Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Həqq Məndədir», sayfa 4

Yazı tipi:

«Eşq yolunda kim ki, ol yarına canfəşan gedər…»

 
Eşq yolunda kim ki, ol yarına canfəşan gedər,
Əhli-yəqin bilir kim, ol cənnətə bigüman gedər.
 
 
Qəddü üzün hekayətin eşidəlidən, ey sənəm,
Sərv gəlir xəyalıma, cöhrədən ərğəvan gedər.
 
 
Yox xəyalı dəmbədəm gözlərimin sarayına
Ab kimi rəvan gəlür, yaş kimi rəvan gedər.
 
 
Ey həvəs eyləyən kişi eşqə, eşit bu nüktəyi,
Xubların xəyalına vermə könül ki, can gedər.
 
 
Yar ilə söhbət eyləmək bir dəm, iki cahan dəgər,
Dövlət anın ki, yar ilə söhbəti cavidan gedər.
 
 
Nərgisi-şuxu dilbərin fitnəyi-axır eylədi,
Sərv qədinə qıl nəzər, gör necəsi rəvan gedər.
 
 
Kirpik oxilə yarəlü qıldı gözün Nəsimiyi,
Anınüçün gözündən uş ləhzədə bunca qan gedər.
 

«Eydi əkbərdir camalın, eydə can qurban olur…»

 
Eydi əkbərdir camalın, eydə can qurban olur,
Abi-heyvandır dodağın, hər kim içər can olur.
 
 
Gərçi eşqin məskəni viranəsidir könlümün,
Gənci-bipayana layiq qanda hər viran olur?
 
 
Ey qaşın mehrabü üzün qiblə iman əhlinə,
Aşiqin beytülhəramı surəti-rəhman olur.
 
 
Surətin əsrarını zahid nə bilsin, ya fəqih,
Qul-kəfa billahə məhrəm qanda hər heyvan olur.
 
 
Ey qaşınla kirpigin, mişkin saçın ümmül-kitab,
Əhli-tövhidin imamü mürşidi Qur’an olur.
 
 
Canmısın, ya adəm oğlu, ey günəşrüxsarə kim,
Surətin nəqşində insan valehü heyran olur?
 
 
Sanein ehsanıdır hüsnün təala şanəhu,
Qüdrəti kamil olanın adəti ehsan olur.
 
 
Yarəb, ol pakizə cövhər kim, bəşərdir surəti,
Qanğı aləmdən gəlir, adı nədən insan olur?
 
 
Sünbülün çinində könlüm eyləsə məskən, nola,
Əhli-tövhidin məqamı rövzeyi-rizvan olur.
 
 
Surəti hər şeydə çün kim vazeh olmuş, ey könül,
Kim dedi, huri görünməz, ya pəri pünhan olur?
 
 
Gül nə çiçəkdir ki, anı bənzədəm rüxsarına,
Qanğı gülzarda rüxüntək bir güli-xəndan olur?
 
 
Ey ki, müşkildir deyərsən vasil olmaq yar ilə,
Qoy səni, səndən kəsil kim, müşkilin asan olur.
 
 
Nəfsini hər kimsə kim, bildivü həqqi tanıdı,
Arifi-rəbb oldu, adı əbd ikən sultan olur.
 
 
Düşdü sevdayi könül aşüftə zülfün damına,
Düşməyən şol ənbərin zəncirə sərgərdan olur.
 
 
Külli-şey’un halikə lareybə illa vəchəhu,
Gör bu vəchi kim, nə vəchin vəchinə bürhan olur.
 
 
Surəti-rəhmana, inkar eylədi divi-rəcim,
Əhsəni-təqvimə inkar eyləyən şeytan olur.
 
 
Ey Nəsimi, abi-kövsərdir məgər nitqində kim,
Hər kim içər ol şərabı, məsti-cavidan olur.
 

«Bəhri-fənada fani ol, gör ki, nə xoş həyat olur…»

 
Bəhri-fənada fani ol, gör ki, nə xoş həyat olur,
Abi-həyat imiş fəna, gərçi adı məmat olur.
 
 
Kə’bə yolunda eşq ilə yoldaş ol, ey həcə varan,
Susamaz ol ki, yoldaşı Zəmzəm ilə Fərat olur.
 
 
Canü cahanü dinü dil oynamayan bu ərsədə,
Şahi-cahan olursa gər, ol rüxə şahı mat olur.
 
 
Çıxdı tufan tənurdan, qərq edisər cahanı, gəl
Gir gəmiyə ki, canına şol səbəbi-nəcat olur.
 
 
Qeyrə müqəyyid olma kim, hər nə ki, qeyridir anın,
Gər həmə kün-fəkan isə, arifi-zata Lat olur.
 
 
Əql ilə namü nəngini var, oda sal və yax anı,
Talibi-zat olan qaçan mültəfiti-sifat olur?
 
 
Qıldı fəna vücudumu, eşq güm eylədi məni,
Bəllisiz oldu hər kim, ol qərqeyi-bəhri-zat olur.
 
 
Şol günəşin şüasına zərrəcə kim ki, buldu yol,
Hər günü eydü gecəsi qədrü şəbi bərat olur.
 
 
Fikr edərəm ki, yazayım zərrəcə eşq sirrini,
Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur.
 
 
Eşqə fənayi-mütləq ol, keç bu rəvaqü taqidən,
Gövhəri-laməkan necə bəsteyi-şeş cəhat olur?
 
 
Hər həsənat kim, səni doğru ilətmədi həqə,
Qoyma anın adın həsən, gər həmə səyyiat olur.
 
 
Məscidü xanəgaha sən sufitək olma qürrə kim,
Aşiqə cümlə yerü gög mə’bədü sovməat olur.
 
 
Zövq iləvü hüzur ilə Fəzlə pərəstiş eylə kim,
Qəlbi hüzursuz olanın taəti lasəlat olur.
 
 
Canü cahana ur qafa, aşiq isən gəl, ey könül,
Aşiqə fərzü müstəcəb tərki-təəllüqat olur.
 
 
Dövlətinə bu dünyanın olma müqəyyəd, ey məlik,
Anın üçün ki, dünyanın dövləti bisəbat olur.
 
 
Vəhdəti-sərfə ta əbəd oldu Nəsimi bəllisiz,
Hər ki, bu rəsmə məhv ola, zübdeyi-kainat olur.
 

«Sirri-ilahi bilən, şol xətü xali bilür…»

 
Sirri-ilahi bilən, şol xətü xali bilür,
Hala xəbir olmayan, sanma bu halı bilür.
 
 
Qaşü gözü mö’cüzü vəhyi-mübindir anın,
Ol bilür ol sirri kim, eynivü dalı bilür.
 
 
Gərçi ə’la şə’nəhu yazaram ol şaha mən,
Hüsnünə xətm etdigim cəllə-cəlalı bilür.
 
 
Nəqlü rəvayatilə zahid uzadır sözü,
Munca nə söylər, əgər doğru məqalı bilür?
 
 
Hafiz əgərçi oxur yövmü-yünadi, vəli
Sən bu nidayı ana sor ki, Bilalı bilür.
 
 
Əhsəni-surət kimin vəsfidir, ey müddəi,
Kim ki, cavabı verə, ol bu sualı bilür.
 
 
Şol sənəmin surətin kim ki, əyan görmədi,
Qanda bu vəchi-həsən ya bu camalı bilür?
 
 
Şə’ninə nun-vəl-qələm nazil olubdur qaşın,
Kim ki, bu hərfi oxur bədrü hilalı bilür.
 
 
Mehri-rüxün vəsfini hicrə yanan cana sor,
Firqətini çəkməyən qanda vüsalı bilür?
 
 
Gərçi Nəsimi sözün dadını verdi, vəli
Kim bu sözü fəhm edər, kim bu xəyalı bilür?
 

«Könlü ə’ma olanın nuri-təcəlla nə bilür…»

 
Könlü ə’ma olanın nuri-təcəlla nə bilür?
Bu sözün şərhini binaya sor, ə’ma nə bilür?
 
 
Mö’minin güzgüsü çün mö’minimiş, gözünü aç,
Görməyən güzgüdə şol surəti, mə’na nə bilür?
 
 
Dara çıxmaq bu fəna ərsədə Mənsura düşər,
Bilməyən sirri-ənəlhəqqi, o də’va nə bilür?
 
 
Leylinin bildigini Məcnuna sor, Məcnuna,
Aqilin əqli qaçan bildi ki, Leyla nə bilür?
 
 
Bənzədirlər dodağın xəttini reyhana, vəli
Şol zümürrüd göhərin qiymətin əf’a nə bilür?
 
 
Cənnət içində olan huriliqanın zövqün
Cənnətin əhlinə sor, cənnəti-ə’la nə bilür?
 
 
Ey verən könlünü Çin nəqşinə, şol surətə bax,
Qüdrətin nəqşi yazan nəqşəni Mana nə bilür?
 
 
Axirət halını hal əhlinə sor, ey qafil,
Bu səfərdə olanın yoldaşı dünya nə bilür?
 
 
Ey Nəsimi, nəfəsin gərçi Məsiha dəmidir,
Mö’cüzün rəmzini Musa bilə, Isa nə bilür?
 

«Mö’minin qəlbi içində çünki beytüllahdır…»

 
Mö’minin qəlbi içində çünki beytüllahdır,
Neçin izzət eyləməzsən, anda çün Allahdır.
 
 
Ol məqamı tanrının kim, ərş oxuyurlar anı,
Mö’minin qəlbidürür kim, təxti-şahənşahdır.
 
 
İstəgil bir əhli-dili, ol bilir həq yolunu
Kim, anın rövşən dilində həqqə doğru rahdır.
 
 
Yerdə, göydə hər nə kim var, dünyada, üqbada həm,
Cümləsindən bəlkə yaxşı bir dili-agahdır.
 
 
Ey Nəsimi, hər kim ol dil Kə’bəsin qıldı təvaf,
İrdi məqsudü murada, vasili-dilxahdır.
 

«Zey günəş kim, zərrəsindən mahi-taban göstərər…»

 
Zey günəş kim, zərrəsindən mahi-taban göstərər,
Zey dəniz kim, qətrəsindən bəhri-ümman göstərər.
 
 
On səkiz min aləmə ayinə oldu surətin,
Çar ənasir surətində şəkli-insan göstərər.
 
 
Canü dil Beytülhəramı vəslin oldu, ey nigar,
K’əlləzi əsrayı hər dəm anda sultan göstərər.
 
 
Cameyi-cümlə xəlayiq nüsxeyi-ümmül-kitab
Olduğiçün, bu bəşər şəklində Qur’an göstərər.
 
 
Tövhidin bəhrinə fərdi-vahid olub qalmayan,
Yoxdurur tövhidi anın, küfrə iman göstərər.
 
 
Eylədi çün bu Nəsimi faş ənəlhəq sirrini,
Dönmədi, eşqin yolunda əhdü peyman göstərər.
 

«Qeybi-mütləq sirrini əgərçi pünhan göstərir…»

 
Qeybi-mütləq sirrini əgərçi pünhan göstərir,
Aşikarə kəndözin bər vəchi-insan göstərir.
 
 
Gər dilərsən, görəsən həq üzünü eynəl-yəqin,
Bistü-həştü sivü dü tə’vilü bürhan göstərir.
 
 
Üzü müshəf, xətti bismillah, xalı nöqtədür,
Sözü rəhmanir-rəhim, məcmui-Qur’an göstərir.
 
 
Hazihi cənnati ədnin, fədxəluha xalidin,
Sureyi-səb’ülməsani hurü qılman göstərir.
 
 
Qəm degil bər dar olur Mənsur, ənəlhəq çün dedi,
Əcrinə buldu savabı, dərdə dərman göstərir.
 
 
Dürlü-dürlü don içində gördüm anı dəmbədəm,
Şivə birlə külli-yövmin hüvə fiş-şan göstərir.
 
 
Əvvəl-axır, batinü zahir həqiqət halını
Surətü mə’ni mana dər cism, dər can göstərir.
 
 
Gecə-gündüz zülmətü nuru cəlal ilə camal,
Qəhrü lütfü aşiqə küfrü həm iman göstərir.
 
 
Vəslə vasilsən, qənimət dut, Nəsimi, bu dəmi,
Gərdişi-çərxi-fələk nagah hicran göstərir.
 

«Camalın, yarəb, ey dilbər, nə taban mahi-ənvərdir…»

 
Camalın, yarəb, ey dilbər, nə taban mahi-ənvərdir
Kim, anın afitabından iki aləm münəvvərdir.
 
 
Üzün xəttindən, ey huri, bəyani-küntü kənz eylər,
Təaləllah, zəhi dəftər, bu dəftər qanğı dəftərdir?
 
 
Rüxün xəttilə xalından çəri çəkmişdir, ey dilbər,
Zəhi şahzadəyi-ə’zəm ki, xoş uğurlu ləşkərdir.
 
 
Nə rə’na sidrədir, yarəb, boyun aləmdə, ey huri
Kim, anın qəddi-balası yedi iqlimə sərvərdir.
 
 
Yedi xəttin kitabından, səkiz cənnət əyan oldu,
Bu vəch ilə yəqin oldu ki, ol zati-mütəhhərdir.
 
 
Xəyalımdan deyil xali xəyalın xeyli bir saət,
Həmişə surətin nəqşi bərabərdə müsəvvərdir.
 
 
Ləbin camından ol can kim, Xızırtək irdi məqsuda,
Çıxa gəldi çü zülmətdən, bu gün adı Skəndərdir.
 
 
Bəbəktək bəslədim daim gözümdə xali-hindunu,
Bəbək şoylə əziz olmaz kim, ol xali-müdəvvərdir.
 
 
Nəsimi, Fəzlin-Allahın üzün nurunda çün gördü,
Təvafi-Kə’bə xətm oldu, səfavü həcci-əkbərdir.
 

«Şəm’ oldu könlüm, üştə fəraqında yanədir…»

 
Şəm’ oldu könlüm, üştə fəraqında yanədir,
Hər kim bu rəsmə eşqə düşə, işi ya nədir?
 
 
Eşqində hər oxu ki, fələkdən atar qəza,
Amacam ol xədəngəvü könlüm nişanədir.
 
 
Şirin hədisü dadlu kəlamından özgə söz
Aşiqlərin qulağına sığmaz, fəsanədir.
 
 
Mişkin saçınla qaliyədən vəz’ olan bənin,
Ol dam içində mən bilirəm kim, nə danədir.
 
 
Ey surətin camalü məlahətdə binəzir,
Gəlgil ki, hüsn içində camalın yeganədir.
 
 
Ol yar üçün əzəldə qul oldum bəhanəsiz,
Kimdir bəhanəsiz qulu satan, bəha nədir?
 
 
Ey xanəgaha taət evidir deyən füzul,
Meyxanəyi həm aravü gör kim, nə xanədir.
 
 
Ey ömrünü murad ilə sərf etmək istəyən,
Ver dilbərin vüsalına kim, cavidanədir.
 
 
Mə’dənsiz altun olmazü kansız degil göhər,
Ey gövhəri-yeganə, rücuun nə kanədir?
 
 
Yarın vüsalın istə bu gün, qoyma yarına,
Yarın vüsalı yarına qalmaq gümanədir.
 
 
Zülfündə məskən eylədi canı Nəsiminin,
Canın həmişə məskəni şol aşiyanədir.
 

«Həqiqət həqqi biləndir, verən varını yəğmaya…»

 
Həqiqət həqqi biləndir, verən varını yəğmaya,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdaya.
 
 
Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı
Ki, əhli-həq olan kişi, nə qəm, girsə kəlisaya.
 
 
Təkəbbür olma, ey münkir, vücudun bəhrinə qərq ol,
Həzaran mə’ni assi edər ki, qərq olan bu dəryaya.
 
 
Çıxıb mənbərdə, ey vaiz, yeyin gərm olma, əbsəm dur,
Daha məşğul idi şeytan ki, səndən zöhdü təqvaya.
 
 
Nəsimi, qəlbini pak et, cahan sevdalarından keç
Ki, mən əbdəm və ol mövla ki, nəsnə girməz araya.
 

«Bəhri-mühitə düş kim, dəryayi-ə’zəm oldur…»

 
Bəhri-mühitə düş kim, dəryayi-ə’zəm oldur,
Adəmdən olma qafil, neçin ki, adəm oldur.
 
 
Ruhülqüdüs dəmindən şol mürdə kim, dirildi,
Mə’nidə şöylə bil kim, İsəbni-Məryəm oldur.
 
 
Əsrari-küntə-kənzən hər sinə məhrəm olmaz,
Arif gərək bu sirrə, niçün ki, məhrəm oldur.
 
 
Kirpiklərin oxundan bir ox bu yana göndər,
Çünki, bu yarəlinin zəxminə mərhəm oldur.
 
 
Surətdə gərçi dilbər mə’şuqədir və leykin
Mə’nidə, filhəqiqə, aşiq dəxi həm oldur.
 
 
Qəmginə şadlıqdır yarın qəmi və leykin
Qəmginə əm bulunmaz yarın qəmi, qəm oldur.
 
 
Hər arifin kim, oldu ayinəsi camalın,
Aləmdə şək degil kim, İskəndərü Cəm oldur.
 
 
Qalu bəlada zülfün canımla həmdəm oldu,
Yə’ni həmişə bil kim, ərvaha həmdəm oldur.
 
 
Cansız bədən nə bilsin ənfasını Məsihin,
Şol cana sor kim, anı bildi ki, dəm, dəm oldur.
 
 
Mənsur əgərçi həqdən rüsvayi-aləm oldu,
Andan ana nə qəm kim, rüsvayi-aləm oldur.
 
 
Ey Kə’beyi-həqiqi, lə’lin nə Zəmzəm olmuş,
Kim susamış, Nəsimi aydır ki, Zəmzəm oldur.
 

«Təvafi-Kə’bənin gərçi səvabı çoxdur, ey mövla…»

 
Təvafi-Kə’bənin gərçi səvabı çoxdur, ey mövla,
Könül Allah evidir gəl, təvaf etmək anı ovla!
 
 
Yedi göydən dəxi ə’la könüldür billah, ey arif,
Könül içində buldular rümuzi-sirri-ma övha.
 
 
Olar kim, aşiqi-həqdir, nedərlər hurü qılmanı
Ki, huri, xüldü qılmandır tüfeyli-aşiqi-şeyda.
 
 
Gəl ey həqq istəyən talib, müqəddəs vadini teyy et
Ki, zəhmətsiz ələ girməz nə kim, istərsən, ey dana.
 
 
Vücudun şəhrinə, gir gör, könül Turunda can gəldi,
Münacat etdi həqq ilə, təcəlli gördü çün Musa.
 
 
Kişi hər nəyi kim sevsə, odur həm zikri-təsbihi,
Netəkim, daima Vamiq dilində zikridir Əzra.
 
 
Müyəssər olmadı vəslin Nəsimiyə, əya dilbər,
Xəyalın munis etmişdir, dünü gün zikrisən, şaha!
 

«Qəmzəsi bimarü eyni natəvandır sanma kim…»

 
Qəmzəsi bimarü eyni natəvandır sanma kim,
Kimsə halin bilməz anın, üştə hali məndədir.
 
 
Dünyavü üqba cəmalin vəslinə oldu tüfeyl
Vəslini çün buldum anın ittisali məndədir.
 
 
Gərçi fəttandır gözün, aydır yanağın, ayə kim
Fitneyi-axirzəmanın məkrü ali məndədir.
 
 
Surətin pakizə nəqşi, layəzalı məndədir,
Məndən ayrılmaz bu surət, uş xəyalı məndədir.
 
 
Qəmzəsi bimarü eyni natəvandır sanma kim,
Kimsə halın bilməz anın, üştə halı məndədir.
 
 
Dünyavü üqba camalın vəslinə oldu tüfeyl,
Vəslini çün buldum anın, ittisalı məndədir.
 
 
Gərçi fəttandır gözün, aydır yanağın aya kim:
Fitneyi-axırzamanın məkrü alı məndədir.
 
 
Gərçi gözdən getdigin acı fəraq oldu, vəli
Hər cəhətdən baxıram, vəslin vüsalı məndədir.
 
 
Turi-eşqindir vücudum, şol cəhətdən layəzal,
Hüsni-rüxsarın təcəllisi, camalı məndədir.
 
 
Çün dodağın kövsərindən bulmuşam abi-həyat,
Səlsəbilin eyniyəm, Xızrın zülalı məndədir.
 
 
Zülfü xalın şərhini mən yazaram hərfən bəhərf,
Çün bu mövzün nöqtənin hərfin misalı məndədir.
 
 
Ərşi-rəhmandır camalın zülcəlal aydır anı,
Ey üzün Qur’an, bəyani-zülcəlalı məndədir.
 
 
Zülf ilə qaşın hürufun yazamaz hər yazıçı,
Əbcədin buldum bu lövhün cimü dalı məndədir.
 
 
Bulmuşam mülki-Süleymanı və Qarun gəncini,
Fəzli, həqdən çün vüsalin mülkü malı məndədir.
 
 
Sorma eşqin qiylü qalın hər fəqihü şeyxə kim,
Bilmədi divani-eşqin qiylü qalı məndədir.
 
 
Ey müsəlsəl zülfünün eşqində sərgərdan olan,
Gəl mana sor kim, cavabı, həm sualı məndədir.
 
 
Ta itabın zövqünü bildirdi lə’lin camına,
Cənnətin şirü şərabı, xəmrü balı məndədir.
 
 
Laməkanın aləmin gər seyr edərsəm nə əcəb,
Cəbrəiləm, ruhi-qüdsün pərrü balı məndədir.
 
 
Eşqə məhv oldu Nəsimi, ta ki, ayruq şəm’inə
Yanmasın pərvanə kim, eşqin kamalı məndədir.
 

«Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir…»

 
Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir,
Aqiləm, əmmarə nəfsin guşmalı məndədir.
 
 
Ta səmumun narına yandırmışam şeytanı mən,
Zill min yəhmumi-əshabun şimalı məndədir.
 
 
Fəzli-həqdən çünki mən əhləl-yəqini-cənnətəm,
Ta nəim firdövsi-məskunun sülalı məndədir.
 
 
Sidreyi-məhzur içində təlhi-mənzud uş mənəm,
Şol çəkilmiş zilli-məmdudun zilalı məndədir.
 
 
Çinü Maçinü Həbəş rüxsareyi-Rum üstünə,
Basmış zəngi saçın xeyli-xəyalı məndədir.
 
 
Sormuşam lə’lində cənnət irmağı ləzzatını,
Şəkkərin abü şərabı, şirü balı məndədir.
 
 
Məndən iç cami-müsəffa, saqiyi-şafi mənəm,
Eyni-hövzün, kövsərin abi-zülalı məndədir.
 
 
Vacibül-mümkün, vücudu biərəz cövhər mənəm,
Şəhpəri-zati-süfatın bimisalı məndədir.
 
 
Saili-eşqəm, gərəkdir cümlədən şafi cavab,
Sirri-xəttin həm cavabı, həm sualı məndədir.
 
 
Müshəfi üzündən açdı çünki zülfün, kirpigin,
Barəkallah, ol kəlamüllah falı məndədir.
 
 
Maziyü müstəqbəli bu eşqə təbdil etmişəm,
Bu dəmi arif bilir kim, eşq halı məndədir.
 
 
Baxmazam ənqayi-Qafa, qürbəti-lahuta mən,
Seyr ilə simurği-eşqəm, pərrü balı məndədir.
 
 
Ol nigari-nazənin siminbərü nəsrinbədən
Sərv qəddi, gül üzarı, xəttü xalı məndədir.
 
 
Əhli-irfana,m bilirəm xəlqi mən sima ilən,
İttisali-həqqü batil infisalı məndədir.
 
 
Çün Nəsimi adəmi bildi ilahın məzhəri,
Üştə rövşən məzhərin mədlul dalı məndədir.
 

«Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla…»

 
Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla,
Nəhvlə sərfi neylər ol, oldu şəhidi-Kərbəla.
 
 
Məntiq ilə məaniyi çox oxuma, bu gün yenə
Gəldi, gətirdi bigüman müdhəti-eşqi-həl-əta.
 
 
Rahəti-ruhi-canmısan, yoxsa pəri bu şəkl ilə
Kim, dünü gün oxur bu can surəti-lövhi-rəbbəna.
 
 
Qıldı nəzər bu canıma ol şəhi-layəzali-həyy,
Həyyi-qədimi-künfəkan gör ki, nədir bu gün sana.
 
 
Ol əzəli həbibi gör, ləmyəzəli təbibi gör,
Qıl canını fəda ana, gör bu süfatı basəfa.
 
 
Şirü şərabı ol verər canına bir nigah ilə,
Şirü şərabı içə gör, demə ki, ağudur mana.
 
 
Şəhd isə düşmənin əli, alma sunarsa ol balı,
İçmə əlində şəhdi sən, ol ki, xətadurur, xəta.
 
 
Möhnəti-eşqi-yar ilə gərçi çəkişsə can bu gün,
Günü budur, keçirməgil sən dünü günü pürbəla.
 
 
Çəkdi qəmin Nəsimiyi surət ilə məaniyə,
Can ilə kuşiş eylədi, buldu bu eşqdə səfa.
 

«Ey könül, hər bivücuddan can umarsan, nə əcəb…»

 
Ey könül, hər bivücuddan can umarsan, nə əcəb!
Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!
 
 
Bişəriətlər nə bilsin ənbiyanın şərtini,
Bitəriqətdən rəhi-ərkan umarsan, nə əcəb!
 
 
Bibəsərdən mə’niyi-şövqü kamali-mə’rifət,
Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb!
 
 
Hər qayanın lə’li olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən lö’löi-mərcan umarsan, nə əcəb!
 
 
Çün əzazil əhsəni-təqvimə baş endirmədi,
Anda sirri-Kə’beyi-hənnan umarsan, nə əcəb!
 
 
Divi-naməhrəm ki, dutmaz ismi-ə’zəmdən xəbər,
Əhriməndən rəhməti-rəhman umarsan, nə əcəb!
 
 
Hiç imiş zöhdü vü zərqi, zahidin əfsanəsi,
Şol fəqihdən mə’niyi-Qur’an umarsan, nə əcəb!
 
 
Umma hər qəlbi zəğəldən aşiqin əsrarını,
Kafirin könlündə sən iman umarsan, nə əcəb!
 
 
Ey Nəsimi, bivəfadan ummagil rəsmi-vəfa,
Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!
 

«Çünkim gözümə gəlmədi hərgiz xəyali-xab…»

 
Çünkim gözümə gəlmədi hərgiz xəyali-xab,
Saqi, gətir piyaləyi, doldur şərabi-nab.
 
 
Fürsətdürü gəlin bu gecə içəlim meyi,
Şəm’ ilə mütribü mənü sən, şahidü şərab.
 
 
Mə’mur tutun nişat ilə can mülkünü müdam,
Bu ömri-nazənin çü bilirsiz qılır şitab.
 
 
Zaye’ keçirmə fürsətin, aldanma bir nəfəs,
Bir gün ola pürab ola çeşmü könül xarab.
 
 
Hərgiz zəmanə kimsəyi xoşnud qılmadı,
Hər fikr namüvafiqü hər fe’l nasəvab.
 
 
Nacins söhbəti degil illa yedi damu,
Fəzl ilə eylə ya ilah, əcrən minəl-əzab.
 
 
Divi-rəcimi adəmə həmsöhbət etməyə
Sahibnəzər bilir ki, xətadır, degil səvab.
 
 
Həmdəm nə rəsm ilə ola Cəbrilə Əhrimən,
Munis nə vəch ilə ola tuti ilə qürab.
 
 
Gəl, ey hərif, şimdi nəsihət qəbul qıl,
Cövr eyləmə hərifə ki, hacət degil itab.
 
 
Zərraq zahidin içəlim qanını səbuh,
Məhrum sufinin qılalım bağrını kabab.
 
 
Aləmdə kim ki, fitnə qapısını bağladı,
Əlhəq zəhi səadətü vallah zəhi savab.
 
 
Çün qılmadı piyalə, Nəsimi, bu gün sana
Bir dustkamlar içəlim dolu-dolu qab.
 

«Aç bu sərapərdəyi gir içəri, cana bax…»

 
Aç bu sərapərdəyi gir içəri, cana bax,
Gör nə təcəlli qılur pərtövi-canana bax.
 
 
Dost gözündə görüb sürməyi könül gözü,
Eşq ilə ondan dönüb təl’əti-sultana bax.
 
 
Əksini gör ol üzün istər isən görməyə,
Can ilə canan gözün, ayineyi-cana bax.
 
 
Açdın isə həq gözün görmək üçün həq üzün,
Küfrü əlində kimi şö’leyi-imana bax.
 
 
Sövmiəvü məscidə guşənişin oluban,
Kafiri kisvət geyib, sən bu müsəlmana bax.
 
 
Gözlərinin ayəti əksi əyan göstərir,
Dilər isən görməgə surəti-insana bax.
 
 
Niçün əgər şir isən meşədə zinharəsən,
Murçələrdən olub dedigi mərdanə bax.
 
 
Surəti-şirazidən gözünü ayırma kim,
Eylə ki, bu sən deyən dövləti-pünhana bax.
 
 
Canavü həm cahana versə əgər vəslini,
Al, ey Nəsimi, anı, qiyməti-ərzana bax.
 

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8452-1-2
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 5, 6 oylamaya göre
Metin
Ortalama puan 4, 4 oylamaya göre
Metin
Ortalama puan 4,8, 9 oylamaya göre
Metin
Ortalama puan 4,5, 6 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,9, 13 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre