Kitabı oku: «Dekameron», sayfa 7
DÖRDÜNCÜ HEKAYƏ
Landolfo Ruffolo yoxsulluğa düşərək, dəniz qulduru olur; genuyalıların əlinə keçir, dənizdə fəlakətə uğrayır, ağır qiymətli qaş-daşla dolu bir qutu üstündə xilas olur; Korfuda, bir qadının evində sığınacaq tapır, zəngin adam olub evinə qayıdır
Lauretta Pampineyanın yanında oturmuşdu. Pampineyanın öz hekayəsinə təntənəli bir nəticə verdiyini görüb, kraliçanın dəvətini gözləmədən, sözə başladı: – Gözəl xanımlar, Pampineyanın hekayə-sində Alessandro ən yoxsul vəziyyətdən şahlıq mövqeyinə qədər yüksəlir, məncə, qəza-qədərin işinə bundan gözəl misal ola bilməz. Biz bu gün öz hekayələrimizdə, əvvəlcədən müəyyən edilən mövzu-dan kənara çıxmamalıyıq, buna görə mən də sizə, çəkinmədən, bir hekayə danışacağam, bu hekayədə daha böyük bir fəlakətdən söhbət getsə də, Pampineyanın hekayəsi kimi, xoşbəxtliklə qurtarmır. Mən yaxşı bilirəm ki, bu hekayədən sonra mənim hekayəmə elə diqqətlə qulaq asmayacaqsınız, ancaq başqa hekayə söyləyə bilməyəcəyəm, məni bağışlayın.
Reciodan ta Haetaya kimi uzanıb gedən dəniz sahili İtaliyanın ən gözəl hissəsi hesab edilir. Orada, Salernoya çox yaxın yerdə dəniz səthindən yüksəkdə duran torpaq zolağı var, əhali bu yerə Amalfeya sahili deyir. Burada bağlı-bağatlı çoxlu xırda şəhərlər, xırda çaylar, həm də çoxlu dövlətli adam var. Bu adamlar hamıdan yaxşı ticarət edirlər. Bu şəhərlər içində Ravello adlı bir şəhər var, indi də burada dövlətli şəxslər yaşayır. Əvvəllər orada Landolfo Ruffolo adlı çox varlı bir adam yaşayırmış. Onun dövləti ona azlıq edir, istəyir ki, dövlətini iki qat artırsın, lakin bununla az qalır ki, dövləti də, dövləti ilə bərabər özü də məhv olsun. O da, bütün tacirlər kimi, götür-qoy eləyib böyük bir gəmi alır, öz pulu ilə aldığı müxtəlif malları ona yükləyib, Kiprə yola düşür. Kiprə çatanda, onun malı kimi mal gətirən bir neçə gəmi görür. Malını satmaq istəyəndə, qiymətini ucuzlaşdırır, hətta az qalır ki, lap havayıca çölə atsın, bunun da nəticəsində müflis olmaq dərəcəsinə çatır. Yaman dilxor olur, bilmir neyləsin, ən dövlətli bir tacir olduğu halda, az qalır ki, az vaxtda yoxsul bir adam olsun. Bunu görüb o belə qərara gəlir: ya gərək öləm, ya da başqa gəmiləri qarət eləyib düşdüyüm ziyanı çıxaram, varlı bir tacir kimi çıxdığım yerə dilənçi kimi qayıtmayam. Öz gəmisinə alıcı tapır, bundan və satdığı maldan əlinə keçən pulla kiçik bir dəniz qulduru gəmisi alır, onu yaxşıca silahlandırır, bu iş üçün lazım olan şeylərlə təchiz edir, başqa gəmiləri, xüsusilə türk gəmilə-rini soymağa başlayır. Bu işdə tale ona, ticarətdən daha artıq kömək edir. Bircə ilin içində o qədər türk gəmisini qarət edir və tutur ki, ticarətdən dəyən bütün ziyanı çıxarır, hətta öz dövlətini iki qat artırır. Buna görə ziyanın ilk acısını daddığından, həm də sərvət sarıdan təmin olunduğundan, öz-özünü inandırır ki, bir daha müsibətə düş-məmək üçün, əldə etdiyi dövlət kifayətdir, bundan artığını istəmək lazım deyil. Bu dövlətlə geri qayıtmaq qərarına gəlir, mala etibar etmədiyindən, onu satıb, qiymətli şeylər alır, qarət etdiyi həmin gəmi ilə də yola düşür.
Arxipelaqa çatanda, axşam sirokko küləyi qopur. Külək Landol-fonun gəmisinə qarşı əsir, həm də dənizi elə təlatümə gətirir ki, xırdaca bir gəmi ilə ona qarşı durmaq mümkün olmur, buna görə Landolfo öz gəmisini kiçik bir adanın küləkdən qorunan körfəzinə aparır, əlverişli küləyin əsməsini gözləmək üçün buranı daha müna-sib görür. Çox keçmir ki, İstambuldan gələn iki böyük Genuya yuk gəmisi də, Landolfonun gəmisi kimi, küləkdən qorunmaq üçün, çox çətinliklə o körfəzə girir. Gəmidəki adamlar oradakı gəmini görürlər. Bunun Landolfonun gəmisi olduğunu bilib, yolunu kəsirlər; onlar eşitmişdilər ki, Landolfo çox dövlətlidir. Gəmidəki adamların bir hissəsi, yaxşı silahlanmış halda, əllərində arbolet, sahilə çıxır, elə yerdə dururlar ki, Landolfonun gəmisindən heç kəs çıxa bilməsin, çıxsa da vursunlar; o biriləri qayıqlara minir, dənizin axarından istifadə edərək, Landolfonun kiçik gəmisinə yanaşır, çox asanlıqla və az vaxtda onu və oradakı adamların hamısını ələ keçirirlər. Heç kəs qaçıb qurtara bilmir. Landolfonu öz gəmilərindən birinə gətirirlər, onun gəmisinn tamam qarət edirlər, gəmini də batırırlar, Landol-fonun özünü köhnə bir gödəkçədə qoyurlar.
Ertəsi gün külək istiqamətini dəyişir, yük gəmiləri yelkənlərini açıb, qərbə sarı yola düşürlər. Bütün günü rahat gedirlər, lakin axşamüstü şiddətli külək başlayır, yüksək dalğalar gəmiləri bir-birindən ayırır. Bədbəxt və zavallı Landolfonun olduğu gəmi, Kefaloniyadan yuxarıda küləyin zərbəsi ilə daşa dəyərək çatlayır, divara-çırpılan şüşə kimi parça-parça olur, dənizin üzü malla, qutu ilə, taxta ilə dolur, – gəmi fəlakətə uğrayanda həmişə belə olur. Hava zil qaranlıq olsa da, dəniz dalğalanaraq qabarsa da, suya tökülən bu bədbəxt və miskin adamlardan üzməyi bacaranlar üzə-üzə, təsadüfən rast gəldikləri şeydən yapışırdılar. Zavallı Landolfo da onların ara-sında idi. Dünən o, dilənçi halında evinə qayıtmaqdansa, ölümü üstün tutaraq, bir neçə dəfə ölümünü arzu etmişdi, lakin indi ölümü qarşısında görərək dəhşətə gəlirdi, o da, o biriləri kimi, əlinə keçən taxta parçasından yapışırdı: bəlkə hələ batmadı; allah da o vaxta kimi onun xilas olması üçün bir kömək göndərər. Taxtanın üstündə otura-raq səhər açılanadək bir təhər özünü saxladı. O, dalğaların və küləyin onu o tərəf-bu tərəfə apardığını hiss edirdi. Hava işıqlananda ətrafına baxdı, buluddan, dənizdən və bir qutudan başqa heç nə görmədi. Dalğalar qutunu o yan-bu yana sürükləyirdi. Qutu hərdən ona yaxın-laşanda, onu dəhşət alır, qorxurdu ki, birdən qutu ona dəyər, onu batırar. Qutu hər dəfə yaxınlaşanda, o nə qədər gücdən düşsə də, əli ilə onu bacardıqca özündən geri itələyirdi». Axırda elə oldu ki, külək birdən dənizə çırpılaraq, qutunu, qutu da taxtanı bərk itələdi, taxta aşırıldı, Landolfo istər-istəməz taxtanı əldən buraxıb, suya batdı, öz güçündən artıq qorxunun köməyi ilə suyun üzünə çıxdı, gördü ki, taxta çox uzaqdadır. Taxtaya çata bilməyəcəyindən qorxaraq, üzə-üzə özünü qutuya yetirdi, – qutu yaxında idi. Döşünü qutunun qapa-ğına dayayaraq, əlləri ilə ondan bərk-bərk yapışdı. Dalğalar onu ora-bura atırdı. O heç nə yeməmişdi, yeməyə bir şey də yox idi, amma həddindən artıq su içmişdi. O harada olduğunu bilmirdi. Dənizdən başqa bir şey görmürdü; bütün günü və gecəni bu vəziyyətdə keçirdi. Ertəsi gün, allahın mərhəmətindənmi, ya küləyin hökmündənmi, – batan adam hər şeyə əl atan kimi, – o da qutunun kənarından bərk-bərk tutaraq, islanmış süngər kimi, Korfu adası sahilinə yaxınlaş-mağa başladı. Təsadüfən yoxsul bir qadın orada qumla və dəniz suyu ilə qab-qacaq yuyurdu; bir şeyin yaxınlaşdığını görüb, ona diqqətlə baxmadan, qorxdu, çığıra-çığıra geri çəkildi. Landolfo danışmaq iqtidarımda deyildi, gözləri zəifləmişdi, qadına heç bir söz deyə bilmədi. Lakin dəniz onu sahilə lap yaxınlaşdıranda, qadın qutuya oxşar bir şey, sonra daha diqqətlə baxaraq, qutunu qamarlayan iki əl, sonra da adam üzü görüb, bunun nə olduğunu başa duşdü. O adama yazığı gəldi. Dəniz artıq sakitləşdiyi üçün, suya girib bir az irəlilədi, Landolfonun saçından tutub dartdı, qutu ilə bərabər sahilə çıxartdı, onun əllərini güclə qutudan ayıraraq, qutunu orada olan qızının başına qoydu, Landolfonu isə, balaca uşaq kimi, çəkə-çəkə qəsəbəyə aparıb, öz evində vannaya qoydu, isti su ilə, sabunla onun bədənini o qədər ovxalaya-ovxalaya yudu ki, Landolfonun soyumuş bədəni qızışdı, bir az qüvvətə gəldi. Qadın bu işin kifayət etdiyini görəndə, Landolfonu vannadan çıxartdı, ona yaxşı şərab və peçenye verdi, sonra onu bir neçə gün, bacardığı qədər, yaxşı yedirib-içirtdi, ta o vaxta qədər ki, Landolfo əmələ gəldi, harada olduğunu dərk etdi. Onda bu mərhəmətli qadın indiyə qədər qoruyub saxladığı qutunu ona qaytarmağı özünə borc bildi, dedi ki, indi daha özün öz dərdinə qala bilərsən. Qutunun varlığı Landolfonun heç yadında deyildi, lakin bu mərhəmətli qadın qutunu gətirəndə, aldı. O duşündü ki, yəqin qutudakı şey o qədər də dəyərsiz olmaz, bununla heç olmasa bir neçə gün dolana bilər. Qutunu yüngül görüb, bir az ümiddən düşdü, lakin qadın evdə olmayanda qutunu açdı ki, görsün onda nə var; gördü ki, qutuda cilalanmış və cilalanmamış çoxlu qiymətli qaş-daş var, – Landolfonun belə şeydən az-çox başı çıxırdı. Bunların çox qiymətli olduğunu dərk edərək, allaha, onu tamam yaddan çıxarmaq istəmədiyi üçün, şükür elədi, bununla da təskinlik tapdı. Lakin o, az vaxtda taleyin iki dəfə amansız dönüklüyünə rast gəldiyindən, anladı ki, indi bu şeyi evə aparmaq üçün çox ehtiyatlı olmalıdır. Qaş-daşı cır-cındıra bükdü, sonra o mərhəmətli qadına dedi ki, qutu mənə lazım deyil, istəyirsən götür, ancaq mənə bir torba ver. Qadın onun xahişini məmnuniyyətlə yerinə yetirdi. Landolfo da onun etdiyi yaxşılığa qarşı bacardığı qədər minnətdarlıq edərək, torbanı dalına atıb yola düşdü, qayığa minib, Brindiziyə getdi, oradan da, sahildən ayrılmayaraq, gəlib Traniyə çatdı. Tranidə bir neçə həmyerlisinə rast gəldi, onlar mahud alverçisi idilər. Landolfo qutu qəziyyəsindən başqa başına gələn əhvalatı tacirlərə danışanda, tacirlər də, lap elə sədəqə kimi, ona geymək üçün paltar, bir at, Ravelloya kimi də bələdçi verdilər, – Landolfonun sözündən, guya o, Ravelloya gedə-çəkdi. Ravelloda o özünü təhlükəsiz bir yerdə görüb, onu buraya gətirən allaha çox-çox şükürlər elədi, sonra torbanın ağzını açıb, qaşlara diqqətlə baxdı, gördü ki, burda o qədər qiymətli daş var ki, bunları dəyərinə, hətta daha ucuz satsa, əvvəlkindən iki qat artıq dövlətli olar. Landolfo fürsət tapıb qaş-daşı satandan sonra, onu Korfuda dənizdən çıxaran mərhəmətli qadına, göstərdiyi xidmətə görə, yaxşı pul göndərdi; Tranidə onu geyindirən adamların da haqqını verdi. Qalan pulu da özü üçün saxladı, daha ticarətlə məşğul olmaq istəməyərək, ömrünün axırına kimi firavan yaşadı.
BEŞİNCİ HEKAYƏ
Andreuççio at almaq üçün Peruciyadan Neapola gələrək, bir gecədə üç dəfə təhlükəyə düşür; bunların hamısından canını qurtarır, yaqut üzüklə evinə qayıdır
Hekayə danışmaq növbəsi Fyammettaya çatmışdı. O, sözə belə başladı: – Landolfonun tapdığı qaşdaş mənim yadıma bir hekayə saldı. Bu hekayədə təsvir edilən təhlükələr Laurettanın hekayəsindəki təhlükələrdən heç də az deyil, lakin onlardan fərqlənir: o hekayədə göstərilən təhlükələr bir neçə il ərzində, mənim danışacağım heka-yədə isə bir gecənin içində baş verir.
Deyirlər ki, Peruciyada Andreuççio di Pyetro adlı at alveri edən cavan bir oğlan yaşayırmış. Onun qulağına çatır ki, Neapolda at ucuzdur, cibinə beş yüz qızıl florin qoyub, başqa tacirlərlə bərabər yola düşür. Əvvəllər o, Neapola heç getməyibmiş. Bazar günü ikindi vaxtı şəhərə çatırlar, Andreuççio mehmanxana sahibindən hal-əhval tutaraq, ertəsi günü səhər bazara gedir. Çoxlu at görür, atların çoxu xoşuna gəlir. Qiymətini soruşur, ancaq qiymət üstündə at sahiblə-rindən heç biri ilə düzəlişmir. O, təcrübəsiz, öz işində az ehtiyat göstərən bir adamdı, doğrudan da at almaq istədiyini göstərmək üçün, qızıl florinli pul kisəsini gəlib-gedənin gözü qabağında bir neçə dəfə çıxarıb göstərmişdi. Bu qayda ilə at alveri ilə məşğul ikən onun pul kisəsini görənlər az olmamışdı. Az pul ilə hamıya xidmət edən gözəl, cavan bir siciliyalı qadın bu arada onun yanından keçirmiş, Andreüççio onu görmür amma o, Andreuççionun pul kisəsini görüb öz-özünə deyir: «Bu pullar mənim olsaydı, kim məndən yaxşı dolana bilərdi?» Bu sözləri öz ürəyində deyib gedir. Onun yanında bir qarı varmış; o da siciliyalı imiş. Qarı Andreuççionu görəndə, qızdan geri qalaraq, yüyürüb onu mehribanca öpür. Qız bunu görəndə, heç bir söz demir, kənarda durub qarını gözləyir. Andreuççio qarını tanıyıb, onu ürəkdən salamlayır. Qarı onunla çox danışmır, mehmanxanaya gələcəyini vəd edərək çıxıb gedir. Andreuççio da qayıdıb, at almaq üçün çənəbazarına başlayır, ancaq o gün at ala bilmir.
Qız əvvəl Andreuççionun pul kisəsini, sonra da yanındakı qarının onunla tanış olduğunu görüb, pulun hamısını, ya bir hissəsini ələ keçirmək üçün yol axtarır, bu adamın kim olduğunu, haradan gəldi-yini, burada nə etdiyini, onunla necə tanış olduğunu çox ehtiyatla qarıdan soruşur. Qarı da Andreuççio haqqında elə müfəssəl məlumat verir ki, sanki Andreuççio özü öz barəsində danışır, çünki o uzun zaman Siciliyada, Andreuççionun atasının yanında, sonra da Peruci-yada yaşamışdı. Qarı Andreuççionun harada qaldığını və nə üçün gəldiyini də söyləyir. Qız, Andreuççionun ata-anası haqqında məlu-mat aldıqdan, onların adını bildikdən sonra, öz arzusunu yerinə yetirmək üçün hiyləsini çox ustalıqla bu məlumat üzərində qurur. Evə gəldikdən sonra bütün gün üçün qarıya iş verir ki, o, Andreuç-çionun yanına gedə bilməsin. Sonra öz qulluqçusunu yanına çağırır, onu ikindi çağı Andreuççionun düşdüyü mehmanxanaya göndərir, – o öz qulluqçusunu belə işlərə çox yaxşı öyrətmişdi. Qulluqçu qız mehmanxanaya gələndə təsadüfən Andreuççionun özünü görür: o, qapının qabağında tək durubmuş. Bu adamdan Andreuççionu soru-şur. Andreuççio deyəndə ki, o adam mən özüməm, qulluqçu onu kənara çəkib deyir: «Messere, bu şəhərin aristokrat xanımlarından biri, əgər buyurub razı olsanız, sizinlə danışmaq istəyir». Andreuççio bunu eşidib fikrə gedir, özünü qəşəng bir oğlan hesab etdiyindən, elə düşünür ki, o xanım ona vurulmuşdur, sanki Neapolda ondan başqa qəşəng oğlan yox imiş! O saat getməyə hazır olduğunu bildirir, həm də xanımın harada və nə vaxt onunla danışmaq istədiyini soruşur. Qulluqçu ona belə cavab verir: «Messere, əgər siz buyurub getmək istəyirsinizsə, o xanım sizi öz evində gözləyir». Andreuççio bunu mehmanxanada heç kəsə söyləməyib tez deyir: «Sən qabaqda get, mən də ardınca gəlirəm».
Bu qayda ilə qulluqçu onu xanımının yaşadığı Malpertucio (İyrənc məhəllə) deyilən bir küçəyə gətirir, elə bir bu ad bu küçənin necə abırlı küçə olduğunu göstərirdi. Andreuççionun hiylədən xəbəri yox imiş, o heç nədən şübhələnmirmiş, elə güman edirmiş ki, çox ləyaqətli bir yerə, çox sevimli bir xanımın yanına gedir. Qulluqçunun ardınca çox sərbəst halda evə girib, pilləkənlə yuxarı qalxır. Qulluqçu: «Bu da Andreuççio!» deyərək, öz xanımını çağıranda, Andreuççio onu görür: o, pilləkənin başına çıxıb dayanır, Aidreuç-çionu gözləməyə başlayır. Bu, ucaboylu, çox cavan, gözəl bir qız idi, çox ləyaqətlə də geyinmiş, bəzənib-düzənmişdi. Andreuççio yaxına gedəndə, o, qollarını açaraq, üç pillə aşağı enib onun boynunu qucaq-layır, səssiz-səmirsiz bir müddət bu vəziyyətdə qalır, sanki xoş hisslərin çoxluğu onu danışmağa qoymurdu. Sonra göz yaşları içində Andreuççionun alnından öpür, qırıq səslə deyir: «Ah, mənim Andre-uççiom, xoş gəlmisən!» Qızın bu xoş mehribanlığı Andreuççionu valeh edir, o, heyrətlə deyir: «Madonna, sizi görməyimə şadam!» Sonra qız Andreuççionun əlindən tutub, onu zalına, yuxarıya, oradan da, heç bir söz söyləmədən, öz otağına aparır. Otaq qızılgül, narınc-gülü ətri ilə və başqa xoş qoxularla dolu idi. Andreuççio burada pərdəli, gözəl bir çarpayı, o zamankı adətə görə, asqılardan asılmış çoxlu paltar və başqa qəşəng, qiymətli şeylər görür, təcrübəsiz bir adam olduğundan, qəti əmin olur ki, evinə gəldiyi bu qadın hər halda mötəbər xanımdır.
Onlar çarpayının qabağındakı skamyada oturanda, qız belə deyir: «Andreuççio, mən tamamilə əminəm ki, mənim belə mehribanlıq göstərməyimə, həm də göz yaşı tökməyimə sən təəccüb edirsən, çünki sən məni tanımırsan, bəlkə mənim haqqımda heç bir şey eşitməmisən də. Amma sən indi elə bir şey eşidəcəksən ki, bu səni daha artıq təəccübləndirəcək: bu da odur ki, mən sənin bacınam. Bəli, allah mənə elə bir mərhəmət göstərdi ki, ölməmişdən əvvəl öz qardaşlarımdan birini gördüm (o birilərini necə görmək istərdim!), çünki mən qardaşlarımı görmədiyim üçün hər dəqiqə ölməyimi istəyirdim, indi təsəlli tapdım. Əgər sən bu barədə heç bir şey eşit-məmisənsə, mən sənə danışaram. Mənim və sənin atan olai Pyetro, sənin kimi uzun zaman Palermoda yaşamışdır. Elə güman edirəm ki, bunu sən özün də bilirsən. Orada atamızı, xoştəbiətli, mehriban bir adam olduğu üçün, çox-çox sevən şəxslər indi də vardır. Mənim anam əsil-nəcabətli bir qadındı, özü də dul idi, Pyetronu hamıdan çox istəyirdi, belə ki, atasından, qardaşlarından, namusunu itirəcəyindən qorxmayaraq, atamla yaxınlıq eləyir, mən də dünyaya gəlirəm, – özün də görürsən ki, neçə şeyəm! Sonra iş elə gətirir ki, Pyetro Palermonu qoyub Peruciyaya qayıdır. Onda mən hələ balaca qız idim. Məni də, anamı da qoyub gedir, eşitdiyimə görə, bir daha nə məni, nə də anamı yadına salır. O, mənim atam olmasaydı, onu anama göstərdiyi nankorluq üstündə bərk danlardım, çünki anam heç tanımadığı halda onu sədaqətlə sevmişdi, bütün mal-mülkünü, özünü də onun əlinə vermişdi (hələ mən bir şeyi kənara qoyuram: o gərək məni istəyəydi, axı mən onun qızı idim, qulluqçudan ya yaramaz bir qadından törətdiyi bic deyildim). İndi bunu danışmağın nə əhəmiy-yəti var… Pis, özü də çoxdan olmuş bir iş üstündə adamı danlamaq, o işi düzəltməkdən çox asandır. Hər halda, belə bir şey olmuşdur. Mən hələ balaca qız olanda o, məni Palermoda qoyub getmişdir. Təxmi-nən bu yaşa gəlib çatanda, neçə ki indi özün görürsən, anam dövlətli qadın olduğundan, məni circentili əsilzadə, yaxşı bir adama ərə verdi. O adam da anamı, məni sevdiyindən, Palermoya köçüb gəldi. Mənm ərim qeyrətli bir qvelf olduğu üçün bizim kral Karl ilə əlaqəyə girir, onlar işə başlayana kimi kral Federiqo bundan xəbər tutur; bizim Siciliyadan qaçmağımıza da bu səbəb oldu: bu zaman mən o adada olan zadəgan qadınların hamısından yüksək zadəgan xanım olmaq ümidində idim. Bəli, əlimizə keçən şeylərdən bir az götürüb (bizim ki o qədər var-dövlətimiz vardı, mən ona nisbətən az deyirəm), malikanələrimizi, sarayı atıb, bu şəhərə gəldik, kral Karlı burada tapdıq. O bizə minnətdarlığını bildirdi, ondan ötrü çəkdiyimiz zərərin bir hissəsini ödədi, bizə bir neçə malikanə və ev verdi, indi də mənim ərimə, "sənin yeznənə, həmişə çox-çox pul verir, özün sonra görə-cəksən. Bu qayda ilə, mənim əziz qardaşcığım, sənin yox, allahın mərhəməti üzündən, səni də burada görürəm». O bunu deyib yenə də Andreuççionu qucaqlayır, yenə də riyakarcasına göz yaşı töküb, onun alnından öpür. Qadın bu əfsanəni çox səlis və səmimi danışır, bircə yerdə də çaşmırdı, dili dolaşmırdı. Andreuççio onu dinlərkən yadına düşür ki, doğrudan da atası Palermoda yaşamışdır, həm də o, adamın cavan vaxtında sevgiyə qapıldığını öz təcrübəsindən bilirdi. Bir də ki, qadının ürəkdən göz yaşı tökdüyünü, onu bir qardaş kimi qucaqlayıb öpdüyünü görüb, deyilən şeylərin həqiqət olduğuna qəti inanır, qadın susduqdan sonra deyir: «Madonna, mənim təəccüblən-məyim sizə qəribə görünməsin, çünki atam, nədənsə, nə sizin ananız, nə də sizin haqqınızda heç bir şey danışmamışdır, danışıbsa da bunu mən eşitməmişəm. Mən sizin haqqınızda heç bir şey bilmirdim, elə bil ki, siz heç olmamısınız. Hər halda sizin şəxsiyyətinizdə bir bacıya sahib olmağım məni çox sevindirdi, xüsusilə ona görə ki, mən burada təkəm, həm də belə bir şeyi heç gözlmirdim. Düzünə qalsa, o yüksək mövqeli adamı mən tanımıram, siz o adam üçün əziz olun, mən xırda bir alverçiyəm, Mənim nə əhəmiyyətim var ki! Rica edirəm, məni başa salın görüm, mənim burada olduğumu siz necə bildiniz?» Qadın suala belə cavab verir: «Bu gün səhər bir yoxsul qadın bunu mənə söylədi, o tez-tez yanıma gəlir, Onun sözündən belə görünür ki, o uzun zaman Palermoda və Peruciyda bizim atamızın yanında olmuş-dur. Sənin bura, yəni mənim evimə gəlməyin, mənim özgə evinə, yəni sənin yanına getməyimdən ləyaqətli görünməsəydi, mən çoxdan sənin yanına gəlmişdim». Bu sözdən sonra qadın onun ata-anası haq-qında, adlarını çəkə-çəkə, sual verməyə, müfəssəl soruşmağa başladı, Andreuççio da bütün suallara cavab verdi. Qadının sözlərinə çox da inanmaq lazım olmadığı halda, bu sual-cavab onu daha artıq inan-mağa vadar etdi. Söhbət uzun, hava da çox isti olduğundan, qadın qulluqçuya deyir ki, yunan şərabı və çərəz gətirib, Andreuççioya ver. Andreuççio şərabı içəndən sonra getmək istəyir, çünki axşam vaxtı idi. Qadın onu getməyə qoymur, özünü bundan bərk qüssələnmiş kimi göstərir, onu qucaqlayıb deyir: «Vay mənim halıma! İndi mən aydın görürəm ki, sən məni çox az istəyirsən! Sən bu vaxta qədər heç görmədiyin bacının yanındasan, onun evindəsən, əslində, gərək bu şəhərə gələndə onun evinə düşəydin, amma getmək istəyirsən, gedib axşam çörəyini mehmanxanada yemək istəyirsən, kim buna inana bilər! Axşam yeməyini sən mənimlə yeyəcəksən, eləmi?! Hərçənd ərim evdə yoxdur, bu da mənim heç xoşuma kəlmir, hər halda mən bir qadın kimi, gücum çatdığı qədər, səni bir şeyə qonaq eləyə bilərəm». Andreuççio bilmnr ki, nə cavab versin, deyir ki: «Adam öz bacısını istəyən kimi, mən də səni istəyirəm. Ancaq indi ora getmə-səm, məni çox gözləyəcəklər, bununla da mən nəzakətsizlik etmiş olaram». Qadın bu sözün qabağında deyir: «Aman allah, guya mənim heç kəsim yoxdur ki, göndərəm desin, səni gözləməsinlər! Əslinə qalanda, sənin tərəfindən böyük bir lütfkarlıq olardı, hətta bu sənin borcundur da, yoldaşlarının dalınca adam göndərəydin, axşam yeməyini gəlib burada yeyəydilər». Andreuççio deyir ki, bu axşam mən yoldaşlarsız da keçinə bilərəm, sən öz istədiyin kimi elə. Qadın özünü elə göstərir ki, guya mehmanxanaya adam göndərmişdir, onu şam yeməyinə gözləməyəcəklər. Sonra onlar bir az da söhbət edib, yeməyə otururlar. Süfrəyə cürbəcür yaxşı xörəklər gətirirlər. Qadın yeməyi bicliklə axşamdan xeyli keçənə qədər uzadır. Süfrədən qalxanda Andreuççio getmək istəyir, qadın deyir ki, buna qətiyyən yol verməz, çünki Neapol elə şəhər deyil ki, gecə vaxtı gəzəsən, xüsusilə bu, xaricilər üçün təhlükəlidir. Səni axşam yeməyinə gözlə-məsinlər deyə mehmanxanaya adam göndərəndə deyiblər ki, gecəni də orada qalmayacaqsan. Andreuççio buna inanır. Qadının əslində kim olduğunu bilmədiyindən, o burada qalmaq istəyirdi, ona görə də qalır. Yeməkdən sonra çoxlu söhbət edirlər, qadın bunu da boş yerə eləmir. Gecədən xeyli keçmiş Andreuççionu öz otağında qoyub, qulluqçu ilə bərabər o biri otağa keçir; Andreuççionun yanında bir uşaq da qoyur ki, bir şey lazım olsa, ona göstərsin.
Hava çox isti imiş. Andreuççio tək qalan kimi soyunur, əynində bircə köynəyi qalır, şalvarını da çıxarıb başının altına qoyur. Mədə-sindəki artıq yükü boşaltmaq ehtiyacı olduğundan, uşaqdan soruşur ki, bunu harada eləmək olar. Uşaq otaqdakı bir qapını göstərib deyir: «Ora girin». Andreuççio arxayın halda ora gedir, ayağını bir taxta üstünə qoyur, heç demə taxtanın o biri başı tirdən qopubmuş, buna görə taxta qalxır, Andreuççio ilə bərabər aşağı gedir. Allah, ona qarşı çox mərhəmətli olduğundan, hündür bir yerdən yıxıldığı halda, ona ziyan toxunmur, ancaq tamam nəcisə batır, çünki. o yer nəcislə dolu idi.
Bu danışılan əhvalatı, həm də sonra nələr olduğunu yaxşı başa düşmək üçün, oranın necə qurulduğunu sizə danışım. Dar bir yerdə, bir evdən o biri evə uzanan iki tir üstünə bir neçə taxta vurulubmuş, bunu biz evlərin arasında çox görürük. Bu taxtaların üstündə ayaq-yolu qayırılır. Həmin taxtalardan biri Andreuççio ilə bərabər nəcis quyusuna düşübmüş. Andreuççio belə yerə düşdüyü üçün yaman dilxor olur, uşağı çağırmağa başlayır. Lakin uşaq onun yıxıldığını eşidən kimi yüyürüb xanımına xəbər verir. O da dərhal Andreuç-çionun otağına gəlir, onun paltarını axtarır, çibindəki pulu tapır, daha heç bir şeyin dərdinə qalmayaraq, tez qapını bağlayır: Andreuççio bu qapıdan çıxıb nəcis quyusuna düşübmüş. Aidreuççio öz pulunu heç kəsə etibar etmirmiş, axmaqlığından həmişə yanında gəzdirirmiş. Qadın da bu pul üçün tələ qurubmuş, palermolu qadından dönüb peruciyalı bacısı olubmuş. Andreuççio uşağın cavab vermədiyini görüb, onu daha bərkdən çağırmağa başlayır. Bundan da bir şey çıxmır. Onun qəlbində şübhə doğur, gec də olsa, aldandığını başa düşür. Quyudan çıxıb, ayaqyolunu küçədən ayıran alçaq divarın üstünə qalxır, divarı aşaraq evin qapısına gəlir, – buranı o yaxşı tanıyırmış, – onları xeyli çağırır, atılıb-düşür, qapını döyür, heç kəs ona cavab vermir. Fəlakətə düşdüyünü aydınca dərk edən bir adam kimi, göz yaşı tökə-tökə deyir; «Vay mənim halıma, mən zavallı az vaxtda beş yüz florindən də məhrum oldum, bacıdan da!» O daha bir çox şeylər söylədikdən sonra yenə qapını bərkdən döyməyə, ucadan çığırmağa başlayır, axırda yaxın qonşular yuxudan ayılır, bu zəhlə-tökən yalvarışlara dözə bilməyərək, ayağa qalxırlar. Andreuççionu aldadan qadının qulluqçularından biri yuxulu-yuxulu pəncərəyə yaxınlaşıb, həqarətlə deyir: «Qapını döyən kimdir?» Andreuççio: «Yoxsa nəni tanımırsan? – deyir. – Mən madonna Fyordolizonun qardaşı Andreuççioyam!» Qulluqçu da ona belə cavab verir: «Dost, görünür sən çox içmisən, get yat, sabah gələrsən. Mən Andreuççio-zad tanımıram, heç bilmirəm də nə səfehləyirsən. Sən allah, çıx get, qoy bizi yataq». Andreuççio deyir: «Neçə?! Sən bilmirsən mən nə deyirəm? Yəqin bilirsən. Ancaq siciliyalıların qohumluğu əgər belə isə, belə az vaxtda qohumu yaddan çıxarırlarsa, onda heç olmasa mənim sizdə qoyduğum paltarımı ver, mən də çıxıb gedim». Qul-luqçu bunun qabağında gülərək deyir: «Əzizim, deyəsən, axı sən sayıqlayırsan». Bunu söyləməklə, geri çəkilib pəncərəni bağlayır. Andreuççio anlayır ki, pulunu bu yolla geri qaytara bilməyəcək. Başına gələn müsibət onu yaman acıqlandırır, qət edir ki, söz ilə qaytara bilmədiyini zor ilə qaytarsın: böyük bir daş götürüb, qapını əvvəlkindən də bərk döyməyə başlayır. Qonşuların çoxu bayaqdan yuxudan ayılıb ayağa qalxıblarmış, onlar elə güman edirlər ki, nadanın, sarsağın biri o abırlı qadını ləkələmək üçün özümdən pis-pis şeylər uydurur, buna görə də qapının döyülməsindən acıqlanırlar, başlarını pəncərədən çıxarır, səs-səsə verərək çığırmağa başlayırlar, sanki küçə itləri yad bir adamın üstünə hürürdü: «Geçənin bu vaxtında belə boşboğazlıqla namuslu arvadların evinə gəlmək böyük ədəbsizlikdir! Çıx get, oğlan, sən allah, qoy bizi yataq! O arvadla işin varsa, sabah gələrsən, indi bizi narahat eləmə». Bu evdə yaşayan, həmin qadının aradüzəldəni olan bir adam, bəlkə də bu sözdən ürəklənərək, pəncərəyə yaxınlaşır, – Andreuççio onu heç görməmişdi və onun haqqında bir söz eşitməmişdi, – yaxınlaşan kimi də yoğun, dəhşətli səslə deyir: «Kimdir o?» Andreuççio başını səsə sarı qaldırır: onun gördüyü adam qara sıx saqqallı, zırpı bir şeydi, sanki indicə şirin yuxudan ayılıb yataqdan qalxmışdı, əsnəyə-əsnəyə gözlərini ovuşdururdu. Andreuççio bir az qorxaraq deyir: «Mən bu evdə yaşayan xanımın qardaşıyam». Lakin o adam Andreuççionun cavabını axıra kimi gözləməyərək, daha qorxunc səslə deyir: «Bilmi-rəm mənim qabağımı alan nədir ki, düşüb sənə o qədər kötək ilişdirmirəm ki, daha yerindən tərpənə bilməyəsən! Ay zəhlətökən eşşək, görünür, sən keflisən ki, bu gecə vaxtı bizi yatmağa qoymur-san». Qonşulardan bəzisi o adamın kim olduğunu yaxşı bilirmiş. Andreuççioya dostcasına deyirlər: «Ay oğlan, sən allah, çıx get, elə eləmə ki, səni bu gecə burada öldürsünlər, çıx get, getsən sənin üçün yaxşı olar». Andreuççio həm o qarasaqqal adamın səsindən, sir-sifətindən qorxaraq, həm də sanki ona ürəyi yanan adamların söylə-diyi sözlərin təsiri nəticəsində, çox dilxor halda, pulunun dərdini çəkə-çəkə, qulluqçu qızın dalınca gəldiyi yol ilə mehmanxanaya sarı gedir. Üst-başından gələn iy onun özünün də xoşuna gəlmədiyindən, dənizdə çimmək fikrinə düşür. Sola dönüb Kataloniya deyilən küçə ilə dənizə tərəf üz qoyur. Şəhərin yuxarı hissəsi ilə gedərkən, qabaq-da iki adam görür; onlar əldə fənər, Andreuççioya sarı gəlirlərmiş. Andreuççio onların polis xəfiyyəsi, ya pis adam olduqlarından qorxaraq, özünü yana verir, yaxında boş bina görüb, yavaşca oraya girib gizlənir. Onlar da elə bil ki, qəsdən o evə girirlər. Bu adam-lardan biri çiynindəki dəmir alətləri yerə qoyur, o birisi ilə bərabər ona diqqətlə baxmağa, bu alətlər haqqında bəzi şeylər söyləməyə başlayır. Onlardan biri söhbət zamanı deyir: «Bu nə olan şeydir? Yaman pis iy gəlir, mən ömrümdə belə iy duymamışam». Bunu deyib, fənəri bir az yuxarı qaldırır. Onlar zavallı Andreuççionu görüb, heyrət edirlər: «Kimdir o?» Andreuççio dinmir. Onlar, əllə-rində fənər, Andreuççioya yaxınlaşıb soruşurlar ki, sən belə çirkaba bulanmış halda burada neyləyirsən? Andreuççio başına gələn əhvalatı tamam-kamal onlara danışır. O adamlar bunun hərada ola biləcəyini təsəvvür edərək, bir-birinə deyirlər: «Yəqin bu, Skarabon Buttafuokonun evində olub». Sonra onlardan biri Andreuççioya deyir: «hərçənd pulun əlindən çıxıb, amma sən gərək allaha çox-çox dua eləyəsən ki, təsadüfən o yerə yıxılmısan, sonra da evə qayıda bilməmisən, ora yıxılmasaydın, yəqin bil ki, canın da gedəcəkdi. İndi daha şikayətlənməyin, ah-vah eləməyin sənə köməyi olmaz, göydəki ulduzları əldə edə bilsən, o pulu da qaytara bilərsən. Amma ağzından bu barədə bir söz qaçırsan, o adam da bunu eşitsə, səni öldürə bilərlər». Onlar bir az məsləhətləşdikdən sonra Andreuççioya deyirlər: «Bizim sənə yazığımız gəlir, buna görə, əgər bir işdə bizə kömək eləsən, biz lap yəqin bilirik ki, sənin payına çox qiymətli şey düşər, bu, sənin əlindən çıxan puldan çox-çox artıq olar». Andreuç-çio hər şeydən ümidini kəsdiyi üçün buna razı olur.
Həmin gün messer Filippo Minutolo adlı bir Neapol arxiyepisko-punu çox zəngin bəzək-düzəklə, barmağında da yaqut qaşlı üzüklə dəfn ediblərmiş. Üzüyün qiyməti beş yüz florindən çox imiş. Onlar həmin meyiti soymaq istəyirmişlər, Andreuççioya da öz niyyətlərini açıb deyirlər. Andreuççio ağıldan çox, tamahkarlığı üzündən onlara qoşulub gedir. Andreuççiodan yaman pis iy gəldiyi üçün, baş kilsəyə çatanda onlardan biri deyir: «Necə eləyək ki, bu özünü bir az yuyub təmizləsin, ondan belə pis iy gəlməsin?» O birisi cavab verir ki: «Bu yaxında su quyusu var, su çəkmək üçün onun çarxı da var, böyük badyası da, gedək ora, bunu yuyub təmizləyək». Quyuya çatanda görürlər ki, kəndir var, amma badyanı aparıblar, buna görə, belə bir qərara gəlirlər: kəndiri onun belinə bağlayıb quyuya salsınlar, qoy orada yuyunub təmizlənsin; təmizlənəndən sonra kəndiri çəkər, biz də onu dartıb çıxararıq. Belə də eləyirlər. İş elə gətirir ki, onu quyuya salanda, sinyoriyanın bir neçə xidmətçisi, – istidən susadıqların-danmı, ya da adam dalınca qaçdıqlarındanmı, su içmək üçün quyuya sarı gəlirlər. Quyunun yanında duran o iki adam onları görən kimi qaçır, su içməyə gələn xəfiyyələr onları görmürlər. Andreuççio su quyusunun dibində yuyunduqdan sonra kəndiri dartır. Susuzluqdan əldən düşən xəfiyyələr qalxanlarını, silahlarını, plaşlarını yerə qoyub, kəndiri çəkirlər, elə güman edirdilər ki, kəndirə badya bağlanıb, özü də su ilə doludur. Andreuççio yuxarı qalxanda əl atıb quyunun kənarından yapışır, kəndiri buraxır. Xəfiyyələr onu görüb birdən qorxuya düşürlər, heç bir söz deməyib kəndiri buraxırlar, var gücləri ilə qaçmağa başlayırlar. Andreuççio buna çox təəccüb edir, quyunun kənarından yaxşı yapışmasaydı, bəlkə də quyunun dibinə gedəcəkdi, ya ona bir sədəmə toxunacaqdı, ya da öləcəkdi. Quyudan çıxıb silahları görəndə, buna daha artıq təəccüb edir: axı onun yoldaş-larının belə silahı yox idi, o bunu bilirdi. Heç bir şeyə əl vurmur, heç bir şey də başa düşmür, şübhə içində taleyindən şikayətlənə-şikayətlənə çıxıb gedir. Həra getdiyini heç özü də bilmir. Yolda bayaqkı yoldaşlarına rast gəlir, onlar Andreuççionu quyudan çıxar-mağa gedirmişlər, onu görüb heyrət edirlər, soruşurlar ki, səni quyudan kim çıxartdı? Andreuççio deyir ki, heç özüm də bilmirəm; sonra başına gələn əhvalatı, quyunun yanında silah gördüyünü qayda ilə danışır. Andreuççionun yoldaşları məsələnin nə yerdə olduğunu başa düşüb gülürlər, nə üçün qaçdıqlarını, onu quyudan çıxaran adamların kim olduğunu ona söyləyirlər. Gecə yarı olubmuş. Söhbətə vaxt itirməyərək, baş kilsəyə gedirlər, ora asanlıqla girib, iri, mərmər sərdabəyə yaxınlaşırlar, gətirdikləri dəmir alətlə onun ağır qapağını o qədər qaldırırlar ki, bir adam girə bilsin, sonra altına dayaq vururlar. Bunu edəndən sonra onlardan biri soruşur: «Ora kim girsin?» O birisi: «Mən yox» – deyə cavab verir. O birisi də: «Mən də yox, qoy Andreuççio girsin» deyir. Andreuççio da deyir ki: «Mən ora girməyəcəyəm». O biri iki nəfər ona sarı dönüb deyir: «Necə girməyəcəksən? And olsun allaha, ora girməsən, bu dəmir payaları sənin təpənə elə çırpaçağıq ki, burada ölüb qalacaqsan». Andreuççio qorxudan razı olur, sərdabəyə girə-girə ürəyində deyir: «Bu adamlar məni aldatmaq üçün bura girməyə məcbur edirlər, mən şeyləri onlara verib güclə buradan çıxanda, onlar çıxıb gedəcəklər, mənə heç bir şey verməyəcəklər». Əvvəlcədən öz payını götürmək fikrinə gəlir. Onların dediyi baha qiymətli yaqut üzük yadına düşür, aşağı enən kimi, onu arxiyepiskopun barmağından çıxarıb öz barmağına taxır. Sonra onun əsasını, keşiş papağını, əlcəyini yuxarı verir, meyitin əynindən hər şeyi çıxarır, onlara ötürür, deyir ki, daha heç nə yoxdur. Onlar deyirlər ki, orada üzük də olmalıdır, əməlli axtar. Andreuççio deyir ki, tapa bilmirəm. Özünü də elə göstərir ki, guya axtarır, onlar da dayanıb gözləyirlər. O iki nəfər Andreuççiodan az hiyləgər deyildi; deyirlər ki, yaxşı axtar. Bu arada fürsət tapıb, sərdabənin qabağına vurulan dayağı götürürlər; qapaq düşür. Andreuççio sərdabədə qalır, onlar da qaçıb gedirlər.