Kitabı oku: «İran inqilabı və azadlıq hərəkatları», sayfa 2
ÖN SÖZ
Yüz illər boyu dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlər XX əsrdə bir daha aktuallaşdı, gündəmə gəldi və indi də qəti həllini gözləyir. Dünyanı və insanları silkələyən, yurd-yuvasından dərbədər salan müharibələr və ən müxtəlif ixtilaflar son çərəyini yaşamaqda olduğumuz bu yüz ilin əvvəlindən bu günə qədər davam etmişdir. Yüz milyonlarca insanın canına, qanına bais olan bu uğursuz gedişat, enmə və qalxmalar bəşəriyyətin həllini gözlədiyi problemlərə hələ ki bir işıq tutmuş, ümid vermiş deyildir. Dövlət və siyasət adamlarının dilindən “dünyaya sülh” və “insan haqları” sözləri düşmür. Həqiqətdə isə nə dünyada sülh, nə də insan haqlarına hörmət görünür. Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu ölkədə nələr baş verir? Kimsə bir şey bilmir. Digər tərəfdən Cağaloğlu enişindəki kitab vitrinlərinə baxarkən “Konqo inqilabı” adlı kitabların sərgiləndiyini görəcəksiniz.
Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları Türkiyə ictimai fikrini Konqo qədər də maraqlandırmır. Bu səbəbdəndir ki, bir türk ziyalısı İran haqqında heç nə bilmir.
Yenə bu səbəbdəndir ki, İrandan söz açılanda bir türk ziyalısı İranı köhnədənqalma Qərb-Şərq anlaşıyı çərçivəsində dəyərləndirərək ağzına gələni danışır. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır.
Digər tərəfdən, şahənşah Məhəmməd Rzanın istibdadı tam gücüylə davam etmiş, bu arada İran neftindən gələn astronomik 20 milyard dollar hesab-kitabsız “ordunu modern silahlarla təchiz etmək” adı altında, habelə ölkədə ağır sənayeni qurmaq iddiasıyla Amerika və Qərbin sənayeləşmiş dövlətlərinin xəzinəsinə durmadan axıdılırdı. Bu vəsaitlər daha haralara xərclənmirdi ki… Şahənşahın Tehranda və villalarda şəxsi əyləncəsi və keyfi üçün qurulan və Hollivud aktyorları ilə qol-boyun davam edən çılğın əyləncələrə, İranın 2500 illiyi tədbirlərinə, şahənşahın tacqoyma mərasimlərinə, daha nələrə… nələrə…
Bütün bu hadisələrlə şahənşah dünyaya İranda bir yüksəliş hərəkatı obrazını yaratmağa çalışırdı. Bu gün qırx milyon əhalisi olan İranda yüksəliş və inkişafa həsr edilən ədəbiyyatın özü belə bir oxşar hadisəyə qiyas edilə bilər.... Vaxtı ilə Türkiyənin Baş naziri Adnan Menderes Amerikadan aldığı yardım və borc pullarla hər rayonda beş milyoner yaratmasıyla öyünürdü. İndi İranda şah neftdən gələn milyardlarla dollarla hər rayonda otuz milyoner yaratmışdır. Bu milyonerlər şah sarayları ətrafına yığışıb şaha nökərlik edir, ona yaltaqlanır, əl-ətək öpürlər və şahın xoşuna gəlmək üçün heç bir yaltaqlıqdan çəkinmirlər. Bir iranlı mənə: “Bizdə ancaq bir milyon insan rifah halında gün-güzəran keçirir, yerdə qalanı bir qarnı ac, bir qarnı tox yaşayır”, – demişdi. Bu vəziyyət təkcə ölkədə milli gəlirin bərabər bölünməsi məsələsi ilə bağlı deyildir.
Şahın İranı dünyanın beş inkişaf etmiş ölkəsindən biri olacağı iddiası ilə girişdiyi hesab-kitabsız böyük sənaye müəssisələri qurmaq təşəbbüsü, ordunu modern silahlarla təchiz etmək cəhdləri boşa çıxınca İran Konstitusiyası və parlamentini gözardı etmiş və sözün əsl mənasında diktatora çevrilmişdir. Əslində İranda konstitusiya və parlament Sərdari-Milli Səttar xan və bu cahanşümul insanın şəhid silahdaşlarının İrana gətirmək istədikləri bir konstitusiya və parlament deyildi. Çünki parlamentə seçkilərdə millət vəkilliyinə namızədləri məhz şah nişan verir. Şahın arzu etmədiyi heç bir qanun və qərar parlamentdəcə yatıb qalır. Şah özünün yaratdığı bu parlamenti bəyənməyib onu buraxdığı dönəmlər çox olmuşdur. İranda tək söz, tək qərar ancaq şahın iradəsiylə verilir.
Kitabı yazmağa başladığım zaman mənbə əldə etmək üçün çox çətinlik çəkəcəyimi bilirdim. Zaman-zaman fikrimdən keçirdiyim bu məsələyə dair mənbələrin bir qismini əlimə fürsət düşdükcə əldə etmişdim. İran inqilabı haqqında çox mükəmməl və gözəl əsərlər hər şeydən qabaq elə İranda qələmə alınmışdır. Seyid Əhməd Kəsrəvi, İsmail Əmir Xizi kimi böyük tarixçi yazarlar başda olmaqla İranda yazılan bu əsərləri Türkiyədə əldə etmək çox çətindir. Bunları mənə bir tanışım adının açıqlanmaması şərti ilə vermişdir. Digər bir sıra kitabları Ankarada Milli Kitabxanadan, Tarix Kurulunun kitabxanası və Türkiyat İnstitutunun kitabxanasından tapdım. Digər kitablar isə əlim çatmayan yerlərdə yatırdı…
Rza şah taxta çıxdıqdan sonra İranda xalqların ana dillərində məktəb, qəzet və qurumları bağladığı kimi, inqilab hərəkatına aid kitabların yenidən çapını da qadağan etmişdi. Hətta onların toplanıb yandırıldığını da deyənlər var. Bir-ikisini ingilis dilində tapa bildim. Bununla bərabər, mənbə kimi istifadə etdiyim kitablarda verilən biblioqrafiyada rastlaşdığım bəzi kitabları da oxucuya irəlidə bir istiqamətverici məqam qismində göstərmişəm.
Söhbət etdiyim iki ziyalı həmşəri mənə İranın inkişafı haqqında belə bir nümunə göstərdi: “Keçən il Xorasana getmişdim, qaldığım otel otaqlarının hamısında rəngli televizor var idi.”. Burada heç bir mübahisəyə qoşulmadan şahın İranı inkişaf etdirməsinə ən pis bir misal gətirmiş olur. Kitabın son Pəhləvilər hissəsində bir iqtisadiyyat mütəxəssisinin İranın inkişafına dair yazısını eynilə göstərmişdir.
Başqa bir İranlı ziyalı dostum mənə bu sözləri dedi: “Vaxtilə ölkəmizin neftini və digər gəlir qaynaqlarını ingilislər istismar edib aparırdılar. İndi isə Pəhləvilər eyni işi edirlər. Pəhləvilərin israfçılığının bir qismi heç olmazsa İranda qalır…” “Azadxahlar bu Pəhləvilərdən görəsən nə istəyirlər”, – sualını verdi mənə.
İslam hüququnda bir qayda mövcuddur: “Batıl mekis olmaz”, yəni saxta olan şey nümunə ola bilməz. Vaxtilə acgöz ingilis imperializminin İranı istismar edib talaması Şahənşah Pəhləviyə zalım və müstəbid bir hökmdar olaraq İranı babasının mülkü kimi idarə etmək haqqını verməz.
Azadxahlar bu Pəhləvilərdən nə istəyirlər, görəsən? Aşağıdakı cavabları verirəm: Azadxahlar Məhəmməd Rza Pəhləvidən hər şeydən öncə İranda azadlıq və müstəqilliyin bərqərar olmasını tələb edirlər. Qəbul etmədiyi Konstitusiyanın lazım olan şəkildə İrana gətirilməsini və Parlamentin sərbəst seçkilər əsasında formalaşmasını tələb edirlər. İran xalqlarının hər birinə öz ana dillərində məktəb, mətbuat, idarəetmə və hər il orta hesabla 20 milyard dollar neft gəlirindən İran xalqlarının hər sinif və təbəqəsinin bərabər səviyyədə faydalanmasını tələb edirlər. Bir sözlə, insan haqlarına aid olan hər şeyi…
Keçən il Şah bir neçə min məhbusu əfv edərək onları öz üsul-idarəsinə yaraşan şəkildə qurduğu (işgəncə) həbsxanalarından buraxdı. Bütün dünya da “Şah siyasi məhbusları əfv etdi” şəklində təbliğata başlandı. Halbuki bu məhbusların çoxu siyasi məhbus olmayıb adi cinayətlərə görə həbs edilmişdilər. Aralarında olan siyasi məhbusların da bir qismi xəstə olanlar, bir qismi işgəncə nəticəsində beyni pozulanlar və kişiliklərini itirənlər idi. Qərb dünyasında insan haqları ilə məşğul olan beynəlxalq təşkilatların hesablamalarına görə, şahın zindanlarında hazırda siyasi məhbusların sayı 20-30 min arasındadır.
Keçmiş arvadı şahzadə Sürəyyanın izah etdiyi kimi, şah İsveçrədə tələbə olduğu zaman istibdad və demokratiya haqqındakı düşüncələrini xatırlasaydı və ya Müsəddiqdən qaçdığı zaman İraqda onu qarşılayan Kral Faysalın və daha başqa sultanların və çarların aqibətindən ibrət alsaydı, İran tarixində bir ədalət və demokratiya dövrü başlayar, şah taxtında oturar, Parlament ölkəni idarə edərdi, beləliklə, zülm dövrünə son qoyular, əks təqdirdə bugünkü mübarizənin sonu Konstitusiya çərçivəsini aşar və baş verəcək müqavimət və inqilabın qarşısını almaq lüzumu yaranmazdı. Bu halda baş verən hər şeyə görə məhz şah məsuliyyət daşıyır…
Kitabda fədai, mübariz, proqressiv, inqilabçı, azadxah, ihtilalçı sözlərinin hər biri fərqli anlamlarda işlədilmişdir.
Şah tərəfdarı olanlar üçün: müstəbid, reaksioner, irtica, istismarçı, feodal sözləri də eyni anlamda istifadə edilib. Bu mövzuda mənbə rolunu oynayan kitabların təsiri altına düşdüm. Hər bir kitabda bu sözlərin bir neçəsi eyni mənada işlədilib.
Oxucuların gözlərinə sataşacaq qüsurlar üçün qabaqcadan üzr istəyirəm. Yarım əsri aşan sürgün illərində ancaq bu qədərinə gücüm çatdı. Atalarımızın “varını verən utanmaz” sözünə inanıram.
Hüseyn Baykara11 mart 1978, İstanbul
İRAN YAYLASI
Dəclə çayının şərqindəki dağlardan Əfqanıstana qədər uzanan, şimalda Xəzər dənizi, Xarəzm bölgəsi, cənubda Ərəbistan dənizi, cənub-qərbdə Bəsrə körfəzi ilə əhatə olunan İran yaylası adlanan coğrafiyada (Ord. Prof. M.Şemsettin Günaltay. İran tarixi, cild 1, s.1) yerləşir.
Tehran Universitetinin köhnə professorlarından Raymond Furon İranın sərhədlərini bu şəkildə izah edir. Şimal dənizi və bu dənizə çıxışı olan ölkələr, şərqi Əfqanıstan və Bəlucistan, qərbi Türkiyə və İraq, cənubu Hind dənizi ilə əhatə olunmuş, quru sahəsi 1645000 kvadrat kilometr olan yer İran yaylasıdır. (Raymond Furon: 1943, İstanbul, sh.2)
İranda iki əsas dağ silsiləsi vardır. Şimalda Elbrus, qərb və cənubda Zaqros İran yaylasını əhatə edən bu iki dağ silsiləsinin arası ölkənin orta hissəsi olub qeyri-məhsuldar, quraqlığın hökm sürdüyü səhralıqdır. Bu yerə farslar “Dəşti Kəvir” deyirlər. Elbrus silsiləsi Ağrı dağının aşağı ətəyindən Xorasana doğru, Xəzər dənizinin cənubundan keçən, qərbdən şərqə uzanan bir dağ silsiləsidir.
Zaqros silsiləsi Van gölündən başlayıb Bəndər-Abbasa qədər şimal-qərbdən cənub-şərqə doğru uzanır. Bu dağ silsilələrinin uzunluğu 1800 kilometr olub bir-birindən vadilərlə ayrılır, bəzi yerdə isə dar vadilər vasitəsi ilə birləşirlər.
Bugünkü İran dövlətinin yerləşdiyi torpaq hissəsi coğrafiya anlamında İran yaylası adlanan yaylanın tən yarısını təşkil edir.
İranda aşağıdakı dillərdə danışılır: fars, türkcənin azəri ləhcəsi, kürd, lor, bəluc, Gümüştəpədə Türküstan sərhəddi boyunca Xorasanın şimalına qədər Türkmənlərin yaşadığı bölgədə türkmən ləhcəsi, Qaşqaylar, Bəxtiyarilər, Tatlar bölgəsində türkcə, Bəsrə körfəzi sahillərində ərəb dili.
İran qədim və yeni tarix boyunca turanlılar, arilər, makedoniyalılar, ərəblər, monqollar, türklər, əfqanlılar tərəfindən işğal və idarə edilmişdir. 2500 illik tarixi boyunca İranda iranlı fars milləti sülaləsi bu ölkədə ancaq 825 il hökmranlıq edə bilmişdir. (Raymond Furan. İran, sh. 8).
Kürdüstan
Kürdüstan Mosul və Bağdadın yuxarı hissələrində İranı İraqdan ayıran dağlıq bölgədir. Kürdüstanın mərkəzi Sanandajdır. Cənubi Kürdüstan Tehran və Bağdad yolu üzərində iki tərəfə doğru uzanır.
Kirmanşahdan 30 kilometr irəlidə Tehran yolu üzərində məşhur Bisütun mağaraları vardır. Bu mağara daşları üzərində qabarıq yazı ilə Daranın zəfərləri qeyd edilmişdir. Bu yazılar İran dövlətinin qurulması ilə Turanlıların ataları tərəfindən eramızdan 1000-2000 il əvvəl Manna və Midiya dövlətləri haqqında çox elmi dəyəri olan məlumatlar verməkdədir. Daranın yazıları üç dildə – Babil, Alamut və qədim iran dilində yazılmışdır.
Xəzər vilayətləri
Bu bölgə Gilan, Mazandaran və Görgən vilayətlərindən ibarətdir. Elbrusun yüksək təpələri ilə Xəzər dənizi arasında geniş düzənliklər, orta hesabla 20 kilometr olan məhsuldar, bataqlıq bir torpaq parçasıdır. Bürünc, tütün, pambıq, şəkər qamışı, çay, sitrus, əncir, nar, üzüm və başqa məhsullar yetişir. Məşhur qara kürü Gilanın Xəzər dənizinə axan çayındakı nərə balığından əldə edilir. Gilanın mərkəzi Rəşt, Mazandaranın mərkəzi Sarı, Görgənin mərkəzi Astrabaddır.
İran İraqı
Elbrusun yüksək təpələriylə Zaqrosun cənub yamaclarına qədər uzanan böyük bir vilayətdir. Bura Tehran, İsfahan, Həmədan, Sultanabad, Qum və başqa şəhərlər daxildir.
Azərbaycan
İranın şimal-qərbində yerləşən çox gözəl bir vilayətdir. Zend Avestanın Azərbaycanı, Makedoniyalı İsgəndərin Atropatenası, Bakıda məbədi olan qədim oda tapınanların “Odlar ölkəsi”dir. Bura dağlıq bir ölkə olub artıq sönmüş olan vulkanlarla səciyyələnir. Bunlardan Səhəndin hündürlüyü 3600, Savalanın hündürlüyü isə 4800 metrə çatır. Vadilərdə gözəl ağaclar var. Azərbaycanda böyük Urmiya gölü vardır. Sahəsi 5000 kilometrə qədərdir. Hər kub metr suyunda 155 qram duz var.
Ən böyük şəhəri Təbrizdir. Yaşıllıqlarla dolu bir vadidə salınıb, dəniz səviyyəsindən yüksəkliyi 1500 metrədir.
Təbriz yalnız bir idarəetmə mərkəzi olaraq qalmamış, ticarət və bir irfan mərkəzi də olmuşdur. Şardinə görə, 1673-cü ildə əhalisinin sayı 500000 imiş. 1780, 1848 və 1942-ci illərə təsadüf edən zəlzələlər şəhəri dağıtmış, saysız insanlarla birlikdə dəyərli qədim əsərlər də dağılıb yox olmuşdur. Dağıtmaq işində zəlzələlərdən geri qalmayan bir sıra istilalar zamanı şəhər yerlə yeksan olmuşdur. (R.Furon, göstərilən əsəri, sh.29).
Başqa vilayətlər
Laristan, Xuzistan, Fars körfəzi və Hind Okeanı sahilləri, Fars Suzistan, Kirman, Xorasan və səhra bölgələrini də qeyd edərək coğrafiya bəhsinə çox yer vermədən keçirik.
İranın əhalisi
Beş il əvvəl həyata keçirilən siyahıyaalınmaya görə, İranın əhalisi 36.000.000 təşkil edirdi. Əhalinin 36 faizi Azərbaycan türkləri, 8 faizi kürdlər, 3 faizi yörüklərdir (Bəxtiyarilər, Qaşqay qəbilələri). Beluclar, lorlar 3%, erməni və yəhudilər 2% olub, yerdə qalan millət farslardır. Ciddi bir statistikaya görə, farslar 40-42% civarındadırlar.
İranın dövlət forması şahlıq üsuli-idarəsidir. İndiki şah – Məhəmməd Rza Pəhləvi, atası Rza Şah İkinci dünya müharibəsində ingilislər tərəfindən Mazur adasına sürgün edildikdən sonra 1941-ci ildə İran taxtına oturmuş və 1967-ci ildə tac qoymuşdur. Pəhləvi soyadını alaraq İran taxtını ələ keçirən bu ailənin hekayəsi sonrakı fəsillərdə detallı şəkildə təqdim ediləcəkdir.
İran dövlətinin paytaxtı Tehrandır və dörd milyondan artıq əhalisi vardır. Şah dövlət başçısıdır, sərhədsiz səlahiyyətlərə malikdir. Yaxın zamanlara qədər İran konstitusiyalı monarxiya şəklində idarə edilirdi. Ancaq bu, zahiri görünüşə hesablanmışdı. Demək lazımdır ki, bu idarəetmə forması 1905-1911 illər arasında Səttar xan və Bağır xan və silahdaşlarının İran inqilabı uğrunda axıdılan qanlar hesabına qurduqları “Məşrutə” hərəkatının simvolu kimi davam edirdi. Bu müddətdə parlamentdə 268 millət vəkili, senatda 60 senator mövcud idi. Bu məclislər 4 il müddətinə seçilirdi, 30 senator 2 dərəcəli seçkiylə seçilir, 30 senator isə şah tərəfindən (15-i Tehrandan), digərləri isə 15 vilayətdən təyin edilirdi.
Siyasi partiyalardan bəhs etməyəcəyəm. Şah tərəfindən bəslənən bir sıra siyasi partiya mövcud idi, bunlardan məqsəd məşruti şahlıq üsul-idarəsinin zahiri diktatorluq görüntüsünü maskalamaqdan ibarət idi. Şah istədiyi zaman məclisi dağıdır və yeni seçkilər təyin edirdi. Nazirlərin hamısı şah qarşısında məsuliyyət daşıyırdı. Nazirlər sovetinin sədrini təyin etmək və vəzifədən azad etmək şahın səlahiyyətlərinə daxil idi.
İran xalqları o qədər talesiz idilər ki, şah bu dekorativ üsul-idarə formasını da bəyənməmiş və 25 may 1975-ci il tarixində “Məşrutə Konstitusiya”sını bir fərmanla ləğv etmiş, mütləq və müstəbid olan öz qanlı üsul-idarəsini yaratmışdı. 1905-1911-ci illər İran İnqilabında mütləq şahlıq rejimini yıxaraq konstitusiyalı şahlıq rejimini qurmaq üçün İran inqilabçılarının axan qanı əslində Məhəmməd Rza şahın tapdaladığı Konstitusiya üçün axıdılmışdı.
İRAN İNQİLABININ İNANC QAYNAQLARI
İran inqilabının başlıca qaynağı İslam dininin bir qolu olan şiəlik məzhəbidir. Biz burada şiəlik məzhəbinin İslam tarixində necə meydana gəldiyinin xronologiyasından danışmağa lüzum görmürük. Bu mövzu bilinən və çox yayılmış tarixi bir olaydır. Şiəlik tərəfdarı kimi bir mərəzimiz də əsla yoxdur. Ancaq şiəliyin tarixində çox önəmli iki hadisəni şərh etməklə kifayətlənəcəyik. Birinci hadisə Həzrəti Əlinin məsciddə xalqa namaz qıldırdığı zaman öldürülməsi, ikincisi Həzrəti Hüseynin Kərbala çölündə yüz nəfərlə Yezidin on altı minlik ordusuna qarşı vuruşaraq böyük bir inancla şəhid olmasıdır.
Həzrəti Peyğəmbərin yer üzündəki yeganə yadigarı olan qızı Fatimənin oğlu Hüseyn ailə üzvləri, ona itaət edən insanlarla birlikdə Kufəyə gedərkən Kərbala çölündə dayanmağa məcbur olmuşdu. Bu hadisə peyğəmbərin (“Hüseyn məndəndir, mən Hüseyndənəm, Allah Hüseyni sevəni sevsin”, – deyə buyurduğu nəvəsi Hüseyn) atası Əlinin ölümündən və böyük qardaşı Hz. Həsənin arvadı tərəfindən Əməvi qəbiləsinə aldanaraq zəhərlənməsindən sonra artıq Məkkəni tərk etmək məcburiyyətindən meydana gəlmişdi.
O zamana görə, günün siyasi hadisəsi Müaviyənin oğlu Yezidin xilafət hakimiyyətini ələ keçirərək Şamda taxt-taclı bir İslam sultanlığını qurması və imam Hüseynə ona itaət etməli olduğunu (xəlifəliyini tanıması və ona itaət etməsi) təklif etməsi olmuşdu.
İmam Hüseyn ilə Yezid arasındakı fikir ixtilafının əsas kökü xalqçılıq və demokratiya təsəvvürlərinə əsaslanırdı. İslamda soy-qəbilə üstünlüyü, əsilzadəlik ideyası yox idi. Bu ideyaya Peyğəmbərdən sonra Xəlifə Əbubəkr, Ömər, Osman və Əli riayət etmişdi. Müaviyə Şamda taxt-taclı İslam sultanlığını qurmuş və mənsub olduğu Üməyya ailəsinin ucalığını (əsilzadəliyini) iddia etmiş, əqrabalarına böyük vəzifələr vermiş, bu yolda ölkəni idarə etməyə başlamışdı. Oğlu Yezid bu üsul-idarəni istibdad, zülm metodları ilə həyata keçirməyə başlamış və ərəb qəbilələrinə üstünlüyünü qəbul etdirmişdi. Ancaq İmam Hüseyn İslama inananları qardaş saymış, irq ayrılığını rədd etmiş, hətta İslama inanma-yanları belə (icmaya dəvət) qəbul etmişdi. Məlum olduğu kimi, İslamiyyətdən qabaq Məkkədə Üməyya ailəsi zəngin, çoxsaylı ərəb aristokratiyasını təşkil edirdi. Peyğəmbərin mənsub olduğu Haşimilər ailəsi kasıb, həyat və ruzilərini alınlarının təriylə qazanan bir qəbilə idi. Demək, Üməyya oğulları ailəsi keçmiş aristokratik hakimiyyətini Müaviyənin və oğlu Yezidin timsalında davam etdirmək və Haşimilər ailəsini əzmək istəyirdilər. Məsələ bir səltənət və demokratiya qovğası kimi meydana çıxmışdı. İmam Hüseyn islamiyyətin demokratik xalqçı prinsiplərinə sadiq və sahib çıxmış və bu yolda ölümü qəbul etmişdi.
Hüseyn Yezidə itaət etməmişdi. Bu hadisə İslam ölkələrində əks-səda verdi. Kufəlilər bir neçə dəfə məktub yazaraq Hüseynin uğrunda canlarını, mallarını fəda edəcəklərini bildirmişdilər. Hüseyn Məkkədən Mədinəyə köçmüşdü. Məkkəyə əmr göndərilmişdi: Yezidə tabe olmadığı təqdirdə Hüseyn öldürüləcəkdi. Hüseyn və ona inananlar Hüseynin Məkkədə duruş gətirməyəcəyini başa düşmüşdülər. Hüseyn ona inananlara “Yezidə itaət edərək zillətlə yaşamaqdansa izzətlə ölmək yaxşıdır və əbədi yaşayış bu şəkildə mümkündür”, – demişdi. Hüseyn Məkkəni tərk edərək Kufəyə yollandı. Yolda əmisinin oğlu, onun elçisi Müslimin Kufədə şəhid edildiyini və kufəlilərin sözlərinə sadiq qalmadıqlarını eşitdi və ətrafdakı adamlarına “məni tərk edəcək adamlara haqqımı halal edirəm, getmək istəyənlər getsinlər”, dedi, gedənlər getdi, Hüseyn az adamla yoluna davam etdi. “Böyük ölümün” gününü gözləyərək irəlilədi. Yolda Yezidin ordu komandanı Hürr ilə qarşılaşdı. Hürr Hüseynə “mən səni görmədim, yoluna davam et” dedi və Hüseyn Məhərrəm ayının ikisində Kərbala çölünə çatdı. Şamda Hürrün Hüseynlə rastlaşması və onu öldürməməsi xəbəri eşidildi, buna görə Hürr Yezidin əmriylə öldürüldü. Hürr bu şəraitdə Hüseynin ilk şəhidi oldu. Kərbalada yerləşdiyi vaxtdan üç gün keçdi, Yezid böyük bir ordu ilə Hüseyni mühasirəyə aldı və ertəsi günü Fəratın suyunun qabağını kəsdilər. Hüseyn əhli-əyalı ilə susuz qaldı. Doqquzuncu gün savaş başladı. Ertəsi gün Hüseyn döyüşün dayandırılmasını xahiş etdi, bunu qəbul etdilər. O gecə ətrafındakı insanların hamısına ondan ayrılıb getmələrini xahiş etdi. Yenə gedənlər getdi, qalanlar ölməyi qəbul etdilər. Hüseyn qarşısındakı ordudan soruşdu: “Bir səhvimmi var?” “Yox”, – dedilər, – Yezidə itaət etmədiyin üçün, atana düşmən olduğumuz üçün”. Hüseynin dostları bir-bir şəhid oldular. Hüseyn Abbasın qolları və başının kəsilməsinə canlı şahid oldu. Altı aylıq olan öz oğlu Əli Əsgər, qucağında oxlandı. Məhərrəm ayının on üçüncü günü, günorta namazından bir az keçmişdi ki, Böyük Həzrət Hüseyn artıq şəhadətə qovuşmuşdu. Hələ Kərbala çöllərinə çatmamış Hüseynə müqavimət göstərməməsi, Yezidə biət etməsi yönündə məsləhətlər verənlərə O belə demişdi: “Xeyr, mən Yezidə biət etmərəm, çünki biət etsəm (İslam) və onun müqəddəs qanunlarını tapdalamış olaram, halbuki mən ölsəm, İslamın qaydaları dünya durduqca yaşayacaqdır. Hüseynin inancı və sözləri həqiqət çıxmışdı. Bu gün belə Onun Kərbala çölündə inşa edilmiş məqbərəsi islam aləminə işıq tutmaqda və inanc aşılamaqda davam edir. Hər bir inanclı əsgər və inqilabçı həzrəti Hüseyni özünə nümunə götürür (Əbdülbaki Gölpınarlı, “Milliyət” qəzeti, 2 fevral 1974).