Kitabı oku: «Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi», sayfa 3
Nataniel Bekon və Üsyan
Bekon üsyanı Virciniyanın qərb sərhədindəki problemlərlə başladı. 1670-ci illərdə zəngin plantatorlar şərqi Virciniyanın böyük hissəsinə nəzarət edirdilər. Nəticə etibarilə bir çox sadə insan məskunlaşdıqları regionun ən uc hissəsinə, sərhədlərə doğru sıxışdırıldıqlarını hiss edirdilər. Həyat bu bölgələrdə daha təhlükəli idi. Kolonistlərlə hindular arasında gərginlik yaranırdı. Mühacirlər liderlərinin hindularla savaşmasını istəyirdi, amma siyasətçilər və koloniyaların idarə ediciləri olan torpaq sahibləri müharibə tərəfdarı deyildilər. Çünki hinduların bəzilərindən cəsusluq və əməkdaşlıq məqsədilə istifadə edirdilər.
Sərhəddə yaşayanlar hökumətin onları yarı yolda qoyduğunu düşünürdü. Qəzəbli idilər və belə düşünən sadəcə onlar deyildi. O dövrdə həyat şəraiti daha çox çətin idi və əksər virciniyalılar həyatlarına yoxluq içində, ya da çox çətin şərtlər altında kölə kimi çalışaraq davam edirdilər. 1760-cı ildə bu bədbəxt virciniyalılar özlərinə lider olaraq Nataniel Bekonu seçdilər.
“…Ən qaba və cahil insanları belə tamahlandırırdı… belə ki, bütün ümidlərini Bekona bağlamışdılar. Bekon qubernatoru səhlənkarlıq, xainlik və qabiliyyətsizliklə, verdiyi qanunların və vergilərin ədalətsizliyində günahlandırırdı…”
Bekonun olduqca geniş bir ərazisi var idi. Böyük ehtimalla kasıblara kömək etməkdənsə, hindularla savaşmağa daha çox əhəmiyyət verirdi. Yenə də Virciniya xalqı onun öz tərəflərində olduğunu hiss edirdi. Bekonu qəsəbə sakinlərinin parlamenti kimi tanınan koloniya idarəsinə seçdilər. Bekon silahlı milisləri5 və vətəndaşları hinduların üstünə göndərməyə hazır idi. Bu milislər hökumət nəzarətindən kənarda hərəkətə keçəcəkdilər. Bu vəziyyət koloniyanın qubernatoru Vilyam Berklini həyəcanlandırdı. Berkli Bekonu qiyamçı adlandırdı və onu həbs etdi.
Təxminən iki min Bekon tərəfdarı Ceymstauna yürüş etdi və qubernator bir üzr qarşılığında Bekonu azadlığa buraxdı. Fəqət azadlığa çıxan kimi Bekon milisləri topladı və hindulara hücum etdi. Üsyana çox az qalmışdı.
Bekon bu üsyanın səbəblərini “Xalq Bəyənnaməsi”ndə izah etdi. Bəyənnamə sərhəddəki mühacirlərin hindulara, sadə xalqın isə zənginlərə olan qəzəbinin ifadəsi idi. Bekon Berkli hakimiyyətinin ədalətsiz vergilər kimi yanlışlıqlara və hindulara qarşı qərbli fermerləri qorumadığına görə günahlandırırdı.
Bir neçə ay sonra Bekon xəstələndi və iyirmi doqquz yaşında öldü. Bu səbəbdən üsyan çox uzun davam etmədi. Otuz silahlı əsgərin olduğu bir gəmi asayişi qorumaq üçün ana su yolların-dan biri olan York çayından keçərək koloniya ərazisinə çatdı. Gəminin kapitanı Tomas Qrantem son üsyançı qrupunu tərk-silah etmək üçün güc və hiylə işlətdi. Qrantemin qarşısında dört yüz silahlı ağ və qara vardı. Muzdlular, nökərlər və qullardan ibarət olan bu qrupa onları bağışlayacağına və azad buraxacağına dair söz verdi. Amma sözünü tutmadı və gəmisinin silahlarını onlara doğruldaraq silahlarını müsadirə etdi. Sonra nökər və qulları sahiblərinə təslim etdi. Nəticədə üsyançıların iyirrmi üç lideri asıldı.
Bekon üsyanı Virciniyadakı zəncirvari istismarın bir nəticəsi idi. Sərhəddəki ağlar hinduların torpaqlarını işğal etmişdilər. Bu ağlara Ceymstaunda yaşayan zəngin yuxarı təbəqə tərəfindən vergi qoyulur və idarə edilirdi. Zənginlər və yoxsullar, bir sözlə bütün kolonistlər isə İngiltərə tərəfindən istismar edilirdi. Kolonistlər İngiltərəyə satmaq üçün tütün əkirdilər, amma tütünün qiymətini ingilislər müəyyənləşdirirdi. Hər il İngiltərə kralı Virciniya koloniyasından böyük qazanc əldə edirdi.
Virciniyada yaşayan bir çox insan üsyanı dəstəklədi. Qubernator Berklinin şurasından bir üzv üsyançıların koloniyanın idarəsini kraldan alıb öz əllərinə keçirmək istədiklərini dedi. Başqa biri də Bekon üsyanının əsl səbəbinin hindularla olan problemlər olduğunu iddia etdi. Lakin zənginlərin sərvətinə ortaq çıxa bilmək üçün kasıblar da üsyana qoşulmuşdular. Bəs bu qiyamçılar əslində kim idi?
Aşağı Təbəqə
Bekon üsyanına qoşulan nökərlər, əsasən, aşağı təbəqəyə mənsub yoxsul ağlar idi. Onlardan canını qurtarmaq istəyən hökumətləri sayəsində İngiltərə və Avropa şəhərlərindən Şimali Amerika koloniyalarına gəlmişdilər. Məsələn, İngiltərədə torpaq qanunlarındakı dəyişikliklər şəhərdəki bir çox fermeri yoxsul və evsiz qoymuşdu. Yoxsulları cəzalandıran, onları iş yerlərinə həbs edən, ya da ölkədən getmələrini təmin edən yeni qanunlar qüvvəyə mindi. Beləliklə, yoxsulların bir hissəsi Amerikaya getmək üçün evlərini tərk etmək məcburiyyətində qaldılar. Digərlərini Amerikaya çəkən isə ümid və orada daha yaxşı bir həyat yaşayacaqlarına dair verilən yalan vədlər idi.
Amerikaya gedən əksər yoxsullar müqaviləli nökər halına düşdü. Çünki Amerikaya edəcəkləri səfərin xərclərini qarşılamaq üçün bir ağanın yanında beş və ya yeddi il işləyəcəklərinə dair əmək müqaviləsi imzaladılar. Müqaviləni imzaladıqdan sonra da, əsasən, qaçmamaqları üçün əsir edildilər.
İngiltərə ya da Avropadan Amerikaya səfər səkkiz, ya da on iki həftə çəkirdi. Hava şərtləri pis olanda səfər daha da uzanırdı və sərnişinlər ərzaqsız qala bilirdi. Amerika koloniyalarında nökər olaraq işləmək üçün səfərə çıxan yoxsullar gəmidə çirkli və basırıq küncələrə sıxışdırılmışdı. Onların hamısı bu səfərdən sağ çıxa bilmirdi. 1750-ci illərdə Almaniyadan Amerikaya səfər edən Qottlie Mittelberqer adlı musiqiçi etdiyi dəhşətli dəniz səfərini belə dilə gətirirdi:
“…Səfər boyu gəmi müsibətin acınacaqlı işarələrilə dolu idi -qoxu, duman, qorxu, qusma, müxtəlif dəniz xəstəlikləri, qızdırma, dizenteriya, başağrısı, qızdırma, qəbizlik, çiban, sınqa, xərçəng, dişlərin çürüməsi… Bütün bunlara da ərzaq qıtlığı, aclıq, susuzluq, isti, rütubət, səfalət və qəzəb əlavə olunmuşdu… Səfər zamanı tufana düşdüyümüz bir gün qeyri-kafi tibbi yardım səbəbilə heç cürə doğa bilməyən qadın gəminin pəncərəsindən dənizə atıldı…”
Amerikaya çatanda müqaviləli nökərlər qullar kimi alınıb satılırdı. 28 Mart 1771-ci ildə “Virciniya Qəzeti” belə yazırdı: “Justitia gəmisi yüzə qədər sağlam kişi, qadın və uşaq nökər ilə limana yanaşdı… Satış 2 Aprel, Çərşənbə axşamı günü baş tutacaq”.
Şimali Amerikaya gələn mühacirlərin yarıdan çoxu nökər idi. On yeddinci əsrdə gələnlərin çoxu ingilis, on səkkizinci əsrdə gələnlərin çoxu isə irland və alman idi. Gələnlərin əksəri Amerika koloniyalarında həyatın onların xəyal etdiyindən daha da pis olduğunu görürdülər.
Döymək və qırmanclamaq cəzalandırma geniş yayılmışdı. Qadın nökərlərə təcavüz edilirdi. Ağalar nəzarət məqsədilə başqa metodlara da əl atırdılar. Əcnəbilər azad olduqlarını sübut etmək üçün sənədlərini göstərməli idilər. Koloniya hakimləri bir koloniyadan digərinə qaçanların geri verilməsi barəsində razılığa gəldilər. Bu razılaşma daha sonra Amerika Konstitusiyasının maddələrindən birinə çevrildi.
Plantatorlar nökərlərıi üsyanından qorxurdu. Bekon üsyanından sonra ingilis əsgərlər gələcəkdə problem törədə biləcək insanlara qarşı Virciniyada qaldılar. O dövrə aid bir hesabatda “Virciniyanın çox yoxsul və sıx” bir yer olduğu yazılırdı. Yazıçı həmçinin bir çox insanın, nökərlərin paltar kimi zəruri ehtiyaclar üçün qiyam edəcəklərindən qorxduğunu qeyd edirdi.
Qaçmaq üsyandan daha asan idi. “Amerikanın İlk İllərində İdarəetmə və Əmək” adlı bir kitab yazan tarixçi Riçard Morris dövrün mətbuatını nəzərdən keçirtdikdə bəzən qrup şəklində, bəzən də tək qaçan nökərlərə aid bir çox xəbər tapdı. Qaçma-yanlar isə tətil edərək işləməkdən imtina edirdilər. 1663-cü ildə Merilənddə bir plantator nökərlərin “günlük işlərini” görmədikləri şikayəti ilə məhkəməyə müraciət etdi. Nökərlər isə özlərinə sadəcə paxla və çörək verildiyi üçün işləyə bilməyəcək qədər gücsüz olduqlarını dedilər. Məhkəmə nökərləri otuz qırmancla cəzalandırdı.
Getdikcə daha çox nökər qaçmağa davam edirdi, onların yerini qullar tutmağa başladı. Bəs azadlığına qovuşan nökərlərə nə oldu? Cəsarət verici hekayələr köhnə nökərlərin bir sərvət yığdıqlarını, ya da plantator olaraq cəmiyyətdə etibar qazandıq-larından bəhs edir. Fəqət “Əsir Kolonistlər” adlı kitabında tarixçi Ebbot Smit, demək olar ki, koloniyalardakı zəngin və əhəmiyyətli heç bir adamın nökərlikdən gəlmədiyini, sadəcə bəzilərinin keçmişdə nökər olduğunu yazır.
Zənginlər və Yoxsullar
Sinifləri müəyyənləşdirən xətlər koloniya dövründə daha da aşkara çıxdı. Zəngin və yoxsul arasındakı fərq daha da kəskinləşdi. Hələ Massaçusets Bey koloniyasının ilk illərində, 1630-cu ildə qubernator Con Vintrop “həmişə bəziləri zəngin, bəziləri yoxsul olmağa məhkumdur” sözləri ilə koloniya liderlərinin düşüncəsini ümumiləşdirirdi. Koloniya liderləri pul və vəzifə sahibi kişilər idi. Şimali Amerika cəmiyyətinin az sayda insanın torpağı və sərvəti idarə etdiyi İngiltərə kimi olmasını istəyirdilər.
Koloniya əraziləri on səkkizinci əsrdə daha da sürətlə genişləndi. 1700-1760-cı illəri arasında əhali 250 000-dən 1.5 milyona çatdı. Əkinçilik, dənizçilik və ticarət genişləndi. Kiçik fabriklər quruldu. Boston, Nyu-York, Filadelfiya və Çarlestaun bu illər ərzində iki, hətta üç qat böyüdü.
Bütün bu inkişaf müddətində yuxarı təbəqə imtiyazların çoxunu və siyasi gücü əlində tutdu. Məsələn, 1770-ci ildə Bostonda ən çox mülkə sahib olan 1%-lıq hissə ümumi sərvətin 44%-ni əlində cəmləşdirmişdi.
Zəngin tacirlər özlərinə imarətlər tikdirirdilər. Yuxarı təbəqənin insanları öz portretlərini çəkdirir, nökərlər ya da qullar tərəfindən dartılan faytonlarda ya da oturacaqlarda səyahət edirdilər. Bu zaman yoxsullar həyatda qalmaq, ya da donmamaq üçün çırpınırdı. Yoxsulların sayı getdikcə artırdı. 1730-cu illərdə insanlar qurumlardan “küçələrdə dilənçilik edərək əziyyət çəkən insanları” bir yerdə saxlamaqlarını tələb etdilər.
Şəhərlərdə yaşlılar, dullar, şikəstlər, yetimlər, işsizlər və köçkünlər üçün kasıbxanalar qurulurdu. Qısa müddətdə kasıbxanalar artıqlaması ilə doldu. 1748-ci ildə Filadelfiyadan olan bir vətəndaş belə yazırdı: “Bu qış dilənçilərin sayında nəzərə çarpacaq dərəcədə artış var”. Doqquz il sonra Bostondakı rəsmilər ailələrini təmin etməkdə çətinlik çəkən “çoxlu kasıb”dan bəhs edirdilər.
Bu dövrdən bəhs edən ənənəvi tarixə görə kolonistlər İngiltərəyə qarşı mübarizədə birləşmişdi. Ancaq koloniyalarda da münaqişələr davam edirdi. Bu gərgin şəraitdə qullarla azad insanlar, nökərlərlə ağalar, yoxsullarla zənginlər arasında iğtişaşlar baş verirdi.
1713-cü ildə Bostonda qıtlıq başladı. Şəhərdəki qıtlığa rəğmən Andrey Belçer adındakı zəngin bir tacir daha qazanclı olduğu üçün taxılını Karib adalarına satmışdı. İki yüz nəfərlik bir qruplaşma qiyam edərək yemək axtarmaq məqsədilə Belçerin anbarına girdilər və onları dayandırmağa cəhd edən qubernator müavinini vurdular. Daha sonra başqa bir Boston qruplaşması şerifi döydü və icbari əsgərliyə etiraz etmək üçün qubernatorun evini mühasirəyə aldı. 1747-ci ildə bostonlular zəngin bir tacir və dövlət məmuru olan Tomas Hatçinsonun özlərinə qarşı ayrı-seçkilik etdiyini düşünürdü. Hatçinsonun evi müəmmalı bir şəkildə, kütlənin alqışları müşayətində yandı.
1740-1750-ci illərdə Nyu-Cerseydəki kasıb fermerlər zəngin plantatorlarla münaqişəyə girdilər. Hər iki qrup da özlərinin torpaq sahibi olduğunu iddia edirdi. Torpaq sahibləri icarə haqqı tələb edəndə fermerlər qiyam qaldırdılar. Bu müddət ərzində İngiltərə çox az gəmi istehsalçısına və tacirə sərvət qazandıran bir neçə müharibəyə qoşuldu. Ancaq əksər koloniya üçün müharibələr yüksək vergi, yoxsulluq və işsizliklə bərabər zənginlərə qarşı daha çox qəzəb doğururdu.
Necə İdarə Etməli
1670-ci illərdə Şimali Amerikadakı Britaniya koloniyalarını idarə edən zəngin elitar təqəbə üç şeydən qorxurdu – hinduların düşmənliyi, qulların üsyanı və yoxsul ağların qəzəbi. Əgər bu üç qrup birləşsəydi, nə olardı?
Bekon üsyanı koloniya liderlərinə hinduları gözardına vurmağın riskli olduğunu göstərdi, çünki koloniyaların sərhədlərində yaşayan ağlar onlarla qarşı-qarşıya gəlirdi. Hindularla müharibə edərək ağların dəstəyini qazanmaq daha yaxşı idi. Koloniya rəhbərləri yoxsulları hindulara düşmən edərək yoxsullar və zənginlər arasında potensial bir sinif qarşıdurmasını da aradan qaldırmağı planlaşdırırdılar.
Bəs qaralar ağlara qarşı hindularla birləşə bilərdimi? Bax bu həqiqətən də bir təhdid idi. 1750-ci illərdə Karoloin bölgəsində iyirmi beş min ağa qarşı qırx min qara qul və altmış min hindu yaşayırdı. Rəhbərlər qaralarla hinduları bir-birinə düşmən etməyə qərar verdi. Qaçan qulları qaytarmaq üçün onlara rüşvət verdilər və azad qaraların hindu torpaqlarına səyahət etməsinə qadağa qoydular. Hindu kəndləri yüzlərlə qaçaq qula məskən olurdu, ancaq qaralar və hindular heç vaxt geniş şəkildə birləşəmədilər.
Digər tərəfdən zəngin cənublu plantatorların ən böyük qorxusu qara qulların və yoxsul ağların Bekon üsyanı kimi başqa bir üsyanda birləşməsi idi. İrqçilik qaralarla ağların birləşməsini əngəlləyirdi. Virciniyadakı quldarlıq məsələsində mütəxəsis olan tarixçi Edmund Morqan “Amerika Quldarlığı, Amerika Azadlığı” adlı kitabında irqçiliyin qaralar və ağlar arasındakı fərqlərlə əlaqəli “təbii” bir amil olmadığını yazırdı. Əksinə ağ liderlər qaralarla bağlı mənfi düşüncələri təşviq etmişdilər. Əgər yoxsul ağlar afroamerikalılara xor baxsalar, birləşmək ehtimalları da az olardı.
Koloniyalar böyüdükcə hakim təbəqə cəmiyyətdə nəzarəti əldə saxlamaq üçün başqa bir yol daha tapdı. Koloniyalardakı hədsiz zəngin və hədsiz yoxsullarla bərabər ağlardan ibarət orta təbəqə də yaranırdı. Bu sinif kiçik əkinçilər, azad fermerlər şəhər və qəsəbələrdə yaşayan sənətkarlardan ibarət idi. Əgər bu orta sinif güclərini tacir və böyük fermerlərlə birləşdirsələr, sərhəddəki yoxsul ağlar, hindular və qara qullar arasında bufer rolunu oynaya bilərdilər. Yuxarı təbəqə orta sinfin sədaqətini qazanmaq məcburiyyətində idi. Bu da orta sinfə bəzi şeylər vermələrini labüd edirdi, ancaq öz sərvət və güclərinə zərər vermədən bunu necə edəcəkdilər?
1760 və 1770-ci illərdə hakim təbəqə çox faydalı bir üsul tapdı. Bu üsul azadlığın və bərabərliyin dili idi. Bu dil İngiltərədən qurtulub müstəqilliyini qazanmaq üçün kifayət qədər ağı birləşdirə bilərdi, təbii ki, quldarlığı və bərabərsizliyi aradan qaldırmadan.
DÖRDÜNCÜ FƏSİL
TİRAN TİRANDIR
1776-cı ildə Şimali Amerikanın Britaniya koloniyalarında-kı bəzi önəmli şəxsiyyətlər bir şey kəşf etdi. Amerika Birləşmiş Ştatı adında bir dövlət yaradaraq torpaqları, zənginliyi və siyasi iqtidarı Böyük Britaniya adına koloniyaları idarə edənlərin əlindən ala biləcəklərinin fərqinə vardılar.
Amerika inqilabına bu nöqteyi-nəzərdən baxsaq, yeni bir dövlət fikrinin dahiyanə olduğunu görərik. Bani Atalar iki yüz ildən uzun bir müddət olduqca yaxşı işləmiş yeni bir milli idarəetmə sistemi yaratmışdılar.
Lakin artıq bu sistem işləmirdi. Nəzarətə ümidsizcə ehtiyac var idi. Koloniyalarda narahatlıq artırdı. 1760-cı illərdə bir neçə koloniyada dövlət çevrilişi məqsədilə on səkkiz üsyan baş vermişdi. Həmçinin Cənubi Karolinadan Nyu-Yorka qədər olan bölgədə qaraların başlatdığı altı böyük, qırx kiçik miqyaslı qiyam baş verdi.
Ancaq 1760-cı illərdə koloniyalarda yerli elita adlandırdığımız bir təbəqə də vardı. Bu elitarların koloniyaları Böyük Britaniya adından idarə edən qubernator, vergi məmurları və digər məmurlarla yaxın münasibəti var idi. İdarəetmədən kənardakı elitarlar isə koloniya mühacirlərinin hörmətini qazanmışdı.
Bu yerli elitarlar koloniyalarda artan məmnunsuzluqdan narahat olmağa başladılar. Mövcud ictimai nizam pozulduğu zaman öz sərvətlərinin və nüfuzlarının zərər görməsindən qorxurdular. Lakin cəmiyyətdəki statuslarını qorumağın bir yolunu tapdılar. Kolonistlərin inqilabi gücünü Britaniya və onun nümayəndələri əleyhinə çevirə bildilər. Bu planlanmış bir qərar deyildi. Əksinə ard-arda baş verən böhranlar bu qərarın formalaşmasına kömək etdi.
Qəzəb və Şiddət
1763-cü ildə ingilislər “Yeddi İllik Müharibə”də (koloniyalarda fransız-hindu müharibəsi adlandırıldı) Fransanı məğlub etdilər. Artıq Fransa Şimali Amerikadakı Britaniya koloniyaları üçün bir təhdid deyildi. Ancaq müharibədən sonra Britaniya hökuməti zəngin təbii sərvətlərə sahib olduğu üçün bu koloniyalardakı nəzarəti gücləndirdi. Britaniyanın müharibəni maliyyələşdirmək üçün koloniyalardan yığılan vergiyə ehtiyacı var idi. Həmçinin koloniyalarla olan ticarət əlaqələri də hər il Britaniyaya böyük qazanc gətirirdi.
Digər tərəfdən koloniyalarda işsizlik və yoxsulluq artırdı. Kasıb insanlar küçələrdə dilənməyə başlayırdılar. Eyni zamanda zəngin plantatorlar bu günün pulu ilə milyonlarla dollarlıq varidata sahib idilər. Çoxlu zəngin və çox az yoxsul var idi.
Çətin həyat şəraiti bəzi kolonistlərin narazılığını artırarkən üsyana da yönəldirdi. Əhalinin sıx yaşadığı şəhərətrafı bölgələrdə yoxsullar və zənginlər arasında gərginlik artmağa başladı. 1740-1760-cı illər arasında Nyu-York və Nyu-Cerseydə kirayənişinlər mülkədarlara qarşı qiyam qaldırdılar.
1776-cı ildə Şimali Karolinadakı ağ fermerlər “Tənzimləyici Hərəkat”ı başlatdılar. Özlərini yoxsul kəndlilər və işçilər kimi tanıdırdılar. Hakimiyyətin ədalətsiz qərarlarına qarşı sadə insanların haqlarını müdafiə etdiklərini iddia edirdilər. Yüksək vergiləri tənqid edirdilər. Borclarını qaytara bilmədikləri üçün tacirlərin yoxsulları məhkəməyə verməsinə qarşı çıxırdılar. Vergilərin toplanmasını əngəlləməyə cəhd etdikləri zaman qubernatorun əsgərləri ilə qarşılaşdılar. 1771-ci ilin May ayında baş vermiş qarşıdurmada ordu top atəşləri ilə minlərlə tənzimçini darmadağın etdi. Altı tənzimçi asıldı.
Bostonda isə aşağı təbəqə şikayətlərini dilə gətirmək üçün qəsəbə məclislərindən istifadə etməyə başlamışdı. Massaçusets qubernatorlarından biri Bostonun yoxsul camaatının bu məclislərə mütəmadi olaraq gəldiklərini yazırdı. “Centilmen”lər və hakim təbəqəyə yaxın olanlardan sayca üstünlükləri var idi.
Bu ərəfədə Bostonda əhəmiyyətli bir dəyişiklik baş verirdi. Ceyms Otis və Samuel Adams kimi Britaniyaya bağlı hakim təbəqədən uzaq, amma yerli elitaya daxil olan bir neçə nəfər bu dəyişikliyə başçılıq edirdi. Otis və Adams kimi liderlər yoxsul bostonluları başa düşürdülər. Təsiredici nitqlər və məqalələrlə xalqın qəzəbini formalaşdırıb yoxsulları hərəkətə keçirdilər.
Britaniya hökuməti 1765-ci ildə “Möhür Qanunu”nu qəbul edərkən Boston qruplaşması nəyə qadir olduğunu göstərdi. Bu qanunla Britaniya hökuməti Yeddi İllik Müharibənin xərclərini qarşılamaq üçün koloniyalardakı əhalini vergiyə cəlb etdi. Kolonistlər müharibə vaxtı onsuz da çox zərər çəkmişdi, üstəlik müharibənin xərclərini ödəmək istəmirdilər. İzdiham zəngin tacir və Britaniyanın nümayəndələrindən biri olan Tomas Hatçinsonun evinə ciddi zərər verdi. Zəngin tacirin evinə baltalarla hücum edən xalq onun bahalı şərablarını içdi, evdəki əşyaları çölə atdı.
Rəsmilər Britaniya göndərdikləri hesabatda Hatçinsonun evinə edilən hücumun digər zənginləri də əhatə edən hücum planının bir parçası olduğunu yazdılar. Bu “zənginlə yoxsul arasındakı fərqi aradan qaldırmağı özünə məqsəd qoymuş bir Qənimət Müharibəsi” olacaqdı. Ancaq bu və bu qəbildən olan çıxışlar Oris kimi yerli liderləri narahat edirdi. Onlar yoxsulların sinfi qəzəbinin özlərinə yox, yalnız Britaniyaya xidmət edən zənginlərə yönəlməsini istəyirdilər.
Bostonlu tacirlər, gəmi sahibləri və sənətkarlardan ibarət bir qrup “Sadiq Doqquzlar” adlı bir qeyri-rəsmi siyasi qrup qurdular. “Sadiq Doqquzlar”ın üzvləri yuxarı və orta təbəqədən idi, ancaq aşağı təbəqədən qruplar, köməkçilər və sənətkarları (qaralar istisna olmaqla) da etirazlarına qoşulmaları üçün təşviq edirdilər. İki- üç min nəfər yerli hakimiyyət nümayəndəsinin evinin qarşısında bir nümayiş keçirdi. Nümayişi təşkil edən “centilmen”lər getdikdən sonra kütlə daha da coşaraq mülkün bir qisminə zərər verdi. Daha sonra liderlər şiddətin yanlış bir şey olduğunu deyib kütlədən üz döndərdilər və üsyançılarla bütün əlaqələrini kəsdilər.
Britaniya hökuməti yenidən koloniyalara vergi tətbiq etmək istədikdə koloniya elitarları xalqı daha çox etiraza təşviq etdi. Lakin bu dəfə Samuel Adams və James Otis kimi liderlər “Hücuma yox-Provokasiyaya yox-Qarışıqlığa (üsyan-tərc.) yox” şüarıla qatı mövqe sərgilədilər. Xalqın Britaniyaya qarşı olan narazılığını göstərməsini, amma “şəxslər və mülklərin” toxunulmazlığını istəyirdilər.