Kitabı oku: «Azər», sayfa 2
Yazı tipi:
MƏSCİDDƏ
Bir gün Azər dolaşırkən… yüksək,
Ulu bir məbəd önündən keçərək,
Baqdı savrulmada hər pəncərədən
Duyğusuz göylərə çığlıq, şivən.
Pək məraq etdi, həmən girdi o da,
Şaşırıb durdu, nə dəhşət, əcəba!?
Toplaşıb bir yerə ipsiz dəlilər;
Kimi gürlər, kimi sızlar, inlər.
Kimi bir yanda çamurlar yüzünü,
Kimi dırnaqla didər qaş-gözünü.
Biri küllər savururkən başına,
Yalvarır digəri həp göz yaşına.
Kimi bir daş, kimi zəncir alaraq
Qəhr edər kəndini; gözlərdən iraq!..
Fırlayıb minbərə bir şeyx o zaman
“Əlverir söylədi fəryadü fəğan.
Yetişir inlədiniz, ağladınız,
Dul qadınlar kibi yas saqladınız.
Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə
Əbədi zevq, səadət verəcək,
Olacaq həmdəminiz huri, mələk…”
Dinliyorkən onu hər kəs… birdən
Yeni bəhs açdı cəhənnəmlərdən.
Qorqudan titrəşərək həp təkrar
Mələşib ağladılar, ağladılar…
Ən nihayət bitirib sözlərini,
Açdı ətrafı süzən gözlərini.
Şimdi artıq sıra gəlmiş paraya,
Gümüş, altın birikib bir araya,
Doldu bir ləhzədə şeyxin qucağı,
Satılır altına cənnət bucağı.
Qaldı Azər şu tuhaf “alverə” mat,
Acılar duydu içindən, heyhat!..
“Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər maymunlar.
Cühəla elm, fəzilət satıyor,
Xalqı əfsunlayaraq aldatıyor.
Kəndi əxlaqı sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, çoq yerdə
Göz boyar həp şu qaranlıq pərdə.
Hanki bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm, o huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor aqsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zevqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər yüzdə ölüm, qan görürəm,
Pək yaqın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…”
Süzdülər Azəri şaşqın-şaşqın…
Azərin dərdi başından aşqın,
Mütəəssir, düşünürkən, birdən
Gördü vaiz eniyor minbərdən.
Ona yaqlaşdı həmən pək sakin,
Saçıyorkən əsəbi gözləri kin.
Dedi: Şeyxim! Bir az da insaf et,
Nə olur, bir qadar da düz yol get.
Bizi qandırma; haq verib, haqq al,
Sən deyilsin namuslu bir baqqal.
Həp yalan sat da altın al, nə demək!?
Göz yaşından doğarmı huri, mələk.
Ən gözəl dindir iştə dini-həyat,
Başqa yol yoq, ya fənn, ya mevhumat!..
İstər uy dinə, istər uy fənnə,
Çağırır xalqı kəndi cənnətinə.
Biri nəqd iştə, nisyədir birisi,
Çoq olur bəlli, nəqd müştərisi.
Artıq əfsanə devri keçdi, yetər!
Oqşamaz ruhu əski bilməcələr.
Can çəkişdikcə köhnə zevqü şüar
Yeni bir cilveyi-dəha parlar.
O da yoq şübhə sarsılır bir gün,
Başqa bir ictihad olur üstün.
Əski dahilər “iştə haq” dedilər,
Çırpınıb bir həqiqət izlədilər,
O həqiqət bu gün xəyal oluyor,
Dünkü şən bağcalar bu gün soluyor.
Dəyişirkən, əvət bəşər qafası,
Dəyişir Tanrıının da siması.
Ş e y x
(çılğın)
Sus yetər, ah, şərəfsiz, Allahsız!..
A z ə r
Qızma, şeyxim, sizin yaratdığınız
Tanrı ölmüş də, yoqdur ağlayanı.
Ş e y x
(yanındakılara)
Nə diyor, baq, halaldır iştə qanı.
Bəlli, həp söylədiklərin həzyan,
Bizi dünyada yoqmu bir yaşatan?..
A z ə r
Yaşatan varsa iştə xilqətdə,
Mədə… həp mədə… həzrəti-mədə…
(əlini şeyxin qarnına vuraraq istehzalı təbəssümlə)
Baq, həqiqət də, bəlkə haq da budur,
Səni hər kim doyursa Tanrın odur.
Din için, firqə, ya siyasət için
Nerdə bəslənsə bir ədavət, kin,
Nerdə qan, ya ölüm, ələm görsən,
Buna yalnız səbəb sənin mədən…
Ş e y x
(heyrətlə)
Saçma, həp saçma, anlamam səni bən,
Nə demək məqsədin şu vəsvəsədən?
A z ə r
Şeyxim, aldatma xalqı, dinlə bəni,
Bütün əfsunlu sözlərin xülya…
Gəl bıraq göylərin hekayəsini,
Enəlim kəndi doğma yurdumuza.
Burda cənnət də var, cəhənnəm də,
Onu, yoq şübhə, bizləriz yaratan.
“Cifə” zənn etdiyin şu aləmdə
Başqa zevq almaq üzrə hər insan.
Kimi cəhl atəşində qavrularaq,
Həp yanar, qəhr olur səfalətdən.
Kimi irfanla şadkam olaraq,
Dəm vurur nəşədən, səadətdən.
(Camaata)
Gönlünüz cənnət istiyorsa əgər,
Şeyximiz başqa nəğmə bulmalıdır.
Mütəvəkkil duran şu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.
O zaman fəzlü mərifət günəşi
Ölgün, azğın cihanı həp süslər.
Şu sönük toprağın bulunmaz eşi,
Qurulur hər bucaqda cənnətlər.
O zaman qanlı, kinli qüvvətlər
Səni dəhşətləriylə inlətməz.
Şərəfin, bənliyin olub da hədər,
Ayaq altında çeynənib getməz!..
ƏSKƏRLƏR TƏLIM EDƏRKƏN…
Son baharın acı bir nəşəsi var,
Azərin gönlünü həsrətlə yaqar.
Sanki bir kölgə kayar yollardan,
Onu heyrətlə süzər hər insan.
O da hər çöhrədə bir rəmz anlar,
Hər keçən kölgəyi süzdükcə dalar.
Onca dünya qoca bir səhnə demək,
Hər kəs aktörlük edər bilmiyərək.
Kimi arif, kimi dilbər və əsil,
Kimi qurnaz, kimi divanə, səfil…
Kimi cani… düşünür fitnə-fəsad.
Kimi zevq əhli, dilər hər kəsi şad.
Kimi pək sadədil, oynaq, şaqraq,
Kimi pək duyğusuz, abdal və bunaq…
Kimi ismət, kimi naz, işvə satar,
Kimi həp varlığa bir təkmə atar.
Göz yumub onlara Azər, köpürən,
Gürləyən şəhrə vida etdi həmən.
Endi bir bağçaya, sahil boyuna,
Sandı hər dalğa salam eylər ona…
Bağça solmuş da ağaclar çıplaq,
İçli bülbülləri ötməz şakaraq.
Can çəkişməkdə soluq yapraqlar,
Nə çiçəklər, nə gülən güllər var.
Hər xiyabanda fəqət əskərlər
Qoşaraq “arş!” deyə təlim eylər.
Bağırır onbaşılar: bir, iki, üç!..
Parlar əllərdə silah… Qayəsi: güc!..
Bir yığın işsiz adam bir yanda
Dalaraq seyrə, bulur zevq onda.
Ürəfa taslağı bir qaç kişi də
Ediyor onları tənqid: iştə!
Birinci tamaşaçı
Nə fəlakət!.. Ölüb-öldürmək için
Saçıyor paslı gönüllər həp kin.
İkinci tamaşaçı
İştə təlim olunur cəlladlıq,
Yazıq, insandakı vicdana yazıq…
Üçüncü tamaşaçı
Ah, nə xoşdur əbədi sülh olsa,
Bəşəriyyət acıdan qurtulsa…
Dördüncü tamaşaçı
Zalım əllər nə qadar üstünsə,
Qurtuluş yoqdur əzilmiş cinsə.
Beşinci tamaşaçı
Ən fəlakətli böyük yanğınlar
Bir qıvılcımlı xətadan başlar.
Altıncı tamaşaçı
Qanatım olsa uçardım da həmən,
Qurtulurdum bəşərin şərrindən.
Yeddinci tamaşaçı
Nə səadət!.. Ola insan dərviş,
Hiç də aldırmaya dünya nə imiş.
Dinləyib onları Azər gülərək,
Düşünüb durdu, bu sözlər nə demək!?
Parlayan gözləri diqqət saçaraq
Yaqlaşıb söylədi: Yahu, bana baq!
(Acı gülüşlə son seyirciyə)
Əvət, ən xoş təranə, ən eyi yol:
Hər çeşit qeydi at da dərviş ol!..
Yaşayıb qayğısızca bir köşədə,
Zevqə dal… Ən gözəl həyat iştə!
Məskənin daima şən ormanlar,
Həmdəmin xoş baqışlı ceylanlar.
(Bu sırada bir qaç dəliqanlı da Azərin ətrafına toplanır)
Kələbəklər qoşarkən oynaşına
Yürü, en bir yeşil pınar başına.
Quşlar ötdükcə sən də dəmsaz ol,
Gülüşən hər çiçəklə həmraz ol.
Nə öc al kimsədən, nə əz, nə əzil,
Nə qan iç, uf!.. Nə qanlı göz yaşı sil!
Birinci tamaşaçı
Bu, fəqət şairanə bir xülya!..
Ruha uyğun sevimli bir röya!..
İkinci tamaşaçı
Pək gözəl söylədiklərin, heyhat,
Nerdə? Kim sürdü öylə tatlı həyat?
Üçüncü tamaşaçı
Barışıb həp sevişsə millətlər,
Bəlkə azcıq susar şu vəhşətlər.
Azər
(Acı gülümsəyişlə)
… Əvət, insan olursa insanlar,
Şübhəsiz, parlayıb da vicdanlar
Sevgi nurilə kainatı bəzər,
Bıraqıb kini, qurt qoyunla gəzər.
Bəlli.. Ta əskidən böyük başlar
Sülh için uğraşıb çalışmışlar.
Çıqaraq hərbə qarşı həp ürəfa,
Əbədi sülh içində buldu şəfa.
Kimi “qan-qan!..” deyib də çıldıraraq,
Sülhə düşman kəsildi, iştə məraq…
Bizcə kim haqlı! Qan dökənlərmi?
İmrənib sülhə, diz çökənlərmi?
O nə? Həp dalğa keçdiniz… əcəba,
Hanki xoş, hanki pək dikənli, qaba…
Şübhə yoq, sülhə meyl edər hər kəs,
Çünki hər gözdə parlıyor bu həvəs.
Pək böyük səltənətsə dərvişlik,
Olamam bən o xasta fikrə şərik.
Ölü, miskincə ömrə bin nifrət!..
Sizi bən sülhə eyləməm dəvət.
Əbədi sülh ümidi haqqı boğar,
Yaşamaqçın fəqət mübarizə var.
Çarpış, elmi bir inqilab ilə sən
Qəhrəman ol, öc al da vəhşətdən.
Bənliyin şimdi inliyorsa, yarın
Qalibiyyətlə parlasın alnın.
Səni yalnız öyündürür qüvvət,
Qüvvətin varsa, haq sənindir, əvət.
Lakin insanda yoqsa əqlü zəka,
Sadə qüvvətdə yoq səmər əsla.
Əldə meyar olursa əqlin əgər,
Ölçülür pək qolayca xeyr ilə şər.
Dedilər: “Zülmə qarşı durma, əyil!”
Dedilər: “Hərbə qoş, ya əz, ya əzil!”
Bən derim: “Həpsi laf, inanma, saqın!
Rəhbər olsun da qüvvətin, ağlın.
Yeri gəldikdə sülh için çabala,
Öylə yer var ki, hərbi alqışla.
Quzu gördünmü sev, o, kin bilməz;
Canavar qarşı gəlsə parçala, əz.
Qüvvət üstündə varsa əqli-səlim,
Sana həp kainat olur təslim!”
₺42,41
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022ISBN:
978-9952-8210-5-7Telif hakkı:
JekaPrint