Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dekameron», sayfa 8

Yazı tipi:

Qapağın örtüldüyünü eşidəndə, onun nə hala düşdüyünü hamı təsəvvür edə bilər. O neçə dəfə çalışır ki, başı, çiyinləri ilə qapağı qaldırsın, zəhməti boşa çıxır. Belə bir müsibətə düşməsindən məyus olaraq, özündən gedib arxiyepiskopun meyiti üstünə düşür. O vaxt onları görən olsaydı, çox çətin ayırd edə bilərdi ki, bu iki adamdan hansı daha artıq ölmüşdür: arxiyepiskop, ya o. Andreuççio özünə gələndə hönkür-hönkür ağlamağa başlayır, bilir ki, heç şübhəsiz, başına iki müsibətdən biri gələcək: bir adam gəlib sərdabənin qapı-sını açmasa, ya burada acından, meyitin qurdları arasında üfunətdən öləcək, ya da gəlib onu, burada tapsalar, bir soyğunçu kimi boğazın-dan asacaqlar. Andreuççio belə şeyləri fikirləşə-fikirləşə yaman dərd çəkirdi. Birdən kilsədə bir neçə adamın gəzə-gəzə danışdığını eşidir: bilir ki, onun özü və yoldaşları bura nə üçün gəlmişdisə, onlar da həmin iş üçün gəlmişlər. Qorxusu daha da artır. Gələnlər sərdabənin qapağını açıb altına dayaq verəndən sonra kimin ora enməsi haqqın-da mübahisəyə başlayırlar. Heç kəs cürət edib ora girmək istəmir. Axırda, xeyli mübahisə etdikdən sonra, bir keşiş deyir: «Niyə qorxursunuz? Yoxsa elə bilirsiniz ki, o sizi yeyəcək? Ölülər diriləri yemirlər. Mən ora girərəm». Bunu deyib, döşünü sərdabənin qapağına dayayaraq, başını geri verir, ayaqlarını aşağı sallayır. Andreuççio bunu görüb yerindən qalxır, keşişin ayaqlarından tutub sanki onu aşağı dartmaq istəyir. Keşiş bunu hiss edərək, bərk çığırır, tez yuxarı atılır. O birilər də, bundan qorxaraq, sərdabənin qapağını açıq qoyub elə qaçırlar ki, elə bil onların ardınca yüz min şeytan gəlir. Andreuççio belə şeyi gözləmirmiş. O çox sevinir, və dərhal sərdabədən bayıra atılır, kilsədən də, gəldiyi yol ilə çıxıb gedir. Hava işıqlanırmış. Andreuççio, barmağında üzük, təvəkkülünə gedirmiş. Gəlib dəniz qırağına çatır, oradan da mehmanxanaya gedir, görür ki, mehmanxana sahibi də, onun yoldaşları da bütün gecəni narahat olmuşlar, deyirlərmiş ki, görəsən onun başına nə gəlmişdir. Andre-uççio başına gələn əhvalatları danışanda mehmanxana sahibinin məsləhəti bu olur ki, o dərhal Neapoldan çıxıb getsin. Andreuççio da onun məsləhətini o saat yerinə yetirir. Peruciyaya qayıdıb, üzüyü satır, bu pul ilə də at almağa gedir.

ALTINCI HEKAYƏ

Madonna Beritolanı, iki oğlunu itirəndən sonra, bir adada iki maralla tapırlar. O, Lunicyanaya gedir, orada oğlanlarından biri hökmdarın yanında qulluğa girir, hökmdarın qızı ilə sevişir, tutulub həbsxanaya salınır. Siçiliya kralı Karlın əleyhinə üsyan edir. Ana oğlunu tanıyır, oğul öz hökmdarının qızı ilə evlənir. Qardaşı da tapılır, hər ikisi əvvəlki yüksək mövqeyini tutur

Xanımlar və cavan oğlanlar Fyammettanın danışdığı hekayədə Andreuççionun başına gələn əhvalata çox gülürlər. Yemiliya heka-yənin qurtardığını görüb, kraliçanın əmri ilə sözə başlayır: – Taleyin dönüklüyü ağır olur, adamı usandırır, lakin belə söhbətlər çox asanlıqla, taleyin nəvazişi ilə məst olan adamların ruhunu hərəkətə gətirdiyi üçün, elə güman edirəm ki, xoşbəxtlərin də, bədbəxtlərin də buna qulaq asması yersiz deyil, çünki bu, xoşbəxt adamları ehtiyatlı olmağa vadar edir, bədbəxtlərə təsəlli verir. Buna görə, bu məsələlər-dən çox danışılsa da, mən də istəyirəm bu barədə sizə təsirli olduğu qədər də doğru bir hekayə söyləyəm. Hekayə ürəkaçan bir nəticə ilə qurtarır, lakin elə ağır və uzun zaman davam edən dərdin sevinclə yüngülləşməsinə adam güclə inanır.

Əziz xanımlar, siz bilməlisiniz ki, imperator II Fridrix öləndən sonra Siciliyanın kralı Manfred olur. Onun axtında Arrigetto Kapeçe adlı bir nəfər aristokrat yüksək mövqe tuturdu, özü də Neapoldandı. Onun Madonna Beritola Karaççola adlı gözəl bir arvadı vardı. Beritola da neapollu idi, həm də aristokrat bir qadındı. Arrigetto adanı idarə edərkən eşidir ki, kral I Karl Benevento ətrafında Manfredə qalib gəlmiş, onu öldürmüşdür, bütün krallıq Karlın əlinə keçmişdir. Arrigetto siciliyalıların sədaqətinə etibar etməyərək, həm də öz hökmdarının düşməninə boyun əymək istəməyərək, qaçmağa hazırlaşır. Lakin siciliyalılar bundan xəbər tuturlar, onu da, kral Manfredin bir çox dostlarını, qulluqçularını da birdən tutub, əsir kimi, kral Karla təslim edirlər, sonra adanın ixtiyarını da ona verirlər. Madonna belə bir vəziyyətdə Arrigettonun başına nələr gəldiyini bilməyərək, həm də rüsvay olacağından qorxaraq, bütün var-yoxunu atır, Cusfredi adlı səkkiz yaşlı oğlunu götürüb, hamilə olduğu halda, qayığa minir, Lipariyə kedir, orada da doğur. İkinci oğlu olur, adını Skaççyato (sürgün edilmiş) qoyur. Burada dayə tutur. Uşaqlarını götürüb kiçik bir gəmiyə minir ki, Neapola, ata-anasının yanına getsin. Lakin vəziyyət onun düşündüyü kimi olmur: külək Neapola sarı gedən gəmini alıb Ponsa adasına aparır. Orada onlar kiçik bir körfəzə girib, yola düşmək üçün əlverişli vaxt gözləyirlər. Madonna başqaları ilə bərabər adaya çıxır, özünə hamıdan kənarda, tənha bir yer tapır, orada təkbaşına ərini xatırlayaraq, ağlamağa başlayır. O hər gün belə edir. Bir gün də elə olur ki, tək-tənha o yerdə oturub ağla-yarkən, dəniz quldurlarının gəmisi gəlir, onların gəmisini oğurlayıb aparır, bunu heç kəs, hətta gəmiçi də görmür. Madonna Bertola həmişəki kimi ağladıqdan sonra sahilə qayıdır ki, uşaqlarına baxsın, lakin orada heç kəsi görmür. Əvvəl buna təəccüb edir, sonra birdən məsələni başa düşərək, diqqətlə dənizə baxır, görür ki, bir gəmi onların gəmisini öz ardınca aparır, onlar hələ sahildən çox da uzaq-laşmamışdır. O, ancaq ərinin deyil, uşaqlarının da əlindən çıxdığını başa düşür. Özünü belə tək, kimsəsiz, acınacaqlı halda görərək, bir daha onları tapıb-tapmayacağını bilmir, ərini, uşaqlarını çağıra-çağıra özündən gedərək sahildə yıxılıb qalır. Orada elə bir adam olmur ki, soyuq su ilə, ya başqa bir vasitə ilə onun qalmış gücünü özünə qaytarsın. Buna görə Beritolanın ruhu istədiyi kimi sərbəstcə uçurdu. Lakin Beritolanın gücü göz yaşı ilə, fəryadla onun zavallı bədəninə qayıdanda, o, uzun zaman uşaqlarını çağırdı, bütün kahaları diqqətlə yoxladı. Axırda boş yerə zəhmət çəkdiyini başa düşdü, həm də axşam olduğunu görürdü, lakin yenə də nəyə isə ümid edirdi, ancaq özü də bilmirdi ki, nəyə ümid edir. Sonra özü haqqında düşünməyə başladı, sahildən geri qayıdaraq, əvvəlki kahaya getdi: burada o ağlamağa, dərd çəkməyə öyrəşmişdi, gecəni böyük qorxu, ağla sığmayan dərd içində keçirdi. Səhər açıldı, saat üç oldu. O, keçən axşamdan ac idi, ot yeməyə başladı, Otu bir təhər yeyib, ağlaya-ağlaya sonrakı günlərini düşündü. O, belə fikirləşərkən gördü ki, yaxındakı kahaya bir maral girdi, bir az sonra oradan çıxıb meşəyə qaçdı. O qalxıb maral çıxan kahaya getdi, orada, yəqin elə o gün doğulmuş iki xırdaca maral balası gördü. Bunlar ona dünyanın ən xoş, ən mehriban məxluqu kimi göründü. Onun da uşağı bu yaxında olmuşdu, südü hələ qurumamışdı. Maral balalarını üsulluca götürüb, döşünə tutdu. Onlar belə təklifdən boyun qaçırmadılar, madonna Beritolanın döşlərini, öz analarının döşü kimi əmməyə başladılar, o gündən öz anaları ilə ona heç bir fərq qoymadılar. Bununla da, bu ləyaqətli qadın elə təsəvvür edirdi ki, səhrada ünsiyyət üçün heç olmasa özünə bir cəmiyyət tapmışdır. O, ot yeyə-yeyə, susayanda su içə-içə, əri, uşaqları, keçmiş həyatı yadına düşdükcə ağlaya-ağlaya bu qərara gəldi ki, elə burada da yaşasın, burada da ölsün. İndi o, maral balalarına öz uşaqları qədər məhəbbət bağlamışdı.

Bu nəcib xanım heyvanlarla ünsiyyət edərək adada yaşayarkən, elə olur ki, bir neçə aydan sonra tufan bir Piza gəmisini də, madonna Beritolanın gəmisi kimi, bu adaya gətirib çıxarır. Gəmi orada bir neçə gün qalır. Gəmidə Kurrado adlı, Malespini markizləri nəslindən olan aristokrat bir adam varmış, onun arvadı da orada imiş. O çox ləyaqətli, yüksək mənəviyyatlı qadınmış. Apuliya krallığında olan bütün müqəddəs yerləri ziyarət edib, evlərinə qayıdırmış.

Bir gün Kurrado ilə arvadı, darıxdıqları üçün, bir neçə xidmətçi, həm də bir neçə it götürüb, adanın içərilərinə gəzməyə gedirlər. İtlər madonna Beritolanın yaşadığı yerdən bir az kənarda iki maral balası görüb, onları qovmağa başlayırlar. Maral balaları böyümüşdülər, otlamağa gedirdilər. Onlar qaça-qaça başqa yerə deyil, madonna Beritolanın yaşadığı yerə gəlirlər. Madonna ağac götürüb itləri qovur, elə bu zaman itlərin dalınca Kurrado ilə arvadı gəlir. Onlar qaralmış, arıqlamış, tük basmış bir arvad görüb, çox təəccüb edirlər, madonna Beritola onları görüb daha çox heyrət edir. Kurrado qadının xahişi ilə itləri geri çağırır; sonra onu xeyli dilə tuturlar, kim oldu-ğunu, burada nə etdiyini söyləmək üçün onu yola gətirirlər, o da başına gələn müsibətləri, öz vəziyyətini, necə bir amansız qərara gəldiyini onlara müfəssəl danışır. Kurrado Arrigetto Kapeçeni çox yaxşı tanıyırdı, bu sözləri eşidəndə onlara yazığı gəlib ağladı, həm də çox çalışdı ki, qadını bu amansız qərarından döndərsin, dedi ki, gedək bizə, səni öz bacım kimi saxlayaram, allah sənə xoşbəxt günlər yetirənə qədər bizdə qalarsan. Madonna Beritola bu təklifi qəbul etmək istəməyəndə, Kurrado arvadını onun yanında qoyub getdi, dedi ki, xidmətçilərə tapşır, bura yemək gətirsinlər, öz əynindəki paltarlarından birini gətirib ver, qoy geysin, onu buradan aparmaq üçün əlindən gələni elə. O ləyaqətli xanım madonna Beritolanın yanında qaldı, onun dərdinə şərik olaraq, madonna ilə bərabər ağladı, sonra da paltar və yemək gətirtdi, paltarı geymək, yeməyi yemək üçün heç görünməyən bir çətinliklə onu yola gətirdi. Axırda, çox xahişdən sonra, maralı da, maral balalarını da götürüb, onlarla bəra-bər Lunicyanaya getməyə onu razı saldı, – o, tanına biləcəyi heç yerə getmək istəmirdi. Elə bu arada maral gəlib, madonna Beritolaya mehribanlıq göstərməyə başladı, ləyaqətli xanım buna təəccüb etdi. Yola çıxmaq mümkün olanda madonna Beritola, Kurrado və onun arvadı ilə gəmiyə mindilər, maralı, maral balalarını da özləri ilə götürdülər (madonna Beritolanın adını bilmədiyi üçün hamı ona Kavriola, yəni Maral deyirdi). Eyni istiqamətdə əsən küləklə az vaxtda gəlib Maqra çayının dənizə tökülən yerinə çatdılar, sahilə çıxıb öz qəsrlərinə getdilər. Madonna Beritola burada, Kurradonun arvadının yanında yaşadı, guya onun qulluqçusu idi. Beritola dul qadınlar kimi geyinir, namusla, təvazökarlıqla, itaətlə dolanır, maral balalarına əvvəlki kimi məhəbbət göstərir, yemlərinə fikir verirdi.

Dəniz quldurları madonna Beritolanın gəldiyi gəmini oğurlayıb aparanda, onun özünü ələ keçirə bilməmişdilər, çünki onu görməmiş-dilər, gəmini içindəki şeylərlə və adamlarla Genuyaya aparmışdılar. Orada qəniməti gəmi sahibləri arasında bölüşdürəndə elə oldu ki, Messer Qasparrino d’Oria deyilən birisinin payına, başqa şeylərlə bərabər, madonna Beritolanın iki uşağı və dayəsi də düşdü. Qaspar-rino dayəni və uşaqları öz evinə göndərdi, onlardan qulluqçu kimi istifadə etmək istəyirdi. Dayə xanımını itirdiyindən, uşaqlarla bərabər belə müsibətə düşdüyündən, yaman qəmgin olub, uzun zaman ağladı. Lakin o, kasıblığına baxmayaraq, ağıllı, dərrakəli qadın idı, başa düşdü ki, göz yaşından heç nə çıxmayacaq, hər şeydən əvvəl özünə bacardığı qədər ürək verməyə başladı. Sonra, düşdükləri vəziyyəti nəzərə alıb, bu fikrə gəldi: uşaqların yüksək aristokrat ailəsindən olduğunu bilsələr, bundan onlara çox asanlıqla ziyan dəyə bilər. O, eyni zamanda ümid edirdi ki, bir gün tale onların üzünə güləcək, onlar sağ qalsalar yenə əvvəlki vəziyyətə qayıda-caqlar, buna görə belə bir qərara gəldi: o vaxt gəlib çatana kimi uşaqların kim olduğunu heç kəsə bildirməsin. Kim ondan bir şey soruşsa, deyirdi ki, bunlar mənim uşaqlarımdır. Böyük uşağa Cusfredi deyil, proçidalı Cyannotto deyirdilər. Balacanın adını dəyişməyi lazım görmədi. Dayə Cusfrediyə adını nə üçün dəyiş-diyini, onun kim olduğunu bilsələr necə təhlükəli vəziyyətə düşə biləcəyini başa salmaq üçün çox əlləşdi. Bunu ona bir dəfə deyil, bir neçə dəfə, həm də çox tez-tez söylədi, o da ağıllı uşaq olduğundan, dərrakəli dayənin sözünə baxırdı. Uşaqların paltarı, xüsusilə ayaq-qabısı yaman gündə idi. Onları murdar işlərə göndərirdilər, lakin uşaqlar da, dayə də bir neçə il səbir edib, messer Qasparrinonun evində qaldılar. Cyannottonun on altı yaşı tamam olmuşdu; o, nökər təbiətli deyil, mərd bir oğlandı. Yaşadığı alçaq köləlik vəziyyətinə nifrət edərək, messer Qasparrinonun yanında daha qalmadı, İsgəndə-riyyəyə gedən gəmiyə minib, müxtəlif yerlərə getdi, ancaq heç yerdə dolana bilmədi. Messer Qasparrinonun yanından getdiyi vaxtdan bəlkə də üç-dörd il keçmişdi, o, qəşəng, boylu-buxunlu bir oğlan olmuşdu. Bir gün eşitdi ki, atası hələ sağdır, kral Karlın həbsxana-sında əsirdir, amma o, atasını ölmüş bilirdi. Cyannotto az qalmışdı ki, hər şeydən ümidini kəssin. Avara həyat keçirərək, axırda gəlib Lunicyanaya çıxdı. Orada təsadüfən Kurrado Malespinin yanında qulluğa girdi, onun eyni zamanda zövqünə də çox bacarıqla yarana bildi. Madonna Beritola Kurradonun arvadının yanında olurdu. Cyannotto öz anasını arabir görsə də onu tanımırdı, o da öz oğlunu tanımırdı: onlar son dəfə bir-birini görəndən bəri çox dəyişmişdilər. Bu qayda ilə Cyannotto qulluq edirkən, elə oldu ki, Kurradonun Spina adlı qızı, Nikkolo da Qrinyano öləndən sonra dul qaldığından, atasının evinə qayıtdı; o, gözəl, sevimli, cavan bir qızdı; yaşı on altıdan bir az çox idi. Bir dəfə o, təsadüfəm Cyannottoya, Cyannotto da ona diqqətlə baxdı və onlar bir-birinə vuruldular. Bu sevgi uzun zaman nəticəsiz qalmadı, ancaq onun üstü açılana qədər bir neçə ay keçdi. Onlar heç kəsin bundan xəbər tutmayaçağından çox arxayın idilər, təmkinlik göstərirdilər, lakin belə işlərdə ehtiyatlı olmaq lazımdır. Bir gün Cyannotto cavan qadınla gözəl, qalın meşədə gəzirdi. Onlar başqa adamlardan ayrılaraq, qabağa getdilər və çox irəli getdiklərini zənn edərək, yaşıl otla, çiçəklə dolu gözəl bir yerdə, ağacların arasında oturub, sevginin zövqünə uydular. Burada onlar çox oturdular, lakin duyduqları ləzzətdən bu, onlara çox qısa göründü; əvvəl cavan qadının anası, sonra da Kurrado qəfildən onların üstünə gəlib çıxdı. Kurrado bunu görüb yaman pərt oldu, xidmətçilərinə əmr etdi ki, onları tutub qollarını bağlasınlar, qəsrlə-rindən birinə aparsınlar, ancaq bunun səbəbi haqqında bircə kəlmə də söz demədi. O, duyduğu qəzəbdən və nifrətdən tir-tir əsirdi, onları biabırçı halda öldürmək istəyirdi. Cavan qadının anası yaman acıq-lansa da, öz qızını bu pis hərəkəti üstündə hər cür amansız cəzaya layiq görsə də, Kurradonun bir neçə sözündən başa düşdü ki, bu iki müqəssiri o nə etmək fikrindədir. Buna dözmək iqtidarında olmadı-ğından, ərinin yanına gəlib xahiş etdi ki, qoca vaxtında qızının qatili olma, əllərini xidmətçinin qanına bulama, qəzəbimi təmin etmək üçün başqa bir yol tap, məsələn, onları zindana saldır, qoy tutduqları işin əzabını çəksinlər. O mömin qadın ərinə daha çox sözlər söylədi, nəhayət, Kurrado onları öldürmək fikrindən vaz keçdi, əmr etdi ki, onları bir-birindən uzaq yerdə zindana salsınlar, yerlərini çox narahat etsinlər, az yemək versinlər, keşiklərini çəksinlər, başqa bir qərara gələnə kimi onları bu vəziyyətdə saxlasınlar. Belə də elədilər. Onla-rın zindanda göz yaşı tökə-tökə, az yeməklə necə həyat keçirdiyini, arzu etdiklərindən artıq davam edən bu günlərin necə ağır günlər olduğunu hamı təsəvvür edə bilər.

Cyannotto ilə Spinanın belə müsibətli günlərə düşməsindən bir il keçdi. Kurrado heç onları yada salmırdı. Bu zaman elə oldu ki, kral Arraqonlu Pyetro messer Cyano di Proçida ilə dilbir olub Siciliya adasında üsyan qaldırdı, adanı kral Karlın əlindən aldı, Kurrado da hibellinçi olduğundan, buna çox sevindi. Cyannotto bunu keşikçi-lərin birindən eşidəndə dərindən ah çəkib dedi: «Vay mən zavallının halına! On dörd ildir ki, belə miskin halda dünyanı avara-avara dolaşıram. Gözlədiyim də ancaq bu hadisə idi, indi heç nəyə ümid bəsləmədiyim halda, o da baş verdi, mən də zindandayam, buradan da ancaq meyitim çıxa bilər». Zindanban soruşdu: «Nə olub? Böyük kralların tutduğu işdən sənə nə? Sənin Siçiliyada nə işin var?» Cyan-notto ona belə cavab verdi: «Atamın orada kim olduğu yadıma düşəndə az qalır ki, ürəyim partlasın. Oradan qaçanda mən balaca uşaq olsam da, indi də yadımdadır, o, kral Manfredin vaxtında bütün adanın ağası idi». Zindanban sözünə davam etdi: «Sənin atanın adı nə idi?» Cyannotto dedi: «Mənim atamın adını mən indi qorxusuz-ürküsüz deyə bilərəm, çünki indi özümü təhlükə içində görürəm; onun adını söyləməklə mən belə bir təhlükəyə düşə bilərdim, ona Arrigetto Kapeçe deyərdilər, əgər o sağsa, indi də ona Arrigetto Kapeçe deyirlər. Mənim də adım Cyannotto deyil, Cusfredidir. Mən buradan çıxıb Siciliyaya qayıtsaydım, orada yüksək mövqe tutardım, buna zərrə qədər şübhə etmirəm». Keşikçi ondan daha başqa bir şey soruşmadı, vaxt tapan kimi gedib deyilənləri Kurradoya söylədi.

Kurrado bunu eşidən kimi, bu məsələ ilə maraqlandığını keşikçiyə bildirməyib, madonna Beritolanın yanına getdi, ondan dostcasına soruşdu ki, sənin Arrigettodan Cusfredi adlı oğlun olubmu? Madonna Beritola ağlaya-ağlaya dedi ki, iki oğlumdan biri – böyüyü sağ olsaydı, onun adı Cusfredi, yaşı da indi iyirmi iki olardı. Kurrado bunu eşidəndə başa düşdü ki, bu, həmin oğlandır, ağlına da belə bir fikir gəldi: məsələ doğrudan da belə isə mən böyük mərhəmət göstərə bilərəm, həm də qızımı o oğlana verməklə özümü də, qızımı da rüsvayçılıqdan qurtararam. Sonra Çyannottonu gizlincə yanına çağırıb, keçmiş həyatını ondan müfəssəl soruşdu. Bir çox şeylərdən onun doğrudan da Arrigetto Kapeçenin oğlu Cusfredi olduğunu görüb dedi: «Cyannotto, qızımın şəxsiyyətində məni neçə təhqir etdiyini bilirsən, amma mən səninlə, xidmətçiyə layiq olan kimi, yaxşı, həm də dostcasına rəftar edirdim, sən də gərək həmişə mənim namusumu, qızımın namusunu nəzərdə tutaydın, qoruyaydın, bu, sənin borcundu. Sən başqalarını mənim kimi təhqir etmiş olsay-dın, bir çoxları səni həqarətli ölümlə məhv edərdi, amma mənim sənə yazığım gəldi, bunu etmədim. İndi özün dediyin kimi məlum oldu ki, sən aristokrat bir kişinin və aristokrat qadının oğlusan, mən istəyirəm ki, necə ki, özün də bunu arzu edirsən, çəkdiyin əzaba nəhayət verim, səni müsibətdən və zindandan qurtarım, lazımi qayda ilə, həm sənin şərəfini, həm də öz şərəfimi bərpa edim. Sənə və Spinaya layiq olmayan bir sevgi ehtirası ilə sən onu ələ aldın, özün də bilirsən ki, o duldur. Onun böyük və yaxşı cehizi var. Onun xasiyyətinə, atasına, anasına bələdsən. Sənin indiki vəziyyətin haqqında mən bir şey demirəm. Spina namussuz yolla sənin məşuqən olmuşdur, əgər istəyirsənsə indi namuslu yolla o sənin arvadın olsun, mən buna razıyam, sən də mənim oğlum kimi, nə qədər könlün istəyirsə, mənim və onun yanında qal».

Zindan Cyannottonu arıqlatmışdı, lakin onun anadangəlmə mərd-liyini, sevgilisinə duyduğu məhəbbəti azaltmamışdı. O, Kurradonun təklif etdiyi məsələni ürəkdən arzu etsə də, özünü onun ixtiyarında görsə də, verdiyi cavabda öz alicənablığını qətiyyən yerə vurmadan dedi: «Kurrado, nə ağalıq ehtirası, nə pul həvəsi, nə də başqa bir şey məni, satqın bir adam kimi, nə sənin həyatına, nə də hökmündə olan şeylərə pis gözlə baxmağa təhrik eləməmişdir. Mən sənin qızını sevirdim, indi də sevirəm, sevəcəyəm də, çünki onu öz sevgimə layiq görürəm. Sadəlövh adamlar elə zənn edirlər ki, mən onunla namusa sığmayan bir yolla yaxınlıq etmişəm, bununla da gəncliyə xas olan günah iş tutmuşam. Lakin bunu ləğv etmək üçün gəncliyi ləğv etmək lazım gələrdi. Qocalar cavan olduqlarını xatırlamaq istəsəydilər, başqalarının günahlarını öz günahları ilə, öz günahlarını başqaları-nınkı ilə ölçsəydilər, onda mənim də günahım, sizin və bir çoxlarının hesab etdiyi kimi, belə böyük görünməzdi. Bir də ki, mən bu günah işi düşmən kimi deyil, bir dost kimi tutmuşam. İndi sənin təklif elədiyini mən həmişə arzu etmişəm, bilsəydim ki, belə bir təklifə ixtiyarım var, bunu çoxdan xahiş edərdim. İndi bu, mənə daha xoş görünəcək, çünki buna ümidim çox az idi. Əgər sənin belə niyyətin yoxsa, mənə bol ümidlər vermə, əmr et məni yenə zindana salsınlar, orada mənə istədiyin qədər əzab ver, çünki nə qədər ki mən Spinanı sevəcəyəm, ona olan sevgimə görə həmişə sənin də xətrini istəyəcə-yəm, sənə hörmət bəsləyəcəyəm». Kurrado Cyannottonun sözlərinə heyrət etdi, onun alicənab adam olduğunu gördü, sevgisini də səmimi bir sevgi hesab edərək, onu quçaqlayıb öpdü, çox ləngimədən sə-rəncam verdi, Spinanı da gizlicə ora gətirdilər. Zindanda Spinanın rəngi solmuşdu, o arıqlamışdı, heç əvvəlki qadına oxşamırdı, elə Cyannotto da çox dəyişmişdi. Onlar Kurradonun yanında razılığa gəldilər, bizim adətimiz üzrə nişanlandılar. Bu məsələni hələ heç kəs bilmirdi. Kurradonun sərəncamı ilə Cyannottoya və Spinaya lazım olan və onların arzu etdiyi hər şeyi onlara verdilər. Bu, bir neçə gün davam etdi. Sonra Kurradoya elə gəldi ki, onların analarını sevin-dirmək vaxtı gəlib çatmışdır. O öz arvadını və Kavriolanı çağırıb dedi: «Madonna, mənim qızlarımdan birinin əri olan sizin böyük oğlunuzu sizə qaytarsam, buna nə deyərsiniz?» Kavriola ona belə cavab verdi: «Əgər bacarsaydım, indikindən artıq sizə minnətdar olardım; sizə daha artıq ona görə minnətdar olardım ki, canımdan əziz olan bir adamı mənə qaytardınız, həm də sizin söylədiyiniz şəkildə qaytarsaydınız, mənim boşa çıxmış ümidlərimi də qismən mənə qaytarmış olardınız». Madonna Beritola göz yaşı içində susdu. Kurrado öz arvadına müraciət etdi: «Arvad, sənə belə bir kürəkən versəydim, bu sənə necə görünərdi?» Arvadı həmin suala belə cavab verdi: «Bizim aristokratlardan deyil, lap fırıldaqçılardan biri də sizin xoşunuza gəlsəydi, mənim ürəyimdən olardı». Kurrado dedi: «Ümid-varam ki, bir həftədən sonra sizi bununla sevindirim». Kurrado cavanların əvvəlki kimi əmələ gəldiyni görüb, buyruq verdi ki, onları yaxşı geyindirsinlər. Sonra Cusfredidən soruşdu: «Duyduğun bu sevincdən başqa, ananı burda görsəydin, xoşuna gələrdimi?» Cusfredi ona belə cavab verdi: «Mən inanmıram ki, onun bədbəxt taleyinin müsibətləri onu hələ də sağ qoymuş olsun. Əgər o sağ qalmışsa, bu məni son dərəcə sevindirərdi, çünki mən onun məsləhəti ilə, elə güman edirəm ki, Siciliyadakı mövqeyimi qismən geri qay-tara bilərdim». Kurrado hər iki ananı oraya çağırtdırdı. Onlar gəlib Spinanı böyük sevinclə təbrik etdilər, eyni zamanda bir şeyə çox təəccübləndilər: Hansı iham Kurradonun qəlbində elə bir xoş duyğu yaratmışdır ki, o öz qızını Cyannottoya verməyə razı olmuşdur? Madonna Beritola Kurradodan eşitdiyi sözün təsiri altında diqqətlə Cyannottoya baxmağa başladı. Gizlin bir qüvvə oğlunun uşaqlıq sifətini onun yadına saldı, o başqa bir dəlil gözləməyərək, qollarını açıb Cyannottonu bağrına basdı. Məhəbbətin və ana sevincinin artıq-lığından bircə kəlmə də söz deyə bilmədi, bu onun duyğularını elə gücdən saldı ki, o, ölü kimi oğlunun qolları üstünə düşdü. Cyannotto anasını qəsrdə çox görmüşdü, lakin onu tanımamışdı, bunu xatırla-yaraq, onu tanımamasına heyrət etdi, amma indi öz duyğusu ilə anasını dərhal tanıdı, ürəyində özünü, göstərdiyi qayğısızlıq üstündə məzəmmət etdi, anasını qolları üstünə alıb, göz yaşı içində nəvazişlə öpdü. Kurradonun arvadı ilə Spina madonna Beritolaya ürək yanğısı ilə kömək edərək, soyuq su və başqa vasitələrlə onun əvvəlki qüvvəsini özünə qaytardılar, bu zaman madonna Beritola yenə göz yaşı içində nəvazişli sözlərlə oğlunu bağrına basdı, böyük analıq məhəbbəti ilə onu min dəfə, bəlkə daha çox öpdü, Cyannotto da anasının bu şəfqətini hörmətlə qəbul edərək, ona pərəstişlə baxırdı.

Bu ləyaqətli və ürəkaçan görüş üç-dörd dəfə təkrar olundu, oradakı adamlar da bundan böyük fərəh və sevinc duydular. Cusfredi ilə anası başlarına gələn hadisələri bir-birinə danışdılar. Kurrado öz dostlarına yeni qohumluq əlaqəsini söylədi, bu da hamının xoşuna gəldi. Sonra o, çox gözəl, dəbdəbəli bir şənlik düzəltmək üçün sərəncam verdi. Bundan sonra Cusfredi ona dedi: «Kurrado, sizin bir çox hərəkətləriniz məni sevindirdi, anamı da uzun zaman şərəflə saxlamısınız. İndi, görüləsi bir iş qalmasın deyə, sizdən xahiş edirəm, – sizin bunu da eləməyə imkanınız vardır, – mənim anamı da, mənim üçün düzələn şənliyi də, mənim özümü də qardaşımı bura gətirməklə sevindirəsiniz; messer Qasparrino d’Oria quldurcasına basqın edib, onu mənimlə bərabər əsir aparmışdı, – bunu mən sizə danışmışam, – indi də onu öz yanında nökər saxlayır. Bundan başqa Siciliyaya bir adam göndərəsiniz, ölkənin vəziyyəti və münasibətlər haqqında düzgün xəbər tutsun, həm də bilsin görək mənim atam Arrigetto nə haldadır, ölübmü, qalıbmı, əgər qalıbsa, nə vəziyyətdədir, – bunların hamısını tamam-kamal öyrənib bizim yanımıza qayıtsın». Cusfre-dinin xahişi Kurradonun xoşuna gəldi» Dərhal Genuyaya, Siciliyaya bir neçə etibarlı adam göndərdi. Genuyaya gedən adam messer Qaslarrinonu axtarıb tapdı, Kurradonun Cusfrediyə və onun anasına etdiyi yaxşılıqlardan ona qayda ilə danışdı, sonra Kurradonun adından dönə-dönə xahiş etdi ki, Skaççyatonu da, dayəsini də ona çatdırsın. Bu sözlər messer Qasparrinoya yaman təsir etdi, dedi ki: «Əlbəttə, Kurrado nə istəsə, mən onu bacardığım qədər yerinə yetirərəm. Mənim evimdə on dörd ildir ki, sənin soruşduğun uşaq öz anası ilə yaşayır, onları məmnuniyyətlə ona verərəm. Ancaq mənim adımdan ona de ki, indi özünə Cusfredi adı qoyan Cyannottonun sözlərinə inanmaqdan özünü gözləsin, heç inanmasın, çünki o, Kurradonun güman etdiyindən çox-çox bicdir». Messer Qasparrino bunu dedikdən sonra və o ləyaqətli adama hörmət göstərmək üçün gizlicə buyruq verdi ki, dayəni çağırsınlar. Bu məsələni ondan ehtiyatla soruşdu. Dayə Siciliyada üsyan olduğunu, Arrigettonun sağ qaldığını eşidərək, daha qorxmadı, məsələni açıb danışdı, indiyə qədər niyə belə hərəkət etdiyinin də səbəbini izah etdi. Messer Qasparrino dayənin söylədiyi söz ilə gələn adamın söylədiyi sözün bir-birinə tamamilə düz gəldiyini görüb, o adamın sözünə inandı. Messer Qasparrino çox usta adamdı, bu məsələni müxtəlif yollarla təsdiq etdi, deyilənlərin düzgün olduğuna get-gedə daha artıq inandı, o uşaqla pis rəftar etdiyinə görə utandı, bunun əvəzini çıxmaq üçün on bir yaşlı gözəl qızını böyük cehizlə ona verdi, çünki o, Arriget-tonun kim olduğunu və əvvəllər nə etdiyini bilirdi. Bu münasibətlə düzələn böyük şənlikdən sonra messer Qasparrino cavan oğlanı və qızı göturüb, Kurradonun göndərdiyi adamla və dayə ilə, yaxşı silah-lanmış bir gəmidə Leriçiyə gəldi, Kurrado onu qəbul etdi. Sonra Qasparrino öz adamları ilə Kurradonun qəsrlərindən birinə getdi. Bu, böyük şənlik düzəlmiş qəsrdən çox da uzaqda deyildi. Ananın öz oğlunu, hər iki qardaşın və madonna Beritolanın öz sədaqətli dayə-sini görməklə necə sevindiyini, hamının messer Qasparrinonu, onun qızını necə qarşıladığını, messer Qasparrinonun hamını necə təbrik etdiyini, hamının Kurradonu və arvadını, uşaqlarını, dostlarını necə alqışladığını sözlə demək mümkün deyil, buna görə də, mənim xanımlarım, bunu təsəvvür etməyi sizin ixtiyarınıza buraxıram.

Allah öz xoşbəxtliyini bəxş etmək istəyəndə, çox səxavətlə bəxş edir; buna görə o, şadlığın tamam olması üçün, Arrigetto Kapeçenin həyatı, xoş güzəranı haqqında da yaxşı xəbərlər göndərməyi lazım bildi: şənliyin lap qızğın vaxtında, qonaqlar, – qadınlar, kişilər, – süfrə başında oturub ilk verilən xörəyi yeyirdilər ki, Siçiliyaya göndərilən adam gəldi, Arrigetto haqqında xeyli danışdı, dedi ki, kral Karl onu zindana salıbmış, şəhərdə kral əleyhinə üsyan qalxanda, xalq qəzəblə zindana hücum edir, keşikçiləri öldürür, Arrigettonu azad edir. Arrigetto kral Karlın amansız düşməni olduğundan, həm də fransızları qovmaq və öldürmək üçün, onu özlərinə başçı qoyur-lar. Bunun da nəticəsində o, kral Pyetronun böyük mərhəmətini qazanır. Kral onun bütün mülklərini, şan-şöhrətini özünə qaytarır, o indi yüksək və yaxşı bir mövqe tutmuşdur. Siciliyaya göndərilən adam həm də dedi ki, Arrigetto məni böyük hörmətlə qəbul etdi, arvadının, oğlunun tapılmasına son dərəcə sevindi, çünki o tutulub zindana salınandan sonra onlar haqqında heç bir şey eşitməyibmiş. Bundan başqa Arrigetto arvadını, oğlanlarını, gəlinlərini, dayəni aparmaq üçün gəmi, bir neçə də adlı-sanlı adam göndərdi, onlar gəmi ilə bura gəldilər.

Siçiliyaya göndərilmiş adamı qəbul edib, söylədiklərinə böyük şadlıq və fərəhlə qulaq asdılar. Kurrado bir neçə dostu ilə tez hazır-laşıb, madonna Beritolanın və Cusfredinin dalınca gələn adlı-sanlı adamların qabağına getdi: onları şadlıqla qarşılayıb, ziyafət yerinə apardılar. Ziyafət hələ heç yarı olmamışdı. Madonna Beritola Cus-fredi və başqaları onları görüb elə sevindilər ki, belə bir sevinc nə olmuş, nə də eşidilmişdi. Gələn adlı-sanlı adamlar da süfrəyə otur-mamışdan əvvəl, bacardıqları qədər Kurradoya, onun arvadına Arrigettonun arvadına və oğluna göstərdiyi hörmətə görə, Arriget-tonun adından baş əyib, təşəkkür etdilər, Arrigettonun özünü, onun ixtiyarında olan bütün imkanları ev yiyəsinin sərəncamına təqdim etdilər. Messer Qasparrinonun da göstərdiyi xidmət bu adlı-sanlı adamlar üçün gözlənilməz oldu; onlar messer Qasparrinoya müraciət edərək dedilər ki, Arrigetto sizdən Skaççyato üçün nələr etdiyinizi biləndə, sizə də belə, bəlkə bundan da böyük minnətdarlıq ediləcək-dir, biz buna tamamilə əminik. Sonra onlar iki cavan ər ilə iki cavan arvad üçün düzəlmiş şənlikdə hamı ilə bərabər iştirak etdilər. Kurra-do öz kürəkəni və başqa qohumları, dostları üçün ancaq bir gün ziyafət vermədi, onun ziyafəti bir neçə gün davam etdi. Şənlik qurtarandan sonra, madonna Beritolaya, Cusfrediyə və başqalarına elə gəldi ki, daha getmək lazımdır. Onlar Spinanı da götürüb sürətlə gedən bir gəmiyə mindilər. Kurrado, arvadı və messer Qasparrino onlara xeyir-dua verib göz yaşı ilə yola saldılar. Arxadan külək əsirdi, onlar az vaxtda Siciliyaya çatdılar. İskələdə Arrigetto onların hamısını – oğlanlarını da, xanımları da elə bir sevinclə qarşıladı ki, bunu təsəvvür etmək mümkün deyil. Deyirlər ki, onlar uzun zaman burada xoşbəxt yaşamışlar, belə ağ günlərə çıxdıqları üçün allah-taalaya dua etmişlər.

₺94,14
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8125-9-7
Telif hakkı:
JekaPrint
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre