Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sərhəddən cənubda, günəşdən qərbdə», sayfa 2

Yazı tipi:

Beləliklə, Şimamoto ilə yollarımız ayrıldı, sonda onlara getməməyə başladım. Güman ki (güman ki sözü bu məqamda işlətmək üçün ağlıma gələn yeganə sözdür. Çünki keçmiş adlanan yaddaş aralığını araşdırmağın və nəyin doğru, nəyin yanlış olmasına qərar verməyin vəzifəm olduğunu düşünmürəm), bu hərəkətim yanlış idi. Bacardıqca onun yanında olmalı idim. Ona ehtiyacım var idi, elə onun da mənə. Lakin çəkingənliyim mənə güc gəlirdi və qəlbimin qırılmasından çox qorxurdum. Onu bir daha görmədim. İllər sonraya qədər.

Bir-birimizi görməsək də, onu içimdə böyük sevgiylə daim düşünürdüm. Yeniyetməlik dövrünün qarma-qarışlığı və sıxıntıları ilə boğuşarkən birlikdə keçirdiyimiz anları düşünmək məni sakitləşdirirdi. Uzun müddət idi ki, qəlbimdə xüsusi bir yer tuturdu. Eynən restoranda küncdəki masanın üzərində “rezerv olunub” yazısı kimi bu xüsusi yeri məhz onun üçün saxlamışdım. Həm də bilə-bilə ki, onu bir də görməyəcəyəm.

Onunla tanış olanda hələ on iki yaşında idim və sözün həqiqi mənasında, heç bir cinsi hisslərim, yaxud istəyim yox idi. Buna baxmayaraq, sviterindən hiss olunan döşlərini və yubkasının altında nə olduğunu bilmək istədiyimi boynuma alıram. Amma bunun nədən xəbər verdiyi və nəyə aparıb çıxardığı barədə heç bir fikrim yox idi.

Əllərimi qulaqlarıma söykəyib gözlərimi bağladım və bir yeri təsəvvürümə gətirdim. Təsəvvürümdəki bu yer hələ yarımçıq idi. Qeyri-müəyyən, bulanıq və anlaşılmaz formalı bir yer. Amma əmin idim ki, orada məni həyati əhəmiyyətli bir şey gözləyir. Başqa bir şeyi də bilirdim: Şimamoto da bu yerə baxırdı.

Hələ fraqmental varlıqlar idik və daxilimizi doldurub ikimizi birləşdirən gözlənilməz bir reallığın varlığını indi-indi sezməyə başlamışdıq. Əvvəllər heç vaxt görmədiyimiz bir qapının qarşısında dayanmışdıq. Yalnız ikimiz idik və zəif titrək işığın altında axıb gedən on saniyədə bir-birimizin əlini bərk-bərk tutmuşduq.

2

Yuxarı siniflərdə adi bir yeniyetmə idim. Bu, həyatımın ikinci mərhələsi, şəxsi inkişaf yolumda növbəti addım idi – bu dövrdə fərqli bir insan olmaqdan əl çəkib normallaşmağa çalışırdım. Problemlərim də az deyildi. On altı yaşda kimin problemi olmur ki? Yavaş-yavaş mən dünyaya, dünya da mənə öyrəşirdi.

On altı yaşıma çatanda artıq evin əvvəlki balaca, arıq tək uşağı deyildim. Orta məktəbə başlamağımın ilk illərində evimizin yaxınlığında üzgüçülük dərslərinə gedirdim. Sürətli üzmə növündə peşəkarlaşmışdım və həftənin iki gününü hovuzda üzməyə ayırırdım. Kürəyim və sinəm genişlənmiş, əzələlərim güclənib bərkimişdi. Daha əvvəlki kimi bir-iki yağış damcısından soyuqlayıb yatağa düşən uşaq deyildim. Tez-tez hamamdakı güzgünün qabağında çılpaq dayanıb bədənimin hər yerinə diqqətlə baxırdım.

Demək olar ki, bütün fiziki dəyişkənliklərimi gözlərimlə görə bilirdim. Və bu dəyişikliklərdən məmnun idim. Məni böyümə prosesimdən daha çox dəyişikliyi görmək sevindirirdi. Tam dəyişə, başqa bir insan ola bilərdim.

Kitab oxumağı və musiqiyə qulaq asmağı sevirdim. Kitabları əvvəldən sevirdim, amma Şimamoto ilə dostluğum kitablara olan marağımı daha da artırmışdı. Kitabxanaya gedərək əlimin dəydiyi bütün kitabları acgözlüklə oxuyub bitirirdim. Bir kitabı əlimə aldımsa, oxuyub qurtarmamış əl çəkmirdim. Oxumaq aludəçiliyə çevrilmişdi, yemək yeyəndə, qatarda, gecəyarısına qədər yataqda və dərsdə (heç kim görməsin deyə məktəbə gizlin gətirirdim) oxuyurdum. Çox keçmədi ki, özümə kiçik bir pleyer alıb otağımda caza qulaq asmaqla vaxtımı keçirməyə başladım. Lakin kitab və musiqi ilə bağlı mənimsədiyim bilikləri insanlarla bölüşmək üçün özümdə heç bir istək hiss etmirdim. Heç kim yox, məhz özüm olduğum üçün xoşbəxt idim. Bu baxımdan məni yalnız olmağı sevən eqoist adlandırmaq olardı. Bütün kollektiv oyunlarına nifrət edirdim. Başqasından xalla üstün olan oyunlardan zəhləm gedirdi. Onları oynamaqdansa, dayanmadan təklikdə sakitcə üzməyi üstün tuturdum.

Əlbəttə, tam tənha da sayıla bilməzdim. Məktəbdə az da olsa, dostlarım var idi. Məktəbə nifrət eləyirdim. Mənə elə gəlirdi ki, məktəbdə yoldaşlarım həmişə məni sıxışdırmaq istəyirlər və daim özümü onlardan müdafiə etməliyəm. Bu məni möhkəmləndirmişdi. Yanımda dostlarım olmasaydı, yəqin ki, o qorxulu yeniyetməlik illərimdən daha böyük yaralarla çıxardım.

Üzgüçülüyə başladıqdan sonra artıq yemək seçimində mızıldanmırdım və üzüm qızarmadan qızlarla söhbət edə bilirdim. Nə olsun ki, evin tək uşağıydım, artıq bu məni məyus etmirdi. Ən azından, kənardan baxanda özümü evin tək uşağı olmaq lənətindən qurtulmuş görürdüm.

Və bir qızla münasibət qurmuşdum.

Xüsusi gözəlliyi yox idi, kollektiv sinif şəkillərində ananızın sinifdəki ən qəşəng qız olaraq barmaqla göstərdiyi tipdə qız deyildi. Amma onunla birinci dəfə rastlaşanda mənə çox şirin gəlmişdi. İnsanları cəlb edən istiliyi var idi, bunu şəklə baxmaqla başa düşə bilməzsiniz. Başqalarına acıq verəsi gözəlliyi yox idi, bu baxımdan elə mən də onun kimi idim.

Yuxarı sinfin birinci ilində onunla eyni sinifdə oxuyurduq və tez-tez görüşürdük. Əvvəl-əvvəl başqa bir cütlük də yanımızda olurdu, sonradan yalnız ikimiz olurduq. Niyəsini bilmirəm, amma özümü onun yanında rahat hiss edirdim. Nə danışmağımdan asılı olmayaraq, məni diqqətlə dinləyirdi. Boş-boş şeylərdən danışsaydım da, elə bir ifadəylə qulaq asırdı ki, sanki dünyanın axışını dəyişdirəcək möhtəşəm fikrim var, ondan danışıram. O, Şimamotodan bəri danışdığım hər şeyi heyranlıqla dinləyən ilk qız idi. Mənə gəldikdə isə, onun haqqında hər şeyi bilmək istəyirdim: gün ərzində nə yeyirdi, otağı necə görünürdü, pəncərəsindən baxanda nə görürdü.

Adı İzumi idi. Birinci dəfə onunla danışanda: “Adını sevməlisən”, – demişdim. Yapon dilində “dağ bulağı” demək idi. Sehrli nağıllardan birini xatırlayıb: “İçəri bir balta at, çıxsın bayıra pəri”, – dedim. Güldü. İzuminin özündən üç yaş balaca bacısı və beş yaş böyük qardaşı var idi. Atası stomatoloq idi, həyət evində – heç təəccüblənmədim – qalırdılar və itləri var idi. Alman çoban iti idi, inansanız da, inanmasanız da, Karl Marksa görə adını Karl qoymuşdular. Atası Yaponiya Kommunist Partiyasının üzvü idi. Şükür ki, dünyada kommunist stomatoloqlar var idi, amma hamısını yığsan, dörd, ya da beş avtobus adam edərdi. Buna görə də bu cür nadir rastlanan adamlardan birinin sevgilimin atası olması mənə çox qəribə gəlirdi. İzuminin atası ilə anası əsl tennis fanatı idilər və hər bazar əllərində raketka tennis kortlarına yollanırdılar. Kommunist, diş həkimi və tennis azarkeşi bir insan – yaman qeyri-adi kombinasiya idi. İzuminin siyasətlə arası olmasa da, valideynlərini sevirdi deyə bir set tennis oynamaq üçün onlarla korta gedirdi. Mənim də oynamağımı istəmişdi, ancaq tennis heç mənlik deyildi.

Evin tək uşağı olduğum üçün mənə paxıllığı tuturdu. Nə qardaşı, nə də bacısıyla yola gedirdi. Fikirləşirdi ki, bacı-qardaşını bir daha görməsə, vecinə də olmaz. “Həmişə evin tək uşağı olmaq istəmişəm, – deyirdi, – elə olsaydı, ürəyim istəyəni edərdim, nə eləsəm də, məni narahat edən olmazdı”.

Üçüncü görüşümüzdə onu öpdüm. Həmən gün bizim evə gəlmişdi. Anam mağazaya getmişdi deyə evdə tək qalmışdıq. Üzümü ona yaxınlaşdırıb dodaqlarımı onun dodaqlarına toxunduranda səssiz dayanıb gözlərini bağladı. İşdir, əsəbiləşib getmək istəsəydi, üzrxahlıq eləmək üçün xeyli hazırlaşmışdım. Amma buna ehtiyac qalmamışdı. Dodaqlarım dodaqlarında idi və onu əllərimlə özümə sıxmışdım. Yayın sonlarına yaxın idi, kətandan bəzəkli paltar geyinmişdi. Beldən bağlanan paltarın bağı arxadan quyruq kimi çıxmışdı. Əlim lifçiyinin bağlarına toxunmuşdu. Onun nəfəsini boynumda hiss edirdim. O qədər həyəcanlanmışdım ki, elə bil ürəyim yerindən çıxacaqdı. Penisim partlamağa hazır idi, dözməyib özümü onun bədəninə yaxınlaşdırdım, o isə bir az kənara çəkildi. Vəssalam. Mənə hirslənənə oxşamırdı.

Bir-birimizi bərk-bərk qucaqlayıb bir müddət divanda oturduq. Qabağımızdakı kresloda da pişik oturmuşdu. Gözlərini açdı, bizə tərəf baxdı, gərildi və təzədən yatmağa başladı. İzuminin saçlarını oxşadım, dodaqlarımı balaca qulaqlarına toxundurdum. Hiss elədim ki, nəsə deməliyəm, amma ağlıma heç nə gəlmədi. Danışmaq bir yana, nəfəsimi güclə alıb-verirdim. Əlindən tutub onu bir dəfə də öpdüm. Uzun müddət ikimiz də səsimizi çıxarmayıb dayandıq.

Onu dayanacağa ötürdükdən sonra sakitləşə bilmədim. Evə qayıdıb divana uzandım və gözlərimi tavana zillədim. Fikirlərim burulğanın içinə düşmüşdü. Nəhayət, anam evə gəldi və bir azdan axşam yeməyinin hazır olacağını dedi. Amma yemək düşünə bildiyim ən axırıncı şey idi. Heç bir söz demədən bayıra çıxdım və qəsəbədə iki saat gəzişdim. Qəribə hiss idi. Artıq yalnız deyildim, amma eyni zamanda heç vaxt hiss etmədiyim qədər dərin yalnızlıq çəkirdim. Birinci dəfə eynək taxan adam kimi perspektivim qəfil dəyişmişdi. Uzaqdakı əşyalara toxuna, əvvəllər bulanıq görünən şeyləri indi tərtəmiz görə bilirdim.

Həmən gün İzumidən ayrılanda mənə təşəkkür elədi və özünü çox xoşbəxt hiss etdiyini dedi. Təkcə o belə hiss etmirdi. İnana bilmirdim ki, bir qız mənə icazə vermişdi onu öpüm. Belə şey olubsa, adam özünü necə itirməsin? Amma yenə də özümü bütünlüklə xoşbəxt hesab etmirdim. Fundamenti yoxa çıxmış qala kimi idim. Çox yüksəyə çıxmışdım və yerdən məsafə çoxaldıqca başım daha çox fırlanırdı. “Niyə İzumi?” – özümdən soruşdum. Onun barəsində nə bilirdim ki? Bir-iki dəfə görüşmüşdük, bir az söhbət etmişdik, vəssalam. Hədsiz narahat idim, nə özümə nəzarət edə, nə də sakit dayana bilirdim.

Əgər İzuminin yerində Şimamoto olsaydı, fikirlərim belə qarışmazdı. Hər ikimiz heç nə danışmadan da bir-birimizi bütünlüklə qəbul edə bilərdik. Nə narahat, nə də gərgin olardıq. Lakin indi Şimamoto yox idi. O öz yeni dünyasında idi, demək olar, elə mən də öz yeni dünyamda idim. İzumi ilə Şimamotonu müqayisə eləməyin mənası yox idi. Şimamotonun dünyasına açılan qapı arxamca bağlanmışdı və daxil olmaq üçün yeni, başqa bir dünyada tapmalı idim.

Günəş şərqdən azacıq parlayana qədər yuxuya gedə bilmədim. Sonra ikicə saat yatdım, duş qəbul edib məktəbə yollandım. İzumini tapmalı, birlikdə yaşadıqlarımız barədə danışmalı idim. Hisslərinin dəyişmədiyini onun öz dilindən eşitmək istəyirdim. Sonuncu sözü özünü xoşbəxt hiss etməsi idi, amma günəşin ilk şəfəqləri altında bu sözlər mənə beynimdə canlandırdığım illüziya kimi gəlirdi. Gün bitdi, amma onunla danışmağa imkan tapa bilmədim. Günorta fasiləsində rəfiqələri ilə birgəydi, dərs qurtaran kimi də birbaşa evə getdi. Bircə bir sinifdən digərinə gedərkən dəhlizdə gözlərimiz toqquşdu. Məni görcək gözləri parladı, mən də gülümsədim. Vəssalam. Amma elə bil gülüşündə bir gün əvvəl aramızda olanların xoş təsdiqi gizlənirdi. Gülüş sanki “narahat olma, dünən olanlar həqiqətən baş verib” deyirdi. Qatarla evə qayıdanda fikirlərimdəki qarışıqlıq yoxa çıxmışdı. Onu istəyirdim. Arzularım şübhələrimə qalib gəlmişdi.

Onu nəyə görə istədiyim aydın məsələ idi. Sevişməyə görə. Amma bu son məqama hələ çox vardı. Ona qədər çoxlu formal şeylər etməliydik. Münasibətin seksə gəlib çıxması üçün əvvəlcə qızın paltarını soyundurmaq lazımdı. Amma təkcə soyundurmaqla seks arasındakı müddətdə əməl edilməli iyirmi, bəlkə də, otuz incə məqam vardı.

İlk olaraq bir neçə prezervativ tapmalı idim. Əslində, bu ən sonuncu işlərdən biri idi, amma, hər halda, hazırlığa bir yerdən başlamalı idim. Nəyə nə vaxt ehtiyac duyacağımı bilmək olmazdı. Amma birbaşa aptekə gedib pul verərək bir qutu prezervativ ala bilməzdim. Məktəbli idim deyə buna cəhd etməməli idim, hələ cəhd etmək üçün necə cəsarətsiz olduğumu demirəm. Bəlkə, ürəklənsəydim, bir az aralıdakı pul atıb siqaret alınan avtomatdan siqaret ala bilərdim, amma, işdir, birdən kimsə məni görsəydi, hamının yanında biabır olardım. Bu fikirləri başımda üç-dörd gün çək-çevir elədim.

Axırda işlər gözlədiyimdən dəfələrlə asan həll olundu. Belə şeylərdə yaxşıca təcrübəsi olan dəyərli bir dostumdan kömək istədim. “Bilirsən, mənə prezervativ lazımdı, – dedim, – necə tapa bilərəm?”Arxayınlıqla: “Darıxma, taparam, – dedi. – Sənin üçün yekə bir qutu prezervativ gətirə bilərəm. Qardaşımda nə qədər istəyirsən var. Bilmirəm niyə o qədər çox alıb, amma şkafında prezervativ əlindən tərpənmək olmur. Bir qutusunu götürsəm, hiss eləməz”. Həyəcanla: “Nə yaxşı oldu”, – dedim. Sabahısı gün onları kağıza büküb gətirmişdi. Onun üçün yemək alıb heç kimə bu barədə danışmamasını xahiş etdim. “Narahat olma”, – dedi. Çox keçmədi ki, orada-burada mənim prezervativ axtardığımı bir neçə uşağa çatdırdığından xəbər tutdum. Bu uşaqlar da başqalarına demiş və beləcə şayiələr İzuminin qulağına çatana qədər məktəbdə dolaşmışdı. O da dərsdən sonra mənimlə damda görüşmək istəmişdi.

– Hacime, Nişidadan prezervativ almısan, elədi? – deyə soruşdu. Prezervativ sözünü axıra qədər tələffüz eləmədi. Elə demişdi ki, sanki prezervativ söz yox, yoluxucu xəstəlik idi.

– Bilirsən… əslində, hə, – dedim. Düzgün sözləri tapmaq üçün çalışdım. – Düzünə qalsa, heç bir məqsədim yoxdur. Amma bilirsən də, üstümdə olsa, yaxşı olar deyə düşünmüşdüm.

– Onları mənə görə almısan?

– Yox. Əslində, elə deyil, – dedim. – Sadəcə, necə bir şey olduğu maraqlı gəlirdi. Əgər səni narahat edirsə, bağışla. Onları geri qaytararam, ya da ataram gedər.

Damın bir tərəfində daş skamyada oturmuşduq. Hava tutqun idi, hər dəqiqə yağış başlaya bilərdi. Bizim ikimizdən başqa, heç kim yox idi. Ətraf sakit idi. İndiyə qədər heç vaxt bu damı belə sakit görməmişdim.

Məktəbimiz təpənin üstündə tikilmişdi deyə dənizə və qəsəbəyə əla mənzərə açılırdı. Bir dəfə dostlarımla Yayım Klub otağından bir neçə val çırpışdırıb damdan aşağı vıyıldatmışdıq, havada elə qəşəng fırlanırdı ki. Sanki bir neçə saniyəlik canlanmışdılar deyə sevincək şəkildə limana tərəf uçurdular. Ancaq biri yaxşı havalana bilməmişdi və tennis kortundakı məşqdə ibtidai sinifdə oxuyan bir neçə məktəbli qızın düz qarşısına düşmüşdü. Bu o demək idi ki, məktəb bizi cəzalandıracaqdı. Bu hadisə bir il əvvəl baş vermişdi, indi də eyni yerdə sevgilim tərəfindən prezervativə görə sorğu-suala tutulmuşdum. Səmaya baxdım və bir quşun göydə asta-asta dairə vurduğunu gördüm. Birdən düşündüm ki, quş olmaq əla bir şeydir. Kefdədilər. Bütün iş-gücləri uçmaqdır. Hamiləliyin qarşısını almaq üçün vasitə fikirləşmək məcburiyyətində deyillər.

İzumi asta tonla:

– Həqiqətən, məndən xoşun gəlir? – deyə soruşdu.

– Əlbəttə, – deyərək cavab verdim. – Əlbəttə, səndən xoşum gəlir.

Dodaqlarını büzüb düz üzümə baxdı. O qədər çox baxdı ki, özümü narahat hiss eləməyə başladım.

– Mənim də səndən xoşum gəlir, bilirsən, – bir az keçəndən sonra dedi.

Sanki amma deyib davam etməli idi.

Gözlədiyim kimi:

– Amma, – dedi, – tələsməyə ehtiyac yoxdur.

Başımla təsdiqlədim.

– Bu qədər səbirsiz olma. Mənim də öz planlarım var. Elə də ağıllı qız deyiləm. Amma yenə də bəzi şeylərə hazır olmaq üçün çoxlu zamana ehtiyacım var. Səncə, gözləyə biləcəksən?

Yenə səsimi çıxarmayıb başımla təsdiqlədim.

– Söz verirsən? – soruşdu.

– Söz verirəm, – dedim.

– Məni incitməyəcəksən, yaxşı?

– Səni incitməyəcəyəm.

Başını aşağı salıb xeyli müddət ayaqqabılarına baxdı. Adi qara mokasin geymişdi. Mənimki ilə müqayisədə oyuncaq kimi balaca görünürdü.

– Qorxuram, – dedi. – Axır vaxtlar özümü qabığı olmayan ilbiz kimi hiss edirəm.

– Mən də qorxuram, – dedim. – Özümü ayaqlarında pərdə olmayan qurbağa kimi hiss edirəm.

Üzümə baxdı və gülümsədi.

Kəlmə kəsmədən binanın kölgəli tərəfinə gedərək bir-birimizi qucaqlayıb öpüşdük. Qabıqsız ilbiz və ayaqları pərdəsiz qurbağa öpüşürdü. Onu özümə tərəf çəkdim. Dillərimiz yüngülcə bir-birinə dəydi. Köynəyinin üstündən döşlərinə toxundum. Etiraz etmədi. Sadəcə, gözlərini yumub dərindən nəfəs aldı. Döşləri balaca idi, onları ovcuma aldım, elə bil sırf ovcuma yerləşməsi üçün bu ölçüdə yaradılmışdı. Əlini ürəyimin üstünə qoydu və əlinin toxunuşu ilə ürək döyüntülərimin ikisini birdən hiss elədim. Öz-özümə: “O, Şimamoto deyil, – dedim. – O, heç vaxt Şimamotonu əvəz edə bilməz. Amma düz qabağımdadır, bütünlüklə mənimdir, mənim üçün əlindən gələnin ən yaxşısını eləməyə çalışır”. Onu necə incidə bilərdim ki.

Amma o vaxtlar başa düşmürdüm. Başa düşmürdüm ki, bir insanı heç vaxt sağalmayacaq qədər pis incidə bilərəm. Başa düşmürdüm ki, insan təkcə yaşamağı ilə başqa insanları incidə bilər.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
07 aralık 2022
Hacim:
190 s. 1 illüstrasyon
ISBN:
9789952362558
Telif hakkı:
Qanun