küncündəki güllükdə qoca bir kişi yerə əyilərək işləyirdi . Bağçadan sonra çəmənlik başlayırdı. Daha uzaqda böyük bir təpə görünürdü. Təpənin başında, nəhəng qayanın yanında tənha şam ağacı ucalırdı.

Polyanna cəld və səssiz addımlarla təpəyə doğru yönəldi. Əslində, bu məsafə göründüyü qədər qısa deyildi.

Polyanna bağçadan çıxıb təpəyə doğru getməyə başladıqdan on beş dəqiqə sonra malikanənin geniş salonundakı saat altı dəfə çaldı. Saat sonuncu dəfə çaldıqdan sonra Nensi yemək vaxtının yetişdiyini bildirən zəngi basdı.

Xanım Polli salona gəlib uzun müddət Polyannanı gözlədi. Gördü ki, gələn yoxdur, acıqlı səslə Nensiyə dedi:

– Bu qız harada qaldı belə? Yox, çağırma! Mənim tapşırığıma itaət göstərməyib gecikməsinin cəzasını çəkməlidir. Nə vaxt aşağı ensə, ona yalnız süd və çörək verərsən. Mətbəxdə səninlə birlikdə yeyər.

– Baş üstə, xanım, – Nensi dilləndi.

Elə ki xanım Polli şam edib süfrədən qalxdı və otağına çəkildi, Nensi fürsətdən istifadə edib Polyannanın otağına gəldi. O fikirləşirdi ki, yəqin, qızcığaz xeyli ağladıqdan sonra otağında yatıb qalıb. Amma otağı boş görəndə narahat oldu. Birbaş bağçaya – qoca bağbanın yanına qaçdı. Təngnəfəs halda qışqırdı:

– Cənab Tom, cənab Tom! Mən bilirdim ki, o, bir mələkdir. Budur, otağında yoxdur, yəqin ki, göylərə uçub! Göylərə – atasının yanına!

Yaşlı Tom xidmətçi qızın sözlərindən bir şey başa düşmədi. Heyrətlə ona baxıb soruşdu:

– Sən nə danışırsan, Nensi? Necə yəni göylərə uçub?

Birdən qoca bağban hər şeyi başa düşdü. Gözlərini axşam günəşinin qızılı şüalarına boyanmış təpəyə zilləyərək dedi:

– Bax, Nensi, sənin mələyin ordadır. Orda – Şamlı təpənin başında!

Nensi bağbanın işarə etdiyi tərəfə baxdı. Polyannanı orada görüb bir az rahatlandı. Sonra Toma tərəf çevrilib dedi:

– Əgər sahibəm məni çağırsa, ona deyərsiniz ki, çirkli qabları yumaq yadımdan çıxmayıb, sadəcə, bir az hava almaq üçün gəzintiyə çıxmışam, yaxşımı?

Xidmətçi qız bunu deyib Şamlı təpəyə doğru tələsdi.

Qəribə oyun

Nensi Şamlı təpəyə – Polyannanın yanına gələndə əvvəlcə bir az nəfəsini dərdi. Sonra dedi:

– Məni çox qorxutdun, Polyanna! Çölə çıxdığını görmədim. Bəs buraya necə gəldin?

Polyanna qəhqəhə çəkərək güldü. Evdən necə çıxdığını olduğu kimi danışdı. Sonra isə bir az məyus şəkildə dedi:

– Əgər sizi qorxutdumsa, üzr istəyirəm. Bilirsiniz, Nensi, əvvəllər atam, sonra isə Xeyriyyə Cəmiyyəti üzvləri də mənə görə tez-tez təlaşlanardılar. Amma sonradan buna vərdiş etdilər.

– Bilirsən ki, xalan bu haqda eşitsə, necə özündən çıxacaq?

– Bilmirəm. Amma bilmək istəyirəm. Elə ona görə də evə qayıdanda hər şeyi ona danışacağam.

Nensi qəti şəkildə etiraz etdi:

– Yox, yox, sən nə danışırsan?! Xanım Polli bu barədə bilsə, çox qəzəblənəcək. Ona görə də ən yaxşısı odur ki, dərhal malikanəyə qayıdaq və bu barədə xanım Polliyə bir kəlmə də danışmayaq.

Malikanəyə doğru yol aldılar. Aradakı səssizliyi Polyannanın şən səsi pozdu:

– Mənə görə narahatlıq keçirməyinə çox sevindim, Nensi.

– Yəqin ki, çox acmısan. Halbuki xalan səni cəzalandırmaq üçün ancaq süd və çörək verməyimi əmr edib.

– Yemək vaxtı necə gələ bilərdim? Axı onda mən burada idim.

Nensi özünü gülməkdən güclə saxladı:

– O bunu haradan biləydi. Həm də yaxşı ki, bilməyib. Yoxsa, yəqin, bu axşam süd və çörəkdən də məhrum olardın. Hər halda, sənə ləziz bir şam süfrəsi aça bilməyəcəyimə görə çox məyusam.

– Amma mən qətiyyən məyus deyiləm! – Polyanna dedi. – Hətta bundan çox məmnun oldum.

– Məmnun oldun? – Nensi təəccüblə soruşdu. – Açığı, başa düşə bilmirəm, nə demək istəyirsən.

– Bəli, məmnun oldum, həm də ikiqat. Birinci, ona görə ki, mən süd və çörəyi çox sevirəm. İkincisi, onları səninlə bərabər yeyəcəyəm. Görürsən, məyus olmağa dəyməz.

Nensi təəccüblə dedi:

– Qanqaraldıcı bir şeydə də sevinməyə səbəb tapa bilirsən. Heç bilmirəm, nə deyim. Çox qəribədir!

Polyanna şirin-şirin gülümsündü:

– Axı burada təəccüblü nə var ki? Oyunun ən maraqlı yeri elə burası deyilmi?

– Oyunun? Hansı oyunun? – Nensinin təəccübü bir az da artdı.

– Bəli, Nensi, oyunun! Məmnun olmaq oyununun! Bu oyunu mənə atam öyrədib. Onunla bu oyunu oynamağa başlayanda hələ çox balaca idim.

– Mənim oyunlardan başım çıxmır. Üstəlik, bu oyun haqqında da ilk dəfə səndən eşidirəm.

Polyanna gülümsəməyə çalışaraq köks ötürdü:

– Hə, bu oyunu mənə atam öyrətmişdi. Hər şey Xeyriyyə Cəmiyyəti tərəfindən bağışlanan bir cüt qoltuqağacı ilə başladı.

– Qoltuqağacı?

– Hə, qoltuqağacı. Mən kukla istəyirdim. Atam da buna görə Xeyriyyə Cəmiyyətinə müraciət etmişdi. Amma evimizə göndərilən hədiyyə qutusundan gəlincik əvəzinə həmin o bir cüt qoltuqağacı çıxdı. Hədiyyəni göndərən qadın yazırdı ki, onun gəlinciyi yoxdur, bununla belə, hər bir uşağın ehtiyacı ola biləcəyini nəzərə alıb bu qoltuqağaclarını bağışlayır. Hər şey də elə bundan sonra başladı.

Nensi dedi:

– Polyanna, hələ də başa düşə bilmirəm, bütün bunların indi haqqında danışdığın oyunla nə əlaqəsi var?

– Axı burada başa düşülməməli heç nə yoxdur. Bizim oyunun məqsədi kədərli vəziyyətlərdə belə sevinmək üçün səbəb tapmaqdır.

– Üzr istəyirəm, mən yenə heç nə başa düşmədim. Ona gəlincik hədiyyə ediləcəyini gözləyən bir uşaq iki qoltuqağacı ilə qarşılaşırsa, necə məmnun ola bilər?

Polyanna ucadan gülərək dedi:

– Haqlısan. Elə birinci dəfə mən də sənin kimi düşünürdüm. Amma atam mənə dedi: “Qızım, bu qoltuqağaclarına ehtiyacın olmadığına görə sevinməlisən! Bax, əllərin, ayaqların sapsağlamdır. Əgər birdən o qoltuqağaclarına möhtac olsaydın, onda necə olardı?!” Görürsən, Nensi, kədərlənərkən belə sevinmək üçün səbəb tapmaq, əslində, nə qədər asandır!

– İlk dəfədir belə qəribə söhbət eşidirəm.

– Qəribə deyil, Nensi! Bu, çox gözəl oyundur. Biz atamla həmişə bu oyunu oynayardıq. Qanımız nə qədər qara olsa, oyun da bir o qədər maraqlı alınardı. Amma bir insanın atası axirətə getsə və həmin insan həyatda tək qalsa, bu oyunu oynamaq ona çox çətindir. Lap mənim kimi!

Nensi kədərli səslə dedi:

– Elədir. Yəqin, çardaqdakı o təndir kimi isti, havasız, dar otağı görüb ağlayarkən birdən-birə pəncərədən gözəl bir mənzərəyə tamaşa edərək sevinməyə başlamaq da sənə asan olmadı.

– Doğru deyirsən, Nensi, – Polyanna dərin bir ah çəkib cavab verdi. – Otağı ilk dəfə görəndə çox məyus olmuşdum. Mən onu başqa cür təsəvvür edirdim. Amma birdən-birə ağlıma “məmnun olmaq oyunu” oynamaq gəldi. Əvvəlcə divarda güzgünün olmamasın- dan məmnun oldum. Çünki belədə üzümdəki çilləri də görməyəcəkdim. Sonra pəncərədən şəhərin gözəl mənzərəsini gördüm. Bu mənə divarlardan rəsm asılmadığı üçün yaşadığım məyusluğu unutdurdu. Görürsənmi, Nensi, sevinmək, məmnun olmaq üçün həmişə səbəb tapmaq olur. Hətta ən cansıxıcı, kədərli anlarda belə!

Artıq evə yaxınlaşmışdılar. Polyanna dayanmadan danışır, xidmətçi qız isə ona maraqla qulaq asırdı:

– Əslində, artıq bu oyun mənim üçün vərdişə çevrilib. Məmnun olmaq üçün səbəbləri indi daha asan tapıram. Amma atam dünyasını dəyişdikdən sonra oynamaqda çətinlik çəkirəm. Hələ də özümə yaxşı bir oyun yoldaşı tapa bilməmişəm. – Polyanna birdən duruxdu, sonra isə uşaq sadəlövhlüyü ilə xidmətçi qızdan soruşdu: – Nensi, görəsən, Polli xala mənimlə bu oyunu oynamağa etiraz etməz ki?

Nensi ürəyində düşündü: “Ondan hər şeyi gözləyə bilərəm, amma bu oyunu oynamasını – əsla!”

Sonra isə Polyannaya sarı çevrilib dedi:

– Mənə qulaq as, Polyanna. Yaxşı oyunçu olacağıma söz vermirəm. Amma səninlə bu oyunu oynamağa hazıram.

Qızcığaz sevincdən əllərini bir-birinə vuraraq dedi:

– Bu çox yaxşı oldu, Nensi! Əmin olun ki, biz bu oyundan böyük zövq alacağıq.

Bu vaxt artıq bağça qapısından içəri daxil olurdular. Malikanəyə keçib birbaşa mətbəxə gəldilər. Nensi bir parça çörək və bir stəkan südü Polyannanın qarşısına qoydu. Qız iştaha ilə yedi. Sonra isə Nensinin məsləhəti ilə salona – xalasının yanına getdi.

Xanım Polli gözlərini oxumaqda olduğu kitabdan qaldırıb sərt bir səslə soruşdu:

– Yeməyini yedinmi, Polyanna?

– Yedim, xalacan.

– Amma məni ilk gündən sənə cəza vermək məcburiyyətində qoymağın heç də yaxşı iş deyil. Yalnız çörək və süd yediyinə görə çox məyus oldum. Ancaq cəzanı dəyişə bilməzdim.

– Məyus olmağa dəyməzdi, xalacan. Çünki mən südlə çörək yeməyi çox sevirəm. Üstəlik, Nensini də çox istəyirəm. Mənə onunla bərabər şam etməyə icazə verdiyinizə görə məmnun oldum.

Xanım Pollinin gözləri heyrətdən böyüdü. Bir-iki dəfə udqunduqdan sonra quru və donuq səslə dilləndi:

– Sən indi çoxdan yatmış olmalı idin, Polyanna! Uzaq yoldan gəlmisən və yəqin ki, xeyli yorulmusan. Sabah səninlə gündəlik həyatını necə keçirəcəyinlə bağlı plan hazırlamalıyıq. Eyni zamanda əşyalarını gözdən keçirib nələrə ehtiyacın olduğunu müəyyənləşdirməliyik. Səhər yeməyi saat səkkizin yarısında olacaq. Vaxtında gəlməyi unutma. İndi isə gedə bilərsən. Gecən xeyrə qalsın!

Xalası onunla nə qədər soyuq danışsa da, qızcığaz əhvalını pozmadı. Xanım Pollinin boynuna sarıldı və dedi:

– Sizə necə təşəkkür edəcəyimi bilmirəm, xalacan… Sayənizdə çox gözəl bir gün keçirdim. Artıq indidən hiss edirəm ki, sizinlə birgə həyatım çox xoşbəxt keçəcəkdir. Sizin də gecəniz xeyrə qalsın, xalacan!

Bundan sonra Polyanna şən əhvali-ruhiyyə ilə salondan çıxdı. Xanım Polli öz-özünə dedi:

– Aman Tanrım, nə qəribə uşaqdır! Onu cəzalandırdığıma görə çox məmnun olubmuş, üstəlik, mənimlə yaşayacağına görə də özünü çox xoşbəxt hiss edirmiş!.. Qəribə uşaqdır, çox qəribə uşaqdır!

Qaşları çatılmış xanım Polli yenidən kitab oxumağa başladı.

Bir qədər sonra çardaqdakı balaca otaqda tənha qalmış qızcığaz üzünü balışa sıxaraq acı göz yaşları tökürdü:

– Ah, atacan, mən indi bizim oyunumuzu oynaya bilmirəm. Mənə elə gəlir ki, qaranlıq, qorxulu otaqda yatanda nəyə sevinmək mümkün olduğunu heç sən də bilməzdin. Ah, əgər mən, heç olmasa, bir azca Nensiyə, ya da Polli xalaya yaxın olsaydım! Onda mən, bəlkə də, sevinərdim…

Nensi həmin vaxt mətbəxdə qabları yuyur, öz-özünə danışırdı:

– Hm… hər şeyə sevinmək… Əgər mən bu qəribə oyunu oynamalı olsam, onu öz bildiyim kimi oynayacağam. Mən çalışacağam ki, zavallı qızcığaza dayaq olum. Mən buna çalışacağam, çox çalışacağam.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺47,75
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
96 s. 11 illüstrasyon
ISBN:
9789952242249
Telif hakkı:
Altun Kitab / Алтын Китаб
Metin
Средний рейтинг 5 на основе 3 оценок
Metin
Средний рейтинг 2,5 на основе 2 оценок
Ses
Средний рейтинг 5 на основе 3 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 4,4 на основе 17 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 5 на основе 5 оценок
Metin
Средний рейтинг 4,7 на основе 9 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 4,8 на основе 12 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Ses
Средний рейтинг 4,2 на основе 16 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 4,7 на основе 27 оценок
Metin PDF
Средний рейтинг 4,6 на основе 5 оценок