Kitabı oku: «İran inqilabı və azadlıq hərəkatları», sayfa 3
İRANDA BABİLİK HƏRƏKATI
İslamiyyət köhnə “humanistliyini” və dinamikasını qərb xalqları arasında olduğu kimi İranda da itirmişdi. İranda şahlıq rejimi “Şahənşah” ilə birlikdə çürüyərək siyasi gücünü itirdiyi kimi, İranın gəlir qaynaqlarını şah Qərbin imperialist maliyyəçilərinə girov qoymuş, əvəzində alınan pullarla Avropanı gəzintiyə çıxmış və beləliklə başı Derbar-Sarayda əyləncələrə qarışmışdı. Kəndli sinfi, şəhər yoxsulları, ac, işsiz, ümidsiz, çarəsiz bir vəziyyətdə bir tikə çörək qazanmaq üçün yad məmləkətlərə getməyin yollarını axtarmaqdaydılar.
İranda hakim təbəqə dövlət məmurları, cahil, xeyir güdən mollalar və axundlar idi. Belə ki, hakimiyyət şah və onun sarayı da daxil olmaqla ruhani deyilən bu xain qrupun əlində oyuncaq olmaqdan başqa bir şey deyildi. Digər tərəfdən də azadlıq, mal və can toxunulmazlığı adına hər cürə haqq və hüquq problemləri ayaqlar altında əzilməkdəydi. Belə vəziyyətdən narahat olan İran xalqı tanrıya sığınaraq, axır zaman peyğəmbəri Mehdini gözləyirdi. Çünki başqa bir yolu yox idi və belə anlarda insan övladına hökmən bir təsəlli mənbəyi lazım olur.
Digər tərəfdən, yaradılışdan tacir olan İran xalqları arasında ticarət burjuası yaranmış və inkişaf etmişdir. Ticarət burjuaziyası sinfi rahat bir şəkildə ticarətlə məşğul olmaq, idxal-ixrac işlərini həyata keçirmək üçün ölkədə hökm sürən feodal rejimin yerinə sakitlik və rifah gətirəcək bir rejim istəyirdilər. Ortalıqda nə islamın təmiz əxlaq qaydaları, nə də İranda qanun deyə bir şey qalmışdı.
Bəli, elə tam bu vəziyyətdə, 1843-cü ildə Şirazlı gənc Seyyid Mirzə Əli Məhəmməd meydana çıxmışdı. Mirzə Seyyid Əli Məhəmməd köhnə dinləri, hind yoxsulluq cərəyanı və sehrbazlığını, Şərq dinlərini araşdırmış, Məkkəyə, Həccə getmiş, Kufədə Hz. Əlinin öldürüldüyü məscidi də ziyarət etmişdi. Sözü gedən şəxs o qədər düşüncəli, qaradinməz, inanclı və özünə qapanmış idi ki, xalq ona əvvəlcə “Fəqir”, bir az sonra isə “Övliya” adını qoymuşdu.
Şiraza qayıtdıqdan sonra Seyyid Əli Məhəmməd, səyahət qeydlərini nəşr elətdirmişdi. Sonra da Quranı təfsir eləməyə başlamışdı. Onun bunu etməkdə məqsədi islamı tənqid deyildi, tam əksinə, Quranın təmiz qayda-qanunlarını yenidən, doğru bir şəkildə təbliğ etmək və İslamı axmaq, cahil, möhtəkir din nümayəndələrindən xilas etmək idi. Əsas məqsədi o zaman İran Üləması adlandırılan din xadimlərinin İran xalqına aşıladığı xütbələrin əslində Quran-i Kərimin ehkamına uyğun olmadığını xalqa bildirmək idi.
Seyyid Əli Məhəmməd, gözəl və imanlı sözlər deməsi, səmimi və əzmli olması və ən çətin dini və fəlsəfi fikirləri xalqa sadə bir dillə izah etməsi sayəsində çox az bir zamanda xalq tərəfindən sevildi. Xalq ona “Bab” ləqəbini verdi. Bu Bab adı, Məhəmməd Peyğəmbərin İmam Əli haqqında “Ana-medine-tül İlmun, Ali Babi-ha” yəni “Mən elmin şəhəriyəm, Əli isə qapısıdır” sözlərindən gəlir. Demək, Seyyid Əli Məhəmmədin adı insanları tanrıya aparan yolun (Babı) qapısı mənasını daşıyır
Həzrəti Bab Şirazda fikirlərini sərbəst bir şəkildə 1840-1844 illər arasında yaydı və xütbələr oxudu. Şahın harınlamış məmurları və axmaq üləmasının səhvlərini, pisliklərini heç çəkinmədən üzlərinə vuran Babdan Tehranda şaha ard-arda şikayət etdilər. Bab bundan heç qorxmadı və xalqı yeni qurduğu məzhəbə dəvət etməyə davam elədi. Şaha məktub yazaraq axmaq üləmanın və rüşvətxor məmurların elədikləri yaramazlıqları bir-bir bildirdi. Əlavə olaraq Bab, şahdan xalqı məlumatlandır-maq və yeni məzhəbinə dəvət etmək üçün Tehrana gəlmək üçün icazə istədi.
Şah ətrafındakı saray adamlarının da mənfəətlərini düşünərək Baba Tehrana gəlməyə icazə vermədi və Şirazdakı məmurlarına Babı susdurmaqlarını yazdı. Bab, bir müddət susdu və yoxa çıxdısa da, tərəfdarları olan Babilər getdikcə artmağa başladılar və axmaq molla və axundlar xalq tərəfindən qorxmadan tənqid edilməyə başlandı. Bu ərəfədə Babın 18 şagirdi və şeyxi yetişmişdi və artıq Babilik məzhəbinin yayanlar onlar idilər. Bunlardan ən güclüsü Xorasanlı Hüseyn Buşruyə idi. Hüseyn Buşruyə, İsfahan və Keyanda Babilik təriqətini yaymaqda böyük əzm göstərmişdi. Tehranda 1847 ci ildə şah tərəfindən qəbul edilmiş və Babi şəriətinin qaydalarını ona izah etmişdir. Babın şagirdlərindən olan Seyid Hüseyn və Seyid Həsən o dövrdə cahil üləmalar tərəfindən səhv dəyişikliklərə məruz qalan Quranı köhnə təmiz mənası ilə yenidən qələmə almışdılar.
Babilik məzhəbi, İslamın doğru əsaslarını qəbul edir, mərkəzi hökumətə itaət etməyi isə rədd edirdi. Babilik məzhəbində Allah tək və əbədidir, insanları yaradıb və sonunda yenə öz hüzuruna çağıracaqdır. Pislik xaliq ilə məxluqun bir-birindən uzaqlaşmasının nəticəsidir. Qiyamət günündə təmiz və saf olanlar Allaha qovuşacaqlar, pislər isə cəhənnəmə atılacaqdır. Musa, İsa, Məhəmməd və Bab peyğəmbərdirlər. Allahın hikmətini idrak edən başqa elçilər də gələcəkdir. Babilər üləma sinfinin ləğv olunmasını, qanun adına edilən zülmlərin qarşısının alınmasını, ölüm cəzası ilə çox qadınla evlənmənin və qadınların pisliklərini gizləyən çadraların qaldırılmasını, boşanmaların da azaldılma-sını istəyirdilər.
Babilərin proqramının etiraz və inqilabçı ruhla yazılmasını duymaq heç də çətin deyildir. Şahı Tehran sarayında ziyarət edən Hüseyn Buşruyə sarayın yüksək vəzifəli məmurları tərəfindən böyük bir qəzəblə qarşılandı. Şah bu saray qrupu ilə mübarizə aparacaq gücdə deyildi. Hüseyin Buşruyəni Xorasana göndərdilər. Hüseyn Buşruyə Nişabur və Məşhəd xalqının etibarını qazandı və onları öz hərəkatına cəlb etdi. Bu əsnada Babın ilk şagirdləri də intensiv fəaliyyətə başladılar. Bunlardan Hacı Məhəmməd Əli Mazandarana gedərək orada Hüseyn Buşruyə ilə birləşdi. Babilik cərəyanı çox sürətlə irəliləməyə davam elədi, şaxələndi, qol-budaq atdı, geniş bir kütləni öz arxasınca apardı. Babilik artıq bütün İran ərazisinə yayılan bir dini cərəyana çevrilmişdi.
Babın müridlərindən olan Ərdəbilli Molla Kazvin də Azərbaycanda təbliğata başladı. Gənc və gözəl bir Kazvinli qız, babiliyi qəbul edərək, bu məzhəbin atəşin tərəfkeşlərindən biri oldu. Kənd-kənd gəzərək xalqı Babiliyə dəvət etdi və ətrafına çox sayda tərəfdar yığdı. Elə həmən vaxtda İran şahı Məhəmməd şah öldü. Mazandaran üləması, yeni taxta çıxan 14 yaşındakı uşaq – Nəsrəddin şah və saray vəzirləri ilə dilbir olaraq Babilərə qarşı silahlı hücum hazırladılar. Hüseyn Buşruyə və dostu Molla Məhəmməd Əli Mazandaran üləmasının silahlı həmləsinə qorxmadan silahla cavab verdilər. Xorasandan gələn tərəfdarları bir qrup şəklində dəstək oldular. Uşaq şahın yeni baş naziri Əmir Nizam şahzadələrdən birini şah qüvvələrini nizamlamaq və Babiləri cəzalandırmaq üçün Mazandarana göndərdi. Bu savaşda şahın qüvvələri məğlub oldu. Ancaq Əli Məhəmməd Hacı ağzından vurulan bir güllə ilə öldü. Şah ordusu geriyə çəkildi və yenidən güc toplayaraq Babilərə qarşı hücuma keçdi. Bu dəfə də şah ordusu məğlub edildi. Babilərin şeyxi Hüseyn Buşruyə vuruldu, babilər başsız qaldılar, inşa etdikləri qalaya sığındılar. Şahın ordusu qalanı mühasirəyə aldı, mühasirə 4 ay çəkdi və sonda Babilərin sağ qalanları canlarına toxunulmaması şərti ilə təslim oldular. Lakin şahın ordu komandiri olan Şahzadə sözünə xilaf çıxaraq əsir düşən bütün babiləri öldürdü. Babiliyin silahlı savaşı 1878-ci ilin dekabr ayından 1879-cu ilin avqustuna qədər davam etmişdi.
Babilərlə qarşı savaş tez bir zamanda sona çatmadı, əksinə daha da qüvvətləndi və amansız şəkil aldı. Zən-can mollalarından Məhəmməd Əli 15000 nəfərlik Babi tərəfdarı ilə şəhəri ələ keçirdi, bununla savaş yenidən qızışdı. Bir neçə həftə davam edən döyüşdən sonra Şeyx Məhəmməd Əli vurularaq öldürüldü, geridə qalan babilər də yenə can toxunulmazlığı vədi ilə əsir alınaraq öldürüldülər. Babilərin üsyanı bununla da sönmədi. İranın bütün vilayətlərinə sıçradı. Baş vəzir Əmir Nizam, Babı əsir götürərək həbsə atdırdı. 1850-ci ilin Şaban ayının 27-ci günündə Bab edam edildi. Bununla belə babilərin təbliğatları səngimədi və getdikcə daha də artdı. Şah Babilərin hirslərini soyutmaq üçün baş vəziri (baş nazir) Əmir Nizamı edam etdirdi.
Trixdə İran şahlığının əlinə Qərb anlamında irəliyə addım ata bilmək üçün çox gözəl və münasib bir fürsət düşmüşdü. Şərqin hər yerində olduğu kimi fanatik molla və axundlar, bir sözlə ruhanilər və öz mənfəətini güdən məmurlar buna əngəl oldular.
Burada İranda Babilik hərəkatının ən acı və faciəvi hadisəsi olan qadın şairə Kürrətül-Ayn Tahirədən bəhs etməsəm olmaz. Gənc, gözəl və elmli bir qadın olan Tahirə Babilik hərəkatına çadrasını ataraq daxil olmuş və çox az zamanda da bir çox tərəfdar qazana bilmişdi. Xalq ona Kürrətül-Ayn (Gözlərin işığı), Zərrin-Tac (Qızıl tac) adını vermişdi. O ölənə qədər təmizliyini və inancına olan bağlılığını qorumuşdu. Qəzvin axundunun bu qəhrəman şairə qızı yenə inancı uğruna şəhid olmuşdur. Yazdığı şeirlər bu gün özünə İranın klassik əsərləri arasında yer alır. Edam ediləcəyi gün ona məsləhət edilir ki, Babiliyi tərk etsin və şaha biyət etsin, şah da onu bağışlasın. Tahirə bu təklifə belə cavab verir:
Mən deməm ki, sən səməndər ol, ya da pərvanə ol,
Çünki yanmaq niyyətimdir, dönmə gəl, mərdanə ol …
Tahirə bundan sonra yandırılaraq edam edilir (“İstoriya XIX veka” 1933, Moskva, Lavissa-Rambo + Raymond Furon).
Mirzə Yəhya Nuri (Sübhi Əzəli) adı ilə yeni Bab seçildi. Bu gənc Bab silahlı çatışmanı qadağan etdi. Babilik bütün İrana yayıldı.
İRANDA İLK SİYASİ PARTİYA VƏ QURUMLARIN MEYDANA GƏLMƏSİ
İranda ilk siyasi partiya 1858-ci ildə qurulmuşdur. Bu partiyanın adı “Adəmiyyət Cəmiyyəti” olub, təsisçiləri Mirzə Melkum xan və dostları idi. “Adəmiyyət cəmiyyəti”nin proqramı günümüzə qədər gəlib çatmamışdır. İran tarixinin bu dönəminə həsr edilən araşdırmalardan öyrənirik ki, partiyanın hədəfi konstitusiyalı, məhdud səlahiyyətlərə malik şahlıq üsuli-idarəsini yaratmaqdır. Partiya cəhalət və dini geriliklə ardıcıl mübarizə aparılması ideyasını irəli sürmüş və yeni məktəblər və elmi qurumlar yaradılması fikrini müdafiə etmişdir. Adəmiyyət cəmiyyətinin ikinci görkəmli başçısı Mirzə Yusif xan Müstəşarü-Dövlədir. O, İranın qərb ölkələri anlamında mədəni və iqtisadi inkişaf yoluna daxil olması üçün konstitusiyalı şahlıq rejimini qəbul etməsinin vacib olduğunu açıq şəkildə müdafiə etmişdir. Adəmiyyət cəmiyyətinin bu iki qüvvətli və imanlı liderinin başçılığı ilə partiya 1885-1897-ci illər arasında çox güclənmişdi. Beləliklə, onlar köhnə, çürümüş İran şahlıq rejiminin dəyişdirilməsini normal anlaşma yolu ilə olmazsa, zor gücünə və inqilabla həyata keçirilməsi ideyasını irəli sürmüşdülər.
İranda ikinci siyasi partiya 1892-ci ildə təsis edilmiş “İttihadi-İslam” partiyasıdır. Bu partiya, İstanbulda Şeyx Cəmaləddin Əfqani və onun sadiq silahdaşları tərəfindən qurulmuşdu. Zalım şahlıq və sultanlığa, habelə Qərb imperialistlərinə qarşı güclü və amansız mübarizə aparan Şeyx Cəmaləddinin təsiri ilə bu partiya İranda əvvəlcə “Hövzayi-Bidaran” adı ilə yaradılmışdı. Bütün müsəlmanların imperialistlərə qarşı birləşib mübarizə aparmalarını məqsədə çevirən bu partiya İranda şahlıq rejiminə qarşı burjua təyinatlı güclü bir hərəkat yaratmışdı. Bu partiyanın igid və fədakar üzvü olan Mirzə Rza Kirmani, əlli il şahlıq taxtında oturmasına rəğmən İran xalqlarına ölüm, zülm, aclıq və savadsızlıqdan başqa bir şey verməyən Nəsrəddin şahı 1896-cı ildə öldürmüşdür. 1897-ci ildə İttihadi-İslam partiyası İstanbulda Əbdülhəmid tərəfindən dağıdılmış və görkəmli üzvlərindən bir qismi sürgünə göndərilmişdi, bir qismi də Əbdülhəmidə uyğun üsullarla öldürülmüşdü. İran inqilabçılarından Mirzə Ağa xan (gənc şair), Mirzə Məhəmməd Əli xan və başqaları da İran hökumətinin tələbi ilə Osmanlı padşahı tərəfindən İrana təslim edilmiş, bu dəyərli və cəsur inqilabçılar Tehrana daxil olmamış yolda boğularaq öldürülmüşdü.
Əbdülhəmid Şeyx Cəmaləddini İrana təslim etməmişdi. Bir müddət keçdikdən sonra Əbdülhəmid Şeyx Cəmaləddin Əfqanini yanına çağırır, sarayda ona verilən bir fincan qəhvəni içdikdən sonra ölür. Bu hadisə bu şəkildə ifadə edilmişdi:
İçincə sayeyi-lütfü humayununda bir kahve,
Cemalul-lahı seyretti Cemalettin-i Afqani…
Şeyx Cəmaləddin Əfqanini yalnız dar çərçivə içində İran inqilabçısı saymaq və bu şəkildə dəyərləndirmək doğru deyildir. O, böyük insan, islam dünyası və Şərqin böyük mütəfəkkiri və inqilabçısı idi. Əslən əfqanlıdır. Əfqan nazir müavini olduğu zaman proqressiv fikirlərinə görə nazirlikdən istefa vermiş və islam dünyasının böyük şəhərlərini və paytaxtlarını gəzmiş, heç bir yerdə çəkinmədən proqressiv fikirləri yaymağa başlamış və islam xalqlarının birləşərək Qərb imperialistlərinə qarşı mübarizə aparmalarını, Qərb mədəniyyətini qəbul edərək islahatlar həyata keçirmələrini arzu etmişdi. Buna görə müsəlman olan hər yerdə fanatik və feodal zehnli kütlələrin sərt reaksiyası ilə qarşılaşmışdır. Əfqani Qərb dünyasının da mədəniyyət və sənət mərkəzlərini gəzmiş, Parisdə Renanla dostluq edərək onunla elmi və fəlsəfi müzakirə və mübahisələr etmişdir. “Renan Əfqanlı üçün: “onunla görüşəndə İbn Rüştü xatırlayıram”, – demişdir.” (Əhməd Ağaoğlu. İran və inqilabı, s. 93). Şeyx Cəmaləddin Əfqaninin şərq xalqlarının arasında proqressiv fikirli inqilabçıların yetişməsində mürşid rolunu oynaması şəksizdir. İranda Seyid Cəmaləddin Əsədəbadi kimi tanınan Şeyx Cəmaləddin İran və İraq din adamlarına yazdığı bir məktubda deyirdi ki, “hökumət dini və mülki qaydaları aradan qaldırmış və beləliklə, ağıl və məntiqdən kənara çıxmışdır. Ehtiras hər şeyə hakim kəsilmişdir. Güc və təcavüz tək yoldur, dəmir və atəş bu zülmün tək vasitəsidir. Şah qan tökməkdən zövq alır. Namusa təcavüz onun əyləncəsi olmuşdur. Dul və yetim malını qəsb etmək onun üçün sadəcə bir oyundur. Məmləkətdə təhlükəsizlikdən söz gedə bilməz. Əhali can və malını qorumaq məqsədi ilə başqa məmləkətlərə sığınmaq məcburiyyətindədir. Hakim və valilərin bazarlıq yolu ilə satın aldıqları vəzifələrə qarşılıq verdikləri pulları artıqlaması ilə xalqdan almaq və çıxarmaq üçün əl atmadıqları haqsızlıq və zülm yoxdur. Qadınları saçlarından asdırmaq, kişiləri vəhşi köpəklərə parçalatmaq, burunlarını dələrək halqalar taxmaq və küçələrdə gəzdirmək… pul qoparmaq üçün sınanılan çarələr…”
Seyid Cəmaləddinin bu şərhlərində heç bir şişirtmə yoxdur, əksinə reallığı bir az da əskik təsvir etmişdir.
Seyid Cəmaləddin bir çox ölkələri gəzdikdən və proqressiv fikirli şəxslərlə dostluq münasibətləri qurduqdan sonra ən son İstanbulda qərar tutmuşdu. İslam dünyasının bir qisim inqilabçıları, o cümlədən İran inqilabçıları Seyid Cəmaləddinin ətrafına toplaşmışdılar. Bunlardan Ziya Paşa, Namik Kamal, Midhət Paşa və başqa Osmanlı inqilabçılarının təsiri altında qaldıq-larını düşünmək gərəkdir. Bu yöndən İran inqilabı üzərində Türkiyənin təsiri önəmli yer tuturdu. Bu mülahizəni İran inqilab tarixi ilə bağlı araşdırma aparmış yazarlar da qəbul edirlər.
İran inqilabçıları arasında başda gələn görkəmli şəxslərdən biri də Mirzə Melkum xandır. Uzun müddət İranı İngiltərə Krallığında səfir sifəti ilə təmsil etmişdir. Qabaqcıl və inqilabçı cəhdləriylə İranın inkişafında böyük xidmətlər göstərmişdir. Mirzə Ağa xan, Hacı Mirzə Həsən xan, Habirül Mülk, Şeyx Əhməd kimi dəyərli İran inqilabçılarını unutmaq olmaz. İran inqilabı geniş bir toplum, xalq hərəkatı olmuşdur. İran inqilabını yalnız şəxslər kontekstində araşdırmaqla dəyər vermək yanlışlıq olardı. Yuxarıda adı çəkilən inqilabçılar və silahdaşları geniş xalq topluluqlarına arxalanırdılar. Bu dövrdə İranda meydana gələn ticarət burjuaziyası, çox sayda xırda ticarətçilər, az sayda olsa da İran məktəblərində yetişən ziyalılar, ardı-arası kəsilmədən zülmə, haqsızlığa, həqarətə uğrayan kasıb xalq kütləsi İran inqilabının iştirakçıları olmuşlar. Ziyalı din adamları və saraya mənsub olan, habelə saraydan kənarda fəaliyyət göstərən islahat tərəfdarı məmurlar təbəqəsi Qərb ilə ticarət aparan tacirlərin Qərbə gedişlərində şahidi olduqları, azad ölkələrdən əxz etdikləri təcrübə, onların Qərb məktəblərində təhsil alan uşaqları – ziyalı gənc inqilabçılar ştatını təşkil edirdi. Ancaq onları hərəkətə gətirmək üçün təşkilatlanmaq şərt idi.
Bu müddətdə İran inqilab hərəkatına “Adəmiyyət cəmiyyəti” ilə “İttihat-İslam”ın İran qolu sayılan “Havzayi-Bidaran” (Ayıq insanlar qrupu) rəhbərlik etmişdir. Bu siyasi təşkilatların rəhbərlikləri 1897-ci ilə qədər mövcud olmuşdur. 1897-1903-cü illər arasında İranda təşkilatlanmış olan “Maarif Əncüməni” inqilabın hazırlıq mərhələsini yerinə yetirir. Komissiya (Əncümən) və onun vilayətlərdəki şöbələri yeni məktəbləri, qəzet və başqa yayınları və qurumun gizli özək və ocaqlarını hazırlayır. İranda o zamanın ziyalılarından çoxu Əncümən təşkilatı ətrafında toplanmışdı. Şahlığın daxili idarəetmə müstəvisində yol verdiyi saysız-hesabsız özbaşınalıqlara və xarici imperializmin istismarçılığına qarşı savaş məhz İranın bu qabaqcıl gücləri tərəfindən aparılırdı. Şah sarayına mənsub olan bəzi ziyalı məmurların bu qabaqcıl gücləri dəstəklədikləri ortada idi. Gizli “Əncümən” siyasi təşkilatının yeraltı fəaliyyəti yalnız paytaxt Tehranda mövcud olmamış, Təbriz, İsfahan və başqa böyük şəhərlərdə də yayılmışdır. Əncümən təşkilatının 1905-ci ildə başlayan İran inqilabının hazırlanmasında böyük xidməti danılmazdır.
(QAFQAZ) AZƏRBAYCANIN İRAN İNQİLABINA TƏSİRİ
XIX əsrin birinci çərəyində çar rus imperializminin istismarçı siyasət istiqamətində apardığı savaşların nəticəsi olaraq “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Azərbaycan iki yerə bölünərək Qafqaz hissəsi Rusiyaya, Cənub hissəsi isə İrana verildi. Bu tarixdən sonra bu ölkənin xalqı tarixin gedişində fərqli iqtisadi və sosial şərtlər daxilində yaşamışlar. İmperialist və feodal-kapitalist Rusiya Qərbin Avropa ənənələrini qismən mənimsəmiş və müəyyən iqtisadi və mədəni qurumlarını qərbləşdirmişdi. Rus çarlığının müstəmləkəsi olan Azərbaycan da Rusiyanın qərbləşməsi ilə müvazi şəkildə irəliləmişdir. Azərbaycan torpaqlarının neft, mis, kobalt, duz və başqa metallarla zəngin olması, kənd təsərrüfatı məhsulları baxımından məhsuldarlığı Azərbaycan xalqının Rusiya ilə birlikdə Qərb iqtisadi və mədəni ənənələrini mənimsəməsinə və xüsusən, Qərbi həqiqətən tanımasına yardım etmişdir.
Yuxarıda qısa şəkildə verə bildiyim bilgi çərçivəsində və tarixin çaxnaşmalarında Azərbaycanda qərbləşmə ideyası XIX əsrin birinci yarısında meydana gəlmiş və inkişaf etmişdir. Azərbaycanın şimal hissəsində cərəyan edən proqressiv-qabaqcıl fikir axını Güney Azərbaycana da təsir göstərmişdi. Azərbaycana XIX əsrin birinci yarısında yeniləşmə – qərbləşmə ideyasını gətirənlərin başında Pr. Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi, general Qutqaşınlı və başqaları dayanırdı. Bunlardan Mirzə Fətəli Axundzadə bütün şərq ölkələri miqyasında böyük bir mütəfəkkir, inqilabçı və ədib idi. Mirzə Melkum xan, Mirzə Yusif xan İranda Manekçi Sahib və başqaları, Hindistanda onun açdığı inqilabçı məktəbin şagirdləri yetişir, Mirzə Fətəlinin şəxsiyyətinə və fəaliyyətinə çox önəm verir və dəyərləndirirdilər. Mirzə Yusif xan onu “Şərq xalqlarının qabaqcıl öndəri” adlandırır və Axundzadənin ictimai-siyasi səylərini alqışlayırdı. Mirzə Fətəli Axundzadə Azərbaycana, İran və Hindistan kimi şərq ölkələrinə yeniləşmənin dərin fəlsəfəsini gətirmişdir. Onun dərin və radikal inqilabçı fəlsəfəsi simvolik olaraq yazdığı və qəhrəmanları adsız olan “Hindistan şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə yazdığı üç məktub və Cəmalüddövlənin bu məktublara verdiyi cavab” adlı əsəri, “Mövlana Cəlaləddin Rumi və onun Məsnəvisi haqqında” tənqidi yazısı, “Filosof Yuma cavab”, “Babilik haqqında”, “Molla Ələkbərlə mübahisə”, “Con Stüart Milə cavab”, “Tək kəlmə” və fəlsəfi görüşünü ifadə edən başqa əsərləri ilə aydınlaşırdı. O, yazılarında Şərq xalqlarının geriliyini bütün gülünclüyü və bayağılığı ilə ortaya qoyur, onu rəhmsizcəsinə tənqid edir və yuxarıda göstərilən fəlsəfi əsərləriylə mədəni və azad bir cəmiyyətin hansı hüquqi prinsiplərə tabe tutulmalı olduğunu göstərirdi. Bu əsərləri ilə Mirzə Fətəli feodal despot rus çarlığı rejimini də alt-üst edirdi. Ancaq həmsöhbətləri İran və Hindistandan seçdiyi anonim şəxslər idi. Beləliklə, əsərləri çarizm istibdadının senzurasından keçirilirdi. Mirzə Fətəli Axundzadə İranda Mirzə Melkum xanın (1833-1908) şəxsində özünün görkəmli tərəfdarını və mübarizə silahdaşını tapmışdı. Axundzadə 1866-cı ildə Kəmalüddövlə məktublarını Mirzə Yusif xanla birlikdə fars dilinə tərcümə etmişdi (“Azərbaycan ədəbiyyatı tarixi”, cild 2, s. 191, Elmlər Akademiyasının nəşri, Bakı).
Mirzə Fətəli 1869-cu ilin fevral ayında “Məktublar” əsərini Mirzə Yusif xana göndərmiş və əsərin əl yazması ilə çoxaldılaraq yayılmasını xahiş etmişdi. Bu hadisənin gizli saxlanılmasını xüsusi olaraq vurğulamışdır. Mirzə Yusif xan 1870-ci ildə əsəri Bombeydə çap etmək üçün icazə istəmişdir. Mirzə yazdığı cavabında “əsərinin heç dəyişdirilmədən çapına icazə verə biləcəyini, əks təqdirdə əsəri təsirdən və ruhdan məhrum etməklə çapına razı olmayacağını” bildirmişdir.
Mirzə Yusif xan 1870-ci ildə Parisdən Axundzadəyə yazdığı bir məktubunda qeyd edirdi ki, “Cənab Mirzə Kazım bəy (Məşhur akademiya üzvü və Kazan Universitetinin professoru azərbaycanlı Kazım bəydən söz gedir) Peterburqdan Parisə gəldi. Ona sizin haqqınızda danışdım – Axundzadə islam şərqində ərəb əlifbasının dəyişdirilməsinin tərəfdarı idi – əlifbanızı səfirlikdə oturduğu otaqda gecə-gündüz oxudu və çox bəyəndi. Kəmalüddövlənin farsca bir nüsxəsinin titul səhifəsinə öz xətti ilə bu sözləri yazmışdı: “Bərəkallah Kəmalüddövlə”. Bu hadisədən də anlaşılır ki, adı keçən əsər çap edilib yayınlanmış olmasa da, zamanında şərq ziyalıları arasında böyük təsirə malik olmuşdur. Yuxarıda Mirzə Yusif xanın məktubundan başa düşürük ki, bu əsər əl ilə yazılaraq çoxaldılmışdır.
Mirzə Melkum xanın “Şeyx və Vəzir”, “Məbdei Terakki”, “Üsulе təməddün”, “Üsulе аdəmiyyət”, “Dövlət siyasəti” əsərləri Axundzadənin təsiri ilə yazılmışdır (“Azərbaycan ədəbiyyatı tarixi”, cild 2, s. 193).
1876-cı ildə Mirzə Fətəlinin həyatının dramatik dövrü başlayır. Əsərlərinin çap edilib yayılmaması, uşaqlarının ölməsi Mirzə Fətəlini kədərləndirmiş, onu demək olar ki, ruhdan salmışdı. Zərdüştçü Maneki Sahibə yazdığı bir məktubda qeyd edirdi ki, “Qocaldım, yaşım altmış beşdir, saç-saqqalım tamamilə ağarmışdır. Arzum 11 il daha yaşamaqdır. Brüsseldə oxuyan oğlum Mirzə Rəşidin təhsilini bitirməsini və evlənməsini görmək istəyirəm, toyunu özüm eləmək istərdim. Ondan sonra Kəmalüddövləni və 20-yə yaxın əsərimi gələcək nəslə yadigar qoyub bu dünyadan köçüb gedərdim”. Təəssüf ki, proqressiv düşüncəli böyük ədibin bu arzuları həyata keçmədi və 1877-ci ildə ürək xəstəliyin-dən vəfat etdi (“Məktublar”, “Azərbaycan ədəbiyyatı tarixi”, c. 2, Bakı, 1924, s. 194.).
Bu mövzu üzərində ətraflı dayanmaqda məqsədim proqressiv dünyagörüşü və düşüncə baxımından Şimali Azərbaycanın İrana, Hindistana və Cənubi Azərbaycana olan əhəmiyyətli təsirini vurğulamaqdır. İqtisadi baxımdan və siyasi hərəkat istiqamətində Şimali Azərbaycanın Şərq ölkələrinin inkişafındakı payı başqa bir mövzunun predmetini təşkil edə bilər.
Qafqaz Azərbaycanı, paytaxt Bakıdan Batumiyə çəkilən dəmir yolu sayəsində İran üçün Qərbə açılan geniş bir ticarət yolu və limanı olmuşdur. Bu yol ilə İran istehsal etdiyi malları ən qısa yolla Qərbə göndərir, ordan isə ehtiyacı olan fabrik məhsullarını alırdı. Bu alış-veriş İranın orta və böyük burjuaziyasını da Qərbə meylləndirirdi. İranlı tacir Qərbdən mal aldığı zaman oradakı iqtisadi duruma göz atır, bunları İrandakı vəziyyətlə tutuşdururdu. İrana qayıtdıqda ölkəsinə yalnız Qərbin hazır mallarını deyil, Qərbi Avropanın azad fikrini də gətirmiş olurdu. Bununla birlikdə Bakı neft mədənlərinə işçi göndərirkən bu işçilərin həyat təcrübəsi artır, səviyyələri yüksəlirdi. Onlar artıq İranın geri qalmış kəndlərindəki geriliyi arxada buraxır, fəal və dinamik şəhər həyatına öyrəşirdilər. Bütün bunları İran inqilabına giriş hesab etmək mümkündür. İran inqilabı başladığı zaman Qafqaz Azərbaycanından könüllü olaraq qardaşlarına kömək etmək məqsədi ilə gedən Şimali Azərbaycanlıları yaddan çıxarmaq lazım deyildir.
Ücretsiz ön izlemeyi tamamladınız.