Kitabı oku: «Həqq Məndədir», sayfa 3
Yazı tipi:
«Kim ki, aldandı cahanın ağulu ləzzatına…»
Kim ki, aldandı cahanın ağulu ləzzatına,
Düşdü şol mənsubəsi çox dünyanın şəhmatına.
Divi-məl’undur, saqın, əmmarə nəfsin mərkəbi,
Minmə, gər azğun degilsən nəfsi-şumun atına!
Də’va eylərsən ki, həqqi bilmişəm, sadiq degil,
Çün dəlilin yoxdur, ey münkir, anın isbatına.
Zülfü qaşın, kirpigindir tilkə ayatül-kitab,
Üştə müshəf, gəl bax anın surəvü ayatına!
Taətü zikrü namazı məkrü fəndir zahidin,
Arif ol, aldanma billah, zahidin tamatına!
Nəfxeyi-surun sədası dutdu afaqı, eşit,
Ey olan aşiq, həmirin ənkərəl-əsvatına!
Kafirin bütxanəsidir dünyanın kaşanəsi,
Yoxdur imanı anın kim, səcdə qıldı latına.
Cami-Cəmşid oldu hər şey, surətindən uy verür,
Ey günəş, feyzin irişdi aləmin zərratına!
Zatının eynidir Allahın süfatı, ey bəşər,
Leykin ol bildi bu rəmzi kim, irişdi zatına.
Surətin gör kim, nə müğləqdir anın mə’nisinə,
Kimsənin əqli irişməz kəndi idrakatına.
Çün camalından Nəsimi əbcədin qıldı tamam,
Eynü mimin əmməsindən irdi vəssafatına.
«Yoxdur vəfası dünyanın, aldanma anın alına…»
Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına.
Nəqdi dəğəldir dünyanın, anınla bazar eyləmə,
Niçün ki, hər kim qəlb ilə eylərsə bazar, alına.
Çün cümlə qiylü qal imiş darül-qürurun hasili,
Şol bisəbatın düşməgil bihudə qiylü qalına.
Arısı yalandır, saqın, dadlusına aldanma kim,
Acıdır anın şəkkəri, ağu qatılmış balına.
Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif,
Tərkibinə gəl bax anın, şol yavü nunü dalına.
Fani cahanın sevgisi damu odudur yandırır,
Qaç ol qarıdan, ey könül, aldanma zülfü xalına.
Möhnətdir anın dövləti, zəhmətdir anın həşməti,
Müdbirdir ol kim, bağladı qəlbin anın iqbalına.
Təzvirü böhtandır işi, həm qövlü fe’li müxtəlif,
Halın sana şərh eylədim, fikr eylə anın halına.
Divi-rəcimin atıdır əmmarə nəfsin mərkəbi,
Tərk eylə divin atını, yapışma anın yalına!
Möhkəm oyunçudur fələk, mənsubəsindən gəl saqın,
Ey bibəsirət, bax anın şol surəti-əhvalına.
Şol bimisalın eşqinə verdi Nəsimi könlünü,
Dünya nola, ya axirət kim, qala mülkü malına?
«Yerin yağmur həyatıdır, həyat uçmaq nəbatıdır…»
Yerin yağmur həyatıdır, həyat uçmaq nəbatıdır,
Bahar onun səbatıdır ki, göstərər bu aləmdən.
Havada tutiyü qumru, çəməndə çəngü saz eylər,
Dutar ahəngini quşlar kimi zilü, kimi bəmdən.
Ağaclar hüllə puşindən, ya qönçə badə nuşindən,
Çəmən sərxoşi cuşindən, qədəh pürlə’li-şəbnəmdən.
Nə qafil evdə qalmışsan, sən ey qafil, bu mövsümdə,
Çü bülbül güldən ayrılmaz, ya aşiq yarü həmdəmdən.
Çü bilirsən sərəncamı, keçirmə püxtədən xamı,
Qənimət gör bu əyyamı, bu gün sən camı çək cəmdən.
Çü gördün güllər açılmış, suçular qeybə içilmiş,
Bulara qarşı biz daxi nuş etdik, içdik ol cəmdən.
Ələ gətir nigarını, ye, iç onunla varını,
Bu gün xoş keç qo yarını, qərəz xoş andır adəmdən.
Əyağa əl uralım uş, bu dəm eyşi sürəlim uş,
Dəmimiz xoş görəlim uş, neçələr qaldı bu dəmdən.
Gör ol salusü məhrumu, məni zöhd ilə qorxudur,
Sanasan kəndi dün gəlmiş bərat ilə cəhənnəmdən.
Bu asi qulların cürmü cahana imdimi gəldi,
Bizə ol dəmdə qalıbdır günah Həvvavü Adəmdən.
Nəsimi, asiyə uydun, vəli bunu dəxi duydun
Ki, cürmün bilənə rəhmət qılır həq matəqəddümdən.
«Gəl, ey dilbər, iki aləmdə cansan…»
Gəl, ey dilbər, iki aləmdə cansan,
Gəl, ey ruhi-rəvanım, sən nə cansan?!
Fələk üstündə heyrandır, mələk mat,
Nə dəryasan, nə gövhərsən, nə kansan?
Həyati-Xızr axar daim ləbindən,
Anınçün çeşmeyi-abi-rəvansan.
Gözündən fitnə yayıldı cahana,
Məgər kim, fitneyi-axırzamansan!
Saçın buyu Xətavü Rumu dutdu,
Bu buy ilə məgər ənbərfəşansan?!
Saçından çün bəlirdi küntəkənzən,
Bəyan eylə, bəyan, şərhi-bəyansan!
Cahan oldu bu gün hüsnündə mə’mur,
Məgər ki, hüsn ilə kişvərsitansan!
Cahanın səhl imiş sudü ziyanı,
Ziyansız aşiqə sən biziyansan!
Bəladır qamətin, amma və lakin
Bu qədd ilə bəlayi-nagəhansan.
Camalındır bu gün aləmdə, ey can,
Əyan oldu cahan, həqdən əyansan.
Dəmadəm hüsnünə heyran olur can,
Məgər kim, sən həyati-cavidansan!
Cahan yandı bu gün eşqin oduna,
Yaxarsan aşiqi, atəşzəbansan!
Səba zülfün tozunu yelə verdi,
Məgər kim, sünbüli-ənbərnihansan!
Mana sən nəqlini ərz etmə, vaiz,
Anınçün kim, yalançı qissəxansan!
Nəsimi çün səni buldu əzəldən,
Həqiqət bildi ki, sən laməkansan!
«Əgərçi candasan, candan nihansan…»
Əgərçi candasan, candan nihansan,
Degilsən candan ayrı, bəlkə cansan.
Kişi verməz nişan səndən əgərçi,
Yerü gög dopdolu külli nişansan.
Necə gizlədəyim məndən səni kim,
Nəyə kim baxıram, andan əyansan.
Xəcil eylər rüxün hüsn ilə ayı,
Məgər sən fitneyi-axırzamansan?
Ərəb nitqi dutulmuşdur dilindən,
Səni kimdir deyən kim, türkmansan?
Canı tərh eylədim, bezdim cahandan,
Səni bildim ki, can ilə cahansan.
Görən sənsən, görünən sən gözümdə,
Nə var söyləmisən, külli lisansan.
Həqiqət, vəhyi-mütləqdir bu sözlər,
Bu sözü bil kim, andan tərcümansan.
Nəsimi, çün bu gün dövran sənindir,
Cahanda xosrovi-sahibzamansan.
Ətəgin silk, əlin çək kün-fəkandan,
Nə axır zübdeyi-kövnü məkansan.
«Tərk eyləməz can eşqini, min gəz gər anı yaxasan…»
Tərk eyləməz can eşqini, min gəz gər anı yaxasan,
Hicrində layiq görmə kim, hər dəm bu canı yaxasan.
Ey istəyən didarını, Musa kimi mə’şuqənin,
Vacib budur eşqində kim, canı, cahanı yaxasan.
Axırzamanın fitnəsi, bürqə camalından götür,
Ta eşqə üzərlik kimi pirü cavanı yaxasan.
Ey eşqə münkir müddəi, gir aşiqin tövhidinə,
Ta sərbəsər içindəki şirkü gümanı yaxasan.
Anəstünarın sirrini faş etdi şəm’indən üzün,
Ta nuruna pərvanətək kövnü məkanı yaxasan.
Ey qiyməti eşqin gühər, könlümdür onun mə’dəni,
Çün kan gərəkdir gövhərə, niçün bu kanı yaxasan?
Namü nişanü şöhrətin afətdir əhli-eşq üçün,
Var, ey könül, cəhd eylə kim, namü nişanı yaxasan.
Canıma eşqin odu çün kar eylədi, yaxdı tamam,
Şimdi gərəkdir, qaliba, bağrımda qanı yaxasan.
Ey axıdan dürdanəyi kirpiklərindən dəmbədəm,
Eşqin odundan qorxuram k’abi-rəvanı1 yaxasan.
Ey lata tapan bibəsər, gəl gör bu mahın surətin,
Ta latü üzza başına deyri-muğanı yaxasan.
Çaxdı Nəsiminin dili Allahi-nurun sirrinə,
Ey nari-qüdsi, qandasan, ta ol zəbanı yaxasan.
«Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm…»
Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,
Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.
Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,
Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.
Aləmül-qeybin süfatı məndən oldu aşikar,
Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.
Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,
Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.
Ümmühat ilən nə var abaya olmasa xələl,
Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.
Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,
Talibi-didari-yaram, şadimanam, xürrəməm.
Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,
Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.
«Qulluğa bel bağladım, sultanı gözlər gözlərim…»
Qulluğa bel bağladım, sultanı gözlər gözlərim,
Dərdinə tuş olmuşam, dərmanı gözlər gözlərim.
Gözlərim gözləri gözlər həzrətini şahımın,
Necəsi gözləməsin, sübhanı gözlər gözlərim.
Gördügüm ol, bildigim ol, istəgim həm oldurur,
Əvvəl oldur, axır oldur, anı gözlər gözlərim.
Mən də şahın yoluna canımı qurban etmişəm,
Eşq ilə girdim yola, meydanı gözlər gözlərim.
Cür’eyi-eşqin dilər ki, könlümə mehman ola,
Xidmətə bel bağladım, mehmanı gözlər gözlərim.
Gecələr yahu deyib hər dəm təmənna eylərəm,
Rəhmətindən umaram, rəhmanı gözlər gözlərim.
Ey Nəsimi, sidq ilə yolunda xak olmaq üçün
Can elindən gəlmişəm, cananı gözlər gözlərim.
«Nə hüsn olur, bu nə surət, zəhi behişti-nəim…»
Nə hüsn olur, bu nə surət, zəhi behişti-nəim?
Nə lütf olur, bu nə mə’ni, zi rəbbi-ərşi-əzim?
Könül səba nəfəsindən dirildi, can buldu,
Qara saçın qoxusundan nə bu gətirdi nəsim.
Nəsimi-zülfünə baş ilə can nisar edərəm,
Nə simü zər kimi layiqdir ol nəsimə nəsim.
Görün bu çeşmeyi-heyvanləbi ki, şə’nində
Gəlibdir ayəti-yöhyülizamü vəhyi-rəmim.
Müsəlləm oldu sənə dilbəri cahanda bu gün
Kim, ay ilə günəş oldu camalına təslim.
Əzəldə var idi eşqin bu can içində mənim,
Zavala olmaya qabil binayi-əhdi-qədim.
Gərəksə cövr ilə öldür, gərək məni yandır,
Nə qayğu oddan ana kim, əti bəqəlbi-səlim.
Müəttər eylədi zülfün şəmimi afaqı,
Və laəcibə minəl-ətri an yəfuhə şəmim.
Yolunda qoydu Nəsimi cahan ilə canı,
Təfavüt etməz anı gər qəbul qılsa kərim.
«Əlminnətilillah ki, bu gün yarımı buldum…»
Əlminnətilillah ki, bu gün yarımı buldum,
Könlümdə duran dilbərü dildarımı buldum.
Dəgməz mana bir pula cahan varlığı ilə,
Neçün ki, gözəl sikkəli dinarımı buldum.
Torpaq ikən ol Zöhrə mana Müştəri oldu,
Dəllala çağırgil de ki, bazarımı buldum.
Firdövsə məni də’vət edən zahidə söylə,
Ol tikənə göz dikmə ki, gülzarımı buldum.
Yusif yeridir kim, mana qul yazıla, çünkim,
Misrində ləbi tüngi-şəkərbarımı buldum.
Faş eyləməzəm razımı naməhrəmə, çünkim,
Məhbubi-əmin, məhrəmi-əsrarımı buldum.
Bəxtim günəşi doğduvü uyxudan oyandı,
Mə’nisi bu kim, dövləti-bidarımı buldum.
Bağdada gəl, ey qasid, ilət şol xəbəri kim,
Şol şö’bədəçi dilbəri-əyyarımı buldum.
Ey nəqdini tərrara verən uyxulu qafil,
Şol üzüqəmər türreyi-tərrarımı buldum.
Mənsur kimi məndən əgər çıxdı ənəlhəq,
Ey xacə, itab eyləmə kim, darımı buldum.
Gər Musa kimi aşiq isən üzünə anın,
Gör səndə səni, söylə ki, didarımı buldum.
Verdi saçının küfrünə imanı Nəsimi,
Ey xirqə geyən, mən dəxi zünnarımı buldum.
«Gəl, ey əgri, məni gör kim cahanın padişahıyam…»
Gəl, ey əgri, məni gör kim cahanın padişahıyam,
Üzümə doğru bax, doğru fələkin şəmsü mahıyam.
Hümayun zilliyəm bişək, cahan sayəmdədir üştə,
Mən ol dövlətli sadiqəm, səadətin külahıyam.
Süleymanam mən, ey arif ki, xatəm məndədir, məndə,
Mən anın hökmünə təslim, Süleyman mürğü mahıyam.
Neçə qalmışlara yaram, neçələrə həm əğyaram,
Nə yerdə istəsən varam, qamu aləm pənahıyam.
Şəriətəm, divanam mən, gah aşkara nihanam mən,
Həm ol müddəi də’vası, həm onun mən günahıyam.
Nəsimi, sən demə cüzvi deyilsən mim ilə nun,
Vəli oldur deyən daim qamu aləm ilahıyam.
«Yarını satdın bahasız, bilmədin miqdarını…»
Yarını satdın bahasız, bilmədin miqdarını,
Heçə dəgməz şol kişi kim, heçə satar yarını.
Cövhəri nadan əlindən müştəri alur ucuz,
Cövhəri bilməz nə bilsin gövhərin miqdarını.
Kim ki, yarından bəqasız canını gördü əziz,
Yarını itürdi nadan, bulmadı dildarını.
Aşiqin əsrarını aşiq gərəkdir kim bilə,
Olmayan aşiq nə bilsin aşiqin əsrarını?
Kim ki, qurban olmadı yolunda şol mə’şuqənin,
Çin degil də’vası anın, heçə say iqrarını.
Neyləsin yarın cəfasın çəkməyən aşiq müdam,
Çünki yar istər həmişə aşiqin azarını.
Dara çıx, yan, ey ənəlhəq söyləyən Mənsur, əgər
Axirət darından istərsən səlamət darını.
Kim ki, yarın zülfün əldən qodu yüz min can ilə,
Bibəsər torpağa saldı nafeyi-tatarını.
Ey Nəsimi, incuyi dürrü bilən sərrafa sat,
Cövhəri nadana satma lö’löi-şəhvarını.
«Bahar oldu vü açıldı üzündən pərdə gülzarın…»
Bahar oldu vü açıldı üzündən pərdə gülzarın,
İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın.
Gülüstan Turi-qüds oldu baharın nurü narından,
Gəl, ey Musa, gör asarın çəməndə nur ilə narın.
Çiçəklər müxtəlif əlvan, nə mə’nidir, anı bil ki,
Boyası bir imiş çün kim, bu ənvarın, bu əzharın.
Əbirindən çəmən, gör kim, nə teyb afaqa göndərmiş
Kim, olmuş buyü ətrindən məşamı tazə əttarın.
Nə ənbərdir tütən, yarəb, şəqayiq məcmərindən kim,
Ki, buyundan anın qədri sınıqmış mişki-tatarın.
Gəl, ey siminbədən saqi, mənə sun cami-səhbayı
Ki, gəldi rövnəqi-güldən meyi-gülrəngi xummarın.
Əgərçi sünbülü nərgis bəyani-kuntə kənz eylər,
Qaçan bəlhüməzəl bilsin işaratın bu əsrarın.
Bu gün gər aləmil-qeybin vücudun görmək istərsən,
Rəyahin uş bəyan eylər zühurun çərxi-səyyarın.
Bu musiqidən, ey same’, sana gər nəsnə kəşf oldu,
Məqamatın bəyan eylə, üsulun göstər ədvarın.
Əgər susənləyin əbkəm deyilsə nitqə gəl, söylə
Ki, hərfü nöqtə tərkibi nə yerdəndir bu göftarın.
Bu gün gər aləmül-qeybin nişanın görmək istərsən,
Rəyahin uş bəyan eylər zühuri çərxi-səyyarın.
Cahan cənnati-ədn olmuş, çəmən səhnində hurilər,
Bəzənmiş hüllədən bustan, açılmış gözü əşcarın.
Bu gün bazar edər gülşən səməndən laləvü güldən,
Qənimət gör ki, beş gündür tamaşası bu bazarın
Nəsiminin sözü gərçi dəmi-Isadır, ey münkir,
Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın.
«Həq ta ki, yar oldu mənə, sər ta qədəm yar olmuşam…»
Həq ta ki, yar oldu mənə, sər ta qədəm yar olmuşam,
Ta görmüşəm didarını, müştaqi-didar olmuşam.
Anəstünarən sirrini Musa nə bilsin, ya şəcər,
Anı mana sorsun ki, mən ol nur ilə nar olmuşam.
Zikrim ənəlhəqdir mənim, həq sözlərim həqdir mənim,
Darın içində qeyrəna həm leysə-fiddar olmuşam.
Arif qatında mədhü zəmm bir əsl imiş, sən arif ol,
Gör kim, necə hər natiqin dilində göftar olmuşam.
Mail-ənəbdəndir əgər hər sərxoşun sərxoşluğu,
Mən içmişəm eşqin meyin, sərməstü xumar olmuşam.
Xüldün güli-xəndanıdır gülgün yanağın, ey günəş,
Bülbül kimi məstəm, anın eşqindən uş zar omluşam.
Gülşən kimi açılmışam buyi-gülündən arizin,
Gör kim, camalından necə fərxəndə gülzar olmuşam.
Mişkin saçından bulmuşam şol buyi-canəfzayı kim,
Teybindən anın sanasan teyyibü əttar olmuşam.
Şirin dodağın vəsfini ta söylər oldu məntiqim,
Ey Misri-hüsnün Yusifi, qəndü şəkərbar olmuşam.
Yarəb, nə fəttan ay imiş tabəndə üzün bədri kim,
Ənvari-tabından anın ta bəndə ənvar olmuşam.
Sevda meyindən sərxoşam məstanə eynintək, vəli,
Qəflət meyindən taibəm, niçün ki, huşyar olmuşam.
Zülfü rüxün əsrarını ta həq mana kəşf eylədi,
Üzündəyəm gənci-xəfi, zülfündə bərdar olmuşam.
Sərvi-güləndamın kimi aləmdə azadam, vəli
Zənciri-zülfin qeydinə möhkəm giriftar olmuşam.
Lö’löi-nabın vəsfini ta söylər oldu məntiqim,
Səm’ində hər siminbərin lö’löi-şəhvar olmuşam.
Buldu Nəsimi ta səni zatında, şəksiz-şübhəsiz,
Olmuş Nəsimidən bəri, yə’ni ki, bizar olmuşam.
«Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam…»
Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam,
Tərk cahanı qılmışam, cismə girib can olmuşam.
Dərdin dərunumda mənim aləmlərə çaxdı məni,
Qabil dəlildir, dərdimə həqdir ki, dərman olmuşam.
Dövri-qəmərdə gözlərin bir gəz qıya baxdı mana,
Zülmündən ol xunxarənin qan ilə qəltan olmuşam.
Ey bağü gülzarı üzün çün cənnətül-mə’va imiş,
Sən rövzəsisən, mən sənin qapında rizvan olmuşam.
Ey Turi-Sina, ərzə qıl həqqin təcəllisin mana,
Musa kimi didarına müştaqü heyran olmuşam.
Ol dəm ki, üzün görmüşəm, yüz yerdə səcdə qılmışam,
İman şəhadət etmişəm, anda müsəlman olmuşam.
Ey sayeyi-rəhman mənə, ey surəti-yəzdan mənə,
Dutdum üzüm səndən sənə, çün əhli-iman olmuşam.
Eşqinlə mövc içində mən dişlərinin əksin görüb,
Dürdanələrdir gözlərim, lö’löi-mərcan olmuşam.
Könlün Nəsiminin xarab etdisə eşqin, qəm deyil,
Mən gizli gənci bulmuşam, şol gəncə viran olmuşam.
«Əgərçi rahi-eşqində əsirəm…»
Əgərçi rahi-eşqində əsirəm,
Şəha, ol ad ilə aləmdə mirəm.
Təmənna dər cəhan mara həmin əst
Ki, pişi-həzrəti-pakət bemirəm.
Qədəh sun, saqi, dövründə bu gün mən.
Cavanbəxti-cahanam, gərçi pirəm.
Fərağət darəm əz şahani-dünya,
Betəxti-bəxti-xud şahü vəzirəm.
Sinəm gəncineyi-sirri-xudadır,
Nola gər surətən xürdü həqirəm.
Bəyani-ruyi-xud kərdəm mən əz can,
Be nuri-şəm’i-rovşən dilpəzirəm.
Çü zahir batinin əlvanı oldu,
Dərunumda nə kim, var anı derəm.
Besaqi dər əzəl mən əhd bəstəm,
Bedəsti-xiş cami-mey nəgirəm.
Görünən gözümə həqdir, anınçün,
Həqiqət nurilə sahibbəsirəm.
Həmə aləm bebin, por şod ze avaz,
Ze ahü naleyi-suzi-nəfirəm.
Bular canlar sifatından cahanda,
Anınçün kim, məqamati-hərirəm.
Süleymanəm, çe pəndari to mara,
Fərazi-ərşi-həq əz tu sərirəm.
İkilik mülkünü viranə qıldım,
Onunçün guşeyi-vəhdətdə birəm.
Çera manəm be qəflətha gereftar,
Çü Fəzli-rəhnuma şod dəstgirəm.
Fərağət olmuşam sudü ziyandan,
Nəsimiyəm ki, dərvişəm, fəqirəm.
«Qaluda məni saqi əsritdi şərabından…»
Qaluda məni saqi əsritdi şərabından,
İçirdi ləbi-lə’li Xızrın mənə abından.
Üzündəki həft ayət kim, fatihədir adı,
Tə’vili-kəlamullah açıldı kitabından.
Tabəndə üzün nuru, yarəb, nə günəşdir kim,
Sərgəştə gəzər, yanar gün ay ilə tabından.
Üzün nə qızılgüldür, saçın nə qara sünbül,
Həyy oldu iki aləm reyhanü gülabından.
Gəl fə’təbərudan göz aç, nəzər əhlini gör,
Nə hüsn ilə çıxdı gör mə’şuqə niqabından.
Həq xirqəyə, ey salik, baxmaz, içini arıt,
Gir aləmi-tövhidə, çıx xirqə hicabından.
Ey fitnəsi çox eynin uyxuda sanan yarı,
Şol fitnə qanı kim, ol oyanmadı xabından.
Həşrin günəşi doğdu şamında iki zülfü,
Gəl vaqif ol, ey zahid, mizanü hecabından.
Təsbih ilə tamatın bazarı kasad oldu,
Dükkanını yıx anın, köç eylə xarabından.
Xızrın abi-heyvanı nitqidir anın gəl iç,
Gör kim, nə həyat axar mərcani-xoşabından.
Yarəb, necə saildir aləmdə Nəsimi kim,
Ruhül-qüdüsün nitqi bağlandı cavabından.
«Arifi-laməkan otuz ikidir…»
Arifi-laməkan otuz ikidir,
Sahibi-cismü can otuz ikidir.
Aç könül gözünüvü güzgüyə bax,
Ki yəqin, bigüman otuz ikidir.
Çün üzündür kitab, ayatı
İstiva ilə san otuz ikidir.
Endi İsa, gətirdi şirki-xilaf,
Uştə sahibzaman otuz ikidir.
Sidrətül-müntəhanın əqsamı,
Sayır isən, haman otuz ikidir.
Sənsən ümmül-kitabın əsrarı,
Bil ki, səb’ül-məsan otuz ikidir.
Vəhyü ilhamü ya nəbiyyü vəli,
Verən, alan əyan otuz ikidir.
Gör Nəsimi ki, surətü mə’ni,
Aşikarü nihan otuz ikidir.
«Hər kişinin sorman əslin, izzətindən bəllidir…»
Hər kişinin sorman əslin, izzətindən bəllidir,
Söhbəti-irfan görənlər xidmətindən bəllidir.
Həq təala elm içində çünki simahum dedi,
Hər kişinin üzünə bax, surətindən bəllidir.
Dərvişin pirini sormaq dedilər adət degil,
Arifanə bir nəzər qıl, kisvətindən bəllidir.
Hər zərin qəlbi məhəkdən bilinür bəllü bəyan,
Nitəkim bimari-eşqin illətindən bəllidir.
Sorsalar səndən rəqibi, sən nəsindən biləsən,
Mən bilirəm, sözü əgri ənsəsindən bəllidir.
Ey Nəsimi, nəqdini nadan əlinə vermə kim,
Cövhəri dana bilir həm qiymətindən bəllidir.
«Aşiqə birdir əzəldən sevgili dildar, bir…»
Aşiqə birdir əzəldən sevgili dildar, bir,
İkilik yoxdur arada yar birdir, yar bir.
Munca kim seyr eylədim, gəzdim vücudum şəhrini,
Şəhr bir, dükkan birdir, söyləyən göftar bir.
Aşiqi-divanəyəm, gəldim, ənəlhəq söylərəm,
Nar birdir, nur birdir, əslü rəsmi-dar bir.
Aşiq olanlar səxidir, aqil olanlar bəxil,
İki aşiq arasında gizlidir əsrar bir.
Zahidi-nadana söylən, özünü tərk eyləsin,
Bu həqiqət aləmində olmasın inkar bir.
İnkar əhlin söylədirsən birə yüz der, yüzə min,
Əhli-iqrarın qatında varı birdir, var bir.
Aşiqü mə’şuq yolunda doğrudur həq mənzili,
İki arif arasında xirqəvü zünnar bir.
Qəhrinə bel bağladım, lütfün görüm şayəd sənin,
Canı verdim, başı qoydum, vermişəm iqrar bir.
Pir birdir, sirr birdir, sirr ilə bir olmayan,
İkilik sığmaz arada, sirr ilə sirdar bir.
Gər Nəsiminin pənahı Şahi-Mərdandır Əli,
On səkiz min aləmə hökm eyləyən sərdar bir.
1.K’abi rəvanı – Ki abi-rəvanı, axar suyu.
₺109,73
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022Hacim:
220 s. 1 illüstrasyonISBN:
978-9952-8452-1-2Telif hakkı:
JekaPrint