Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İsahəq, Musahəq», sayfa 2

Yazı tipi:

Sonralar anam həftədə, on gündə bir dəfə belə olurdu. Mən də əvvəlkitək vahimələnmirdim. Anamın bənizinin ağardığını, əlini sinəsinə qoyub yavaşca yerə çökdüyünü görən kimi su dalınca yüyürürdüm. İndi də dərhal dolçanı qapıb anamın həmişə axşamdan doldurduğu su daşının altındakı vedrədən su gətirdim. Anamın böyründə diz çöküb əlimi dolçaya batırdım, üzünə, sinəsinə su çırpmağa başladım. İndi anam hıçqırmalı, dərindən nəfəs alıb yavaşca dikəlməli idi, sonra isə məni bağrına basıb yırğalana-yırğalana əzizləməli idi: "Mənim pənahım, bircə-pircə balam! "

Əvvəllər həmişə belə olmuşdu.

Bu dəfə əvvəlkilərtək olmadı; dolçadakı suyun hamısını anamın üzünə çırpdım, anam isə nə nəfəs aldı, nə də qalxıb məni bağrına basdı.

Anamın belə gec ayılması məni əvvəlcə təəccübləndirdi. Hətta bir də su gətirmək istədim. Əmma yarı yolda dolçanı yerə atdım, qayıdıb anamın əl-qolundan, çiyinlərindən yapışıb silkələməyə, çağırmağa başladım.

Artıq səhər açılmışdı, evimizin həyətə baxan pəncərəsindən içəriyə gün düşmüşdü. Mən isə hələ də anamın taxta kimi quru əl-qolundan çəkişdirə-çəkişdirə ağlayırdım.

Nalə içəridə yox idi. Evdən çıxdığını bilməmişdim.

Bir azdan qapıda göründü. Saçı üzünə dağılmışdı. Rəngi, necə deyərlər, kül kimi, bərk tövşüyürdü. Ayaqqabının burnundan çıxan barmağından qan axırdı. Bir az əvvəlki kimi böyük-böyük, gömgöy gözlərlə gah anama, gah mənə baxırdı. Niyə belə baxırdı? Qeyri-adi böyük, tünd göy gözlər nə deyirdi? Əlbəttə, onda mən belə incəlikləri heç cür anlaya bilməzdim. Bu suallar məni yalnız indi, əlimdə qələm, oturub o dəqiqələri yada salanda düşündürür. Bu sualların cavabı çətin deyil. İndi o gözlər, o qayaları danışan Ağlar kəndindən çıxandan sonra bütün yol uzunu Seyid Əli əmimin öz qardaşı Ələkbərin gözəl arvadı Səriyyə bibi haqqında danışdıqlarını dinləyən, bütün yol uzunu Səriyyə bibi haqqında düşünən, Səriyyə bibinin qoynunda isinməyə gələn yetim qızın ümidlərinin puça çıxdığını danışırdı. O gözlər Səriyyə bibinin qoynunda isinmək əvəzinə, yeddi yaşlı bir uşaqla dam altında qaldığını fikirləşən qızcığazın qorxusunu-dəhşətini nəql edirdi. Əmma onda mən o gözlərdəki mənanı oxumaqdan məhrum idim. Məni ancaq bir şey düşündürürdü: anam niyə ayılmırdı?

Eynilə atam əsgərliyə gedən günü olduğu kimi, evimizə çoxlu arvad, kişi gəldi. Məni anamdan ayırıb bir evə apardılar. Orda mənə deyirdilər: "Anan dədəyin yanına gedib ”. Bu vaxt artıq atamın da həyatda olmadığını bilmirdim. Bilmirdim ki, Seyid Əli əmi uzaq cəbhələrdən anama xəbər gə-tirmiş və anamın xəstə ürəyi bu xəbərə dözməmişdi. Bunların heç birini anlamırdım, ona görə deyiləni də anlamırdım.

Əmma tezliklə hər şeyi bildim. Daha doğrusu, bir hadisə məsələlərin yavaş-yavaş açılmasına səbəb oldu…

Məni anamdan ayırandan sonra, qapısından baxanda dal bacası görünən, karvansaray kimi uzun, yarımqaranlıq bir dama – töyləyə aparmışdılar.

Töylənin gerisində çubuqdan hörülmüş çəpərə arakəsmənin dalında xeyli mal-qoyun saxlayırdılar. Bəridə, orta bacanın altında iri bir kötük tüstülənirdi. Bu korun-korun yanan ocağın qırağında bir-birinə oxşayan iki arıq, balaca ağ-saqqal qoca otururdu. İkisi də eşiyə-bacaya çox az çıxırdı. Bu ona, o buna: "Ay İsa, Ay Musa" – deyə-deyə, xırıldaya-xırıldaya nə barədə isə uzun-uzadı danışırdılar. Gah saatlarla qəlyan sümürə-sümürə susur, gah da bir-birilə bəhsə girmiş kimi, ağız-ağıza öskürüşürdülər.

Qocalardan başqa, damda səhərdən axşama qədər küncdə-bucaqda dümələnən, həmişə yaşmağı burnunun üstündə duran, bürüşük-qırışıq bir qarı vardı. Mənim əllərimi anamın əllərindən qoparıb, sümük kimi quru, sərt əlləri ilə belimdən məngənətək sıxıb, qışqırda-qışqırda evimizdən çıxardan, Nalənin biləyindən yapışıb yanınca çəkə-çəkə bu yarımqaranlıq töyləyə gətirən həmin qarı idi. Yadımdadır ki, qarı məni həyətimizdən çıxaranda dalımızca bir dəstə arvad-kişi düşmüşdü. “Evləri-imarətləri qoyub uşağı qara dama niyə aparırsan? “Nə olsun ki, simsarsınız? Biz Səriyyənin balasını sizin heç birinizdən az istəmirik “Dağa, Ağalara da göndərmək olar, yaxın qohum-əqrəba içində böyüsün! və sair belə qışqır-bağırla qarını hər yandan fənikdirirdilər – təntidirdilər. Əmma qarı heç kəsə məhəl qoymadı; bir adama bir kəlmə cavab da verməyib, məni qoltuğunda töyləyə sürüdü, içəri girəndə isə məni qocaların üstünə atıb, Naləni ocağın qırağına itələyib, qayıdıb qapının rəzəsini keçirdi…

Qısasını deyirəm. Nalə qocalarla lap ilk gündən dostlaşdı. Gah "İsa baba”, gah "Musa baba”, – deyə-deyə nə barədə isə şirin-şirin danışdığını indi də xatırlayıram. “Nə barədə isə deyirəm, çünki ilk günlərdə onların söhbətinə qulaq asmırdım; ürəyim öz evimizdə, anamın yanında idi. Mizgək iyi verən bu yarımqaranlıq töyləyə, korun-korun yanan orta ocağın içəridə lay-lay yatan acı tüstüsünə, iki yandan dəmlənən qəlyanların iyinə, iki tərəfdən öskürüşməyə başlayanda saqqalları islanana qədər susmayan bu qocalara heç cür isinişə bilmirdim. Nalə deyirdi bunlar da dağdan – Ağlar kəndindən qaçan alimlərdəndilər, guya dünyada bu qocalardan bilikli adamlar yoxdur. Guya Seyid Əli əmini və mənim atamı da bu qocalar saxlayıb. Niyə? Bunların öz uşaqları olmayıbmı ki, başqa uşaqların dərdinə qalıblar?

Nalə nağıl kimi bir şey söyləyirdi. On il əvvəl, kolxoz qurulan vaxt, belləri mauzerli, çiyinləri beşaçılan tüfəngli "otryadnik" lər bir gecə həmin qara dama dolub İsa baba ilə Musa babanın oğullarını güllələyiblər. O vaxtdan İsa baba ilə Musa baba yasa batıb bu qara damda qalıblar. Guya indi bizim burda olmağımız babaları sevindirir.

Əmma mən orda heç bir sevinc əlaməti görmürdüm.

Gecələr arakəsmənin dalında gah dana böyürürdü, gah çəpiş məkkildəyirdi, gah da dal bacanın ağzında səhərə qədər it hürürdü. Yalnız səhərə yaxın qarı durub heyvanları çölə çıxardandan sonra gözümə yuxu gedirdi. Onda da orta bacadan işıq düşməmiş ayılan qocaların öskürtüsünə oyanırdım. Bu vaxt qarı yenə küncdə-bucaqda dümələnirdi, Nalə İsa babası ilə Musa babasının əllərinə sarı aftafadan su tökürdü. Qocaların açıq dirsəklərindən süzülən su ocağa doğru axıb isti qoru qaynadır, qatı buğ qalxıb orta bacaya doğru diklənirdi. Mən ancaq bu vaxtlar, yəni qocaların dəstəmaz alan, qarının fıshafıs üfürə-üfürə, şap-paşap ətəkləyə-ətəkləyə ocağı qalayıb qara çaydanda çay qaynadan vaxtında, fürsət tapıb qapının arasından sivişib həyətimizə yüyürürdüm. Bağlı qapının qabağında büzüşüb, dizlərimi qucaqlayıb, gözümü uzaqlara dikib “dədəmin yanına getmiş anamın yolunu gözləyirdim. Burda hər şey – çardağın altında qaralan ocaq daşları da, dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlu pəncərənin dalında görünən su daşı ilə mis dolça da mənə anamı xatırladırdı. Hər gün, hər saat, hər dəqiqə onun yolunu, qucağını gözləyirdim. Günlərin birində onun hökmən gələcəyinə şübhə eləmirdim. Əmma hərdən canıma üşütmə düşürdü; anamın taxta kimi qurumuş əl-qolunu, hərəkətsiz donuq gözlərini görürdüm, barmaqlarımın ucunda alnının, sinəsinin soyuqluğunu duyurdum. Belə dəqiqələrdə məni yaş boğurdu. Əmma nədənsə, ucadan ağlamağa ürək eləmirdim. Kimlərsə deyirdilər: "Necə sızıl-dayır yetim! Taftıdan qorxur”. Və mən, doğrudan da, Taftı qarının yenə gəlib məni aparacağından qorxurdum, için-için sızıldayır, göynəyirdim. Yalnız Taftı gəlib, yenə öz qurusümük qolu ilə ortamdan bərk-bərk sıxıb, böyrüncə sallaya-sallaya aparanda hönkürməyə, vayhəşir salmağa başlayırdım. Qara damda adamı təngə gətirən öyüd-nəsihət yenə davam edirdi; İsa baba susanda, Musa baba deyirdi, Musa baba susanda İsa baba deyirdi: "Allah qoysa dava qurtaracaq, dədən də, anan da gələcəklər, çıxıb gedəcəksən evinizə"…

Hərdən gecələr burda saqqalsız bir qoca da peyda olurdu. Adına gah "Çürük" deyirdilər, gah da "Aşıq". Sonradan bildim ki, adı Çürük aşıqdır, sazı da var, mütəkkənin üstündə oturub lap asta-asta çalıb, asta-asta oxuyur:

 
Alçaq dağdan duman qalxar
Dağı dolana – dolana.
Usta bağban bağı saxlar
Bağı dolana – dolana…
 

O, astaca səslə gecələr həmişə təkrar olunan bu sözlər indi mənə tamam başqa sözlər deyir; yeri gələndə danışaram. O vaxt isə bu mahnı yox, məni Çürük Aşığın təkrar elədiyi başqa sözlər maraqlandırırdı: "Allah qoysa dava qurtaracaq, dədən də, anan da gələcəklər, çıxıb gedəcəksən evinizə".

"Bu dava nə vaxt qurtaracaq?" – Mən soruşanda, qardaşına nisbətən bir az dirmik görünən, burnunun sol tətəfində iri, tüklü xalı olan Musa baba əllərinin hər ikisini yuxarı qaldırıb əyri-üyrü barmaqlarını göstərirdi: "Bax, bu qədər yatıb duracaqsan, bir də qalxıb görəcəksən dava qurtarıb. Mən hər gecə yerə uzananda barmağımın birini yumurdum. Axırıncı barmağımı yumduğum gecənin səhərisi yenə həyətimizə yüyürdüm, yenə də demək olar ki, eyni əhvalat təkrar olunurdu.

Bir gün kolxozumuzun sədri Mədəd Əmirli əmi qara dama gəldi, məni dizinin üstünə alıb qocalarla nə barədə isə danışdı, sonra vaxtı ilə atamın dediyi kimi, məni çiyninə götürüb, kəndin qırağına apardı. Orda xırman döyürdülər. Belə vaxtlarda atam həmişə məni vələ1 mindirərdi, sonra yumşaq küləş yığımının üstünə yıxıb qarnımı qıdıqlardı və özü də mənlə uğunub keçinərdi. Mədəd Əmirli əmi isə yaman qaraqabaq adam idi. Məni nəinki vələ mindirmədi, ağzını açıb iki kəlmə söz də demədi. Ancaq hərdənbir çiynindən düşürüb üzümə baxırdı və həmişə də yaylığını çıxardıb gözlərini silirdi. Tək bir dəfə, xırmanın yaxınlığındakı bostandan dərdiyi qırmızı şamamanı köynəyimin ətəyinə qoyanda üzümə güldü və axır ki, dilə gəlib: "Oynat, sonra da ye”, – dedi. Axşamüstü Mədəd Əmirli əmi məni yenə çiyninə götürüb idarənin qabağına apardı. Orda bir arabaya çoxlu qarpız, yemiş yığılmışdı. Arabanın dalında isə bir inək və buzov bağlanmışdı. Mədəd Əmirli əmi bir də üzümdən öpdü, məni qaldırıb qarpızların üstünə qoydu. Arabanı sürən oğlan – Mədəd Əmirli əmimin oğlu Səməd yolda məni başa saldı ki, inək də, buzov da, qarpız-yemiş də mənimlə Nalənindir.

Bu əhvalatdan sonra Mədəd əminin oğlu Səməd qıvrım saçaqlı balaca bir çoban papağı və lap gödək bir yapıncı gətirdi. İsa baba ilə Musa baba köməkləşib, mənə bir cüt “Quşburun çarıq tik-dilər, çomaq da qayırdılar.

Əmma nə bu bəxşişlər məni inadımdan döndərirdi, nə də Nalə. Fürsət tapdıqca yenə həyətimizə qaçırdım.

Nəhayət, bir hadisə də baş verdi.

Deyəsən, Taftını da, qocaları da cana doydurmuşdum. Və yəqin elə cana doydurduğuma görə idi ki, bir səhər yenə gözdən oğurlanıb həyətimizə qaçanda, Taftı məni yarı yolda haqlayıb şapa-laqlamağa başladı. Orda Taftının yaşmağı düşdü və mən qarının lap kişi kimi saqqallı olduğunu gördüm. Taftının bu heybətli görkəmindən vahimələnib qışqırdım, əl-qolunu cırmaqlayıb yaxa qurtarmağa çalışdım. Qarı isə daha rəhmsiz şapalaqladı. Məni vura-vura titrəyirdi, ağlayırdı.

Bu deyilənlər mətləbdənkənar şey kimi görünür. Əmma vaxtı çatanda məlum olacaq ki, burda hər şey, hətta Taftının birdən-birə kişi kimi saqqallı çıxması da mənim Naləmin dünyadolusu dünyası ilə bağlıdır, o dünyadolusu dünya isə mənim təxəllüsümlə, Anadil quşlarının sirri ilə bağlıdır.

Mən bütün varlığımla inanıram ki, bir zaman gələcək, yer üzündə Anadil quşlarının sirri ilə maraqlanmayan bir adam da olmayacaq. Çünki dünyamızın varlığı-yoxluğu o sirrlə bağlıdır: necə yəni “peyğəmbərin danasını itiriblər? O necə danadır ki, dünyanın varlığı onun tapılıb-tapıl-mamasından asılıdır?! Çox ciddi məsələdir, elə deyilmi? Buna görə də yeddi yaşlı Rəşidin gördüyü və yalnız yaşa dolandan sonra dərk etdiyi hadisələri mümkün qədər hərtərəfli danışıram ki, sirrin açılması çətin olmasın.

O şapalaqdan sonra biz damın həyətində idik. Qocaların ikisi də hay-küyə qalxıb, qapının ağzında durmuşdu. Nalə onların arasında dayanıb baxırdı. Neçə vaxtdı ki, biz bir qabdan xörək yeyirdik, bir yorğanın altında yatırdıq. Əmma İsa babası ilə Musa babasına “şırthaşırt qulluq eləyən əmim qızına hələ də ürəyim yatmırdı; mənə elə gəlirdi ki, bütün bu bədbəxtliklərimə səbəb o əsgər paltarlı kişi Seyid Əli əmimlə onun bu ayaqyalın, qarayanıq qızıdır. Gecələr Nalə qolunu boynuma salanda əlini itələyirdim, təpikləyib onu yorğanın altından çıxardıb: "Get, ayrı yat”, – deyirdim. Gündüzlər hərdən Nalə: "Qardaş, qardaş!" – deyib yan-yörəmə dolananda da itələyirdim.

O şillələmə hər şeyi birdən dəyişdirdi. Nalə qəfildən qocaların arasından atılıb məni qarının əlindən çəkişdirməyə başladı. Ancaq onu hiss etdim ki, birdən Taftı cin kimi qışqırıb məndən əl çəkdi, Nalə isə bir göz qırpımında məni belinə götürüb qaçdı. Qara damdan uzaqda, kəndin qurtaracağında, Mədəd Əmirli əminin heç bir evə oxşamayan nəhəng evinin yanında məni belindən sürüşdürüb, yerə qoyub boynumu qucaqladı:

– Caan, can, ağlama qurban olum! – deyib donunun ətəyi ilə gözlərimi, yanaqlarımı sildi. – Çoxlu quşlar ötüşən bu kimsəsiz çəmənlikdə ilk dəfə onun səsini çoxdan bəri həsrətini çəkdiyim bir səsə oxşatdım: – Mənim bircə-pircə qardaşım! Taftının əlini dişləmişəm mən. Bir də ora qayıtsaq, məni də döyər. Getməyəcəyik daha ora.

Əmma, demə, bunun hamısı məni ovutmaq üçün imiş.

– Çürük Aşıq sədr Mədədin evində olur. Gedək Çürüyün sazını çalaq, – deyib, əlimdən tutub aparıb, o nəhəng evdən divardan, xalçanın üstündən asılı üç sazdan birini – balacasını, indi anlayıram ki, cürə sazı köynəkdən çıxarıb, əvvəlcə bir az dınqıldadıb, sonra başını sazın üstünə əyib, birdən-birə eynilə Çürük kimi astaca-astaca, elə gözəl çaldı ki, elə Nalə boyda olan qıvrımsaç oğlanın – Səmədin gözləri böyüdü. Gəlib əllərini simlərin üstünə qoyub dedi:

– Çürük məni öyrədəmmir. Səni necə öyrədib?

Orda mən Nalənin dilindən bir daha Ağlar kəndinin adını eşitdim: Ağbizən.

– Yəni biz Ağ – təmiz adamlarıq. Orda hamı saz çalır. Uşaqlar da çalırlar, oxuyurlar, – dedi. Sonra yenə çalıb-oxudu. Cürəni köynəyə qoyub, Səmədə verib, əlimdən tutub çəmənliyə çıxanda, çəmənlikdən o yandakı meşəyə baxıb, evdə oxuduğu mahnını bir də oxudu. Elə bil indi də qarşımdadır; yanaqlarından iri-iri damlalar axa-axa, eynilə Çürük Aşıq kimi, nazik, asta səslə oxuyur:

 
Sıx ormanda2 ötən bülbül,3
Ötmə, bülbül, mən Qəribəm…
 

Sonra gözlərini silib, əkə-pikə arvad kimi, çox ciddi görkəmlə başladı ki: – Taftı bizə analıq eləyir, saxlayır, biz də gərək onun sözündən çıxmayaq. Biz ikimiz də yetimik, ikimizin də anamız ölüb.

Biləyimi onun əlindən çəkdim.

– Ölüb?! – Qışqırdım ki: – Mənim anam ölməyib! Mənim anam dədəmin yanına gedib!

Doğru deyirlər: “Uşağın yadından söz çıxmaz. Əmma orda Nalənin nə dediyi, nə danışdığı yadımda deyil. Çünki bu vaxt yenə anamın taxta kimi quru əl-qolundan çəkirdim, barmaqlarımın ucunda onun sinəsinin, alnının soyuqluğunu hiss edirdim.

Nalə yenə əlimdən tutub məni harayasa aparırdı. Bir vaxt ayılanda gördüm qəbiristana doğru gedirik.

– O vaxt biz Təbriz şəhərinə qaçmaq istəyirdik, – deyirdi, – anam yorulanda bura gəldik.

Aparıb məni lap ucqarda iki yanaşı qəbrin yanında saxladı, yeriyib əvvəlcə köhnə qəbrin başdaşından, sonra təzə qəbrin torpağından öpdü. Dedi:

– Sənin ananı burda basdırıblar. Mənim anamı da dədəm gətirdi burda basdırdı. Güllə dəymişdi anamın başına. Düşmən gülləsi…

Nalə danışırdı, mən isə qara torpaq yığınına baxırdım.

Qəribədir ki, nə orda durduğumuz müddətdə ağladım, nə də geri qayıdanda.

Çəməndə Nalə xırda kol-kosun aralarından bir qucaq quru çırpı yığdı. Dama yaxınlaşanda çırpının üç-dördünü mənə verdi. Dedi:

– Qoy, Taftı görsün ki, ağıllanıbsan, sən də iş görürsən. Taftının saqqalından qorxmuşdun sən. Qorxma, Rəşid. Bilirsənmi, İsa babaynan Musa baba necə çox istəyirlər bu qarını. Bacılarıdı. İsa babaynan Musa babanın doqquz oğlunu birdən güllələyiblər bu damda. Taftı özünü öldürmək istəyib, qoymayıblar, salamət qalıb, əmbə bircə ildə belə çirkinləşib saqqal çıxardıb. Biz necə yetimik, Taftı da elə yetimdi, Rəşid! İsa babaynan Musa baba da elə biz təki yetimdilər. Ata-analarını ağalar öldürüblər, bunlar qaçıb bura gəliblər. Lap bapbalaca vaxtlarında yaydan-yaya yaylağa gediblər. Ağlara. Mənim orda nənəm vardı. Nailə nənəm adını Nalə Ağlar qoymuşdu.

Elə bil məni birdən-birə dəyişdirmişdilər; gözümün önündə qara torpaq yığını, qucağımda çırpı, Nalənin danışdığı dəhşətə qulaq asa-asa, fağır-fağır gedirdim. Orda dama yaxınlaşanda mən ilk dəfə Nalənin adını dilimə gətirdim, “Nailə yox, “Nalə dedim. Nalə isə birdən dayanıb, boy-numu qucaqladı.

– Nalə deyən dilinə qurban olum! Nailə deyil axı mənim adım. Nalə nənəmin adıdı adım. Çürük də sən təki deyir: "Nalə". "Aşıq Nalə"… Yaşı yaman çoxdu Çürük Aşığın. Bizim Ağlardandı o da. Nənəmin ustadı olub, indi məni də şəyirdliyə götürüb. Özü nə bilir, hamısını öyrədəcək mənə. Bax o çaldığım sazı mənə verəcək, əgər yaxşı öyrənsəm hər şeyi…

Damın həyətində çırpını yerə yox, qollarını irəli uzadan Taftının qucağına qoydum.

O gündən, necə deyərlər, taleyimlə barışdım. Daha həyətimizə qaçmırdım, bağlı qapının kandarında büzüşüb yollara baxmırdım. Getdikcə qocalara da, Taftıya da alışırdım. Axşamlar inəkləri sağanda, səhərlər buzovları mıxdan açanda ona kömək eləyirdim. Taftı ilə birgə, heyvanları naxıra qatmağa gedirdim.

1.Vəl-xırmanda öküzə və ya ata qoşulan, taxıl dərzləri üstündə bir neçə saat süründürülüb, taxılı sünbüllərdən çıxaran ağır taxta alət.
2.SafAğ alimlərinin- ustad aşıqların rəmzi sözü: Sıx orman-meşə (gizlin yer)
3.Bülbül- guya gözəl oxuduğuna görə məşhurdur. Əslində SafAğ alimlərinin gizlin rəmzidir: “Bil! Bil! oxunur, SafAğ Elmini bilən alim nəzərdə tutulur.
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Telif hakkı:
Hədəf nəşrləri