Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Amerika. İtkin düşmüş», sayfa 2

Yazı tipi:

– Sizin adınız nədir? – cənabın onu ağuşundan buraxdığını hiss edən Karl kifayət qədər hörmətlə, lakin tamamilə soyuqqanlı və fikrində bu hadisənin ocaqçı üçün hansı nəticələrə gətirə biləcəyini əvvəldən tapmağa çalışaraq soruşdu. Bunun Şubala xeyri olmayacağı ilk baxışdan məlum idi.

– Cavan oğlan, nə qədər bəxtəvər olduğunuzu başa düşün! – Karlın sualında cəmiyyətə özünün cib dəsmalı ilə silməkdə olduğu həyəcanlanmış sifətini göstərmək istəmədiyi üçün pəncərə tərəfə getmiş cənab Yakobun heysiyyətinə toxunacaq bir şeylər hiss edən kapitan ucadan dedi. – Bu, cənab senator Edvard Yakobdur və o, sizin dayınızdır. Bundan sonra sizi parlaq gələcək gözləyir, siz güman ki, bunu heç cür gözləmirdiniz. Bunu mümkün qədər anlamağa çalışın və özünüzü ələ alın!

– Əlbəttə, mənim Amerikada Yakob dayım, anamın qardaşı var, onun da adı Yakobdur, lakin soyadı, təbii ki, mənim anamın qızlıq soyadı ilə eyni – Bendelmayerdir.

– Cənablar! – pəncərənin yanındakı sığınacağından cəld geri qayıdan senator, Karlın sözlərini nəzərdə tutaraq az qala qışqırdı.

Liman məmurlarından başqa hamı – bir hissəsi sanki təsirlənərək, digərləri isə donuq sifətlə – ucadan güldü.

«Mənim dediyim o qədər də məzəli deyildi», – Karl fikrindən keçirdi.

– Cənablar, – senator təkrar etdi, – mənim və sizin istəyinizə zidd olaraq, siz kiçik ailə səhnəsinin iştirakçısı oldunuz, ona görə də mən sizə izahat verməyə bilmərəm, çünki, gümanıma görə ancaq cənab kapitan, – bu yerdə onlar bir-birinə yüngül təzim etdilər, – məsələdən tam halıdır.

«İndi mən doğrudan da hər sözə diqqətlə qulaq asmalıyam» – Karl fikirləşdi və kənara baxaraq, sevinclə ocaqçının yavaş-yavaş həyata qayıtdığını gördü.

– Amerikada olduğum uzun illər ərzində – əlbəttə «olmaq» sözü Amerika vətəndaşına, mən isə sümüklərimin iliyinə qədər Amerika vətəndaşıyam, uyğun gələn söz deyil, – özümün avropalı qohumlarımla heç bir əlaqəm olmayıb; birincisi bunun səbəblərinin buradakılara bir aidiyyəti yoxdur, ikincisi isə bu barədə danışmaq mənim üçün çox ağırdır. Mən onları sevimli bacıoğluma açacağım andan qorxuram da, hərçənd, çox ehtimal ki, onun valideynləri və yaxınları haqqında açıq danışmaqdan qaçmaq da mümkün olmayacaq.

«Onun mənim dayım olmasına heç bir şübhə yoxdur; yəqin sadəcə soyadını dəyişib», – Karl öz-özünə dedi və qulaq asmağa davam etdi.

– Hal-hazırda valideynləri – gəlin hər şeyi öz adıyla çağıraq – zəhlətökən pişiyi evdən bayıra çıxartdıqları kimi, mənim əziz bacıoğlumu da evdən bayıra atıblar. Bacıoğlumun tutduğu və buna görə də cəzalandırıldığı işləri təmizə çıxarmaq istəmirəm, lakin bu, adının özündə kifayət qədər üzr olan işlərdəndir.

«Pis səslənmir», – Karl fikirləşdi, – amma, yenə də onun hər şeyi danışmasını istəməzdim. Hərçənd o hər şeyi bilə də bilməz. Haradan bilsin ki?»

– Beləliklə, – dayı bambukdan olan əl ağacını qarşısına qoyub, bir qədər əyilərək ona söykəndi və bununla da vəziyyəti çulğaması qaçılmaz görünən lazımsız ciddiyyəti aradan qaldıra bildi, – beləliklə İohanna Brummer adlı, otuz beş yaşlı qulluqçu qadın onu başdan çıxartmışdır. «Başdan çıxartmışdır» deməklə bacıoğlumun xətrinə dəymək istəmirəm, lakin bu qədər yerinə düşən başqa bir söz tapmaq çətindir.

Dayısına artıq kifayət qədər yaxınlaşmış Karl, dayısının dediklərinin otaqdakılara necə təsir etdiyini onların üzündən oxumaq üçün başını qaldırdı. Heç kim gülmürdü, hamı ciddi və səbrlə qulaq asırdı. Həm də senatorun bacısı oğluna ilk imkan düşən kimi gülmürlər. Təkcə ocaqçının Karla yüngülcə gülümsədiyini qeyd etmək olardı, amma bu, birincisi həyata qayıtmağın yeni əlaməti, ikincisi isə tamamilə bağışlanılan idi, çünki Karl kayutda indi ictimaiyyətə məlum olmuş faktı gizlətmişdi

– Və bu Brummer, – dayı davam etdi, – mənim bacıoğlumdan, xaç suyuna çəkmə zamanı, şübhəsiz ki, bacıoğlumun sözarası yada salmış olduğu, lakin xoşbəxtlikdən qızda güclü təəssürat buraxmış sadə şəxsimin şərəfinə Yakob adı verilmiş möhkəm bir oğlan uşağı doğub. Niyə xoşbəxtlikdən? Çünki valideynlər uşağı saxlama xərclərindən və ümumiyyətlə onlara toxuna biləcək hər cür qalmaqaldan qaçmaq üçün, – nə oranın qanunlarını, nə də onun valideynlərinin vəziyyətini bilmədiyimi bir daha vurğulamaq istəyirəm, – beləliklə, uşağı saxlamaq üçün vəsait verməmək və başqa qalmaqallardan qaçmaqdan ötrü öz oğlanlarını, mənim əziz bacıoğlumu məsuliyyətsiz olaraq kiçik maliyyə vəsaiti ilə təchiz edərək Amerikaya yollamışlar; yalnız Amerikada hələ də baş verməkdə davam edən möcüzələr olmasaydı özbaşına qalmış yeniyetmə, ehtimal ki, həmin saat Nyü-Yorkun dalanlarından birində itib-batacaqdı, amma xoşbəxtlikdən həmin xidmətçi qadın mənə məktub yazmış – bu məktub uzun səyahətdən sonra srağagün mənim əlimə çatıb – və baş verənlər və bacıoğlumun zahiri görkəmini təsvir etməklə yanaşı, orada, tədbirlə, gəminin adını da qeyd edib.

– Cənablar, əgər mən sizi əyləndirmək fikrində olsaydım, sizə məktubdan ayrı-ayrı hissələri oxuyardım. – O, cibindən iki böyük xırda hərflərlə sıx yazılmış poçt kağızı çıxartdı və onları yellədi. – Məktub, əlbəttə ki, güclü təəssürat yaradardı, çünki müəyyən sadəlövh, lakin daim xeyirxah bir biclik və uşağın atasına böyük sevgi ilə yazılmışdır. Lakin mən nə sizi izahatımla lazım olandan artıq əyləndirmək, nə də bacıoğlumun – istəsə, ibrət almaq üçün, məktubu artıq onu gözləyən otağın sakitliyində oxuya bilər – ola bilsin ki, hələ də yaşayan hisslərini təhqir etmək istəmirəm.

Lakin Karl bu qıza heç bir hiss bəsləmirdi. Qız, keçmişin getdikcə uzaqlaşan hadisələrində, qapağına dirsəkləndiyi mətbəx masasının yanında otururdu. Karl atası üçün bir stəkan su götürmək və ya anasının hansısa tapşırığını yerinə yetirmək üçün mətbəxə girəndə qız ona baxırdı. Bəzən İohanna bufetin yanında narahat pozada durub, Karlın simasından ilham alaraq məktub yazırdı. Bəzən əlləri ilə gözünü örtür və ətrafdakı heç nəyi eşitmirdi. Vaxtaşırı özünün mətbəxlə yanaşı olan darısqal hücrəsində dizi üstünə çöküb, ağacdan yonulmuş çarmıx qarşısında dua edirdi; həmin anlarda Karl oradan ötərkən aralı qalmış qapının yarığından ürkəkcəsinə qıza baxırdı. Hərdən mətbəxdə var-gəl edir və Karlla rastlaşanda ucadan, əcinnə kimi qəhqəhə çəkərək geri sıçrayırdı.

Ya da Karl içəri girəndə mətbəx qapısını bağlayır və oğlan onu buraxmağını xahiş edənə qədər dəstəyindən tutub dururdu. Bəzən qız lazım olmayan əşyaları götürür və dinmədən onun ovcuna soxurdu. Lakin bir dəfə qız ona «Karl» dedi, həsrətlə içini çəkə-çəkə, əzilib-büzülərək, gözlənilməz müraciətdən özünü itirmiş oğlanı öz otağına çəkdi və qapını içəridən bağladı. Oğlanı az qala boğulana qədər qucaqlayıb, onu soyundurmasını xahiş etdi, əslində isə özü oğlanı soyundurub, sanki bundan sonra ona şəriksiz sahib olmaq, ömrünün sonuna qədər əzizləmək və qulluq etmək istəyirmiş kimi öz yatağına uzatdı. Qız gözləri ilə öz əsirini yeyərək, ehtirasla «Karl! Mənim Karlım!» qışqırır, o isə heç nə görmürdü və qızın, deyəsən, xüsusi olaraq onun üçün üst-üstə yığdığı isti tük döşəkçələrin üstündə özünü narahat hiss edirdi.

Sonra qız onun yanına uzandı və ondan hansısa sirlərini almağa çalışdı, lakin oğlanın danışmalı bir sözü olmadığından, yarızarafat-yarıgerçək hirsləndi, onu dartışdırmağa başladı, qulağını onun sinəsinə söykəyib ürəyinin necə döyündüyünə qulaq asdı, özünün ürəyinin səsinə qulaq asmağı təklif etdi, lakin Karl buna qəti etiraz etdi; lüt qarnı ilə onun bədəninə sürtüdü, əli ilə bədəninin aşağısına elə iyrənc və ayıbcasına toxundu ki, Karl başını və boğazını balışların altından çıxartmalı oldu; sonra qız qarnı ilə onu, sanki bədəninin bir hissəsinə çevrilmiş kimi, bir neçə dəfə itələdi və güman ki, elə buna görə oğlan özünü dəhşətli dərəcədə aciz hiss etdi. Nəhayət uzun çəkən xudahafizləşmədən sonra oğlan gözüyaşlı öz yatağına qayıtdı. Olanlar bu idi, amma dayısı bundan böyük bir əhvalat düzəltməyi bacarmışdı. Deməli mətbəx xidmətçisi nəinki onu yaddan çıxartmamışdı, hələ onun gələcəyi barəsində dayısına xəbər də vermişdi. Qadın bunu yaxşı fikirləşmişdi və yəqin ki, nəvaxtsa oğlan ona təşəkkürünü bildirəcəkdi.

– İndi isə, – senator ucadan soruşdu, – məni öz dayın hesab edirsən, ya yox.

– Sən mənim dayımsan, – Karl dedi və onun əlini öpdü, o isə oğlanın alnından öpdü. – Mən səninlə rastlaşdığıma çox şadam, amma valideynlərimin sənin haqqında həmişə yaman söyləmələri fikrin yanlışdır. Hələ onu demirəm ki, sənin dediklərində müəyyən səhvlər var, əslində hadisələrin bir qədər fərqli baş verdiyini nəzərdə tuturam. Hərçənd sən burada dayanıb oradakı bütün hadisələr barəsində düzgün mülahizə yürüdə də bilməzsən, həm də fikrimcə burada olanların onlar üçün xüsusi maraq kəsb etməyən məsələ haqqında məlumatlarının səhih olmaması qorxulu da deyil.

– Əla deyilib, – senator Karlı, rəğbət bəslədiyi açıq-aşkar hiss edilən kapitana tərəf apardı və soruşdu: – Bacıoğlum əladır, elə deyil?

– Mən şadam, – kapitan hərbi təhsilini nəzərə çarpdıran təzimlə dedi, – cənab senator, sizin bacıoğlunuzla ilə tanış olmağıma çox şadam. Belə bir görüşün mənim gəmimdə baş verməsi xüsusi şərəfdir. Düzdür, dördüncü siniflə səyahət etmək güman ki, bir qədər yorucudur, amma kimi apardığını haradan biləsən. Əlbəttə, biz başqa Amerika şirkətləri ilə müqayisədə dördüncü siniflə üzənlərin səyahətini mümkün qədər rahat etməyə daha artıq çalışırıq, lakin təəssüf ki, belə reysi hələ tam ləzzətə çevirə bilməmişik.

– Bu mənə bir ziyan vurmayıb, – Karl dedi.

– Bu ona bir ziyan vurmayıb! – Senator təkrar edib, ucadan güldü.

– Sadəcə qorxuram ki, çamadanımı itirmiş olum… – Bu yerdə Karl baş vermişlərin və edilməli olanların hamısını xatırlayıb ətrafına baxdı: təəccüb və ehtiramdan karıxmış iştirakçılar baxışlarını ona dikərək, donub qaldılar. Təkcə liman məmurlarının üzündə – ümumiyyətlə onların sərt özündənrazılıq maskalarının altına baxmaq olurdusa – təəssüf oxunurdu: yəni, buraya belə bivaxt gəlmək gərək bizim bəxtimizə düşəydi! Deyəsən masanın üstündə qarşılarına qoyduqları cib saatları onlar üçün dəftərxanada baş verən və baş verə biləcəklərin hamısından daha vacib idi.

Təəccüblü də olsa, kapitandan sonra öz sevincini birinci ocaqçı bildirdi.

– Sizi ürəkdən təbrik edirəm, – dedi və Karlın əlini sıxdı. Bu hərəkətində minnətdarlığa bənzər bir şey sezildi. O, oxşar nitqlə senatora müraciət etmək istəyəndə, senator geri çəkildi və bu hərəkəti ilə ocaqçıya anlatdı ki, o, icazə verilənin həddini aşır; ocaqçı o dəqiqə öz məramından imtina etdi.

Qalanları nə etmək lazım gəldiyini axır ki, anladılar və Karlla senatorun ətrafında mərəkə başladı. Belə alındı ki, Karl hətta Şubalın da təbriklərini minnətdarlıqla qəbul etdi. Yenidən bərpa olunmuş sakitliyin içində sonuncu yaxınlaşan liman məmurları ingilis dilində bir-iki söz dedilər ki, bu da məzəli təəssürat yaratdı.

Senator sevinci tam dadmaq fikrində idi, ona görə də kiçik təfsilatları belə özünün və otaqda olanların hafizəsində möhkəmlətməyə çalışırdı, onlar da buna nəinki səbirlə, həm də maraqla yanaşırdılar. O bildirdi ki, hər ehtimala qarşı Karlın mətbəx xidmətçisinin məktubunda göstərilən xüsusi əlamətlərini öz qeyd dəftərçəsinə yazıbmış. Ocaqçının mənasız naqqallığı zamanı, bir qədər fikrini dağıtmaq və əylənmək xətrinə qeyd dəftərçəsini çıxarıb, Karlın zahiri görünüşünü, xidmətçinin əlbəttə ki, detektiv dəqiqliyindən uzaq olan təsviri ilə müqayisə etməyə çalışıb.

– Bacıoğluları bax belə tapırlar! – Senator bu sözləri elə bəyan etdi ki, sanki təbrikləri yenidən eşitməyə ümid edirmiş.

– Bəs ocaqçının işi necə olacaq? – Karl dayısının sonuncu sözlərini qulaqardına vurub soruşdu. O hesab edirdi ki, yeni vəziyyətində istədiyini söyləyə bilər.

– Ocaqçı layiq olduğunu və cənab kapitanın lazım bildiyini alacaq, – senator dedi. – Hesab edirəm ki, ocaqçı ilə boğaza qədər toxuq; bu məsələdə buradakıların hamısının mənimlə razılaşacağına şübhəm yoxdur.

– Amma məsələ bunda deyil, söhbət ədalətdən gedir, – Karl etirazını bildirdi. O, dayısı ilə kapitanın arasında dayanmışdı və buna görə də fərz edirdi ki, məsələnin həll onların əlindədir.

Ocaqçı isə deyəsən daha heç nəyə ümid etmirdi. O, barmaqlarını kəskin hərəkətlərindən güllü köynəyinin altından çıxdığı şalvarının qayışına keçirmişdi. Bu, onu heç narahat etmirdi; o, bütün bədbəxtliklərini ağlayıb qurtarmışdı – qoy sonda onun cır-cındırına da baxsınlar – onsuz da qapıdan bayıra çıxaracaqlar. Fikirləşdi ki, bu son «hörməti» ona rütbələri ən aşağı olan stüard və Şubal göstərəcəklər. Onda Şubal sakitləşəcək və bir də ümidsizliyə qapılmayacaq. Kapitan büsbütün rumınlardan ibarət komanda yığacaq, hər yerdə rumınca danışılacaq və onda, ola bilsin ki, hər şey doğrudan da qaydasına düşəcək. Ocaqçılar daha mühasibatlıqda naqqallıq etməyəcəklər; minnətdar yaddaşlarda ancaq onun bugünkü boşboğazlığı qalacaq, çünki cənab senatorun indicə bəyan etdiyi kimi, dolayısı ilə, bacıoğlusu ilə görüşməyə səbəb olub.

Yeri gəlmişkən, bu bacıoğlu bu gün bir neçə dəfə ona faydalı olmağa cəhd göstərib, ona görə də hesab etmək olar ki, göstərilmiş təsadüfi xidmətə – dayısıyla tanışlığa görə ona minnətdarlığını kifayət qədər bildirib; Karldan daha nəsə tələb etmək ocaqçının heç ağlına da gəlmirdi. Hərçənd o da, hələ ki, kapitan ola bilməyib, senatorun bacısı oğlu olmaq istərdi, lakin sonda yəqin elə kapitanın ağzından acıqlı sözlər eşidəcəkdi. Ocaqçı, öz məramına uyğun olaraq, Karla baxmamağa çalışırdı, lakin təəssüf ki, bu otaqda onun gözlərini sevindirəcək başqa bir şey qalmamışdı.

– Vəziyyəti səhv başa düşmə, – senator Karla dedi, – əlbəttə söhbət ədalətdən, amma eyni zamanda da intizamdan gedir. Hər ikisi, xüsusən də axırıncısı, cənab kapitanın sərəncamındadır.

– Elədir ki, var, – ocaqçı donquldandı. Buna diqqət verib onun sözlərini eşidənlər təəccüblə gülümsədilər.

– Yaxşı, biz onsuz da cənab kapitanın Nyu-Yorkda olmadığı müddətdə yığılıb qalaqlanmış işlərinə mane olduq və artıq gəmini tərk etməliyik, yoxsa allah eləməmiş kimi, bizim üzümüzdən, bu iki maşinistin mənasız mübahisəsi böyük qalmaqala çevrilə bilər. Hərçənd ki, əziz bacıoğlum, mən az-çox sənin niyyətini anlayıram və məhz bu mənə səni buradan tez aparmaq hüququ verir.

– Mən bu dəqiqə sizin üçün qayıq endirmələrini əmr edərəm, – kapitan dedi və Karl dayısının, öz şəxsiyyətini kiçiltmək kimi qəbul edilə biləcək bəyanatına kapitanın bir sözlə də olsa etiraz etmədiyinə təəccübləndi.

Baş kassir cəld masaya tərəf atıldı və telefonla kapitanın əmrini bosmana çatdırdı.

«Vaxt gözləmir, – Karl düşündü, – lakin mən heç kimin xətrinə dəymədən bir şey edə bilmirəm. Məni bu qədər çətinliklə tapmış dayımı tərk edə də bilmərəm. Düzdür, kapitan nəzakətlidir, lakin intizama gələndə bu xasiyyəti bitir və dayım, şübhəsiz ki, onun gizli fikirlərini dilinə gətirmişdi. Şuballa isə heç danışmaq da istəmirəm və ona əl verdiyimə də təəssüf edirəm. Burdakıların qalanı isə sadəcə tör-töküntüdür.

Bu fikirlərlə o, asta-asta ocaqçıya yaxınlaşdı, onun sağ əlini kəmərin altından çıxartdı və yüngülcə sıxdı.

– Sən niyə heç nə demirsən? – soruşdu. – Niyə bütün bunlara dözürsən?

Ocaqçı uyğun sözləri seçirmiş kimi sadəcə alnını qırışdırdı. O, gözünü çəkmədən Karla və onun əlinə baxırdı.

– Sənə haqsızlıq edilib, gəmidə heç kimə edilmədiyi qədər, mən bunu dəqiq bilirəm. – Karl barmağı ilə ocaqçının əlini tərpətdi, o isə işıq saçan nəzərləri ilə ətrafa baxdı, sanki üzərinə, heç kimin ondan ala bilməyəcəyi xoşbəxtlik enmişdi.

– Sən özünün uğrunda mübarizə etməlisən, razılaşmalı ya da inkar etməlisən, yoxsa bu adamlar həqiqəti bilməyəcəklər. Sən mənə söz verməlisən ki, məsləhətimə qulaq asacaqsan, çünki sənə bir daha kömək edə bilməyəcəyimdən qorxmağa ciddi səbəblərim var. – Bu yerdə Karl ocaqçının ovcunu öpərək ağladı; o, kələ-kötür, indi taqətsiz olan bu əli götürüb, vidalaşmalı olduğu xəzinə kimi öz yanağına sıxdı. Lakin bu zaman senator dayısı yanında peyda oldu və onu, yumşaq, lakin təkidlə kənara çəkdi.

– Bu ocaqçı sanki səni ovsunlayıb, – dayısı dedi və Karlın başının üstündən səmimiyyətlə kapitana baxdı. – Sən ona rast gələndə özünü tənha hiss edirdin, indi isə ona minnətdarsan ki, bu da təqdirə layiqdir. Lakin, heç olmasa mənim xətrimə, çox dərinə getmə və özünün indiki mövqeni nəzərə al.

Qapının arxasından səs-küy eşidildi, belə təəssürat yarandı ki, kimisə kobud şəkildə qapının üstünə itələdilər. Qadın önlüyü bağlamış, əməlli başlı çaş-baş qalmış matros içəri daxil oldu.

– Ora adamla doludur! – Sanki hələ də kütlənin arasından keçirmiş kimi dirsəyini geri ataraq, qışqırdı. Nəhayət özünə gəldi, farağat vəziyyəti almaq istədi, önlüyü gördü, onu qoparıb yerə atdı: – Əclaflar! Onlar mənə qadın önlüyü bağlayıblar! – qışqırdı, sonra dabanlarını bir-birinə vurub kapitana hərbi salam verdi. Kimsə gülmək istədi, amma kapitan ciddi şəkildə dedi:

– Şadlıq üçün səbəb görmürəm. Qapının arxasındakılar kimdir?

– Mənim şahidlərimdir, – Şubal qabağa duraraq dedi. – Mən onların yersiz zarafatlarına görə acizanə üzr istəyirəm. Reysdən sonra adamlar bəzən özlərini zəncirdən açılmış kimi aparırlar.

– Bu dəqiqə onları içəri çağırın! – Kapitan əmr verdi və senatora dönərək nəzakətlə lakin səbirsiz əlavə etdi: – İndi, hörmətli cənab senator, zəhmət olmasa bacıoğlunuzla birlikdə bu matrosun arxasınca gedin, o sizi qayığın yanına aparacaq. Cənab senator, sizinlə şəxsən tanış olmağın mənim üçün nə dərəcədə həzz və şərəf olduğunu sözlə demək çətindir. Amerika dəniz donanmasındakı vəziyyət haqqında yarımçıq qalmış söhbətimizi tezliklə bərpa etməyi və bu söhbətin bugünkü kimi sevindirici bir hadisədən yenidən kəsilməsini ürəkdən arzulayıram.

– Hələlik mənə bir bacıoğlu kifayətdir, – dayı gülümsəyərək dedi. – İndi isə lütfkarlığınıza görə mənim dərin minnətdarlığımı qəbul edin və salamat qalın! Hər halda Avropaya gedəcəyimiz halda, – Karlı nəvazişlə qucaqladı, – sizin cəmiyyətinizdən həzz ala biləcəyimiz də istisna deyil.

– Mən ürəkdən şad olardım, – kapitan cavab verdi. Onlar bir-birinin əlini möhkəm sıxdılar; Karl isə kapitana yalnız dinməzcə və ötəri əl verməyə imkan tapdı, çünki Şubalın başçılığı ilə bir qədər karıxmış, amma səs-küylə otağa doluşmuş təqribən on beş nəfər onu dövrəyə almışdı. Matros qabaqda getmək üçün senatordan icazə aldı və təzim edən adamların arasından ona və Karla yol açdı. Belə görünürdü ki, adi halda mehriban olan bu adamlar Şuballa ocaqçı arasındakı bu toqquşmanı əyləncə kimi qəbul edirlər və kapitanın burada olması belə onlara maneə deyil. Karl onların arasında kambuzdan olan qızı – Linanı gördü. Qız ona sevinclə göz vurub matrosun tulladığı önlüyü bağladı, axı bu məhz onunku idi.

Onlar matrosun arxasınca gedərək, dəftərxananı tərk edib, bir neçə addımdan sonra qapı ilə qurtaran kiçik dəhlizə döndülər. Qapıdakı qısa trap onlar üçün hazırlanmış qayığa enirdi. Başçılarının bir sıçrayışla atıldığı qayığın matrosları ayağa qalxıb hərbi salam verdilər. Senator Karlı ehtiyatla düşmək lazım olduğu barədə yenicə xəbərdar etmişdi ki, oğlan, elə yuxarı pillədəcə hönkürtü ilə ağlamağa başladı. Senator sağ əli ilə bacısı oğlunu qucaqladı, möhkəm özünə sıxdı, o biri əli ilə başını sığalladı. Beləcə – bir-birinə sıxılmış halda – asta-asta, pilə-pillə qayığa endilər. Senator Karl üçün özününkü ilə üzbəüz yaxşı bir yer seçdi. Matroslar senatorun işarəsi ilə qayığı gəmidən kənara itələdilər və o dəqiqə də ciddi cəhdlə avar çəkməyə başladılar.

Qayıq bir neçə metr getmişdi ki, Karl hiss etdi ki, onlar gəminin dəftərxana pəncərələrinin açıldığı yanı boyunca üzürlər. Hər üç pəncərənin qabağı Şubalın şahidləri ilə dolu idi və onlar dostcasına əl yelləyib, təzim edirdilər; dayısı hətta iltifatla başını da tərpətdi, matroslardan biri isə avarçəkmənin ritmini pozmadan hava öpüşü göndərməyi bacardı. Ocaqçının daha olmadığı görünürdü. Karl diz-dizə oturduğu dayısının gözlərinə diqqətlə baxdı və ürəyində bu adamın nə vaxtsa onun üçün ocaqçını əvəz edə biləcəyinə şübhələr yarandı. Dayı isə baxışlarını kənara çəkib, qayığın yanlarına çırpılan dalğalara baxırdı.

İkinci fəsil
Dayı

Karl dayısının evində özünün yeni mövqeyinə çox tez alışdı. Dayısı hətta xırda işlərdə də onun istəyinə zidd getmirdi və Karl heç vaxt tanımadığı ölkəyə təzə düşən insanların ilk başda qazandıqları təcrübəni əldə etmək imkanına malik olmamışdı.

Karlın otağı, birinci beş mərtəbəsi və üçmərtəbəli zirzəmisində dayısının müəssisəsi yerləşən binanın altıncı mərtəbəsində idi. Karl hər səhər öz kiçik yataq otağından çıxanda, iki pəncərədən və eyvan qapısından otağına düşən işığa valeh olurdu. Bu ölkənin torpağına miskin, yoxsul bir mühacir kimi ayaq qoymuş olsaydı harada yaşayacaqdı? Yəqin ki, mühacirət haqqında qanunlarla yaxşı tanış olan dayısı buna yüz faiz əmin idi, onu ümumiyyətlə Birləşmiş Ştatlara buraxmayacaq və daha vətəni olmadığını nəzərə almadan geri – evə göndərəcəkdilər. Burada canıyananlığa arxayın olmaq mümkün deyildi və Karl bu mövzuda Amerika haqqında nə oxumuşdusa, hamısı həqiqətə uyğun gəlirdi; həqiqətən yalnız bəxti gətirənlər burada, özləri kimi qayğısız yoldaşlarının əhatəsində, xoşbəxtlikdən həzz ala bilərdilər.

Dar eyvan Karlın otağının bütün divarı boyunca uzanırdı. Lakin Karlın doğma şəhərində ən yüksək müşahidə məntəqəsi sayıla biləcək yer, burada ancaq bir küçəni nəzərdən keçirməyə imkan verirdi. Düz, sanki xətkeş ilə kəsilmiş binaların iki cərgəsi arasında yerləşən bu küçə sanki uzağa – sıx dumanından nəhəng kafedral kilsənin peyda olduğu yerə qaçırdı. Səhər, axşam, elə gecənin yarısı da, bu küçədə yuxarıdan basılıb yastılaşdırılmış görünən insan fiqurları və müxtəlif fayton damlarının qaynayan qarışığına bənzəyən hərəkət kəsilmirdi. Bunların üstündən isə gurultu, toz və üfunətin dəyişkən qarışığı asılmışdı. Bunların hamısı da demək olar ki, hər yerdən düşən, səpilən və yenidən geri qayıdan güclü işığa qərq olmuşdu. Bu işıq, keyləşmiş gözə o qədər maddi görünürdü ki, sanki hər saniyə küçənin üstündə, onu örtmüş şüşəni sındırırdılar.

Hər şeydə tədbirli olan dayısı Karla məsləhət gördü ki, hələ hansısa bir iş başlamasın. Buyur, bax, öyrən, amma həvəsə düşmə. Axı avropalının Amerikadakı ilk günləri yenidən doğulmağa bənzəyir, hərçənd – səbəbsiz qorxmamaq üçün bunu bilməsi Karla faydalı olardı – bəziləri buraya ölülər dünyasından adamlar dünyasına keçən qədər cəld alışırlar, amma ilk mülahizənin həmişə əsassız olduğunu nəzərə almaq və onun buradakı həyatında rəhbər tutmağın məsləhət bilinən bütün sonrakı mülahizələrə maneə olmasına yol verməmək lazımdır. Bu yaxşı qaydalara riayət etmək əvəzinə bütün günü eyvanda dayanıb, qoyun gözünü yeni darvazaya bərəldən kimi, aşağıdakı küçəni seyr edən bəzi mühacirləri dayının özü də yaxşı tanıyırdı.

İstər-istəməz çaşıb qalırsan! Nyu-Yorkun zəhmətdə keçən gününü kənardan seyr etmək kimi avaraçılığı ancaq turistlər özlərinə rəva görə bilərlər və güman ki, hərçənd bu da qeyd-şərtsiz deyil, bu, ancaq onlara tövsiyə edilə bilər; burada yaşamaq istəyən üçün isə bunu ifadə edə biləcək yeganə söz, bir qədər mübaliğəli olsa da, ölümdür. Doğrudan da bacısı oğluna baş çəkən zaman – o isə bunu gündə bir dəfə, lakin fərqli saatlarda edirdi – onu eyvanda tapanda dayının siması dilxorluqdan əyilirdi. Yeniyetmə tezliklə bunu anladı və imkan daxilində orada dayanmaqdan imtina etməyə başladı.

Həm də bu onun yeganə sevinci deyildi. Onun otağında əla amerikan masası dururdu. Karlın atası uzun illər ərzində məhz belə masa arzulayır, müxtəlif hərraclarda uyğun qiymətə buna bənzər bir şey almağa çalışırdı, amma qazancının kiçik olması buna imkan vermirdi. Özü də bu masanı amerikan masası adı ilə Avropa hərraclarında rast gəlinənlərlə müqayisə etmək olmazdı. Onun yuxarı hissəsində az qala yüz ədəd müxtəlif ölçülü siyirmələr var idi və Birləşmiş Ştatların prezidenti belə hər rəsmi sənəd üçün burada uyğun yer tapa bilərdi; bundan başqa yan tərəfdə nizamlayıcı var idi və zərurət və ya istək yarananda dəstəyi burmaqla bölmələrin yerini və ölçüsünü müxtəlif cür dəyişmək olurdu. Nazik yan divarlar asta-asta enir, yeni bölmənin altını və üstünü yaradırdılar; dəstəyi burduqca, fırlatma sürətindən asılı olaraq büronun görünüşü, yavaş və ya böyük sürətlə, tamamilə dəyişirdi.

Bu, ən yeni ixtira idi, lakin Karla vətənində, milad bazarları zamanı göstərilən vertepi xatırladırdı. İsti geyindirilmiş Karl da tez-tez onun qabağında dayanır, qoca vertepçinin oyuncağın dəstəyini fırlatmasını və kiçicik səhnədə üç sehrbazın peyda olmasını, ulduzun parlamasını və müqəddəs pəyədə keçən sadə həyatı müşahidə edirdi. Həmişə də ona elə gəlirdi ki, anası bu hadisələri kifayət qədər diqqətlə izləmir; o anasını özünə tərəf dartır və hündür qışqırıqlarla onun diqqətini çətin görünən şeylərə, məsələn ön plandakı çəmənlikdə gah arxa ayaqlarının üstünə qalxan, gah da yenidən qaçmağa başlayan dovşan balasına yönəldirdi; hər şey onunla bitirdi ki, anası əliylə onun azını tutur və əvvəlki dalğın halına qayıdırdı.

Əlbəttə, masa belə xatirələr naminə düzəldilməmişdi, amma, güman ki, onun ixtirasında Karlın xatirələrinə dumanlı bir şəkildə bənzəyən nəsə olmuşdu. Masa, Karldan fərqli olaraq, dayının heç xoşuna gəlmirdi, o sadəcə bacısı oğluna normal yazı masası almaq istəyirdi, amma indi onların hamısı belə bir yeniliklə təchiz olunmuşdu; hələ bu azmış kimi həmin qurğunu, böyük xərc çəkmədən, köhnə konstruksiyalı masaya da uyğunlaşdırmaq olurdu. Elə ya belə, dayı Karla tənzimləyicidən mümkün qədər az istifadə etməyi məsləhət görmüşdü; öz fikrini gücləndirmək üçünsə qurğunun çox həssas olduğunu, tez qırıldığını və təmirinin baha başa gəldiyini bəyan etmişdi. Belə qeydlərin sadəcə bir fənd olduğunu anlamaq çətin deyildi, amma onu da demək lazımdır ki, qurğunu söndürmək asan olsa da dayı bunu etmirdi.

İlk günlər dayı və Karl təbii ki, tez-tez söhbət edirdilər; Karl sözarası bildirdi ki, evdə azacıq, amma həvəslə fortepiano çalırmış; düzdür bu işdə anasının köməyi ilə ancaq ilk addımlarını atırmış. Karl tam anlayırdı ki, belə hekayə, həm də fortepiano istəmək idi, amma o, artıq dayısının qənaət etməyə ehtiyacı olmadığını anlayacaq qədər çox şeyə fikir vermişdi. İstənilən halda bu xahiş o dəqiqə yerinə yetirilməmişdi, yalnız səkkiz gündən sonra dayısı – az qala iradəsinin ziddinə – etiraf etdi ki, fortepianonu gətiriblər və Karl istəyirsə onun yuxarı qaldırılmasına baxa bilər. Bu məşğuliyyət çətin olmasa da, işin özündən ancaq bir qədər asan idi, çünki binada bütöv mebel furqonunun sakitcə yerləşə biləcəyi yük lifti var idi və aləti də Karlın otağına məhz bu liftdə qaldırırdılar.

Əlbəttə Karl özü də alət və yükçülərlə birlikdə həmin liftdə qalxa bilərdi, lakin bunun yanında işləyən sərnişin lifti olduğundan Karl ona mindi və xüsusi dəstək vasitəsilə qonşu liftlə eyni səviyyədə qalxaraq, şüşə arakəsmədən artıq onun mülkiyyətinə çevrilmiş gözəl musiqi alətini diqqətlə nəzərdən keçirirdi. Fortepiano otağa yerləşdiriləndən sonra Karl özünün ilk notlarını götürdü və o qədər səfehcəsinə sevindi ki, çalmağı kəsib yerindən sıçradı, bir neçə addım kənara çəkildi və yanakı duraraq sadəcə hədiyyənin görünüşündən həzz almaq qərarına gəldi. Otağın akustikası əla idi və Karlın sanki dəmir evdə məskunlaşdırılmış olması kimi ilkin hissi büsbütün itdi.

Doğrudan da, ev yalnız bayırdan dəmirdən düzəldilmişə bənzəyirdi, otaqda belə bir şey hiss olunmurdu və heç kim onun bəzəyində ideal rahatlığı poza biləcək hər hansı detal tapa bilməzdi. Karl ilk vaxtlarda özünün fortepiano ifasından çox şey gözləyirdi və hətta yatmazdan qabaq bu musiqi ilə Amerika həyatına bilavasitə necə təsir edə biləcəyi haqqında düşünməyə də cürət edirdi. Doğrudan da, o, hay-küylü küçəyə açılan pəncərələrin qarşısında öz vətəninin köhnə əsgər mahnısını – əsgərlər onu axşamlar, kazarmanın pəncərələrində oturub sərt təlim meydanına baxaraq oxuyurlar – çalanda qəribə bir duyğu yaranırdı, lakin Karl küçəyə baxan kimi görürdü ki, o, hərəkət verici qüvvələrini anlamırsansa, bir saniyəliyə də dayandıra bilməyəcəyin nəhəng burulğanın kiçicik bir hissəsidir

Dayı fortepianoda ifaya dözür və onun əksinə heç nə demirdi, xüsusən də ona görə ki, yenə də dayısına xoş gəlsin deyə, Karl bununla nadir hallarda məşğul olurdu; hərçənd dayısı ona Amerika marşlarının, elə milli himnin də notlarını gətirmişdi, lakin bir dəfə Karldan, tam zarafatsız, skripka və ya valtornada da çalmağı öyrənmək istəmədiyini soruşmasını təkcə musiqidən aldığı ləzzətlə izah etmək çətin idi.

Karlın birinci və ən vacib tapşırığı, təbii ki, ingilis dilini öyrənmək idi. Kommersiya kollecinin gənc müəllimi səhər saat yeddidə, artıq Karl dəftərləri ilə yazı masasının arxasında oturanda və ya otaqda var-gəl edərək nəyisə əzbər öyrənəndə gəlirdi. Karl yaxşı anlayırdı ki, ingilis dilini mümkün qədər tez mənimsəmək lazımdır, həm də bu, özünün sürətli uğurları ilə dayısını sevindirmək üçün ən yaxşı imkan idi. Doğrudan da, əvvəlcə dayısı ilə yeni vətəninin dilində edilən söhbətlər salam və salamat qal ifadələrindən ibarət olurdusa, qısa bir müddətdən sonra söhbətin böyük hissəsi artıq ingiliscə gedirdi və bunun nəticəsində, təbii olaraq, aralarında səmimi münasibətlər yaranmağa başlamışdı. Karlın bir gün axşam dayısına ifadə ilə söylədiyi, yanğını təsvir edən ilk Amerika şeiri ona dərin məmnunluq gətirmişdi. Onlar hər ikisi Karlın otağındakı pəncərənin qabağında dayanmışdılar; dayı qaralmaqda olan səmaya baxır, əlini yavaş-yavaş bir-birinə vuraraq şeirin ritmini tuturdu, Karl isə onun yanında dayanıb donuq baxışı ilə çətin misraların öhdəsindən gəlirdi.

Karl ingilis dilində nə qədər sərbəst danışırdısa, dayı onu öz tanışları ilə görüşdürmək istəyini bir o qədər təkidlə bildirirdi və hər ehtimala qarşı, belə görüşlərdə hələlik müəlliminin də Karlın yanında olmasına göstəriş vermişdi. Karlı bir səhər təqdim etdikləri ilk adam qədd-qamətli, son dərəcə qıvraq oğlan idi, dayı onu xoş sözlərlə içəriyə dəvət etdi. O, güman ki, milyoner valideynlərin nəzər nöqtəsinə görə, həyatının bəxtə-bəxt seçilmiş bir gününü belə adi adamın ürək ağrısı duymadan müşahidə edə bilmədiyi uğursuz oğullardan idi. O isə, sanki bunu anlaya və gücü çatan qədər müqavimət göstərərək, xoşbəxtlik şüalandırır, dodaqları və gözləri özünə, müsahibinə və bütün dünyaya yönəlmiş məhvedilməz bir təbəssümlə işıqlanırdı.

Karl, dayısının təkidli məsləhəti ilə, bu yeniyetməylə – cənab Makla, səhər saat altının yarısında atçılıq məktəbinin manejində və ya parkda at çapmaq haqqında razılığa gəldi. Düzdür Karl əvvəlcə razılıq verməyə tərəddüd edirdi: o, heç vaxt at minməmişdi və əvvəlcə bir qədər dərs götürmək istəyirdi, lakin dayısı və Mak onu at çapmağın incəsənət deyil, başdan-ayağa ləzzət və sağlam idman növü olduğuna o qədər qızğınlıqla inandırdılar ki, axırda Karl razılıq verdi. Hərçənd indi o, yuxudan beşin yarısında durmağa məcbur olur, hər gün diqqətini gərmək tələb olunduğundan tez-tez buna heyfsilənirdi, çünki yuxu ona güc gəlirdi, amma vanna otağında bu bəladan bir an içində qurtulurdu.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8448-4-9
Telif hakkı:
JekaPrint

Bu kitabı okuyanlar şunları da okudu