Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitabı oku: «Sərhəddən cənubda, günəşdən qərbdə», sayfa 3
3
İzumi ilə mən bir ildən çox münasibətdə olduq. Hər həftə görüşüb ya kinoya baxmağa gedir, ya kitabxanada birgə dərs oxuyur, ya da məqsədsiz şəkildə uzun gəzintilərə çıxırdıq. Seksə gəlincə isə, bu barədə heç bir irəliləyiş yox idi. Ayda iki dəfə anamla atam evdə olmayanda bizə gəlirdi, yatağımda uzanıb bir-birimizi qucaqlayırdıq. Amma heç vaxt bütün paltarlarını çıxarmamışdı. İnadkarlıqla: “Kimin nə vaxt qayıdacağını bilmək olmaz”, – deyirdi. Onun hədsiz təmkinli davrandığını da demək olardı. Heç nədən qorxmurdu, sadəcə, xəcalətli vəziyyətə düşməməyə çalışırdı.
Buna görə də onu həmişə paltarlı ola-ola qucaqlayır və alt paltarlarının üstündən əlimdən gəldiyi qədər əlləyirdim.
Kefimin pozulduğunu görəndə: “Tələsmə, – deyirdi, – bir az zamana ehtiyacım var”.
Əslində, çox da tələsmirdim. Sadəcə, fikirlərim qarışıq idi və hər şey məni ümidsizliyə yönəldirdi. Şübhəsiz, ondan xoşum gəlirdi, sevgilim olduğu üçün də ona minnətdarlıq hissi duyurdum. Əgər mənimlə olmasaydı, yeniyetməlik illərim qupquru, solğun keçərdi. İnsanların sevdiyi, dürüst, istiqanlı qız idi. Amma maraq dairələrimiz arasında dünyalar qədər fərq var idi. Oxuduğum kitabları, qulaq asdığım musiqiləri başa düşmürdü deyə bu mövzulardan danışa bilmirdik. Bu baxımdan onunla olan münasibətim Şimamoto ilə olandan çox fərqli idi.
Bununla belə, yanında oturub onun əllərinə toxunanda ürəyim isinirdi. Ona hər şeyi deyə bilirdim. Göz qapaqlarından və dodaqlarının düz üstündən öpməyi sevirdim. Saçlarını geriyə sığallayıb balaca qulaqlarından öpdüyümdə qıdıqlanmağını da sevirdim. İndi də onu düşünəndə ağlımda sakit bazar günü səhəri canlanır. Yenicə başlayan gözəl bir gün. Ev tapşırığının olmadığı, ürəyinin istədiyini edə bildiyin bir bazar günü. O mənə həmişə ləzzətlə uzanıb istirahət edilən bazar günü səhəri kimi bir hiss bağışlayırdı.
Əlbəttə, çatışmazlıqları da var idi. Çərçivələr daxilində düşünürdü, təxəyyül gücünü artırmaq üçün çalışsaydı, pis olmazdı. Böyüdüyü rahat mühitdən bir addım kənara çıxmağı düşünmürdü. Heç bir şeylə o qədər çox məşğul olmurdu ki, yemək yeməyi və ya yatmağı yaddan çıxarsın. Valideynlərini sevir, onlara dərindən hörmət edirdi. On altı-on yeddi yaşlı bir qız olaraq onun özünəməxsus fikirləri yox idi. Amma belə bir yaxşı cəhəti də var idi ki, kimisə pislədiyini eşitməmişdim. Heç vaxt lovğa danışıqları ilə məni darıxdırmamışdı. Məndən xoşu gəlirdi, mənim üçün əsas olan da bu idi. Dediyim hər şeyə diqqətlə qulaq asır, məni daha çox danışmağa həvəsləndirirdi. Özüm və gələcəyim barədə olduqca çox danışırdım: kim olmaq istəyirdim, necə bir insan olmağı arzulayırdım və sair. Başqa sözlə, o, cavan oğlanın narsist xəyallarını dinləyirdi. Bununla belə, yenə diqqətini mənə cəmləyib qulaq asırdı. Bir dəfə: “Bilirəm ki, böyüyəndə əla biri olacaqsan. Səndə özəl olan nələrsə var”, – demişdi. Özü də ciddi idi. İndiyə qədər heç kim mənə belə bir şey deməmişdi.
Onunla qucaqlaşmaq – əynində paltarı olsa da – fantastik dərəcədə gözəl idi. Məni bir şey narahat edir, fikirlərimi qarışdırırdı: hələ də onda sırf mənə görə yaradılmış özəl heç bir şey hiss etməmişdim. Yaxşı xüsusiyyətləri pislərini xeyli üstələsə və mənim yaxşılarımı kölgədə qoysa da, onda nəsə çatışmırdı, özü də bu çatışmayan həyati əhəmiyyətli bir şey idi. Düşünürdüm ki, bunun nə olduğunu bilsəydim, münasibətimiz yataqda sevişməklə nəticələnəcəkdi. Özümü sona qədər saxlaya bilməzdim. Çox uzun vaxt lazım gəlsə də, onu birlikdə yatmalı olduğumuza razı sala bilərdim. Amma məndə bunu edəcək cəsarət yox idi. Bütün fikri-zikri ehtirasda olan on yeddi yaşlı yanıq oğlan idim. Nə qədər səfeh də olsam, bilirdim ki, İzumi mənimlə yatmaq istəməsə, üstünə getməməliyəm. Səbirlə düzgün zamanı gözləməli idim.
Əslində, bir dəfə İzumini tam çılpaq qucağıma almışdım. “Artıq paltarlı-paltarlı səninlə qucaqlaşmaq bəs eləmir”, – deyib az qala yalvarmışdım. “Əgər məqsədin seks deyilsə, paltarımı çıxararam”, – demişdi. “Bədənini görmək, əynində heç nə olmayan halda səninlə qucaqlaşmaq istəyirəm”, – söyləmişdim. Çılpaq qucaqlaşmağa məcbur idim, çünki artıq dözə bilmirdim.
Bir az düşündükdən sonra: “Həqiqətən, bunu istəyirsənsə, niyə də olmasın”, – demişdi. Üzümə ciddi ifadə ilə baxıb: “Amma mənə söz ver, yaxşı? – əlavə eləmişdi, – bircə söz ver. Söz ver ki, istəmədiyim heç nə eləməyəcəksən”.
Noyabrın əvvəllərində, sakit bir bazar günündə bizə gəldi. Hava azca soyuq idi. Anamla atam qohumlarımızdan birinin yas mərasimində iştirak edəcəkdilər, mən də mütləq onlarla getməli idim. Amma imtahana hazırlaşmalıyam bəhanəsiylə evdə qaldım. Gecəyarısına qədər evə qayıtmayacaqlarına əmin idim. İzumi günortaya yaxın gəldi. Yatağıma girib qucaqlaşdıq. Paltarlarını çıxarmağa başladım. Gözlərini ehmalca yumub əynindəkiləri çıxarmağımı gözlədi. Asan deyildi. Onsuz da bacarıqsız idim, qız paltarını soyundurmaq da mənə lap çətin oldu. Yarıya qədər soyundurmuşdum ki, İzumi gözlərini açdı və paltarını özü çıxarmağa başladı. Açıq- mavi tuman və eyni cür lifçik geymişdi. Yəqin ki, onları sırf bu gün üçün almışdı, əvvəl geyindikləri bütün anaların məktəbli qızlarına aldığı alt paltarları kimi olurdu. Axırda mən də soyundum.
Lümlüt bədənini qucaqlayıb döşlərindən öpdüm. Yumyumşaq dərisini sığallayıb qoxusunu ciyərlərimə çəkdim. Sən demə, çılpaq bir qızla qucaqlaşmaq başqa aləmə düşmək deməkdi. Hiss elədim ki, içinə girməsəm, ağlımı itirəcəyəm. Amma məni bir hərəkətlə geriyə itələdi.
“Bağışla”, – dedi.
Əvəzində penisimi ağzına aldı və yalamağa başladı. Əvvəllər belə bir şey eləməmişdi. Dilini dayanmadan penisimin başında gəzdirdi, ta ki mən ağlımı itirib boşalana qədər.
Sonra onu özümə tərəf çəkib bədəninin hər yerini bircə-bircə öpdüm. Təzəcə çimmiş İzuminin bədəni payız günəşinin ilıq şüaları altında ovsunlayıcı görünürdü, onu başdan-ayağa öpməyə başladım. Həqiqətən, möhtəşəm bir gün idi. Dəfələrlə bir-birimizi möhkəm qucaqladıq, hər dəfə də boşaldım. Mən hər boşalanda o, ağzını yaxalamaq üçün hamama gedirdi.
“Adam özünü qəribə hiss eləyir”, – deyib gülürdü.
İzumi ilə birlikdəliyimizin bir yaşı vardı, amma, heç şübhəsiz, birlikdə keçirdiyimiz ən gözəl gün bu gün olmuşdu. Bir-birimizdən heç nəyimizi gizlətməmişdik, tam çılpaq idik. Onun barəsində hədsiz çox şey bildiyimi hiss eləmişdim, məncə, o da belə hiss etmişdi. Bir-birimizə söz deməyə, vəd verməyə ehtiyacımız yox idi, biz yalnız kiçik reallıqların dalınca gedirdik.
İzumi bir müddət sinəmə qısılıb hərəkətsiz uzanmışdı, sanki ürək döyüntülərimi dinləyirdi. Saçını oxşayırdım. On yeddi yaşım var idi, sağlam idim və yetkinliyin bir addımlığında idim. Bu periodu ifadə edən yeganə söz möhtəşəm ola bilərdi.
Saat dördə yaxın İzumi getmək üçün əynini geyinən vaxtda qapı zəngi çalındı. Əvvəl eşitməzliyə vurdum. Gələnin kim ola biləcəyi barədə heç bir fikrim yox idi. Gələn hər kimdirsə, qapını açmasam, əl çəkib çıxıb gedərdi. Amma zəng dayanmadan çalınırdı. “Zəhrimara qalsın”, – ürəyimdə dedim.
İzumi soruşdu:
– Anangil qayıdıb? – Üzünün rəngi ağarmışdı. Yataqdan tez qalxıb tələsə-tələsə paltarlarını qucağına yığdı.
– Narahat olma. Onlar belə tez gələ bilməzlər. Həm də onların öz açarı var axı, ona görə heç qapını döyməzlər.
– Ayaqqabılarım! – dedi.
– Ayaqqabıların?
– Ayaqqabılarım düz qapının ağzındadı.
Tez əynimi geyinib aşağı düşdüm və İzuminin ayaqqabılarını girişdəki şkafın içinə tıxışdırdım. Qapını açanda qarşımda xalamı gördüm. Anamın balaca bacısı idi. Bizdən qatarla bir saatlıq məsafədə qalırdı və hərdənbir bizə gəlib-gedirdi.
– Sən allah, harada itib-batmışdın? Elə bildim ömrümün axırına qədər zəngi basmalı olacağam ki, gəlib qapını açasan, – dedi.
– Qulaqcıqlarla musiqiyə qulaq asırdım deyə qapının səsini eşitməmişəm, – dedim. – Anamgil evdə deyil, yasa gediblər. Gecəyarısına qədər qayıtmayacaqlar. Yəqin, xəbərin var.
– Demişdilər. Buralarda bir nəfərə dəydim. Bilirdim ki, evdə dərs oxuyursan, ona görə yolum buradan keçmişkən sənə yeməyə nəsə gətirim dedim. Nə lazımdırsa, almışam.
– Özüm öz yeməyimi hazırlaya bilirəm axı. Uşaq deyiləm, bilirsən, – dedim.
– Amma bu qədər şey almışam. Həm də sən məşğulsan axı, yox? Sən dərs oxuyan vaxt mən də yeməyini hazırlayaram.
“Zəhrimara qalasan, bu nə işdi düşmüşəm”, – öz-özümə dedim. İstədim lap elə orada ölüb qalım. İndi İzumi evə necə gedəcəkdi? Evimizin quruluşu elə idi ki, mənim otağımdan evin giriş qapısına getmək üçün əvvəl qonaq otağından, sonra isə mətbəxin pəncərəsinin qabağından keçmək lazım gəlirdi. Əlbəttə ki, İzumini məni görməyə gəlmiş bir dostum kimi təqdim edə bilərdim, amma xalam var gücümlə imtahana hazırlaşdığımı düşünürdü. Bir qızla münasibətimin olduğundan xəbər tutsalar, həyatımı kabusa çevirərdilər. Xalamdan xahiş-minnət eləyib bunu sirr saxlamasını istəyə bilməzdim. Pis adam deyildi, amma sirr saxlamağı bacarmırdı.
Xalam mətbəxdə bazarlıq etdiyi şeyləri paketlərdən çıxardığı vaxt İzuminin ayaqqabılarını ikinci mərtəbəyə apardım. Paltarlarını tam geyinmişdi. Düşdüyümüz vəziyyəti ona dedim.
Üzü solğunlaşdı.
– İndi mən neyləyəcəyəm? Buradan çıxa bilməsəm, nə olacaq? Bilirsən ki, şam yeməyinə kimi evdə olmalıyam. Çatdırmasam, özümə böyük problemlər yaradacağam.
– Özünü darıxdırma. Hər şey yaxşı olacaq. İndi bir şey fikirləşərik, – onu sakitləşdirməyə çalışaraq dedim. Əslinə qalsa, indi nə edəcəyimiz barədə heç bir fikrim yox idi.
– Bir də, kalqotkamın rezinindəki bağlardan birini tapa bilmirəm. Hər yeri axtarmışam.
– Kalqotkanın bağı? – deyə soruşdum.
– Hə, dəmir bir şeydi, bu boyda olar.
Döşəmədən yatağımın üstünə kimi hər yeri axtardım, otağı ələk-vələk elədim. Lakin tapa bilmədim.
– Heyif. Bu dəfəlik bağlamayıb geyinsən olmaz ki? – deyə soruşdum.
Mətbəxə getdim. Xalam tərəvəzləri doğrayırdı. “Bir az bitki yağı lazımdır”, – deyib məndən mağazaya getməyimi istədi. Yox deyə bilməzdim. Velosipedimlə ən yaxın marketə getdim. Hava artıq qaralırdı. Bu gedişlə İzumi bizdə qalmalı olacaqdı. Anamgil evə qayıtmazdan əvvəl nəsə bir şey fikirləşməliydim.
– Məncə, sənin evdən çıxmağın üçün yeganə fürsət xalamın tualetdə olduğu vaxt olacaq, – dedim.
– Səncə, alınacaq?
– Məncə… məncə, sınayaq. Belə boş-boş oturub gözləməyəcəyik ki.
Xalam tualetə gedənə qədər aşağı mərtəbədə gözləyib iki dəfə əl çalacaqdım. İzumi aşağı mərtəbəyə düşüb ayaqqabılarını geyinəcək və gedəcəkdi. Sağ-salamat evdən çıxanda isə ən yaxın telefondan mənə zəng edəcəkdi.
Xalam tərəvəzləri doğraya-doğraya kefi kök şəkildə mahnı oxuyur, miso supu bişirir və qayğanaq hazırlayırdı. Xeyli vaxt keçsə də, tualetə getməyi gəlmədi. Məncə, Ginnesin rekordlar kitabına “Ən böyük sidik kisəsinin sahibi” adı ilə daxil ola bilərdi. Önlüyünün düyününü açıb mətbəxdən çıxanda, demək olar ki, ümidimi tamam itirmişdim. Bir də gördüm ki, üzü tualetə gedir. O saat birbaş qonaq otağına gedib iki dəfə əl çaldım. Əlində ayaqqabılarını tutmuş İzumi barmaq uclarında aşağı düşüb onları geyindi və mümkün qədər sakit şəkildə evin qapısından bayıra çıxdı. Darvazadan çıxdığına əmin olmaq üçün mətbəxə keçib pəncərədən dalınca baxdım. Bir neçə saniyə keçdikdən sonra xalam qayıtdı. Mən də dərindən rahat bir nəfəs aldım.
Beş dəqiqə sonra İzumi zəng elədi. Xalama on dəqiqəyə qayıdıram deyib evdən çıxdım. İzumi telefon aparatının yanında dayanmışdı.
Ağzımdan bircə dənə də olsun söz çıxarmamışdım ki, dedi:
– Belə şeylərdən zəhləm gedir. Bir də belə şey eləmək istəmirəm.
Kefi pozulduğu və ya əsəbi olduğu üçün onu günahlandıra bilməzdim. Vağzalın yaxınlığında bir parka gedib skamyada əyləşdik. Astaca əlindən tutdum. Qırmızı sviterinin üstündən bej rəngli jaket geymişdi. Məyus halda ah çəkib bu paltarların altında olanları yadıma saldım.
– Hər şeyə baxmayaraq, bu gün çox gözəl keçdi. Yəni xalam gələnə qədər. Səncə, elə deyil? – deyə soruşdum.
– Əlbəttə, mənim də xoşuma gəldi. Həmişə səninlə olanda çox xoş vaxt keçirirəm. Amma hər dəfə görüşümüzdən az sonra fikirlərim qarışır.
– Hansı fikirlərin?
– Gələcəklə bağlı olan fikirlərim. Məktəbi qurtaran kimi sən Tokioya universitetə gedəcəksən, mən də burada qalacağam. Onda bizim münasibətimiz necə olacaq?
Mən artıq qəti qərar vermişdim ki, məktəbi bitirən kimi universitetə görə Tokioya gedim. Valideynlərimdən uzaqda öz həyatımı yaşamaq üçün bu qəsəbədən canımı qurtarmağa çalışırdım. Ümumi qiymətlərim yaxşı deyildi, amma sevdiyim dərslərdən heç hazırlaşmadan kifayət qədər yaxşı qiymətlər alırdım, özəl universitet imtahanları üç-dörd dərsi əhatə etdiyindən imtahandan keçmək elə də çətin deyildi. Amma İzumi heç cür mənimlə Tokioya gələ bilməzdi. Valideynləri qızlarını evdən kənarda təsəvvür edə bilmirdilər. İzumi də evdəkilərin sözündən çıxa bilmirdi. Amma ona yaxın qalmağımı istəyirdi. “Burada da yaxşı təhsil verən bir universitet var, – deyirdi. – Tokioya getmək nəyə lazımdır ki?” Əmin idim ki, getməyəcəyimə dair ona söz versəm, mənimlə yatardı.
– Yaxşı da, İzumi, – dedim, – başqa ölkəyə getmirəm ki. Üçcə saatlıq yoldu. Üstəlik universitetdə tətillər də çox olur, ilin üç-dörd ayını burada keçirəcəyəm. – Bunu, bəlkə də, on dəfə İzumiyə başa salmağa çalışmışdım.
– Bilirəm ki, buradan getsən, məni də yaddan çıxaracaqsan. Başqa bir qız tapacaqsan, – dedi. Bu cümləni də azı on dəfə eşitmişdim.
Ona belə olmayacağını dedim:
– Səni çox istəyirəm, səni belə asanlıqla necə unuda bilərəm?
Amma özüm də əmin deyildim. Baxışın yönündəki adi bir dəyişiklik vaxtın və hisslərin axışında böyük fərqliliklər yarada bilər: necə ki, Şimamoto və mən də belə bir səbəbdən ayrılmışdıq. Çox yaxın idik, amma aramıza girən bir neçə kilometr yol bizi ayırmağa bəs eləmişdi. Ondan çox xoşum gəlirdi, o da mənim onu görməyə getməyimi istəyirdi. Amma axırda onlara getməməyə qərar vermişdim.
– Başa düşmədiyim bir şey var, – İzumi dedi. – Deyirsən ki, məndən xoşun gəlir. Mənim nazımı çəkmək istəyirsən. Amma hərdən elə olur ki, sənin fikrindən nələr keçdiyini başa düşə bilmirəm.
Jaketinin cibindən salfetini çıxartdı və gözlərinə tərəf apardı. Birdən onun ağladığını gördüm. Hərdən durduğu yerdə ağlayırdı. Belə vaxtlarda nə demək lazım gəldiyini bilmir, oturub gözləyirdim.
– Hər şeyi özlüyündə düşünməyə çalışırsan və nə fikirləşdiyini heç kimin bilməməsini istəyirsən. Bəlkə də, evin tək uşağısan deyə beləsən. Təkbaşına düşünməyə və hərəkət etməyə öyrəşmisən. Bəzi şeylər düşünürsən, əgər sənə məntiqli gəlirsə, edirsən. – Başını yuxarı qaldırdı. – Bu da məni qorxudur. Özümü atılmış hiss edirəm.
Evin tək uşağı. Uzun zaman idi bu sözü eşitmirdim. İbtidai sinifdə oxuyanda bu söz məni çox incidirdi. Amma indi İzumi bunu başqa mənada işlədirdi. O “evin tək uşağı” deməklə ərköyün uşaq olduğumu yox, dünyanı ətrafımda fırladan eqoistliyimi nəzərdə tuturdu. Məni günahlandırmırdı. Sadəcə, bu vəziyyət onu məyus edirdi.
– Bir-birimizlə qol-boyun olanda necə xoşbəxt idim, bunu sözlə ifadə edə bilmirəm. Hələ də ümid var deyə düşünmüşdüm, kim bilir, bəlkə, hər şey qaydasına düşəcək, – vidalaşanda dedi. – Lakin həyat bu qədər asan deyil, yox?
Vağzaldan evə qayıdarkən dedikləri barədə düşündüm. Fikirlərimi başqaları ilə bölüşməyə öyrəşməmişdim. O mənimlə bölüşürdü, amma mən edə bilmirdim. Ondan, həqiqətən, çox xoşum gəlirdi, amma yenə də məni ondan uzaq saxlayan nələrsə vardı.
Vağzaldan evə min dəfə yeriyərək gəlmişdim, amma bu dəfə elə bil yad qəsəbədə addımlayırdım. İzuminin lüt bədənini ağlımdan çıxara bilmirdim: döşlərinin bərk gilələri, onun ətrafındakı xırdaca tüklər, yumşaq yanları. Və özümü saxlaya bilmədim. Ödənişli aparatlardan birinə yaxınlaşıb siqaret aldım, parkda söhbət etdiyimiz skamyada əyləşərək sakitləşmək üçün bir siqaret yandırdım.
Əgər xalam bizə gəlməsəydi, hər şey daha yaxşı olacaqdı. Heç kim bizə mane olmasaydı, daha xoş ayrılacaqdıq. Hətta daha xoşbəxt olacaqdıq. Amma, məncə, xalam gəlməsəydi də, bunun kimi bir şey mütləq olacaqdı. Bu gün olmasaydı da, sabah olacaqdı. Ən böyük problem bu idi ki, İzumini bizə əngəl yaranacağının qaçılmaz olduğuna inandıra bilmirdim. Çünki heç özüm də özümü inandıra bilməmişdim.
Günəş batdıqca külək güclənirdi. Qış sürətlə yaxınlaşırdı. Qarşıdan Yeni il gəlirdi və özü ilə kollecə daxil olmaq üçün imtahanlarımı və yeni həyatımın başlanğıcını gətirirdi. Fikirlərdən başım qazan kimi olsa da, dəyişikliyə bütün varlığımla can atırdım. Ürəyim və bədənim indidən bu naməlum yerin həsrətini çəkirdi. Yapon universitetlərinin böyük tələbə axını ilə üzləşdiyi və Tokionun universitet reklamları içində itib-batdığı bir il idi. Dünya gözlərimin qarşısında dəyişirdi və mən də onun içində olmağa can atırdım. İzumi qalmağımı istəsə və bunun üçün mənimlə yatsa da, bu solğun qəsəbədəki son günlərimi yaşadığımı bilirdim. Münasibətimizin bitməsi bahasına da olsa, fərqi yox idi. Getməli idim. Burada qalsam, içimdəki nəyisə həmişəlik itirəcəkdim – bu, itirməməli olduğum bir şey idi. Bu, qəribə bir arzu, alovlanan, amma reallaşmamış istək kimi bir şey idi. İnsanların yalnız on yeddi yaşı olanda sahib olduqları bir arzu idi.
İzumi heç vaxt arzularımı başa düşə bilməmişdi. Onun öz arzuları vardı, uzaqda tamam başqa bir istiqamətə, mənim baxdığımdan tamam fərqli bir dünyaya baxırdı.
Amma hələ yeni həyatım başlamamış bir hadisə münasibətimizi qoparacaqdı.
Ücretsiz ön izlemeyi tamamladınız.