Kitabı oku: «Hekayələr», sayfa 3
Sonra o, bir dəfə də olsa dönüb geriyə baxmadı. Dağlardan enən cığırlardan, düzənlərdə uzanan yollardan sanki bir yuxu içərisində keçib gedirdi. Nə açılan səhərləri, nə də qaralan axşamları bir-birindən ayıra bilirdi. Nə qədər keçəndən sonra yaşadığı yerlərə gəlib çıxdığının, nə vaxt doğma bir evin qapısını döydüyünün fərqinə varmadı.
Qapını açan anası oğlunu görərkən qışqırıb özünü onun üstünə saldı:
– Qabağında ölüm, oğul, – dedi, – sən ki ova getmişdin, bu başın harada ağardı?
Anasının qolları arasında birdən-birə ölümcül bir yorğunluq duyan ovçu qeyri-ixtiyari gözlərini yumaraq:
– Uzaqlarda, anacan, – dedi, – uzaqlarda… Əfsanəli dağlarda.
* * *
O zamandan ovçu qapanıb evində qaldı. Bir-birini təqib edərək ehtirasla onu çağıran ov mövsümlərinə qarşı artıq biganə idi. Günləri fikir-xəyal içində keçirdi, gözləri divardakı solğun bir kölgəyə, bir vaxtlar tüfəngini asdığı, indisə boş qalan yerə sataşanda diksinirdi, gəlib saatlarla pəncərə ağzında otururdu, səhər alaqaranlığında evinin yanından ötüb uzaqlaşan çiyni ov tüfəngli kölgələr arxasınca zillənən gözləri yol çəkirdi.
Səhər və axşamlar növbə ilə onun pəncərəsindən ağ və qara pərdələr asır, lakin ovçu bunun fərqinə varmır, həyatı sürükləyib aparan zamanın qoşa dalğaları – nə gündüz, nə də gecə onu bağlanıb qaldığı bir nöqtədən, keçmişin xatirə sahilindən qopara bilirdi.
Lakin nə zaman ki tufan qopardı, nə zaman ki göydə qara buludlar çaxnaşardı, qalın meşələrdə ağacların təpələri qaynayardı, dağlardan boğuq bir uğultu qopardı, o zaman ovçunun da ürəyi kükrəyən bir dəniz kimi təlatümə gələrdi.
O amansız bir təlaş, tutqun bir həyəcan içərisində nəyə isə qulaq verərdi. Bütün bu gurultu və vıyıltılar içərisindən ovçunu başqa bir səs çağırardı.
Bu səs sanki uzaqlardan, maralsız qalmış dağlardan, pərisiz qalmış obalardan qopub gələr, dumandan onu haraylardı.
Bu zaman ovçu çiyinlərini əzən dağ ağırlığını aşırmaq üçün çırpınar, baş alıb hara isə qaçmaq ehtiyacı duyar, yenə uzaq dağların başına qalxıb günəşin doğmasını, üfüqlərin geniş çevrəsini, meşələrin qaynayıb dalğalanmasını görmək istərdi.
Nəhayət, bir gün ovçu qətiyyəti ilə ayağa qalxdı, cəld evdən çıxıb harasa getdi, yalnız axşamüstü qayıdaraq, özü ilə bərabər bir yığın kitab gətirdi. Sonra atadanqalma naxışlı, köhnə xurcunu tapıb, hər iki gözünü gətirdiyi kitablarla doldurdu.
İçəri girən anası oğlunun harasa getməyə hazırlandığını görüb təlaşa düşdü:
– Yenə səfərin haradır, oğul? – dedi.
Ovçu başını qaldıraraq:
– Uzaqlara, anacan, – dedi, – uzaqlara… Əfsanəli dağlara. Orada kitab yoxdur, mən oraya kitab aparmalıyam. Mövhumat cəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Orada mövhum kölgələrə, batil etiqadlara atdığım güllə qayıdıb öz ürəyimə dəydi. Sonra ayıldım, şəxsi fəlakət mənim üçün müəllim oldu. İndi bu kitablardır mənim silahım, indi işıq saçan bu silahla mən əbədi olaraq qaranlığa qarşı vuruşacağam.
1939
AYRILDILAR…
Yan yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cağıltısı eşidilirdi.
Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Bir dəfə elə oldu ki, bir-birinə sarılıb ayaq üstündə duruş gətirdilər və bu dəfə elə ki, üzləri bir-birinə çox yaxın oldu, gözləri qaranlıq gətirdi, nəfəsləri qısıldı və tezləşdi, o saat sanki görünməz bir əl arxadan dartdı, hər ikisini bir-birindən ayırdı.
Sonra yalnız əlləri bir-birindən üzülmək istəmədi və əlləri bir-birinin əlində gəldilər, Beşbulaq dərəsinin kənarına çıxdılar.
Buradan aşağıya, dərə dibinə enən dolama araba yolu sağdakı yastı təpələr arasından çıxırdı, güney tala göyşənləri içərisindən keçirdi, sonra Beşbulaq dərəsi dibindən yuxarı dırmaşırdı və yoxuş başında, təpə üstündə yerləşən kiçik bir dağ kəndinə qalxırdı.
Adilə başıyla sol tərəfə işarə elədi, fıstıq ağacları altındakı üstü çox hamar böyük bir daşı göstərdi. İlyas cəld irəli keçdi, pencəyini çıxardıb daşın üstünə sərdi. Adilə daş üstündə oturdu, əllərini saçlarına çəkdi. İlyas arxadan əyildi, qızın saçları arasında ilişib qalmış xırdaca, quru yarpaq qırıntılarını təmizlədi. Adilə başını qaldırıb aşağıdan yuxarı İlyasa baxıb gülümsədi:
– Oturaq, – dedi, – bir az burda… Bu gün çox yuxarı qalxdıq.
– Amma yol hələ yarı olmamışdı, geri qayıtdıq…
– Uzaqdan baxanda o dağ başı mənə çox yaxın göründü, yaxşı ki, tez başa düşdüm ki, nə qədər gec deyil qayıtmaq lazımdır.
– Əgər bircə dəfə qalxsaydın o ucalığa, ordan gördüyünü heç vaxt unutmazdın!
– Qocaman və yalqız bir ağac? Və başına o qədər ildırım düşüb ki, qara bir skelet kimi qalıb?
– Elədir, ağac skeletdir və hər səhər, hər axşam çox qocalmış bir cüt qartal o ağacın qara budaqlarına qonub, qüssəli gözləri ilə çox uzaqlara baxırlar…
– Bizi görəndə üstümüzə şığımazdılar?
– Qartallar təyyarələri görəndə dəli olurlar və təyyarələrin üstünə cumub məhv olurlar.
Ayaqları altında – dərə dibində qaynayan bir bulağın suyu dəmir lülədən içi yonulmuş uzunsov daş içərisinə tökülürdü, oradan da daşaraq dərədə şırıldayan kiçik bir çayın sularına qovuşurdu. Qarşıda yoxuş başındakı dağ kəndinin əyri-üyrü küçələrində, qaratikan kolundan vurulmuş qara çəpərlər arasında kənd uşaqları oynaşırdı və kənddən o tərəfdə meşəli düzənlər qaralırdı, sonra torpağın birdən kükrəyib yuxarı qalxdığı yerdə, bu mənzərəni bir-birinin ardınca qat-qat nəhəng divarlar kimi göyə yüksələn sıra dağlar tamamlayırdı.
Adilə yenə başını qaldırdı, İlyasa baxdı:
– Niyə oturmursan?
– Gəzək, bu gün çox gəzək, bir az dincini al, baş alıb gedək.
– Yox, əyləş burda söhbət eləyək. Bu axı, bizim sirr daşımızdır.
– Qoy bu gün istirahət eləsin. İki aydır, biz danışırıq, o qulaq asır…
Adilənin üzündən bir kölgə keçdi, əli ilə daşı oxşadı:
– Eşitdin, sirr daşı, səbir daşı? Sənə ürəyi yanan varmış burda…
İlyas arxadan əyildi, üzünü qızın saçlarına toxundurdu:
– Səni gördüyüm o gün – dedi, – bu daş, bu torpaq, o su – hamısı dil açdı… və nağıl başlandı… Adilə əllərini qaldırdı, arxasında dayanmış İlyasın boynu ardında daraqladı, bir an gözlərini yumdu, gülümsər bir yuxuya getdi, sonra sanki ayıldı, qollarını açdı və dedi:
– Nahara bir saat qalıb, otur, bu gün səndən çox şey soruşacağam. Çünki mamamın, papamın sənə yeni sualları var.
– Məgər iki aydan bəri hər gün verdiyim cavablar atanı və ananı qane salmadımı?
– Qəti qərara gəlmək üçün onlar sənin haqqında çox şey bilməlidirlər.
– Özüm haqqında danışa-danışa mən axırda sayıqlaya bilərəm.
– O balaca kəndin böyük gələcəyindən danışanda da mən darıxıram.
– Doğulduğum kənddir. Gərək bu zəif damarımı mənə bağışlayasan.
– Bağışlayıram, bu şərtlə ki, öz gələcəyindən, bizim gələcəyimizdən danışasan.
– O barədə bir dəfə danışdım, sən qulaq asmadın.
– Çünki gətirib axırda taleyimizi o kənd ilə bağladın. Mən isə şəhər qızıyam, işıqlı şəhər gecələrinin vurğunuyam, işıqsız kənd gecələrini sevə bilmirəm.
– Uzaq bir çay üstündə böyük elektrostansiya tikiləcək. Onda bu kənd gecələri də işıqlı olacaq və darıxma, bir həftədən sonra şəhərdə olacağıq.
– Burada sənə rast gəlməsəydim, darıxacaqdım. Bura da mamam gətirdi bizi, dedi bu yay kəndə gedək, həm ziyarət olsun, həm ticarət.
– O nə deməkdir?
– Yayı kəndə gedəndə atam kənddəki xəstələri müalicə eləyir, buradan qayıdanda mama şəhərdə təzə mənzilimizə təzə mebel alacaq.
İlyas dərənin o tayına baxdı. Orda artıq günəşin şüaları ağacların yarpaqlarında sarı bir alovla yanırdı. Və yoxuş başında, dikdir üstündə bir atlı dayanmışdı. Atlı başını dik tutaraq, uzaq dağlara sarı baxırdı, at isə qabaq ayağını qaldırıb səbirsizliklə torpağı döyəcləyirdi. Adilə aşağı əyildi, boz daş altından yaşıl fəvvarə kimi fışqıran bir çəngə ot içindən birini qırdı. Sonra başını qaldırdı və soruşdu:
– Mamam deyirdi ki, institutu qurtaranda o, şəhərdə mənzil ala biləcəkmi? Papam da dedi ki, indidən çalışsa, beş il sonra institutu qurtaranda ona növbə çatar.
– Nə üçün onlar elə güman eləyir ki, institutu qurtaranda mən şəhərdə qalacağam?
– Bəs hara gedəcəksən?
– Burdakı uşaqlara da dərs deyən lazımdır.
– Lazımdır, amma… axı mən şəhərdə, sən burda…
– Burdakı xəstələri də müalicə eləyən əllər lazımdır.
– Medinstitutu qurtaranda məni bura həkim göndərsələr, mamam özünü öldürər.
– Özümü öldürrəm deyənlər özünü öldürmürlər.
– Şəhərdə beşotaqlı mənzilimiz var, mamam deyir, üç otağın yatırı8 – mebeli, xalıları, ağ royalı sənin cehizindir.
– Gələcəyin sevinci sənin cehizin olmalıdır.
– Elədir, amma şəhərdəki rahatlıq yaxşı döşənmiş geniş mənzillərə bağlıdır.
– Bəzən həddindən artıq rahatlıq ürəyi narahat edir.
– Hər halda kənddən şəhərə gedənlər bir də geriyə, o torpaq daxmalara qayıtmır. Sənin şəhərdəki qohumların…
– Mənim şəhərdə bir nəfər qohumum var.
– Bir nəfər olsun, geri qayıdıb?
– Yox.
– Nə üçün?
– Taleyi şəhərə bağlanıb.
– Kimdir o? Sən onun haqqında mənə danışmamısan.
– Dayımdır və hələlik təkcə onun haqqında danışmağa macal tapmamışam.
– Mamam deyir, onun ”Kommunist“ küçəsində gözəl mənzili var, deyir bir ər-bir arvad yaşayırlar, nə əcəb bacısı oğlu şəhərdə onların yanında qalmır?!
– Tələbə yataqxanasında yaşamaq mənim üçün daha xoşdur.
– Papam da deyirdi ki, o, məsul vəzifədə işləyir.
– Maman və papan mənə aid nə varsa məndən yaxşı bilirlər.
– Nə olar, mən onların yeganə övladıyam, papam deyir ki, adamları yoxlamaq lazımdır.
– Elədir, amma komsomola girəndə məni bu qədər yoxlamamışdılar.
– Bunu ona özün deyərsən – çünki bu axşam bizdə qonaqsan. Papam dedi ki, çağır onu axşam bizə gəlsin, özü danışacaq səninlə.
– Yaxşı olar, birdəfəlik nə lazımdırsa qoy özləri soruşsun!
– Amma yenə elə suallar ortaya çıxacaq ki, onlar mənim vasitəmlə səndən soruşacaqlar. Hara baxırsan?
– Göyə, buludlar altındakı o iki qara nöqtəyə.
Adilə də başını geri atdı, göyə baxdı.
Göyün dərinliyində ağ buludlar altında süzən iki dağ qartalı aşağıdan iki qara nöqtə kimi görünürdü.
– Kiş, kiş, qırılmışlar! – deyə Adilə əyildi, yerdən fındıq boyda bir daş götürdü və göyə, qartallara doğru tolazlamaq istədi.
İlyas qızın biləyindən tutdu:
– Atma, qorxub qaçdılar.
Adilə başını çevirib altdan yuxarı İlyasın gözlərinə baxdı. İlyasın gözlərində fərəhli işıqlar oynayırdı, Adilə də gülümsədi:
– Mən axmaqlıq eləyəndə elə bil sən dirilirsən.
– Sən öz hərəkətlərində və öz sözlərində gözəlsən!
Bu zaman qarşıdakı yoxuş başında dayanmış at kişnədi, sürəkli, əsəbi və yanıqlı bir səslə kişnədi. İlyas diksinən kimi oldu. Dönüb ona baxan Adilə soruşdu:
– Niyə elə hey o atlıya baxırsan?
– O at da, o atlı da kimi isə gözləyirlər. Amma kimin atıdır, atlı kimdir – burdan tanıya bilmirəm.
– Nəyinə lazımdır? Nə üçün maraqlanırsan?
– Heç…
– Onda qulaq as, nahara yarım saat qalıb, mamam deyirdi ki, nə üçün o, səni həmişə gündüzlər gəzməyə aparır, nə üçün aylı gecələr dalınca gəlmir?
– Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmır.
– Hələ də ana uşağısan, yoxsa kişi?
– Bir az ondanam, bir az bundan.
– Gecələr anan səni evdə saxlayıb neyləyir ki?
– Başımı dizi üstə qoyub gah layla çalır mənə, gah nağıl deyir.
– Sən onun sonbeşiyisən?
– Yox, məndən kiçik bacılarım, məndən böyük qardaşım var. Demişdim sənə yadından çıxıb.
– Onda nə üçün anan səni belə əzizləyir?
– O biri uşaqları yanındadırlar, kolxozda işləyirlər. Şəhərdə oxuyan tək mənəm. Deyir axırıncı dəfədir səni görürəm, ya mən öləcəyəm, ya sən bir də bu kəndə qayıtmayacaqsan. Bilmirəm, bəlkə, xəstədir, bizim analar xəstə olanda demirlər.
– Yox, xəstə deyil, səhər mən ona rast gəldim.
İlyas cəld başını çevirib Adiləyə baxdı:
– Harda? Nə cür onu tanıdın?
– Bura səninlə görüşə gəlirdim. Sizin evin yanından keçəndə, arxadan bir səs məni çağırdı: a qızım, bir dayan! Dönüb geri baxdım. Doqqazdan çıxan bir arvad mənə doğru gəlirdi. Yaxınlaşdı, hər iki əlini çiyinlərimə qoydu, “qoy bir az sənə baxım, qızım”, – dedi. Dərhal hiss elədim ki, sənin anandır. Çaşdım, qızardım, özümü itirdim, deməyə söz tapmadım.
– Bəs o?
– Bir az üzümə baxandan sonra dedi ki, ”get, qızım, səni yoldan elədim”.
Yenə bir an hər ikisi susdu.
Bu vaxt yoxuş başındakı o at yenə kişnədi və bu dəfə kişnərtisində elə ehtiraslı bir çağırış vardı ki, İlyasın gözləri yol çəkdi:
– Elə bil Tərlandır, o da belə səs salardı bu dağlara…
– Tərlan? – deyə Adilə maraqlandı, – kimdir ki o? Tanıdın burdan ora, o atlını?
İlyas qızın sualını başa düşmədi, döndü qıza baxa-baxa qaldı və indi gözlərində elə bir dalğınlıq və uzaqlıq vardı ki, Adilə nə isə bir cür oldu; sonra başını aşağı salıb sualını təkrar edərkən, qızın səsində artıq əsəbi bir titrəyiş vardı:
– Kimdir axı o Tərlan dediyin?
– Almagözlü, qız birçəkli, iti yerişli bir qaçağan idi. Və o gün… əlim ondan üzüldüyü o gün – mənim də ilk gəncliyim qurtardı.
– Sənin atın idi, papan bağışlamışdı?
– Yox, dədəm bizə, öz uşaqlarına heç bir şey bağışlamazdı. Amma dəridən-qabıqdan çıxardı ki, axşam uşaqları ac yatmasın. O öləndə mənim altı yaşım olardı. Ondan sonra bizi dayım saxladı. Tərlan da dayımın atı idi, amma mənim ucbatımdan o möcüzə məhv oldu.
– Möcüzə? – deyə Adilə başını qaldırdı.
– Mənim gözümlə onu görsəydin, sən də başqa söz tapa bilməzdin.
– Elə isə danış o möcüzədən, qoy ürəyimə qısqanclıq odu düşsün…
İlyas heyrətlə Adiləyə baxdı:
– Qısqanclıq odu?
– Üzündəki ifadəni özün görsən məni başa düşərsən. Əyləş, başımı qaldırıb sənə baxmaqdan boynum əyri bitdi.
İlyas qızın ayaqları yanında, keçənilki quru xəzəl üstündə oturdu, daşa söykəndi. Sonra danışmağa başlarkən, Adilə indi onun üzünü görmür, yalnız bir az dağınıq, sıx qara saçlarına baxırdı və bir dəfə ehtiyatla əlini onun saçlarına toxundurdu, lakin, deyəsən, İlyas bunu hiss eləmədi, elə bil indi o, öz-özüylə danışırdı:
– Üç il sonra dayım Rusiyadan, Vətəndaş müharibəsindən qayıdan payız, mənim artıq 13 yaşım tamam olmuşdu. Sentyabrın axırlarında dumanlı bir axşam, kənddə çıraqlar yanan vaxt, bax, orada – kəndin üstündəki o balaca təpədə kişnəyən bir atın səsi məni diksindirdi. Ürəyim döyündü, həyəcan içində bir an gözlədim. At bir də kişnədi. Artıq şübhəm qalmamışdı. İçəriyə, çırağı yandıran anamın yanına yüyürdüm.
– Dayım gəlir, ana, – dedim. Dayım gəlir. Anam diksindi, içini çəkdi, elə bildi ki, dayım artıq həyətdədir, özünü çölə, torpaq səkiyə atdı, mən də dalınca qaçdım.
– Bu saat gəlir ana, bu saat gələcək.
Anam gözlərini döydü:
– Kim xəbər gətirdi axı, – dedi. Həyətdə heç kəs yoxdur.
– Tərlanın səsini tanıdım, ana, təpə üstündə kişnəyən o at Tərlandı.
Anam çox məyus oldu, tək bir qardaşının həsrətindən yaş dolmuş gözləri ilə mənə baxdı, köksünü ötürdü:
– Allah sənə insaf versin, bala…
– Yox, gəlir, ana, gəlir… Bu saat yüyürürəm qabağına.
Mən səhv eləmədiyimə o qədər əmin idim ki, anam yenidən həyəcanlandı:
– Allah ağzından eşitsin, bala, Allah ağzından eşitsin. Onda tez yüyür, Arəstə bacıdan, əgər varsa, bir çimdik çay al gətir, evdə quru çay yoxdur.
Çəpərin yatıq yerindən adlayıb qonşumuz Arəstə xalagilə keçdim, sonra ovcumda sıxdığım bir qaşıq quru çayla çəpər üstündən atılıb öz həyətimizə keçəndə gördüm ki, dayım Tərlanın belində doqqazdan içəri girdi.
Evdəkilər hamısı qışqırışaraq həyətə töküldü. Dayım torpaq səki qabağında Tərlanın üstündən sıçrayıb yerə düşdü, qollarını geniş açaraq əvvəlcə bizi, çolma-çocuğu, xırım-xırdanı – hamımızı bir dəfəyə qamarlayıb bağrına basdı, sonra təmkinlə anamı qucaqlarkən, mənə sarı dönüb dedi:
– Tərlanı gəzdir, təri soyusun!
Cəld ovcumdakı quru çayı bacımın ovcuna boşaltdım, sonra Tərlanın cilovundan tutdum, armud ağaclarının arasıyla çox uzağa getdim. Elə ki həyətin aşağısına gəlib gözdən yayındım, o saat döndüm Tərlanın boynuna sarıldım. ”Tərlanım, kəhərim, qaragözlüm, sərvboylum“ və nə bilim daha nələr deyirdim və öpürdüm atın üzündən, doymurdum. Tərlan isə qollarım arasından boynunu geri burub evə tərəf boylanırdı – mənim nəvazişimə zərrə qədər əhəmiyyət vermirdi. Bu etinasızlıq, əlbəttə ki, məni bir az məyus edirdi, amma yenə də ona tamaşa eləməkdən gözlərim doymurdu. Çünki yaraşıqlı başı, dik, balaca qulaqları, alovlu qara gözləri, quru, möhkəm ayaqları, gen sinəsi, girdə sağrısı, məğrur görkəmi ilə Tərlan yenə bir möcüzə kimi qarşımda dayanmışdı.
Hər dəfə dayım onu çapıb kənddən gedəndə Tərlan həmişəki təpə üstündən geri boylanıb kişnərdi – yəni gedirəm, salamat qalın! Və hər dəfə səfərdən qayıdan zaman yenə o təpə üstündə başını dik tutub kişnərdi – yəni gəlirəm, salamımı alın!
Üç il əvvəl isə o dördnala çaparaq dayımla bərabər uzaqlara, təhlükəli bir səfərə gedərkən, mən təkbaşına o təpə üstündə oturub qalmışdım və atın ayaqları altından qalxan tozun ağ buludu təzədən yollara yatana qədər, gözümü qırpmadan onun dalısınca baxmışdım…
İndi Tərlan yenə qayıtmışdı, uzaq və təhlükəli bir səfərdən geri dönmüşdü, döyüş çöllərindən, od-alov içindən keçib gəlmişdi, amma bu qədər ki, mənə qarşı etinasız idi, ürəyimi qarsan ehtiras da bir o qədər daha artıq od tutub alovlanırdı.
Çox sonra Tərlanı gavalı ağacına bağlayıb evə qayıtdıqda, hələ qapı ağzında ikən içəridə çay içən dayımın son sözlərini eşitdim:
– Tərlan olmasaydı, mən axırıncı döyüşdən salamat çıxmayacaqdım.
Və elə o gecə Tərlanı yuxumda gördüm. Gördüm ki, Tərlanın belində qızğın döyüş gedən böyük bir çöldəyəm. Qırmızılarla ağlar üzərinə hücuma keçirəm. Tərlan ox kimi irəli şığıyır, bir göz qırpımında bizim dəstələri arxada qoyur, qəfildən qopan bir boğanaq kimi düşmən səfləri içində yeri eşib göyə sovurur… Biz qarşımıza keçən nə varsa yıxırıq, dağıdırıq, düşmən atlılarını çalağandan hürkmüş kimi pərən-pərən salırıq. Lakin bir an sonra düşmən bizi bir üzük qaşı kimi mühasirəyə alır, qılınc zərbəsindən gözlərim qaralır, üzüüstə Tərlanın boynuna yıxılıram, durna boynunu qucaqlayıram, Tərlan kişnəyib şahə qalxır, sonra irəli atılıb düşmən əhatəsini yararaq məni götürüb qaçır. Arxadan bizi təqib edənlər qıy vururlar, yüzlərlə at ayaqlarının tappıltısından yer titrəyir… Bu zaman Tərlanın ayaqları yerdən üzülür, Tərlan artıq qaçmır, bəlkə, qanad açıb uçur, qarşıdakı meşəli təpələr dəhşətli bir sürətlə üstümüzə gəlir, nəhayət, Tərlan uca bir təpə üstünə sıçrayıb kişnəyir, mənim isə qollarım sustalır, ağırlaşmış başım hara isə axır, vücudumu sürükləyib dalınca aparır, qaya başından qopan bir daş kimi yerə gəlirəm, qara ağzını açıb məni udan bir uçurumun dərinliyinə gedirəm, sonra torpağa sərilib gözümü açarkən, özümü anamın ayaqları altında görürəm…
Bu zaman yuxudan ayıldım. Tərlan həyətdə yanıqlı-yanıqlı kişnəyirdi. Ayağa sıçrayıb həyətə yüyürdüm, Tərlan səkilli9 sol biləyini qaldırıb dırnağıyla yeri döyəcləyir, sonra başını dik tutub təlaş dolu qara gözlərini qaranlığa zilləyir, ağır bir fısıltı ilə dərindən köksünü ötürürdü. Elə bil Tərlan qüssələnmişdi. Kim bilir, bəlkə, o da yuxusunda iştirak etdiyi qızğın döyüşləri görüb oyanmışdı, bəlkə də, bu səssiz kənd gecəsində qəribsəyib döyüşə apardığı və döyüşdən gətirdiyini çağırırdı ki, arxada qalan o döyüş illərində ondan ayrı qaldığı nə bir günü olmuşdu, nə bir gecəsi…
– Nə istəyirdin axı sən? İstəyirdin ki, dayın o atı sənə bağışlasın? – dedi Adilə və əyilib ayaqları altında oturmuş İlyasın üzünə baxdı.
– Yox, mən bunu ağlıma belə gətirə bilməzdim. Mən ancaq onu istəyirdim ki, bircə dəfə, tək bircə dəfə mən də Tərlanın belində çapıb kənddən gedəydim, o təpə üstünə qalxarkən altımda Tərlanın kişnədiyini eşidəydim, sonra yel kimi təpələrdən, sel kimi dərələrdən aşaydım, hər gecə məni çağıran uzaqlara, sirli üfüqlərin arxasında açılan ənginliklərə qovuşaydım. Amma bu arzuma mən yalnız yuxularımda qovuşurdum.
– Yazıq uşaq! Nə üçün dayın o atı sənə vermirdi? – deyə Adilə hiss edilmədən yenə əlini İlyasın saçlarına çəkdi.
– Mən onun gözündə hələ uşaq idim, at minmək sənətində naşı idim… Tərlan kimi qızğın məzaclı bir köhləni mənə, yaxud məni Tərlana etibar edə bilməzdi. Anamın da ürəyinə dammışdı ki, əgər mən Tərlanı minsəm, nə isə bir xəta baş verəcək… Nəhayət, doğrudan da, xəta baş verdi. Tərlan mənim hikkəmə, dəli inadıma qurban getdi və o vaxt ki, əlim arzuma çatmışdı, xəbərim olmadı ki, həsrətini çəkdiyimi öz əlimlə məhv edəcəm…
– Axı sən ona nə eləyə bilərdin? Bir halda ki, o atın məzacı10 sənin özün üçün qorxulu idi.
– Bəlkə də… amma o məni yox, mən onu şikəst elədim, sonra… biz onu güllələdik.
Adilə diksindi, gözlərini geniş açdı.
– Nəhayət, bir gün Tərlanı minməyə müvəffəq oldum, – dedi İlyas və sönmüş papirosunu ayağı altına atdı. Dayım kəndə gələndən bir həftə sonra, uzaq qonşumuz Malakan kəndinə qonaq gedərkən, məni də özüylə bərabər aparmaq istədi. Onu cəbhə dostu Vasili qonaq çağırmışdı. Malakan kəndi elə o vaxt da günbatanda, Həftəran dərəsinin o biri tərəfindəki dağlar üstə salınmış böyük və abad bir şenlik11 idi.
Səhər Tərlanı yəhərlərkən dayım gözlərimdə nə gördüsə, dedi ki, sən də get mənim adımdan Muxtar kişinin atını istə, de ki, axşama qayıdacağıq.
Dərhal Muxtar kişigilə yüyürdüm – indi o, kolxoz sədridir. Muxtar kişi dayımdan heç bir şeyi əsirgəməzdi, ona görə atı özüylə hərlədi, sonra cilovu üstümə atdı. Dayımla bərabər, yanaşı at sürərək, kənddən çıxanda ürəyim dağa dönmüşdü. Amma gözüm yenə Tərlanda idi. Elə ki atlarımız sıçrayıb təpə üstünə qalxdılar, Tərlan dərhal başını geri çevirib kişnədi: yəni salamat qalın, gedirəm. Enişi rahat yerişlə endik. Dayım isə hərdənbir gözünün ucuyla mənim at üstündə nə cür oturduğuma nəzər yetirirdi. Həftəran dərəsi ilə uzanıb gedən şose yoluna düşəndə, Tərlan artıq özünü didib dağıtmağa başladı. O, tez-tez fınxırıb cilovunu gəmirir, alovlu qara gözlərini süzərək mənim altımdakı ata baxır, cinlənib acıqlanırdı ki, biz onun ayağına cidar olub, tutub onu saxlayırıq. Axırda dayım Tərlanın hövsələdən çıxdığını görüb mənə tərəf döndü:
– Əgər yolu tanısaydın, mən bunun başını bir az buraxardım.
Yol göz qabağında idi, tanımağa ehtiyac yox idi. Başımla dayıma razılıq işarəsi verdim. Və yalnız onu gördüm ki, dayım üzəngini azacıq Tərlanın böyrünə sıxmışdı ki, at yerindən qopdu, nə qopdu. Elə bil qəfildən üzümə vuran şiddətli küləkdən nəfəsim tutuldu. Ağzımı açıb Tərlanın dalınca baxa-baxa qaldım. Bir dəqiqə sonra artıq yolda Tərlandan əsər belə yox idi. O möcüzənin dalınca çapmaq gülünc olardı, altımdakı at da bunu hiss eləmişdi və qərarından getmirdi. Sonra mən Tərlanı dağ başına, malakan kəndinə qalxan dolaylarda yuxarı uçan gördüm, elə bil o, qabaq ayaqlarıyla göyləri eşirdi…
Birdən sinəmdə zəhərli bir ağrı hiss elədim. Mən artıq Tərlanı dayıma qısqanırdım…
Nəhayət, mən Malakan kəndinə çatıb Vasilinin həyətinə girəndə, dayımı və ev sahibini iki nəfər topasaqqallı qoca malakanla bərabər tut ağacı altındakı stol başında oturmuş gördüm. Süfrədəki iki araq şüşəsini boşaltmışdılar. Mənə iki stəkan pivə verdilər, içdim. Mən pivə içərkən Vasili dayımla bərabər bir dəfə ağlara əsir düşüb, üç gün sonra güllələnməyə aparılarkən, necə qaçdıqlarından danışırdı. Mən bu əhvalatı birinci dəfə eşitdiyim üçün, dayımın üzünə baxdım – dayım bilinməz bir nöqtəyə baxırdı, gözləri yol çəkirdi.
Axşama yaxın geri qayıtmağa hazırlaşarkən dayım dedi:
– Apar Tərlanı göldə sula, yola düşək, – sonra əlavə elədi, – öz atını min, Tərlanı yedəyində apar.
Mən Muxtar kişinin atını minib Tərlanı yedəyimə aldım, lakin cilovu nə qədər çəkdimsə, Tərlan dirəndi, dalımca gəlmədi.
Vasili gülüb dedi:
– Tərlan sənin yabının dalınca getməz, düş yerə, ikisini də yedəyinə al.
Yerə atılıb hər iki atın cilovunu əlimə alıb dalımca çəkdim, amma Tərlan o saat qulaqlarını yapırdıb Muxtar kişinin atını elə qapdı ki, yazıq at qulun kimi çığırdı və cilovu əlimdən qopardıb həyətin o biri başına qaçdı.
Bu dəfə Vasili bərkdən qəhqəhə çəkib güldü:
– Eybi yoxdur, – dedi, – sən Tərlanı apar, bu saat bizim uşaq gələr, o da sənin atını aparar.
İndi təkcə Tərlanın cilovundan çəkəndə, o, əvvəlcə dayıma tərəf baxdı, sonra arxamca gəldi, həyətdən çıxıb kənd içi ilə üzüaşağı yönəldik. Tərlanın dalımca nə cür gəldiyini bilmirəm, lakin mən başımı aşağı salıb gedirdim. Elə bilirdim ki, kənd uşaqları atı minməyib yedəyimdə apardığım üçün məni ələ salıb hoydu-hoyduya götürəcəklər. Nəhayət, kənddən çıxıb, enişlə üzüaşağı endik, böyük və süni gölün kənarına gəldik. Məndən başqa bir neçə oğlan uşağı da göl qırağında atlarını sulayırdılar.
Tərlan dodaqlarını mavi göl suyuna uzatdı, mən yavaşdan şirin-şirin ona fit çalmağa başladım. Sonra o, sudan doyub başını qaldıranda, dizə qədər çırmanıb özüm suya girdim, Tərlanın səkilli biləklərini, durna boynunu, məxmər sağrısını yudum, barmaqlarımla yalını darayıb tumarladım, axırda ərk ilə kəkilindən tutub dartdım. Belə hallarda o, həmişə qulaqlarını yapırdıb12 dayımla zarafata başlar, məhəbbətlə, şəfqətlə dayımın qolundan qapardı. Lakin indi mənim zarafatıma o əsla etina eləmir, titrəyən barmaqlarımın nəvazişinə məhəl belə qoymur, yalnız məğrur başını uca tutub, hara isə boylanır, nə məni qapır, nə də üzümə baxırdı…
Tərlanın mənə qarşı bu etinasızlığı birdən mənə elə yer elədi ki, hirs başıma vurdu, nəfəsim sinəmdə qısıldı. Dərhal cilovundan tutub kəskin bir hərəkətlə dalımca çəkdim, yol qırağındakı dikdir yanına çatarkən, qəfildən geri dönüb cilovu başından geriyə – üstünə atdım və bir göz qırpımında dikdir üstündən sıçradım, çılpaq belinə qalxdım.
Yalnız yuxularımda qovuşduğum o an gəlib çatdı. Tərlan isə məndən gözləmədiyi bu hərəkətdən diksinərək dal ayaqları üstə şahə qalxdı, qəsdimə durub, məni elə o dəqiqə üstündən yerə atmaq istədi. Amma mən ayaqlarımı onun qabarıb yatan böyürlərinə elə sıxmışdım ki, qır-saqqız kimi ona yapışmışdım. Və bir neçə dəqiqə o, dəlicəsinə dal ayaqları üstə dövrə vurub fırlandı, vüqarı, coşqun məzacı mənim cəsarətimi mənə bağışlamaq istəmirdi. Mən isə qət eləmişdim – ya ona verən Allah, ya mənə…
Nəhayət, Tərlan qabaq ayaqları üstə yerə gəldi, hirsindən geniş açılmış burun pərələri elə bil od saçırdı. Bu vaxt mən artıq fürsəti əldən verməyərək, cilovun uclarını qolaclayıb var gücümlə onun sağrısına, acı ağrısı ürəyə sancılan bir qırmanc zərbəsi çəkdim. Elə bil Tərlanın ayaqları altında bomba partladı. O, altımda dik atılaraq göyə sıçradı, sonra ildırım kimi irəli şığıyarkən, bir an mənə elə gəldi ki, at altımdan çıxdı, mən isə asılıb havada qaldım. Ömründə mahmızların xəfif təmasından savayı heç bir kobud zərbə görməmiş Tərlanın vüqarı, heysiyyəti, varlığı birinci dəfə idi ki, bu cür təhqir olunurdu. Və indi onun içindəki qəzəb elə od tutmuşdu ki, əgər qanad açıb uçmağa başlamışdısa, bu, qanadları alovlanmış bir quş uçuşu idi…
Bütün sonrakı hadisələrin nə cür cərəyan etdiyini, bir qığılcımdan tutuşan alovun bizi necə ağzına aldığını ardıcıl olaraq təsvir eləmək mənim üçün çox çətin olardı.
Yalnız onu xatırlayıram ki, mən Tərlanın başını kəndin şimalına doğru – dik yoxuşlara çevirmişdim və biz yoldan çıxıb qaratikan kolluqları ilə örtülü təpəciklər üzərindən atılıb keçərkən, ayaqlarımı darayan, dərimi sıyıran, iynə kimi ətimə sancılan kol-kosun zəhərli ağrısını hələ hiss eləmirdim.
Tərlan gah kol topaları üzərindən sıçrayır, gah qabağımıza çıxan şilgirliyi döşüylə yarıb keçir, üzümə vuran küləyin vıyıltısı elə bil dayımın boğuq səsini qulağıma çırpırdı ki, saxla, saxla, od aparmış, görmürsən, öldürür özünü…
Amma mən Tərlanı saxlaya bilmirdim, var gücümlə nə qədər cilovu çəkirdimsə, onu toxtada bilmirdim, əksinə, özüm onun çılpaq belindən sürüşüb dik saxladığı boynuna dırmaşırdım. İndi Tərlanın bütün bədəni buğlanıb qaynayırdı, qanamış cəhənglərindən qaynar qırmızı köpük daşırdı. Və mən onun qanamış cəhənglərini görəndən sonra daha cilovu çəkmədim. Fərqi yoxdu, hamısı əbəsdi və mən dəhşətə gəldim, hiss elədim ki, qollarımda Tərlanı saxlayacaq o güc, o qüdrət yox imiş…
Gözlərinə qan sağılmış Tərlan isə getdikcə daha artıq qızıb alovlanırdı, bir göz qırpımında enişlərdən üzüaşağı uçurdu, sonra bir anda çapıb yoxuşlar başına qalxırdı, altımda od kimi yanırdı, ilan kimi qıvrılırdı, ağ köpük və buğ içində quduz bir hirslə qaynayırdı və elə bil qəsdən ölümə, fəlakətə doğru qaçırdı ki, mən dəhşətə gəlib özümü yerə atım, xəcil olub üzümü toza-torpağa sürtüm.
Yox, yalnız bunu görməyəcəkdi, kifayətdi ki, qollarımın öhdəsindən gələ bilmədiyini mənə göstərmişdi və indi üzümdən axan tər xəcalət təri idi, amma ürəyimə meydan oxuyub, məni gözüqıpıq eləmək istəyirdisə – bu, onun xam xəyalı idi.
Amma içərisi ilə şose yolu uzanan Həftəran dərəsi üstündən asılmış bir sıldırım kənarına yetişəndə, mən bir sövq-təbii ilə cəld Tərlanın cilovunun sol qayışını boşaldıb, sağ qayışı var gücümlə yana dartdım. Tərlanın boynu şaqqıldadı və yanakı bir sıçrayışla dönüb sıldırım qırağıyla çaparaq enişə doğru getdi. Beləliklə, ilk fəlakət sovuşdu və qara ağzını açmış uçurum ağzıaçıq halda arxada qaldı.
İndi Tərlan dolama dağ yolu ilə üzüaşağı, Həftəran dərəsinə doğru çapırdı. Mən isə ümidimi aşağıdakı yola bağlamışdım, düşünürdüm ki, orda, o uzun və düz yolda artıq nəfəsi qaralan Tərlanı, bəlkə, saxlaya bildim. Birdən növbəti dolamaların birində yol ortasında atları açılıb buraxılmış çəpəki bir araba gördüm. Malakan kəndinin içməli suyu, dərə dibindəki gur bulaqdan bu çəlləkli arabalarla yuxarıya daşınırdı.
Sinəmdən qopan ”Tərlan“ fəryadı ağzımdan çıxmamış, at altımda sim kimi gərilib, nəhəng bir sıçrayışla özünü yuxarıdan aşağıya – araba üstündən o tərəfə atdı. Sonra Tərlanın ayaqları təzədən yerə dəyərkən, mən artıq hər şeyi unudaraq sonsuz bir minnətdarlıq hissi ilə atın boynuna sarıldım. Tərlanım, amandır, dəlilik elədiyin bəsdir, – dedim. Tərlanım, yetər, dayan bircə dəqiqə nəfəsini dər, – dedim və üzümü onun tərdən qaralmış boynuna sıxaraq oxşadım onu, əzizlədim və ovundurmaq istədim.
Amma kimə deyirsən, Tərlanın hirsi soyumaq bilmirdi. Və indi mən dəhşət içində idim. Bu cür davam edərsə, Tərlanın ürəyinin partlaya biləcəyini düşündükcə, alnımı soyuq tər basırdı.
Buna görə artıq son dolamadan enib şose yoluna düşərkən, Tərlanı saxlamaq üçün axırıncı tədbirə əl atdım, qəfildən başını dərədəki bulağın ayağından axan suların bataqlıq əmələ gətirdiyi qamışlığa tərəf çevirdim. Zənnim məni aldatmamışdı. Qamışlıqda o artıq dizə qədər palçığa batdığından – bataqlıq çox tez onun öhdəsindən gəldi – hər addımda daha bərk tutdu ayaqlarından, daha bərk buxovladı və sordu, sümürdü, bütün gücünü-qüvvətini əlindən aldı və bir-iki ümidsiz sıçrayışdan sonra büküldü qabaq ayaqları, dizləri üstə yerə gəldi.
Ücretsiz ön izlemeyi tamamladınız.