Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Fəlsəfə : dərs vəsaiti», sayfa 4

Yazı tipi:

1.2. Pifaqor

M.ö. VI əsrdə “Böyük Yunanıstanda” yaranmış və Antik fəlsəfənin sonuna qədər müxtəlif məktəblər şəklində mövcud olmuş təlimlərdən biri də pifaqorçuluqdur. Bu təlimin banisi Samoslu Pifaqor (təq. M.ö. 580-500) İoniyanın Samos adasında anadan olmuş, lakin Polikrat tiraniyasına etiraz olaraq vətəni tərk edərək uzun müddət səyahətdə, o cümlədən Misirdə olmuş, müxtəlif təlimlərə yiyələnmişdir. Böyük Yunanıstana qayıdaraq burada öz məktəbini yaratmışdır.

Pifaqorçulara görə, kosmos və şeylər sadəcə materiya və maddə deyil, həm də mütənasiblik və ədədi münasibətlərə tabe olan müəyyən strukturlu maddədir. Pifaqor iddia edir ki, hər şey ədəddir. Yəni əksliklər cütünü təşkil edən kəmiyyətlərin zəkalı birləşməsidir: hüdud və hüdudsuz, tək və cüt, təkcə və çoxlu, sağ və sol, qadın və kişi, işıq və qaranlıq, xeyir və şər və s. “Hüdud” –qanunauyğunluğu, kamilliyi, formalığı, nizam və kosmosu, “hüdudsuz” –nizamsızlığı, formasızlığı, yarımçıqlıq, qeyri-kamillik və boşluğu bildirir. “Hüdud” ideyasının həndəsi ifadəsi kürə, cəbri ifadəsi isə vahiddir. Ona görə də, kosmos vahid və sferik olub sərhədsiz boş məkanda yerləşir.

Pifaqorçuların əsas prinsiplərindən biri də, metempsixoz hadisəsidir. Onlara görə can (ruh) ölümsüzdür və “kabusdur”, yəni yarımtanrı mənşəyə malik olub ölümsüz mövcudluqdur. Can (ruh) ya Tanrılar arasında bəxtiyar həyat sürür, ya da metempsixoz halında mövcuddur. Metempsixoz canın (ruh) bir bədəndən digərinə keçməsini bildirir. Pifaqorçulara görə, can bitki və heyvanların bədəninə keçir və orada öz “həyatını” davam etdirir. Can bədəndə sanki qəbirdə olduğu kimi mövcuddur, oraya öz günahlarına görə düşür. Əgər can üç bədəndə mövcud olub heç bir pis əməl tutmasa, onda o, sakitlik və əbədi bəxtiyarlığa çatır.

1.3. Eley məktəbi

Eley məktəbi “Böyük Yunanıstanın” Eley şəhərində yaranıb. Onun ən görkəmli nümayəndələri: Ksenofan, Parmenid, Zenon.

Ksenofan (m.ö.570- 470) İoniyanın Kolofon şəhərində dünyaya gəlib. İyirmi beş yaşında doğma şəhəri tərk etmişdir. Ksenofan insanları Allahları özlərinə bənzər təsvir etmələri qənaətinə gəlir. Çünki, müxtəlif xalqların Allahları onların milli –antropoloji cizgilərini əks etdirir: “Həbəşlər Allahlarını qara və fındıqburun, frakiyalılar isə kürən və mavigözlü təsvir edirlər”. Deməli: “Əgər öküzlər, şirlər, (atlar) da əllərə malik olub insanlar kimi şəkil çəkə, heykəl təraş edə bilsəydilər, atlar-atlara, öküzlər isə öküzlərə bənzər Allahlarını təsvir edə, heykəllərini yaradardılar”2. Ksenofanın dini təliminin mahiyyətini belə ifadə etmək olar: Allahdan başqa heç nə yoxdur, Allah və varlıq eynidir. Bu “Allah -Kainat” maddi cisim olub hər yerdə bircinsdir, bütün mövcudluğu ilə görür, eşidir və fikirləşir. Formaca kürəvaridir və nəfəs almır, lakin canlıdır və şüura malikdir. Ksenofanda təkcə Allahların insan surəti və onlar haqqında Homer və Hesiodun ləyaqətsiz hekayələri hiddət doğurmur, o, həm də hesab edir ki, onların çoxluğu Allah haqqında daha xalis anlayışla uyuşmur. O, deyir ki, yaxşısı təkcə olmaqdır: “Allahların heç biri digərinin hökmranlığı altında ola bilməz”.

Dövrünün fəlsəfi ənənələrinə rəğmən Ksenofan aşkar şəkildə ilkbaşlanğıc probleminin həllinə cəhd göstərməmişdir. Lakin onun “Zira, hər şey torpaqdandır və torpaqda da ölür” müddəası sonrakı dövrdə tədqiqatçılar Ksenofanda torpağın ilkbaşlanğıc olması fikirlərinə rəvac vermişdir. Digər tərəfdən Ksenofanın başqa bir fraqmentdə bu fikri söyləyir: “Doğulan və cücərən hər nə varsa hamısı sudur” və “Zira, hamımız torpaq və sudan doğulmuşuq”. Beləliklə, ilkbaşlanğıc anlayışı Ksenofana aid edilərsə: onun üçün ilkbaşlanğıc torpaq və sudur.

Eley məktəbinin gerçək banisi Parmenid (təq. m.ö. 515-445) olub. Onun təlimi sokrataqədərkilər fəlsəfəsinin zirvələrindən biri hesab olunur. Parmenid hər bir dəyişikliyi, deməli hərəkət və inkişafı inkar edir. Dəyişiklik, hərəkət və inkişaf Parmenid üçün məntiqi cəhətdən mümkün deyil. Bu müddəa onun varlığın və qeyri-varlığın (yəni, yoxluğun) məşhur traktovkasına əsaslanır: “Varlıq var, qeyri-varlıq isə yoxdur”. Dəyişiklik isə nəyinsə yaranmasını, nəyin isə itməsini (qeyri-varlığa çevrilməsini) ehtiva edir. Bu isə mümkün deyil, çünki, qeyri-varlıq yoxdur.

Parmenid zəka ilə dərk olunan gerçək həqiqətlə, hissi idraka əsaslanan rəyi sərt şəkildə bir-birindən fərqləndirir. Hisslər yalnız axıcı, müvəqqəti və qeyri-daimini qavrayır; o şeylər ki, dəyişməz və əbədidir, onlar yalnız təfəkkür və zəka ilə qavranılır. Buradan varlıqla təfəkkürün eyniliyi tezisi alınır.

Eley məktəbinin digər görkəmli nümayəndələrindən biri də Eleyli Zenon (e.ə. 490-430) idi. Zenon varlığın maddiliyi, vəhdəti və bütövlüyü fikrini qəbul edir, lakin onun dəyişkənliyi prinsipini müdafiə etmirdi. Zenonun fikrincə, təbiətdə bütün predmetlər, istidən, soyuqdan, qurudan, rütubətdən və onların bir-birinə qarşılıqlı surətdə keçməsindən əmələ gəlir. O, izah edirdi ki, "insanlar torpaqdan əmələ gəlmiş, onların ruhu isə yuxarıda göstərilən mahiyyətlərin qarışığından yaranmışdır".

Parmenid təliminin qatı tərəfdarı olan Zenon insanın hissi qavradıqları ilə, real gerçəklik arasında dərin uçurum olduğunu əsaslandırmışdır. Ona görə hərəkət mümkün deyil. Fəlsəfə tarixində məşhur olan dörd paradoksu ilə məşhurdur. Onlara misal olaraq “Axilles və tısbağa” və “Ox” göstərmək olar. Birinci paradoksa görə Axilles heç zaman tısbağaya ötüb-keçə bilməz, bunun üçün o, ilk növbədə tısbağaya çatmalıdır, bu zaman ərzində tısbağa müəyyən məsafə qət edəcək. Axilles yenə ona çatmalıdır, lakin bu dəfə də tısbağa az da olsa müəyyən məsafə qət edir. Bu proses sonsuza qədər davam edir və Axilles tısbağanı ötə bilmir. İkinci paradoksa görə, uçan ox əslində hərəkət etmir, sükunətdədir. Belə ki, yaydan çıxmış ox zamanın hər bir anında konkret bir yerdə və sükunətdədir. Bütün sükunətlərin cəmi isə sükunətdir.

1.4. Empedokl və Anaksaqor. Atomizm

Sokrataqədərkilər fəlsəfəsində varlıq problemin şərhində Heraklit (hər şey axır və dəyişir) və Parmenid (varlıq dəyişməz və hərəkətsizdir) tərəfindən təklif olunmuş və bir-birinə zidd olan iki konsepsiya daha geniş yayılmışdır. Sonrakı filosoflar bu ziddiyyətin həllinə çalışmışlar. Fəlsəfi təlimlərini məhz bu prinsip əsasında qurmuş filosoflardan ən məşhurları Aqrigentli Empedokl və Klazomenli Anaksaqor olmuşdur.

Yaşca Anaksaqordan kiçik olsa da, fəlsəfi yaradıcılığa ondan tez başlamış Empedokl (təq. m.ö. 490-430) Siciliyanın Aqrigent şəhərində anadan olub. Fəlsəfi təlimi ionyalıların naturfəlsəfəsinə yaxındır. O, demək olar ki, Parmenidin varlıq təlimini qəbul edir. Lakin, onda ilkbaşlanğıc Parmenidin varlığının xassələrinə malik olsa da, sayca ondan fərqlənir. Onda ilkşbaşlanğc dörddür: od, hava, su, torpaq. Lakin, bu dörd ünsür passivdirlər. Onlardan əlavə iki kosmik qüvvə: Məhəbbət (Dostluq)Nifrət (Düşmənçilik) mövcuddur. Dünyada baş verən dəyişikliklər Məhəbbət və Nifrətin əbədi mübarizəsinin nəticəsidir. Məhəbbət vəhdət və xeyir, Nifrət isə parçalanma və şər gətirir. Təbiətin həyatı dövrü səciyyə daşıyır: iki qüvvənin hökmranlığı növbələnir. Tale adlandırılan zaman müddətində bu qüvvələrin biri o birinə üstün gəlir. Məhəbbət və dostluq üstünlük təşkil edəndə ünsürlər vəhdətdə olur və Yerdə sülh və nizam bərpa olur, Nifrət və düşmənçilik üstünlük təşkil edəndə elementlər parçalanır, Yerdə düşmənçilik və parçalanma olur.

Böyük siyasi xadim Periklin dəvəti ilə Afinaya köçərək burada ilk fəlsəfə məktəbi yaratmış Klazomenli Anaksaqor (təq.m.ö. 500-428) İoniyanın Klazomen şəhərində doğulub.

Anaksaqorun təlimi Empedoklun təliminə yaxındır, lakin onda ilkbaşlanğıc dörd yox, sonsuz saydadır. Varlığın ilkbaşlanğıcı “homoemerlər” –“şeylərin toxumu” onun keyfiyyət daşıyıcısıdır. Şeylərin yaranması və yox olmasını Anaksaqor homomerlərin birləşməsi və parçalanmasının nəticəsi kimi izah etmişdir. Bu prosesin hərəkətverici qüvvəsi isə “Nus”dur (“ağıl”). “Nus” ilkin xaosdan kosmosu yaradır və iki xassəyə malikdir: o, hər şeyi hərəkətə gətirir və hər şeyi dərk edir.

Anaksaqor təbiətin şərhində öz dövrü üçün cəsarətli görünə biləcək bir sıra ideyalar irəli sürmüşdür. O, iddia edirdi ki, səma cisimləri İlahi səltənət yox, Yerdən qopmuş və közərmiş halda olan qaya parçalarıdır. Ay isə yalnız günəşin işığını əks etdirir.

Antik atomizmin banisi Levkipp hesab olunur. Lakin, onun həyatı və yaradıcılığı haqqında heç bir məlumat dövrümüzə gəlib çatmayıb. Ona görə də Antik atomizmdən danışanda Demokrit təlimi nəzərdə tutulur. Demokrit (m.ö. 470-370) Abderdə, varlı ailədə anadan olmuş, çoxlu səyahət etmiş, sonra vətəninə qayıdaraq, öz təlimini yaratmışdır. Atadan qalma mirası dağıtmaqda günahlandırılmış, qədim yunan adətlərinə əsasən mühakimə edilmişdir. Məhkəmədə parlaq çıxışı, yazdığı traktatlardan birini şərh etməklə sübut etmişdir ki, o, var-dövləti boş yerə xərcləməyib. Bundan sonra həmvətənlərinin böyük rəğbətini qazanmışdır.

Demokritə görə bütün mövcudluğun ilkbaşlanğıcı, “tikinti materialı” bölünməz mikroskopik hissəciklər –atomlardır. Bu təlimin əsas müddəaları belədir:

–– bütün maddi dünya atomlardan təşkil olunub;

–– atom kiçik hissəcik olub, mövcudluğun “ilkkərpicidir”;

–– atom bölünməzdir;

–– atomlar müxtəlif ölçülərə (kiçik və böyük), müxtəlif formalara (kürəvari, uzunsov, əyri, “tikanlı” və s.) malikdir;

–– atomlar arasında boşluqla doldurulmuş məkan mövcuddur;

–– atomlar əbədi hərəkətdədirlər;

–– atomların dövranı mövcuddur, şeylər və canlı orqanizmlər mövcud olur, parçalanır, bundan sonra həmin atomlardan yeni canlı orqanizmlər və maddi dünyanın predmetləri yaranır;

–– hissi idrak atomları “görmür”.

1.5. Sofistlər

M.ö. V əsrin ortalarından Qədim Yunanıstanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş verir. Ənənəvi idarəetmə üsulu olan aristokratiya və tiraniya quldarlıq (və yaxud, klassik) demokratiya ilə əvəzlənir. Məhkəmə və xalq yığıncaqları kimi seçkili təsisatlar formalaşır. Bu isə öz növbəsində, cəmiyyətin siyasi həyatında fəal iştirak etmək üçün insanların qarşısında müəyyən bacarıq və qabiliyyətlərə malik olmaq tələbi qoyur: bəlağətli nitq söyləmək, fikrini inandırıcı arqumentlərlə digərinə qəbul etdirmək, mühakimələri məntiqi sübut etmək və s. Bu təmayül bütövlükdə antik təhsil sisteminə təsir göstərir: dövr üçün ənənəvi olan gimnastika və musiqi digər məşğələlər, ilk növbədə ritorika, məntiq və fəlsəfə tərəfindən sıxışdırılır. Bu isə, “fikirləşməyi, söyləməyi və etməyi” öyrədən, sonralar “sofistlər” (hərfən müdriklik mütəxəssisləri) adlandırılan peşəkar müəllim-filosofların meydana gəlməsinə səbəb olur. Öz ideyalarını dar çərçivədə, müəyyən intellektual qrup daxilində şərh edən ənənəvi filosoflardan fərqli olaraq, sofistlər daha geniş auditoriyalarda çıxış edirlər. Sofistlərin əsas qayəsi arzu edənlərə müəyyən ödəniş müqabilində bəlağəti, siyasi fəzilətləri və vətəndaş həyatında aktiv fəaliyyət üçün zəruri olan bütün mümkün bilikləri öyrətmək idi.

Sofistlərin görkəmli nümayəndələrindən olmuş Protaqor (təq.m.ö. 480-410) Abder şəhərində anadan olub. Peşəkar ritorika (nitq incəsənəti) və eristika (mübahisə incəsənət) müəllimi olmuş, ilk dəfə olaraq fəlsəfəni pul müqbilində istəyənlərə öyrətmişdir. Protaqor relyativizminin, yəni hər şeyin nisbiliyi haqqında təliminin əsasında dünya haqqında müəyyən təsəvvürlər dayanır. Bu təsəvvürlər Heraklitin hər şeyin daima hərəkətdə olması, dəyişməsini ehtiva edən təlimindən qaynaqlanır. Bu prinsipi, yəni mütləq dəyişkənlik prinsipini dərk edən subyektə aid edən Protaqor belə nəticəyə gəlir: təkcə dünya yox, həm də onu qavrayan canlı bədən (cisim) də dəyişir. Bu deyilənlər relyativizmin ontoloji əsasıdır. Protaqor buradan qnoseoloji nəticələr çıxarır: əgər hər şey dəyişirsə deməli onun haqqında iki əks fikir söyləmək mümkündür. Bu fikirlərin seçimində insan azaddır. Buradan onun məşhur tezisi: “İnsan hər şeyin ölçüsüdür” –alınır. Məsələn, külək əsir, demək olarmı ki, soyuqdur. Əlbəttə yox, ola bilər ki, kimin üçünsə soyuq, kimə isə isti olsun. Deməli həqiqilik insanın özündən asılıdır.

Sofistlərin digər görkəmli nümayəndələri Gorgi, Hippiy, Prodik olmuşdur.

2. Klassik dövr (Sokrat, Platon, Aristotel)

Antik fəlsəfədə klassik dövr üç böyük filosofun adı ilə bağlıdır: Sokrat, Platon, Aristotel. Onların fəlsəfi yaradıcılığı təkcə Antik dövr deyil, bütövlükdə dünya fəlsəfəsinin klassik mərhələsi hesab edilir.

2.1. Sokrat

Antik fəlsəfədə klassik dövr Sokratla başlayır. Sokrat (m.ö.469-399) Afinada anadan olub. Öz təlimini şifahi yaymış, heç bir əsər yazmamışdır. Çoxsaylı şagirdləri olmuşdur. Rəsmi dövlət Tanrıları tanımamaqda, yeni tanrılar yaratmaqda və gənclərin mənəviyyatını pozmaqda ittiham edilərək ölümə məhkum edilib. Məhkəmənin hökmünə görə özü zəhər içməklə qətlə yetirilib.

Sokratın fəlsəfəsinin əsas səciyyəsi belədir: a) söhbət (“dialektik”) səciyyəsi3; b) induksiya yolu ilə anlayışların müəyyənləşdirilməsi; c) etik rasionalizm, əsas formulu belədir: “Fəzilət (müsbət dəyərləndirilən insani keyfiyyətlər) –bilikdir”

Sokratın söhbətlərinin mövzusunu tipik sofistik problemlər təşkil edir: xeyir nədir, şər nədir; nə gözəl, nə eybəcərdir; fəzilət nədir, qəbahət nədir; “yaxşı olmağı” öyrənmək olarmı və bilik necə əldə olunur.

Sokrat öz söhbət metodunu “mayevtika” (mamaçalıq sənəti) adlandırıb. O, bununla demək istəyirdi ki, o, həqiqətin mənbəyi deyil, yalnız həqiqətin “doğuluşuna” kömək edir. Mayevtikanın qayəsi belədir: həmsöhbətin müddəalarını ziddiyyət və ironiyaya gətirməklə inkar etmə; hiyləgər bilməməzlik, cavabdan yayınma. Nəticədə o, həmsöhbətinin biliyinin həqiqi olmadığını sübuta yetirir. Bu zaman Sokrat özünün heç nə bilmədiyini deyərək, “xalis həqiqəti” söyləyir. Belə ki, ö hesab edir ki, İlahi müdrikliklə müqayisədə insan biliyi bir heçdir.

Sokrat sofistlərin relyativizmini inkar edərək göstərmək istəyir ki, Xeyir, Ədalət kimi universal (ən ümumi) dəyər və normalar mövcuddur. Bunun üçün insana yanılmalardan, həqiqi olmayan biliklərdə qurtulmağa kömək etmək lazımdır. Bu səbəbdən o, verilmiş anlayışların təhlili və onların təyinin axtarılmasından başlayır. “Ədalət nədir?”, “Cəsarət nədir?” və s. Ona görə, anlayışları təhlil edərək şeylərin əslində nə olduğunu dərk edə bilərik. Əgər anlayış yoxdursa, bilik də yoxdur. Deməli, fəaliyyət də ola bilməz –xeyrin, əxlaqın nə olduğunu bilməyən insan xeyir yarada, əxlaqlı ola bilməz. Sokrata görə hər bir insan ruhunda bir xeyir başlanğıcı var. İnsan ona, yəni qəlbinin səsinə qulaq asarsa xeyir törədər. Buradan onun məşhur tezisi alınır: “Öz-özünü dərk et”.

2.2. Platon

Təkcə Antik deyil, bütövlükdə ümumdünya fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri də Platondur. O, Qərb metafizik ənənəsinin banisi hesab edilir: onun təlimi təkcə dünya fəlsəfəsinə deyil, həm də bütün bəşər mədəniyyətinə böyük təsir göstərib. XX əsrin böyük filosoflarından biri A.Uaythed onun haqqında demişdir: “Bütövlükdə fəlsəfə, elə Platon fəlsəfəsinə müəyyən qeydlər toplusudur”.

Platon (m.ö. 428-348) Afinada aristokrat ailəsində doğulub, əsl adı Aristokl olub. Geniş çiyinli olduğu üçün ona Platon (plato –yunanca geniş deməkdir) ləqəbi verilib. Gənc yaşlarından Sokratın şagirdi olmuş, sonuncu qətlə yetirildikdən sonra bir müddət səyahət edərək, Afinaya qayıdır. Burada özünün məşhur Akademiyasını açmışdır. Bu Akademiya m.s. 529-cu ilədək, Bizans imperatoru, qatı xristian və antik fəlsəfəni dinə zərərli hesab edən Yustinian tərəfindən qapadılana qədər fəaliyyət göstərmişdir.

Platon təlimini nəzərdən keçirməzdən öncə, onun baxışlarının formalaşmasına təsir göstərmiş filosofları qeyd edək. Bu filosoflar: Pifaqor, Parmenid, Heraklit və Sokrat. O, Pifaqordan orfik elementlər: dinə meyllilik, ölümsüzlük və o dünyaya inam, riyaziyyata maraq, rasionalla mistikin qovuşmasına rəğbət; Parmeniddən həqiqi gerçəkliyin əbədi və zamandanxaric olmasına və hər bir dəyişikliyin məntiqi baxımdan illüzor (xəyali) olmasına inam; Heraklitdən hissi dünyada heç nəyin əbədi və daimi olmaması qənaətini əxz edib. Bu doktrina Parmenidin konsepsiyası ilə qovuşduqda belə bir nəticəyə gətirir ki, bilik hiss üzvləri ilə yox, yalnız zəka ilə əldə edilə bilər. Sokratdan isə ona əsasən etik problemlər miras qalıb.

Platon fəlsəfədə idealizm cərəyanının (“Platon xətti”) banisi hesab olunur. Onun təliminin nüvəsini ideyalar nəzəriyyəsi təşkil edir4. Bu nəzəriyyənin əsas müddəaları belədir:

–– maddi şeylər dəyişkən və müvəqqəti olub, müəyyən zamandan sonra mövcudluqlarını başa vururlar;

–– ətraf aləm (“şeylər dünyası”) də müvəqqəti və dəyişkən olub, gerçəklikdə müstəqil substansiya kimi mövcud deyillər;

–– gerçək olaraq yalnız xalis (qeyri-cismani) ideyalar (və yaxud, eydoslar) mövcuddur;

–– xalis (qeyri-cismani) ideyalar həqiqi, əbədi və daimidir;

–– mövcud olan hər bir şey (əşya) yalnız bu şeyin ilkin ideyasının maddi ideyasıdır (məsələn, atlar doğulur və ölürlər, lakin onlar yalnız əbədi və dəyişməz olan at ideyasının təcəssümüdürlər);

–– bütün dünya xalis ideyaların (eydosların) inikaslarıdır.

Platonun qnoseoloji, yəni insanın biliyi necə əldə etməsi haqqında nəzəriyyəsi onun Pifaqordan əxz etdiyi canın (ruhun) ölməzliyi prinsipinə əsaslanır. Platona görə can hissi dünya ilə birlikdə Allah tərəfindən yaradılıb və ideyalar aləmində mövcud olur. Burada o, ideyaları seyr edərək bütün bilikləri tamlıqda və kamilliyində əldə edir. İnsan doğulduqdan sonra can bədəndə yerləşir. Bu zaman can doğuluşa qədər, Yer həyatına qədər əldə etdiyi bilikləri unudur. Lakin bu dünyada müxtəlif hadisə, predmet və anlayışlarla qarşılaşdıqda əvvəl dərk etdiklərini, yəni, ideyalar səltənətində gördüklərini xatırlayır. Belliklə bilik əldə edir. Ona görə də, Platonun qnoseoloji təlimini bəzən “xatırlamalar nəzəriyyəsi” adlandırırlar.

Platon fəlsəfəsində dövlət haqqında təlim xüsusi yer tutur. O, mövcud dövlət quruluşlarını təhlil edərək, onları alt qrupda təsnif edir: monarxiya, tiraniya, aristokratiya, oliqarxiya, demokratiya, timokratiya (əksəriyyətin ədalətsiz hakimiyyəti, hərbi rəhbərlərin, ordunun hakimiyyəti). Bunların içərisində aristokratiya və monarxiyaya üstünlük versə də, Platon dövlətin yeddinci konsepsiyasını –ideal dövlət konsepsiyasını təklif edir. Bu konsepsiyaya görə:

–– dövlətin bütün əhalisi üç təbəqəyə bölünür –filosoflar, hərbçilər, işçilər;

–– işçilər (kəndlilər və sənətkarlar) kobud fiziki əməklə məşğul olub, maddi nemətlər yaradırlar, onlar məhdud ölçüdə xüsusi mülkiyyət sahibi ola bilərlər;

–– hərbçilər fiziki təlimlərlə məşğul olur, dövlətdə qayda-qanunları qoruyur, müharibələrdə iştirak edirlər;

–– filosoflar (müdriklər) fəlsəfi nəzəriyyələr işləyib hazırlayır, dünyanı dərk edir, öyrədir, dövləti idarə edirlər;

–– filosoflar və hərbçilər xüsusi mülkiyyət sahibi ola bilməzlər.

2.3. Aristotel

Klassik dövr “üçlüyünün” sonuncusu Aristotel (m.ö. 384-322) Stagir şəhərində anadan olmuş, on səkkiz yaşından Platon Akademiyasında təhsil almışdır. Platonun ölümündən sonra Akademiyanı tərk etmiş, bir müddət səyahətlərdə olmuşdur. M.ö. 343-cü ildə Makedoniya çarı II Filippin dəvəti ilə oğlu, gələcəkdə böyük sərkərdə olmuş İsgəndərə dərs demişdir. Sonra, m.ö. 335-ci ildə Afinaya qayıtmış, burada Likey adlı məktəbini yaratmışdır. Makedoniyalı İsgəndərin ölümündən sonra Afinadan qaçmış, növbəti il, m.ö. 322-ci ildə Evbeydə vəfat etmişdir.

Aristotel fəlsəfəni üç hissəyə bölür:

–– nəzəri fəlsəfə: burada varlıq və varlığın müxtəlif sferaları, bütün mövcudluğun mənşəyi, müxtəlif hadisələrin səbəbi təhlil olunur;

–– praktiki fəlsəfə: insan və dövlətin fəaliyyəti (etika və siyasət);

–– poetik fəlsəfə: ritorika, incəsənət və s.

Aristotel faktiki olaraq fəlsəfənin dördüncü bölməsi kimi qeyd olunan məntiqin banisi sayılır.

Varlıq problemini təhlil edən Aristotel Platon təlimini tənqid etmişdir. Platona görə bütün ətraf aləm iki yerə: “şeylər dünyası” və “xalis (cisimsiz) ideyalar dünyasına” bölünür. Birincilər ikincilərin maddi inikasıdır. Bu ideya ilə razılaşmayan Aristotel hesab edir ki, “xalis ideyalar” dünyası mövcud deyil. Yalnız təkcə və konkret şeylər dünyası mövcuddur. “Xalis ideya” anlayışını inkar edən Aristotel varlıq nədir sualına “varlıq haqqında mühakimələr”, daha doğrusu kateqoriyalar vasitəsilə cavab verməyə çalışır. Bu suala aydınlıq gətirəcək on kateqoriya ayırır, onlardan biri varlıq nədir sualına cavab verirsə, qalan doqquzu varlığın xarakteristikasıdır. Bu kateqoriyalar: mahiyyət (substansiya), kəmiyyət, keyfiyyət, münasibət, yer, zaman, vəziyyət, hal, hərəkət, iztirab. Başqa sözlə desək Aristotelə görə varlıq –mahiyyət (substansiya) olub, digər doqquz xassəyə malikdir.

Aristotel fəlsəfəsində mühüm yerlərdən birini materiya problemi tutur. Materiya nədir? Aristotelə görə materiya forma ilə məhdudlanmış potensiyadır. Məsələn, tunc kürə –bu, tuncdur, kürəvariliklə məhdudlanıb. Bu problemi təhlil edən filosof aşağıdakı nəticələrə gəlir:

–– Yerdə bütün mahiyyət potensiyaya (xalis materiya) və formaya malikdir;

–– bu keyfiyyətlərdən ən azı birinin (ya materiya, ya da forma) dəyişməsi predmetin mahiyyətinin dəyişməsinə gətirir;

–– bütün gerçəklik –bu materiyadan formaya və formadan materiyaya ardıcıl keçiddir;

–– potensiya (material) passiv, forma isə aktiv başlanğıcdır;

–– bütün mövcudluğun ən ali forması, dünyadan kənar varlıq –Allahdır.

Dövlət problemlərini təhlil edən Aristotel dövlətin altı tipini fərqləndirir: monarxiya, tiraniya, aristokratiya, ifrat oliqarxiya, oxlokratiya (kütlənin hakimiyyəti, ifrat demokratiya), politiya (mötədil oliqarxiya ilə mötədil demokratiyanın qarışığı). Aristotel “pis” (tiraniya, ifrat oliqarxiya və oxlokratiya) və “yaxşı” (monarxiya, aristokratiya və politiya) olaraq dövlət formalarını iki yerə bölür. Aristotelə görə ən yaxşı dövlət forması politiyadır.

2.Чанышев А.Н. Италийская философия. М.: Издательство Московского Университета, 1975, 216 с. (с.149-150)
3.Кессиди Ф.Х. Сократ. М.: Мысль, 1988, 220 с. (с. 58)
4.Виндельбанд В. История древней философии. Киев: «Тандем», 1995, 368 с. (с.163)
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-3706-4-5
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,8, 4 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 12 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre