Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kollu koxa», sayfa 3

Yazı tipi:

Qaracalılara bir-birinin ardınca əl verəndə tək bir dəfə, onda da pıçıltı ilə: “Məlik”, – dedi, sonra isə nə səsini çıxardı, nə

də başını qaldırıb kimlərlə tanış olduğu ilə maraqlandı. Halı özündə deyildi. Axırıncı adama da candərdi əl uzadandan sonra çəkilib böyrünü maşına söykədi, torpağından toz və

yanıq iyi qalxan bu cəhənnəmtək isti yerə gəldiyinə peşman olduğunu gizlətmədən köksünü ötürüb hərəkətsiz qaldı.

20

Mən Koxanı kənara çəkib soruşdum ki, qonaqları hara aparacaq. Astadan soruşdum ki, qonaqlar eşitməsinlər. Koxa isə, öz həmişəki sərbəst, nəriltili səsi ilə:

– Əşi, nəyinə gərəkdi? – dedi. – Bu saat bunlara bir kef düzəldim, qayıdanda aləmə car çəksinlər ki, Qaracalar adında təzə kurort açılıb!

Qurban kişi yaxınlaşıb altdan-dik diqqətlə Koxanın üzünə baxırdı. Hələ bayaqdan Koxa ilə xüsusi maraqlanırmış ki-mi görünürdü. Mənlə söhbət edəndə də, atlama içəndə də, qonağının haqqında danışanda da ara-sıra gözlərini qıyıb diqqətlə Koxaya baxırdı. Mən, əlbəttə, bunu adi bir maraq hesab eləyib, o qədər də əhəmiyyət vermirdim. Qaracaların, aran yerinin quraqlığında bitən yağtikan kollarıtək quru, cod adamların arasında öz nəhəng, nataraz boy-buxunu ilə, dizlərinə qədər qalxmış palçıqlı rezin çəkmələri ilə dərhal seçi-lən bu çopur, çəpgöz oğlana buraya gələnlərin elə hamısı diqqətlə, maraqla tamaşa etmirdimi? Mən hardan biləydim ki, Qurban kişinin bu baxışı boş-boşuna deyil?

Qoca birdən-birə sərtləşmişdi.

– Sən kimsən?

Kişi bunu elə ciddi soruşdu ki, mən cavan jurnalist sarıdan qayğımı dərhal unutdum. Qəribə idi ki, Koxa da Qurban kişiyə birtəhər baxırdı. Cavabı da birtəhər oldu, əlində lapatkanı göstərib:

– Kolxozçuyam. Suçuyam, – dedi.

– Adın, familiyan yoxdu?

– Adıma Koxa deyirlər.

– Haman o, camaata laylağı qoşan Koxa?

– Bəli, haman Koxa.

Qurban kişinin sifəti daha da sərtləşdi.

– Eşitmişəm, əməlindən xoşun gəlir?

21

Koxa gülümsədi.

– Əlbəttə. Gəlməsə elərəmmi?

Qurban kişi duruxdu. Dillənəndə, bu dəfə mən qocanın səsində məzəmmət hiss etdim:

– Onun-bunun adının böyrünə söz yapışdırmaq yaxşı deyil axı, oğlum!

Koxa tamamilə sərbəst idi. Dedi:

– O baxır necə sözdü!

– Məsələn, Dingə. Yaxşıdı?

Koxa çiynini çəkdi.

– Nəyi pisdi ki?

– Dingəni arvadlar qoyardılar. Kəndinizdə arvadlardan birinə Dingə desəydin, bundan heç kəsin xətri qalıq olmazdı. Ancaq sən Dəmir kişi təki ağsaqqal adama Dingə Dəmir deyibsən. Mən yaxşı tanıyıram onu. İnqilab vaxtı silah yol-daşım olub. Ağadan, bəydən xilas eləyib xalqımızı. Mükafatı budu?! Dingə?! Kişini niyə təhqir eləyibsən?!

Koxa yenə də sərbəstcə yan-yörəyə baxdı.

– Çağır Dəmir kişinin özündən soruş, gör təhqir eləmişəm, yoxsa…

Qurban kişi onun sözünü kəsdi:

– Mən səndən soruşuram! Camaatı niyə təhqir eləyirsən, bala?! Kim ixtiyar verib sənə?!

Bu gözlənilməz sorğu-sual indi kanal boyunda çoxları-nı maraqlandırırdı. Rəsmi vəzifəsi-filanı olmasa da Qılınc Qurban dövlət adamı hesab olunduğundan, onun Koxanı danışdırdığını eşidib, yavaş-yavaş buraya, suçuların əllərində tutduqları fənərlərin işığına sarı gəlirdilər.

Qulaq asan çox olanda, məlumdur ki, danışan tərəflər özlərində daha çox məsuliyyət hiss edirlər. Mən Qurban kişinin üzündə belə bir şey gördüm.

22

Koxa isə əvvəlki kimi idi:

– Bizim kənddə mənim bu laylağılarıma görə məndən inciyən yoxdu, Qurban kişi.

– İncimirlər?!

– Bəli, inciyən yoxdu.

– “Həsir Haşım” deyirsən, “Tülkü, Çənə-filan” deyirsən! Bunlardan da incimirlər?! “Tülkü Bəbir, Xain Xıdır!” İncimirlər?!

Nəhayət, Koxada da dəyişiklik oldu. Çənəsini lapatkanın sapına dirəyib öz uydurduğu ləqəbləri Qurban kişinin adından eşitməkdən ləzzət alırmış kimi çəp gözlərini titrədə-titrədə gülümsəyirdi. Əmma birdən ciddiləşib çənəsini lapatkanın sapından ayırdı.

– Dayan, dayan, – dedi. – Mən ki, laylağıları sənin yanında bir kərə də sadalamamışam, hardan belə yığıb təsbe-hə düzübsən, əşi? – Koxa camaata baxdı: – Sizdən deyən olmayıb? – Cavab verdilər ki: – olmayıb.

Qurban kişi kitelinin döş cibindən portsiqar çıxarıb papiros yandırdı. Tüstünü altdan-dik Koxanın gözlərinin içinə

üfürüb, bu dəfə boğuq səslə:

– Sənin bu laylağı söhbətin gedib raykomacan çıxıb! –

dedi. – Bu söhbətnən xüsusi məşğul olacaqlar! Vaxtıynan qan töküb hökumət quran, ləyaqətli kişiləri ləyaqətdən salmaq bilirsənmi nə deməkdi, ay oğul?!

Koxanın gözləri bərəldi, amma bu qorxudan-filandan deyil, maraqdandı.

– Mən bilirəm nə deməkdi inqilab veteranları. Deməli, gülləm dəyib hədəfə, hə?

Kişi çox pərt idi.

– Məsləhət görürəm, bu gündən xətm elə! Yoxsa altını çəkərsən! Cəzalandırarlar səni! Yanı məhkəməyə verərlər!

23

Koxa başını buladı.

– Adını bir qatar dəvə çəkmir. Qılınc Qurban deyəndə

dilimiz ağzımıza sığışmır. Əmma gör nə danışırsan, – dedi. –

Sən yetmiş il, səksən il, bilmirəm nə qədər ömür eləyib Qılınc Qurban olubsan. Mən sənin yaşıyın hələ heç yarısıycan da yaşamamışam, əmbə hələ indidən Qaracalarda özümə gö-rə hörmətim var. Sənin yaşına çatanda, nə bilirsən, bəlkə mə-nə daha çox hörmət eləyəcəklər. Odey, özün deyirsən, söz-söhbətim gedib raykoma çıxıb. Çağırıb lap elə məhkəməyə

versələr, sorğu-sual eləsələr, danışdırsalar, görərlər ki, mən də özümə görə bir kişinin oğluyam.

– Darıxma, danışdırarlar! – Qurban kişi susub kənara çevrildi.

Papirosunu sümürməyindən də görünürdü ki, qoca getdikcə əsəbiləşirdi. Məncə, ona toxunan, hər şeydən əvvəl Koxanın rəftarındakı sərbəstlikdi. Belə düşündüm, çünki Koxanın həddindən artıq sərbəst davranışı mənim də xoşuma gəlmirdi: görmürdümü, başa düşmürdümü ki, qarşısında adına Dingə deyib güldüyü suçu yoldaşı Dəmir kişi yox, adı-sanı bütün respublikaya yayılmış Qılınc Qurban dayanmışdı! Koxa nə hünərlə belə mübahisə edirdi?!

Özümü saxlaya bilməyib, yaxınlaşıb Koxanın ətəyindən çəkdim. Gözucu mənə baxdı, nə demək istədiyimi, əlbəttə, başa düşdü, əmma əhəmiyyət verməyib yenə üzünü Qurban kişiyə tutub, gözlənilməz bir sual verdi:

– Soruşmaq ayıb olmasın, bura niyə gəlibsən, Qurban ki-şi?

Burada mən lap qəribə, anlaşılmaz bir mənzərə gördüm: Qurban kişi diksinib papirosu əlindən saldı. Hətta rəngi dəyişdi: fənərlərin şüşələri hisli olduğuna görə işıq nə qə-24

dər zəif olsa da, mən qocada son vaxtlar tez-tez gördüyüm əlaməti – gözlərinin elə bil içəridən kölgələndiyni gördüm.

Üzünü Koxaya çevirəndə baxışından yenə də gərginlik sezildi. Səsi isə bayaqkı kimi boğuq çıxdı:

– Necə?! Mənim Qaracalara niyə gəlməyim bəlli deyil?!

Koxa ilan kimi baxırdı:

– Bəlli deyil, Qurban kişi! Daha doğrusu, bu camaata bəlli deyil. Mən, əlbəttə, bilirəm, onçun da xəbər alıram ki, özün de, camaat da bilsin.

Qurban kişi portsiqarından təzə papiros çıxara-çıxara, dönüb mənə, sonra qonağa baxdı.

Qonaq, deyəsən, bürkünü tamam unudub nağıla qulaq asan uşaq marağı ilə, hətta ağzını açıb mübahisəni dinləyir-di.

Qurban kişi alışqanın tətiyini basıb papirosu yandırdı.

– Mənim Qaracalara gəlməyimin səbəbini sən hara yo-zursan?! Sədriniz bilir! Sən çərənləyirsən!

Koxa yenə başını buladı:

– Siz böyükləri elə belə gördüm. Çətinliyə düşəndə o sa-atca təpinib adamı qorxutmaq istəyirsiniz. Mən qorxaq deyiləm.

Birdən qoca elə bil çaşıb Koxaya təəccüblü bir sual verdi:

– Balam! Oğlum! Məndən nə istəyirsən?!

Bu suala, deyəsən, Koxa da təəccübləndi.

– Mən?.. Nə istəyirəm? – Camaata baxdı. – Mən nə istəyirəm, a kişilər?

Qaranlıqdan dedilər:

– Xəbər aldın ki, Qurban kişi nə əcəb gəlib Qaracalara.

– Atana rəhmət! – Koxa baş əyib razılıq elədi. – Xəbər aldım ki, niyə gəlib. İstədiyim onda nə olar? Bu olar ki, Qurban kişi, bax, bu camaatın gözünün qabağında, adlı-sanlı Qı-25

lınc Qurbanın şəninə yaraşan mərdliknən deyəsən ki, bu ge-cə vaxtı sən bura Qaracaların dərdinə qalmağa yox, laylağı söhbətinə gəlibsən!

Qurban kişinin gözləri qıyılıb qırışların arasında parıl-dayırdı.

– Cavanşir! Oğlum, sənin bu suçun nə danışdığıdı?! Ne-cə yanı mən dərdə qalmağa gəlməmişəm? Laylağı söhbətini eləyirəm, çünki mən belə şeylərin yanından düz ötəmmə-rəm! Mənim adıma niyə Qılınc deyirlər? Çünki harda bir əyrilik, pislik görürəm, qılınc çəkib kəsməsəm, ötmürəm. Ömrümün əlli ildən çoxunu belə yaşamışam. Sizin Qaracalarda hər kəs məni yaxşı tanımırsa, qoy tanısın, bilsin ki, nə qədər qocalıb əldən düşsəm də, mən ömrümün qalan beş-üç ilini də belə yaşayacam! Pislik gördümmü, kəsəcəm, Cavanşir!..

Sənin bu suçunu kəsmirəm hələ, tövsiyə eləyirəm. Mən, necə

ki, bu millətin bir nümayəndəsi, ürəyim götürməz ki, mənim millətimin ləyaqətli oğulları, qızları quyruğu laylağılı olsun-lar! Millətin gərək özü də gözəl olsun, adı da! Düzmü deyirəm, a Qaracalar camaatı?

Hər tərəfdən təsdiq etdilər ki, düz deyirsən, əlbəttə, millətin özü də gözəl olmalıdır, adı da. Buna kim etiraz edə bilər?

Qurban kişi yenə Koxaya döndü:

– Düz deyirəm?!

Koxa başını tərpətdi:

– Əlbəttə, Qılınc Qurban gərək əyri danışmasın.

– Şəriksənmi ki, millətə şəvədə qoşmaq olmaz?!

Koxa, lap astadan və nədənsə birdən-birə:

– Şərikəm, – dedi.

Qurban kişi üstələdi:

26

– Bəs niyə yapışdırırsan o çirkin laylağıları bizim gözəl adlarımızın quyruğuna? Özün belə cavan, pəhləvan təki oğlan, niyə məşğul olursan belə şeylərnən, oğul?!

Mən güman etdim ki, bundan sonra Koxa pəsləyər. Əm-ma onun cavabı, deyəsən, əvvəlcədən hazır imiş:

– Xahiş eləyirəm, səbirini bas, bir az sakit bax mənə, Qurban kişi… Mənim uşaqlığım Samux meşəsində keçib. Or-da, meşədə bizim böyük-böyük kəndlərmiz vardı: Muğanlı, Kəsəmən, Poylu… Atam lap körpəlikdən dərs deyirdi mənə

öz evimizdə. O kəndlərimizin adları elə deyilmiş. Özləri də

orda, meşədə yox, Muğandaymış. Rus bir yandan basıb, Fars bir yandan. Kəndlər qaçıb dolub Samuxa. Adlarını da dəyiş-diriblər. Əmbə düşmən bilirmiş ki, o kəndlərdə bizim millətin böyük-böyük alimləri gizlənibmişlər. Meşədə kök salıb ordan bütün millətə elmi yazılar göndərirmişlər, tariximizi, kökümüzü saxlayırmışlar. Düşmən bilib bunu. Su Elektrik Stansiyasının proyektini dəyişdirib, Samuxa salıblar. O

kəndlərimizi, o alimlərmizi it unu təki dağıdıblar!.. İndi gəz o tay-bu tay Azərbaycanı, soruş hara köçürüblər o əhalimizi, o alimlərimizi?! Atam bilirdi hər şeyi. Atam da yoxdu indi.

Heç kəsin xəbəri yoxdu ki, zəhərlədilər mənim o nər meşəbəyi atamı! Alim atamı!.. Vəsiyyət eləyib. Səsi indi də qula-ğımdadı: “Samux deməyin, Simağ deyin… Samux deməyin.

Simağ deyin…” Uzun vəsiyyətdi.

Qurban kişi düşüncəli olmuşdu. Soruşdu:

– Deyərsənmi mənə?

Koxa bir ara fikrə getdi.

– Ağlarımız Bağdadı, Qurban kişi, – dedi.

– Mənim savadım azdı, səkkiz sinif qurtarmışam. Kəndlərimiz meşədən köçürüləndə məktəbimizi sökdülər, daşını daşıdılar Mingəçevir tikintisinə. Sonra atam getdi əlimdən.

27

Gəldim sığındım bu Cavanşirə… Otuz iki yaşım var. Deyirlər, qırx beş yaşa qədər girmək olar instituta. Əmbə diləyim gözümdə qalıb. Açığı, istəyim yoxdu. Ürəyimdə fərəhim qalmayıb, Qurban kişi… Deyirlər, sən hər yerdə qorxusuz-hür-küsüz deyirsən hökumətimizin işi Allaha qalıb. Gör mən nə

deyirəm: millətimizin işi Allaha qalıb, Qurban kişi. Niyə?

Heyif mənim meşəbəyi alim atamdan! Sağ olsaydı, o yaxşı izah eləyərdi – niyə axırı yoxdu millətin. Axırı yoxdu, çünki adı yoxdu, Qurban kişi!

– Nə?! Nə?! – Məndən qopdu bu heyrət. – Necə yəni adı yoxdu… millətin?!

Koxa dərindən nəfəs aldı.

– Yoxdu, Cavanşir! Dingədi! Həsirdi! Nəsirdi!.. Nədi Nəsir?! Nə deməkdi, bilirsən?

Dedim:

– Onu mollamız Məmişdən soruşarsan, izah eləyər.

– Həəə… Budu bax atamın vəsiyyəti, Qurban kişi, – Koxanın gözlərində parıltı göründü. – Qısasını deyirəm: “Quran”dan verilib adlarımız. Ərəb adlarıdı. Bə özümüzünkü nədi, Qurban kişi? Yoxdu! Qədimdə Asorular gəlib dolublar buralara, bir ad onlar qoyublar! Yunanlar dolublar, ayrı cür ad qoyublar! Farslar, ərəblər dolublar, “Quran”dan qoyublar!.. Atamın vəsiyyətinin canı budu ki, gəzək hər yeri, Simağ meşəsindən açıq-aşkar sürülən alimlərimizi tapaq, yazdıqları kitabları yığaq, dərs alaq o kitablardan…

Qurban kişinin əli elə sərt qalxdı ki, papirosun qoru töküldü.

– Dayan, oğul, dayan! Mən bilirəm nədi sən deyən. Məsləhət görürəm, belə açıq danışma o barədə. Axundova2 yox, 2 Azərbaycan KP MK-nın birinci katibi.

28

birbaş Xruşşova çatdırarlar! Bildin?! Razısanmı mən deyən-nən?

– Koxa susqunlaşdı.

– Yüz faiz razıyam, – dedi. – Elə ona görə də alimləri-mizdən, kitablarından əlimi üzmüşəm. İnstituta-zada getmiyəcəm. Bax belə əli lapatkalı qalacam. Nə qədər ömrüm var, tanıdığım-bildiyim adamların hamısının adının yanına gözəl-gözəl laylağılar yapışdıracam. Qoy desinlər, bu da be-lə adamıydı, hamını təhqir eləyə-eləyə cəhənnəmlik oldu!

Qurban kişi xeyli susub, birdən əllərini yanlarına çırpdı.

– Heyif savadsız qalıbsan sən də mən təki! – dedi. – Elə

ona görə də dolaşıq danışırsan. Bir yandan istəyirsən adımız gözəl olsun, o yandan da kiminin quyruğuna həsir yapışdırırsan, kimininkinə tülkü bağlayırsan. Yox, bala, mən sənin dilini qanmıram! Cavanşir, sən necə, bir şey başa düşürsən-mi?

Mən tamam çaşıb mat-məəttəl qalmışdım. Dedim:

– Başa düşmürəm, Qurban əmi.

Koxanın çiyinləri qalxıb enirdi.

Mən çaşqın olduğum qədər də əsəbi idim.

– Nəyə gülürsən?! – dedim. – Burda gülməli nə var?!

Dedi:

– Çox şey var, yoldaş sədr.

Dedim:

– Bəs mən niyə görmürəm o çox şeyi?

Dedi:

– Çünki… düzünü deyirəm. Sən görmürsən, çünki gözündə pərdə var.

Mən qızardım. Dedim:

– Bunu da başa düşmürəm!

Koxa yenə çənəsini lapatkanın sapına dirədi.

29

– Qurban əmin səni başa sala bilər. Demək istəsə, ikicə

söz deyəcək sənə, ikicə laylağı. Özün hər şeyi başa düşəcəksən. Bu gün çöldə, raykomun maşınında bir yoldaş gəlmişdi. Ona mən iki dənə qatı açılmamış təzə laylağı dedim. İndiyəcən qoşduğum laylağıların hamısı bir yanadı, o bir yana!

Özünütərif olmasın, hikmətli laylağılardı. Haman o yoldaş

mənə dedi, günü bu gün həmən laylağıları Qılınc Qurbana çatdıraram, qoy fikirləşsin. Nədən ki, bu iki laylağının üstündə fikirləşməli iki adam varsa, biri, özü də əvvəlincisi Qurban kişidi. Görükür, fikirləşib, bu gecə vaxtı buraya da elə ona görə gəlib. Fikir vermədinmi, bayaq özü dedi ki, laylağı söhbəti gedib çıxıb raykoma! Görmədinmi Qurban əmin necə hirsləndi, necə təpindi üstümə. İndi necə gülməyim mən, yoldaş sədr. Qılınc Qurban təki dağ boyda adı olan bir adam, bu əlilapatkalı, üstüpalçıqlı Koxanın ikicə laylağısın-dan qorxuya düşüb, bu cəhənnəm istisində uça-uça qırx verst yol gəlibsə, bəs gülməli deyilmi bu, a Cavanşir!

Qurban kişi ara vermədən papirosunu sümürürdü. Diqqət yetirəndə mən burda ikinci dəfə onun gözlərinin kölgə-ləndiyini gördüm.

Birdən cəmaatda tərpəniş hiss etdim. Baş-başa verib nə

barədəsə pıçıldaşırdılar.

Qurban kişi susurdu. Qonaq mat-mat baxırdı.

Koxanın gözləri gah istehza ilə gülürdü, gah da əzablı, sirli olurdu.

Mən bir daha Qurban kişiyə baxdım və birdən ürək ağ-rısı ilə dərk etdim ki, onun Qaracalara bu gəlişinin səbəbi, doğrudan da “gedib raykoma çatmış”, oradan da Qurban kişiyə çatdırılmış həmin o iki laylağıdır. Dərk etdim, əmma bu fikrə inanmaq istəmədim; bu fikir hamının tanıdığı Qılınc Qurbana əskiklik gətirirdi.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺37,23