Kitabı oku: «Fəlsəfə : dərs vəsaiti», sayfa 5
3. Ellin-Roma fəlsəfəsi
Ellin-Roma dövrü Makedoniyalı İsgəndərin yürüşlərindən başlamış Antik dövrün sonuna qədər, adətən 476-cı ildə Roma İmperiyasının german tayfaları tərəfindən işğalına qədərki dövrü əhatə edir. Fəlsəfi aspektdə bu dövr Aristotelin vəfat etdiyi m.ö.322-ci ildən m.s.529-cu ildə Afinada Platon Akademiyasının qapadıldığı zamana qədərki dövrü əhatə edir.
Bu dövr yunan fəlsəfəsinin yayıldığı və onun nəzəri səviyyəsinin aşağı düşməsi ilə səciyyələnir. Ön plana praktik fəlsəfə, yəni etik problemlər çıxır. Bu dövrün əsas fəlsəfi məktəbləri: kiniklər, skeptiklər, epikürçülər, stoiklər və neoplatonizm.
3.1. Kiniklər
Kiniklər məktəbinin banisi Antisfen (m.ö. 455-360) sofist Gorginin, sonralar isə Sokratın tələbəsi olub. Bu məktəbin adı “it” (yun. kinos -it) sözündən götürülüb. Kiniklər təliminin əsas məqsədi dərin fəlsəfi nəzəriyyələr yaratmaq yox, xüsusi həyat tərzinin –yoxsulluq, tənhalıq, sərkərdanlıq –fəlsəfi əsaslandırılması və bu həyat tərzinin şəxsi nümunədə sınaqdan çıxarılmasıdır. Bu təlimin əsas müddəaları belədir:
–– asosial azadlığın (cəmiyyətdən kənar azadlıq) mütləqləşdirilməsi;
–– könüllü səfillik, sosial əlaqələrin yoxluğu, tənhalıq;
–– daimi yaşayış yerinin olmaması, sərkərdanlıq;
–– fiziki və mənəvi yoxsulluğun tərənnümü;
–– ifrat asketizm;
–– avtoritetlərin inkarı;
–– vətənpərvərlik hissinin yoxluğu və hər bir cəmiyyətdə, bu cəmiyyətin deyil, öz qanunları əsasında yaşamaq (kosmopolitizm);
–– diqqəti cəmiyyətin və insanın qüsurlarına yönəltmə.
Kiniklər məktəbinin görkəmli nümayəndələrindən biri də Sinoplu Diogen olmuşdur. Kinizmin prinsiplərinə uyğun həyat sürməsi, haqqında çoxsaylı rəvayətlər yaranmışdır.
3.2. Skeptiklər
Bu cərəyanın ən görkəmli nümayəndəsi Elidalı Pirron (m.ö. 360-270) Sekst Empirik (təq. m.s. II-III əsrlər) hesab olunurlar.
Antik dövr üçün iki növ skeptisizm xasdır:
a) hissi qavrayışlara şübhə: onlar ziddiyyətli olduğu üçün aldadıcıdır. Pirron qeyd edir ki, şeylərin axıcılığı və keyfiyyətcə dayanıqlı olmamaları onların qavramada qeyri-dəqiq fərqləndirilməsinə aparır. Ona görə də onlar haqqında həqiqət, yoxsa yalan kateqoriyaları ilə mühakimə yürütmək mümkün deyil. Zahiri əşyalar haqqında mühakimələrdən imtina zəruridir.
b) deduktiv nəzəriyyələrdə (çıxış aksiomlarda) şübhə. Pirron hesab edir ki, çıxış aksiomunu tapmaq mümkün deyil. Verilmiş mühakimənin səhih olmasını heç kim bilmir və bu mümkün deyil. Çünki, səhih çıxış aksiomlar yoxdur, bunsuz isə deduktiv əqlinəticə ola bilməz. O, deyirdi: “Sübutun həmişə meyara ehtiyacı var, düzgün meyar isə ona görə ola bilməz ki, onun öncədən sübut olunmasına inam yoxdur”.
Buradan isə əxlaqi və məntiqi skeptisizm alınır: başqasının fəaliyyəti üçün müəyyən nizama üstünlük verilməsi heç vaxt rasional ola bilməz. Ona görə də yaşadığın ölkə qanunlarına tabe ol. Pirrona görə xoşbəxtlik tam təmkinlik, ehtirassızlıq, sakitlik nəticəsinə əldə olun bilər.
3.3. Epikürçülük
Ellin-Roma dövrünün ən görkəmli nümayəndələrindən biri Epikür (m.ö.341-270) hesab olunur. Onun Afinada açdığı məktəb “Epikür bağı” adı ilə məşhur olmuş, çoxsaylı tərəfdarlar toplamışdır.
Epikür fəlsəfəsi üç böyük mərhələyə bölünür:
–– kanonika –idrak nəzəriyyəsi;
–– fizika –təbiət haqqında təlim;
–– etika –insanın davranışı, əxlaq təlimi.
Kanonika. İdrak nəzəriyyəsini Epikür kanonika adlandırıb. Çünki onun idrak nəzəriyyəsinin əsasında həqiqətin meyarları haqqında təlim dayanır (kanon –ölçü, meyar, nümunə).
Epikürə görə həqiqətin əsas və ilk meyarı duyğuların insana verdiyi məlumatlardır: “biz hər şeydə duyğularımıza arxalanmalıyıq”. O, biliyin mənbəyini zəkada görənlərlə qətiyyən razılaşmır. Hesab edir ki, zəka tam şəkildə duyğulardan asılıdır. Hisslərlə əldə olunan biliyi qüsursuz sayan Epikür dərketmə prosesindəki yanılmaların səbəbini zəkada görür: hisslər səhv etmir –zəka yanılır.
Fizika. Naturfəlsəfi (təbiətin fəlsəfəsi) problemlərin həllində Epikür Demokritin atomizminin ardıcılı olmuşdur. Ona görə kainat əbədi və sonsuzdur. Bütün şeylər (bütün materiya) atom və boşluqlardan təşkil olunub. Atom və boşluqlar da əbədidir. Atomlar əbədi hərəkətdədir. Bu hərəkət düzxətli olsa da, atomlar bir-biri ilə toqquşaraq kənaraçıxmalara yol verirlər. “Xalis ideyalar dünyası” yoxdur (Platonun əleyhinə). Kainatda çoxsaylı maddi dünyalar mövcuddur.
Etika. Epikür insanı bioloji təkamülün nəticəsi hesab edir. Ona görə Tanrılar əxlaqi ideal kimi mövcud olsalar da, dünyəvi işlərə qarışmırlar. İnsanın taleyi onun özündən və şəraitdən asılıdır. İnsan canı (ruhu) xüsusi növ materiya olub bədən kimi fanidir. İnsan yer həyatında xoşbəxtliyə can atmalıdır, bu xoşbəxtlik isə həzdədir. O, həzz dedikdə hissi həzzi yox, sağlamlıq, sevimli peşə ilə məşğul olmaq, iztirabın olmamasını nəzərdə tutur. Həyatın norması isə, arzu və istəklərin zəkalı məhdudlaşdırılması, təmkinlik və dinclik (ataraksiya), müdriklik olmalıdır.
Epikürçülüyün ikinci böyük nümayəndəsi Lukretsi Kar (m.ö. 99-55) Roma şairi və maarifçisi olub. “Şeylərin təbiəti haqqında” əsəri Epikürün Yeni Dövrdə tanınması üçün böyük mənbə rolunu oynayıb.
3.4. Stoiklər
Stoisizm məktəbinin banisi Kitionlu Zenon (m.ö. 334/333 -262/261) hesab olunur. Stoya –binaya bitişik tikilən, hər tərəfdən açıq olan sütunlu qalareya deməkdir. Zenonun öz tələbələri ilə belə bir qalareyada məşğələlər aparması məktəbin adının stoisizm olması ilə nəticələnib.
Stoisizmin əsas ideyası xarici dünyanın təsirindən azad olmaqdır. Bu məqsədə çatmaq üçün daimi kamilləşmə, müdrikliyi və ənənəvi mədəniyyətin ən yaxşı nailiyyətlərini mənimsəmək lazımdır. Beləliklə, stoiklərin idealı gündəlik həyat qayğılarının fövqündə duran, öz savadı, biliyi, fəziləti və ehtirassızlığı (apatiya), avtarkiyası (özünəkafilik) hesabına xarici dünyanın təsirindən azad olan müdrik insandır.
Stoisizm fəlsəfəsinin digər müddəaları belədir:
–– təbiət və Dünyəvi Kosmik Zəka (Loqos) ilə harmoniyada yaşamaq;
–– fəzilətin ali Xeyir, qəbahətin isə yeganə Şər olmasının etirafı;
–– fəzilətin Xeyir və Şər haqqında biliklərə malik olma və Xeyrə riayət etmə kimi müəyyənləşdirilməsi;
–– fəzilətli olduğu halda dövlət hakimiyyəti və qanunlarını etiraf etmə;
–– dövlət həyatında iştirak etməmək, ənənəvi fəlsəfə və mədəniyyət qanunları şərə xidmət etdiyi halda onları inkar etmək;
–– insanın ali məqsədi –xoşbəxtliyə can atmasını təqdir etmə.
Stoisizm təliminin Roma İmperiyasında da çoxsaylı tərəfdarları olmuşdur. Onlardan ən məşhurları Seneka (m.ö. 1 –m.s.65), Roma imperatoru Mark Avreli (m.s.121-180) olmuşdur.
3.5. Neoplatonizm
Antik dövr fəlsəfəsinin sonuncu böyük məktəbi neoplatonizm olmuşdur. Neoplatonizmin banisi Ammoni Sakkas olsa da, onun ən görkəmli nümayəndəsi Plotindir. Plotin (204/205-270) Likopolda (Misir) anadan olmuş, on bir il Ammoni Sakkasdan dərs almışdır. Sonra Romaya gəlmiş, İmperotor Gordianın Persiyaya yürüşündə iştirak etmək və bu zaman fars və hind fəlsəfəsi ilə yaxından tanış olmaq istəsə də, Gordianın öldürülməsi səbəbindən istəkləri gerçəkləşməmişdir. İmperator Qallianın razılığı ilə Platon ideyalarına uyğun utopik dövlət –Platonopol –qurmaq cəhdləri də baş tutmur.
Plotin öz fəlsəfi sistemini qurmaq üçün Platonun bütün mövcudiyyətin üç substansiyadan (“Vahid” “Ağıl” “Can (ruh)”) təşkil olunması haqqında triada təlimindən yaradıcılıqla istifadə etmişdir. Plotinin ideyalarına görə, bütün dünya iyerarxik sistem olub, hər bir aşağıda yerləşən pillə öz mövcudluğuna görə yuxarıdakına borcludur. Hər bir pillə ən ali pillədə dayanan Vahidin emanasiyasıdır (şüalanmasıdır). Belə ki, iyerarxiyanın zirvəsində duran Vahid (o, həm də Tanrı, Xeyirdir, başqa sözlə, bütün mövcudluğun xaricindədir). Vahid hər varlığın səbəbidir, onun özü isə varlıqla bilavasitə əlaqəli olmadığı üçün əqlyetməzdir. İkinci pillə Ağıl və onda mövcud olan əqlyetər mahiyyətlər –ideyalardır, bu xalis varlıq olub Vahid tərəfindən törədilir. Üçüncü pillədə Can (ruh) yerləşir, o artıq ağıl kimi təkcə olmayıb, canlı bədənlər arasında bölünür; bundan əlavə o, hərəkətdədir, can bütün hərəkətlərin, o cümlədən həyəcan və ehtirasın mənbəyidir. Lap aşağı pillədə isə, bədən, cisim yerləşir. Canın zəkalılıq, harmoniya kimi müsbət keyfiyyətləri ağıldan aldığı kimi, bədən də canın sayəsində formaya malik olur; onun digər keyfiyyətləri –cansızlıq, fəaliyyətsizlik, ətalətlilik –materiyaya bənzərdir. Materiya mövcud deyil, onun ağıla, yəni varlığa aidiyyəti yoxdur, ona görə də zəka ilə dərk olunmur. Onun haqqında biz inkari yolla bilirik: hər bir cisimdən formanı götürsək, yerdə nə qalsa o materiyadır.
Neoplatonizmin Yamvlix və Prokl kimi görkəmli hümayəndələri olmuşdur. Sonrakı dövr Qərb fəlsəfəsinə böyük təsir göstərmişdir.
IV FƏSİL. Orta əsrlər Qərb fəlsəfəsi və İntibah
1. Orta əsrlər Qərb fəlsəfəsi
1.1. Orta əsrlər Qərb fəlsəfəsinin ümumi səciyyəsi
IV-V əsrlərdən başlayaraq Avropada, onun siyasi, iqtisadi və mənəvi simasını dəyişəcək qlobal hadisələr baş verir. Əvvəlcə Qərbi və Şərqi olmaqla Roma imperiyası iki yerə parçalanır. Sonra isə Şimal tayfalarının aramsız hücumlarına tab gətirməyən Qərbi Roma imperiyası süqut edir. Şərqdə isə Bizans imperiyası yaranır. Roma imperiyasının süqut etdiyi dövrdən –476-cı ildən Avropada sonralar “Orta əsrlər” adlandırılmış və təqribən min il davam etmiş dövr başlayır.
Orta əsrlər Qərb fəlsəfəsinin ideya və prinsipləri öz inkişafında iki mərhələdən keçmişdir. Patristika adlandırılan birinci mərhələ II-VIII əsrləri əhatə edir və “kilsə atalarının” –dini ehkamların fəlsəfi əsaslandırmasını gerçəkləşdirmiş ilk xristian mütəfəkkirlərinin təlimlərini əks etdirir. Patristika daha çox Platon ideyalarından yararlanıb. Sxolastika isə VIII əsrdən başlamış və orta əsrlərin sonuna qədər davam etmişdir. Bu fəlsəfəçilk tipi formalizm və ehkamçılıqla səciyyələnir. Sxolastika daha çox Aristotelin məntiq və fəlsəfi ideyalarına əsaslanır.
1.2. Patristika: Tertullian, Origen, Müqəddəs Avqustin
Xristianlığın yarandığı ilk dövrlərdə, Kisənin mərkəzləşmədiyi dövrlərdə xristian ehkamlarının təfsiri fikir ayrılıqları ilə müşayiət olunur. Əsas mövzusu –Allahın mahiyyəti, İusus Xristosun Allah-İnsan təbiəti, cəmiyyət həyatında kilsənin rolu, elmi biliklə imanın qarşılıqlı münasibəti olur. Xristian teologiyasının təməl prinsiplərinin hazırlanmasında bir sıra mütəfəkkirin böyük rolu olur. Onların əsərləri sonralar bütün xristian təliminin dini-fəlsəfi əsasları kimi qəbul olunur. Bu mütəfəkkirlər “kilsə ataları”, əsərləri isə, “patristika” (lat. pater -ata) adlandırılır. Patristikanın ilk mövcudluq illərində əsas müzakirə predmeti elmin, ilk növbədə fəlsəfənin xristian təlimi ilə qarşılıqlı münasibətidir. Bu problemin həllində Tertullian, Origen və Müqəddəs Avreliy Avqustin kimi mütəfəkkirlər böyük rol oynamışlar.
Kvint Tertullian (təq. 160-220) Roma İmperiyasının əyaləti olan Karfagendə anadan olub. O, Romada təhsil almış, otuz beş yaşında xristianlığı qəbul etmiş, qısa zamanda xristian kilsəsinin nüfuzlu xadiminə çevrilmişdir.
Tertullian erkən patristikanın əsas problemi: elm, xüsusilə fəlsəfənin xristian ehkamları ilə qarşılıqlı münasibəti problemini həll etməyə çalışmışdır. Ona görə İlahi vəhydən kənarda, zəka gücünə dünyanı dərk etməyə çalışanlar yanılırlar. Onun fikrincə zəkanın gücü imana tabe olmalıdır. Çünki, yalnız iman gerçək dərketmə imkanı verir. Hətta dini ağılsızlıq belə, hər hansı insani müdriklikdən ucadır.
Origen (185-254) Xristian ilahiyyatının elmi sistemini hazırlamış ilk filosoflardandır. Fəlsəfə və xristianlığın qarşılıqlı münasibətləri probleminin həllində, Origen Tertullianın tam əksinə getmişdir. Origen hesab edirdi ki, xristianlıq bütün Antik fəlsəfənin məntiqi yekunudur. Xristianlıq həqiqətlərini tam şəkildə anlamaq üçün fəlsəfəni öyrənmək zəruridir.
Origen Allahın qeyri-maddiliyini, sonsuzluğunu, kamilliyini və əbədiliyini əsaslandırmış ilk ilahiyyatçı filosofdur. O, sübut edir ki, Allahın sonsuzluğu onun qeyri-maddiliyindən törəyir –cisimsiz olan maddi ola bilməz. Allahın dünyanı heçdən yaratması probleminə toxunan Origen ilk xristian apologetlərinin Allahın dünyanı yaradarkən artıq mövcud olan materiyadan istifadə etməsi fikrini qəbul etmir. Ona görə Allahın dünyanı heçdən yaratması daha başadüşülən, daha az ziddiyyətlidir. Materiyanın əvvəldən mövcud olması Allahın sonsuz qüdrətliliyini məhdudlaşdırır. Onun baxışları gələcək xristian ilahiyyatçılarının fikirlərinə böyük təsir göstərmişdir.
Görkəmli kilsə atalarından biri, ilk sistematik xristian ilahiyyətinin yaradıcısı Müqəddəs Avqustin (354-430) Şimali Afrikada anadan olmuşdur. İlk gənclik çağlarında dini-mistik təriqət olan maniliyə meyl etsə də, Milanda rastlaşdığı yepiskop Amvrosinin təsiri ilə xristianlığı qəbul etmiş, tezliklə onun nüfuzlu xadimlərindən olmuşdur.
Müqəddəs Avqustinin dünyagörüşü –xristian dini-mifoloji dünyaqavramının dünyanın fəlsəfi düşünülməsi ilə özünəməxsus sintezidir. O, fəlsəfənin əleyhinə çıxmamış, əksinə, öz əsərlərində fəlsəfi biliyin zəruriliyini qeyd etmişdir. Lakin Avqustinə görə fəlsəfə dinin həqiqiliyinin sübutu üçün vasitə, dini ehkamların həqiqiliyini əsaslandırmaq üsuludur. Avqustin təlimində fəlsəfə bütünlüklə dinə tabe etdirilmiş, səviyyəcə ondan aşağıda olan sırf insani bilikdir. Çünki, İlahi həqiqətə yalnız iman çata bilər.
Avqustinin dini-fəlsəfi təliminin mərkəzində Allah dayanır. Neoplatonizmə əsaslanan Avqustin gostərir ki, Allah –ondan yuxarıda heç kimin və heç nəyin ola bilmədiyi qeyri-maddi və qüdrətli Mütləqdir. Lakin, o, Allahın dünyanı şüalandırması (emanasiya) və elə buna görə də dünya ilə vəhdətdə olması kimi neoplatonçu ideyanı qəbul etmir. Ona görə, Allah dünyanı yaradıb və nə təbiətdən, nə də insandan asılı deyil, əksinə, həm təbiət, həm də insan Allahdan asılıdır.
Avqustin hesab edir ki, idrakın ali forması –İlahi nurlanmadır. Bu isə imanı güclü olanlara Allah tərəfindən əta olunur.
Avqustinin tarix və cəmiyyət haqqında fəlsəfi görüşləri yazdığı “Allah şəhəri” əsərində əksini tapmışdır. Bu təlimin əsas müddəaları belədir:
–– tarixin gedişi və cəmiyyətin həyatı iki əks –Yer (günahkar) və İlahi səltənətlərin mübarizəsidir;
–– Yer səltənəti dövlət təsisatları, hakimiyyət, ordu, qanunlar və imperatorlarda təcəssüm edir;
–– İlahi səltənət xristian kilsəsində birləşən din xadimləri ilə təmsil olunur;
–– Yer səltənəti günahkardır və gec, ya da tez İlahi səltənətə məğlub olacaq;
–– krallar və imperatorlar Xristian kilsəsinin iradəsini ifadə etməli və ona, həmçinin bilavasitə Roma Papasına tabe olmalıdır;
–– Kilsə dünyanı birləşdirəcək yeganə qüvvədir.
1.3. Sxolastika: Foma Akvinalı
Roma İmperiyasının iki hissəyə: Qərbi və Şərqi imperiyalara parçalanması, sonra Qərbi Roma İmperiyasının süqutu, xristian ehkamlarının, xüsusilə İsa Məsihin təbiəti haqqında düşüncələrdəki fikir ayrılıqları xristianlığın iki yerə bölünməsi ilə nəticələnir: katolisizm və pravoslavlıq.
Şərqdə və Qərbdə xristian təlimini mahiyyətcə fərqli anlamları formalaşır. Pravoslavlıqda Allahın dərkinin dini-mistik üsullarına xüsusi diqqət yetirilir. Çünki, belə hesab olunur ki, İlahi həqiqətlərin dərki zəka ilə mümkün deyil. Katolisizmdə isə tezliklə belə bir inam formalaşır ki, Allahın gerçək dərki zəkanın, və deməli ilk növbədə elmin köməyi olmadan mümkün deyil. Ona görə də kilsə atalarının əsərləri əsasında, VI-XIII əsrlər ərzində Roma-Katolik kilsəsində xristian təliminin rasionallaşdırılması gerçəkləşdirilir. Bu zaman dini ehkamlar elmin, ilk növbədə fəlsəfənin köməyi ilə əsaslandırılır. Beləliklə, “sxolastika” yaranır. “Sxolastika” sözü yunan mənşəli olub: “sholia” –məktəb deməkdir. Ona görə də “sxolastika” bəzən “məktəb fəlsəfəsi” də adlandırılır.
Sxolastikanın əsas məqsədi –xristian təlimini nizama salmaq və dərk olunmasını asanlaşdırmaqdır. Çünki, xristianlığın geniş yayılması bir tərəfdən çoxsaylı din xadimlərinin hazırlanmasını, digər tərəfdən isə adi insanların xristian ehkamlarını asanlıqla başa düşməsi üçün onun sadələşdirilməsini tələb edirdi.
Sxolastika öz inkişafında dörd mərhələdən keçmişdir:
VIII –IX əsrlər: hazırlıq dövrü, əsas nümayəndəsi İohann Skott Eriugena.
IX – XII əsrlər: Roma-Katolik teoloqlarının (ilahiyyatçılarının) iman və zəkanın rolu haqqında mübahisələri.
XIII əsr: “sxolastikanın qızıl əsri”, Foma Akvinalı tərəfindən Roma-Katolik kilsəsinin rəsmi təliminin hazırlanması.
XIV əsr: sxolastikanın böhranı (Uilyam Okkam, Duns Skot, Rocer Bekon).
Orta əsrlər fəlsəfəsinin ən görkəmli nümayəndəsi, sxolastikanın sistemləşdiricisi dominikan monaxı Foma Akvinalı (1225/26-1274) olmuşdur. Onun yaratdığı təlim –tomizm Katolik kilsəsinin rəsmi doktrinası kimi qəbul edilmişdir. Vəfatından sonra, 1323-cü ildə müqəddəs elan olunub.
Foma Akvinalı öz dövrü üçün aktual olan, bütün xristian teoloqlarını düşündürən elm və imanın qarşılıqlı münasibəti məsələsinə aydın və birmənalı cavab vermişdir. O, öz əsərlərində elmin, ilk növbədə fəlsəfənin mühüm rolunu və nisbi müstəqilliyini qəti şəkildə bildirmişdir. Akvinalı hesab edir ki, fəlsəfənin fəaliyyət sferası əqlin dərk edə biləcəkləri ilə məhdudlanır.
Akvinalı göstərir ki, elmi-fəlsəfi mühakimələrin köməyi ilə bəzi xristian ehkamlarının həqiqiliyini, o cümlədən Allahın varlığını sübut etmək olar.
O, təkcə Allahın yox bütövlükdə mövcudiyyətin varlığını tədqiq etmişdir. Əsas müddəaları belədir:
–– o, mahiyyəti (essensiya) və mövcudluğu(ekzistensiya) ayırır. Onların bölünməsi katolisizmin əsas ideyalarındandır;
–– mahiyyət (essensiya) olaraq o, şey, və yaxud, hadisənin İlahi zəkada mövcud olan “xalis ideyasını”, əlamətlər məcmusunu nəzərdə tutur.
–– mövcudluq (ekzistensiya) dedikdə isə, şeylərin varlıq faktını nəzərdə tutur.
İdrak problemini tədqiq edən Akvunalı aşağıdakı nəticələrə gəlmişdir:
–– vəhy və zəka (iman və bilik) fərqli anlayışlardır;
–– iman və zəka eyni zamanda idrak prosesində iştirak edirlər;
–– iman və zəka həqiqi bilik verir;
–– əgər insan zəkası imana əks gedirsə, o həqiqi bilik verə bilməz;
–– dünyada hər şey iki yerə: zəka ilə dərk olunanlara və zəka ilə dərk olunmayanlara bölünür;
–– zəka ilə Allahın mövcudluq faktı, Onun vahidliyi, insan ruhunun ölməzliyi dərk oluna bilər;
–– dünyanın yaradılışı, ilkin günahabatma, Allahın üçlüyü zəka ilə dərk oluna bilməz, deməli İlahi vəhylə dərk olunur;
–– fəlsəfə yalnız zəka ilə dərk olunanı şərh edə bilər.
1878-ci ildə Foma Akvinalının tomizm adlandırılan təlimi Roma Papasının qərarı ilə katolisizmin rəsmi ideologiyası elan olunmuşdur.
1.4. Universalilər problemi: realizm və nominalizm
Orta əsrlər fəlsəfəsinin əsas problemlərindən biri də realizm və nominalizm arasında mübarizə, başqa sözlə desək universalilər problemi olmuşdur. Realistləri müəyyən mənada Platonun ardıcılları adlandırmaq olar. Onlar belə hesab edirdilər ki, təkcə şeylərin (məsələn, “ağac”, “maşın”, “heyvan”) həm də bir ideyası real olaraq mövcuddur (realizm). Nominalistlər isə hesab edir ki, ümumi anlayışlar mövcud deyil. Onlar yalnız ad kimi (lat. “nomen” –ad) yalnız bizim ağlımızda mövcuddur, real mövcud deyil.
2. İntibah fəlsəfəsi
2.1. Dövrün ümumi səciyyəsi
XIV-XV əsrlərdən başlayaraq Avropa ölkələrində bir sıra ciddi dəyişikliklər başlayır. Bu dəyişikliklər tarixə İntibah adı ilə düşmüş epoxanın başlandığını bildirir. İqtisadi sahədə feodal münasibətlərinin dağılması və ilk burjua münasibətlərinin rüşeymlərinin inkişafı baş verir. Aralıq dənizi hövzəsində ticarətin çiçəklənməsi, bu regionda əlverişli coğrafi mövqeyə malik olan İtaliyada şəhər-respublikaların sürətli inkişafını şərtləndirir. Nəhəng kəşflər bir-birini əvəzləyir: kitab çapı; odlu silah; Kolumbun Amerikanı kəşf etməsi; Vasko de Qamanın Afrikanı dolanaraq Hindistana gedən dəniz yolunu tapması; Magellanın dünya səyahəti ilə Yerin kürə formasında olmasını əyani şəkildə sübut etməsi; coğrafiya və kartoqrafiyanın elmi fənn kimi formalaşması; riyaziyyatda simvolik işarələrin daxil edilməsi; elmi anatomiyanın və fiziologiyanın əsaslarının meydana gəlməsi; insan orqanizmində kimyəvi proseslərin dərkinə və dərmanların öyrənilməsinə cəhd edən “yatrokimya”, və yaxud tibbi kimyanın yaranması; astronomiyada böyük uğurların əldə edilməsi. Ən əsası isə ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşən sekulyarizasiya, və yaxud din və kilsə institutlarından azad olma, kilsə diktaturasının zəiflədilməsi baş verir. Məhz sonuncu İntibah dövründə mədəniyyətin çiçəklənməsinin vacib şərti olmuşdur.
İntibah dövrü özünü antik mədəniyyətin, antik həyat tərzinin, təfəkkür və qavrama üsulunun dirçəldilməsi kimi dərk edir. “Renessans” sözü də buradan irəli gəlir (fr. “renaissance” –dirçəliş, intibah). Lakin, renessans insanı, istərsə də renessans mədəniyyəti antik dövrdə olduğundan əhəmiyyətli dərəcədə fərqlənir. Çünki, İntibah özünü Orta əsrlər xristianlığına qarşı qoysa da, əslində orta əsrlər mədəniyyətinin məntiqi yekunu kimi yaranır (təsadüfi deyil ki, holland kulturoloqu Y.Heyzinqa bu dövrü “orta əsrlərin payızı” adlandırıb). Ona görə də onda antikliyə xas olmayan cizgilər əksini tapır.
Orta əsrlərdə antik mədəniyyətin tam inkar olunduğunu da söyləmək yanlışlıq olardı. Məlumdur ki, orta əsrlər fəlsəfəsinə əvvəl platonçuluq, sonra isə aristotelçilik böyük təsir göstərib. Bununla belə Orta əsrlərdə antikliyə avtoritet kimi baxırdılarsa, İntibah dövründə o, ideal kimi qavranılır. İntibah dövrünün sənətkarı –rəssam, şair, alim, filosof –antik dövrdəki qəhrəman, orta əsrlərdəki müqəddəslər kimi qəbul olunur.
İntibah dövrü dünyagörüşünün əsas fərqləndirici cəhəti onun incəsənətə meylli olmasıdır: orta əsrlər daha çox dinlə, İntibah isə bədii-estetikliklə səciyyələnir. Əgər antik dövrdə diqqət mərkəzində təbii-kosmik həyat (kosmosentrizm), orta əsrlərdə Allah və onunla bağlı qurtuluş ideyası (teosentrizm) olmuşdusa, İntibah dövründə bədii-estetik və fəlsəfi fikrin episentrinə İnsan qoyulur: ona görə də “antroposentrik” adlandırılır.
Bütövlükdə İntibah dövrünün mədəniyyəti –antik, xristian və şərq mədəniyyətlərinin möhtəşəm sintezidir. Müxtəlif dini, elmi, ədəbi və mistik ənənələrin İntibah dövründə qarışması, çulğaşması əsasında gələcək Qərbi Avropa mədəniyyəti meydana gəlmişdir.
İntibah dövründə ictimai-fəlsəfi fikir əsasən üç istiqamətdə inkişaf etmişdir: humanizm, naturfəlsəfə və ideal cəmiyyət konsepsiyaları.
Ücretsiz ön izlemeyi tamamladınız.