Kitabı oku: «Xudafərin körpüsü», sayfa 3
– Teymur sağ olanda belə danışmırdınız. Şahruxun vaxtında da səsiniz çıxmırdı.
– Daha bəsdi də, nə qədər dözmək olar.
– Sizin nəsil ki, Teymurun xidmətində olub.
– Bəli, olub. Oğlun həmin dostluğu bizdən qabaq yaddan çıxarıb.
– İndi nə deyirsən? Qonağı belə qarşılayarlar. Mənim oğlum səni belə qarşılamamışdı axı.
– Düzdü. Ancaq deyilən sözün cavabını alırlar. Sultan Əbu Səid oğluma qılınc bağışlamışdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdı.
Anaların söhbəti baş tutmurdu. Sara xatun da yumşalmaq, ona yaxşı sözlər demək istəyirdi, amma heç nə alınmırdı.
Əmirsipəhsalar örtüyün arasından çıxardığı tacı aparıb Uzun Həsənə uzatdı və təzim edərək dedi:
– Bu sultanlıq tacını Sultani əzəm, Əbu Səid sənə göndərib.
Uzun Həsən tacı götürmədi:
– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi deyiləm ki, başıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmışam, – dedi.
Elçiləri yola salandan sonra Uzun Həsən əyani-əşrəfini yığdı. Anası sağ tərəfində, Şeyx Heydər sol tərəfində oturmuşdu.
– Əbu Səid bizim əlimizdən heç yana qaçıb qurtara bilməyəcək. Mən hamının fikrini bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir.
Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi.
Bardaş qurub oturmuşdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.
– Düşməni basmışıq, kəsmək bir göz qırpımının işidi. İndi biz nə eləməliyik? Əlimizi saxlamalıyıq, yoxsa?… Elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdı. Onu hörmət-izzətlə yola salmaq yaxşı olardı.
Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda nataraz Əbih Sultan söz istədi. Onun da atası Diyarbəkr bəylərindən idi. Böyük bir dəstə ilə Uzun Həsənin xidmətinə gəlmişdi.
– Həsən bəy, biz Əbu Səidi əhli-əyatı ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik ordu gələcək. Əgər təkbaşına göndərsək, onda ağlaşma səsiylə göz yaşından özgə heç nə eşitməyəcəyik.
Danışanlar çox oldu. Hamısı da bu iki fikirdən birinin tərəfini saxlayırdılar. Sara xatun oturduğu yerdən danışmağa başladı.
– Ey Ağqoyunlu övladları. Cahan şah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim qan düşmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb Ağqoyunlu səltənəti olduğuna inanmırdınız. Çünki Teymur nəvəsi Əbu Səid üstümüzə gəlirdi. Onu Şeyx Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün o sülalənin oğlu Uzun Həsənin qarşısında sultanlıq taxtı boşdur. Ağqoyunlular hələ belə yüksək məqama çatmamışdı. Burada oturan bəylərin hamısını böyük işlər gözləyir. Hər biriniz bir vilayətin hökmdarı olacaqsınız. Dərbənddən başlamış Bağdada, Diyarbəkrdən tutmuş Xorasana qədər olan bir ölkə sizin ixtiyarınızdadır. Onu əldə möhkəm saxlamaq igidliyinizdən, sədaqətinizdən çox asılı olacaq. Düşmən əlinizdədir. Bir hücumla ələ keçirə bilərsiniz və keçirməlisiniz. Düşməni əldən qaçırsanız, sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu Səid tutulub girov saxlanmalıdır. Onu Şeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü ibadətlə başa vursun.
Uzun Həsən anasının sözlərinə qüvvət verdi.
– Axırıncı döyüşü Şeyx Heydərə və onun qazi-müridlərinə tapşırıram. Bacım oğlunun mükafatı böyükdür. Ən böyük mükafat isə… – O bir an susdu. – Qızım Aləmşahbəyimlə Şeyx Heydərin toyu Əbu Səid tutulandan sonra başlayacaq.
Əbih Sultan yerində qurcuxdu. O, Aləmşahbəyimi görmüşdü və gözəlliyinə heyran qalmışdı. Həm də Uzun Həsənin damadı-kürəkəni olmaq ona daha geniş yollar aça bilərdi. Amma bu imkan əldən çıxdı.
Şeyx Heydər qızardı və başını aşağı dikdi. Sonra ayağa qalxıb dayısına baş əydi.
– Müridlərim hazırdı. Əbu Səid sənin qulluğunda qolubağlı qul kimi dayanacaq…
Bu qələbəni Şeyx Heydərlə Aləmşahbəyimin toyu ilə şənləndirdilər. Uzun Həsənin qızı əri ilə Ərdəbildə qaldı.
İki atlı dağlardan enib Ərdəbilə gedirdi. Onlardan biri Şeyx Heydər idi ki, xeyli yaşlaşmışdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüşdü. Sifətindəki uşaqlıq cizgiləri itmiş, o, kişiləşmişdi. Qətiyyət indi onun çöhrəsinə daha çox yaraşırdı. Qiyafəsində də dəyişiklik vardı. Şeyxliyi təkcə çalmasından bilinirdi. O, daha çox pəhləvana və cəngavərə oxşayırdı. Çiyinləri enləşmiş, əlləri irilib kobudlaşmışdı. Qollarının əzələsi böyümüşdü.
Bu on ildə çox dəyişiklik olmuşdu. Sara xatundan sonra Ağqoyunlu dövlətini yaradıb və möhkəmləndirən, Avropada fütuhatla məşğul olan Fateh Sultan Məhəmmədlə belə iki dəfə böyük meydan müharibəsi aparan Uzun Həsən ölmüşdü. Taxta da oğlu Xəlil keçmişdi.
Şeyx Heydər elə bu barədə fikirləşirdi. Dayımın hər işdə bəxti gətirsə də, övladda, ələlxüsus oğlanlarda bəxti gətirmədi. Böyüyü Uğurlu Məhəmməd əvvəllər atası ilə danışanda qız kimi pörtüb qızarırdı. Sonra onun sağ əli, sərkərdəsi oldu. Yaman yeyənin olsun, yaman deyənin olmasın. Acı, zəhərli ilan dillər onu yolundan çıxartdı. Atasının üzünə ağ oldu. Qaçıb Fateh Məhəmmədə sığındı. Onun qızı ilə evləndi. Uzun Həsənin ürəyi partlamasın, nə eləsin? Qırxı çıxmamış Səlcuqəşahbəyim oğlu Xəlili taxta çıxartdı. Rəhmətlik Sara xatun deyərdi ki, bu səltənəti Səlcuqəşahbəyim dağıdacaq. Budur, bu gün də müridləri Şeyx Heydərə xəbər gətirmişdilər ki, Səlcuqəşahbəyimin kiçik oğlu Yaqub qardaşı Xəlili öldürüb, onun yerinə keçib. Anası da bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna görə gülür. Yaqub Mirzə indi olub Sultan Yaqub.
Hələ cavanlıqda onunla Yaqubun söhbəti tutmamışdı. Dayısı oğluna əlifba öyrədir, təhsil verirdi. Heç vaxt da onun tapşırıqlarına əməl eləmirdi.
– Dayıoğlu, oxu, öyrən, lazım gələr.
– Mən sultan oğluyam. Əvvəl-axır, mən taxta çıxacağam. Şah, hökmdar oğlu doğulmayanlar dərd çəksin.
Heç vaxt onun sifətində özünə qarşı mehribanlıq görməmişdi. İndi o qardaş qatili hakimiyyətə keçib. Bundan sonra bibisi oğluna da kəm baxacaq.
Şeyx Heydər isə öz işini bilən adam idi. O, gününü hücrələrdə keçirmirdi. Bilirdi ki, vaxt gələr, onu da atası Cüneyd kimi Ərdəbildən didərgin salarlar. Çünki bu nəslin hörməti çox vaxt hökmdarların hörmətindən üstün olub. Hökmdarlar onların ayağına gəlib, onların əllərini öpüb, onlardan xeyir-dua istəyib. Bəzi hökmdarlar isə onları sevməyib, səltənət içində səltənətə öyrəşə bilməyib. Qaraqoyunlular Şeyx Cüneydi buradan didərgin salmamışdılarmı?! Məcbur olub Diyarbəkrə, oradan Qaramana, Zülqədər oğullarına getmişdi. Uzun Həsənin atası Cahangir bəy onunla ülfət bağlayıb qızını da ona vermişdi. Bu on ildə Şeyx Heydərin hörməti də, şöhrəti də xeyli artmışdı. Uzun Həsən Fateh Sultan Məhəmməddən sonra dünyanın ən böyük dövlətinin başçısı idi. Onunla qonşu ölkələrin hökmdarları qohum olmaq üçün hər şeydən keçərdilər. O isə qızını Ərdəbil şeyxinə vermişdi. Həm səltənət, həm də baba şöhrəti onun hörmətini, şanını-şöhrətini artırır, səfəviyyəyə qoşulan müridlərin sayı gündən-günə artırdı. Dar-ül-irşada yığılan nəzir-niyaz padşah xəzinəsinə yığılan gəlirlərə yaxınlaşırdı. Bu qədər əmlakı kasıblara, fəqir-füqəraya paylamaqla qurtarmaq mümkün deyildi. Şeyx Heydər həmin pulla çoxlu silah alıb yığırdı. Özünün nəhəng qurxanası vardı ki, onunla bir dəfəyə iyirmi min müridi silahlandıra bilərdi. İlxıları alıb artırırdı ki, süvarinin sayı çox olsun.
İndi də dağlardakı düşərgədən qayıdırdılar. Müridlər orada məşq keçir, silah oynadır, at çapır, ox atır, hərbin sirlərini öyrənirdilər.
Heydərlə yanaşı gedən adam onun dostu Hüseyn bəy idi. O da şeyx yaşda, ancaq ondan bir az arıq, dirigözlü, qırğıbaxışlı cavan idi. Şeyxin müridləri ordusunun əsas sərkərdələrindən idi.
Hüseyn bəy dilləndi:
– Nə fikrə getmisən, Şeyx.
– Dünya gözlərimdə beş qara axçadan da dəyərsiz görünür. Deyirəm, gör kimin yerinə kim gəlir. Ağac ağacdı, kəsirsən, pöhrə verib yenə elə həmin ağac olur. Meyvəsi, barı da həmin. Amma insan niyə belədi. Oddan kül törəyir. Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasına, elinə-gününə satqın çıxır. Bir qardaş taxt üstündə o birisini öldürür.
– Şeyx, sən ki dünyanın gərdişini yaxşı bilirsən. Odur, Teymurun övladları da atalarına oxşaya bilmədilər.
– Bunun sirri nədədir?
– Qadında, deyə Hüseyn bəy dilləndi. Kişi nə qədər kamil, güclü olsa da, o qadın zəifliyi ilə birləşir. Bu ikisinin birliyindən yaranan nə qədər ataya oxşayırsa, bir o qədər də anaya oxşayacaq.
– Sənin sözlərində də həqiqət var. Doğrudan da Səlcuqəşahbəyim Uzun Həsənin tayı deyildi. Yaqub Mirzə də, atasından çox anasına çəkib. Başlayacaq bizi burunlamağa. Dar-ül-irşadın şöhrəti onu dəli eləyəcək. Onsuz da, mənim atamın qatili Şirvanşahla qohumdur.
– Bəli, acıdı, ancaq həqiqətdi.
Şeyx Heydər yorulmuşdu, tezliklə evə qayıtmaq, Aləmşahbəyimin kefini soruşmaq, oğlu Sultanəli ilə oynamaq, yorğunluğunu unutmaq istəyirdi. Amma bu xəbərdən sonra kefi pozuldu. Atın başını çəkdi:
– Geri qayıdıb şəhərdən çıxaq, – dedi.
Hüseyn Lələ bəy bir şey demədi. Onlar dar küçələrdən çıxıb gəldikləri yolla qayıtdılar, bir cığıra dönüb təpədəki qayanın üstündə bitən palıd ağacının yanına gəldilər. Atlardan düşdülər. Daha doğrusu Heydər nə edirdisə Hüseyn bəy də onun hərəkətlərini təkrarlayırdı. Heydər qalxıb palıdın altında, qayanın üstündə oturdu. Buradan Ərdəbil ovuc içi kimi görünürdü. Uzaqda Dar-ül-irşadın kaşı günbəzində günəşin işığı bərq vururdu. Heydər bir az fikirləşib belindən xəncərini çıxardı. Baş barmağına çəkdi. Qan çıxdı.
– Kəs barmağını.
Hüseyn bəy də öz xəncəri ilə eynilə barmağını kəsdi. Qan axıb getdi.
Heydər saqqalından bir neçə tük çəkdi, Hüseyn bəy də. Sonra Heydər həmin tükləri bir-birinə düyünlədi. Hər ikisinin qanında islatdı. Qayanın yarığını gözləri ilə axtarıb tapdı və sözə başladı:
– İndiyə qədər biz əməl yoldaşıydıq. Bu gündən oluruq qardaş, dost. Qoy bizim dostluğumuz bu tüklərin düyünü açılana qədər, qanlarımız biri-birindən ayrılan günə kimi davam etsin.
– Amin.
– Hüseyn bəy, bu gündən səni oğlanlarıma lələ seçirəm. Onların təlimini, tərbiyəsini sənə tapşırıram. Sultanəlinin, İbrahimin, İsmayılın.
Bu, dostluqda ən yüksək məqam idi. Hüseyn bəy qədim oğuzların andını təkrar elədi:
– Bu dostluğa dönük çıxsam, qılıncıma doğranım, oxuma sancılım.
– İndi səni babam Şeyx Səfinin batini fikirləri ilə tanış eləyə bilərəm. O deyir ki, dünya nurdan yaranıb. Allah da nurdu, onun yaratdıqları da nurdu. Demək, insan da nurdan ibarətdir.
Hüseyn Lələ bəy (artıq o, ləqəb qəbul etmişdi) dostunun sifətinə baxıb orada sanki qəzəblə alovlanan nur, işıq görürdü.
– İnsan da nurdan ibarətdirsə, demək, o, nurun, Allahın əksidir. Söz yox ki, insan nur, əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları ilə birləşirlər ki, bu da insanı bir-biri ilə bərabərləşdirir. İnsan da iki cürdür: kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz. Nur olması üçün o, əslən də, mənən də, daxilən də, xaricdən də pak olmalıdır. O nur-insanlar öz tərəfdarlarını artırmaq üçün iş görməlidir. Bu, yalnız kökünü açdığım sirr batindir və onu bizim ocağa sənin kimi ən yaxın olan dostlara açıram. Bunu ilk eşidən də sən olmusan.
Hüseyn Lələ bəy onunla mübahisəyə girişmədi. Çünki indi Səfəviyyənin mənəvi başçısı odur, onun dediyi həqiqətdir və bu sirri dərk etmək üçün hələ çox düşünmək lazım gələcək.
– İndi biz tədbir görməliyik. Sultan Yaqub bizə güc gəlməmiş, öz işimizə başlamalıyıq. İşlər ki, belə gedir, Ağqoyunlu xanədanı dağılacaq. Onun çox ömür sürməsinə heç nə kömək edə bilməz. Xanədanın dağılması bədbəxtlik deyil. Ölkəni, xalqı xilas eləmək vacibdir.
– Mürşidimiz bizə o yolu göstərsin, biz canımız, qanımız bahasına həmin yolu axıra qədər getməyə hazırıq.
– Dərbənd qalası. Atam Şeyx Cüneyd də bu yolu tutmuşdu. Dərbənd qalası ölkənin qüzeyində ən möhkəm qaladır və oradan başlayıb bu ölkəni birləşdirmək olar. Şirvanşahlar qocaman xanədan olsa da, onları tabe eləmək çətin deyil. Başa düşdün məni?
– Bəli.
– Müridlərə də elə buna görə təlim veririk. Din yolunda döyüşə hazırlayırıq.
Hüseyn Lələ bəyin dilinin ucunda bir sıra suallar vardı. Onlardan biri də elə bu, “din uğrunda” sözünə aid idi. Axı şirvanlılar da müsəlman idi, dərbəndlilər də. Amma Şeyxin fikri açıq-aydın deyilmişdi. Görülən hər işə hamının qəbul edəcəyi bir don geydirməsən, o başa gəlməz.
Şeyx Heydər xidmətçinin açdığı darvazadan ağ atın üstündə geniş həyətə girəndə onu qızılgüllərin ətri vurdu. Həyətin hər tərəfində növbənöv, cürbəcür qızılgüllər açmışdı. O, atdan düşdü. Xidmətçi atı çəkib apardı. O, hovuzun ətrafına dolandı və iplərlə dırmaşan səbagülü kolunun arxasında Aləmşahbəyimlə üz-üzə dayandı. Qaranlıq düşmüşdü. Göydə iri ulduzlar parıldayırdı. Amma o, sevimli arvadının ətrindən onu tanımışdı. Bu qədər güllərin arasında onun öz ətri vardı ki, Heydər onu ayıra bilmişdi. Qarşısında dayandı. Əllərini əllərinin içinə aldı. Baxdı, baxdı. Onlar biri-birilərini güclə görürdülər. Amma baxışlarını, gözlərini, təbəssümlərini yaxşı seçirdilər. Heydər onu bağrına basdı. Dodaqları, onun gül qönçəsinə oxşayan dodaqlarını tapdı. Hər ikisi məst oldu.
Bu evdə əndərun yox idi. Şeyx Heydər and içmişdi ki, Aləmşahbəyimdən özgə bu dünyada onun ikinci arvadı olmayacaqdı. Aləmşahbəyim də öz taleyindən çox razı qalmışdı. Hər hansı bir şahzadəyə versəydilər, o, bir neçə ildən sonra yenə dul qalacaqdı. Çünki şahzadələr hələ hakimiyyətə keçməmiş qanlarına qəltan olurdular. Ya da hərəmxanadakı arvadlarına vaxt ayıranda belə onlardan hər birini bir həftədən tez görmürdülər. Bu evdə isə nə saray çəkişməsi vardı, nə hərəmxana qeybəti. Onun sevimli əri təpədən dırnağa qədər ona mənsub idi.
– Mənim gəldiyimi nədən bildin?
– Hər dəfə sən yaxınlaşanda Ülkər kişnəyir. Mənə muştuluq verir. Bəs sən mənim yerimi hardan bildin?
– Ətrindən.
– İnanmaram. Həyətdə bu qədər qızılgül var. Onların arasında…
Heydər barmağını onun dodaqlarının üstünə qoydu:
– Mənim on böyük, ən ətirli qızılgülüm sənsən. Ətrinlə səni cənnət bağında taparam.
Aləmşahbəyim qollarını onun boynuna dolayıb yanaqlarını onun yumşaq saqqallı sifətinə söykədi.
– Gedək, mənim günüm-dirliyim. Gözümün nuru. Mənim nur parçam. Gedək uşaqların yanına. Onlardan ötəri bu gün elə darıxmışam ki.
Onlar evə girdilər. Sultanəli bardaş qurub qarşısındakı rəhildəki kitabı oxuyurdu. İbrahimlə İsmayıl yatmışdı. Sultanəli atasını görüb ayağa qalxdı. Qaça-qaça onun üstünə getdi. Şeyx Heydər onu qolları arasına aldı. Üzündən öpdü. Sinəsinə sıxdı.
– Sultanəli, sənə lələ tapmışam. Sənə də, İbrahimə də…
– Kimdi lələmiz, atacan?
– Hüseyn Lələ bəy. Bundan sonra o, səninlə məşğul olacaq.
Sultanəlinin on iki yaşı tamam olmuşdu. Beş il idi ki, təhsilə başlamışdı.
Otaq fərşlə döşənmişdi. Divar dibində qotazlı mitəkkələr, iri balışlar, qalın döşəklər qoyulmuşdu. Divardakı ləmədə mis, çini qablar düzülmüşdü.
Şeyx Heydər də əbasını soyundu, gəlib dizini qatlayıb oturdu. Kəniz Səkinə aftafa-ləyən gətirdi. O, əllərini yudu.
– Var ol səni, Səkinə. Allah qoysa Gürcüstan tərəfə gedəndə səni də aparacam, qohum-qardaşlarını tapıb onlara qovuşduracam.
– Allah ömrünü uzun eləsin, ağa. Mən heç yerə getmək niyyətində deyiləm. Sənin kimi Allah adamının evinə düşmüşəm, elə bilirəm elə öz ata evimdəyəm.
– Yox, ay Səkinə, ata evi ayrıdı. Bəlkə də onları da köçürüb Ərdəbilə gətirdik, inşallah.
Səkinə ürəyində sevinə-sevinə aftafa-ləyəni apardı. Elə bil, quş idi, ona qanad vermişdilər. Şeyx dediyini eləyər. Heç olmasa bircə dəfə atasını görəydi, onun oxuduğu “hurufatını” eşidəydi. Onda ölsə də, dərdi qalmazdı.
Ərinin qarşısında süfrəni Aləmşahbəyim özü açdı. Heç bir hökmdar qızı hələ süfrə açmamışdı. Amma onun qəlbinin, ürəyinin hökmdarı o idi. Bu işi görəndə özünü xoşbəxt hesab eləyirdi.
Səkinə yeməyi gətirdi. Bağırbeyin bişirmişdilər. Şeyx Heydər Sultanəlini də çağırıb özü ilə süfrədə oturtdu. Aləmşahbəyim də oturdu. Lakin o, hələ indiyə qədər ərinin yanında çörək yeməmişdi. Lakin oturub onun yeməyinə heyranlıqla baxırdı. Onun yeyib-içməyində atasını xatırladan cəhətlər vardı. Amma buna görə baxmırdı. Ona baxdıqca, elə bil, bütün dünyanı ona verirdilər. Əri də onun ürəyindən keçənləri oxuyur, özünü o yerə qoymur, onun doyunca baxmağına imkan yaradırdı.
Yemək yığışdırıldı. O, qısa bir dua oxudu. Qalxıb canamazını götürdü, yan otağa keçib namazını qıldı. Qayıdanda yataq otağına keçdi. Soyunub yerinə girdi. Aləmşahbəyim də şamı söndürəndən sonra paltarının xışıltısından hiss olunurdu ki, soyunur. İpək paltarı sürüşüb ayaqları altına düşdü. O, özünü sevimli ərinin qolları arasına atdı.
Gecədən xeyli keçmişdi. Amma onlar yatmamışdı.
– Gözümün nuru, qardaşın mənim üstümdən qələm çəkməyə hazırlaşır.
– Niyə?
– Qorxur. Taxtından qorxur. Fikirləşir ki, həmin taxta onun kimi sənin də haqqın çatır. Ona görə də Əbih Sultanın, Süleyman Bicanoğlunun fitvası ilə mənim qaramca danışır. Bir məclisdə də deyib ki, atam böyük səhv eləyib, bizim sümüyümüzü dərvişlərin sümüyünə calayıb. Onlarla qohum olduğumu fikirləşəndə xəcalət çəkirəm.
Bu sözlərdən sonra Şeyx Heydər Aləmşahbəyimin bədənində titrəyiş duydu:
– Nədən qorxursan? Qorxma, sənin ərin onlara can verənlərdən deyil. Mən istəyirəm, bir müddət Ərdəbildən uzaqlaşım. Qoy görsün ki, mən onun yolunda duran əngəl deyiləm. Vaxt gəlsə, mən ona daha çox kömək eləyərdim, nəinki onun ətrafındakılar.
– Mən sənin səhər gedib axşam gəlməyinə dözə bilmirəm. Üç-dörd ay getməyinə necə dözəcəyəm?!
– Bu, lazımdı. Getməmişdən qabaq gərək sən qardaşından icazə alasan. Deyəsən ki, Şeyx Heydər qəzavata gedir. Dağıstanda müsəlmanlığı qəbul eləməyənlər var, gedir din yolunda vuruşmağa.
Aləmşahbəyim onu bərk-bərk qucaqlamışdı. Sanki əri elə indi yola düşür, o da tutub saxlamaq üçün bütün gücünü sərf eləyir.
– Yenə vuruşma, yenə Şirvan? Bu Şirvandan doymadınız?
Aləmşahbəyimin səsi titrədi. Deyəsən, o ağlayırdı. O, ərinin atası Cüneydin Şirvanşah İbrahimxəlil tərəfindən öldürüldüyünə işarə vururdu. İndi isə hakimiyyətdə Fərrux Yasar idi. Cüneydin ölümünü onlar da yaddan çıxarmamışdılar.
– Getməsəm, onda gərək burada Sultan Yaqubla kəllə-kəlləyə gəlim. Mən isə bunu istəmirəm…
Sultan Yaqubun icazəsini alandan sonra Şeyx Heydər yeddi min müridlə səfərə çıxdı. Kür çayını Ərəş mahalında, Mingəçevir kəndi yanından keçib Şirvanın dağ dibi yolları ilə Dərbəndə yol almışdılar.
Fərrux Yasar müridlərin hərəkətini hər gün izlətdirir, qoşunlarını döyüşə hazırlayırdı. Amma Şeyx Heydərin müridləri əkinlərə, kəndlərə, mal-qaraya toxunmur, lazım olan hər şeyi satın alırdılar. Ərdəbildən çıxdıqlarının iyirminci günü Samur çayı kənarındakı Quryan1 kəndinə çatdılar. Gün günorta yerində idi. Meşə yolundan çıxıb Samurun kənarına çıxdılar. Şeyx Heydər atını saxladı.
– Burada düşərgə salacağıq. Xəbər verin, çadırları qursunlar.
Hüseyn Lələ bəy başını qaldırıb günəşə baxdı:
– Neçə gündür gecə-gündüz yol gəlirik. Dərbəndə az qalıb. Çayı keçib çadır qursaq, necə olar? Əvvəla bu, təhlükəlidi. Fərrux Yasar qoşun gətirsə, onlar yuxarıdan aşağı gələcək, biz pis vəziyyətdə qalarıq.
Şeyx Heydər bahar buludu kimi dolmuşdu. Hüseyn bəyin qolundan tutub özü ilə apardı.
– Şeyx Cüneydin qəbrini ziyarət eləməyək?
– Buradadı?
– Bəli. Burada, Quryan kəndindədir.
Onlar üstünə şax-şəvəl döşənmiş, çay daşı ilə hörülüb, palçıqla suvanmış, divarlarında mal təzəyindən yappalar olan meşə içindəki kəndə girdilər. Silahlarını qurşamış, yanları ilə müridlər də götürmüşdülər. Kəndin ortasında, divar dibində oturan qocalara salam verdilər.
Qocalar ayağa qalxıb onların salamını aldılar. Bir gümrah qoca qabağa çıxıb atın yüyənindən yapışdı:
– Qonağımız olmasanız, buraxmarıq. Düşün atdan, – dedi.
– Sağ ol, əmi, bir işimiz var, elə kömək eləsəniz qonaqlıqdı.
– Buyurun, qonaq qardaş.
– Burada bir Şeyx Cüneyd qəbri var, onu bizə nişan verərsiniz?
– Niyə nişan vermirik. Buyurun. O, bir igid insan idi. Ərdəbildən gəlmişdi. Onda mən lap gümrahıydım. Bax o, aşağıda, çayın kənarında şah qoşunuyla vuruşdular. Deyəsən heç vuruşmağa da gəlməmişdi onlar. Hamısı qırıldı. Otuza qədər adam qalmışdı. Özü də yaz idi. Samurda da su çox idi. Hava da qaralırdı. Şeyx onmu, on beşmi adamnan çayı keçdi. Yaralılar bəri tayda qaldı. Gedə bilmirdilər. Bu vaxt İbrahimxəlilin atlıları çatdı. Bu yaralıları qılıncla doğramağa başlayanda yaralılar qışqırdılar. İndiyə qədər qulaqlarımda səslənir:
– Mürşüdümüz, bizi atıb getmə!
Biz quzu otarırdıq, görürdük. Səsi eşidib bir də döndü. Atı da yox idi, deyəsən, vurmuşdular. Bir qolundan da qan axırdı. Özünü vurdu suya, yanındakılar da qayıtdı, çayı bir də keçdilər. Onlar gələnə kimi burdakı yoldaşlarını doğramışdılar. Gəldi, gəldi. Qılıncı hərləməyi ilə bir atın ayaqlarını biçdi, atlı yerə gələndə, onu da. Yoldaşları da şir kimi vuruşurdu. Onlar az, atlılar çox. Aldılar araya. Bir azdan atlılar onların ciblərini, üst-başlarını axtardılar. Sonra, deyəsən, nəsə qiymətli şey tapmışdılar. Onun üstündə özləri bir-birilərini qılıncladılar. Orasını deyim ki, nə olduğunu nə gördük, nə eşitdik.
Şirvanşahın qoşunu gedəndən sonra mənim atam, Allah ölənlərinizə rəhmət eləsin, o, el ağsaqqalıydı, camaatı yığdı, gedib meyitlərin hamısını gətirdi, burada dəfn elədilər. Yaxşı ehsan da verdi, üstlərində quran da oxutdu.
İndi o şeyxin qəbri pir olub. Sonsuzlar, xəstələr şəfa tapmağa bura gəlirlər.
Qoz ağacının altında adam boyundan hündür qəbir daşı vardı. Arxa tərəfində qədim oğuz qaydası ilə günəş şəkli qazmışdılar. Aşağıda isə at üstündə ova çıxan kişi təsvir edilmişdi. O, əlindəki nizə ilə əjdahanı öldürürdü.
Şeyx Heydər başdaşını qucaqlayıb, sifətini soyuq daşa söykədi. Qoca gəlib onun yanında dayanmışdı.
– Ay oğul, atan varmı?
– Vardı, əmi! Budur, bu daşın altında yatır atam.
Qoca, elə bil, yuxudan ayıldı. Gəlib onun çiyninə əli ilə vurdu:
– Oğul, belə ata üçün ağlamazlar. Gülərlər. O, əsl kişi, əsl qəhrəmandı. Onun qəhrəmanlığını bu gözlərim görüb.
Şeyx Heydər qocaya tərəf döndü:
– Amma mən atamı görməmişəm, o da məni görməyib.
– Torpağı sanı yaşayasan, elə özünə oxşamısan. Yadımdadı da. Uzaq vaxtın sözü deyil ki, yadımnan çıxa. Dünənin, srağagünün söhbətidi.
Qəbrin yanında kiçik, oyuncaq yüyrük qurmuşdular. Qoz ağacının budaqlarına isə əlvan rəngli parça qırıqları bağlamışdılar.
Qoca Şeyx Heydərə dedi:
– Buranı pir eləyən də mənim atam olub. Övladı olmayanlara məsləhət gördü ki, buraya nəzir gətirsinlər. Övladınız olmasa heç, olsa da qoy yaralı-yaralı yoldaşlarını qurtarmağa qayıdıb özü də şəhid düşən igidə oxşasınlar. O vaxtdan da bu adət yarandı.
Şeyx Heydər qoyunlar kəsdirdi, qazanlar asdırdı, bütün kənd camaatını çağırdı. Məclisin yuxarısında da qocanı əyləşdirdi.
Sonra yüzbaşıları, minbaşıları yığıb qəbrin üstünə, vidalaşmağa gəldi.
– Ey ata, oğlun səninlə görüşməyə gəlib. Gəlib desin ki, babamızın başladığı iş yerdə qalmayıb, onu davam etdirəcəyik. Rahat yat, arxayın yat.
Sonra o, müridlərin gətirdiyi sandığı açdırdı. Orada dilim-dilim tikilmiş qırmızı papaqları götürüb onlara payladı. Birincisini özü başına qoydu, çalmasını sandığa atdı.
– Ta qədimdən bizim namusumuzun, qeyrətimizin rəmzi başımızdakı papaq olub. Onu özümüzdən yuxarıda saxlamışıq. Bizim seçdiyimiz yol, qandan-qadadan keçir. Qoy bu qırmızı börklər o qanın timsalı olsun. Bu gündən adımıza qoy “Qızılbaş” desinlər.
Bütün müridlər də qırmızı börk aldı və hamısı da Cüneydin qəbri üstündə öz əqidələrindən dönməyəcəklərinə and içdilər.
Şeyx Heydər müridləri Kürü keçəndən bir-iki gün sonra Fərrux Yasarın çaparı onun məktubunu Təbrizə bacısını verdiyi Sultan Yaquba gətirdi. Məktubu oxutdurub fikrə getdi. Otaqdan çıxıb anası Səlcuqəşahbəyimin yanına gəldi. Anası oğlunu pərişan görüb alındı.
– Səni tutqun görürəm, ay mənim sultan oğlum. Yenə kim sənin qanını qaraldıb?
– İstəkli kürəkənimiz.
– Yenə nə qələt qırıb o dərviş nəvəsi?
Səlcuqəşahbəyim xatunun da onunla arası yox idi. Uzun Həsənlə mehriban olandan onun gözünün düşməninə çevrilmişdi.
– Al oxu. Qayınatam Fərrux Yasar göndərib. Qoşunu Şirvanı alt-üst eləyir. Məni də bacım inandırıb ki, o, qəzavata gedir. Deməyəsən, atasının qanını almağa gedirmiş. Burdan-bura məni aldadır.
Səlcuqəşahbəyim xatun məktubu ondan aldı. Yaşıl, qumaş mütəkkənin üstünə atıb, əlini yerə dayaq verdi. Əvvəl iri, kök yanbızları qalxdı. Artıq qocalmışdı. Özü də ağır, tökmə arvad olmuşdu. Qızıllarını – qolbaq, zərnişan, bilərzik, sinəbənd, xalxallarını cingildədə-cingildədə ayağa durdu. Sultan Yaquba elə gəldi ki, anasının asan qalxmağına mane olan elə o qızıllardı. Anası əlini onun çiyninə qoydu.
– Sən sultansan, dərdin olsa da bildirmə. Bir də ki, hökmdarın nə dərdi ola bilər. Mən vəzirlə, qayınatan Süleyman Bicanoğluyla tədbir tökənə kimi keç abı otağa. Sultanbuddan gətirdiyim gözəl səni gözləməkdən sarı yarpağa dönüb. Yazıq qız əriyib ətini tökəndən sonra xoşuna gəlməyəcək, deyəcəksən anam bu xortdanı haradan tapıb gətirib?
Sultan Yaqub qayğılı idi. Bir fikrə gələ bilmirdi.
– Abı otağa sonra.
– İndi get. Dünyanın bir dərdini ürəyinə salma. Nə qədər ki, cavansan, kefini çək, heç nəyin fikrini eləmə. O, ipək pərdəni qaldırıb qışqırdı:
– Xacə Mənsim!
Xacə Mənsim quş idi, cin idi, şəyatin idi, nədi, elə bil, yerdən çıxdı, göydən düşdü.
– Bəli, həşəmətli məleykə.
– Yüz dəfə demişəm ki, mənə “məleykə” deyib çağırma.
– Baş üstə, həşəmətli məley…
– Əy başını…
Xacə Mənsim əyilib daz başını onun qarşısında yerə qoydu. Səlcuqəşahbəyim başmağının qırğı dimdiyinə oxşayan burnunu xacənin başının parıldayan ortasına vurdu.
– Bu başında birdəfəlik saxla ki, mən Səlcuqəşahbəyiməm. Yadında qaldı?
– Bəli, həşəmətli xatun bəyim…
– Sultanbud qızı hazırdımı?
– Bəli…
– Get, onun bəxti gətirdi. Hökmdar onu şan-şöhrətə çatdırır.
Sultan Yaqubun iki hərəmi vardı. Biri Süleyman Bicanoğlunun qızı, o biri isə Şirvanşah Fərrux Yasarın bacısı idi ki, bu yaxınlarda gəlin gətirmişdilər. Bunlardan əlavə əsirlər arasındakı gözəl cariyyələri, şahın adamlarının kəndlərdə və şəhərlərdə rast gəldikləri gözəlləri onun üçün bəsləyib saxlayırdılar. Onların heç birinin hərəm hüququ yox idi. Doğulan uşaqlar belə sultanın övladı hesab edilmirdi.
“Sultanbud gözəli” dedikləri qızı Səlcuqəşahbəyim özü Qarabağda görmüş, götürüb saraya gətirmişdi. O, cariyyələrə qoşulmur, həmişə çəkilib bir tərəfdə xısın-xısın ağlayırdı. Xacə Mənsim də hərdənbir Səlcuqəşahbəyimə deyirdi:
– Qarabağ gözəli ağlayır.
– Ağlasın, ağlasın. Bu tezlikdə mənim oğlum onun otağına ayaq bassa, mənim oğlum olmaz.
Xacə Mənsim Süleyman Bicanoğlunun qızının yanına gedib iməkləyə-iməkləyə otağa girəndə Gövhərtac sevinirdi. Bir şeyə məəttəl qalmışdı ki, bu xacə nə üçün iməkləyə-iməkləyə gəlir. Bilmirdi ki, onu buna məcbur eləyən sultan özüdür. Ayaq üstündə girsə, onun hərəmlərinin sifətini görə bilər. Belə girəndə isə xalçanın naxışlarından özgə bir şey görmür. Deyəndə ki, bu axşam sultan sənin qonağındır, Gövhərtac onun başına qızıl tökürdü. Elə bilirdi ki, sultanın gəlməyi xacə Mənsimdən asılıdır.
Sultanbud gözəlini hərəmxanadan kənar, cariyyələri Sultanın ağuşuna atdıqları Abı otağa gətirmişdilər. Xacə Mənsim də həmin otağa iməkləyə-iməkləyə girdi. Özü də fikirləşirdi: “Mənim bədbəxtliyimə bax da. Dünya ləzzətindən məhrum olduğum bəs deyil, qadınların qarşısına iməkləyə-iməkləyə göndərirlər. Mən kişiyəm ki, onları mənə qısqanırlar?”.
O, xeyli iməklədi, amma qadın ayaqları görmədi. Başını azacıq qaldırıb küncdə qısılıb oturan qızı görəndə tez gözlərini aşağı endirdi.
– Muştuluğumu ver, həşəmətli məleykə. – Yox, belə deməyə onun haqqı yox idi. Çünki bu sözlərlə Sultanın hərəmlərinə müraciət edirdi. “Eybi yoxdu. Bu sözlər onu daha da yumşaldar”. – Bir azdan böyük Sultanımızın vücudunu görəcəksən. Məmləkətdə onun qamətinə çatan boy-buxun, igidliyinə çatan igidlik, ədalətinə çatan ədalət yoxdur. Bu gün Qarabağ böyük bir şərəfə nəsib olacaq. Sənə bu qoca bədbəxt bir sirr açsın. Sənin xeyrin üçün deyirəm. Bütün kişilər kimi şahlar, sultanlar da qadın qarşısında acizdirlər. Əgər onun istəyini yerinə yetirməyi bir az gecikdirsən, onda sənin bütün arzularına əməl edəcək”.
Amma Qarabağ gözəlindən səs çıxmırdı. Xacə isə sözlərini doğrayıb tökürdü.
– Əgər desən ki, Hindistan padşahının boynundakı ləli mənə gətirməlisən, gətirər. Necə gətirər? Qoşun yığar, bütün xəzinəsini xərcləyər, minlərlə cavanı qurban verər, amma gətirər. Zəmanənin sahibləri niyə bu qədər torpaqları alır, ölkələri tutur? Niyə? Məleykələrin sözü yerə düşməsin deyə. Hər ölkənin də öz gözəlləri var. Hərəmxanalar da xəzinə kimidir. Orada ən qiymətli daşlara bərabər gözəllər saxlanır. Düzdür, səni heç vaxt hərəmxanaya qoymayacaqlar. Baxmayaraq ki, sən bir çox şah hərəmlərindən gözəlsən, amma əslin, nəcabətin yoxdu. Amma istəsən ki, hökmdar Qarabağı dünyanın cənnət dilbər guşəsinə çevirsin, bax, bunu eləyər. Qohumlarını, qardaşlarını ehtiyacdan qurtarar. Sultan əlində bu işlər nədi ki? Heç nə.
Qarabağ gözəlindən səs-ün çıxmırdı. Ancaq, deyəsən çox ağlamışdı. İndi içini çəkirdi.
– Bu günahkar qocanın günahından keçin. Onu deyim ki, məleykənin ağlamasının səbəbini başa düşürəm. Sevincdən ağlamaq, gülməkdən daha gözəldir.
Bu vaxt nəsə ağır bir şey xacə Mənsimin başına dəyib xalçanın üstünə düşdü. Onun gözlərinin qabağı qaranlıq çaldı. Gözləri bir neçə an görmədisə də əlini sürtüb başına dəyib düşən əşyanı axtardı. Ağrıdan dini-imanı yansa da, fikrindən gələn o oldu ki, bunun muştuluğu hamının verdiyi muştuluqdan qiymətlidir.
Xacə yerdəki “muştuluğu” tapıb götürdü. Bu, Qarabağ gözəlinin ona tulladığı bürünc şamdan idi…
Səlcuqəşahbəyim oğlunu Abı otağa yola salıb qotazlı mütəkkənin üstündəki uzunsov, Şirvanşah möhürlü, ətirli məktubu götürüb höccələyə-höccələyə oxudu. Şirvanşah Fərrux Yasar yazmışdı ki, Şeyx Heydər Şirvanı istila elədi. Mən Gülüstan qalasında gizlənmişəm. Əgər o, böyük hökmdarın tapşırığı ilə gəlibsə, onda bunu açıq deyəydiniz, mən qalaların, şəhərlərin açarlarını qızıl nimçədə göndərəydim. Onsuz da, Şirvan sizə xərac verməyə hazırdı: Şeyx Heydər sizdən xəbərsiz Şamaxını tutub, burada taxta çıxmaq niyyətindədirsə, bu, ayrı məsələ, onda elə Təbrizin də taxtını ona vermək lazım gələcək. Bu tezliklə bu boyda səltənəti bir şeyxin fitnəsinə qurban vermək isə ağıllı iş olmazdı.
Səlcuqəşahbəyim bundan sonra kürəkəninin əlindən zəncir çeynəməyə başladı. O, oğlu taxta keçəndən Sara xatunun yerişini getmək istəyir, hər işə qarışırdı.
– Bütün günahlar bizim qızımızdadı. Arvad necə olsa, ərinin fikrini bilər. Bilsə də bizə xəbər verməyib. Ərini qardaşlarının üstünə qaldırır. Uzun Həsənin əziyyətlə qurduğu səltənəti dərvişlərə sədəqə vermək istəyir. Şah arvadı olmaq arzusuna düşüb. Arzun gözündə qalar, inşallah. Yaxşı deyiblər də, özgədən adama övlad olmaz. Tərsa qızından olan gəlib bizə canmı yandıracaqdı?