Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə», sayfa 4

Yazı tipi:

3. Kanada

Maskın Kanadaya gedişi çox da yaxşı planlanmamışdı. Təyyarəyə mindi və bəxtinin gətirəcəyinə güvəndi. Kanadaya ayaq basanda 1988-ci ilin iyun ayı idi. Anasının əmisi Monrealda yaşayırdı, çatan kimi küçə telefonundan qohumunu tapmağa çalışdı. Bir şey çıxmayanda anasına zəng etdi. Onun söylədikləri ürəkaçan deyildi. Heç demə, Mey Monreala məktub yazmış, aldığı cavabdan qohumlarının Kanadadan Amerikaya – Minnesotaya köçdüyü məlum olmuşdu. Bu isə Maskın qalmağa yerinin olmadığı anlamına gəlirdi. Əlindəki çantalarla yaxındakı hostelə getdi.

Şəhəri tanımaq üçün bir neçə gün Monrealda qalan Mask gələcək üçün plan qurmağa çalışdı. Meyin Kanadada başqa qohumları da vardı və Mask onları axtarmağa qərar verdi. Yüz dollara ölkənin hər yerində keçən limitsiz avtobus bileti aldı. Bir zamanlar ana babasının yaşadığı Saskaçevana getməyə qərar verdi. 1900 mil (3000 km-dən çox) yol qət edib 15 min əhalisi olan Suift Karrent şəhərinə gəldi. Terminaldan dayısı nəvəsinə zəng edib avtostopla onun evinə getdi.

Mask 1988-ci ili harada gəldi, təsadüfi və müvəqqəti işlərdə çalışaraq keçirtdi. Qohumunun Valdek qəsəbəsindəki fermer təsərrüfatında tərəvəz yetişdirdi, toxum kürəklədi. On səkkiz yaşını oradakı uzaq qohumları və onların qonşuları ilə qeyd etdi. Sonra Vankuverdə taxta-şalban kəsməyi öyrəndi. İşaxtarma bürosuna müraciət etdikdə ona çox ağır bir iş təklif etdilər. Mask maaşı yüksək bir yer axtarırdı və ona saatı 18 dollara qazanxana təmizliyi təklif etdilər. O çətin günləri Mask belə xatırlayır: “Qoruyucu komplekt geyinib sürünərək güc-bəlayla sığdığım dar tunelin içinə girir, oradakı qum, zibil və istidən tüstülənən kömürü girdiyim dəlikdən kürəklə qırağa atırdım. Başqa biri isə atılanları əl arabasına doldururdu. Orada yarım saatdan artıq qalsan, isti səni vurub öldürə bilərdi’’. Həftənin əvvəlində işə 30 nəfər götürmüşdülər. Üç gün sonra beş nəfər qaldı. Həftənin axırına qədər ancaq Mask və 2 kişi dözə bildi.

Mask Kanadadaykən Mey qızı və oğlu ilə ora necə gedəcəkləri haqda düşünürdü. Kimbal və İlon Kanadada görüşəndə sevinclərinin həddi-hüdudu yoxdu – iki inadkar xəyalpərəst üçün çox fürsətlər çıxacaqdı. İlon 1989-da Ontario ştatının Kinqston şəhərindəki Quenn’s universitetinə qəbul olundu. Mask bu universiteti gözəl qız çox olduğu üçün seçdiyini deyir. Boş vaxtlarında Mask Kimballa qəzetlərdən tanış olmaq istədikləri maraqlı adamlarla bağlı məlumat toplayır, telefon açaraq onları birlikdə yemək yeməyə dəvət edirdilər. Təngə gətirdikləri adamlar içərisində “Toronto Blue Jays’’ professional beysbol klubunun marketinq müdiri, Kanadanın gündəlik “The Globe and Mail’’ qəzetinin biznes-şərhçisi və Nova Scotia bankının top-meneceri Piter Nikolson vardılar. Nikolson gənclərin telefon zəngini çox yaxşı xatırlayır: “Görüşmək istəyənlərdən, adətən, qaçmıram. Bu uşaqlarla nahar eləməyə də etiraz etmədim’’. Amma Nikolson ancaq altı ay sonra boş vaxt tapa bildi. Qardaşlar qatarla üç saatlıq yola baxmayaraq vədələşdikləri saatda orada oldular.

İlk görüş Nikolsonda xoş təəssürat yaratı. Hər ikisi özlərini yaxşı təqdim etdilər, son dərəcə nəzakətliydilər. İlon daha xarizmatik və zahirən effektli olan Kimbala “uduzurdu’’, hərzamankı kimi ağır tərpənir və ekssentrikdi. Nikolson çox mütəəssir olmuş, belə məqsədyönlü olmalarına heyran qalmışdı. Nəticədə Nikolson İlona bankda yay təcrübəsi keçməyi təklif etdi. İşçi heyətə rəhbərliyi də Nikolson özü edəcəkdi.

Bu görüşdən qısa müddət sonra İlon Piter Nikolsonun qızı Kristini öz ad gününə dəvət etdi. Kristi Meyin Torontodakı evində keçirilən qonaqlığa əlində evdə hazırlanmış bir banka limon mürəbbəsi ilə gəlmişdi. Kristidən başqa daha 15 dəvətli vardı. İlon Kristini ilk dəfə görürdü. Kristi onun ağzından çıxan ikinci cümlənin “Mən elektrikli avtomobillər haqda çox düşünürəm’’ olduğunu deyir: “Arxasınca da mənim bu haqda fikrimi soruşdu’’. Kristi hazırda elmi-publisistik məqalələr yazır. İlonun onun yaddaşında yaraşıqlı, gülərüzlü və “hər şeyi bilən’’ biri kimi qaldığını söyləyir: “Necə oldusa, mənim könlümü fəth etdi. O çox fərqli idi, məni də elə bu cəhəti ilə cəlb etmişdi’’.

Kəskin xətli almacıq sümüyü və sarışın saçları ilə Kristi tam Maskın zövqünə uyğun idi. Kanadada olduğu müddətdə əlaqəni heç kəsmədilər. Aralarında romantik hisslər yaşanmadı. Ancaq Mask Kristi üçün elə maraqlı idi ki, telefonda onunla uzun-uzadı danışmaqdan doymurdu: “Bir dəfə Mask mənə belə dedi: “Əgər yemək yeməmək mümkün olsaydı, mən daha çox çalışmaq üçün yeməzdim. Kaş ki qidalanmağa əlavə zaman ayırmamaq mümkün olsaydı’’. Bu yaşda işə belə münasibət heyrətləndiriciydi. Əvvəllər buna bənzər heç nə eşitməmişdim”.

Maskın Kanadada daha dərin münasibəti tələbə yoldaşı Castin Uilsonla (Justine Wilson) oldu. Uzun ayaqları və sıx şabalıdı saçları olan Uilson romantikdi, seksual enerji saçırdı. Castin daha öncə özündən böyük bir kişi ilə münasibət yaşamış, amma universitetə girmək üçün ondan ayrılmışdı. O, sonrakı aşiqinin dəri gödəkçəli Ceyms Din (James Dean, 1931–1955 – amerikalı kino aktyoru – İ.N.) kimi ehtiraslı və əhlikef biri olmasını xəyal edirdi. Tale isə elə gətirdi ki, onun qarşısına səliqəli, boylu-buxunlu və yaraşıqlı Mask çıxdı. Mask Castini görən kimi onu görüşə dəvət etdu. İlon onu belə xatırlayır: “Möhtəşəm görünürdü. Həm də çox ağıllıydı, qeyri-adi zəkası vardı. Taekvondo üzrə qara kəmər sahibiydi. Tələbə kampusundakı ən gözəl qız idi’’. Mask yataqxananın önündə onunla toqquşma nömrəsi qurmuş, sonra da guya onu hansısa bir qonaqlıqda gördüyünü uydurmuşdu. Castin də onun dondurma yemək təklifini qəbul etmişdi. Mask Castinin dalınca gələndə qapının üstündə “Təəssüf ki, imtahanlara hazırlaşmalıyam’’ yazısı ilə qarşılaşdığını xatırlayır. Mask onun rəfiqələrindən hansı dondurma sevdiyini öyrənir, bir cüt şokoladlı dondurma ilə Castinin ispan dilinə hazırlaşdığı universitet kitabxanasına gəlir.

Castin bir yazarla ehtiraslı məhəbbət yaşamağı xəyal edirdi: “Hər şeyin Silviya və Ted haqqında yazılmış romandakı kimi olmasını arzulayırdım. Amma gedib məndən əl çəkməyən iddialı bir “hər şeyi bilən’’ə aşiq oldum’’. Patoloji psixologiya dərsindən aldıqları imtahan qiymətlərinə baxırdılar. Castin 97, Mask isə 98 almışdı. Castin, Maskın professorun yanına gedərək qiymətini düzəldərək 100 aldığını söyləyir və əlavə edir: “Sanki bir-birimizlə yarışırdıq’’. Maskın romantik tərəfi də vardı. Bir dəfə Castinə hər gülün üstünə fərqli şeylər yazdığı bir dəstə çiçək və The Prophet (“Peyğəmbər”) kitabını hədiyyə etdi. Castin deyir ki, Mask özünə aşiq etdirməyi yaxşı bacarırdı.

İki gənc universitet illərində tez-tez ayrılıb barışırdı. Mask münasibətləri qorumaq üçün daha çox səy göstərirdi. Mey Castinin öz tərzi olan, “bərkgedən’’ oğlanlarla görüşdüyünü, Maskla heç maraqlanmadığını söyləyir, bunun da Maskı dərindən yaraladığını xatırlayır. Bir neçə dəfə Mask başqa qızlarla münasibət qurmağa cəhd etdi, amma yenə də dönüb Castinə qayıtdı. Castin onunla soyuq davranınca İlon səylərini artırırdı. O deyir ki, əgər telefon durmadan zəng edirsə, bilin ki, bu, Maskdır: “O, “yox’’ sözünü anlamırdı, ondan qırılmaq imkansızdı. Terminatora bənzədirdim onu. Baxışını nəyinsə üstünə cəmləyib “Mənimdir’’ deyirdi. Beləcə, addım-addım məni fəth etdi!”

Universitet Maskın ürəyincə idi. O, sadəcə hər şeyi bilməyə deyil, intellektual imkanlarını qiymətləndirən insanları tapmağa can atırdı. Universitetdəki tələbələr onun alternativ enerji mənbələri, kosmos və beynini məşğul edən başqa şeylər haqdakı mülahizələrini gülüş mövzusuna çevirmirdilər. Mask onu dinləyib ciddiyə alındığı mühitdə idi, bu da onu güclü edirdi.

1990-ın payızında Navaid Faruk (Farroq) adlı Cenevrədə böyümüş bir kanadalı onun yataqxanadakı otaq yoldaşı oldu. Otaqları yataqxananın xaricilər üçün olan hissəsində idi. Burada yerli tələbələr otaqlarını xaricilərlə bölüşürdülər. İlon bu sistemə çox da uyğun gəlmirdi, çünki kanadalı sayılsa da, Kanada haqda anlayışı çox deyildi. Mask belə xatırlayır: “Qonşu otaqda Honkonqdan yaxşı bir oğlan vardı, nümunəvi şəkildə bütün mühazirələrə gedir, bu da mənim işimə yarayırdı. Çünki mən dərslərə mümkün qədər az gedirdim’’. Mask bir müddət pul qazanmaq üçün yataqxanada kompüter və onun ehtiyat hissələrini satdı. “Nə istəsələr yığa bilirdim – ən son oyun avtomatından tutmuş elektron yazı makinasına qədər, həm də mağazadan daha ucuz, – Mask danışır. – Kompüterləri təmir edir, bir sözlə, bütün problemlərini həll edirdim’’. Faruk və Maskı masaüstü strateji oyunlara olan maraq da birləşdirirdi. İlonla dostluğu haqda belə deyir: “Asan dostlaşmırdı, amma bu baş verirdisə, çox sadiq olurdu’’. “Civilization’’ adlı oyun çıxanda dostlar saatlarla bu oyunu oynayır, Farukun istədiyi qız isə yan otaqda darıxaraq onu gözləyirdi. Faruk deyir ki, İlon nəsə bir şeyə maraq salsa, onun xaricindəki dünya dayanır: “Biz o insanlardanıq ki, əylənmədən də yaşaya bilirik. Beynimizdə olan fikirlərimizin yanında olur, sıxılıb darıxmırdıq’’.

Mask universitetdə məktəbdən daha əzmli idi. Biznesin idarəetməsində oxuyur, natiqlik sənəti ilə bağlı müsabiqələrdə iştirak edirdi. İndiki xüsusiyyətlərinin təməli də məhz o dövrdə formalaşmağa başladı. İqtisadiyyat imtahanından sonra Mask, Faruk və dostları yataqxanada təəssüratlarını bölüşürdülər. Çox keçmədən aydın oldu ki, Mask materialı hamıdan daha yaxşı mənimsəyib. Faruk bu haqda belə danışır: “Qrupumuz kifayət qədər güclü idi, buna baxmayaraq İlon ümumi fonda çox seçilirdi. Nə ilə məşğul olsa, işin məğzini daha dərindən qavrayırdı. Onu digərlərindən fərqləndirən də məhz budur’’.

1992-ci ildə Quenn’s universitetində iki il oxuduqdan sonra Mask Pensilvaniya universitetindən təqaüd alaraq Kanadadan Amerikaya köçdü. İlon Ivy League-yə5 daxil məktəbin ona yeni imkanlar açacağına inanır, iki ixtisasa birdən yiyələnib itisadiyyat və fizikadan bakalavr, fizikadan isə magistr diplomları almaq istəyirdi. Castin öz universitetində yazıçı olmaq xəyalına sadiq qalacaq, Maskla əlaqəni kəsməyəcəkdi. Bəzən o, Maskın yanına gəlir, oradan da Nyu-Yorka romantik həftəsonu keçirməyə gedirdilər.

Pensilvaniyada Maskın istedadı və bacarığı daha da üzə çıxmağa başladı. Gələcəyin fizikləri ilə özünü daha rahat hiss edirdi. Bu haqda anası belə danışır: “İlon Pensilvaniyada özü kimi düşünən insanlarla qarşılaşdı. Onların içində də “hər şeyi bilən’’lər vardı. Bu mühitdən inanılmaz həzz alırdı. Bir dəfə onlarla günorta yeməyində bərabər oldum, durmadan fizikadan danışırdılar. “A plyus B bərabərdir pi kvadrat’’ kimi nəsə deyib qəhqəhə çəkirdilər. Onu belə mutlu görmək gözəl idi”. Lakin Mask burda da özünə çox dost tapmadı. Kitabı yazarkən keçmiş tələbələrdən onu xatırlayanları tapmağa çətinlik çəkdim. Təkcə Adeo Ressi adlı bir gənclə yaxın dost oldu. Ressi gələcəkdə Silikon Vadisində iş adamı olacaqdı. O bu gün də İlona kimsənin olmadığı qədər yaxındır.

Ressi qeyri-adi xarici görünüşü olan, 185 sm boyunda arıq bir oğlandı. Başı oxumağa qarışmış, çalışqan və təmkinli Maskın əksinə koloritli və diqqətçəkəndi. Hər ikisi də başqa universitetlərdən gəldikləri üçün onlara birinci kursların qaldığı binada köhnə otaq vermişdilər. Sadə şərait Ressinin gözləntilərinə cavab vermirdi və o, Maskı kampusdan kənarda ev tutmağa razı saldı. Çox ucuz qiymətə onotaqlı bir evi icarəyə götürdülər. Əslində, bu ev hansısa bir cəmiyyətin binasıydı. Həftə içi Mask və Ressi oxuyur, həftənin axırında isə Ressi evi gecə klubuna çevirirdi. İçərini zil qaranlıq etmək üçün pəncərələri zibil torbaları ilə qapadır, divarları parlaq boya ilə rəngləyib əllərinə keçənlərlə bəzəyirdilər. Evi meyxanaya çevirmişdilər; gizlicə içki də verirdilər. Evə beş yüz nəfər sığırdı, hər qonaqdan beş dollar alır, əvəzində isə limitsiz pivə və kokteyllər təklif edilirdi.

Cümə günü axşamlar dinamiklərin gurultusundan ev silkələnirdi. Mey oğluna baş çəkməyə gələndə məcbur qalıb uşaqlara kömək üçün qarderoba baxası olmuşdu. Daha sonra kassa işini də ona tapşırdılar. Kluba giriş haqqını ayaqqabı qutusuna yığırdılar. Hər ehtimala qarşı Mey iki qayçı saxlayırdı.

İkinci ev isə artıq 14 otaqlı idi. Mask və Ressidən savayı, orada başqa birisi də yaşayırdı. Evi müxtəlif masalar, üzəri fanerlə örtülmüş çəlləklər və əşyalarla dekorasiya etmişdilər. Bir gün evə qayıdan Mask Ressinin onun masasını divara dayayıb gün işığında parıldayan bir boya ilə rənglədiyini gördü. Mask masanı qara rəngə boyayıb üstündə dərs çalışmağa davam etdi. Ressi “Bu bizim əyləncələrimiz üçün art-installyasiyadır (məkan kompozisiyasından ibarət modern sənət forması – İ.N.)’’ desə də, illər sonra Maska o münaqişəni xatırladanda quru bir cavab vermişdi: “O, çalışma masası idi’’.

Mask spirtli içki az içirdi: aradabir araq, özü də koka-kola ilə qarışdıraraq. İçkiyə meyli yoxdu, dadını da ki heç sevmirdi. Mask ovaxtkı gecə əyləncələri haqda belə deyir: “Birimizin ayıq qalmağımız lazım idi. Mən təhsilimin pulunu özüm ödəyirdim, evdəki gecə klubunda isə bir axşam ərzində bir aylıq təhsil haqqımı qazana bilirdim. Adeo Ressi evin tərtibatına cavabdehdi, gecə əyləncəsi isə mənə bağlı idi’’. Ressi İlonun dünyada tanıdığı ən düzgün adam olduğunu deyir və əlavə edir: “O heç vaxt içməzdi. Əsla oyun çıxardıb problem yaratmazdı. Heç vaxt. Heç nə’’. Amma Maskın ən zəif yeri bilgisayar oyunları idi, Ressi onun bəzən bir neçə gün dalbadal oyun oynamaqdan “sərxoş’’ olduğunu söyləyir.

Pensilvaniyada Maskın Günəş enerjisinə və alternativ enerji mənbələrinə olan əvvəlki marağı daha da artdı. 1994-cü ilin dekabr ayında dərslərdən biri üçün biznes-plan hazırlamalı idi. Nəticədə ortaya “Günəş enerjisindən istifadənin vacibliyi’’ adlı elmi məruzə çıxdı. Məruzə Maska xas olan bir ironiya ilə başlayırdı. Səhifənin üst tərəfinə belə yazmışdı: “Günəş sabah doğacaq’’ – bərpa edilən enerji haqda, Kiçik Orphan Annie”6. Məruzə yeni materialların yaranması və irimiqyaslı günəş enerjisi texnologiyalarının inkişafı ilə günəş energetikasının rolunun artması haqdadır. Mask təfsilatı ilə günəş batareyalarının necə çalışması və onların effektivliyinin artırılmasından yazıb. Məruzə gələcəyin enerji stansiyasının təsviri ilə bitir. Stansiya kosmosa göndərilmiş iki nəhəng günəş batareyasından ibarətdir, onlar enerjini Yerə (diametri yeddi km olan qəbuledici antenə) mikrodalğalar vasitəsilə göndərir. Professor “çox maraqlı və yaxşı yazı’’ hesab etdiyi araşdırma üçün Maska 98 bal verdi.

Maskın ikinci məruzəsi kitab və yazılı sənədlərin “skan’’ olunaraq məlumatların optik tanınması və onların vahid bazada (bugünkü Google Books ilə Google Scholar arasında orta bir şey) toplanması haqda idi. Üçüncü məruzə isə Maskın başqa bir sevdiyi mövzuya – ionistor və ya superkondensatorlara (orqanik və ya qeyri-orqanik elektrolitli kondensatorlar – İ.N.) həsr olunmuşdu. Qırx dörd səhifəlik coşqu dolu yazıda Mask enerjinin yeni saxlanma şəklindən bəhs edir. Bu yenilik gələcəkdə avtomobil, təyyarə və raketlərdə istifadə olunacaq. Mask Silikon Vadisindəki son araşdırmalara istinad edərək belə yazır: “Son hədəf böyük miqdarda elektrik enerjisinin saxlanması üçün yeni vasitələr tapmaqdır. Onlar akkumulyator batareyaları ilə yanacaq elementlərindən prinsipial olaraq fərqlənir. Digər tərəfdən, superkondensatorlar kondensatorların əsas xassələrini qoruduğu üçün onlar enerjini eyni ağırlıqdakı adi batareyadan 100 dəfə daha sürətlə buraxır, o sürətlə də enerji ilə yüklənə bilir’’. Ona bu məruzəsinə görə 97 bal verdilər, “mükəmməl hesablamalar’’ və “olduqca əsaslı analız’’ə görə də təqdir aldı.

Professorlar təqdirlərində haqlı idilər. Maskın aydın, lakonik üslubu məntiqlə məşğul olan filosofun bir nöqtədən digərinə ardıcıl və əmin hərəkətinə bənzəyirdi. Onu fərqləndirən cəhət mürəkkəb fiziki konseptləri biznes-planlara daxil etmək bacarığı idi. Bununla bərabər, o, elmi ideyanı məharətlə gəlirli bir müəssisəyə çevirir, nadir istedad nümayiş etdirirdi.

Universitetdən məzun olub nə işlə məşğul olacağını düşünəndə Maskın ağlına kompüter oyunları sferasında çalışmaq gəldi. Zatən uşaqlıqdan bu işə mübtəla idi. Ancaq bunun böyük hədəf olmadığına qərar verdi: “Mən, həqiqətən də, kompüter oyunlarını sevirəm, amma dünyanın ən çılğın oyunlarını yaratsam, onlar dünya işlərinə necə təsir edəcək və ümumən dünyaya nə verəcək? Heç nə. Mən kompüter oyunlarını karyeramı məhdudlaşdıracaq səviyyədə sevmirəm’’.

Mask söhbətlərində o dövr üçün böyük planlarının olduğunu xatırlayır. Onun sözlərinə görə, Quenn’s və Pensilvaniya universitetlərindəki xəyalları eyni şeylər idi – internet, bərpa edilən enerji və kosmos. O belə hesab edirdi ki, bu üç sahəni ciddi dəyişikliklər gözləyir və onların bazar iqtisadiyyatında önəmli payı olacaq. Və Mask bu 3 sahədə böyük layihələr həyata keçirmək üçün and içdi. Sonralar belə etiraf edəcəkdi: “Bu ideyalar haqda qız dostlarıma və keçmiş arvadıma danışırdım. Yəqin ki, söylədiklərim bir dəlinin sayıqlamaları kimi səslənirdi’’.

Mask elektromobil, günəş enerjisi və raketlərə olan ifrat aludəliyinin səbəbləri haqda uzun-uzadı danışır. Sanki o özünün həyat hekayəsini zorla bu istiqamətdə şəkilləndirmək istəyir. Ancaq Mask üçün bir şeylə “təsadüfən məşğul olmaq’’la bir şeyə “can atmaq’’ arasındakı fərq olduqca prinsipialdır. Mask uzun müddətdir ki, dünyanın onunla Silikon Vadisindəki adi bir sahibkar arasındakı fərqi bilməsini istəyir. O, trendləri qoxulayaraq zəngin olmağa çalışmırdı. O, əsas, ümumbəşəri suallara cavab axtarırdı: “Mən bu suallar ətrafında universitetdə baş sındırırdım. Bunlar sonradan uydurulmuş hekayə deyil. Mən trend dalınca qaçan deyiləm, konyunktura adamı deyiləm, avantürist deyiləm. Mən investor da deyiləm. Gələcək üçün önəmli və faydalı olacağını düşündüyüm texnologiyaları həyata keçirmək istəyirəm’’.

4. İlonun ilk startapi

1994-cü ilin yayında Maskla qardaşı Kimbal əsl amerikalı olmağa qərar verdilər. Onlar ölkə içində səyahətə çıxdılar.

Kimbal College Pro Painters şirkətinin distribüteri idi, işləri yaxşı gedirdi. Oradakı hissəsini satdı, əlinə keçən pulu Maskdakı ilə birləşdirərək 1970-ci il modeli olan BMW 320i avtomobili aldılar. İki qardaş səyahətlərinə Kaliforniyada istilərin artdığı avqust ayında San-Fransiskodan başladılar. İlk dayanacaqları Mojave səhrasında yerləşən Needles şəhəriydi. Kondisionersiz maşında 49 dərəcə istiyə tab gətirməli oldular. Saatlarla yol kənarındakı “Carl’s Jr.’’ fast-fudlarında sərinləyərək dincəlirdilər.

Səyahət iyirmiyaşlı “avaragorlara’’ arsız oyunlar çıxarmağa, varlanmaq haqda xəyallar qurmağa imkanlar verdi. Yahoo! axtarış xidməti və Netscape web brauzeri-nin populyarlaşması sayəsində internet həyatımıza daha fərqli girirdi. İnternet həvəsi qardaşları yamanca sarmışdı, “Web’’ üstündən nəsə etmək üçün şirkət açmağa hazırlaşırdılar. Kaliforniyadan Koloradoya istiqamət götürdülər; avtomobilin pəncərəsindən Vayominq, Cənubi Dakota və İllinoysun işıqları sayrışır, onlar növbə ilə maşın sürür, yolboyu beyin fırtınasında yarışır, lovğalanır və xəyallar qururdular. Təhsilini davam etdirmək üçün Maskın payızda şərqə geri dönməsi lazımdı. Səyahətdə ağıllarına gələn ən yaxşı ideya həkimlər üçün onlayn şəbəkə qurmaq oldu. Elektron tibbi kartlar kimi iddialı bir şey düşünməmişdilər, söhbət sadəcə olaraq həkimlərin öz aralarında informasiya mübadiləsi aparıb əlaqə quracaqları bir sistemdən gedirdi. Kimbal belə xatırlayır: “Tibb sahəsində əlaqələrin tənzimlənmədiyini gördük. Mən biznes-plan hazırlamağa başladım, satış və marketinqi planladım, amma nəsə baxdıq ki, olmur. Bəyənmədik bu ideyanı’’.

Mask yayın əvvəlində Silikon Vadisində təcrübə keçməyə başlamışdı. Gündüzlər Pinnacle Research institutunda çalışırdı. Los-Gatosda yerləşən institut güclü alimlər komandasından ibarət startapdı. Onlar elektrikli və hibrid nəqliyyat vasitələri üçün inqilabi sayıla biləcək superkondensatorları yanacaq mənbələri kimi araşdırırdılar. Bəzən araşdırmaları konseptual səviyyədə daha ekzotik sahələrə çevrilirdi. Mask superkondensatorların “Ulduz savaşları’’ (ing. Star Wars, Georg Lucas-ın kultlaşmış fantastik filmi – İ.N.) və başqa futurustik filmlərın ən yaxşı ənənələrini özündə birləşdirən lazer silahları istehsal etmək haqda saatlarla danışa bilirdi. Lazer silahlarının güclü energetik yüklə atəş etməsi mümkündü. Nişançı superkondensatorları patron darağı kimi dəyişərək atışa davam edəcəkdi. Superkondensatorlar raketlərin güc qaynaqları kimi də istifadə oluna bilərdi. Onlar batareyalardan fərqli olaraq uçuş zamanı yüklərə daha dayanıqlı və daha uzunömürlü idilər. Orada çalışmaq Maskın çox xoşuna gəlmişdi, universitetdəki proqramına görə eksperimentlər keçirir, öz fantaziyalarına dalırdı.

Axşamlar isə Mask kompüter oyunları hazırlayan Palo-Altodakı Rocket Science Games startapına gedirdi. Şirkət daha çox informasiya sığsın deyə oyunları kartriclərdən CD-lərə köçürdərək yeni səviyyəyə çıxmağa çalışırdı. CD-lər oyunlara Hollivud tərzi nəqletmə şəkli və keyfiyyət gətirəcəkdi. Bunun üçün istedadlı mühəndis və kino xadimlərindən ibarət qarışıq bir komanda yığılmışdı. Burada sonralar Apple-da iPhone və iPad kimi cihazların yaradıcılarından Toni Fadel, habelə QuickTime multimedia platformasının qurucuları çalışırdılar. Şirkətdə “Ulduz savaşları’’ üçün xüsusi effektlər hazırlayan Industrial Light & Magic çalışanları və LucasArts Entertainment-də oyunlar yazan gənclər də vardı. “Rocket Science’’ Maska Silikon Vadisinin gələcəkdə ona nə təklif edəcəyini anlamağa şərait yaratdı. Onlar gündə 24 saat çalışırdılar. Maskın saat 17-də ikinci işinə gəlməsinə kimsə təəccüb etmirdi. Şirkətin qurucularından avstraliyalı mühəndis Piter Barrett o günləri belə xatırlayır: “Biz İlonu işə sadə, aşağı dərəcəli kodlar yazmaq üçün götürmüşdük. Özünə güvənirdi və soyuqqanlı idi. Bir müddət sonra kimsə ona tapşırıq vermədi və o artıq öz istədiyi işi görürdü’’.

Mask müxtəlif kompüter oyunları üçün coystik drayverləri və mauslar üzərində çalışırdı. Bu proqramlar printeri kompüterə “tanıtmaq’’ üçün istifadə etdiklərimizə bənzəyir. Onları yazmaq iyrənc və maraqsız işdir. Proqram yazmağı özü öyrənmiş Mask kifayət qədər yaxşı mütəxəssisdi və daha iddialı işlər istəyirdi. Ovaxtkı günlər Maskın yaddaşında belə qalıb: “Mən bərabər zamanlı funksiyaların necə yerinə yetirildiyini anlamağa çalışırdım. Bunun sayəsində eyni anda həm CD-dən video izləmək, həm də oyun oynamaq mümkün olacaqdı. O zamanlar sadəcə birini etmək mümkündü. Assemblerdə proqram yazmaq heç də asan deyildi’’. Həqiqətən də eləydi. Kompüterin əsas mikroprosessoruna komanda verməklə Mask maşının çalışması üçün həm də bütün digər funksiyaları idarə etməli idi. Apple QuickTime-ın aparıcı mühəndisi Bryus Lik Maskın gecələr çalışmasına heyrandı: “Tükənməz enerjisi vardı. İndikilərin ona çatmasına çox var. Kompüter hakeri idi, çətin işləri çözmək onu ürkütmürdü’’.

Silikon Vadisində Mask imkan və iddialarına cavab verən iş tapdı. İki il dalbadal yay aylarını burada keçirtdi. Pensilvaniya universitetinin 2 ixtisas üzrə diplomunu alan kimi Amerikanın qərbinə qaçdı. Əvvəlcə Stanford universitetində materialşünaslıq və fizika sahəsində elmlər doktoru dərəcəsi alacaq, Pinnacle-da başladığı superkondensatorlar üzərində araşdırmalarını davam etdirəcəkdi. Ancaq Stanfordda yalnız iki gün qala bildi – internet durmadan onu özünə çəkirdi. “Ümumdünya hörümçək toru”nu birlikdə fəth etmək üçün Kimbalı da Silikon Vadisinə səslədi.

İnternet biznesinın gələcəyini Mask hələ təcrübə keçərkən sezməyə başlamışdı. Startap şirkətlərindən birinin ofisinə Yellow Pages-dən (şirkətlərin telefon və adreslərinin məlumat kitabçası – İ.N.) bir satıcı gəlmişdi. Ziyarətçi qalın masaüstü kitablar yerinə “onlayn reyestr’’ ideyasını satmaq istəyirdi. Satıcı hazırlıqlı biri deyildi, internetin nə olduğunu yaxşı bilmir, istədiyin adresi şəbəkədə tapmaq yolları haqda fikirləri zəifdi. Bu mövzü Maskı düşünməyə sövq etdi, Kimbala zəng edərək şirkətlərə internetə çıxış üçün yardım ideyasını söylədi.

Kimbal İlonun “Bu oğlanlar heç özləri də bilmirlər nə danışırlar. Bəlkə, özümüz bu işlə məşğul olaq?’’ dediyini xatırlayır. 1995-ci ildi, iki qardaş Global Link Information Network adlı startapı açmaq üzrə idilər. Daha sonra şirkətin adı Zip2 olaraq dəyişdiriləcəkdi.

Zip2-nin ideyası dahiyanə idi. 1995-ci ildə kiçik müəssisələr internetin onlara nə verəcəyini anlamırdı. Onlar internet dünyasına necə girəcəkləri haqda heç bir fikrə sahib deyildilər. Öz saytlarının olmasının dəyərini də anlamırdılar. Maskla qardaşı ümid edirdilər ki, restoran, mağaza, bərbərxana və başqalarını internetdə özlərini tanıtma vaxtının gəldiyinə inandıracaqlar. Zip2 xəritəyə bağlı bir onlayn biznes-kataloq olmalıydı. Mask deyirdi ki, hər kəs yaxındakı “pizza”çının adresini bilməyə və oranın yolunu tapmağa çətinlik çəkməməlidir. Bu gün bundan təbii heç nə ola bilməz. Amma o vaxt heç kim belə bir xidməti xəyal belə edə bilmirdi.

Qardaşlar Zip2-ni Palo-Altodakı Şerman avenyu, 430 nömrəli adresdə təsis etdilər. Onlar 70 m2-lik bir ofis kirayələyib mebel aldılar. Üçmərtəbəli binanın qəribəlikləri vardı. Lifti yoxdu, kanalizasiya xətti isə tez-tez tutulurdu. Çalışanlardan biri buranın iş yeri kimi zay yer olduğunu deyir. Mask sürətli internet üçün Rey Jirar adlı bir sahibkarla müqavilə imzalayır. Onun ofisi bir mərtəbə aşağıdaydı. Jirarın dediyinə görə, Mask divarı dəlmiş, internet-porvayder üçün alt mərtəbədən yuxarı ethernet-kabel çəkmişdi. Onun sözlərinə görə, Mask aylıq abunə haqqını bir neçə dəfə gecikdirsə də, əsla borclu qalmazdı.

Mask proqramlar yazır, daha ünsiyyətcil Kimbal isə qapı-qapı dolaşaraq müştərilərin sayını artırmağa çalışırdı. San-Fransisko körfəzində yerləşən bütün şirkətlərin adı və telefon nömrələrinin toplandığı məlumat bazasını Mask ucuz bir lisenziya ilə satın aldı. Daha sonra o, Natveq şirkəti ilə kontakta keçdi. Bu şirkət ilk GPS naviqatorlarda istifadə olunan digital xəritə və marşrutlara yüzlərlə milyon dollar xərcləmişdi. Mask bu şirkətlə uğurlu danışıqlar apardı. Kimbalın sözlərinə görə, Natveq öz texnologiyasını onlara pulsuz-parasız verdi. Mask iki məlumat bazasını birləşdirdi, sadə, amma canlı bir sistem əmələ gəldi. Zaman keçdikcə Zip2-nin mühəndisləri ilk məlumat bazasını daha geniş rayonları əhatə edən xəritələr və PC-lərdə də marşrutları göstərən sistemlə təkmilləşdirdilər.

Errol Mask uşaqlarına kömək etmək üçün onlara 28 min dollar vermişdi. Buna baxmayaraq ofisin icarəsi, proqram təminatına lisenziya və bəzi avadanlıqlar alındıqdan sonra qardaşlar hardasa pulsuz qaldılar. Zip2-nin qurulduğu ilk üç ayı Mask qardaşı ilə ofisdə yaşadı. Əşyalarını kiçik bir şkafda saxlayır, duşu isə qonşuluqdakı idman salonunda alırdılar. Bəzən gündə dörd dəfə yaxınlıqdakı 24 saat açıq olan Jack In The Box kafesində yeyirdilər. Kimbal o kafeni belə xatırlayır: “Bir dəfə meyvə kokteyli aldım, içində nəsə üzürdü. Çıxarıb atandan sonra içməyinə içdim, amma ayağım bir də ora dəymədi. Menyuları isə hələ də yadımdadır’’.

Daha sonra qardaşlar ikiotaqlı mənzil tutdular. Mebelləri yoxdu, yerə atılmış döşəyin üstündə yatırdılar. Mask bir cənubi koreyalı mühəndisə yemək və gecələmək qarşılığında Zip2-də iş verdi. Kimbal o adamı belə xatırlayır: “Zavallı elə bilirdi ki, böyük bir şirkətə işə düzəlib. Amma nəticədə gördü ki, bizimlə yaşayır, hara düşdüyünü anlamırdı’’. Bir dəfə işə Maskın BMW 320i markalı maşını ilə gedərkən təkərlərdən biri yolda yerindən çıxdı. Page Mill ilə El Caminonun kəsişdiyi yerdə maşının mehvəri asfalta saplandı. Əmələ gələn çuxur bir neçə il orada qalmışdı.

Zip2 informasiya erasını hədəfə almış perspektivli bir internet-müəssisə idi, amma satış köhnəlmiş üsullarla həyata keçirilirdi. Qapı-qapı dolaşaraq müəssisə rəhbərlərini inandırmaq, şəbəkənin faydalarını izah etmək, hətta qılıqlarına da girmək lazımdı. Çünki onlar görünməyən bir şey üçün pul ödəməli idilər. Mask qardaşları 1995-ci ilin sonunda ilk müştərilərini əldə etməyə başladılar, arxasınca isə satış qrupunu formalaşdırdılar. Zip2-nin ilk işçilərindən biri Ceff Heilman adlı 20 yaşında azad ruhlu, həyatını veyillənərək keçirən bir gəncdi. Atası ilə televizorda reklam çarxının sonunda veb-adresi görürlər. Heilman deyir ki, bu, “.com’’-lu bir şeydi, atama nə olduğunu soruşdum, o da bilmirdi: “O zaman anladım ki, internetin nə işə yaradığını öyrənmək lazımdır’’. Heilman bir neçə həftə tanıdıqları adamlardan internet haqda məlumat topladı, “San Jose Mercury News” qəzetində gördüyü bir elanla iş üçün müraciət etdi. Heilman və bir para başqa adam satış bölümünə işə alındılar.

Mask, demək olar ki, ofisdən kənara çıxmırdı. İş masasının altında, lobya torbasının üstündə yatırdı. Heilman belə deyir: “Hər səhər səkkizin yarısı ilə səkkiz arasında işə gələndə onu torbanın üstündə yatan görürdüm. Əmin deyiləm, amma, yəqin, heç olmasa, bazar günləri çimirdi’’. Mask Zip2-nin əməkdaşlarına işə gələn kimi onu oyatmağı tapşırmışdı. Oyanan kimi də qalxıb çalışmağa başlayırdı. İlon proqram kodlarını yazır, Kimbal isə ehtirasla satışa girişirdi. Hər şeyə rəğmən Kimbal çox nikbin idi, işçilərin kefini açır, onları motivasiya edirdi. O, Heilmanı Stanford hipermarketi ilə Palo-Altonun əsas cazibə mərkəzi olan Universitet prospektinə göndərirdi. Onun vəzifəsi pərakəndə satış ticarətçilərini Zip2 ilə çalışdıqları zaman reytinqlərinin qalxacağına inandırmaqdı. Təbii ki, heç kim buna inanmırdı. Həftələrlə Heilman çox sayda qapı döyür, amma hər səfərində ofisə əliboş qayıdırdı. Eşitdiyi tək cümlə “İnternetə reklam vermək ən səfeh şeydir’’ idi. Mağaza sahibləri çox vaxt heç danışmaq belə istəmir, onları rahat buraxmalarını tələb edirdilər. Nahar fasiləsi yaxınlaşanda qardaşlar pulları saxladıqları siqar qutusuna baxır, Heilmanı çağırıb soruşur, ürəkaçan cavab ala bilmirdilər.

Kreyq Mor adlı əməkdaşlardan biri əvvəllər daşınmaz əmlakla məşğul olmuşdu. O, reklama daha çox pul xərclədikləri üçün avtomobol dilerlərini dolaşmağa başladı. Mor avtomobil satan qalereyalara Zip2-nin əsas veb-saytı olan www. totalinfo.com haqda məlumat verib bu saytda qeydiyyatdan keçəcəyi halda onlara olan tələbatın artacağını söylədi. Mor danışdıqlarını nümayiş etdirməyə başlayanda əsas səhifələr yavaş açılır, bu da marağın azalmasına səbəb olurdu. Bu da Zip2-nin potensialını xəyal etmələri üçün Moru danışmaq məcburiyyətində qoyurdu. Mor yaşadığı bir hadisəni belə anlatdı: “Bir gün ofisə əlimdə 900 dollarlıq çeklə gəldim və onlardan bu pulu neyləyəcəyimi soruşdum. İlon klaviaturalara işgəncə verməyi buraxdı, başını monitorun arxasından çıxarıb belə dedi: “Ola bilməz!”

5.Ivy League – Sarmaşıq Birliyi, Amerikanın şimal-şərqindəki 8 universitetin daxil olduğu birlik. Bu birliyə daxil olan ali məktəblər mükəmməllik və elit olmaq özəlliyi ilə fərqlənir – İ.N.
6.Orphan Annie (Yetim Enni) – məşhur amerikalı şair Ceyms Raylinin (James Whitcomb Riley, 1849–1916) şeirinin bir qəhrəmanı – İ.N.