Kitabı oku: «İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə», sayfa 6
Frikerlə Mask arasındakı dava çox tez və çirkin bir şəkildə sonlandı. Şirkətin qurulmasından beş ay sonra Friker üsyan qaldırdı. Mask o hadisəni belə xatırlayır: “Friker CEO olmaq istəyirdi, əks təqdirdə hamını özü ilə aparıb başqa bir şirkət quracaqdı. Mən də “bir şantajın əskikdi” dedim, “get və qur”. O da getdi’’. Mask Ho ilə bəzi önəmli adamları saxlamağa çalışsa da, onlar Frikerin tərəfini tutaraq şirkəti tərk etdilər. Maska şirkətin adı və iki-üç sadiq işçisi qaldı. Şirkətdə qalan Culia Ankenbrandt durumu belə təsvir edir: “Hadisədən sonra İlonla ofisdə oturmuşduq. O vaxt X.com kimi biznes qurmağa əngəl bəzi qanunlar vardı. Amma İlonun vecinə deyildi. Mənə baxıb bir neçə işçi almağımızı söylədi”12.
Mask X.com üçün maliyyə qaynaqları axtarırdı. Vençur sahibkarlarını ayrı-ayrılıqda ziyarət edir, şirkətində qəpik-quruş qaldığını etiraf etməkdən çəkinmirdi. Sequoia Capital şirkətindən məşhur investor Mike Moritz onlara dəstək oldu. Mask özünü yenidən Silikon Vadisinin küçələrinə atdı, bəlağətli nitqi ilə internet-bankların gələcəyindən danışaraq şirkətə yeni əməkdaşlar cəlb etdi. Skott Anderson adlı gənc bir kompüter mütəxəssisi 1 avqust 1999 tarixində işə başladı, çox keçmədən şirkətin gələcəyi ilə bağlı o da Mask kimi düşünməyə başladı. Anderson belə deyirdi: “Dönüb geri baxanda bunun tamamən bir dəlilik olduğunu gördüm. Hollivud dekorasiyalı nəsə bir sayt. İnvestorların bu işə hansı ağılla pul qoyduqları qəribə idi’’.
Gün keçdikcə mühəndislərin sayı artır, hədəf daha aydın görünməyə başlayırdı. Şirkət bank fəaliyyəti üçün lisenziya aldı. Sonra investisiya fondunun hissə lisenziyasına sahib oldu və maliyyə konqlomeratı Barclays ilə ortaq oldu. Noyabr ayında kiçik proqramçılar qrupu FDIC (Depozitlərin sığortası üzrə Federal korporasiya – İ.N.) təminatlı, hesabları tam sığortalı olan dünyanın ilk internet bankını qurdular. Mask test üçün öz cibindən 100 min dollar pul verdi. Şükranlıq günü gecəsi X.com ilk xidmətləri göstərməyə başladı. Anderson o gecəni belə xatırlayır: “Gecə ikiyə qədər oradaydım. Sonra bayram yeməyi hazırlamaq üçün evə getdim. Bir neçə saat sonra İlon telefon edib digər mühəndislərin dincəlməsi üçün məni ofisə çağırdı. Özü isə iki sutka idi şirkətdən çıxmırdı, hər şeyin çalışdığına əmin olmaq istəyirdi’’.
Maskın rəhbərliyi ilə X.com bir neçə əsas bank əməliyyatını sınaqdan keçirtdi. Müştərilər saytda qeydiyyatdan keçən kimi hesablarına 20 dollar yatırılır, cəlb etdikləri hər yeni müştəriyə görə isə 10 dollarlıq hədiyyə çeki verilirdi. Mask banklarda müştərilərdən çıxılan xidmət xərcləri və mənasız cərimələri ləğv elədi. X.com şəxsi ödəmələrin müasir köçürtmə sistemini qurdu. Artıq pul göndərəcəyin adamın e-mail ünvanını bilmək kifayətdi ki, ona pul köçürəsən. “Astagəl’’ bank sistemi çevik bank əməliyyatları ilə çöhrəsini dəyişirdi. Maskın gətirdiyi yeniliklər inqilabi xarakter daşıyırdı və ilk iki ayda 200 mindən çox adam X.com-un müştərisi oldu.
Çox keçmədən X.com-un güclü bir rəqibi çıxdı. Maks Levçin və Peter Thiel adlı iki ağıllı gənc Confinity adlandırdıqları ödəmə sistemi üzərində çalışırdı. Çalışdıqları kiçik yer Maskın ofısində idi, oranı X.com-dan icarəyə götürmüşdülər. Gördükləri iş isə Palm Pilot (geniş funksional imkanları olan portativ hesablama aparatı – İ.N.) sahibi olanların köçürmələrini infraqırmızı portlar üzərindən həyata keçirmək idi. X.com və Confinity şirkətlərinin yerləşdikləri Universitet prospektindəki bina internetdə maliyyə inqilabının mərkəzinə çevrildi. Ankerbrandt o gəncləri belə xatırlayır: “O iki gənc hər şeyi unudub çalışırdı. İçəridə çox pis bir qoxu vardı. İndiyədək burnumdadır: pizza artıqları, kirli bədən və tər qoxusu’’.
X.com və Confinity arasında yaranmış qəribə dostluq anidən bitdi. Confinity eyni prospektdə yerləşən başqa bir ofisə köçdü və PayPal adı verdikləri internet vasitəsilə öz ödəmə sistemi üzərində çalışmağa başladı. Daha çox müştəri toplamaq üçün iki şirkət arasında şiddətli savaş başladı. Qələbə daha çox müştəri toplayanın olacaqdı. On milyonlarla dollar reklam kampaniyalarına, başqa milyonlar isə maliyyə fırıldaqları üçün yeni sahə tapmış hakerlərlə mübarizəyə xərcləndi. Sonralar Yelp-in (Xidmət sektorunu qiymətləndirmə sistemi – İ.N.) CEO-su olacaq X.com mühəndisi Jeremy Stoppelman belə deyir: “Bu, stripriz klubunda qızların üstünə pul səpələməyin internet versiyasına bənzəyirdi. Pullar görünməmiş bir sürətlə qurtarırdı’’.
İnternet ödəmələrində liderlik uğrunda yarış Maska çevikliyini və iş əxlaqına verdiyi önəmi nümayiş etdirməyə imkan yaratdı. Mask PayPal-ın eBay kimi internet-hərraclarda əldə etdiyi üstünlüyə qarşı sürəkli yeni planlar qururdu. O, X.com çalışanlarını rəqiblərlə həlledici döyüşə hazırlayırdı. Ankenbrandt belə xatırlayır o anları: “Xoş sözlər deməyə ehtiyac yox idi. Biz sutkada 20, Mask isə 23 saat çalışırdı’’.
Mart 2000 tarixində X.com və Confinity, nəhayət, düşmənçiliyə son verib güclərini birləşdirdilər. Confinity-nin PayPal kimi “bərkgedən’’ bir məhsulu vardı, amma yeni müştərilərinə gündə 100 min dollar pul ödəyir, inkişaf etmək üçünsə maliyyə ehtiyatları yoxdu. X.com-un isə əksinə, böyük pul ehtiyatları və bank kimi mürəkkəb bir quruluşu vardı. Mask birləşmə şərtlərinin şəkilləndirilməsində təşəbbüsü öz üzərinə götürdü və nəticədə birləşmiş şirkətin ən böyük səhmdarı oldu. Şirkət X.com adını saxladı. Anlaşmadan az bir zaman sonra Deutsche Bank və Goldman Sachs kimi iki böyük quruluş X.com-a 100 milyon dollar verərək sponsor oldular. Artıq müştərilərinin sayı bir milyonu keçmişdi13.
İki şirkət öz korporativ ənənələrini də birləşdirmək istədilər, ancaq buna nail ola bilmədilər. X.com çalışanları kompüterlərinin monitorlarını kabellərlə təkərli stullara bağlayıb birlikdə çalışmaq üçün küçəylə Confinity-nin ofisinə qədər sürürdülər. Lakin onlar vahid bir komanda olmadılar. Mask X.com brendini müdafiə edir, çox adam isə PayPal deyirdi. Əsas mübahisə şirkətin texnoloji infrastrukturu ətrafında baş verirdi. Levçin və onun Confinity komandası Linux kimi inkişaf etməkdə olan kodlu proqramlar tərəfdarı idilər. Mask isə daha effektiv saydığı Microsoft proqram təminatını müdafiə edirdi. Kənardan baxanlar üçün bu fikir ayrılığı çox da önəmli kimi görünməyə bilər, amma Microsoft-u “Şeytan imperiyası’’, Linux-u isə modern proqram təminatı sayan proqramçılar üçün bu mübahisə dinlərarası müharibəyə bənzər bir qarşıdurma idi. Birləşmədən iki ay sonra Thiel istefa verdi, Levçin isə texnoloji ikitirəlik səbəbi ilə işdən ayrılacaq deyə təhdid etməyə başladı. Mask belə bir parçalanmış şirkəti idarə etməli idi.
X.com-un texniki məsələlərlə bağlı qarşılaşdığı problemlər dərinləşir, hesablama sistemləri müştəri bazasının böyüməsi ilə ayaqlaşa bilmirdi. Həftədə bir dəfə şirkətin veb-saytı çökürdü. Mühəndislərə yeni sistem yaratmaq əmri verildi. Bu isə əsas texniki kadrları işdən ayırır, X.com haker hücumları üçün asan hədəfə çevrilirdi. Stoppelman vəziyyət haqda “Qazandığımız pulu sürətlə itirirdik’’ deyirdi.
X.com populyarlaşdıqca işlər çoxalır, bu isə problemlərin artmasına gətirib çıxarırdı. Fırıldaqçılıq halları artmağa başladı. Bank və kredit təşkilatlarının hesabına gedən rüsumlar artırdı. Yeni yaranan startaplarla rəqabət çətinləşirdi. İtkiləri kompensasiya etmək və pullardan daha səmərəli istifadə üçün X.com-un onlara uyğun bir biznes-modelə ehtiyacı vardı. Şirkətin maliyyə müdiri, sonralar isə Sequoia-nın məşhur sərmayədarı olacaq Ralf Bota Maskın X.com-un həqiqi problemini gizlətdiyini düşünürdü. Şirkət daxilində Maskın kritik anlarda doğru qərar verdiyinə inananların sayı azalırdı.
Bunun sonu çevrilişlə nəticələndi. Bu çevriliş Silikon Vadisinin şanlı tarixindəki ən iyrənc çevriliş idi. X.com-un işçilərindən ibarət kiçik qrup bir axşam Palo-Altodakı Fanny&Alexander barında yığışaraq Maskın işdən uzaqlaşdırılması planını müzakirə etdi14. Belə qərara gəldilər ki, Peter Thielin CEO olaraq geri gətirilməsini İdarə Heyətindən tələb etsinlər. Levçin və tərəfdarları çevrilişi Maskın arxasında, gizlicə həyata keçirməyə hazırlaşırdılar.
Mask və Castin 2000-ci ilin yanvarında evləndilər, ancaq bal ayına gedə bilmədilər. Doqquz ay sonra – sentyabrda onlar iş ilə tətili birləşdirib Sidneyə uçmağa qərar verdilər. Onlar səyahətə həm yeni investisiyalar cəlb etmək, həm də bal ayı tətili üçün çıxırdılar. Ən son da Sidney Olimpiadasına baxıb geri dönməyi planlaşdırdılar. Axşam saatlarında təyyarəyə mindikləri əsnada X.com-un digər rəhbərliyi şirkətin İdarə Heyətinə Maska inamsızlıq məktubu göndərdi. Maska sadiq bəzi adamlar nəsə pis şeylər hiss etməyə başladılar, amma artıq gec idi. Ankenbrandt o axşamı belə xatırlayır: “Axşam gec saatlarda ofisə gəldim. On birin yarısı idi, hər kəs ofisdə idi. Olanlara inana bilmirdim. Dəli kimi İlonla əlaqə qurmağa çalışırdım, ancaq o, təyyarədə idi’’. Təyyarə yerə enəndə Thiel Maskın yerinə təyin olunmuşdu.
Nəhayət, Mask baş verənlərdən xəbərdar oldu və o, ilk təyyarə ilə təcili Palo-Altoya geri qayıtdı. Castin belə deyir: “Bu bir şok idi, amma Maskın haqqını vermək lazımdı – ləyaqətlə durmuşdu’’. Mask bir müddət müqavimət göstərdi. İdarə Heyətinin qərarının dəyişməsində təkid etdi. Amma işin bitdiyini anlayıb geri çəkildi. Mask olanları belə ifadə edir: “Mən Moritz və digərləri ilə danışdım. Artıq CEO kimi qalmaqda təkid etmirdim. Narahatlığım onların işin öhdəsindən mənsiz gələ bilməyəcəkləri ilə bağlı idi. Levçin və Thiellə söhbətdən sonra onların müvəffəq olacağına sanki inandım. Yəni nəticə etibarilə dünyanın sonu deyildi’’.
X.com-un qurulduğu gündən Maskın yanında olanlar yaşananlardan məmnun deyildilər. Stoppelman ozamankı vəziyyətini belə təsvir edir: “Mən yıxılmışdım, gərgin və əsəbiydim. İlon mənim gözümdə rok ulduzu kimi bir şeydi. Açıq şəkildə bir anlaşılmazlıq olduğunu hayqırırdım. Ancaq şirkətin vəziyyətinin də yaxşı olduğunu görürdüm. Batırılmaz bir gəmi idi və mən də onu tərk etmək istəmirdim’’. 23 yaşlı Stoppelman iclas otağına girib Thiel və Levçinə hücum etmişdi. Stoppelman “Onlar mənə ürəyimi boşaltmağa izin verdilər, bu da mənim şirkətdə qalmağıma yardım etdi’’ deyir. Mühəndis Branden Spayke isə fərqli düşünürdü: “Arxadan alçaqcasına vurulmuş bir zərbə idi. Əgər qərarı İlonun iştirakı ilə qəbul etsəydilər, mən, bəlkə də, razılaşardım’’.
2001-ci ilin ortalarına doğru Maskın şirkətdəki mövqeləri hissolunacaq dərəcədə zəiflədi. İyunda Thiel rebrendiq edərək X.com adını PayPal-la əvəzlədi. Mask nadir hallarda ona qarşı göstərilən hörmətsizliyi cavabsız buraxırdı. Ancaq bu dəfə inanılmaz səbir nümayiş etdirdi. Şirkətdə məsləhətçi kimi çalışır və investisiya qoymağa davam edirdi. Bu da onu PayPal-ın ən böyük səhmdarına çevirirdi. Bota bu haqda belə deyirdi: “İlonun yerində bir başqası olsa, qəzəblənib intiqam almaq üçün fürsət axtarardı. Amma o, başqa yol tutdu: bir əsilzadə kimi hərəkət edərək Peter Thieli dəstəklədi’’.
Sonrakı bir neçə ay Maskın gələcəyi baxımından çox həlledici olacaqdı. “Dotcom’’ avantürası sona yaxınlaşırdı, insanlar nəyin bahasına olursa olsun pullarını nağdlaşdırmaq istəyirdilər. PayPal-ı almaq üçün eBay-dan təklif gələndə çalışanların çoxu “şirkəti satmaq, hətta mümkün qədər tez satmaq” dedilər. Ancaq Mask və Moritz İdarə Heyətini təklifi qəbul etməməyə, bir az gözləyib daha baha qiymətə satmağa çağırdılar. PayPal-ın gəliri ildə 240 milyon dollar idi, özünü elə aparırdı ki, sanki təkbaşına davam gətirə biləcək. Mask və Moritzin müqaviməti bəhrəsini verdi. 2002-ci ilin iyulunda eBay PayPal-ı satın almaq üçün 1,5 milyard pul təklif etdi. İdarə Heyəti və Mask bu sövdələşməyə razı oldular. Mask bu satışdan 250 milyon dollar qazandı, vergilər ödəndikdən sonra onun əlinə 180 milyon dollar keçdi – bu pul ən iddialı layihələri həyata keçirmək üçün kifayət idi.
PayPal macərasının Mask üçün müsbət və mənfi tərəfləri oldu. Bir lider kimi etibarı zədələndi, hətta mətbuat ilk dəfə onun üstünə düşdü. Confinity-nin ilk işçilərindən Erik Cekson 2004-cü ildə yazdığı “PayPal savaşları: eBay, mətbuat, mafiya və bütün dünya ilə döyüşlər’’ adlı kitabında şirkətin gurultulu və hadisələrlə zəngin həyatını bütün təfsilatı ilə verib. Mask kitabda səhv qərarlar verən, eqoist və inadkar kimi göstərilir. Thiel və Levçin isə dahi qəhrəmanlar kimi təqdim olunublar. Valleywag adlı Silikon Vadisinin dedi-qodu saytı Maska qarşı qaralama kampaniyasını özünün ən sevimli mövzusuna çevirmişdi. Tənqidlər elə bir həddə çatmışdı ki, oxucular Maskın PayPal-ın həmtəsisçisi olduğuna belə şübhələnir, onu “Thielin pulsuz əlavəsi’’ adlandırırdılar. Kitabın dili və bloqlardakı paylaşımlar Maskı baş verənlər barədə öz variantını yazmağa məcbur etmiş, sayta 2200 kəlməlik bir cavab məktubu göndərmişdi.
Bu elektron məktubda Mask ədəbi istedadı ilə dalaşqan xüsusiyyətini birlədirib hadisələrə öz baxışını ortaya qoydu. O, Erik Ceksonu “yaltaq keçi’’ adlandıraraq stajorluqdan o tərəfə keçə bilməyən və şirkətin yuxarı eşelonlarında baş verənlərdən bixəbər biri olaraq göstərdi. Mask belə yazırdı: “Erik nəşriyyat tapa bilmirdi, kitabı Peter Thielin ona verdiyi pulla nəşr etdirdi. Erik Peterə sitayiş etdiyi üçün nəticə təbiidir: Peter “Cəsur ürək’’dəki Mel Gibson kimi təqdim edilib. Məni isə bir heç, uğursuz adam kimi göstərib”. Daha sonra Mask PayPal-ın həmtəsisçisi olduğunu göstərən bəzi faktları sadalayır – ən böyük səhmdar olmasını, işə qiymətli mütəxəssisləri cəlb etməsinı, uğurlu biznes-ideyalar irəli sürməsinı və s.
PayPal-ın o günləri haqda kimlə danışdımsa, hamı Mask haqqında formalaşmış ümumi fikirlə razıdır. Onlar Ceksonun sözlərinin xəyal aləminin məhsulu olduğunu qeyd edirlər. Ceksonun belə yanaşmasında Confinity-nin X.com üzərində qələbəsinin də rolu olub. Bota PayPal-da çox adamın yaddaşla bağlı problemi olduğunu deyirdi.
Ancaq eyni adamlar Maskın brendinqin idarə edilməsindəki səhvlərini və fırıldaqçılıqla bağlı texnoloji məsələləri yaxşı idarə etmədiyini də qeyd edirdilər. Bota bunlar haqda belə deyirdi: “Əgər Mask CEO vəzifəsində bir az da qalsaydı, şirkət iflas edəcəkdi. İlonun o dövrdəki səhvləri biznesin risklərini artırırdı’’.
Maskın PayPal-ın guya həqiqi təsisçisi olmadığı haqda danışılanlar reallığı əks etdirmir. Thiel, Levçin və şirkətin başqa rəhbərləri də eyni şeyləri dilə gətirirdilər. Söz-söhbətlərə cavab olaraq Mask əks-hücuma keçdi, bu da ona həqiqəti söyləmək və tarixi ədaləti müdafiə etmək üçün fürsət verdi. PayPal-ın keçmiş PR müdiri Vins Sollito Maskın ictimaiyyətlə əlaqələr məsələsinə baxışı haqda belə deyir: “Onun PR haqda anlayışı bundan ibarətdir ki, buraxılan səhvləri düzəltmək lazımdır. Əks təqdirdə səhvlər təkrarlanaraq presedent olacaq. Sonra o səhvlərin hər biri üçün vuruşaraq həqiqəti ortaya çıxartmağa məcbur qalacaqsan. Mask hər məsələni şəxsi olaraq qəbul edir və qarşıdurmadan çəkinmirdi’’.
O günlərdə Maskı ağına-bozuna baxmadan qabağa getmək həvəsinə görə tənqid edirdilər. Onun konfrontasiyaya meyli, çoxbilmişlik ədası və eqoizmi rəhbərlik etdiyi şirkətlərdə dərin çatlar yaradırdı. Nə qədər özünü ağır aparmağa çalışsa da, bu, investorları və təcrübəli menecerləri öz tərəfinə çəkmək üçün kifayət etmirdi. Zip2-də olduğu kimi PayPal-da da bu qənatə gəldilər ki, Mask CEO vəzifəsinə yaramır. Onun “satılmış işbaz”, texnologiyaları ona-buna peşkəş verən olduğunu söyləmək yalan olardı. Maskın ən azğın qarayaxanları bu ifadələri şəxsi söhbətlərlə yanaşı, camaat qarşısında da dilə gətirirdilər. Onlardan bəziləri Maskın xarakteri və hərəkətləri haqda getdikcə daha ağır kəlmələrdən istifadə edir, Maskı iş həyatında qeyri-etik, ünsiyyətdə isə vəhşi kimi qələmə verirdilər. Mənimlə söhbətlərində kitabda adlarının çəkilməsinə razı olmadılar. Bu adamlar Maskın onları məhkəmədə süründürəcəyi və bizneslərini batıracağından ehtiyat edirdilər.
Bunları qiymətləndirmək üçün tənqidləri Maskın nailiyyətləri ilə müqayisə etmək lazımdır. Onun insanları anlama və şəbəkədəki istifadəçilərin yaratdığı texnoloji trendləri görən anadangəlmə bir fəhmi vardı. Çoxları internetin nə olduğunu anlamağa çalışarkən Mask artıq onun məqsədyönlü inkişaf mexanizmlərini hazırlayırdı. O, kahin kimi bir çox texnoloji yenilikləri – kataloqlar, xəritələr, tematik saytlar və s.-ni öncədən görmüşdü. Bu yeniliklər indi internetin ayrılmaz parçalarıdır. İnsanlar Amazon.com və eBay-dan alış-veriş etməyə alışdıqdan sonra Mask tam təşəkküllü internet bankçılığına doğru böyük sıçrayış etdi. O, standart maliyyə mexanizmlərini onlayn edəcək, daha sonra isə yeni konseptlərlə bu sahəni modernləşdirəcəkdi. İnsan təbiətinin dərin bilicisi olduğunu göstərərək qurduğu şirkətlərə marketinq, texnologiyalar və maliyyə sahələrində müstəsna uğurlar qazandırdı. Mask sahibkarlıqla yüksək səviyyədə məşğul oldu; investorlar və mətbuatla çox az adam onun kimi çalışa bilirdi. Bunları edərkən insanlarla çoxmu sərt davranırdı? Şübhəsiz ki, sərtdi, amma necə möhtəşəm nəticələr qazanırdı.
Bütün “.com’’ şirkətləri sabun köpüyü kimi partlayıb yox olanda PayPal məhz Maskın idarəçiliyi sayəsində batmadı və 11 sentyabr terror aktından sonra birjaya girən ilk şirkət oldu. Sonra isə yüksək texnologiyalar sektorunun dərin böhran keçirdiyi bir vaxtda astronomik qiymətə eBay-a satıldı. O qarışıq dövrdə nəinki zəfər qazanmaq, heç ayaqda qalmaq belə imkansızdı.
PayPal Silikon Vadisi tarixində biznes və mühəndis istedadlarını birləşdirmiş ilk şirkət idi. Mask və Thiel ağıllı gəncləri tapıb şirkətə cəlb etməkdə usta idilər. Youtube, Linkedin və Yelp kimi startapların qurucuları PayPal məktəbini keçmişdilər. Bu məktəbin yetirmələri olan Reyd Hoffman, Peter Thiel, Ralf Bota kimi adamlar isə texnologiyalara böyük investisiyalar qoyan insanlar kimi ortaya çıxdılar. PayPal-ın əməkdaşları onlayn-dələduzluqla mübarizə metodlarının əsasını qoydular. Yaradılan proqram təminatından CIA və FBI terrorla mübarizədə, dünyanın böyük bankları isə fırıldaqçılığa qarşı istifadə etdilər. Bu super ağıllı gənclər “PayPal mafiyası’’ kimi tanınmağa başladılar. Onlar Silikon Vadisinin hakim sinfi sayılırdılar. Mask da bu sinfin ən məşhur və uğurlu üzvü idi.
Dönüb keçmişə baxanda Zip2 və PayPal rəhbərlərinin ehtiyatlı praqmatizminin qarşısında Maskın əngin xəyal gücü və enerjisi görünür. Əgər Zip2 müştərilərini Maskın istədiyi kimi cəlb etsəydi, şirkətin xəritəçilik və naviqasiyada tayı-bərabəri olmayacaqdı. PayPal-a gəlincə isə investorlar Maskı dinləməyib şirkəti erkən satdılar. Onu dinləsəydilər, PayPal daha uzun müddət müstəqil olaraq fəaliyyət göstərəcəkdi. 2014-cü il üçün PayPal-ın 153 milyon istifadəçisi vardı və onun bazar qiyməti 32 milyard dollar idi. Bundan əlavə, X.com-un ilkin məqsədini həyata keçirməyi hədəfləyən 3S adlı Square, Stripe və Simple kimi ödəmə və bank startapları da sürətlə inkişafda idi.
Əgər X.com İdarə Heyəti bir az da səbir etsəydi, Mask “Ümumi onlayn bank’’ sistemini qurmağa nail olacaqdı. Zaman göstərdi ki, Mask nəinki öz absurd ideyalarına inanır, o həm də onları həyata keçirir. Ankenbrandt deyir: “İlon dünyanı hamı kimi görmür. O, sadəcə olaraq bizə bənzəmir’’.
Zip2 və PayPal həngamələrinin içində Mask şəxsi həyatına da vaxt tapırdı. İllər boyu Castin Uilsonla uzaqdan flirt edir, həftəsonları onun yanına uçurdu. Sürəkli məşğul olması isə Maska düzgün münasibət qurmağa mane olurdu. Ancaq Zip2-nin satılmasından sonra öz evini aldı, Castinə daha çox diqqət ayırmağa başladı. Hamıda olduğu kimi onların da münasibətlərində get-gəllər yaşanırdı, lakin gənc aşiqlərin ehtirası sönmədi. Castin o dövrü belə xatırlayır: “Tez-tez küsüşürdük, amma dalaşmayanda aramızda dərin sevgi vardı – bu, sıx bağlılıq hissi idi’’. Bir dəfə Castinin keçmiş dostunun tez-tez ona zəng etməsinə görə sevgililər iki gün dalbadal dalaşdılar. İlona bu zənglər xoş gəlmirdi və X.com-un ofislərinin qarşısında ciddi münaqişə baş verdi. Castin o anda söylədiklərini belə ifadə edir: “Düşündüm ki, hər şey çox dramatik hal almağa başlayır və buna ancaq evlənməklə son qoymaq olar. İlona “mənə evlənmək təklifi et” dedim. Bir anlığa donub-qaldı, özünə gəlib evlənmək təklifi etdi”. Üstündən bir-iki gün sonra cəngavər ruhlu Mask Castini dalaşdıqları yerə gətirdi, dizi üstə çöküb ona nişan üzüyü hədiyyə etdi.
Castin Maskın çətin uşaqlığı olduğunu, onun göstərə biləcəyi reaksiya və emosiyaları yaxşı bilirdi. Bütün bunlar onu qorxutmur, romantik duyğularının o qorxuları üstələyəcəyinə inanırdı. Mask Makedoniyalı İsgəndərə heyrandı, tez-tez ondan danışırdı. Castin Maskı onu fəth edən fateh kimi görürdü. Sevgilisi haqda Castin belə deyir: “O, məsuliyyətdən qorxmurdu. Çətinliklərdən isə qaçmırdı. Evlənmək və uşaq sahibi olmaq istəyirdi’’. Mask elə bir inam və ehtiras saçırdı ki, Castin inanırdı ki, ona qarşı münasibəti həmişə yaxşı olacaq: “Pul Mask üçün əsas deyildi. O bilirdi ki, pulu həmişə qazana bilər’’.
Toydan sonra Castin qəlbini fəth edən qəhrəmanının başqa tərəfi ilə qarşılaşdı. Rəqs zamanı Mask onu özünə çəkib “Bizim münasibətlərimizdə əsas mənəm’’ dedi. İki ay sonra Castin evlilik müqaviləsi imzaladı – bu da onu narahat edən fikirləri oyandırdı və mübarizə yenidən başladı. O bu vəziyyəti bir neçə il sonra “Marie Claire’’ jurnalına verdiyi müsahibədə belə təsvir etmişdi: “Maska sürəkli nəsə çatışmırdı. Hər dəfə ona “Sənin arvadınam, işçin deyiləm’’ deyirdim. Mask isə mənə belə cavab verirdi: “Əgər mənim işçim olsan, səni işdən qovardım’’.
X.com-da baş verənlər təzəbəylə gəlinin münasibətini gərginləşdirdi. Əvvəlcə bal ayını təxirə saldılar, şirkətdəki üsyan isə sonrakı planlarını da pozdu. 2000-ci ilin dekabr ayında nisbətən sakitlik yarandı və Mask illər sonra ilk dəfə məzuniyyət götürdü. O, ikihəftəlik səyahət planlaşdırdı: birinci həftəni Braziliyada, ikincisini isə Cənubi Afrikada, Mozambiklə sərhəddəki ovçu qoruğunda keçirəcəkdilər. Mask Afrikada malyariyanın ən ölümcül növünə – tropik malyariyaya (falciparum malaria) yoluxdu. Bundan çox az insan sağ qurtulmuşdu.
Mask Kaliforniyaya yanvar ayında döndü, xəstəlik ən qızğın çağındaydı. Yatağa düşəndən bir neçə gün sonra Castin onu zorla həkimə apardı. Həkim onu təcili olaraq Redvuddakı Sequoia Hospital xəstəxanasına yerləşdirdi. Bir müddət sonra Mask Stanford xəstəxanasına müraciət edərək həkimlərə malyariya zonasında olduğunu söylədi. Ancaq onun analizlərində malyariya virusuna rast gəlinmədi. Həkimlər onurğa iliyinin punksiyasını edib Maska viruslu meningit diaqnozu qoydular. Müalicə başlayınca Mask nisbətən yaxşılaşdı. Onu evə buraxıb simptomların təkrarlana biləcəyi haqda xəbərdarlıq etdilər. İlon sonrasını belə xatırlayır: “Qısa müddət sonra vəziyyətim yenidən xarab olmağa başladı, halım get-gedə daha da pisləşirdi. Çox keçmədən ayaqlarım tutuldu. Birinci dəfəkindən daha ağır vəziyyətə düşmüşdüm’’. Castin Maskı bu dəfə başqa həkimə apardı, onun otağında İlon yerə yıxıldı. Bədəni elə susuzlaşmışdı ki, həkim Maskın ciyərlərini dinləyə bilmədi. Təcili yardım çağırıb onu əlində damcılıq, sistem altında yenidən Sequoia Hospital-a yerləşdirdilər. Orada Maska yenə yanlış diaqnoz qoydular – bu dəfə də malyariyanın növünü düz tapmadılar. Müalicə yanlış getdiyi üçün kənar effektlər çıxdı ortaya – ürək döyüntüsü artdı, bir çox orqanın funksional çatışmazlığı başladı.
Maskın müalicəsi düzgün getmirdi, vəziyyəti daha da ağırlaşdı. Başqa bir xəstəxananın malyariya üzrə daha təcrübəli həkimi təsadüfən Maskın analizlərini gördü və dərhal ona doksitsilin antibiotikinin ən maksimal dozasını yazdı. Bir gün də geciksə, Mask öləcəkdi.
İntensiv terapiya şöbəsində Mask əzab içində on dəhşətli gün keçirdi. Castin şok keçirmişdi: “Mask tank kimi sağlamdı. Olduqca dözümlüdür, kimsədə olmayan bir stress dayanıqlığı var onda. Onu bu dərəcədə aciz görmək başqa dünyaya səyahətə bənzəyirdi’’. Sağalması altı ay sürdü. 20 kilo arıqladı, şkafdakı bütün geyimləri ona gen gəldi. Mask başına gələnləri iki cümlə ilə belə izah etdi: “Mən ölümə çox yaxınlaşdım. Və bundan bir dərs çıxartdım – mənə məzuniyyətə çıxmaq düşmür. Tətil məni öldürür’’.
Ücretsiz ön izlemeyi tamamladınız.