Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Loqo», sayfa 2

Yazı tipi:

Təzə at düzənlikdə dördayağa çapır, irəlidə isə əvvəlki kimi məşhur yorğa yerişini əsla pozmadan ayğır qaçırdı.

Bu, tamamilə inanılmazdı. Co atını çağıra-çağıra, mahmızlaya-mahmızlaya qızışdırırdı. At quş kimi uçsa da, ayğırla arasındakı məsafə heç bircə düym də azalmırdı.

Qara mustanq düzənliyi keçdi. Kol basmış yaylaqdan da ötdü, təhlükəli qumlu dərəyə endi və çəmənlik zolağına gəlib çıxdı. Burada onu baybaklar1 hürə-hürə qarşıladı. Onun ardınca çapan Co gözlərinə inana bilmirdi. Ayğır ilə arasındakı məsafə nəinki azalır, hətta, deyəsən, artırdı. Co söyə-söyə atını mahmızladı, hayladı, axırda yazıq atı lap coşdurdu. Heyvanın gözləri hərlənir, başı o tərəfə-bu tərəfə yırğalanırdı. At daha yerə, ayağının altına baxıb yol seçmirdi. Birdən ayağı porsuq yuvasına düşdü. At yıxıldı, onunla bərabər minici də yerə yumalandı. Co yaman əzilmişdi, amma yenə ayağa qalxıb özünü itirmiş atını qaldırmağa çalışdı. Amma madyanın işi bitmişdi: qabaq ayağı sınmışdı. Co heyvanı əziyyətdən qurtarmaq üçün tapança ilə vurub öldürdü. Yəhəri də götürüb düşərgəyə qayıtdı. Hələ də qaçmaqda olan yorğa mustanq isə, nəhayət, gözdən itdi.

Bu halı hələ də məğlubiyyət saymaq olmazdı, çünki madyanlar əllərinə keçmişdi. Co və Çarli onları qova-qova aparıb əvvəlki sahiblərinin fermasına çatdırdılar və əvəzində yaxşı mükafat istədilər.

Co bununla kifayətlənən deyildi. Ayğırı ələ keçirmək xəyalından əl çəkməmişdi. İndi atın bütün üstünlükləri ona yaxşı məlum olduğundan ayğırı ələ keçirmək üçün təzə plan qurmağa çalışırdı.

IV

Bu səfərdə aşpaz Bets idi. O özünü poçt şöbəsində mister Tomas Bets adlandırırdı. Tez-tez ora məktub və pul baratı üçün gələr, amma ona heç vaxt heç kəs heç nə göndərməzdi. Kovboylar onu “hinduşka ləpiri Tom” adlandırırdılar, çünki dediyinə görə, guya Denverdə özü üçün məhz belə damğa qeyd etdiribmiş. Bu damğa hinduşka ləpiri şəklində imiş. Bets deyirdi ki, guya heç kəsə məlum olmayan şimal düzənliklərində otlayan saysız-hesabsız inək sürüləri və atların böyründə bu damğa varmış.

Betsə həmin bu ekspedisiyada şərik olmağı təklif edəndə istehza ilə demişdi ki, indi atların bir düjinini on iki dollara satırlar. Doğrudan da, həmin il at çox ucuz idi, buna görə də o, azacıq da olsa, maaş almağı üstün tuturdu.

Amma yorğa ayğırı bircə dəfə də görən heç kəs ona qarşı laqeyd qala bilməzdi. Hinduşka İzi də belə oldu. İndi o da həmin mustanqı ələ keçirmək xəyalına düşmüşdü, amma bilmirdi, buna necə nail olsun. Bir dəfə Bill Smit adlı bir nəfərə rast gəlmişdi. O, Nal Bill ləqəbi ilə daha çox məşhur idi, çünki damğası nal şəklində idi. Nal Bill ətlə çörəyi yeyib üstündən də dadsız-tamsız qəhvə içəndən sonra dedi:

– Bu gün həmin yorğa mustanqı gördüm, özü də o qədər yaxından gördüm ki, istəsəydim, lap quyruğunu hörə bilərdim.

– Bəs atıb vurmadın?

– Azca qalmışdı atım.

– Yox ha! Ona güllə atmaqdan özünü saxla, – deyə stolun o biri başında oturmuş “qoşa H” damğalı kovboy dilləndi, – Təzə ay doğmamış o ayğırın böyründə mənim damğam olacaq!

– Onda ləngimə, yoxsa ona damğa vurmaq istəyəndə böyründə “nöqtəli üçbucaq” damğası görərsən.

– Ona harda rast gəlmisən?

– Əhvalat belə oldu. At belində Ceyran bulağı yanından keçirdim. Bir də gördüm, qamışların arasında, qurumuş lilin üstündə nəsə uzanıb. Elə bildim, bizim sürüdən ayrılmış inəkdir. Yaxınlaşanda gördüm ki, bir at yanı üstə yerə sərilib. Külək ondan mənə sarı əsirdi, buna görə də lap yaxınlaşa bildim. Bir də nə gördüm? Bu həmin mustanqdır ki, kötük kimi ölüb qalıb! Amma ölü heyvan leşi kimi hələ şişməmişdi. Bir yarası olduğunu da görmədim. Özü də heç leş qoxusu vermirdi. Heç özüm də bilmirdim nə edim. Bir də gördüm ki, milçək qonmuş quyruğunu tərpətdi. Onda başa düşdüm ki, at yatıbmış. Tez kəməndimi çıxarıb həlqələdim, amma gördüm ki, kəndir bir neçə yerdən lap üzülüb. Tapqırım da bircə dənə idi. Fikirləşdim ki, atımın çəkisi min iki yüz girvənkədir. Buna görə də öz-özümə dedim: “Yox, sınmaq lazım deyil! Nahaq yerə tapqırım qırılar, yıxılıbkəllə-mayallaq olaram”. Qamçının sapını yəhərin qaşına vurdum, gərək görəydiniz mustanq neylədi! Yerindən sıçrayıb düz altı fut göyə hoppandı, sonra paravoz kimi fınxıra-fınxıra var gücü ilə çapıb düz Kaliforniyaya qaçdı. Yerişinə haram qatmayıbsa, yəqin, indiyə orda olar. Özü də yorğa yerişini bircə dəfə də dəyişmədi, yalan deyirəmsə, lap elə burdaca yerə girim!

Bu əhvalatı Bill heç də bu sayaq sadə danışmamışdı, çünki o danışanda tez-tez qəliz söyüşlər söyür, həm də dalbadal çeynəyir və udurdu, çünki yaman iştahı vardı, özü də ağzı yeməklə dolu olanda danışmaqdan heç utanmazdı. Hamı ona inandı, çünki Bill doğruçu adam şöhrəti qazanmışdı. Orada olanlardan bircə Hinduşka İzi heç nə demədi. Amma deyəsən, hamıdan artıq diqqətlə dinləyirdi, çünki bu söhbət ona yeni plan hazırlamaqda kömək edirdi.

Yeməkdən sonra qəlyanını sümürə-sümürə bu plan barəsində ağıllı-başlı düşündü. Qərara gəldi ki, tək bacara bilməyəcək. Sirrini açıb Nal Billə söylədi. Beləliklə, yorğa mustanqı tutmaq, başqa sözlə desək, rəvayətə görə, həmin at üçün vəd edilən beş min dolları almaq üçün yeni komanda quruldu.

Ceyran bulağı mustanqın sevimli su içdiyi yer olaraq qalmışdı. Suyun səviyyəsi bir qədər düşmüş, qamışlarla suyun arasında enli zolaq əmələ gəlmişdi. Bu zolağın iki yerindən su içməyə gələn heyvanlar cığır açmışdı. Atlar və vəhşi heyvanlar bu cığırlarla gəlməyi xoşlayırdı, mal-qara isə elə birbaşa qamışlar içindən keçib gəlirdi.

Şəriklər ən çox gözəçarpan cığırın qabağında on beş fut uzunluqda, altı fut enində və yeddi fut dərinlikdə çala qazdılar. İyirmi saat dincəlmədən işləməli oldular, çünki mustanqın iki dəfə su içməsi arasındakı vaxtda bu işi qurtarmalı idilər. İş çox ağır idi. Çalanı qazandan sonra üstünü nazik budaqlarla və torpaqla elə ört-basdır elədilər ki, heç seçilmədi. Şəriklər işlərini bitirib bir qədər aralıda özləri üçün hazırladıqları çuxurlarda gizləndilər.

Yorğa mustanq günortaya yaxın su içməyə gəldi. Tək idi, çünki ilxısını tutmuşdular. İzlərə baxanda məlum olurdu ki, atlar ikinci cığırdan az istifadə edirlər, amma Tom ehtiyat üçün onun üstünü qamışla örtüb basdırdı ki, yorğa mustanq həmin bu çala qazılmış cığır ilə gəlsin.

Görəsən, vəhşi heyvanları hansı xeyirxah duyğu qoruyur? Bütün gözlənilənlərin əksinə yorğa mustanq ikinci cığırı seçdi. Sakitcə suya yaxınlaşıb içməyə başladı.

Ovçuların bircə imkanları qalmışdı. Yorğa mustanq ikinci dəfə su içməyə əyiləndə Bets ilə Smit gizləndikləri çuxurdan çıxıb, tez mustanqın arxasına keçib qayıtmaq yolunu kəsdilər. At məğrub başını qaldıran kimi Smit düz onun arxasında tapançadan yerə atəş açdı.

Mustanq məşhur yorğa yerişi ilə düz onun üçün qurulmuş tələyə sarı qaçdı. Bircə saniyə də keçsə, artıq çalaya düşəcəkdi! Odur, mustanq çalanın qazıldığı cığırla qaçır… Ovçular onu tutulmuş hesab edirdilər. At bir azdan əllərində olacaq.

Amma inanılmaz bir iş baş verdi. Yorğa ayğır güclü sıçrayışla çalanın üstündən hoppanıb dırnaqları ilə torpağı eşə-eşə uzaqlarda yox oldu. Elə qaçırdı, deyəsən, bir də Ceyran bulağına qayıtmayacaqdı.

V

Vəhşi Co tədbirli adam idi. Nə olur-olsun mustanqı tutmaq istəyirdi. Başqa adamların da işə girişdiklərini eşidəndə həmin saat planını həyata keçirməyə başladı. Bunun üçün bir üsulu sınamaq istədi. Bu həmin üsuldu ki, çaqqal yeyin qaçan dovşanı qurd isə ceyranı bu üsulla ovlayırdı. Bu qədim üsul “şirnikdirib ovlamaq” adlanır.

Yorğa mustanqın gəzişdiyi yer altmış kvadrat mil sahədən ibarət üçbucaq idi, cənub və şimal tərəfləri çay, qərb tərəfi isə dağlarla əhatə olunmuşdu. Güman edirdilər ki, mustanq bu sərhədlərdən kənara çıxmır, Ceyran bulağı isə onun həmişəlik əsas mənzilidir.

Co bu yerlərə yaxşı bələd idi. Bütün bulaqları və dərələri yoxlamışdı. Əlli yaxşı at tapa bilsəydi, elə düzə bilərdi ki, bütün nöqtələri tutmuş olardı. Amma ixtiyarında cəmi iyirmi yaxşı at və beş yaxşı minici vardı.

Ova iki həftə qalmış atları çovdarla yaxşıca doydurub bəslədilər. Sonra onları irəli göndərdilər və hər miniciyə nə etməli olduğu barəsində ətraflı göstəriş verildi. Atı qovmağa başlamazdan bir sutka əvvəl hamı öz yerini tutmuşdu.

Təyin edilmiş gündə Co furqonla Ceyran bulağına gedib kənarda, kiçik bir dərədə durub gözləməyə başladı.

Nəhayət, cənubdakı qumlu təpələr ardından kömür kimi qapqara ayğır göründü. Tək-tənha, sakit-sakit bulağa endi. Əvvəlcə bulağın dövrəsinə hərlənib havanı qoxladı ki, oralarda düşmən gizlənib-gizlənmədiyini bilsin. Sonra heç bir cığır olmayan yerdən suya yaxınlaşıb içməyə başladı.

Co ona baxır, istəyirdi ki, mümkün qədər çox, çəllək dolusu su içsin. Amma mustanq qayıdıb otlamaq istəyirdi ki, Co atını məhmizlədi. Mustanq ayaq tappıltısı eşidib minicini gördü və çapıb uzaqlaşdı.

Düzənliyə çıxıb cənuba döndü. Məşhur yorğa yerişi sürətini bir balaca azaldırdı, amma qumluq təpələrin arasında var gücü ilə sanki uçurdu və onunla qovanın arasındakı məsafə getdikcə artırdı.

Düzənlikdə Conun atı sürətini bir qədər artırıb itirdiyi məsafəni azca qazansa da, sonra uzun eniş başlandı. Burada at var gücü ilə qaçmağa cürət etməyib yenə geri qalmağa başladı.

Co qamçı və mahmıza güc gəlib atını yorğa mustanqın ardınca qovmaqda idi. Bir mil… İki mil… Üç mil… Budur, artıq uzaqlarda Arriba qayaları görünür.

Orada Conu təzə atlar gözləyirdi, o da var gücü ilə atını çapdı. Amma yorğa mustanqın gecə zülməti kimi qapqara yalı küləkdə dalğalana-dalğalana getdikcə ondan daha da uzaqlaşırdı.

Nəhayət, Arriba dərəsinə çatdılar. Keşikçi kovboy orda gizləndi və mustanq yaxınlığından ötüb keçdi. Külək kimi sürətlə əvvəlcə aşağı, sonra yoxuş yuxarı çaparaq yorğa yerişini dəyişmədən ötüb getdi.

Co təzə ata sıçrayıb əvvəlcə üzüaşağı, sonra yoxuş yuxarı çapdı. Atını dalbadal mahmızlaya-mahmızlaya hey çapır, çapır, amma aradakı məsafəni bircə addım da qısalda bilmirdi.

Atların ayaqları gum-gum gumbuldayırdı. Bir saat, iki saat, üç saat keçdi, irəlidə artıq Alamozo görünürdü, burada Conu yemək gözləyirdi. O öz atını hayladı, çığır-bağırla qızışdırmağa çalışdı. Qara ayğır elə nəzərdə tutulan yerə sarı çapırdı, amma ora iki mil qalmış, sanki qəribə duyğu ilə birdən-birə sola döndü. Mustanqın əldən çıxdığını görən Co taqətdən düşmüş atını qamçılayıb çalışdı ki, necə olur-olsun ovunu köməkçilərinə tərəf döndərsin. Bu çox çətin çapaçap idi. Conun nəfəsi tutulurdu, hər sıçrayışında yəhərin qayışı cırıldayırdı. Mustanqı qabaqlamağa çalışaraq sanki ona çatırdı. Tapançasını çəkib mustanqın qabağında toz qaldırmağa çalışaraq dalbadal güllə atmağa başladı və nəhayət, onu sağa, keçidə sarı dönməyə məcbur etdi. Çayın sahilinə endilər. Mustanq çaparaq yoluna davam etdi, Co isə atdan sıçrayıb düşdü. Atı artıq tamamilə yorulmuş, otuz mil çapmaq onu taqətdən salmışdı. Co özü də ondan yaxşı vəziyyətdə deyildi. Yandırıcı tozdan gözləri qızarmışdı. Demək olar, heç nə görmürdü, əli ilə Toma işarə edib qışqırdı ki, mustanqı Alamoza çayının keçidinə sarı qovsun.

Yeni atlı təzə, qüvvətli atın belində təpəli düzənlikdə aşağı-yuxarı çapmağa başladı. Qara ayğır isə ondan irəlidə sürətlə qaçırdı. Bütün bədənini ağappaq köpük basmışdı. Bərkdən töyşüməsi və böyürlərinin şiddətlə enib-qalxması halının çox yaxşı olmadığını açıq-aşkar göstərirdi. Amma hələ də qaçmaqda davam edirdi…

Əvvəlcə Tom sanki məsafəni xeyli qısaltmağa nail oldu, amma sonra yenə geri qalmağa başladı. Elə bu zaman Alamozonun sahilində başqa minici təzə atın belində onu əvəz elədi. Qara ayğırla onu təqib edən atlı əvvəlcə qərbə dönüb baybakların məskəninin yanından, adamın üst-başına ilişib qopardan tikanlı kollar və kaktusların arası ilə çapdılar.

Qara ayğırın rəngi tozdan və tərdən dönüb kəhər olmuşdu, amma yorğa yerişi əsla dəyişməmişdi. Onu qovan gənc minici Kerinqton atını elə əvvəlcədən yormuşdu. Qara ayğırın yanından ötüb keçdiyi kiçik yarğanın üstündən atını hoppandırmaq istəyəndə azacıq yanlış hərəkət nəticəsində at qarışıq aşağı yumalandı. Cavan oğlan sağ qalsa da, at oradaca öldü. Vəhşi qara ayğır isə çaparaq uzaqlaşdı.

Bu əhvalat Qaleqonun yaxınlığında baş verdi. Burada artıq dincəlmiş Co gözləyirdi. Aradan yarım saat keçməmişdi ki, o yenə də yorğa ayğırı qovmaqda idi.

Uzaqlarda, qərbdə Karlos dağları görünürdü. Orada Conu təzə atlar və adamlar gözləyirdilər. Bunu bildiyindən yorulmaq bilməyən atlı yorğanı qərbə göndərmək istəyirdi. Amma ayğır öz ani xəyalına, bəlkə də, daxili duyğusuna uyub birdən-birə şimala döndü. Conun bütün məharəti nəticə vermədi. O, amansızca qovur, çığırıb-bağırır, atəş açır, amma qara quyruqlu ulduza bənzəyən ayğır eniş aşağı sürətlə çapırdı. Conun da onun ardınca sürməkdən başqa çarəsi qalmamışdı.

Burada qovhaqovun ən çətin, ən əzablı hissəsi başlandı. Mustanqa qarşı sərt olan Co öz atına qarşı daha da sərt idi. Günəş aman vermədən yandırırdı, qızmış düzənin üzərini boğucu bürkü bürümüşdü. Duzlu və yandırıcı tozdan Conun gözləri acışırdı, dodaqları çatlamışdı. Ov isə hələ də davam edirdi. Uğurun bircə yolu vardı. Bu da mustanqı geriyə, Alamozo çayının böyük keçidinə sarı qovmaqdan ibarət idi.

Qovduğu müddətdə ilk dəfə olaraq Co qara ayğırda yorğunluq əlamətləri gördü. Atın quyruğu ilə yalı daha əvvəlki kimi dik qalxıb dalğalanmırdı. Onları ayıran yarım millik məsafə yarıya qədər azalmışdı. Amma qara ayğır yenə də irəlidə idi və dəyişməz yorğa yerişi ilə qaçır, hey qaçırdı.

Aradan bir saat keçdi, iki saat keçdi; ayğır isə hələ də qaçmaqda idi. Amma artıq düz xətdən dönmüşdülər. Axşamçağı düz on iki mil çapdıqdan sonra Alamozo çayının böyük keçidinə yaxınlaşırdılar. Qovmağı Co özü davam etdirmək istəyirdi. Buna görə də gözləməkdə olan təzə atın belinə sıçrayıb çapmağa başladı.

Onun qoyub getdiyi at boğula-boğula suya sarı gedib o qədər içdi ki, axırda yıxılıb öldü.

Co bir qədər ləngidi ki, bəlkə, qara ayğır da özünü suya toxuya. Amma ay oldu ha! Ayğır cəmi bircə udum su içib çayı yara-yara o biri sahilə keçdi. Co dabanbasdı ardınca çapdı. Onlar gözdən itməmişdən bir az əvvəl keçidin yaxınlığındaki kovboylar gördülər ki, aralarındakı məsafə xeyli azalıb, Conun atı hər sıçrayışında qara ayğıra yaxınlaşır…

Ertəsi səhər Co düşərgəyə piyada qayıtdı. Başına gələn əhvalat qısaca belə idi. Səkkiz at ölmüş, beş adam tamamilə taqətdən düşmüşdü, amma misilsiz yorğa mustanq əvvəlki kimi azad idi.

– Daha burda heç nə eləmək olmaz! Qovub ona çatmaq mümkün deyil. Hayıf ki, əlimdə imkan ola-ola, murdar dərisini güllə ilə dəlmə-deşik eləmədim! – deyən Co qara ayğırı tutmaq cəhdindən əl çəkdi.

VI

Bu axırıncı səfər zamanı aşpaz yenə də qoca Hinduşka İzi idi. Başqaları kimi o da bu qovhaqovu maraqla izləyirdi. Conun əli boşa çıxanda acı-acı gülüb gözünü qazana zillədi və öz-özünə mızıldandı:

– Bu mustanq mənim olmasa, lənətə gəlim!

Yorğa mustanq daimi qovulmaqdan lap vəhşiləşmişdi. Amma həmişəki Ceyran bulağına gəlməkdən əl çəkmirdi. Bu, ətrafı tamamilə açıq olan yeganə bulaq idi. Bir mil qədər ətrafda düşmən üçün gizlənməli yer yox idi. Mustanq bura hər gün günortaya yaxın gəlir, yalnız ətrafda təhlükəli nəsə olmadığını yəqin edəndə bulağa yaxınlaşırdı.

İlxısı əldən çıxandan sonra bütün qışı tək yaşadı. Qoca Hinduşka İzi bunu yaxşı bilirdi və haqq-hesabını da buna görə qurmuşdu. Dostlarının birində gözəl kürən madyan var idi. Özü ilə möhkəm at cidari, bel, ehtiyat üçün kəmənd və yoğun bir paz götürən qoca aşpaz həmin madyanı yəhərləyib bulağa gəldi.

Onun gəlişindən ürkən bir neçə ceyran qaçıb uzaqlaşdı. İnəklər otların arasında yatmışdılar, torağay nəğməsi ətrafa yayılırdı. Bu düzənliklərdə qarsız, açıq havalı qış ötüb keçmişdi, bahar iti addımlarla yaxınlaşırdı.

Tom bəstəboy kəhər madyanı otlamağa buraxdı. O, tez-tez başını qaldırıb uzun-uzun kişnəyir, sanki kimisə çağırırdı.

Qoca Hinduşka İzi küləyin hayandan əsdiyini yoxlayıb ətrafına göz gəzdirdi. Budur, onun köməyi ilə qazılmış çala hələ də dururdu. Üstü açılmış, içi qoxumuş su ilə dolmuşdu. Gölməçədə baybak və siçan leşləri görünürdü.

Aşpaz hamar, yaşıl çəmənliyin yanında bir qamış kolunu bəyənib orada pazı yerə vurdu. Sonra gizlənmək üçün kifayət qədər böyük çala qazıb yorğanını dibinə sərdi.

Bəstəboy kəhər madyanın cidarını o qədər qısaltdı ki, azacıq hərəkət edə bilərdi. Sonra kəməndi yerə sərib bir ucunu yerə vurduğu qalın paz dirəyə bağladı və üstünü torpaqla, otla basdırdı. İşini bitirib yuvasına girdi.

Günortaya yaxın kəhər madyan çağırtısına, kişnərtəsinə axır ki, cavab aldı. Günbatan tərəfdəki təpəni eynən buna bənzər kişnərti eşidildi və göyün fonunda qaralan məşhur mustanq peyda oldu.

Qara ayğır azacıq yırğalanan yorğa yerişi ilə yaxınlaşır, amma tez-tez durub şübhə ilə ətrafı nəzərdən keçirir və madyanın kişnərtisinə səs verirdi. Madyanın səsi, yəqin ki, ürəyinə yol tapmışdı. Ayğır yaxınlaşıb bir də kişnədi, amma qəfil şübhəli qoxu alıb ürkdü, böyük bir dövrə vurdu. Elə bu vaxt kəhər madyan yenə kişnədi. Mustanq bir dövrə də vurub madyana yaxınlaşdı və kişnədi. Madyanın cavabı, yəqin ki, bütün qorxuları yadından çıxardı və qəlbi coşdu.

Ayğır məşhur yerişlə Solliyə – kəhər madyana o qədər yaxınlaşdı ki, onunla burun-buruna gəldi. Elə bu vaxt bir anlığa dal ayağını yerə vuranda kəməndin məlun ilgəyinə keçdi. Tom cəld ipi çəkdi, ilgək yığıldı və mustanq tələyə düşdü. O dəhşətə gəlib dik havaya sıçradı, amma Tom bundan istifadə edib ipi elə çəkdi ki, ayğırın qüvvətli dırnaqlarına ilan kimi iki dəfə sarıldı.

Qorxu ayğırın gücünü ikiqat artırdı. O bir də sıçradı, amma kəndir onu möhkəm tutmuşdu. Ayğır aciz halda məğlub olub yerə sərildi.

Qoca Tomun kafir, donqar vücudu çaladan çıxdı və o, təbiətin bu gözəl məxluqu üzərindəki qələbəsini daha da möhkəmləndirməyə tələsdi. Ayğırın gücü-qüvvəti bu cılız, zəif qocanın ağlı, icadkarlığı qarşısında aciz qaldı. Mustanq azadlığa çıxmaq üçün fınxıra-fınxıra var gücü ilə əlləşir, amma bütün cidd-cəhdi boşa çıxırdı. Kəndir onu möhkəm tutmuşdu.

Tom ikinci kəməndi məharətlə atıb mustanqın qabaq ayaqlarını da sarıdı. Sonra ayğırın ayaqlarını bir-birinə bənd elədi. Bir dəqiqə sonra o coşqun heyvan əl-qolu bağlanmış, aciz, ətlik donuz leşi kimi sərilib qalmışdı.

Bədbəxt ayğır hələ xeyli çapalasa da, axırda taqətdən düşüb qaldı. Bütün bədəni hönkürürmüş kimi əsim-əsim əsirdi. Gözlərindən isə yaş axırdı.

Tom durub ona baxır, qoca kovboyun qəlbində nəsə qəribə hisslər oynayırdı. Təpədən-dırnağa qədər əsirdi, ömründə birinci dəfə kəmənd atıb ilk öküzü tutduğundan bəri belə şey hiss etməmişdi. İndi də bir neçə dəqiqəliyə yerindən tərpənə bilmədi. Eləcə durub gözəl əsirini seyr edirdi.

Amma bu duyğu tezliklə keçib getdi. Tom belə məşum rol oynamış madyanı yəhərlədi, yeni kəmənd götürüb mustanqın boynuna keçirdi. Madyanı ayğırın yanına çəkdi. Mustanqın bundan belə sahibi vardı.

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
160 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu yazarın diğer kitapları