Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azərbaycan türklərinin ədəbiyyatı tarixi», sayfa 2

Yazı tipi:

Millətsevərliyinə, vətənpərvərliyinə görə təqib edilən, işdən çıxarılan Ə.Abid həmin dövrdə mətbuatda da tənqid hədəfinə çevrilmişdi. Onu marksist metodlarına yiyələnməməkdə, pantürkizmdə qınayırdılar (Nazim Əli, 1929:59-62 sayı 3-4). Ə.Abid də dövrünün adamı idi, mühit ona da öz təsirini göstərirdi. Hadisələrə marksizim-leninizm metodları ilə yanaşanda, tarixə sinfi mübarizə baxımından qiymət verəndə yanlışlığa yol verirdi. O yerdə ki, ideoloji məsələni ön plana çəkməyə çalışırdı, onda elmi və məntiq üzərinə kölgə düşürdü. Onu nəinki 20-30-cu illərdə, hətta 80-cı illərdə "marksizm materialist konsepsiyası ilə tanış" olmaqda təqsirləndiriblər. Hər şeyə-ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazırdı: "Atalar sözü, bilməcə, nağıl, mahni kimi ədəbi növlər də işçi xalq sinfinin iqtisadi bədii zövqünə aid ünsürləri əhatə edən məhsullar olduğu kimi, əşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə əşirət aristokratiyasının həyatına, qəhrəmanlıq müharibələrinə aid mədhnamələr də az deyil" yazırdı.

Azərbaycan türkcəsinin Xorasan, Dərbənd, Kərkük, Doğu Anadolu və Güney Qafqazda yayıldığını söyləyən Ə.Abidin əsasən 7 hecalı 4 misralı şeir şəklinin türk xalqları yaşayan bütün bölgələrində yayıldığını, eyni kökdən şaxələndiyini sübut edir.

Azərbaycan mətbuatında İraq türkmanlarının xoyratları haqqında ilk bilgi verən də Ə.Abid olmuşdur. Dövrün ictimai-siyasi vəziyyəti bu mövzunun aktuallaşmasına imkan verməmişdir. 1960-cı illərin sonlarında professor Rüstəm Əliyevin radio və televizyadakı çıxışları, Rəsul Rzanın, professor Qəzənfər Paşayevin məqalələri, xüsusən ikinci müəllifin ardıcıl fəaliyyəti İraq türkmanlarına diqqəti artırmışdır. Bayatılarımızdakı quş, heyvan, çiçək, meyvə, çay, dağ, göl adlarını da diqqətdən qaçırmayan araşdırıcı bu qənaətə gəlir: "Azərbaycanın əski ozanları ilə yeni el şairləri tərəfindən yaradılan bayatılar-bunları yaradan şəxsiyyətlərdəki mədəni səviyyənin ibtidailigi nəzərə alınınca yüksək dərəcədə şairanə bir qiymətə malik olan qismətləri də az deyildir" (Abid Əmin, 1930: 36, sayı 4-5)

Azərbaycan Qorqudşünasları Əmin Abidin ən çox “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr" (Abid Əmin, 1930:48-52) sayı 3(8) məqaləsindən istifadə ediblər. Lakin dövrün təzyiqlərindən ehtiyatlanan ədəbiyyatşünaslar yararlandıqları mənbəni göstərməkdən ehtiyatlanıblar.

Əmin Abid “Kitab-i Dədə Qorqud”dakı “Baybörənin oğlu Bamsı Beyrək boyu” və “Basat Təpəgözü öldürdiyi boyu” Dəvədarinin “Dərril-tican”dakı “Təpəgöz” hekayəsilə qarşılaşdırılır, hər iki boyun “Təpəgöz” hekayəsinin əsasında yarandığını söyləyir. Bu paralellərə uyan araşdırıcı Dəvadərinin ərəbcəsini gördüyü “Oğuznamə”nin V-VI əsrdə yazıya köçürüldüyü fikrini irəli sürür.

Araçdırıcıya görə “Kitab-i Dədə Qorqud” eposunun adı əvəzində yazılmış “Kitab-i Dədəm Qorqud əla-lisan tayifeyi- Oğuzan” (Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı) cümləsi “Oğuznamə”nin şərqdə, istər yazılı, istərsə də şifahi şəkildə yalnız oğuzlar arasında deyil, ərəblər, farslar və başqa xalqlar arasında da geniş yayılmasından xəbər verir. “Kitab-i Dədə Qorqud”u köçürən katib bu eposun müxtəlif dillərdə tərcüməsi ilə tanış olduğu üçün oxucu çaşmasın deyə əsərin üzərində “Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı” sözlərini yazmışdır.

“Kitab-i Dədə Qorqud”un azərbaycanlı araşdırıcılarının əksəriyyəti dastanın Azərbaycanla bağlılığını sübuta çalışarkən böyük rus şərqşünası, akademik V.V.Bartoldun 1930-cu ildə dərc etdirdiyi “Türk eposu və Qafqaz” məqaləsindəki “Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən kənarda yaranmış olduğunu təsəvvür etmək çətindir” cümləsinə istinad edirlər. Halbuki Ə.Abid 1928-1929-cu illərdə yayınladığı məqalələrində yazırdı: “Qorqud kitabındakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlər də əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masalların içində zikr olunan və zəmanəmizcə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim. Mardin qalası, Bayburt hisarı, Ağ hisar, Ağbaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmirqapı, Qara Dərbənd, yaxud Darvand… Bu yerləri xəritə üzərində bir-birinə bağlasaq bu nəticəni əldə edərik: İndi Şərqi Anadolu adlanan, əski Ermənistan və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə… Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdusa da vaqələrin gedişindən Şimali İranın da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edəriz. Məsələn, Dərbənd və Gürcüstana kafirləri çapıb yağma etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhirləri ilə qollarıdır”.

80-ci illərdən başlayaraq ədəbiyyatşünas Ə.Şamilin, B.Əhmədovun araşdırmalarında Ə.Abid yaradıcılığına sıx-sıx müraciətlər edilmiş, əsərləri elmi dövriyyəyə daxil edilmişdir. Əmin Abidin elmi məqalələri nə sağlığında, nə də sovet dövründə nəşr edulməmişdir. Bu ağır işi ilk dəfə professor Bədirxan Əhmədov görərək 2007-ci ildə Şərq-Qərb nəşriyyatında “Abid Əmin. Seçilmiş əsərləri” (Abid Əmin, 2007) adıyla böyük tirajla nəşr etdirmişdir.

“Azərbaycan türklərinin ədəbiyyatı tarixi” indiyədək nəşr edilmədiyindən həmin əsərin əlyazmasının latın əlifbasına çevrilmiş variantını, eləcə də folklorla bağlı 1920-30-cu illərdə çap olunmuş məqalələrini bu kitaba daxil etdik. Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivinin 170-ci fondunda, yəni Əmin Abidin əsərləri saxlanan fondda latın əlifbası ilə makinada yazılmış 64 səhifəlik “Azərbaycan folkloru” adlı bir mətin də var. Bu araşdırmanın Əmin Abidi ola biləcəyi şübhə doğurduğundan onu kitaba daxil etmədik.

Əmin Abid yaşadığı dövrdə belə millətimizin adı türk, dilimizi adı türkcə yazılsa da, onun rəsmi sənətlərində milliyəti türk kimi göstərilsə də, kadır anketlərində milliyəti qrafasının qarşısında öz xətti ilə türk yazsa da, həmin dövrün Türkiyə aydınlarının təsirilə əsərində Azəricə ifadəsini işlədib. Biz orjinala sadiqlik naminə onları və bu gün dilimizdə işlədilməyən ərəb kəlimələrini də dəyişmədik.

İnanırıq ki, bu kitab araşdırmaçılarımıza və milli dəyərli ziyalılarımıza gözəl hədiyyə olacaqdır.

Professor Bədirxan Əhmədov,
Əli Şamil.

Qaynaqlar

1. Abid Əmin (1927). Heca vəzninin tarixi (Ədəbiyyat teoriyası haqqında). “Maarif işçisi” jurnalı, sayı 3(23), səh.50-55, sayı 4, səh. 58-61, sayı 6-7 səh. 45-62.

2. Abid Əmin.(1929). Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə), “Dan yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29.

3. Abid Əmin. (1930). Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri. "Azərbaycanı öyrənmə yolu" jurnalı, sayı 4-5.

4. Abid Əmin. (1930) Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr. ”Azərbaycanı öyrənmə yolu” jurnalı, sayı 3(8), səh. 48-52.

5. Abid Əmin. (2007).Seçilmiş əsərləri (Tərtib edəni və ön sözün müəllifi filolologiya elmləri doktoru Bədirxan Əhmədov). “Şərq-Qərb” nəşriyyatı, Bakı,

6. Ağayev İslam.(2000) Əliabbas Müznib (həyatı, yaradıcılığı, mücadiləsi), “Elm” nəşriyyatı, Bakı.

7. Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti öz sıralarını yenidən qurur. (1930) “Ədəbiyyat cəbhəsində" jurnalı, sayı 4, səh. 29;

8. Əliyev Məhəmməd. (1983). Ədəbi tənqid və vəzn problem. “Azərbaycan sovet tənqidinin probləmləri”, ADU nəşriyyatı, səh.80-81, Bakı.

9. Gülən Adam.(1929). Sərbəst şeir haqqında ilk söz. "Maarif işçisi" jurnalı, sayı 1.

10. Nazim Əli. (1929). Türk ədəbiyyatında pantürkizm və kamalizm əleyhinə. "İnqilab və mədəniyyət" jurnalı, sayı 3-4, səh. 59-62; sayı 5, səh. 27-30.

11. Mehdi Hüseyn. (1930). Qırmızı qalibiyyət. "Hücum" jurnalı, sayı 5-6, səh.2 və s.

12. Şahbazov Əli. (1926). “İstanbul Darülfünunda Azəri ədəbiyyatı”. "Kommunist", 9 fevral.

13. Zeynalli Hənəfi, Şaiq Abdulla, Musaxanli Atababa. (1928) Ədəbiyyattan iş kitabı, Azərnəşr, Bakı.

AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI TARİXİ

Birinci kitab
Əmin Abid
İstanbul Darülfununu ilə Darülmüəllimi
Aliyəsindən məzun
Bu gün Azəri türkcəsi dediyimiz ləhcə ilə danışan Qafqaz, İran, Xorasan və İraq türklərinin ədəbi və fikri həyatları haqqında təhlillər

Fehrist

1. Birinci söz

2. Başlanğıc: Azərbaycan-azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq.

3. Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya

Mədxəl

§ 1. Azərbaycan və Qafqaz türklərinin məişətlərinə qısa bir baxış

a – Əski oğuz türklərinin yaşadığı yerlər.

b – İqtisadi həyat

c – Totemçilik

d – Hakim olan dinlər

§ 2. Əski oğuzlarda ədəbi həyat

e – Ağız ədəbiyyatı.

ə – Yazılı ədəbiyyat

f – Vəznli nəsr və heca vəzni

g – İlk heca vəznləri

ğ – Xalq şairləri

Əşirət dövrü

(Birinci parça)

1. Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı

2. Yabançı ədəbiyyatların təsiri

3. Xalq ədəbiyyatının əski dövrləri

4. Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat

a) “Oğuznamə”: mövzusu və mahiyyəti

b) “Oğuz xan” mənqəbəsi

c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”

d) miladi XII əsrdə “Koroğlu” mənqəbəsi

İKİNCİ PARÇA

Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı

1. Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası

2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması

3. İslamlaşmış “Oğuznamə”

4. “Kitab-i Dədə Qorqud əla lisan taifey-i Oğuzan”

a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti.

b) “Qorqud”un şəxsiyyəti və Mavəray-i Xəzər türkləri, başqırd-Qırğız türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu

c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər

d) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti

5. Nəticə

6. Əlavə (mətnlər)

BİRİNCİ SÖZ

Azərbaycanlı türklərin ədəbiyyatı tarixi bu vaxta qədər bütün təkamül xətləri nəzərə alınaraq metodik bir təhlilə məruz qalmamışdır. Ləhcəmizin genişliyi nisbətində ümumi tədqiqlər yapılmadığı kimi müqayisəli üsullara istinad etmədən nəşr olunan mətn-“texte” və materiallar da kafi miqdardə bulunmuyor. Böyle bir vəziyyət qarşısında tam bir tərkibi əsər vücuda gətirmənin qolay olmadığı hər kəscə düşünülə bilir. Bunun üçün təqdim olunan əsəri məmləkətimizdə yapılan ədəbi əməliyyələr gözilə ölçmək icab edər.

Böylə çuraq bir sahədə çalışmanın güclülüyünü biz mühitimizin verdigi cəsarətlə göstərməğə çalışdıq. Bu cəsarəti isə marksizmin Azərbaycanda təsisindən sonra inkişaf edən istehsal qüvvələri sayəsində qurulan yeni mədəniyyətə borcluyuz. Bu mədəniyyətə xidmət məqsədilədir ki, bu əsər meydana çıxdı. Bununla Azərbaycan proletariatının qurmaqda olduğu mədəniyyət binasına verilən bir ovuc mahiyyətində xidmət edə bilmiş olursaq nə mutlu…

Azərbaycanlıların ədəbiyyatı tarixisinin böylə başlı-başına bir mövzu olaraq tədqiq edildigi qərib görünə bilir. Fəqət bir az səmimi düşünülüncə ortada bir ğərabət qalmaz. Türk ədəbiyyatı tarixinin bir silsilə halında tədqiq edilməsinin lazım olduğunu qəbul edənlərdəniz. Bununla bərabər türk ədəbiyyatını müxtəlif dövrlərə, müxtəlif ləhcələrə ayırıb da – ümumi təkamül xəttini buraxmadan tədqiq etmənin daha qolay bir yol olduğu qənaətindəyiz. Bu gün istişraq aləmində yalnız bir ləhcənin ədəbi məhsulları ilə, hətta bir dilin müəyyən bir dövrünün tədqiqi ilə məşğul olan mütəxəssislər də yox degil. Ləhcəmizin hakim olduğu dairənin böyüklügü də düşünüləcək olursa, Azərbaycan türklərinin mənsub olduğu camiənin ədəbiyyatı, dili, sənəti, etnoqrafiyası, musiqisi və nəqş tarixinin əlaqədar olduğu başqa türk ləhcələri məhsullarının ümumi gedişi nəzərə alınan şəraitlə tədqiq edilməsində bir bəs qalmaz. Bilxassə ki, bu türk zümrəsi bu gün ayrıca mütəşəkkil bir dövlətə malikdir.

Biz əsərimizi öz xalqımız üçün yazdıq.

İşçi – kəndli sinfinin səviyyəsini daima nəzərə alaraq təhlil üsuluna çox əhəmiyyət verdik. Bunun üçün təhlillərimizi də əcəmi dərəcədə xalqlaşdırmağa qeyrət etdik.

Tədqiqlərimizdə tənqidi və ciddi – dialactugue sistemə də riayət edilərək ədəbiyyatımıza yer-yer təmas edən nəşriyyat, mətnlər və tədqiqlər ilə qarşılaşdırılmışdır. Bununla şəxsi ehtirasımızı söndürmək üçün kimsəyə hücum etmək qayəsi ağlımızdan belə keçməz; məqsədimiz kütlənin özünü də mühakiməyə sövq etməkdir.

Kitabımızda ənfəs – hökmlərdən mümkün olduğu qədər saqınmağa çalışdıq. Türkoloji sahəsində daha gənc olduğumuzu dərk edərək tədqiqat əsnasında bilxassə mətnlər ilə elmi hüviyyətlərini isbat etmiş səlahiyyətdar müstəşrəq və türkoloqların ədəbiyyat və etnolojimizə aid vaqe olan tədqiqlərinə də çox əhəmiyyət verildi.

Ədəbiyyatımız sahəsində tədqiqi qolaylaşdırmaq üçün kitabxanalarımızda mövcud olmayan, yaxud az bulunan mətnləri, kitabımızın sonuna ayrıca bir əlavə şəklində dərc ediyoruz. Hər cildin sonundakı əlavə ancaq o cildin bəhs etdigi dövrlərə aid məhsullardır.

Azərbaycanda türkoloji həyatı yeni başladığından bu gün istədiyimiz materiallar əlimizdə bulunmuyor. Bu cəhətdən kitabın ehtiva etdigi əskiklik, ancaq zaman keçdikcə bulunacaq yeni vəsiqələrlə itmam edilə biləcəkdir. Əsərimizin qüsurunu göstərənlər və yeni material əlavə edənlər, bizə yapacaqları eyilikdən çox, inqilabi Azərbaycan mədəniyyətinə xidmət etmiş olacaqdır.

Əmin Abid
İstanbul 1922 – Bakı 1927

BAŞLANĞIC
AZƏRBAYCAN-AZƏRİ-OĞUZ TƏBİRLƏRİNİN MƏNŞƏYİ İLƏ İNTİŞARI HAQQINDA ÜMUMİ BİR TƏDQİQ

Ədəbiyyatımızın qədim dövrlərinə soxulub də təhriyyat ilə məşğul olunduğu zaman təsadüf edilən əngəllərdən birisi də “Azərbaycan” təbiri ətrafında hərəkət etməkdir. Yeni təşkil edilən Cumhuriyyətimizə də bu adın verilməsi, kəlmənin müxtəlif dövrlərdə qarışıq mənalar almasını mocib ediyor ki, təbirin iradəvi mövqeyini bir qat daha gücləndiriyor. Fəqət biz ədəbiyyat tariximizin elmi mahiyyətdə olmasına çox əhəmiyyət verdigimiz üçün tədqiqatımız əsnasında bu kibi əngəlləri də elmi mənşələrə bağlamaq məcburiyyəti hasil oldu; bu müqəddimənin bir tətəbbönamə mahiyyətində olmasına səbəb də bu məcburiyyətdir.

Etnolojimiz haqqında yapılan tədqiqlərə bir baxış

Qafqasın cənub-şərq ətəgində yaşayan türklər, siyasi bir heyət halını alaraq “Azərbaycan” adında bir hökumət təşkil etdikdən sonra fikri həyatın mühüm bir cəbhəsi xalqımızın və məmləkətimizin tarixi mövqeyini təyin üçün böyük bir əlaqə göstərməgə başladı. Yeni bir mədəniyyətin quruluşu ərəfəsində böylə əlaqələr həpi faydalı mənaları daşısa da, fəqət ümumi zehniyyətlərin yanlış görüşlər üzərində qurulması, gözlənilən faydalardan çox əsassız tələqqilərin tutunmasını dəvət edər.

Xalqımızın etnik mahiyyəti haqqında tətəbböatda bulunanların əksəriyyətlə ilk qərinələrin dərinliklərinə dalaraq şimal-qərbi İran torpağının “Midiya”, “Atropateni”, bizim indiki siyasi sərhədlərimiz içində bulunan yerlərin “Arran”, “Albaniya”, “Ağvan”, “Qaspi” adlarilə yad edildigi dövrlərdə burada yaşayan insanları belə bugünkü cumhuriyyət mənasında olan “Azərbaycan” kəlməsi ətrafında tədqiq etdikləri az degildir. Gərək bu müxtəlif adlar ətrafında və gərək buralarda vaxtilə yaşamış əski xalqlar ətrafında bu günkü elmi tələqqilərin qayət gülünc bulduğu bir qaç “iştiqaq pəhləvanlıqları” yapılmaqdadır. Hər kəs tələffüz etibarilə bir-birinə az-çox bənzəyən kəlmələri qarşılaşdıraraq bunlardan türk işinə, daha doğrusu, bir hökm verə bilmək, öz işlərinə yarayacaq bir məna çıxarmağa çalışıyor.

Eyni zamanda ötədən bəri əski dövrlərə aid rəvayət və lesrandlərdə qərib təhlillər sayəsində tarixi vəziyyəti bir mahiyyət verilərək türkləşdirmiyor; bu surətlə Qafqasın indiki türk əhalisinə – əski olsun da nə olursa olsun – saxta və uydurma bir mənşə yaratmaqdır.

Göz önündə əsrin məlumdan-məchula gedən metodik tarixçiligi duruyorkən Azərbaycanda ilk insanın kim olduğunu aramaqla məşğul olmaq1 nəticəsiz şeylərlə uğraşmaq deməkdir.

Hətta bəzi tədqiqatda çox iləri gedilərək Zərdüştün indiki azərbaycanlı kibi türk olduğu iddia ediliyor2 və nəhayət, bu nəticəyə varılıyor; azərbaycanlılar atəşpərəstdir və siqə olaraq da bu göstəriliyor: dərəbəglik dövründə bir çox şairlərin “Azər”, yaxud “Azəri” məxləsini qəbul etməsi, yaxud əhalimiz arasında Novruz bayramı və çərşənbə mərasimləri kibi ənənələrin yaşaması…

Hökumətimizin Azərbaycan kəlməsi ilə yad edilməsi və özümüzə “azərbaycanlı”, yaxud “azəri” deyilməsi də bu növ mühakimə yürüdənlər üçün birər qüvvətli vasitə olmuşdur. Yenə eyni mühakimənin təsiri ilədir ki, Qafqas və Azərbaycanda oturan türklərə dediyimiz “azəri” kəlməsini məxləs olaraq qollanmış olan “qeyri-azərbaycanlı”ları öz sahəmizə almaqla yanlışlıqlara düşməkdən kəndilərini qurtarmıyanlar da vardır3.

Özümüzə son zamanlarda “azəri” adını verdigimizi görərək babasının adı “Azər” olduğu üçün İbrahim peyğəmbəri türk göstərəcək dərəcədə gülünc və mənasız hərəkətlərdə bulunanlar da görünüyor4.

Bu vaxta qədər yapılan tədqiqlər əsnasında: birisi qədim dövrlərdən zamanımıza; o biri zamanımızdan əski əsrlərə doğru yürüyən iki hərəkət xətti hiss edilməkdədir. Yalnız Azərbaycan kəlməsi ətrafında dönüb dolanan hər iki xəttin gəlib dayandığı bir nəticə nöqtəsi var: qurduğumuz dövlətin həqiqi adı “Azərbaycan” və bu dövlətin hakim olduğu yerlərdə oturan türklər (şimal-qərbi İranda yaşayan türklər kibi) “azəri”dir; azərilər də atəşpərəstlik sistemi ilə əlaqədardır.

Xalqımız nələr degil?

Yuxarıda xalqımız və məmləkətimiz haqqında yapılan ümumi tədqiqlərin “ləbbi” ni göstərməgə çalışdıq. Bundan sonrakı sətirlərimizdə beynəlmiləl türkoloji həyatının qəbul etdigi vəsiqələrə istinadən məmləkətimizin həqiqi çevrəsini ortaya çıxarmağa çalışacağıq. Fəqət qövmi və etnoqrafik təhlilə başlamadan əvvəl nələr olmadığımızı göstərməklə daha qolay bir yol getmək istəyəcəgiz. Mətbuatımıza məqalə və kitab halında əks etmək bir çox rəvayət kuməələri, hənuz tarixi mahiyyət almamışdır; bunun üçün bu rəvayətləri vaqeə tərzində qəbul etmək yanlışdır. Zaman keçdikcə əldə ediləcək yeni vəsiqələr sayəsindədir ki, bu əfsanələr haqqındakı fikirlər tovzih ediləcəkdir. Madam ki, tədqiqlər zamanımızın vəsiqə olaraq qəbul etdigi hadisələrə istinad etməlidir. Məsələ, midyalıların türk-turanlı olduqlarını göstərən mənbələr çoxdursa da, bunlar hənuz beynəlmiləl elm tərəfindən qəbul ediləcək dərəcədə hüquqiyyət alamamışdır. Binaən-əleyh qəti olaraq “bizim babalarımız midiyalılardır”, – deyəməyiz.

Zərdüştün bir azərbaycanlı (şimali İranlı) olması bizim tariximizi qətən əlaqədar etməz. Əvvəla: Zərdüştün türk olduğu haqqında hənuz bir kəşf yapılmadı; saniyən: Zərdüşt qədim Azərbaycan torpağında yetişmiş olsa da, o vaxtlar buradakı türk millətinə mənsub xalq kütlələrinin həyatı haqqında tarixi vəsiqələrə malik olmadığımız üçün bu torpaq üzərində qurduğumuz cəmiyyətdən əvvəl yaşayan bir cəmiyyətin dini tələqqiləri, ictimai üsulları və qurduğu dövlət bizim tariximiz demək degildir; bunlarla ancaq bizim əski cəmiyyət və mədəniyyətimiz üzərinə yapdıqları təsir dərəcəsinə görə əlaqədar ola biliriz.

Azərbaycan nərəsidir?

Bütün Şərq və Qərb mənbələri tarixində Azərbaycan kəlməsilə yad olunan torpağın sərhədlərini müttəhidən bu şəkildə göstəriyorlar.

Şərqdə Gilan və Muğan, şərqi-cənubidə Əl-Cabal, Qərbdə əski Ermənistan, Qərbi-cənubidə əski Assur torpağı, indiki əl-Cəzirə və Mesapotamiyanın şərq cəhəti, Şimalda Aran-Arran (indiki Qafqaz qitəsi)5. Bu göstərilən yerlərin xəritədə mövqeyini təyin edərsək, indiki İran sərhədi daxilində olan Şimali Aras çayı qapsayan ərazinin olduğu qəti surətdə anlaşılır.

Müxtəlif zamanlarda ərəb və moğol istilası əsnasında olduğu kibi “Azərbaycan” adı altında Şimali-qərbi İran ərazisi ilə bərabər əski Ermənistan, Şimali İraq də Qafqaz kibi bəzi qonşu torpaqların da bir hakimiyyət altında birləşməsindən hasil olan zəhab nəticəsində qarışıqlıq yapan, yaxud Təbəri kibi müəyyən bir zamanın sərhədini göstərən müəlliflərin fikirlərini ehtiyatla qarşılamaq lazımdır. Ümumi tələqqiləri az-çox tələqqilərimizə yaxın olan, son əsrlərdən qalan vəsiqələr də bu xüsusda bizə yardım ediyor. O cümlədən Qarabağ xanlığının tarixinə aid bir əsər vücuda gətirən Seyid Məhəmməd Mehdi Qafqas feodalları dövründəki Gəncə xanlığının sərhədlərini qeyd edərkən Azərbaycanın yalnız Təbriz həvalisinə aid bir ad olduğu fikrini bu sətirlə təyid ediyor: “…və dəxi həmişə məskənləri və məhəlli-iqamətnesinlər; Gəncə şəhəri olub təmamiyi-vilayəti-Gəncə onlara mütəəlliq olub,Gürcüstanla onların sunur-sərhədi Sınıq Körpü Yuxarı Sivri Daş və Azərbaycan ilə sərhədləri Ərəs çayı və Xudafərin körpüsü olub Gəncədə daim sakin və hakim olublar…” “Asar-ül-Cəmal” əlyazması, vərəq 9 b (tədqiq etdiyimiz nüsxə şair Müznibin6 xüsusi kitabxanasındadır). Şair Salman Mümtaz “Asarul-Camal” tərəfindən yazıldığını qeyd ediyor (Molla Pənah Vaqif – səhifə 4), yanlışdır.

Arasdan Qafqas dağlarına qədər Xəzər dənizinə mücavir olaraq uzanan ölkə isə yenə əski mənbələrə görə müruri-zamanla Aqvan, Albaniya, Aran, Qapı və Qafqas adlarını daşımışdır7.

Hökumətimizin Azərbaycan adlanması

Son əsrlərdə bəzi Rusiyalı və Avropalı mühərrirlər onları təqlidən məhəlli müəlliflərin – vaqe olan nəşriyyatında bizim ölkənin adı da tək-tük “Azərbaycan” deyə qollanılmağa başladı. Məşhur akademik V.V.Bartold son zamanlarda cərh etmişdir8. Qayət məhdud olan bu nəşriyyata rəğmən ta son yıllara qədər əhalimiz özünü torpaq etibarı ilə Qafqaslı bilmişdir. Qafqas təbiri daha müntəşir olmuşdur. Nəhayət, 1919-da Tiflisdə təşkil edilən Seym9 adında kapital ideyasının az vaxtda dağılması mütəaqib gürcü və ermənilər kibi Seymdə bulunan türk üzvlər bizim də təsis etdigimiz siyasi heyətə bir ad aramışlar. Fəqət bizdən daha mütərəqqi olan qonşularımız gürcülər ilə ermənilərin doğru olaraq sırf etnik nöqteyi-nəzərindən öz yeni dövlətlərinə gürcü və erməni cümhuriyyətləri adını verdikləri halda türk üzvlər hökumətimizə bir ad vermək üçün qərib mühakimələr yürütmüşlərdir.

Əski çürümüş islamı elmlərdən olan “elmi-kəlam”da bir “kəbirən-səğirən” məsələsi var: Seymdə bulunmuş türk üzvlər də hökümətimizə “Azərbaycan” adını verərək həman-həman “kəbirən-səğirən” üsulunda bir mühakimədə bulunmuşlardır:

a) Şimal-Qərbi İranda yaşayan türk xalqının oturduğu yerin adı Azərbaycandır.

b) Bizim Şərqi-cənubi Qafqasda yaşayan əhali də qərbi-şimali İrandakı türklərin eynidir.

c) Binam əleyh Şərqi-cənubi Qafqasda oturan türklərin məmləkətlərinin adı da Azərbaycandır10.

Qövmiyyat məlumatı bir tərəfə dursun dövlət məfhumunu böylə idrakdan aciz olduğunu göstərən bu tərzi-mühakimə əsrimizin hakim olan sxolastik prinsipləri qarşısında çürük və mənasız qalır.

Atəşgədələr bizim malımız da degil

Bizim atəşpərəstliklə əlaqədar olduğumuzu önə sürən mühərrirləri yanıltmaqda amil olan səbəblər içində Azərbaycan təbiri olduğu qədər Bakının Suraxanı kəndindəki atəşgədələrin varlığı da amildir.

Biz atəşkədə təşkilatilə də münasibətdar olduğumuz nəzəriyyəsini yenə əhalimizin ictimai təkamülünə istinadən cərh edəcəgiz. Bu vaxta qədər türkoloq və müstəşriqlər tərəfindən yapılan tədqiqlər əsnasında Azərbaycan və Qafqas türklərinin atəşpərəst olduqları hənuz meydana çıxmamışdır. Əgər Qafqas və Azərbaycana hicrət edən türklər buradə Zərdüştün dinini qəbul eyləmişsə mühacirətlərinin başlanğıcından qəti surətdə müsəlman oluncaya qədər keçən zaman içində bunların yenidən bir çox atəşpərəstlik müəssisələri vücuda gətirmələri icab edərdi.

İkincisi, daima bir insani məddü-cəzir hərəkətinə məruz bulunan Qafqas və Azərbaycan İraqa, əski Ermənistana, Şərqi Anadoluya atəşkədələr diyarından köçən türk qəbilələrinin getdikləri yerlərdə də atəşkədə təşkilatı qurmaları lazım gəlirdi; halbuki, tarixi materiallar bunu da bizə göstərmiyor.

Bu vaxta qədər yapılan bütün tədqiqlərdəki gərək Suraxanı, gərək Təbriz atəşkədələrinin əslən hindli olan məcusilərə aid olması haqqında mütəhəd bir cəbhə bulunuyor; eyni zamanda yaxın keçmişə qədər atəşkgədələrə ibadət məqsədilə gələn ziyarətçilərin də bunlar olduğunu qeyd ediyorlar11. O cümlədən Edqar Bloşenin bu mövzuya toxunduğu zaman əldə etdigi nəticə də diqqətə layiq bir şeydir. Ona görə tarixi qəti surətdə bəlli olmayan bir zamanda Zərdüştün dininə mənsub atəşpərəstlər Azərbaycandan qalxaraq Abşeron yarımadasına gəlmişlər və orada dənizdən iki fərsəx qədər içəridə məşhur Bakı atəşkədəsini təsis etmişlərdir12. Dünya fikriyyatının əlaqədar qisminin də göstərdigi vəchlə indiki vəsiqələrə istinadən Təbriz civarındakı və Bakıdakı atəşgədə binaları bizim mazimizdən qalan öz mədəni miraslarımız ədd olunamaz. Buna görə bizi yaşadığımız torpaqlara bağlayan, yaxud torpaqlarımızı bizə mal edikən hadisələri bugünkü ictimai-iqtisadi həqiqətlərin qoynunda aramalıdır.

Qövmi vəziyyətimizə görə yuxarıda təmas etdigimiz kibi məmləkətimizə Azərbaycan adı verilməsinin doğru olmadığını önə sürən akademik Bartold ölkəmiz üçün həqiqi və tarixi ad olaraq Aran-Arranı göstəriyor13.

Doğrudur, məmləkətimizin əski adlarından biri də “Arran”dır. Fəqət “Arran” təbirinin də bizim cəmiyyətimiz tərəfindən verildigi qətiyyətlə məlum degildir. Bunun üçün biz özümüzü “Arran” təbirinə də nisbət edəməyib: bənligimizi etnik vəziyyətimizdə aramamız lazımdır.

Tarixi mənbələrin bizə qətiyyətlə söylədigi kibi Şimali İran və Qafqaz torpaqlarına gələn türklər: hunlar və Oftalit-Eftalit kibi qollarıdır (miladi 618-91: Dugini, “Ümumi hunlar tarixi”, tərcüməsi)14.

Hunlarin ümumi hicrətləri əsasında Mərkəzi Avropaya qədər gedişlərində olduğu kibi Qafqas və İranda da köçəbə üsulları ilə nə şəkildə etnik bir təsir yapdıqları aydın olaraq tarixcə məlum degildir. Bunlardan sonra ög müəsər xəzərləri görüyoruq (miladi III-IV əsrlər). Xəzərlərin uzun zamanlar Cənubi Qafqas və Şimali İran əyalətlərinə basqın yaparaq çapovulçuluqda bulunduqları da məlumdur; ərəb xəlifələri Yezid və Hişam zamanında xəzərlərin ərəblərlə olan müharibələrinə həqq bizim torpaqlar səhnə olmuşdur (miladi 720-799) 15.

Xəzər sahilindəki qövmlər ilə Şimali İrandakı fəqir əhaliyi, erməni və gürcü kəndlərini uzun müddət atəş və qan içində buraxan istilaçı xəzərlərin Qafqas və Şimali İranın qövmiyyatı üzərində təsir yapdıqları, heç olmazsa sonradan gələn türk xalqlarına bir zəmin hazırladıqları inkar ediləməz16.

Xəzər istilası müəssər olmaqla bərabər bunlar da özlərindən sonra ölkəmizə mühacirət edən türkləri öz əşirətləri içində əritmədilər. Bilkəs Şərqdən – Mavərənnəhrdən axın-axın gələn türk qövmlərinin vücudə gətirdikləri xalq əksəriyyəti içində türkləri əriyüb ortadan qaldırdılar17.Qafqasın türk qisminə, Şimali İrana, əski Ermənistan və indiki Gürcüstana, Əl-Cəzirəyə, eyni zamanda müştərək bir bənlik verən türklərin bir səhifə əşirət və qəbilələrdən mürəkkəb olduğu tarixcə məlumdur: tərəkəmələr, bayatlar, səlcuqlar, qaraqoyunlular, ağqoyunlular, təkələr, saluqlar, qanqlılar, ilbəklər, çitaqlar, çavdarlar, qaramanlar, qarakeçilər, qarapapaqlılar, çəpənilər, yumudlar, afşarlar, qacarlar və i.a.

Bu müxtəlif qəbilələrin yaşadıqları yerlərdə az-çox fərqli ləhcələrə malik olmuş və müxtəlif zamanlarda müxtəlif adlarla hökümətlər vücudə gətirmişlərsə də bunların həpsinin oğuz camiəsinə mənsub olduğu haqqında bütün elmi mənbələr müttəhiddir18.

Hicrətdən əvvəlki dövrlərdən başlayan əsrlərdən zamanımıza qədər məmləkətimizin mütləq əhalisini təşkil edən bu oğuzlardır19. Ədəbiyyatımız tarixinin gəlişi və ləhcəmizin keçirdigi təkamül dövrləri də bunu açıqdan-açığa göstəriyor. Zaman keçdikcə oğuzların başqa qövmlər, qəbilələr tərəfindən həzm edildigini tarix bizə göstərmiyor.

Hunların, Aftalitlərin, xəzərlərin məmləkətimizdəki hakimiyyətləri maddi istehsal şərtlərinə istinad etmiyordu. Bunların həyat üsulları təfili (parazitçilik – red.) və müstəhlək idi. İstədikləri kibi basqınlar yaparaq burada torpağa yerləşən köçəbə və zəif olan çalışıcı cəmiyyətlərin məhsullarını silüb süpürüyorlardı. Halbuki, oğuzlar tamamilə bunların əksinə olaraq bir həyat quruluşu qəbul etmişlərdi. Bu da istilaçıların yaşayış şəkillərinə nisbətlə istehsal üsullarına və iqtisadi əsaslara istinad edən bir quruluşdu.

Tarixi vəsigələrin göstərdiginə görə oğuzlar gəlib yerləşdigi torpaqlar üzərində hunlar və xəzərlər kibi keçici külək (ruzgar) təsiri buraxmazlar; özləri əkib-biçdilər və müstəhsəl olaraq yaşadılar. Bu surətlə ibtidai olsa da mədəniyyətlərini sapanlar ilə (xışlar ilə) toprağa işlədilər, o qədər ki, vəhdət və ölüm gətirən qanlı moğol istismarı belə onların sapanlarını torpaqdan ayırmadı və məmləkətimizin etnik çöhrəsini qətiyyən dəgişdirmədi. Bu iqtisadi quruluş sayəsindədir ki, bir bu qədər yıldan bəri oğuz türkləri Şimali İran, Qafqasda mütləq bir əksəriyyəti ilə yerli, daha elmi bir təbir ilə əkinçi (çiftci) olaraq yaşamaqdadırlar.

“Oğuz” təbirinin son əsrlərə qədər Qafqas türkləri arasında yaşadığı haqqında belə əlimizdə vasiqə vardır. Səyyah Oleari 1637-ci il tarixində İrandan dönüşü əsnasında ziyarət etdigi Dərbənd şəhərində əhalidən bura oğuzlarına aid məlumat toplamışdır. Oleari eyni zamanda oğuzların məşhur “Oğuznamə”lərindən bir parça olan “Dədə Qorqud” mənqəbələrinin də burada yaşadığını söyləyir20.

Olearidən sonra Dərbənddə oğuzlar haqqında məlumat toplayan köhnə knyazlardan D.Kantemirdir ki, 1722-ci ildə əski Rusiya çarı Böyük Petro ilə bərabər Dərbəndi ziyarət etmişdir. D.Kantemirin Dərbənd ziyarətinə aid əlyazmalarından istifadə edən Fren oğuzların o civardakı izlərindən bəhs ediyor21.

Əlimizdə bulunan ədəbiyyatımızın qədim vəsiqələri də göstəriyor ki, təkamül nəticəsində olaraq az-çox fərqlər iraə etməklə bərabər əsrlərcə əvvəl danışılan dil bizim bu gün danışdığımız dilin eynidir.

Havi olmaqla bərabər islamiyyətdən əvvəl türklər içində yaşayan bir çox ənənə və ayinləri, ictimai tələqqiləri də ehtiva edər. Bilxassə bu cəhətlər ərəb dilinin türklər arasında yeni-yeni intişara başladığı bir dövrün qara xarakterlərini göstərdigindən və eyni zamanda miladi IX əsrin başlanğıcında Abbasi xəlifələrindən Harun-əl Rəşidin həkimbaşısı Cəbrail ibn Bəxtşu tərəfindən ərəbcəyə tərcümə edilən “Oğuznamə”nin bir hissəsi olduğundan22 o zamanlar Şimali İranın və Qafqasın əhalisi və etnoqrafiyası haqqında verdigi məlumat diqqəti cəlb edəcək bir şeydir.

Bundan başqa öz zamanlarında Şimali İranla Qafqasın cənubundan, Anadolunun Şərqi tərəflərindən ibarət olan məmləkətlərinə – öz qövmlərinin adına izafətən – oğuz degildigi də bizə göstərdigi için nəzərimizdə daha böyük bir qiyməti vardır.

Mövzularının vüqu bulduğu yerlər: Qərbdən Mardin, Bayburd, Trabzon, Qara dəniz; şimaldən: Gürcüstan, Bərdə, Gəncə və Dəmir qapu, Qara Dərbənddən (qara Dərbənd) keçən bir xəttin təhdid etdigi topraq içində olan “Dədə Qorqud” kitabının məmləkətimizə əskidən oğuz degildiginə aid bir çox parçanı burada nəql ediyoruz:

1.“Azərbaycan” – Məhəmməd Baharlı, Bakı, 1921. səh. 31.
2.“…köçəbəlik ilə mübarizə, torpağa mərubiyyət, bağ və bağça salmaq, körpü tikmək, xəstəlik, soğuq ilə mücadilə, torpaqçılıq, türk məcəllisi, qaranlığın və cəhalətin məğlubiyyəti – iştə Zərdüştün və muğların başlıca ehkamları!” Ərəb istilasından əvvəlki mədəniyyətimizin iqtisadi və siyasi səbəblərlə degil, “Zərdüştün dini” sayəsində doğduğu qənaətində olan mühərrir başqa bir yerdən: “Ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü” – diyor. Tariximiz haqqında azəri müəlliflərinin əsərləri: Y.Vəzir (“Maarif və mədəniyyət” məcmuəsi, Bakı, 1926). Yenə eyni mühərrir “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı risaləsində.
3.Y.Vəzirov (Azərbaycan ədəbiyyatına bir nəzər. səhifə 85. İstanbul 1337) ilə Salman Mümtaz (“Maarif və mədəniyyət” məcmuəsi, Bakı, fevral 1923) sülaləcə Qəstəmonili olan X əsrin ərlərindən İbrahim Çələbiyi “Azəri” məxləsini daşıdığı üçün azərbaycanlı ədd ediyorlar. Bu fikrin tamamının əsassız olduğu tarixi vəsiqələrə istinad edərək məqalələrimizdə isbat edilmişdir. (“Maarf işçisi” məcmuəsi, Bakı, 1925 və “Türk yurdu” məcmuəsi, İstanbul, Təmuz 1924)
4.Mahmud Məmun “İqdam” qəzetəsi (baş məqalə) İstanbul, 21 Tişrini – əvvəl, 1926.
5.Domurqan, Bartold, İbn-Fəqih, Cəmaləddin Mustofi “Mirat əl-buldan”, Saci Nasiri, “Gənc daneş” müəllifi Məhəmməd Təqi və sairə. Abbasi hökumətizəmanikə təmas edən Əcəm və ərəb müəllifləri də eyni şeyi ifadə edirlər (Köprülüzadə Məhəmməd Fuad – “Türk dünyası” – 1919)
6.Şair Əliabbas Müznib Ə.Abidin böyük qardaşıdır. 1937-ci ildə repressiya qurbanı olmuşdur. (B.Ə.).
7.В прежние историческое периоды река Аракс отделяющая теперь Кавказский Азербайджан от персидского была резкой етнографической границей, отделявшей Иранскую Мидию от яфетической, по терминалогии Н.Я.Марра, Албании./Краткий обзор истории Азербайджана, стр.138/.
8.Краткий обзор истории Азербайджана: место прикаспийских областей в истории мусульманского мира.стр.139-147, Баку 1925
9.Zaqafqaziya Seymi nəzərə tutulur. (B.Ə)
10.Mustəşriq V.V.Bartoldun bu xüsusda yurutdugü fikri həman-həman bu hali ehtiva ediyor “…но термин Азербайджан избран потому, что когда установливалась Азербайджанская республика, предполагалось, что персидский и этот Азербайджан составят одно целое, так-как по составу населения, они имеют очень большое сходство. Но этот основании было принято название Азербайджана, но конечно теперь, когда слова Азербайджана и особый республики, приходится путатся и спрашивать, какой Азербайджан имеется в виду: Азербайджан персидский или этот Азербайджан. («Место прикаспийских областей в истории мусульманского мира». Стр.57)
11.“Qızıl qələmin (sayı 4,Bakı 1924) 1920-ci illərdə Bakıda basılmış rusca “Sənayeyi-nəfisə” məcmuəsindən nəqlən göstərdigi məxəzlərdən: akademik Doren, professor Berezin, ingilis misyonerlərindən Hanovoy, Renyeps, Bronevski, Emixvald, Petsoldt, Cakıvlu, gənc daneş sahibi Səməd Təqi, “Təqdim əl-buldan-Nasiri”, “Fərhəng-əncüməni-ara”, “Ayineyi-İskəndəri” atəşkədələrin ancaq məcusi hindlilərə aid olduğunu tədqiq və müşahidələrlə istinadən qətiyyətlə söylüyorlar ki, “Qızıl qələm”in yürütdügü bəzi hökmləri, kəndisinin göstərdigi bu mənbələr belə çürüdüyor.
12.Edqar Bloşenin “Məzdəizmin türklərin etiqadları üzərindəki təsiri adındakı tətəbbönaməsinin tərcüməsi (“Milli tətəbbö” məcmuəsi, sayı I, səhifə 142, İstanbul,1331).
13.“… эсли нужно было бы придумать термин для всех областей, которые обединяет сейчас Азербайджанская республика, то скорее всего можно было бы принят название Арран”. («Место прикаспийских областей в истории мусульманского мира.стр.57.)
14.Dugnis “Xəzər” təbirini “Xozar” şəklində qəbul ediyor, tədqiq ediləcək bir şeydir.
15.Əbül Fərac, Porfir, Loqonfur, Teofanə istinadən Dugins (tərcümə)
16.Azəri ədəbiyyatında türkcənin təkamülü. Əmin Abid (“Maarif və mədəniyyət” məcmuəsi numero 2-3, Bakı 1926).
17.Xəzərlərin imhasində Bizanslılar və ruslarlə bərabər Qafqazı istila edən Səlcuq türkmənlərinin də rolu olmuşdur. Köprülüzadə Məhəmməd Fuad. Türkiyyə tarixi, səhifə 35.
18.Abbasi xəlifələrinin əskəri təşkilatında bulunan və əski Ermənistan ilə Xorasan arasında iqamət edən türkmənlərdən bəhs edərkən tarixçi Dugins ərəb müvərrixlərindən İbn əl-həmas və İbn əl-Əsirə, Bizans müvərrixlərinə istinad edərək onların ğoz-ğuz-uz-oğuz olduğunu təyid eyliyor. [Arteq türkmənləri-hunların ümumi tarixi tərcüməsi – on ikinci bab]. İran mənbələrində də bu müvzuya aid məlumata təsadüf ediliyor. Şah İsmayılın oğlu Sam Mirzə Ağqoyunlulardan bəhs edərkən böylə diyor: “İn taife ra ağqoyunlu quyənd və çenançe dər kotabe-təvarix məstur əst. Əcdad-e işan dər zəmane – oğuz xan ke qəbl əz zuhur-e İslam bude və əz əqsayi-məşriq təşəkkor be İran kəşidsənd və bər əksər vilayəti-məşriq kəşte dər Hüdud Diyarbəkr rəxte-iqamət əndaxtənd”. (Töhfeyi_Sami, Sultan Yəqub bəhsi)
19.Akademik V.Bortold miladi VI əsrdə Çin sərhədlərindən Qara dənizə qədər uzanan böyük sahədə hakim olan türk qövm və qəbilələrinin oğuzlardan ibarət olduğunu qəti surətdə qəbul ediyor (Fransız və islam ensiklopedisində “ğuz” maddəsi və Bakı türkoloji qurultayında oxunduğu rapor ilə “Записки васточного отделиния русского имперского археологического общества, том УШ, Петербург 1894 г.). Professor Köprülüzadə Məhəmməd Fuad həman bütün əsərlərində bizim qovmi mahiyyətimizə təmas etdigi zaman köçəbə oğuzların müxtəlif zamanlarda İranın Şimali vilayətləri, Azərbaycan, Cənubi Qafqaz, İraq, Hələb həvalisi və bütün Anadoluda yerləşməklə onlara qəti bir etnik çöhrə verdiklərini qeyd ediyor. (türk ədəbiyyatımızda mütəəssüflər. Türkiyə tarixi, Azəri ədəbiyyatına aid tədqiqlər).
20.Səyyah Olearidən nəqlən Kozubski: Е.И.Козубскии: Истории города Дербента. Темирхан-шура.1906.
21.“…Signa antigia hierogbyphica et alia scripta Ogusiana gual in muro urbis et monumentis sunt observata…” (Sichwald, Reuseete.B.II.,s.212).
  Bartoldun “Yenə Qorqud haqqında məlumat” sərlövhəli məqaləsindən nəqlən.
22.“Oğuznamə” haqqında kitabımızın “Çadır ədəbiyyatı” qismində əlavə izahat verilmişdir.