Dəfinələr adasının sirri

Abonelik
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Dəfinələr adasının sirri
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

Böyük sürpriz

– Ana, sən yay tətilimizlə bağlı bir qərara gələ bildin? – deyə Culian səhər yeməyi vaxtı soruşdu. – Yenə Polsitə gedəcəyik?

– Yəqin ki, yox, – anası cavab verdi. – Bu il bizsiz də ora gedənlərin sayı kifayət qədər olacaq.

Masanın arxasında oturmuş iki oğlanla bir qız məyus halda bir-birinin üzünə baxdılar. Axı Polsit onların çox xoşuna gəlirdi. Elə təkcə ecazkar çimərliyi nəyə desən dəyərdi! Orada çimmək adama lap ləzzət eləyirdi!

– Qəm yeməyin, – ata uşaqlara təskinlik verdi, – əminəm ki, sizə oradan da yaxşı bir yer tapılacaq. Ananızla mənim isə bu il üçün başqa planımız var, Şotlandiyaya gedirik. Məgər ananız sizə bu barədə heç nə deməyib?

– Yox, – Enn dilləndi. – Ana, bu, doğrudur? Sən tətili bizimlə keçirməyəcəksən? Axı həmişə bərabər gedirdik.

– Bu il tətilə ikilikdə getmək fikrindəyik: atanız və mən. Siz isə artıq böyük uşaqlarsınız, yay tətilini bizsiz və daha maraqlı keçirə bilərsiniz. Düzdür, hələ bilmirəm, sizi Polsitdən başqa hara göndərmək olar…

– Bəlkə, uşaqları Kventinin yanına yollayaq? – ata soruşdu.

Kventin onun qardaşı idi. Uşaqlar əmilərini yalnız bir dəfə görmüşdülər və ondan bir az çəkinirdilər. Bu hündürboy, ağıllı, həmişə qaşqabaqlı olan adamın fikri daim öz elmi axtarışlarının yanında idi. Dəniz kənarında yaşayırdı, uşaqlar onun haqqında başqa heç nə bilmirdilər.

– Kventinin yanına? – ana soruşdu. – Bu haradan ağlına gəldi? Çətin ki, Kventin uşaqların onlarda qalmasına razılıq versin. Axı ona mane ola bilərlər.

– Bu yaxınlarda bir işlə əlaqədar Kventinin arvadı ilə görüşmüşdüm. Deyəsən, maddi çətinlikləri var, Fanni sözarası dedi ki, evə müvəqqəti yaşamaq üçün bir-iki nəfər kirayənişin götürmək pis olmazdı. Bilirsən də, onların evi düz dənizin qırağındadır. Yəqin, bizim uşaqlar orada özlərini çox yaxşı hiss eləyərlər. Fanni də xoşrəftar qadındır, uşaqların qayğısına, necə lazımdırsa, qalar.

– Hə, onun qızı da var axı, – ana atanın sözünə qüvvət verdi. – Adı nə idi? Nəsə qəribə adı vardı… Hə, yadıma düşdü: Corcina. Qızın neçə yaşı olar? Məncə, təxminən on bir.

– Eyni yaşdayıq ki! – Dik dilləndi. – İşə bir bax! Sən demə, bizim üzünü heç vaxt görmədiyimiz əmimiz qızı var imiş! O, yəqin, təklikdə çox darıxır. Mən Culianla, Ennlə oynaya bilirəm, ancaq Corcinanın heç kimi yoxdur. Yəqin, bizim gəlişimizə sevinər.

– Məncə, bu, yaxşı fikirdir, – ata dedi. – Gəlin Fanniyə zəng vurub danışaq. Əminəm ki, bu təklif onu qane eləyəcək, beləcə, həm Corcina tək qalmaz, həm də biz uşaqlara görə narahat olmarıq.

Uşaqlar həyəcanlanmağa başladılar. Axı onlar üçün tamamilə yeni bir yerə getmək, üstəlik, orada əmisi qızları ilə tanışlıq çox maraqlı idi!

– Bəs orada qayalıqlar, daşlar, qum var? – Enn soruşdu. – Qəşəng yerdir?

– Mən oraları yaxşı xatırlamıram, – ata dilləndi, – ancaq əminəm ki, sizin çox xoşunuza gələcək. Həmin yerin adı «Kirrin körfəzi»dir1. Əminizin arvadı Fanni bütün ömrünü orada keçirib, heç vaxt da başqa yerə köçmək fikrinə düşməyib.

– Atacan, Fanni xalaya tez zəng vur! – Dik qışqırdı. – Məncə, o yer lap bizlikdir! Kim bilir, bəlkə, orada başımıza maraqlı macəralar da gəldi!

– Biz hara getsək, sən elə belə deyirsən, – ata gülümsündü. – Yaxşı, indicə zəng vurub onunla danışaram.

Uşaqlar səhər yeməyini bitirib masanın arxasından qalxdılar və səbirsizliklə atalarının nə vaxt zəng vuracağını gözləməyə başladılar. Nəhayət, ata dəhlizə keçib şəhərlərarası telefon danışığı üçün rabitə qovşağına sifariş verdi2.

– Bir problem çıxmasa, yaxşı olardı, – Culian dedi. – Maraqlıdır, görəsən, Corcina necə qızdır? Adı, həqiqətən, qəribədir. Deməli, on bir yaşı var, məndən bir yaş balacadır, Diklə yaşıddır, Enndən də bir yaş böyükdür. Biz dördlükdə vaxtımızı çox maraqlı keçirəcəyik!

İki dəqiqədən sonra ata otağa qayıtdı. Uşaqlar onun üzünə baxan kimi başa düşdülər ki, hər şey qaydasındadır.

– Danışıb razılaşdıq, – o dedi. – Fanni bizim təklifimizi eşidib çox sevindi. Dedi ki, yeni dostlarla ünsiyyət Corcina üçün çox faydalı olacaq, axı qız tamam təkdir. Fanni xalanız məmnuniyyətlə sizə göz-qulaq olar. Ancaq bir məsələ var: Kventin əmini narahat etməməlisiniz. O, çox işləyib yorulur, odur ki kimsə ona mane olanda özündən çıxır.

– Biz siçan balaları kimi səssiz olacağıq, – Dik söz verdi. – Hər şey necə də yaxşı alındı! Atacan, bəs ora nə vaxt yola düşürük?

– Gələn həftə, – ata cavab verdi. – Əgər ananız sizin əşyalarınızı həmin vaxta kimi toplayıb başa çıxa bilsə…

– Nə böyük iş olub ki! – ana dilləndi. – Uşaqların çimərlik geyimlərini, maykalarını, şortlarını yığmaq belə çətindir?!

– Ura! Yenə şortlarımızı geyinə biləcəyik! – Enn bunu deyib yerində rəqs eləməyə başladı. – Məktəb formasından elə təngə gəlmişdim ki! Elə bu dəqiqə çimərlik paltarımı əynimə keçirib yenə dənizdə üzmək, qayalara dırmanmaq istəyirəm!

– Darıxma, az qalıb, – ana gülümsünüb dedi, – tezliklə dənizdə üzə biləcəksən… Hə, uşaqlar, özünüzlə götürmək istədiyiniz kitabları, oyuncaqları da toplayın, yaxşı? Yaddan çıxmasın. Ancaq çox şey götürməyin ki, əşyalarınız çamadana sığsın.

– Keçən il tətilə gedəndə Enn özü ilə nə az, nə çox, düz on beş gəlinciyini aparmaq istəyirdi, – Dik dedi. – Yadındadır, Enn? Qəribə qızsan!

– Qəribə-filan deyiləm! – Enn qızardı. – Mən öz gəlinciklərimi çox istəyirəm. Qərar verə bilməmişdim ki, hansını aparım, hansı qalsın. Ona görə də hamısını götürdüm. Burada qəribə heç nə yoxdur!

– Bəs keçən il Ennin yelləncək atı da özü ilə aparmaq istəməsi yadınızdadır? – Dik bunu deyib qəhqəhə çəkdi.

Bu məqamda ana söhbətə qarışdı:

– Yaxşı, bəs inişil Dik adlı oğlanın Polsitə gedərkən özü ilə iki çamadan oyuncaq aparmaq istəməsi necə, yadınızdan çıxmayıb ki?

Bunu eşidən Dikin də üzü qıpqırmızı oldu. O, cəld söhbətin mövzusunu dəyişdi:

– Atacan, biz ora necə gedəcəyik? Qatarla, yoxsa maşınla?

– Maşınla, – ata cavab verdi. – Çamadanları da baqaja yığarıq. Çərşənbə axşamı getsək, necə olar?

– Məni qane eləyir, – ana dilləndi. – Uşaqları qoyub qayıdarıq, cümə günü də Şotlandiyaya yola düşərik. Qoy çərşənbə axşamı olsun!

Beləliklə, səfər günü təyin olundu. Uşaqlar səbirsizliklə günləri sayırdılar. Enn hər axşam təqvimdə ötən günün üstünü cızırdı. Qarşıdakı bir həftə onlara çox uzun görünürdü. Nəhayət, çərşənbə axşamı gəlib çatdı.

Eyni otaqda yatan Diklə Culian səhər yuxudan da eyni vaxtda oyandılar. Həmin dəqiqə də pəncərədən çölə nəzər saldılar.

– Ura! Bu gün hava əladır! – Culian qışqırıb çarpayıdan yerə tullandı. – Niyəsini bilmirəm, ancaq həmişə arzulamışam ki, tətilin birinci günü hava günəşli olsun! Gəl gedib Enni oyadaq.

Enn qonşu otaqda yatırdı. Culian ora cumub qızın çiyinlərindən tutaraq silkələməyə başladı.

– Oyan! – o qışqırdı. – Bu gün çərşənbə axşamıdır, bayırda da gün çıxıb.

Enn yerindən sıçrayıb sevinclə Culiana baxdı.

– Axır ki! – qızcığaz dilləndi. – Fikirləşirdim ki, bu gün heç vaxt gəlib çatmayacaq. Tətildə harasa getmək necə də maraqlıdır!

Onlar səhər yeməklərini yedikdən sonra yola çıxdılar. Atanın maşını çox böyük idi, hamı və hər şey rahatlıqla ora yerləşmişdi. Ana qabaqda, atanın yanında oturmuşdu, uşaqlar isə arxada əyləşmişdilər, çamadanlardan ikisini də ayaqlarının altına qoymuşdular. Qalan əşyalar maşının yük yerində idi. Ana əmin idi ki, heç nə yaddan çıxmayıb.

Maşın Londonun yenicə canlanmağa başlayan küçələri ilə irəliləyirdi. Ata əvvəl maşını yavaş sürürdü, şəhər arxada qaldıqdan sonra isə o, sürəti artırdı. Tezliklə onlar, demək olar, bomboş şoseyə çıxdılar və maşın daha sürətlə şütüməyə başladı. Uşaqlar mahnı oxuyur və özlərini çox xoşbəxt hiss eləyirdilər.

– Bəs nə vaxt yemək yeyəcəyik? – Enn soruşdu. Qız möhkəm acmışdı.

– Bir az döz, – ana dilləndi. – Nə tez acmısan? Heç saat 11 olmayıb ki! Enn, nahar 1-in yarısından tez olmayacaq.

– Nə pis oldu! – qız məyusluqla dedi. – Mən o vaxta kimi dözə bilmərəm…

Ana çantasından şokolad çıxarıb uşaqlara payladı. Onlar da maşının pəncərəsindən yol kənarı ilə uzanan təpələrə, meşələrə, əkin sahələrinə baxa-baxa şokoladları ləzzətlə yedilər. Düz saat 1-in yarısında maşını saxlayıb təbiətin qoynunda nahar elədilər. Günəşli vadiyə baxan bir dağ yamacında özlərinə yer tapıb oturmuşdular. Enn ona yaxınlaşan qəhvəyi rəngli iri inəkdən bir az qorxdu. Ata inəyi oradan qovdu. Uşaqlar yeməklərini iştaha ilə yeyirdilər. O qədər acmışdılar ki, hətta ananın axşamüstü qəlyanaltı eləmək üçün hazırladığı buterbrodların3 da axırına çıxdılar. Ana dedi ki, gərək axşamçağı maşını bir çay evinin yanında saxlayıb qəlyanaltı eləsinlər.

 

– Bəs Fanni xalagilə nə vaxt çatarıq? – Culian axırıncı buterbrodu da yeyib-qurtarandan sonra soruşdu. Olsaydı, məmnuniyyətlə daha bir buterbrod da ötürərdi.

– Əgər yolda bir problem çıxmasa, saat 6-da, – ata cavab verdi. – Yaxşı, indi deyin görüm, kim hərəkət eləmək istəyir? Maşında oturmaqdan ayaqlarımız uyuşub, hələ nə qədər də yol getməliyik.

Uşaqlar ayağa qalxıb gəzişməyə başladılar. Sonra yenidən yola düşdülər. Axşamüstü qəlyanaltı vaxtı gəlib çatanda uşaqların üçü də həyəcanlı görünürdü.

– Dəniz haradasa buralara yaxın yerdədir, – Dik dedi, – qoxusu burnuma gəlir.

Dik haqlı imiş, təpənin yuxarısına çatanda günəşin şüaları altında par-par parıldayan mavi, sakit, hamar dəniz göründü. Uşaqlar sevinclə qışqırışdılar:

– Odur, ordadır!

– Çox qəşəngdir, elə deyil?

– Nə çimərdim!

– Kirrin körfəzinə çatmaq üçün cəmi iyirmi dəqiqəlik yolumuz qalıb, – ata dedi. – Tezliklə körfəzi görəcəksiniz, böyükdür, girişində də balaca bir ada var.

Onlar sahil boyunca irəlilədikcə uşaqların gözü həmin körfəzi axtarırdı. Birdən Culian qışqırdı:

– Kirrin körfəzi! Ora bax, Dik! Necə də böyük və mavidir!

– Bəs körfəzin ağzındakı balaca adanı görürsən? – Dik soruşdu. – Yəqin, biz heç vaxt ora gedib çıxa bilmərik!

– Niyə getmirsiniz ki?! – ana dilləndi. – Lakin gəlin öncə Fanni xalanın evini axtarıb-tapaq. Onun evini «Kirrin-kottec»4 adlandırırlar.

Çox keçmədən onlar evə yaxınlaşdılar. Ev qayanın üstündə idi, fasadı5 körfəzə baxırdı. Bu, ağ daşdan tikilmiş çox qədim ev idi. Evin fasadını qızılgüllər bürümüşdü, bağçada isə çoxlu al-əlvan çiçəklər açmışdı.

– Bu da Kirrin-kottec! – ata təmtəraqla elan elədi.

Sonra maşını düz evin qarşısında saxladı.

– Bu evin ən azı üç yüz yaşı olar, – o dedi. – Baxın, Fanni orda dayanıb. Yaxşı, bəs Kventin haradadır?

Qəribə əmiqızı

Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qapıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.

– Kirrinə xoş gəlmisiniz! – Fanni xala ucadan dedi. – Sizi burada görmək çox xoşdur! Lap böyük uşaqlar olmusunuz ki!

Bu ortayaşlı, gülərüz qadın elə ilk baxışdanca uşaqların xoşuna gəlmişdi.

Fanni xala uşaqları öpəndən sonra onlar birlikdə evə keçdilər. Uşaqlar evi də bəyəndilər. Çox qədim və sirli evə bənzəyirdi. Evdəki mebel də qədim və gözəl idi.

– Bəs Corcina haradadır? – Enn ətrafa nəzər salaraq soruşdu.

– Yaramaz qız! – Fanni xala qızının qarasınca deyindi. – Tapşırmışdım ki, bağda gözləsin, o isə harasa yoxa çıxıb! Uşaqlar, sizə deməliyəm ki, Corcla yola getmək sizin üçün bir az çətin ola bilər. O bütün vaxtını təkbaşına keçirir və yəqin ki, sizin gəlişiniz onu elə də sevindirməyəcək. Amma siz Corca fikir verməyin, tezliklə hər şey yoluna düşəcək. Mən sizin gəlişinizə bir az da ona görə sevinirəm. Çünki Corc başqa uşaqlarla da vaxt keçirməyi, ünsiyyət qurmağı öyrənməlidir.

– Siz onu Corc deyə çağırırsınız? – Enn təəccüblə soruşdu. – Mən elə bilirdim ki, adı Corcinadır…


Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qa pıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.


– Düz bilirsən, – Fanni xala dedi. – Ancaq məsələ burasındadır ki, qız olmaq onun xoşuna gəlmir, buna görə də «Corc» deyə çağırmalı oluruq. Yaramaz qız ona Corcina deyə səslənəndə cavab vermir.

Uşaqlar fikirləşdilər ki, əslində, «Corc» da pis ad deyil. Onlar qızı görməyə tələsirdilər, lakin o, hələ də ortalıqda görünmürdü. Qızın əvəzinə Kventin əmi gəlib çıxdı. O çox qaşqabaqlı idi.

– Xoş gördük, Kventin! – ata onu salamladı. – Nə vaxtdır görüşmürük. Ümid eləyirəm ki, bizim uşaqlar sənin işləməyinə mane olmayacaqlar.

– Kventin çox çətin bir kitab üzərində çalışır, – Fanni xala izahat verdi. – Ancaq mən ona evin o biri tərəfində ayrıca otaq hazırlamışam. Yəqin, orada onu narahat eləyən olmaz.

Əmi bir-bir uşaqlara nəzər salıb başını tərpətdi, üzündəki ifadə qətiyyən dəyişməmişdi. Əvvəl də dediyimiz kimi, uşaqlar əmilərindən bir az çəkinirdilər, odur ki Kventinin evin o biri başındakı otaqda işləyəcəyini eşidəndə sevindilər.

– Bəs Corc haradadır? – Kventin soruşdu.

– Yenə harasa yoxa çıxıb, – Fanni xala narazılıqla dilləndi. – Hələ tapşırmışdım ki, heç yerə getməsin, burada dayanıb əmisi uşaqlarını gözləsin.

– Onu yaxşıca kötəkləmək lazımdır, – Kventin əmi dilləndi.

Uşaqlar anlaya bilmədilər ki, o zarafat eləyir, yoxsa ciddi deyir.

– Yaxşı, uşaqlar, ümid eləyirəm ki, siz burada vaxtınızı maraqlı keçirəcəksiniz, – Kventin əmi dedi. – Bəlkə, Corc da sizə baxıb ağıllanar.

Kirrin-kottecdə ana ilə ataya gecələmək üçün yer yox idi. Odur ki şam yeməyindən sonra onlar qonşu qəsəbədəki mehmanxanaya yollanmalı oldular. Ertəsi gün səhər isə mehmanxanadan birbaşa Londona yola düşəcəkləri üçün uşaqlarla vidalaşdılar. Di gəl həmin vaxt Corcina hələ də gəlib çıxmamışdı.

– Təəssüf ki, Corcinanı görə bilmədik, – ana dedi. – Ona bizdən çoxlu salam deyərsiniz. Ümid eləyirik ki, əvvəl-axır Dik, Culian və Ennlə oynamaq onun xoşuna gələcək.

Ana ilə ata maşına minərək çıxıb getdilər. Elə ki maşın döngəni burulub gözdən itdi, uşaqlar özlərini bir qədər yalnız hiss etdilər. Lakin Fanni xala dərhal onları yuxarı mərtəbəyə apararaq yataq otaqlarını göstərdi. Çox keçmədən uşaqların əhvalı düzəldi. Oğlanlara maili tavanlı otağı ayırmışdılar, buradan körfəzə möhtəşəm mənzərə açılırdı. Otaq Culianla Dikin çox xoşuna gəldi. Enn isə Corcina ilə birlikdə iri pəncərəsi çəmənliyə açılan balaca otaqda yatmalı idi. Ancaq həmin otağın da yan pəncərəsindən dəniz görünürdü. Enn buna çox sevindi. Otaq qəşəng idi, pəncərədən uzun saplaqlı qızılgüllər boylanırdı.

– Elə istəyirəm ki, Corcina tez gəlib çıxsın! – Enn dedi. – Maraqlıdır, onun görünüşü necədir?

– O, balaca, məzəli qızdır, – xala dilləndi. – Bəzən çox kobud və qaraqabaq olur, lakin xeyirxah, ürəyiyumşaqdır. Özü də dürüst qızdır. Dostluqda da çox sadiqdir. Əgər səninlə dostlaşsa, bu yoldaşlığa heç vaxt xəyanət etməz. Təəssüf ki, yaşıdları ilə çox gec dil tapır.

Enn birdən əsnəməyə başladı. Uşaqlar ona hirsləndilər, çünki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdilər. Belə də oldu.

– Zavallı uşaq! Yol onu əldən salıb, – Fanni xala dedi. – Gərək hamınız yubanmadan yatıb dincinizi alasınız. Onda sabah səhər çox gümrah oyanarsınız.

– Sən çox səfehsən, Enn! – Fanni xala otaqdan çıxan kimi Dik əsəbi halda bacısına dedi. – Yaxşı bilirsən ki, uşaqlar əsnəməyə başlayan kimi böyüklər onları yatmağa məcbur eləyirlər. Mən yatmamışdan qabaq çimərliyə baş çəkmək istəyirdim.

– Haqlısan, – Enn yazıq-yazıq dilləndi, – özümü saxlaya bilmədim. Bir də ki, sən özün də bu dəqiqə əsnəməyə başlayacaqsan. Elə Culian da…

Doğrudan da, çox keçmədi ki, oğlanlar da əsnəməyə başladılar. İndi onlar məmnuniyyətlə yatağa uzanıb gözlərini yumar və dərin yuxuya qərq olardılar.

– Görəsən, Corcina haradadır? – Enn dilləndi. – Qəribə qızdır, elə deyil? Bizi qarşılamağa gəlmədi, şam yeməyində də yox idi. Artıq yatmaq vaxtı çatıb, hələ də gəlib çıxmayıb. Axı o, əvvəl-axır mənimlə bir otaqda yatmalıdır. Kim bilir, nə vaxt gələcək?!

Corcina peyda olanda isə uşaqların üçü də artıq şirin yuxuda idilər. Odur ki onun qapını necə açdığından, dişlərini fırçalayıb yatağına necə uzandığından xəbər tutmadılar. Enn hətta qız yatağa uzanarkən onun çarpayısının cırıldadığını da eşitmədi. Uşaqlar yol yorğunu olduqlarından daş kimi yatmışdılar. Bir də səhər günəşin şəfəqləri otağa dolanda yuxudan oyandılar. Enn gözlərini açanda əvvəl harada olduğunu kəsdirə bilmədi. Balaca bir çarpayıda uzanmışdı, otağın açıq pəncərəsindən qırmızı qızılgüllər boylanırdı. Birdən qız dünən baş verənlərin hamısını xatırladı.

«Mən Kirrin körfəzindəyəm, axı yay tətilimiz başlayıb!» – o, sevinclə öz-özünə dedi və digər böyrü üstə çevrildi. Elə bu vaxt gözü yan çarpayıda yatan qıza sataşdı. Qız adyala bürünüb yuxuya getmişdi. Enn bircə onun adyalın altından çıxmış qısa saçlarını gördü. Vəssalam! Sonra qız yerində qımıldanmağa başladı. Enn dərhal üzünü ona tutub soruşdu:

– Bura bax, sən Corcinasan?

Qız durub çarpayıda oturdu və Ennə baxmağa başladı. Onun saçları oğlansayağı vurulmuşdu. Üzünün dərisi günəşdən yanıb tünd-qəhvəyi rəng almışdı, bu, parlaq mavi gözlərini daha çox nəzərə çarpdırırdı. Dodaqlarını hirslə bir-birinə sıxmışdı, eynilə atası kimi qaşqabaqlı idi.

– Yox, – o dedi. – Mən Corcina deyiləm!

– Hə? – Enn təəccüblə dilləndi. O, əmisi qızının niyə özünü belə qəribə apardığını başa düşmürdü. – Yaxşı, bəs onda kimsən?

– Mən Corcam, – qız cavab verdi. – Məni Corc deyə çağırmasan, sənin heç bir sualına cavab verməyəcəyəm! Qız olduğuma görə özümdən zəhləm gedir. Qızların məşğul olduqları işlər məni maraqlandırmır. Mən oğlanların gördüyü işlərlə maraqlanıram. Qayanın təpəsinə bütün oğlanlardan daha cəld dırmana bilirəm. Özü də onlardan daha sürətlə üzürəm. Bu sahildəki bütün oğlanlardan daha yaxşı qayıq sürməyi bacarıram. Əgər səninlə söhbət etməyimi istəyirsənsə, məni Corc deyə çağırmalısan. Yoxsa səninlə danışmaram.

– Hə?! – Enn əmisi qızının nə qədər qəribə uşaq olduğunu fikirləşərək təəccüblə səsləndi. – Yaxşı, mənim üçün bunun heç bir fərqi yoxdur, necə istəyirsən, elə də çağıraram. Məncə, Corc yaxşı addır, Corcina adı çox da xoşuma gəlmir. Bir də ki, onsuz da sən elə oğlana oxşayırsan.

– Doğrudan? – Corcina çox sevindi. İndi qızın eyni açılmışdı. – Saçlarımı qısa kəsdirdiyim vaxt anam mənə çox hirslənmişdi. Əvvəl saçlarım çiyinlərimə düşürdü, bu, dəhşət idi!

Sonra qızların ikisi də bir-birini diqqətlə süzməyə başladılar.

– Bəs sən qız olmaqdan bezmirsən? – Corcina soruşdu.

– Əlbəttə ki, yox, – Enn dilləndi. – Bilirsən, mən qəşəng donları, gəlincikləri çox sevirəm.

– Necə?! Qəşəng donlar, gəlinciklər?! – Corcina istehza ilə dilləndi. – Yəqin, sən hələ də böyüməmisən.

Enn bu sözlərdən bərk incidi.

– Sən heç nəzakətli deyilsən, – qız dedi. – Əgər özünü belə aparsan, qardaşlarıma deyəcəyəm ki, səninlə oynamasınlar. Onlar əsl oğlanlardır, bildin? Sənin kimi özünü oğlan kimi göstərənlərdən deyillər.

– Nə olsun ki? Əgər qardaşların mənimlə pis rəftar eləsələr, heç mən özüm də onlarla oynamayacağam, – Corcina bunu deyib çarpayıdan yerə hoppandı. – Mən heç sizin bura gəlməyinizi də istəmirdim. Mənə tək yaşamaq xoş idi. İndi isə sənin kimi donlardan, gəlinciklərdən xoşu gələn səfeh bir qıza və onun iki qardaşına tab gətirməliyəm!

Enn fikirləşdi ki, onların tanışlığı heç də yaxşı başlamadı. Odur ki bir söz deməyib boz rəngli cins şalvarını və qırmızı maykasını geyindi. Corc da cins şalvarla oğlan maykasını əyninə keçirdi. Onlar elə yenicə geyinib qurtarmışdılar ki, yataq otağının qapısı bərkdən döyüldü.

– Əyninizi geyinmisiniz? – Culian qapının arxasından qışqırdı. – Corcina içəridədir? Biz onunla tanış olmaq istəyirik.

Corcina qapını aralayıb başını dik tutaraq çölə çıxdı. Qız təəccüblə ona baxan oğlanlara əhəmiyyət vermədən pilləkənlərlə aşağı düşdü. Uşaqlar mat-mat onun arxasınca baxdılar.

– Ona Corcina desəniz, sizə cavab verməyəcək, – Enn qardaşlarını xəbərdar etdi. – Məncə, o çox qəribə qızdır. Dedi ki, bizim bura gəlməyimizi də istəmirmiş, çünki biz ona mane oluruq. Məni ələ saldı, özünü çox kobud apardı.

Culian doluxsunmuş bacısını qucaqladı.

– Fikir vermə, – o dedi, – biz yanındayıq, səni ondan qoruyarıq. Gəlin aşağı düşüb səhər yeməyimizi yeyək.

Uşaqların üçü də bərk acmışdı. Mətbəxdən gələn qayğanaq qoxusu onların iştahasını bir az da artırırdı. Odur ki qaçaraq pilləkənləri düşdülər, süfrə hazırlayan Fanni xala ilə salamlaşdılar. Əmiləri Kventin masanın baş tərəfində oturub qəzet oxuyurdu. O, uşaqları görəndə yalnız başını tərpətməklə kifayətləndi. Uşaqlar dinməz-söyləməz keçib öz yerlərində oturdular. Fikirləşirdilər ki, görəsən, burada yemək vaxtı danışmağa icazə verilir, ya yox? Öz evlərində danışmağa icazələri var idi, ancaq Kventin əmi elə acıqlı görünürdü ki, bu barədə soruşmağa ürək eləmədilər. Corcina da burada idi, əlindəki çörək diliminə yağ sürtürdü. Arabir uşaqları qaşqabaqlı şəkildə, gözucu süzürdü.

 

– Qaşqabağını sallama, Corc! – anası ona təpindi. – Ümid eləyirəm ki, siz artıq dostlaşmısınız. Sən bu səhər uşaqları körfəzə baxmağa aparmalısan. Harada çimə biləcəklərini onlara göstərərsən.

– Mən bu gün balıq tutmağa gedəcəyəm, – Corc dilləndi.

Atası bu sözləri eşidən kimi gözlərini qəzetdən çəkib ona tərəf baxdı.

– Xeyr! Balıq tutmağa getməyəcəksən! – Kventin əmi dedi. – Sən əvvəl-axır özünü tərbiyəli qız kimi aparmalısan, ya yox? Uşaqlara körfəzi göstər! Eşitdin?

– Yaxşı, – Corc hirsli-hirsli mızıldandı.

– Əgər Corc balıq tutmağa getmək istəyirsə, körfəzi biz özümüz də gəzə bilərik, – Enn dilləndi.

Qız fikirləşirdi ki, bu acıqlı əmiqızı ilə yol yoldaşı olmaqdansa, körfəzə elə özləri getsələr, yaxşıdır.

– Corc nə deyilibsə, onu da eləyəcək! – Kventin əmi dedi. – Əgər eləməsə, özündən küssün!

Beləliklə, səhər yeməyindən sonra uşaqlar dördlükdə çimərliyə yollandılar. Maili cığır onları düz körfəzə aparırdı. Uşaqlar sevinclə üzüaşağı qaçmağa başladılar. Hətta artıq Corc da qaşqabağını tökmürdü. Tezliklə günəşin şüaları altında par-par parıldayan mavi dəniz göründü.

– İstəyirsənsə, balıq tutmağa gedə bilərsən, – sahilə çatanda Enn Corcinaya dedi. – Atana bir söz demərik. Biz sənə mane olmaq istəmirik. Əgər bizimlə qalmaq istəmirsənsə, özün bilərsən.

– Ancaq, hər bir halda, bizim yanımızda qalsan, çox şad olarıq, – bu dəfə Culian dilləndi. Onun nəinki bu kobud qızdan zəhləsi getmir, hətta Corcinanın dikbaşlığı bir az xoşuna da gəlirdi.

Qız Culiana ötəri nəzər saldı.

– Mən sizinlə qohum olduğumuza görə, ya da başqa səbəbdən dostluq eləmək fikrində deyiləm, – Corcina dedi. – Mən yalnız xoşuma gələn adamlarla dost oluram.

– Elə biz də, – Culian cavab verdi. – Bəlkə, heç sən də bizim xoşumuza gəlmirsən?

– Hə?! – qızın üzündə elə ifadə vardı, sanki bu ehtimal heç vaxt onun ağlına gəlməmişdi. – Əlbəttə, belə də ola bilər, – o, bir az fikirləşəndən sonra dilləndi. – Həqiqətən də, məndən çox adamın xoşu gəlmir.

Enn gözlərini körfəzin mavi sularına zilləmişdi. Birdən onun nəzərləri dənizin ortasındakı adaya ilişdi. Adanın lap ortasında qədim qəsrin xarabalıqlarını xatırladan dağıntılar vardı.

– Necə də maraqlı yerə bənzəyir. Görəsən, necə adlanır? – Enn dedi.

– O, Kirrin adasıdır, – Corcina üzünü əmisi qızına tutub dedi. – Çox gözəl yerdir. Əgər mənim xoşuma gəlsəniz, bəlkə, nə vaxtsa sizi ora apararam. Ancaq hələlik heç nə vəd eləmirəm. Bir də ki, ora yalnız qayıqla getmək olar.

– Bəs bu ada kimə məxsusdur? – Culian soruşdu.

Corcinanın cavabından uşaqların gözləri bərələ qaldı.

– Mənə, – qız dedi. – Hər halda, əvvəl-axır bu belə olacaq. Kirrin adası və oradakı qəsrin sahibi özüm olacağam.

1Körfəz – böyük su hövzəsinin (okean, dəniz, göl) quruya çox daxil olmuş, lakin onunla sərbəst su əlaqəsini saxlayan nisbətən kiçik hissəsi
2Əvvəllər ev telefonu ilə bir şəhərdən digərinə zəng vurmaq üçün birbaşa nömrəni yığmaq mümkün deyildi, bunun üçün rabitə qovşağına zəng vurub sifariş vermək lazım gəlirdi.
3Buterbrod – üzərinə yağ və s. çəkilmiş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək; yüngül qəlyanaltı
4Kottec – şəhər kənarında birailəlik kiçik ev
5Fasad – hər hansı bir tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən tərəf; öndən görüntü
Ücretsiz bölüm sona erdi. Daha fazlasını okumak ister misiniz?