Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İsahəq, Musahəq», sayfa 3

Yazı tipi:

Anamın sağlığında mən həmişə gün yayılanda oyanırdım. İndi isə orta bacadan üstümüzə işıq düşən kimi qalxırdım, naxırçı dul arvadın: "Ay Taftı nənə, ay Taftı nənə!"… Çağıran səsini eşidəntək, çəpərə arakəsmənin dalına qaçıb, inəkləri, danaları eşiyə çıxarırdım.

Şalvarımı çirmələyib, Sudüşən çəmənində şehə bata-bata heyvanları biçənəkdən o yana tez ötürməkdən ötrü, əri ilə oğlu müharibəyə ge-dəndən sonra naxırçılıq eləyən dul arvadın "dadına" çatırdım. Bu vaxt ala qancığın balaları bir-birinin əlayağına dolaşa-dolaşa sağ-solumda yüyürüşürdülər. Küçüklər anadan olanda Taftı onları ətəyinə yığıb, damın dalındakı peyinliyə basdırmağa aparmışdı. Musa baba peyinlikdə dərin bir çuxur qazmışdı, Taftı küçükləri tappatap o çuxura atırdı, peyini ayaqları ilə küçüklərin üstünə axıdırdı. Mən zığıldaşıb bir-birinin qarnının altına soxulan balacalara baxıb şivən qopardıb Musa babanı küçükləri çuxurdan çıxarmağa məcbur elədim. Sonralar, hər axşam Taftının sağdığı süddən iki-üç qab dolusu götürüb küçüklərin yalağına tökürdüm. Taftı dillənmirdi. Küçüklərin qarınları yumrulanıb bərkiyirdi, bir azca çuxura düşəndə çör-çöpə ilişəndə yıxılırdılar. Mən ləzzətlə qəhqəhə çəkirdim, saatlarla küçüklərlə oynayırdım. Gündüzlər hara getsəydim, onların altısı da balaca, qırmızı dillərini çıxarıb ləhləyə-ləhləyə dalımca düşürdülər, gecələr isə yorğanımın altına doluşur-dular, soyuq burunları ilə qarnımı dürtmələyib bir-birini basa-basa yatışırdılar. Hərdən ala qancıq bacanın ağzında hürəndə yorğanın altında həngamə qopurdu: analarının səsini eşidən balacalar ordan-burdan başlarını çıxardıb vay-həşir salırdılar, ya İsa baba, ya da Musa baba oyanıb öskürməyə başlayanda isə, dərhal səslərini kəsib, yorğanın altına dürtülüb mənim qoltuqlarıma sığınırdılar.

Bir gecə yorğanın altında boşluq hiss eləyib, diksinib dik atıldım, gördüm ki, küçüklərim yoxdurlar. Bu dəfəki şivənim elə dəhşətli oldu ki, içəridə hamı oyandı. Demə, balacalar çox toz-torpaqlı olduqlarına görə Nalə hamısını ətəyinə doldurub aparıb bizim çardağın altına, anamın ləyənində çimdirirmiş. Sevincimdən atılıb Nalənin boynuna sarıldım. Sonra nə oldu? Ocağımızın qırağından tapdığım köhnə ərsinə4 necə baxdım, əllərimin içində niyə sığalladım və Nalə buna baxıb niyə ağladı?.. Düşünəndə indi də qəhər boğur məni. Uzaqda – meşədə Anadillər də elə bil Nalə kimi ağlayırdılar.

Sonra gördüm hətta Taftı da gəlib əlimdəki ərsinə baxa-baxa ağlayır.

Bu ağlaşma bir ayrı ağlaşmaya oxşadı. İndi onu deyəcəm.

Sentyabrın birində, kəndimizdə hamının Göyçək çağırdığı müəllimə məni məktəbə yaz-mağa gəlmişdi. Bu həmin Göyçək müəllimə idi ki, vaxtı ilə mənlə dost olmuşdu. Səhərlər atam çiyninə qaldırardı, kitab-dəftərini qoltuğuna vurub orta yolla gedən qəşəng gəlini göstərib deyərdi: "Bax o gedən Göyçək müəllimədi, xoşuna gəlir?"

Göyçək müəllimə isə gülümsünüb bizə əl edərdi. Sonralar o, tez-tez bizim çəpərin dalına gəlib məni çağırardı, ordakı yaşıl kalafada oturub mənə konfet yedirdərdi.

Bir gün biz yenə çəpərin dalında oturanda anam böyürdən çıxdı, məni çəkib Göyçək müəllimənin dizinin üstündən götürüb evə apardı, dedi: "Göyçək müəllimə pis gəlindi, dədəni də, səni də mənim əlimdən almaq istəyir. Əmma, heç unutmuram ki, anam öləndə, səhər tezdən evimizdə ağlaşma düşəndə Göyçək müəllimə hamıdan bərk hönkürürdü. Niyə? Bilmirəm.

Müəllimə qara dama gələndə də mən o ağlaşmanı xatırladım, mənə elə gəldi ki, anamın tez-tez özündən getməsinin səbəbi elə bu gözəl Göyçəkdir, ondan qaçmaq istədim. Əmma elə buradaca dədəmin Göyçəyi necə xoşladığını da xatırladım və qaçmadım.

Müəllimə mənə “Əlifba kitabı, bir dəftər və bir qələm gətirmişdi.

O günlər bərk yağarlıq idi. Kişilər rezin çəkmə ilə, arvadlar isə ətəklərini bellərinə vurub ayaqyalın gəzirdilər.

Damdan çıxanda Nalə bir göyə baxdı, bir də yerə, eynilə arvadlar kimi donunun ətəyini dəs-tələyib, yuxarı sancıb, məni belinə aldı. Bu dəqiqə də gözümün qabağındadır: mən məktəbə gedən yaşıdlarıma baxıb, onun dalından düşməyə çalışırdım, “yekə oğlan olduğumu iddia eləyirdim. “Ona bax, ona bax, qıçı sallana-sallana dala minib deyən uşaqların sözünü götürmək istəmirdim. Əm-ma Nalə elə bil heç nə eşitmirdi; palçığa bata-bata, tövşüyə-tövşüyə: “Fikir vermə, sən mənə qulaq as, – deyirdi. Sonra gündəlik dərsimi təkrar eləyib, mənə də təkrar elətdirirdi: “At. Ot. Ata ot at və sairə.

Yaz açılıb yer-yurd quruyana qədər belə oldu. Nalə məni məktəbə aparıb, sonra mən məktəbdən çıxanda da qabağıma gəlib yenə belinə alırdı və yol uzunu elə hey danışırdı:

– Nə qədər ki, Ələkbər əmi müharibəyə getməmişdi, birinci, ikinci, üçüncü, dördüncü siniflər səhər-səhər oxuyurdular. Müharibə başlananda cavanlar əsgər gedəndən sonra iclas olub burda. Sədr Mədəd deyib: kolxozumuzda kişi azalıb, müəllimlər də işləsinlər çöldə, dərsi günortadan sonra keçsinlər. İndi bax ona görə belə axşama düşürsən sən məktəbdən çıxanda, hamı-mız intizar qalırıq, onçun qabağına gəlirəm…

Bilirsənmi, Anadillər niyə bu vədə – axşamlar başlayırlar bir-birini çağırmağa? Çünki adamların içində çoxlu düşmənləri var Anadillərin, ona görə də gündüzlər gizlənirlər, qaranlıq düşəndən sonra uçurlar. Hərəsi bir yanda uçur, onunçun bax elə səsləşirlər, bir-birini çağırırlar. Biri deyir: "Tapdın? ” O birisi deyir: “Tapmadım". Nədi axtardıqları, bilirsənmi? Camaat deyir, iki qardaşdı Anadillər. Naxırçıymışlar. Peyğəmbərin danasını itiriblər. Çox axtarıb tapammayıblar. Axırda Allaha yalvarıblar ki, quşa döndər, qanad ver bizə, uçaq dananı axtaraq. Allah eşidib, deyib indiyə qədər birinizin adı İsahəq idi, o birinin adı Musahəq idi. İndi ki quş oldunuz, ikinizə də bir ad verirəm: Anadil. Niyə Anadil? Bunu heç kəs bilmir. Çürük deyir, Naləni zəhərlədilər, öldürdülər düşmənlərimiz. O vaxtdan Anadilin sirrini çox istədiyi şəyirdlərindən savayı heç kəsə açmır Çürük. Bir vaxt gələcək sənə də açacam, deyir, Anadil sirrini. Sən də ancaq və ancaq öz istəkli şəyirdlərinə danışacaqsan. Başqaları bilsələr səni də öldürərlər, deyir, axtarıb tapıb Anadilləri də öldürərlər… Mən özüm də ustad olanda mənim şəyirdim olarsanmı, Rəşid? Hələ demə. Dördüncünü, beşincini qurtaranda, saz, söz biləndə, bax onda ya hə deyərsən, ya yox…

Əmma nə "hə" deyə bildim, nə də "yox".

Damın həyətində, malın arxasında, yəni gecələr yatdığı yerdən bir az aralı hündür yeri – yastı təpəni yamyaşıl ot, əlvan gül-çiçək basanda Taftı ilə Nalə oraya kilim salırdılar, mütəkkə düzürdülər, samovar qoyurdular, bükülü fətir, kasalarda pendir, qaymaq düzürdülər və Çürüklə Nalə orda iki mütəkkə üstündə üz-üzə oturub, çalıb- oxuyurdular.

Bir axşam Nalə dedi:

– Nalə nənəmin ölən günüdü. Bu gün Çürük qəmli oxuyacaq. İsa babaynan Musa baba, Taftı ağlayacaqlar. Mən ağlamayacam. Sən də kişi ol, ağlama, möhkəm olmalıyıq biz, Rəşid! Çünki dərdimiz çox olacaq bizim, İsa babaynan Musa baba da öləcəklər. Taftı da öləcək. Lap çox olacaq dərdimiz.

Təpənin üstünə yaxınlaşanda Çürük doğrudan da qəmli oxudu və hamı ağladı. Hamı deyirəm, çünki Göyçək müəllimə də orda idi; o, ağlayanda, nədənsə, məni də ağlamaq tutdu və Nalə də mənə baxıb ağladı. Və hamımızın Çürüyə qulaq asa-asa ağladığımız vaxt çox pis bir qəziyyə oldu. İndi o qəziyyəni danışmalıyam. Əmma Çürüyün orda oxuduğu mahnını sonralar Nalə mənim dəftərimə yazıb; əvvəlcə onu oxuyun.

Sonralar bildim, orda "Bəhmən" çalırdı Çürük və çala-çala deyirdi:

– Bəhməni "BağMən" di, övladlarım, məni sizə, sizi mənə bağlayır Bağlarımız. "Allah" bizim sözümüz deyil. “Bağ deyirik biz. Bir zaman Ağlar naləsi aşıq Nalə məclisi "Divani" ilə yox, "Bağ-Mən" lə başlayırdı, "BağMən" lə də xətm eləyirdi. Naləmiz əbədiyyətə köçəndə, ermənilər bizi Ağlardan sürəndə əllərim əsirdi, çalammırdım. Naləmizin ilinin tamamında sinəmə söz gəldi. Köhnə şagirdim Abıya dedim, sən çal, görüm qəhər aman verirmi, oxumağım eşidilsin. Görək, o vaxt nə dedi bədbəxt Çürük:

 
Sən gedəli, ələ saz alammıram,
Könlümün kök simi sınıb, ey Ağlar.
Hamı yanır səsə, mən yanammıram,
Ürəyimin odu sönüb, ey Ağlar!..
 

Dediyim kimi, Göyçək müəllimə ağlayanda hamımız ağladıq. Həmin bu vaxtı da qəziyyə baş verdi.

Taftının "Düyüş, Düyüş" çağırdığı düyənin ilk balası ölmüşdü. İsa baba ilə Musa baba əllərində bıçaq, bir müddət hıqqıldaşandan sonra buzovun dərisini elə soymuşdular ki, burnu, göz yerləri, qulaqları da dərinin üstündə qalmışdı. Taftı o dərini başqa bir buzovun üstünə salıb, üstünə duz səpirdi və Düyüş duzu yalayıb qurtarana qədər düyəni sağıb qurtarırdı… Bu dəfə necə oldusa dəri buzovun üstündən düşdü, Taftı dərini götürüb buzovun belinə salanda Düyüş vahimə ilə böyü-rüb, buzovu təpikləyib, ayaqlarının altına saldı, çığnadı, sonra isə Taftını buynuzlayıb yıxdı, onu da elə yad buzovu çığnadığı kimi çığnadı. İsa baba: "Vay, evim yıxıldı! " – deyəndə, Musa baba: "Ocağım qaraldı! " – dedi. Təpənin üstündən tökülüşüb, yazıq qarını Düyüşün dırnaqlarının altından çıxartdılar, arxaçın qırağına çəkib otluğa uzatdılar. İsa baba bacısının bir tərəfində, Musa baba o biri tərəfində dizlərini yerə qoydular, Çürüyə qulaq asa-asa, səssiz-səmirsiz ağladıqlarının əksinə, burda hönkürdülər, səsləri bir-birinə qarışdı: "Belimizi sındırdın! Çörəyimizi kəsdin, ay Taftı! Qardaşların sənə qurban, ay Taftı!"…

Mən Anadil sirrini açmağa başlayanda və son-ralar, taleyimizin keşməkeşlərində görəcəksiniz ki, Seyid Əli əmi ilə qızının Qonaqlıya gəlişindən başlamış, Çürük Aşığın yarımçıq qalan mahnısına və "Düyüş"ün Taftını çığnamasına qədər, nə danışıramsa, hamısı Nalənin dünya boyda dünyasını sizə göstərmək, yaşadığımız dünya haqqında heç nə (təkrar edirəm), heç nə bilmədiyimizi sübut etmək üçündür.

Mən – Rəşid Fətullayev zərrə qədər də iddialı deyiləm. Otay-butay Azərbaycan deyilən bu bədbəxt insanlar ölkəsində bədbəxtliyi dərk edib, kütləvi bəxtsizliyimizdən qurtuluş üçün nə isə bir iş görməyə səy göstərən ən adi ziyalılardan biri də mənəm. Heç kəs məni tanımır və yəqin bilirəm ki, heç vaxt tanımayacaqlar. Nalənin dünya boyda dünyası isə hökmən tanınmalıdır. Yalnız belə bir niyyətlə, uşaqlığımızın son hadisələrini də danışmalıyam ki, başlanğıcda adını çəkdiyim Canbalayevlə bağlı əsas hadisələrə keçə bilim.

"Düyüş" əhvalatının da qısasını deyirəm.

Taftını içəri apardılar.

Əsli qayaları danışan Ağlar kəndindən olan qohum-əqrəbalarımız hardansa Ağbil adında nəhəng pəhləvan kimi bir sınıqçı gətirdilər. Sınıqçı Taftının qıçlarının yanlarına uzun-uzun taxtalar düzüb sarıdı, qarının sağalacağını deyib, qocalara ürəkdirək verib getdi. Əmma Taftı daha yataqdan qalxmayıb, korun-korun tüstülənən kötüyün böyründə döşəli qaldı.

O vaxtdan Nalə məndən başqa daha üç "uşağın" dayəsi oldu. Nalə inəkləri sağırdı. Nalə sac asıb çörək bişirirdi, Nalə kürək götürüb heyvanların yatdığı yeri kürüyürdü, Nalə qulplu qazanda su asıb paltar yuyurdu, orta bacadan üstümüzə işıq düşəndən gecə yarıya qədər fırfıratək fırlanırdı. Biz isə aramsız ötürdük, onu buyururduq. Dilimizdə Nalə, ürəyimizdə Nalə, dörd "uşaq" bir uşağın himayəsində dolanırdıq. İsa baba ilə Musa baba, hər dəfə çörək yeyəndən sonra üzlərini göyə tutub: “Nalə balamızı saxlayın, ey ucalar5! “Pənahımıza pənah olun, ey doqquzu da birdən ge-dənlərimiz! – Elə danışırdılar ki, elə bil doqquz oğlun hamısı hardasa sağ-salamətdi. Taftı özü də çöp kimi nazik qollarını damın his-pasdan qaralmış pərdilərinə doğru qaldırıb, orta bacadan görünən buludlara baxa-baxa uzun-uzadı nə isə pıçıldayırdı, “Nalə bala, Nalə bala… – deyirdi.

Kimin ağlına gələrdi ki, günlərin birində Nalə qara damı tərk edəcək, özü də həmişəlik tərk edib səssiz-səmirsiz itib-batacaq?!

Bu müsibət qırx beşinci ilin yazında, yəni üç il sonra, müharibə qurtaranda baş verdi. O vaxt məni rayon mərkəzinə, həlak olmuş döyüşçülərin uşaqları, daha doğrusu, yetimlər üçün açılmış internata aparmışdılar. Əmma mən internatda bənd almırdım, həftədə, on gündənbir kəndə qaçırdım.

Bir dəfə yenə gizlincə, kolxozumuzun maşınına minib kəndə gedəndə Naləni evdə görmədim. Yenidən yasa batmış İsa baba ilə Musa baba məni aralarında oturdub qəlyanlarını dəmlədilər. Taftı isə qalın yun şalının ucu ilə gözlərini silə-silə əhvalatı danışdı.

Demə, Göyçək müəllimə cəbhəyə – Seyid Əli əmiyə məktub yazıb xəbər veribmiş ki, qardaşı arvadı Səriyyə vəfat eləyib, Nalə qara damda əlsiz-ayaqsız Taftının yanında, Rəşidlə bir yerdə gözüyaşlı qalıb; Seyid Əli əmi isə qohumumuz sınıqçı Ağbilə yazıbmış ki, Krımda faşistlərin mühasirəsində qalıblar, ordan salamət çıxmayacaq, məktubu “kukuruznik" nən yəni poçt təyya-rəsiynən göndərir və Ağbilə yalvarır ki, Naləyə yiyəlik eləyib müharibədən sonra aparsın… Taftı deyirdi: "Qızı vermək istəməyiblər, əmbə ispalkom Qılınc Qurban deyib ki, Seyid Əli qızıl əsgərdi, əsgərin yazdığı zakondu".

Mən internatı qurtarandan bir az sonra Nalə sınıqçı Ağbil ilə Ağlara gedib, üç il sonra – qırx səkkizinci ildə "Sovetlərə düşmən" Ağlar hara-larasa sürgün olunanda isə bütün Ağbizən nəsli ilə birlikdə Nalə də yoxa çıxıb… Belə tale! O itən itdi, tapılmadı. İnternatdan çıxandan azca sonra mən öz qocalarımdan axırıncısını – Musa babanı dəfn etdim və universitetdə qəbul imtahanlarına çatmaq üçün tələsib Bakıya gəldim…

Gözlərimi yumuram, qarşımda orta ocağının kötüyü korun-korun tüstülənir. “Nalə bala, Nalə bala", “Qardaş, qardaş, "Can, ağlama, qurbanın olum!” – deyən səslər eşidirəm. Qəbirlərin baş daşlarından torpağından öpən, dizə qədər palçığa bata-bata, qan-tər içində, tövşüyə-tövşüyə gedən ağır yüklü bacımı görürəm… Taftının qıçlarını "Hoy çıx, hoy çıx", – deyə-deyə “hoy-houc suyu, yəni müxtəlif otların, güllərin, çiçəklərin qaynar suyunu tökə-tökə qarı ilə birlikdə özü də tərə batan, qara qazanda südü mayalayan, dələməni süzgəc torbaya töküb, süzülən dələmə suyu ilə yeddi itin yeddisini də doydurammayıb un kəpəyindən yal qaynada-qaynada, aramsız ora-bura yüyürən "dayə"mizi görürəm… Əllinci ilin payızından əlli dördüncü ilin yayına, yəni universiteti qurtarana qədər, müxtəlif qəzetlərə, milis idarələrinə yaza-yaza, saysız-hesabsız "rozısk" – axtarış elan edə-edə, familiyasını Ağbizənli yazdıran Nalə Seyid Əli qızından bir səs-soraq axtardım. Çürük Aşıqla elə özü kimi yaşı bilinməyən köhnə şagirdi Aşıq Abıya yalvardım ki, Dərə Ələyəzdən, yəni Ağlar kəndinin ətrafından, Göyçədən sürülənlərimizin arasındakı aşıqların hamısına, hamısına yazıb soraqlaşsınlar; heç ola bilməz ki, Çürük Aşıq kimi məşhur sənətkara uzun müddət şəyirdlik edən gözəl səsli qız aşıq belə səssiz-soraqsız itib-batsın!.. Əlli dördüncü ilin yazında, diplom müdafiyəsi ərə-fəsində dözməyib yenə Qonaqlıya gedib, həmin nəhəng evdə Çürüklə Abını tapdım. Və Çürük göz-lə-nilmədən köyrəlib:

– Neynirsən, övladım, tapsan da, yenə itirəcəksən! – dedi.

– Niyə itirəcəm?!

Dedi:

– Abı, axı görücüdü, övladım. Soruş özündən, desin.

Soruşdum, dedi:

– Sənin Həbibulla adında müəllimin var darülfünündə. O Həbibulla çox şey bilir Nalə barədə, əmma demir sənə. Desə, çox sarsılarsan.

Dedim:

– Belə çıxır ki, sən də çox şey bilirsən?

Dedi:

– Bilirəm.

Xahiş elədim, yalvardım, Abı demədi ki, demədi. Elə ikicə kəlməni təkrar edirdi:

– Çox sarsılarsan. Çox sarsılarsan.

Bakıya qayıtdım. Sarsılmaq nədir, necə deyərlər, dirigözlü öldüm.

O “ölümün səbəbini bilmək üçün indi Canbalayevləri tanımalısınız. Təsadüfdümü? Yox-sa, burda nə isə qeyri-adi bir qanunilik – zərurilik vardı, hər nəsə, iş belə gətirmişdi ki, Bakı Sovetinin nəzdindəki mənzil idarəsi mənə “dəhşətli adam dediyim Canbalayevin həyətində otaq vermişdi. Canbalayevin pilləkəninin yancağında.

Canbalayevlər pilləkənlə ikinci mərtəbəyə qalxıb-düşəndə həmişə mənim iki addımlığımdan keçirdilər; yəni otağımın yeganə pəncərəsi birbaşa onların pilləkəninə açılırdı. Biz gündə azı üç-dörd dəfə üz-üzə, göz-gözə gəlirdik, əmma görməmişdim ki, ya Qara Canbalayev özü, ya da arvadı Göhər xanım mənlə kəlmə kəssin. Mənə elə gəlirdi ki, Canbalayev də, arvadı da məni heç adam saymır, ağızucu salam verməyi də şənlərinə sığışdırmırlar. Canbalayevin hirsli-hirsli bir-birinə sıxılmış qalın dodaqları, zəhmli gözləri, Göhər xanımın ağ, soyuq, laqeyd çöhrəsi təsəvvürümdən silinmirdi. Bəzən saatlarla çox qəribə təəssüratla yaşayırdım; durduğum yerdəcə öz-özümə əsəbiləşirdim: bu adamlar nə üçün bu qədər laqeyddilər? Qonşuluq bir yana, axı biz – Qara Canbalayevlə mən, demək olar ki, həmsənətdik. Doğrudur, mən Yazıçılar İttifaqının nəzdindəki "Gənclər günü" adında həftəlik dərnəyə hələ təzəcə ayaq açmışdım.

Və nə vaxtsa hansı əsəriminsə o dərnəkdə təsdiq olunub çapa verilməyini gözləyirdim. Can- balayevin isə ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı: yəni bizim mövqelərimiz arasındakı böyük fərqi başa düşürdüm.

Əmma bu o deməkdimi ki, Qara Canbalayev mənlə üz-üzə gələndə heç olmasa başını tərpədib salamımı almamalıdır! Bunun sirri nə idi?

4.Ərsin-sacda çörək bişiriləndə bir kündəlik xəmir kəsmək üçün yastı, dəstəkli dəmir.
5.Ucalar- Bağlarımız nəzərdə tutulur.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Telif hakkı:
Hədəf nəşrləri