Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Loqo», sayfa 3

Yazı tipi:

İndi mustanqı evə aparmaq qalırdı. Tom kəndirləri açdı. Mustanq bunu hiss edib özünü azad bildi və ayağa qalxıb sıçradı, amma həmin saat yerə sərildi. Qabaq ayaqları bir-birinə möhkəm bağlanmışdı, ancaq xırda-xırda, hoppana-hoppana hərəkət edə bilərdi. Qaçmaq istəyəndə qoşa bağlanmış qabaq ayaqları ona mane olur, yerə yıxırdı. Tom madyanına minib mustanqı yedəyində aparmaq istədi. Ayğırı dartır, haylayır və yeriməyə məcbur etmək istəyirdi. Amma inadkar, qəzəbli, bütün bədənini köpük basmış mustanq ona tabe olmaq fikrində deyildi. Ayğır vəhşi-vəhşi kişnəyir, qəzəblə fınxırır, quduzcasına sıçrayır, azadlığa çıxmağa cəhd edirdi.

Bu mübarizə uzun, amansız mübarizə idi. Mustanqın parlaq böyürləri qana bulanmış köpükdən tutqunlaşmışdı. Dəfələrlə yıxıldığından apardığı nəticəsiz mübarizədən elə taqətsiz hala düşmüşdü ki, bütün günü qovulanda da heç belə olmamışdı. Hər nə qədər o tərəf-bu tərəfə sıçrasa da, getdikcə bu sıçrayışları zəifləyir, burun pərələrindən qanlı köpük gəlirdi. Amansız, hökmran, sakit görünən qalib ovçu isə onu haylaya-haylaya irəli getməyə məcbur edirdi.

Hər addım üçün mübarizə edə-edə eniş aşağı enib aşağılarda geniş dərəyə gedən cığırın başına çatmışdılar. Yorğa ayğırın əvvəlki oylağının şimal sərhədi buradan keçirdi. Buradan çəpər və ranço görünürdü. Tom sevinirdi, amma mustanq azadlığa qovuşmaq üçün qalan bütün gücünü toplayıb yoxuşa dırmaşmağa başladı. Kəndirin bədəninin kəsməsinə, onu dayandırmaq üçün son ümidlə atılan güllələrə əsla fikir vermədən getdikcə yuxarılarla dırmaşırdı.

Mustanq yuxarı dırmaşa-dırmaşa gəlib sıldırım qayanın üstünə çıxdı. Oradan aşağı, uçuruma atıldı və iki yüz fut yumalana-yumalana gedib daşlara dəyib tələf oldu. Ora düşüb cansız, amma azad qaldı.

MARAL İZİYLƏ

I

Hava çox isti idi. Quş ovuna çıxmış Yan ucsuz-bucaqsız pöhrəlikdə gəzişirdi. Günəş şüaları bataqlıqlı nohurlardakı suyu qızdırmışdı. Yan sərin su içmək üçün İzlər bulağına yönəldi, sərin su ancaq burda olurdu.

Bulağın kənarında yumşaq gildə aydın seçilən xırdaca və gözəl dırnaq izi diqqətini cəlb elədi. Yan əvvəllər heç vaxt belə iz görməmişdi. Ancaq bundan yaman ləzzət aldı, çünki bunun vəhşi maral izi olduğunu həmin saat bildi.

Yerli adamlar Yana demişdilər ki, bu təpələrdə daha maral olmur.

Amma ilk qar düşəndə Yan bulağın kənarında gördüyü maral izini yadına salıb sakitcə tüfəngini götürdü və öz-özünə dedi: “Bu maralı vurmayınca təpələri hər gün gəzəcəyəm”.

Yan ucaboylu, möhkəm bədənli on səkkiz yaşında gənc idi. Hələ əsl ovçu sayılmırdı, amma yaman zor yol gedən, inadkardı.

Hər gün maral axtara-axtara təpələrə dırmaşır, qarın içi ilə on kilometrlərlə yol gedirdi. Bununla belə axşam daxmasına qayıdana qədər heç bir maral izinə rast gəlmirdi.

Amma dözümlü olmaq hər şeyə üstün gələr. Yan cənub təpələrində uzun müddət gəzəndən sonra axırda maral izlərinə rast gəldi. Bunlar zorla seçilən çoxdankı izlər idi. Amma şübhəsiz, maral idi. O, yayda olduğu kimi yenə sevindiyindən uçur, “Bu izlər məni aparıb marala çatdıracaq” – düşünürdü.

Əvvəlcə maralın hansı tərəfə qaçdığını dürüst təyin edə bilmədi. Sonra diqqətlə baxıb gördü ki, izin bir tərəfi o biri tərəfindən dərindir və düzgün olaraq bu qərara gəldi ki, dərin izlər dırnağın qabaq tərəfini göstərir. Bundan başqa o gördü ki, təpəyə qalxdıqca izlər arasındakı ara azalır. Axırda qum üzərində gördüyü tamamilə aydın izi bütün şübhələrinə son qoydu.

Yan coşqun həyəcan ilə saçlarının dibində qəribə sancı duyaraq izi tutub qaçmağa başladı.

Maral izləri getdikcə daha aydın görünürdü. Yan bütün gün bu izlərlə qaçdı. Gecə yaxınlaşanda həmin izlər onu daxmasının yaxınlığına gətirib çıxardı. İndi izlər onun tanıdığı yerlərdən – taxta doğrayan zavodun arxasından, Mitçelin otlağından keçib, nəhayət, qalın qovaq meşəsinə dönürdü.

Gecə düşdüyünə görə Yan maralı təqib etməkdən əl çəkməli oldu. Daxmasından vur-tut yeddi mil aralı idi və bir saatdan sonra gəlib evə çatdı.

Səhər yenə də izi axtarıb tapdı, amma iş bir qədər çətinləşmişdi. Əvvəlki izin əvəzinə Yan cürbəcür istiqamətlərdə bir-birinin üstündən keçən çoxlu yeni iz gördü. Ancaq yenə bəxtəbəxt irəli yüyürdü, nəhayət, tamamilə yeni iki izə rast gəldi və dünənkindən daha böyük inamla maral axtarmağa başladı.

Başını qaldırmadan, diqqətlə izləri yoxlayırdı. Buna görə də kiçik bir talada birdən-birə qabağında iki yekəqulaq, boz heyvan görəndə yaman təəccübləndi. Bu heyvanlar onu görən kimi qaçıb uzaqlaşdılar. Təpəyə çatanda dönüb Yana baxmağa başladılar.

Yan görməkdən daha çox onların gözlərindəki qorxaq ifadəni hiss edib yerində ayaq saxlamalı oldu. Ovçu qabağındakı heyvanları tanıdı. Axı o neçə həftə idi ki, bu görüşü böyük həvəslə gözləyirdi. Bununla belə yenə də görüş sanki gözlənilməz oldu. Bütün planları bir anda yoxa çıxdı və heyran-heyran yerində donub qaldı.

Yanın köksündən yavaşca inilti qopdu:

– A-a-ah!

Marallar üzlərini ondan çevirdilər, amma Yana hələ də elə gəlirdi ki, onların baxışlarını hiss edir.

Marallar atılıb-düşməyə başladı. Sanki əylənirdilər. Elə bil Yanın orda olduğunu tamam yaddan çıxarmışdılar və dırnaqları yerə dəyən kimi adama elə gəlirdi ki, heç bir qüvvə sərf etmədən, altı-yeddi fut hündürlüyə hoppanırlar. Yan hərəkətsiz dayanıb bu yüngül, boz heyvanların qəribə oyunlarına heyran olmuşdu. Hərəkətlərində nə qorxu, nə tələsiklik duyulurdu. Yan fikrindən keçirdi ki, onlar qaçıb gedənə qədər durub tamaşa eləsin. Öz-özünə düşünürdü: “Axı əvvəl-axır qorxub ürkəcəklər və köhnə ovçuların uzun-uzadı bəhs etdikləri o nəhəng sıçrayışlarının şahidi olacağam”.

Maralların kölgələrinin getdikcə tutqunlaşdığını görən Yan başa düşdü ki, artıq qaçıb uzaqlaşırlar.

Marallar təpənin getdikcə daha yuxarılarına dırmaşırdılar. Qayanın dik yerindən ötəndə bədənləri zərif şəkildə büküldü. Bəzən qarşılarına yarğan çıxanda və yarğanın üstündən hoppanmaq lazım gələndə bu qanadsız quşlar sanki havada süzürdülər.

Marallar yox oluncaya qədər Yan gözlərini onlardan çəkə bilmədi. Marallara güllə atmaq heç xəyalından da keçmirdi.

Marallar gözdən itəndən sonra heyvanları ilk dəfə gördüyü yerə gəldi. Qarın üstündə maralların dırnaqlarının izi görünürdü, amma bu izlər sonra birdən-birə yox olurdu. Bəs sonrakı izlər necə olub? Yan ətrafı nəzərdən keçirdi və təəccüblə gördü ki, bir izlə o biri izin arasında on beş futa qədər məsafə var. Uzaqlaşdıqca bu məsafə daha da artır və izlər bir-birinin ardınca on səkkiz, iyirmi, iyirmi beş, hətta otuz fut qədər aralı olurdu. Qüvvə sərf etmədən bu şən sıçrayışlar on beş futdan otuz futa qədər olurmuş.

Yox, marallar əsla qaçmırdılar, onlar uçurdular, zərif dırnaqları ancaq hərdənbir təpələrin zirvəsinə toxunurdu.

Yan öz-özünə pıçıldadı:

– Çox şadam ki, qaçıb gözdən itə bildilər. Bu gün elə bir mənzərənin şahidi oldum ki, yəqin, heç kəs heç vaxt belə şey görməyib.

II

Ertəsi gün səhər Yanın qəlbində yenə ovçuluq həvəsi oyandı.

O öz-özünə dedi: “Yenə həmin təpələrə getməli, o izləri tapmalı, ov tulasına dönməliyəm. Fərasətimlə onların fərasətini, gücümlə onların gücünü tutuşdurmalıyam, onların sürətinə üstün gəlmək üçün isə tüfəngim var”.

Ah, ucsuz-bucaqsız enişli qumluqlar, göllər, meşələr və çəmənlərlə əhatə olunmuş bu təpələr nə qədər gözəl idi! Küləyin əsməsində həyatın nəfəsi duyulurdu. Yanın qəlbi həyat eşqi ilə dolu idi. Axı o çox gənc, möhkəm və sağlam idi.

Yan öz-özünə deyirdi: “İndi həyatımın ən yaxşı illəridir. Axı bu günlər ömrümün qızıl günləridir!”

Yan bütün günü canavar kimi yortma yerişlə təpələrə dırmandı, dərələrə endi, yolda ağ dovşanları, kəklikləri ürkütdü, gözlərini qar örtüyündən ayırmadan maral ləpiri axtara-axtara hey gəzdi. Amma çovğun başlamış, bütün izləri silib-süpürmüşdü. Yan sonrakı iki günü də təpələri gəzdi. Amma ləpirə rast gəlmədi.

Həftələr gəlib keçdi. Yan qarla örtülü təpələrdə çox-çox soyuq günlər, şaxtalı gecələr keçirməli oldu. Bəzən o, maral izinə rast gəlirdi, amma sonrakı axtarışları nəticə vermirdi. Bomboş təpələri gəzə-gəzə meşənin dərinliklərinə gedib çıxır, meşəqıranların söhbətlərini dinləyirdi. Gəzintilər, axtarışlar müddətində yalnız bir dəfə ədalı sıçrayışlarla təpəyə dırmaşan maralın kölgəsini görə bilmişdi. Amma o ətrafda danışırdılar ki, guya ağacdoğrayan zavodun arxasındakı meşədə nəhəng maral peyda olub. Yan dəfələrlə həmin maralın izinə rast gəlmiş, amma özünü görə bilməmişdi.

Uzun, aramsız təqibdən qorxuya düşmüş marallar o qədər ayıq, ürkək olmuşdular ki, uğurlu ovu heç xəyala da gətirmək olmazdı. Ov mövsümü axıra çatsa da, Yan heç bir müvəffəqiyyət qazana bilmədi. Ruhdan düşmüşdü, ovda ən başlıca sevdiyi təbiətə qovuşmaq idi. Təpələrdə gəzmək daha çox xoşuna gəlirdi. Bu nəhayətsiz ovun hər günü onun üçün şən, bayramsayağı gəzintiyə çevrilmişdi.

III

Aradan bir il keçdi, yeni ov mövsümü gəlib çatdı. Yan qəlbində yenə də ovçuluq həvəsinin oyandığını hiss etdi. Ətrafda yayılan şayiələr bu həvəsi daha da artırırdı.

Deyirdilər ki, təpələrdə nəhəng maral məskən salıb. Onu Qumlu təpə maralı çağırırdılar. Böyüklüyü, sürəti, başındakı nəhəng, bürüncdən tökülmüş kimi parıldayan buynuzları barəsində çox söz-söhbət gəzirdi.

Buna görə də təəccüblü deyil ki, ilk qar yağan kimi Yan qızışdırıb yoldan çıxardığı yoldaşlarını da götürüb ova çıxdı. Kirşə ilə Şamlı təpəyə qədər gəldilər, orada axşam, gün batanda görüşmək şərti ilə bir-birindən ayrılıb hərəsi bir tərəfə yönəldi.

Təpənin ətrafında kolluqlarda çoxlu dovşan və kəklik var idi. Buna görə də hər dəqiqə tüfəng səsləri eşidilirdi. Amma maral izi görünmürdü. Yan meşədən çıxıb Kennedi dərəsinə tərəf yönəldi. Deyilənə görə, nəhəng maralı bu yaxınlarda orada görmüşdülər.

Bir neçə mil gedəndən sonra Yan, doğrudan da, qarda çox dərin iz salmış iri ləpirlərə rast gəldi. Amma sıçrayışlar yaman sıçrayışlar idi! Yan həmin saat başa düşdü ki, bu izlər barəsində bu qədər söz-söhbət yayılmış həmin o Qumlu təpə maralının izləridir.

Ovçu birdən-birə qüvvətinin artdığını hiss etdi. Canavar kimi izi tutub cumdu. Əvvəllər də duyduğu kimi saçlarının dibində bir sancı hiss etdi, amma indi bu sancı daha şiddətli idi. Yan düşünürdü ki, ov ardınca qaçan canavar da belə bir şey hiss edir. Buna görə də boynunun tükləri biz-biz olur.

Yan hava qaralana qədər izlə getdi. Geri qayıtmaq vaxtı idi. Şamlı təpə çox-çox uzaqda, arxada qalmışdı. Yan fikirləşdi ki, yoldaşları, yəqin, onu bu qədər gözləməzlər. Bu fikir onu əsla narahat etmədi. Ayaqları dəmir möhkəm, özü də ən yaxşı ov tulası kimi dözümlü idi. Bütün günü ov edə bilər, evə qayıdanda əsla yorğunluq duymazdı.

Yoldaşlarının çıxıb getdiklərini düşünəndə Yan hətta tamamilə azad hiss etdiyi üçün sevindi də. Yoldaşları yəqin etdi ki, uzun və yorucu yolu piyada gedəcəyini düşünüb halına yanırdılar. Amma bilmirdilər ki, Yan özünü bu tənha təpəliklərdə xoşbəxt hiss edir.

Düzdür, Yan üzü soyuq küləyə yeriyirdi, amma qəlbində sağlam gəncliyin parlaq atəşi yanırdı. Bu gəzintilər zamanı xoşbəxt idi, özü də bunu dərk edirdi. İndi kirşədə soyuqdan əsə-əsə evə qayıdan və onun halına yanan yoldaşlarını yadına salıb ixtiyarsız gülümsündü.

Ah, bu gün Kennedi dərəsində gözəl qürub çağını seyr etmişdi! Qarın üstünə atəş rəngi səpələnmiş, uca qovaqlar əlvan zərli tüllərə bürünmüşdü. Ala-qaranlıq çöküb günəş səmada görünəndə meşədə gəzişmək nə qədər xoşdur!

Yan öz-özünə təkrar edirdi: “Bu günlər həyatımın ən gözəl günləridir!”

Şamlı təpəyə yaxınlaşanda Yan səsini uzada-uzada bərkdən çağırdı:

– Ur-r-ra-a-a!

Öz-özünə düşündü: “Bəlkə də, yoldaşlarım hələ ordadırlar?” Amma əslində, varlığını bürüyən həyat məhəbbətini bildirmək üçün qışqırmışdı.

Yoldaşlarının səsi əvəzinə uzaqdan qurdların ulaşmasını eşitdi. Yan onları cırnatmaq üçün qurd kimi uladı. Qurdlar da xorla cavab verdilər. Bu dəfə Yan diqqətlə dinləyib başa düşdü ki, qurdlar sürü halında yığışıb izə düşüblər. Onlar, adətən, ov dalınca düşüb qovanda belə ulaşır.

Ulaşma səsləri getdikcə yaxınlaşırdı. Meşə bu səsləri əks etdirirdi. Birdən-birə Yanın ağlına batdı: “Deyəsən, mənim izimə düşmüsünüz! Mənim dalımca gəlirsiniz!”

Yanın getdiyi cığır kiçik bir talanın içindən keçirdi. Yan talanın ortasına çıxıb qarın içində oturdu, bərq vuran tüfəngini əlinə aldı. Kəmərində patronları parıldayırdı. Qəlbində yeni, qəribə duyğu oyanmışdı.

Meşənin içərisindən bərk ulaşma səsi gəlir, getdikcə yaxınlaşırdı. Birdən ulaşma səsi dəyişdi, sonra birdən-birə kəsildi, Ay işıq saçırdı. Gündüz kimi aydınlıqdı. Qurdlar, yəqin ki, Yanı görmüş, ağacların kölgələrində gizlənə-gizlənə, tala uzunu getmişdilər. Əvvəlcə sağdan şaqqıltı, sonra soldan boğuq diş qıcırtısı eşidildi, sonra yenə sükut çökdü.

Yan başa düşdü ki, əhatə olunub. Qurdlar ağacların dalında gizlənib onu güdür. Ha diqqətlə baxıb nişan almaq istəsə də, bir şey görə bilmədi. Qurdlar ağıllı idi və gözə görünmürdülər. Yan da ağıllı idi, o da sakit oturmuşdu. Qaçsaydı, qurd sürüsü üstünə cumacaqdı.

Yəqin ki, sürü çox böyük deyildi və hərbi şurasında qərara alınmışdı ki, Yana toxunmasınlar. Yan iyirmi dəqiqə gözləyəndən sonra ayağa qalxıb evə yönəldi. Evə yaxınlaşanda düşündü: “Bəli, indi bilirəm ki, maral arxasınca addım səsləri və ayağa çəkilən tüfəng şaqqıltısı eşidəndə nələr duyurmuş”.

Yan qumlu təpələrdə çox şaxtalı günlər, sərt ayazlı gecələr keçirməli oldu. Bu yerləri ən xırda təfsilatına qədər öyrənmişdi. Maralların nə üçün kolluqlardan uzaq gəzdiklərini, izlərinin palıd ağacları yaxınlığında nə üçün belə çox olduğunu başa düşmüşdü. Qurumuş qamışın qara sarı əyiləndə nələr pıçıldadığını, müşklü siçovulun buz altında necə yaşadığını, samurların dağlardan nə üçün yumalana-yumalana endiyini və şaxtalı gecələrdə buz çatlayıb cingildəyəndə nələr söylədiyini bilmişdi. Dələlər ona şam qozalarının qabığını soymağı, hansı göbələkləri qorxmadan yemək mümkün olduğunu öyrətmişdilər. Kəkliklərdən nə üçün qar içində yatdıqlarını, tülküdən isə ayaqlarını nə üçün belə dümdüz qoyduğunu, şələ quyruğunun nəyə lazım olduğunu öyrənmişdi.

Bütün gölləri, meşələri, təpələri yoxlamış, araşdırmışdı. Meşənin minlərlə sirrini öyrənmiş, amma maral hələ də əlinə keçməmişdi.

Yan yüz millərlə dolama-dolaşıq cığırlardan keçmiş, hərdən maral izlərinə rast gəlmiş, hərdən onları itirmişdi. Bütün bu gəzintilər müddətində dəfələrlə nəhəng Qumlu təpə maralının izinə də rast gəlmişdi.

IV

Ov mövsümü sona çatmaqda idi. Bir gün şaxtalı səhər çağı Yan böyük şam meşəsinə yönəldi. Yolda bir meşəqırana rast gəldi. O dedi ki, meşədə bir dişi, bir də “başında yekə bir yelləncək-kreslo” olan nəhəng erkək marala rast gəlib.

Yan meşəqıranın göstərdiyi yerə getdi və doğrudan da, çox keçmədən heyvanların izini tapdı. Bu izlərdən biri vaxtilə Yanın bulaq yaxınlığında gördüyü həmin izi xatırladırdı. O biri iz isə yekə idi və yəqin ki, Qumlu təpə maralının izi idi.

Yanın qəlbində yenə də vəhşi heyvan hissləri oyandı, ov qoxusu almış qurd kimi ulamaq istədi.

İzlər meşələrdən, təpələrdən keçib gedirdi, Yan da, daha doğrusu, canavara dönmüş ovçu da çaparaq bu izlərə cumurdu.

Marallar bütün günü yem axtara-axtara hərlənib yerlərini dəyişdilər və yalnız arabir durub suyu əvəz edən qardan azca yeyirdilər.

Yan bütün günü bu izlərlə qaçaraq gedir və dəqiq müşahidəçiliklə hər xırda şeyi qeyd edirdi. İzlərdən görüldüyünə görə maralların hələlik heç bir şeydən qorxub şübhəyə düşmədiklərinə sevinirdi. Yan artıq paltarını çıxarıb və ona mane olan artıq şeyləri atıb səssizcə irəli, daim irəli yeriyirdi.

Birdən-birə uzaqlarda, kolların arasında nəsə görünüb yox oldu. Yan gizlənib diqqətlə baxa-baxa öz-özünə dedi: “Bəlkə, quşdur?” Nəhayət, kolların bozumtul fonunda ucunda iki düyün-düyün budaq olan boz şalban gördü. Ancaq birdən yenə də nəsə görünüb yox oldu. Şəklənmiş qulaq tərpəndi, quru budaqlar silkələndi. Bunu görən Yan titrəməyə başladı. O saat aydın oldu ki, kolların arasından görünən bozumtul ləkə maraldır – özü də Qumlu təpə maralı!

Nə qədər əzəmətli, nə qədər diribaş idi! Yan ona heyran-heyran, həyəcanla baxa-baxa qalmışdı.

Maral dincələndə, heç bir təhlükədən şübhələnməyəndə ona güllə atmaq cinayət olardı. Amma Yan aylar uzunu bu görüşü gözləmişdi. Atıb-vurmalı idi.

Qəlbindəki həyəcan getdikcə artırdı və Yanın əsəbləri buna dözmədi: qaldırdığı tüfəng əllərində əsdi, yaxşı nişan ala bilmədi. Nəfəsi təngləşir, demək olar ki, boğulurdu. Yan tüfəngi aşağı endirdi. Bütün bədəni əsirdi. Aradan bir an keçdi, Yan bir qədər özünə gəldi. İndi daha əlləri əsmir, gözləri hədəfi yaxşı görürdü. Axı niyə belə həyəcanlanır? Qarşısındakı adi maraldır da!

Amma elə bu vaxt maral başını çevirdi. Yan onun dalğın gözlərini, iri qulaqlarını və burun pərələrini aydın gördü. Maralın gözləri Yanın gözlərinə sataşanda elə bil heyvan ona dedi: “Yəni məni öldürəcəksən?” Yan yenə də özünü itirdi. Bütün bədəni uçundu. Bilmirdi ki, bu yalnız “ovçu titrəməsi”dir. İndi bu duyğuya nifrət edirdi, amma sonralar hörmətlə yanaşmağı öyrəndi.

Yanın daxilindəki canavar duyğuları, nəhayət, onu güllə atmağa məcbur etdi.

Güllə boşa çıxdı! Maral yerindən sıçradı. Yanında dişi maral da göründü. Yan bir də atdı, bir də, bir də. Amma marallar artıq alçaq təpələrin arası ilə kölgə kimi görünüb yox ola-ola bərk qaçırdılar.

V

Yan hələ bir müddət qaçan maralların izi ilə onları qovdu. Maralları heç yaralaya da bilməmişdi – ləpirlərində qan izi yox idi. Bir mil yol gedəndən sonra Yan təzə izə – mokasin izinə, hindu ləpirinə rast gəldi. Ürəyi kin və qəzəblə dolu Yan bu yeni izlə gedib təpəyə çıxanda yerə yıxılmış ağac kölgəsi ilə yuxarı qalxan ucaboy hindu ovçusuna rast gəldi. O, əlini dostcasına yelləyərək Yanı qarşıladı.

Yan sərt əda ilə soruşdu:

– Kimsən?

– Çaska.

– Bizim ölkədə nə qayırırsan?

– Bu ölkə əvvəllər mənim ölkəm olub, – hindu da sərt cavab verdi.

Yan inamla dedi:

– Bu marallar mənimkidir!

– Vəhşi marallar nə qədər ki vurulmayıb heç kəsin deyil.

– Məsləhət görərdim ki, mənim izlərimdən uzaq gəzəsən.

Hindu cavab verdi:

– Səndən qorxmuram. Bəhsə girişmək də istəmirəm. Yaxşı ovçu həmişə maral vura bilər.

İş bununla qurtardı ki, Yan bir neçə gün Çaska ilə bərabər gəzdi. Maralı vura bilmədi, amma bunun əvəzinə Çaskadan hinduların bir çox ov üsulunu öyrəndi. Hindu başa saldı ki, heç vaxt maralları izləyəndə təpələrin üstü ilə gəzməsin, çünki marallar həmişə dallarınca gələn olub-olmadığını yoxlayırlar. Buna görə də təpələrin üstü ilə qaçmağı xoşlayırlar. Çaska ona öyrətdi ki, küləyin istiqamətini bilmək üçün barmağını ağzının suyu ilə yaşlayıb yuxarı qaldırsın. Bunu eşidəndə Yan qeyri-ixtiyari düşündü: “İndi bilirəm ki, maralların burnu nə üçün həmişə nəm olur”. Çaska onu başa saldı ki, çox vaxt ovun uğurlu olması səbirlə gözləməkdən asılıdır. O, Yana ovçu yerişini öyrətdi. Bu yerişlə getmək, izi ilə geri qayıtmaq, qar nə qədər dərin olsa da, ovçu üçün xeyli asandır.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
160 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu yazarın diğer kitapları