Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dekameron», sayfa 6

Yazı tipi:

İKİNCİ HEKAYƏ

Rinaldo Asti var-yoxu qarət edildikdən sonra Kastel Gvilyelmoya gəlir, orada bir dul qadının yanında özünə sığınacaq tapır, çəkdiyi ziyanın əvəzini alaraq, sağ-salamat evinə qayıdır

Neifila Martellinonun başına gələn əhvalatı danışdıqca, xanımlar gülməkdən uğunub gedirdi, cavan oğlanlardan da ən çox gülən, Neifilanın yanında oturan Filostrato idi. Kraliça da elə ona ikinci hekayəni söyləməyi əmr etdi. Filostrato bir an ləngimədən sözə başladı: – Gözəl xanımlar, mən sizə, qismən bədbəxtlik və sevgi ilə əlaqədar olan müqəddəs şeylərdən danışmaq istəyirəm, bunu eşitmək bəlkə də faydalı olar, xüsusilə sevginin təhlükəli, məşəqqətli yolla-rında səyahətə çıxarılar bundan faydalana bilərlər. Sevginin bu təhlükəli yollarında çox vaxt elə olur ki, müqəddəs Yuliana dua oxumayanlar rahat yataqda da pis sığınacaq tapırlar.

Bəli, Ferrara markizi Assonun vaxtında Rinaldo Asti adlı bir tacir öz işi üçün Bolonyaya gəlir. Elə olur ki, o, işini düzəldib evinə qayı-danda, Ferraradan çıxıb Veronaya yola düşəndə üç adama rast gəlir. Onlar tacirə oxşasalar da, əslində quldur və dələdüz adamlarmış. Ri-naldo ehtiyatsızlıq edib, onlarla söhbətə girişir və onlara qoşulur. Bu üç adam görür ki, o, tacirdir, yanında da yəqin ki, pulu var, fürsət düşən kimi onu soymaq qərarına gəlirlər. Buna görə onu şübhələndir-məmək üçün, dinc və abırlı adamlar kimi, onunla ləyaqətli, yaxşı şeylərdən danışırlar, bacardıqca özlərini ona xoşrəftar və itaətkar göstərirlər. Rinaldo da onlara rast gəlməsini çox uğurlu bir təsadüf hesab edirdi, çünki o tək idi, ancaq bir nəfər atlı xidmətçisi vardı.

Bu qayda ilə, yol gedə-gedə söhbət edib bir məsələdən başqa bir məsələyə keçərək (söhbət zamanı çox vaxt belə olur), axırda gəlib dua məsələsi üstünə çıxdılar. Məlumdur ki, insanlar dua ilə allaha müraciət edirlər. Quldurlardan biri Rinaldoya dedi: «hörmətli adam, bəs sən yola çıxanda hansı duanı oxuyursan?» Rinaldo ona cavab verdi: «Düzünə qalsa, belə şeylərdə mən avam, kobud adamam, az dua bilirəm, köhnə qayda ilə yaşayıram, iki soldonu iyirmi dörd dinar bilirəm. Bununla belə mənim həmişə belə bir adətim vardır: səfərə çıxanda, hər səhər mehmanxanadan yola düşəndə müqəddəs Yulianın ata-anasının ərvahına «ya ilahi» və «Məryəm ana» duasını oxuyu-ram, sonra da allaha, övliyalara yalvarıram ki, onlar gecə qalmaq üçün mənə yaxşı bir mənzil yetirsinlər. Ömrümdə çox olub ki, səfərə çıxanda yaman təhlükəyə düşmüşəm, bunlardan qurtarandan sonra yenə də axşamı yaxşı yerdə keçirmişəm, gecəni də rahat yatmışam. Buna görə, lap qəti inanıram ki, müqəddəs Yulianın ki şərəfinə bu duaları oxuyuram, o bu mərhəməti allahdan mənim üçün yalvarıb almışdır. Mənə elə gəlir ki, səhərlər bu duanı oxumasam, yolda pis olacaq, gecə qalmaq üçün də yaxşı mənzil tapmayacağam». Rinaldo ilə söhbət edən adam soruşdu: «Bu gün səhər sən bu duanı oxumu-sanmı?» Rinaldo ona belə cavab verdi: «Əlbəttə!» O adam işin necə olacağını bildiyindən, öz-özünə dedi: «Dua sənə hələ lazım olacaq, çünki bizim işimiz bəd gətirməsə, elə bilirəm, sən gecəni qalmaq üçün pis mənzilə düşəcəksən». Sonra Rinaldoya dedi: «Mən də çox səfərə çıxmışam, amma o duanı heç oxumamışam, hərçənd eşitmi-şəm ki, çoxları bu duanı bəyənirlər. Ancaq mən bu duanı oxumasam da, heç elə olmayıb ki, gecə qalmaq üçün pis mənzilə düşmüş olam. Bu axşam bəlkə də özün görəcəksən ki, kim özünə yaxşı mənzil tapacaq: sən ya mən, – sən dua oxumusan, mən oxumamışam hərçənd mən o duanı yerinə: «Dirupisti» ya «Intemerata» ya da «De profundis» dualarını oxuyuram; nənəm deyərdi ki, bunların adama çox köməyi olur». Onlar bu qayda ilə cürbəcür şeylərdən danışa-danışa yol gedirdilər. O üç nəfər də alçaq niyyətini yerinə yetirmək üçün fürsət axtarır, əlverişli vaxt və yer gözləyirdi. Nəhayət, Kastel Gvilyelmonun o tərəfində, bir çaydan keçəndə o üç nəfər belə hesab etdi ki, vaxt da gecdir, yer də tənha, gözə dəyməyən yerdir, Rinal-donu basmarlayıb soydular, onu piyada və bir köynəkdə qoyub gedəndə dedilər: «Get bax gör sənin müqəddəs Yulianın bu gecə sənə yaxşı bir mənzil yetirəcəkmi, amma bizimki lap yəqin ki, yetirəcək». Onlar çayı keçib əkildilər. Rinaldonun xidmətçisi qorxaq adamdı, sahibinin soyulduğunu görüb, ona kömək eləmədi, atının başını döndərib Kastel Kvilyelmoya sarı qovdu. Axşam ora çatdı, heç nəyin fikrini çəkmədən, gecəni orada yatdı. Rinaldo bir köynəkdə qalmışdı, ayağı yalındı, hava da bərk soyuqdu, qar yağırdı, o bilmirdi nə eləsin. Axşam olduğunu görüb, titrəyə-titrəyə, dişi-dişinə dəyə-dəyə ətrafına baxmağa başladı: bəlkə sığınacaq bir yer gördü, soyuqdan ölməmək üçün gecəni orada qala bildi. Heç bir şey görmədi, çünki bundan bir az əvvəl o yerlərdə müharibə zamanı hər şey yanmışdı. Soyuğun təsirindən Kastel Gvilyelmoya sarı yüyür-məyə başladı. Xidmətçisinin orada olub-olmadığını bilmirdi, güman edirdi ki, özünü ora yetirsə, allah ona bir yerdən kömək göndərər. Lakin qəsrə bir mil qalmış qaranlıq düşdü, ora çox geç çatdı; qəsrin qapıları bağlanmış, körpülər qaldırılmışdı; içəri girə bilmədi. Qəmgin və pərişan halda, gözüyaşlı ətrafına nəzər saldı, heç olmasa üstünə qar yağmamaq üçün sığınacaq tapmaq istədi. Təsadüfən bir ev gördü. Ev divardan bir az qabağa çıxmışdı. Ora getmək, səhər açılana kimi bu çıxıntının altında qalmaq fikrinə düşdü. Ora çatanda, çıxıntının altında bir qapı gördü; qapı bağlı idi. Yan-yörədən küləş yığıb qapı-nın qabağına tökdü, məyus və dərdli halda küləşin üstündə özünə yer elədi, elə bir ucdan da müqəddəs Yuliandan şikayətlənirdi, deyirdi ki, mən sənə gör necə iman bağlamışdım, belə günə düşmək mənə layiq deyildi. Lakin müqəddəs Yulian onu öz himayəsi altına almışdı, çox ləngimədən Rinaldoya yaxşı bir mənzil hazırladı. O qəsrdə dul bir qadın yaşayırdı, dünyada tayı-bərabəri az tapılan bir gözəldi. Markiz Asso onu canından çox istəyirdi, onu burada öz ehtiyacı üçün saxla-yırdı. Xanım həmin evdə yaşayırdı ki, Rinaldo onun çıxıntısı altında özünə sığınacaq tapmışdı. Təsadüfən bundan bir gün markiz gecəni bu qadının yanında qalmaq üçün qəsrə gəlmişdi, gizlincə sərəncam vermişdi ki, qadının evində vanna və axşam yeməyi hazırlasınlar. Hər şey hazır olmuşdu, qadın da markizin gəlməsini gözləyirdi. Birdən qəsrin qapısına xidmətçi gəlib markizə məktub verdi, bunun da nəticəsində markiz qəfildən getməli oldu. Qadına xəbər göndərdi ki, daha məni gözləmə, özü isə dərhal yola düşdü. Qadının ovqatı bir az təlx oldu, bilmədi nə eləsin; bu qərara gəldi ki, markiz üçün hazır-lanan vannada özü çimsin, sonra da axşam çörəyini yeyib yatsın. Gedib vannaya girdi. Vanna qapı ilə yanaşı idi. Zavallı Rinaldo həmin qapının bayır tərəfinə sıxılmışdı. Qadın vannada oturmuşdu, qulağına səs gəldi: kim isə ağlayırdı, leylək dimdiyini tıqqıldadan kimi, o da dişlərini şaqqıldadırdı; qulluqçusunu çağırıb dedi: «Qalx yuxarı, bax gör divarın dalında, qapının qabağında kim var, o nəçidir, orada nə eləyir». Qulluqçu gedib baxdı, hava açıq olduğundan, gördü ki, bir adam oturub, yuxarıda dediyimiz kimi, əynində bircə köynəyi var, ayağı yalındır, özü də tir-tir əsir. Qulluqçu soruşdu ki, sən kimsən? Rinaldo elə titrəyirdi ki, dili söz tutmurdu, güclə sözü sözə calayaraq, kim olduğunu, bura niyə gəldiyini mümkün qədər qısaca dedi; sonra da yazıq-yazıq yalvardı ki, əgər mümkünsə, gecə məni burada soyuqdan ölməyə qoymayın. Qulluqçu bundan yaman mütə-əssir oldu, xanımının yanına qayıdıb, gördüyünü və eşitdiyini ona danışdı. Qadının da o adama yazığı gəldi, yadına düşdü ki, bu qapı-nın açarı var, markiz bəzən oradan gizlincə onun yanına gələrdi. Qulluqçuya dedi: «Get yavaşca qapını aç, axşam yeməyi də var, heç kəs yeməyəcək, yatmağa da yer çoxdur». Qulluqçu öz xanımını belə insanpərvərliyi üçün çox təriflədi, gedib qapını açdı, Rinaldonu içəri saldı, – o, soyuqdan donmuşdu. Qadın onu bu halda görüb dedi; «Əzizim, gir vannaya, o hələ soyumayıb». Rinaldo başqa təklif gözləməyərək, məmnuniyyətlə qadının dediyini elədi, isti onun bədəninə dəyəndə, elə bil ki, ölümdən həyata qayıtdı. Qadın ona, bu yaxında ölən ərinin paltarını verdi. Rinaldo geyindi, paltar onu elə tutdu ki, elə bil onun əyninə tikilmişdi. Rinaldo oturub ev sahibəsinin sərəncamını gözləyir, eyni zamanda allaha və müqəddəs Yuliana şükür edirdi ki, onu arzu etdiyi kimi, belə pis gecədən qurtardılar, fikrində tutduğu belə yaxşı bir sığınacaq yerə gətirib çıxartdılar.

Ev sahibəsi bir az dincəldikdən sonra otaqlardan birində buxarını yaxşı yandırtdırdı, sonra ora keçib o adamın halını soruşdu. Qulluqçu ona belə cavab verdi: «Madonna, o geyinib, qəşəng də kişidir, özü də, deyəsən, mərifətli adamdır». Ev sahibəsi dedi: «Get onu çağır bura, qoy gəlib ocağın yanında qızınsın, yeməyini də yesin, bilirəm ki, o, axşam çörəyini yeməyib». Rinaldo otağa girib qadını görəndə zənn etdi ki, o, yüksək aristokrat qadınlardandır, onu çox hörmətlə salamladı, yaxşılığına görə ona bacardığı qədər minnətdarlıq elədi. Qadın Rinaldonu görəndə və söylədiklərini eşidəndə əmin oldu ki, o, doğrudan da, qulluqçunun dediyi kimidir; onu sevinclə qarşıladı, buxarının qabağında, və yanında oturtdu, başına gələn əhvalatı, bura necə gəlib çıxdığını soruşdu. Rinaldo nə olmuşdusa hamısını qayda ilə ona danışdı. Rinaldonun xidmətçisi qəsrə gələndə qadın ondan bəzi şeylər eşitmişdi, buna görə də Rinaldonun sözlərinə tamamilə inandı, dedi ki, sənin xidmətçin barədə eşitmişəm, səhər onu çox asanlıqla tanmaq olar. Süfrə açıldı, Rinaldo əllərini yudu, ev sahibəsinin arzusu ilə onunla süfrə başında oturdu. Rinaldo ucaboylu, gözəl, xoşsifətli, zərif ədalı, gəncliyin orta dövrünü keçirən bir adamdı. Qadın Rinaldonu bir neçə dəfə gözdən keçirdi, onu çox bəyəndi; o, ürəyinə yatdı; markiz gecə onun yanında qalacaqdı, bu, onda şəhvət hissi oyatmışdı. Onlar süfrə başından qalxdılar. Qadın gedib öz qulluqçusu ilə məsləhətləşdi, dedi ki, markiz məni aldatdı, indi mən taleyin göndərdiyi bu nemətdən istifadə etsəm necə olar? Qulluqçu xanımının fikrini anladı, onu başa saldı ki, bu nemətdən istifadə et. Qadın Rinaldonu buxarının yanında qoyub getmişdi, geri qayıdanda ona ehtirasla baxıb dedi: «Siz nə fikrə getmisiniz, Rinaldo? Yoxsa onun dərdini çəkirsiniz ki, atınızı, əyninizdən çıxarılan pal-paltarınızı geri qaytara bilməyəcəksiniz? Kefinizi pozmayın, ürəyi-nizi açıq eləyin, elə bilin ki, öz evinizdəsiniz. Hələ görün nə deyirəm: sizi rəhmətlik ərimin paltarında görəndə, mənə elə gəldi ki, o özü gəlib, bu axşam bəlkə yüz dəfə istəmişəm ki, sizi qucaqlayıb öpüm. Qorxmasaydım ki, bundan sizin xoşunuz gəlməz, yəqin elə belə də elərdim». Rinaldo bu sözləri eşidib, qadının gözlərindəki parıltını görəndə (axmaq deyildi ki!) qollarını açıb ona yaxınlaşdı, dedi: «Madonna, fikirləşəndə ki, ancaq sizin sayənizdə mən bundan sonra da özümü dirilər arasında hesab edəcəyəm, təsəvvür edəndə ki, siz məni nədən xilas etmisiniz, mənim tərəfimdən ədəbsizlik olardı ki, çalışıb sizin könlünüz istəyənə əməl eləməyim! Buna görə də məni qucaqlamaq və öpmək arzusunu yerinə yetirin, mən də sizi istədiyim-dən artıq qucaqlayıb öpərəm». Daha söz söyləməyə ehtiyac qalmadı. Qadın şəhvət içində alışıb-yanırdı, elə o saat Rinaldonun qucağına atıldı, özünü ehtirasla ona sıxaraq, bəlkə min dəfə onu öpdü, Rinaldo da elə o qədər onu öpdü: sonra Rinaldonun qucağından çıxdı və onlar yataq otağına getdilər, elə o saat da yatağa girdilər. Səhər açılana kimi bir neçə dəfə öz şəhvətlərinin odunu söndürdülər. Dan yeri ağaranda, ev sahibəsinin arzusu ilə, yataqdan qalxdılar. Bundan heç kəsin xəbər tutmaması üçün qadın Rinaldoya köhnə paltar verdi, pul kisəsini də pulla doldurdu, ondan xahiş etdi ki, bunu heç kəsə söy-ləməsin, öz xidmətçisini tapmaq üçün hansı yol ilə getməsini də göstərdi, onu gəldiyi qapıdan da bayıra buraxdı. Hava işıqlaşandan sonra qəsrin qapıları açıldı, Rinaldo da, uzaqdan gəlmiş bir adam kimi, qəsrə girdi, öz xidmətçisini orada tapdı. Çamadandakı paltarını çıxarıb əyninə geydi, xidmətçinin atına minmək istəyəndə sanki möcüzə baş verdi: dünən axşam onu soyan, bundan az sonra da başqa bir cinayət üstündə ələ keçən o üç qulduru qəsrə gətirdilər. Quldur-ların etirafına əsasən, Rinaldonun atını, paltarını, pulunu özünə qaytardılar, o, iki corabbağından başqa heç bir şey itirmədi, – onların necə olduğunu quldurların özü də bilmirdi. Rinaldo allaha və müqəd-dəs Yuliana şükürlər edərək ata mindi, sağ-salamat evinə qayıtdı, quldurları da ertəsi gün havanı təpikləməyə göndərdilər.

ÜÇÜNCÜ HEKAYƏ

Üç cavan oğlan ağılsızca israfçılıq edərək, kasıblığa düşür. Onların bacısı oğlu məyus halda evə qayıdarkən yolda bir abbatla tanış olur. Sonra məlum olur ki, bu, ingilis kralının qızıdır. Qız ona ərə gedir, o da dayılarının çəkdiyi ziyanı ödəyərək,onları əvvəlki vəziyyətinə qaytarır

Xanımlar Rinaldo dAstinin başına gələn əhvalata heyrətlə qulaq asdılar, onun möminliyini təriflədilər, dar ayaqda köməyinə gələn müqəddəs Yulianı mədh elədilər. Bu barədə arabir astadan danışsalar da, allahın göndərdiyi nemətdən bacarıb istifadə edən qadını da ağılsız hesab eləmədilər. Onlar qadının keçirdiyi o gözəl gecədən gülümsəyə-gülümsəyə söhbət etsələr də, Filostratonun yanında oturan Pampineya hiss etdi ki, növbə ona çatmışdır (elə belə də oldu), fikrini toplayaraq, söyləyəcəyi hekayəni düşünməyə, sonra da kraliçanın əmri ilə həvəslə, cəsarətlə danışmağa başladı: – Ləyaqətli xanımlar, qəza-qədərin işindən nə qədər çox danışılsa da, onun gərdi-şinə diqqət etdikdə, daha çox şeylər var ki, o barədə söz açmaq olar. Ağılla mühakimə edilsə, bir şeyə gərək heç kəs təəccüb etməsin: ağılsızlıq üzündən «bizimdir» dediyimiz şeylər qəza-qədərin əlin-dədir, deməli, o da gizlin tədbirləri ilə, bizə məlum olmayan bir qayda ilə, hər şeyi həmişə əldən-ələ verir. hərçənd bu aydın bir məsələdir, hər gün də özünə haqq qazandırır, bundan əvvəl söylənən bir neçə hekayədə də sübut olunmuşdur, bununla belə, kraliça ki bu barədə danışmağı lazım görmüşdür, mən də öz hekayəmi söylənilən hekayələrə qoşuram, bəlkə onun qulaq asanlara bir az faydası oldu, həm də güman edirəm ki, o sizin xoşunuza gələcəkdir.

Bir zamanlar bizim şəhərdə Tedaldo adlı mötəbər bir adam yaşayırmış. Bəziləri güman edir ki, o, Lamberti nəslindən, bəziləri də deyir ki, Aqolanti nəslindəndir; Aqolanti nəslindən olduğunu iddia edənlər bunu ayrı bir şeyə deyil, bəlkə oğlanlarının sonralar məşğul olduğu peşəyə əsaslanaraq, həm də aqolantilərin həmişə və indi də bununla məşğul olduğunu nəzərə alıb deyirlər. Biz onun hansı nəslə mənsub olduğunu kənara qoyaq, mən ancaq bunu de-məliyəm ki, Tedaldo vaxtilə çox dövlətli adam idi, özünün də üç oğlu vardı: biri-nin adı Lamberto, o birisininki Tedaldo, üçüncüsününkü də Aqolante idi. Onlar boylu-buxunlu, qəşəng uşaqlardı. Çox varlı olan messer Tedaldo öləndə böyük oğlunun hələ heç on səkkiz yaşı tamam olma-mışdı. O, bütün var-yoxunu, əmlakını qanuni varisi olan oğlanlarına qoyub getmişdi. Onlar da əllərinə çoxlu mal, pul keçdiyini, böyük dövlət sahibi olduqlarını görüb, ancaq öz arzularını nəzərə alaraq, bu dövləti eninə-uzununa israf etməyə, dağıtmağa başladılar: çoxlu xidmətçi, bahalı atlar, tula və quş saxlayırdılar, böyük qonaqlıqlar, ziyafətlər, hədiyyələr verirdilər, yarış düzəldirdilər, aristokratlara xas olan şeylərdən başqa cavanlıq həvəsinə qapılaraq, ağıllarına gələni edirdilər. Onların sürdüyü bu həyat çox davam etmədi, atalarının qoyub getdiyi dövlət, get-gedə azaldı, bu adi xərclərə gəlir çatışmadı-ğından, öz mülklərini satmağa; girov qoymağa başladılar. Gündə bir şey satmaqla onlar get-gedə var-yoxdan çıxdıqlarını duymurdular. Nəhayət, hər şey əllərindən getdikdən sonra yoxsulluq onların gözü-nü açdı, amma var-dövlət onların gözünü bağlamışdı. Bir gün Lamberto o biri qardaşlarını çağırıb dedi: bizim atamızın hörmətə-layiq bir vəziyyəti vardı, amma bizim vəziyyətimiz görün necədir, onun dövləti necə idi, amma biz var-yoxumuzu boş-boşuna sərf edib gör nə günə qaldıq. O, qardaşlarını bacardığı qədər başa salıb inan-dırdı ki, nə qədər yoxsulluq bizim üstümüzü almayıb, az-çox nəyimiz qalıbsa, sataq, buradan çıxıb gedək. Onlar belə də elədilər: heç kəslə xudahafizləşmədən, heç kəsə bildirmədən Florensiyanı tərk edib, heç yerdə dayanmadan, İngiltərəyə gəldilər. Londonda balaca bir ev tutdular, xərclərini azaldaraq çox həvəslə müamiləçiliyə başladılar. Bəxtləri də elə gətirdi ki, bir neçə ildə çoxlu pul yığdılar. Bu pul ilə Florensiyaya qayıdıb, öz mülklərinin çoxunu bir-birinin ardınca aldılar; hətta başqa mülkləri də aldılar. Sonra da evləndilər. İngiltə-rədəki işlərini davam etmək, bunu idarə etmək üçün Alessandronu ora göndərdilər, – Alessandro onların bacısı oğlu idi. Özləri isə hədsiz israfçılığın nə ilə qurtardığını yaddan çıxarıb, həm də ailə sahibi olduqlarına baxmayaraq, dövlətlərini əvvəlkindən də artıq sağa-sola dağıtmağa başladılar, – indi bütün tacirlər etibar edib onlara istədikləri qədər borc pul verirdi. Bu xərclərin öhdəsindən gəlməkdə Alessandronun göndərdiyi pullar bir neçə il onlara kömək etdi. İngiltərədə baronlar öz qəsrlərini Alessandronun yanında girov qoyaraq, ondan müamiləsi ilə borc pul alırdılar. Alessandro həm bundan, həm də başqa şeylərdən böyük gəlir götürürdü. Üç qardaş Florensiyada belə geninə-boluna yaşayır, pulları da çatmayanda, İngil-tərədəki gəlirə möhkəm ümid bağlayaraq, borc alırdılar. Bu zaman heç gözlənilmədiyi halda, İngiltərədə kralla oğlu arasında dava başlandı, buna görə də bütün ada dəstələrə bölündü, dəstələrdən bəzisi kralın, bəzisi də oğlunun tərəfini saxlayırdı. Bunun da nəticə-sində baronların bütün qəsrlərini Alessandronun əlindən aldılar, onun başqa gəlir mənbəyi də yox idi. Alessandro hər gün gözləyirdi ki, kralla oğlu arasında barışıq olacaq, onun sərvətini də, müamiləsini də özünə qaytaracaqlar, buna görə İngiltərədən getmirdi. Üç qardaş da Florensiyada hədsiz-hesabsız xərclərini qətiyyən azaltmırdı, hər gün daha çox borc alırdı. Bir neçə il müddətində gözlənilən ümidlər boşa çıxdığından, qardaşlar həm borc almaq etibarından düşdülər, həm də qəfildən onları tutdular, çünki borc verənlər pullarını geri almaq istəyirdilər. Üç qardaşın mülkü borcları ödəmək üçün kifayət etmirdi, çatışmayan borc üçün onlar özləri həbsdə qaldılar, arvadları, xırda uşaqları dilənçi halında kəndlərə dağılışdılar, onlar bilmirdilər ki, bunun axırı necə olacaq, elə həmişə yoxsul olub qalacaqlarmı?..

Alessandro bir neçə il İngiltərədə qalıb barışıq olacağını gözlədi, lakin bunun baş tutmayacağını görüb, nəzərə aldı ki, orada qalmaq onun üçün təhlükəli olduğu qədər də nahaqdır, buna görə İtaliyaya qayıtmaq qərarına gəlib, təkbaşına yola düşdü. Brüggedən çıxanda təsadüfən benediktçilər abbatını gördu; o, çoxlu rahibin müşayiəti ilə və xeyli xidmətçi ilə oradan yola düşürdü, qabaqda da bir neçə yük arabası gedirdi. Abbatın ardınca iki nəfər qoca cəngavər gəlirdi; onlar kralın qohumları idi. Alessandro, tanış adam kimi, onlara qoşuldu, onlar da Alessandronu məmnuniyyətlə qəbul edib, özləri ilə yola götürdülər. Alessandro onlardan nəzakətlə soruşdu ki, bu qədər xidmətçi ilə qabaqda gedən o rahiblər kimdir, hara gedirlər? Cəngavərlərdin biri onun sualına belə cavab verdi: «Qabaqda gedən bizim cavan bir qohumumuzdur, bu yaxında İngiltərə abbatlığından birinə abbat seçilmişdir. O, belə bir vəzifə üçün qanuna görə cavan olduğundan, Romaya gedirik ki, müqəddəs atadan xahiş edək, onun çox cavan olduğu üçün seçilməsinə mane olan qanunu bu məsələdə tətbiq etməsin, sonra da onun abbatlığını təsdiq eləsin. Ancaq bu barədə heç kəsə bir söz demək lazım deyil». Yeni seçilmiş abbat öz məiyyətinin gah ön tərəfində, gah da arxa tərəfində gedirdi, – səfərə çıxan sinyorlar da belə edirlər, bunu biz hər gün görürük. Bu zaman o, Alessandronu lap yaxından gördü: baxdı ki, Alessandro boylu-buxunlu, çox qəşəng, xoş ədalı, xoş rəftarlı cavan bir oğlandır. İlk baxışda Alessandro onun yaman xoşuna gəldi, heç kəs onun belə xoşuna gəlməmişdi. Alessandronu yanına çağırıb, çox nəzakətlə söhbətə başladı, kim olduğunu, haradan gəlib, hara getdiyini ondan soruşdu. Alessandro öz vəziyyətini açıb danışdı, abbatın marağını təmin etdi, zəif qüvvəsi daxilində onun xidmətində hazır olduğunu bildirdi. Abbat Alessandronun gözəl, mənalı sözlərini eşitdi, xoş ədalarına diqqət yetirdi, onun, alçaq bir peşəyə qulluq etsə də, nəcib adam olduğunu başa düşdü, ona daha artıq ürəyi yandı; başına belə müsibətlər gəldiyi üçün ona rəhmdilliklə, dostcasına təsəlli verdi, dedi ki, ümidini kəsmə, ləyaqətli bir adam olduğundan, allah bunun əvəzini verəcək, tale səni yıxdığı yerdən daha yüksəklərə qaldıracaq; sonra da xahiş etdi ki, Toskanaya gedənə kimi, iltifat buyurub, mənim adamlarımın içində qalın, mən də ora gedirəm. Alessandro bu xoş sözlərə və təsəlliyə qarşı ona təşəkkür edib dedi ki, sizin bütün əmrlərinizi yerinə yetirməyə hazıram.

Abbat yol getdikcə Alessandroya baxır, onun qəlbində yeni hisslər doğurdu. Elə oldu ki, onlar bir neçə gündən sonra, mehman-xana cəhətdən çox da zəngin olmayan bir kəndə gəlib çatdılar. Abbat burada qalmaq istədiyini bildirəndə, Alessandro onu bir evə gətirdi, ev yiyəsinə tapşırdı ki, abbat üçün rahat otaq hazırlasınlar; ev yiyəsi Alessandronun yaxın tanışı idi. Alessandro kəndə yaxşı bələd olduğundan, abbatın yavəri kimi, onun bütün adamlarını kənddə yerləşdirdi. Abbat çörəyini yedi. Axşamdan xeyli keçəndən sonra hamı yatmağa getdi, Alessandro ev yiyəsindən soruşdu ki, mən harada yatacağam? Ev yiyəsi dedi: «Düzü, heç özüm də bilmirəm. Görürsən ki, hər yer dolub, mən öz ailəmlə taxta üstündə yatıram. Abbatın yatdığı otaqda bir neçə balaca sandıq var, sənin üçün orada bir təhər yer düzəldərəm, əgər istəyirsənsə, gecəni orada keçir». Alessandro dedi: «Mən abbatın otağına necə gedim? Özün bilirsən ki, o otaq çox balacadır, balaca olduğu üçün də rahiblərindən heç biri orada qala bilmədi. Yatmağa hazırlaşanda mən bilsəydim ki, o otaqda balaca sandıqlar var, rahiblərı orada yerləşdirərdim, özüm onların yatdığı yerə gedərdim», Ev yiyəsi: «Daha iş işdən keçib, – dedi, – istəsən, orada lap yaxşı yata bilərsən. İşıq yanır, abbat da yuxuya gedib, pərdə salınıb, sənin üçün yavaşca pərğu döşək sala-ram, yatarsan». Alessandro gördü ki, abbatı zərrə qədər də narahat etmədən bunları düzəltmək olar, razılıq verdi, mümkün qədər səs-sizcə yerinə girdi.

Abbat yatmamışdı, yeni arzularına ehtirasla qapılaraq, ev yiyəsi ilə Alessandronun danışığına qulaq asırdı, sonra da Alessandronun burada yatacağını bildi. Bundan çox razı qalaraq, öz-özünə dedi: «Allah lap vaxtında mənim arzularımı yerinə yetirməyə adam gön-dərib; bundan istifadə etməsəm, belə fürsət əlimə bəlkə çox gec düşəcək». O qəti qərara gəldi ki, bu vəziyyətdən istifadə etsin: hamı yatdıqdan sonra yavaşca Alessandronu səslədi, onu yanına çağırdı. Alessandro çox bəhanə gətirərək, boyun qaçırtdı, axırda soyunub abbatın yanına girdi. Sevən bir qız istədiyi oğlanın sinəsini sığallayan kimi, abbat da onun sinəsini sığallamağa başladı. Alessandro buna heyrət etdi, şübhələnməyə başladı, fikirləşdi ki, yəqin abbatı bu cür sinə əlləməyə nalayiq bir şəhvət vadar edir. Abbat özümü bunu duydu, ya Alessandronun bəzi hərəkətlərindənmi başa düşdü, hər necə olsa, onun şübhələndiyini dərhal bildi; gülümsədi, köynəyini əynindən çıxartdı. Alessandronun əlnini aparıb öz sinəsinə qoydu: «Alessandro, axmaq fikirləri başından çıxart, – dedi, – mənim sinəmi əllə, gör məndə nələr gizlənir». Alessandro əlini abbatın sinəsinə qoyanda iki dənə yumru, bərk, zərif məmə kəşf etdi, elə bil ki, onlar şirmayıdan qayrılmışdı. Bunları tapdıqdan sonra o saat anladı ki, abbat kişi deyil, qızdır, daha başqa bir təklif gözləmədi, dərhal qızı qucaqladı, öpmək istəyəndə qız ona dedi: «Mənə yaxınlaşmadan əvvəl qulaq as, gör sənə nə deyirəm: özün görürsən ki mən qızam, kişi deyiləm, evdən çıxıb, papanın yanına gedirdim ki, o məni ərə versin. Sənin xoşbəxtliyindənmi, ya mənim bədbəxtliyimdənmi, o gün səni görən kimi elə sevdim ki, hələ heç bir qız emründə belə sevməmişdir. Buna görə, heç kəsi yox, ancaq səni özümə ər etmək qərarına gəldim, əgər məni özunə arvad etmək istəmirsənsə, bu saat qalx, öz yerinə get». Alessandro onun kim olduğunu bilməsə də, məiyyətindən görürdü ki, aristokrat nəslindəndir, özü də dövlətlidir, qaldı onun gözəlliyi – bunu öz gözü ilə görürdü. Çox fikirləşmədən dedi ki, əgər sən belə istəyirsənsə, bu mənim də ürəyimdəndir. Belə ol-duqda, qız, bizim allahın şəkli çəkilən ikonanın qabağında, yataq-da oturub, Alessandronun barmağına üzük taxdı, onunla nişanlandı. Sonra da quçaqlaşaraq, sabaha kimi məmnuniyyətlə kefə baxdılar. Nə edəcəklərini müəyyənləşdirdikdən sonra Alessandro yataqdan qalxıb geyindi, gəldiyi yol ilə də otaqdan çıxdı, belə ki, heç kəs onun gecə harada qaldığını bilmədi. O, böyük bir sevinc içində yenə abbatla və onun məiyyəti ilə yola düşdü. Bir neçə gündən sonra Romaya çatdılar.

Romada bir neçə gün qaldıqdan sonra abbat iki nəfər cəngavərlə və Alessandro ilə düz papanın yanına getdi, lazımi hörmət və ehtiramdan sonra dedi: «Müqəddəs ata, siz gərək başqalarından yaxşı biləsiniz ki, namusla və yaxşı yaşamaq istəyən hər bir adam, bu yoldan onu kənara çıxarmaq istəyən şeylərdən gərək özünü mümkün qədər qorusun. Mən də namusla yaşamaq və bunu tamamilə yerinə yetirmək üçün, mənim atam olan ingilis kralının sərvətindən xeyli götürüb, əynimdə gördüyünüz paltarda, gizlincə qaçmışam (atam məni Şotlandiyanın qoça kralına ərə vermək istəyirdi, – mənim kimi, necə ki görürsünüz, cavan bir qızı). Yola düşüb bura gəlmişəm ki, siz cənabi-əqdəs məni ərə verəsiniz. Mənim qaçmağıma başlıca səbəb Şotlandiya kralının çox qoca olması deyil. Mən qorxuram ki, ona ərə getsəm, cavanlıq zəifliyinə qapılaraq şərvətə, həm də atamın krallıq şərəfinə qarşı nalayiq bir iş tutam. Mən belə bir fikirlə yola düşüb bura gələndə, kimə nə lazım olduğunu ancaq tamam-kamal bilən allah, öz mərhəməti üzündən, onun tədbiri ilə, mənim ərim ola bilən adamı qabağıma çıxartdı. Bax o adam, indi mənim yanımda gördü-yünüz cavan oğlandır (qız Alessandronu göstərdi). Bəlkə də bunun qanı və nəcabəti kral qanı və nəcabətindən deyil, amma mərifət və mərdlik cəhətdən hər bir yüksək aristokrat xanımına layiq adamdır. Mən onu seçmişəm, istəyirəm o mənim ərim olsun, ayrı bir adam, – o adam mənim atama ya bir başqasına necə görünsə də, – heç vaxt mənim ərim olmayacaq. Mənim səfərə çıxmağımın başlıca səbəbi də bununla aradan qaldırıldı. Lakin mən bunu tamamlamaq istəyirəm: istəyirəm ki, bu şəhərdə çox müqəddəs və böyük hörmətə layiq yerləri və siz cənabi-əqdəsi ziyarət edəm, həm də istəyirəm ki, ancaq allahın hüzurunda Alessandro ilə mənim nikahı mı sizin şəxsiyyəti-nizə, deməli, başqa adamlara da məlum edəm. Buna görə, sizə acizanə yalvarıram: allaha və mənə xoş olan şeyi siz də lütfkarlıqla qəbul edin, bizə xeyir-duanızı verin, elə olsun ki, sizin xeyir-duanızla, böyük bir zəmanət kimi, yer üzündə canişini olduğunuz allahı razı salaq, bununla da allahın və sizin şərəfinizə, bir yerdə yaşaya bilək, axırda da bir ölək».

Alessandro arvadının ingilis kralının qızı olduğunu eşidəndə təəccüb etdi, həm də ürəyində buna çox sevindi. Lakin buna daha çox o iki cəngavər təəccüb etdi; elə də acıqlandılar ki, papanın yanında deyil, ayrı bir yerdə olsaydılar, Alessandronu, bəlkə lap xanımı da təhqir edərdilər. Papa özü də xanımın geyiminə, seçdiyi adama baxıb heyrət etdi, ancaq bildi ki, daha iş işdən keçib, xanımım xahişini yerinə yetirməyə razılıq verdi. Papa cəngavərlərin acıqlandığını görüb, əvvəl onları sakitləşdirdi, cəngavərlərin xanıma, Alessandroya olan əvvəlki münasibətini bərpa etdi, sonra da göruləcək iş haqqında sərəncam verdi. Müəyyən olunan vaxt gəlib çatanda, papanın təşkil etdiyi böyük təntənədə iştirak etmək üçün çağırdığı kardinalların və bir çox adlı-sanlı adamların yanında, xanımı və Alessandronu çağırtdırdı. Xanım şahanə libasda onların hüzuruna gəldi: o elə gözəl, elə füsunkar idi ki, hamı onu təriflədi. Onunla bərabər gələn Alessandro da çox qəşəng geyinmişdi, indi o öz görünüşü və ədası ilə müamiləçiliklə məşğul olan adama deyil, kral oğluna oxşayırdı. O iki cəngavər də Alessandroya böyük hörmət göstərdi. Papa nikah mərasimini yenidən, təntənəli surətdə icra etdirdi, çox gözəl və dəbdəbə ilə keçirilən toydan sonra xanımla Alessandroya xeyir-dua verib yola saldı.

Alessandronun, həm də xanımın arzusu ilə onlar Romadan çıxıb Florenesiyaya sarı üz qoydular. Onların sorağı çoxdan Florensiyaya gedib çatmışdı. Burada camaat onları çox hörmətlə qəbul etdi. Xanım qabaqcadan o üç qardaşın bütün borclarının ödənilməsi, onların həbsdən buraxılması haqqında sərəncam verdi; onların bütün əmlakı özlərinə və arvadlarına qaytarıldı. Xanımın bu tədbirini hamı alqışladı. Sonra onlar Aqolanteni də özləri ilə götürüb, Florensiyadan yola düşdülər. Parisə gələndə kral onları hörmətlə qarşıladı. Sonra cəngavərlərin hər ikisi İngiltərəyə gedib, krala elə təsir göstərdi ki, kral öz mərhəmətini əsirgəməyib, onları əfv etdi, qızını və kürəkənini böyük təntənə ilə qəbul elədi. Bundan az sonra böyük dəbdəbə ilə Alessandroya cəngavərlik adını verib, Kornuel qraflığını ona tapşırdı. Alessandro da elə bir mərdlik göstərdi, krala elə bir yolla təsir etdi ki, onu oğlu ilə barışdırdı, İngiltərə də bundan çox fayda götürdü. Ales-sandro da bütün əhalinin hörmət və məhəbbətini qazandı. Aqolanteyə borcu olan adamlar öz borclarını verdilər; Alessandro onu cəngavər etdikdən sonra, o, böyük dövlətlə Florensiyaya qayıtdı. Qrafla arvadı xoşbəxt yaşamağa başladılar. Bəziləri deyirlər ki, o qismən öz zirəkliyi və qoçaqlığı ilə, qismən də qayınatasının köməyi ilə sonralar Şotlandiyanı zəbt etdi, özü də hökmdar oldu.

₺94,14
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8125-9-7
Telif hakkı:
JekaPrint
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre