Kitabı oku: «Yazsa roman olar», sayfa 3
Əsərin sonlarına yaxın Don Xose birtəhər naməlum qadının basdırıldığı məzarlığı tapır. Məzarlıq işcisinin bələdçiliyi ilə onun nömrələnmiş məzarını tapması və burada yuxuya gedib səhər məzarların arasında gördüyü çobanla dialoqu əsərin finalı sayıla bilər. Bununla da Don Xose axtardığı qadının simasında həyatın ən böyük həqiqətlərindən birini tapmış olur. Əsərin epiqrafında deyildiyi kimi biz ən yaxşı halda bizə verilmiş olan adları bilirik, amma sahib olduğumuz əsl adı bilmirik. Demək yaşadığımız bu şey hər nədirsə, toplu bir illuziyadan, oyunlardan başqa bir şey deyildir. Çünki müqəddəs olan şey gizli qalmağa, sirrə-sehrə bürünməyə məhkumdur. Bu islam fəlsəfəsində də belədir. Allahın yüzüncü adı gizlidir. Çünki bizə məlum olan 99 ad simulyasiyaya məruz qalsa da, o yüzüncü ad müqəddəslik haləsini saxlayır. Don Xoseyə nömrələnmiş məzarların içərisindəki nişan verilən məzarın əslində o olmadığını, məzarların nömrələrini gecə ilə dəyişdirdiyini, qısası onun axtardığı qadınının başının üzərində dayandığı məzarda olmadığını deyən çoban hər nə qədər cinayət işlətmiş biri olaraq sayılsa da, bunu kifayət qədər maraqlı səbəblərlə əsaslandırır. O, tanıdığın birinin əksinə tanımadığın şəxsin məzarı önündə ağlamağın nə qədər müqəddəs bir şey olduğunu bildirməklə yanaşı, həm də bu məzarların nömrələrini gecəylə niyə dəyişdirdiyini belə əsaslandırır: Nəzərə alsaq ki, qəbristanlığın bu hissəsi intihar etmiş şəxslər üçün ayrılıb, deməli burada yatan şəxslərin hamısı öz həyatlarından könüllü şəkildə imtina etmiş şəxslərdir. Deməli, bura da öz istəyi ilə gəlmiş şəxslər də həyatlarındakı insanları böyük əksəriyyətlə bir daha görmək istəməyən şəxslərdir. Belədə mən gecəylə onların nömrələrini dəyişdirməklə onları arzularına qovuşdurmuş oluram. İstədikləri azadlığa bu yolla nail olan bu ölülər yaşamları ilə bərabər imtina etdikləri şəxsləri də bir daha görmək məcburiyyətində qalmayacaqlar. Onlara bu azadlığı mən bəxş etdim. Əsərin ən dəhşətli hissələrindən biri olan bu dialoq Don Xose ilə bərabər oxucunu da bir xeyli sarsıdır. Axtardığı şəxsi bir daha tapa bilməyəcəyini anlayan Don Xose yarımçıq qalmış işlərini tamamlamaq üçün məzarlıqdan uzaqlaşır və intihar etmiş şəxsin – axtardığı qadının sonuncu dəfə evinə ziyarət etməklə də heçnə tapa bilməyəcəyini də görüb bu işi yarımçıq saxlamağa məcbur olur.
Əsəri oxuyub bitirəndə qəribə bir hiss bürümüşdü canımı. Deməli, axtardığım şəxsi tapmağım mümkünsüz olduğu qədər də onu tapmağım heç bir halda doğru bir şey ola bilməzdi. Hər halda imtinaların kökündə dayanan səbəb nə olur olsun, insanları öz azadlıqları ilə baş-başa buraxmaq lazımdır. Bəlkə də o qadın elə oxuduğu kitabdakı naməlum qadının simasında öz aqibətini görmüşdü. Bəlkə də elə o qadın naməlum qadın kimi hər kəsdən gizlənmək, qaçmaq istəyirdi. Bəlkə də elə o qadın bu əsərdəki qadın kimi intihar etmişdi. İstənilən halda, suallar çox idi. Belədə əsas bir sual qalırdı, cavabı vacib olan: Kimin haqqı çatardı onu bu yalnızlığından, bu azadlığından məhrum etməyə? Qoy hər kəs öz sirri ilə yaşasın! Qoy hər kəs ən azı özü qədər azad ola bilsin. Çobanın tapdığı bu həqiqətə gəlib çatan Don Xose sayaq mən də bu sirrin başını bir yolluq buraxmalı oldum.
Əsərin finalında işindən qovulacağını zənn edən Don Xose, gəlib evində arxiv idarəsinin müdirini görəndə bütün sirrinin faş olunduğunu dərk edir. Arxiv müdiri onun kolleksiyasını ələ keçirmişdi. Belə olduğu təqdirdə onu buna görə ən yüngül halda işindən qovulmaq cəzası gözləyirdi. Ancaq əksinə olur. Müdir buna görə onu nəinki cəzalandırmır, hətta onu qovmamasının səbəbi kimi bir gün ölümlə həyatın arsındakı o cizgiylə bağlı etdiyi çıxışında əsaslandırdığını yadına salır. Hərçənd ki, bu etdikləri cinayətdir. Deməli, ən böyük cinayətlərin həqiqətən də şahidi olmur. Deməli, istər ölü ol, istərsə də diri insanların ortaq bir nöqtəsi var: Bu da sirlər önündə susa bilmək ərdəmidir.
3. Bədbəxtliyə doyum
Fələyin mancanağından fitnə daşları yağır,
Sənsə əbləhcəsinə şüşə içərisində oturmusan…
“Vaqif” pyesi
Fələyin mancanağından aramsız şəkildə “Covid-19 daşları” yağdığı bir vaxtda əbləhcəsinə şüşə içərisində oturmaq bir yana, hələ üstəlik ədəbiyyatdan yazmaq nə qədər mənasız bir hərəkət kimi görünsə də düşünürəm ki, bu bir yandan da əlahəzrət ədəbiyyatın bizə bəxş etdiyi nadir tövhələrdən biridir ki, – nə olursa olsun, dünyanın istər düz, istərsə də düzənlik bir dövrü – ədəbiyyat daim insanların bir ehtiyacı olaraq qalacaq. Düzdür, hərçənd ki, iyirmi birinci əsrin əsas məşğuliyyətləri sırasında ədəbiyyatın funksionallıq baxımdan mahiyyəti bir xeyli azalsa da, tutalım ki, elmlə-tibblə müqayisədə bəşəriyətə fayda baxımından məhsuldarlığı aşağı düşsə də, estetik zövqdən məhrum qalmamış az sayda həkimlərimiz mütləqdir ki, əllərini fonendeskoplarının üzərinə qoyub tam səmimiyyətləri ilə etiraf edə bilərlər ki, bəli, Çexovdan yola çıxıb, Selində nəfəsini dərən, nəhayətində bizim Rafiq Tağıda qərar tutan ədəbiyyatla elmin tandemi heç də mümkünsüz bir şey deyil. Axı istənilən cərrah on iki saatlıq ağır bir əməliyyatdan sonra yəqin edə bilər ki, xəstənin ürəyini açıb ona dörd kameradan baxmaq kifayət deyil ki, onu içində gizlənən dərinliyi kəşf edəsən. Bunun üçün ağla gələn ilkin vasitə incəsənətdir, ədəbiyyatdır. Deməli, ədəbiyyatla elmi qarşı-qarşıya qoymaq heç də uğurlu bir seçim deyil. Əksinə, onların bir-biri ilə daimi təması, iç-içə, bütöv bir harmoniya şəklində fəaliyyətindən doğan nəticədən bəşəriyyətə yalnız və yalnız fayda gələ bilər ki, ağıllı cəmiyyətlərdə də bunun təzahürünü görmək mümkündür. Qısası, şərqsiz qərb, qərbsiz də şərq olmadığı kimi, ədəbiyyatsız elm, elmsiz də ədəbiyyat olmaz. Olacaqsa, ikisi də olmalıdır, ya da heç biri.
Ədəbiyyatın apologiyasından sonra birbaşa mövzumuza keçsək, haqqında danışacağımız şəxsin 2018-ci il Nobel mükafatı laueratı Piter Handke olduğunu söyləməliyik. Daha doğrusu, onun ilk əsəri “Bədbəxtliyə doyum” əsəri. Handke haqqında internetdə kifayət qədər məlumat tapa bilmək mümkün olduğundan, düşünürəm ki, onun bioqrafiyasına toxunmağa elə də lüzum yoxdur. Sadəcə, qısaca olaraq, onu qeyd etmək olar ki, mükafatı təqdim edən qurumun reputasiyası qədər də Handke haqqında fikirlər birmənalı deyil. Xüsusən də, onun “Serebnitsa hadisələri” haqqında olan qalmaqallı fikirləri şəxsinə olan antipatyanın əsas səbəblərindən biridir. Düzdür, hərçənd ki, Aliya İzzetbekoviçin müəmallı siyasi fəaliyyətindən dolayı bu hadisələrə fərqli yöndən baxış sərgiləyən insanlar da var ki, onlar üçün Handke heç də məzlum insanların qatilinə mədhiyyə yazan vicdansız olmasa da, əvvəldə də dediyimiz kimi, onsuz da adı qalmaqallarda hallanan Nobel komitəsi üçün Handke bir xeyli baş ağrısı oldu. Bizim isə sözün istənilən mənasında “siyasətə yaxından-uzaqdan əlaqəmizin olmaması” Handkenin bu məsələ ilə əlaqəsini çox da müzakirə etməyimizə imkan vermir. Ona görə də bu qısa bioqrafik məlumatdan sonra keçək onun yaradıcılığına. Daha doğrusu, ilk əsəri, hətta deyərdim ki, böyük ədəbiyyata gedən marafonda ilk “razminkası” olan “Bədbəxtliyə doyum” əsərinə.
Ücretsiz ön izlemeyi tamamladınız.