Kitabı oku: «Qəbiristan», sayfa 3
2
Nə vaxtsa, Səmiyə məlum olmayan yaxın tarixdə Rusiya Federativ Respublikasında bir qanun mövcud imiş: əhalisi bir milyon nəfərə çatmayan xalq SSRI-nin tərkibində respublika statusuna malik deyilmiş. Belələri çoxmuş, məhz bu “qanun” əsasında, dədə-babadan OdƏr torpağı olan Dərbənddən başlamış, bir yanda Krım türkləri, o biri yanda EvƏrləri – “Avarlar”, OdBirlər – Kabardinlər, Balkarlar və sair saysız-hesabsız ərazilər Rusiya Federativ Respublikasına daxil ediləndə, Qarayazı, Borçalı, Dağ Borçalı, Başkeçid adlanan dağlı-düzlü, səfalı ərazilər də Gürcüstana verilmişdi ki, əhalinin sayı milyonu aşsın. Bundan başqa, o ərazilərdəki azərbaycanlılar, yəni bütün türklər – təriklərə daha qəribə, gözlənilməz bir bədbəxtlik üz vermişdi; keşiş Vissarionun “Qrek-Gürcü” losifi “öz gürcüləri”ni – “bir oturuma bir vedrə şərab boşaldan” şən, oynaq, mahnılı, xorlu gürcüləri nə qədər qəlbən sevsə də, o tərəflərə gedəndə Səmi ruhən əzilmiş həmvətənlərini əhvalını görüb həmişə süst qayıdırdı. Borçalı ilə Dağ Borçalının arasında çaylaq, qaya daşlarından tikilmiş OdƏrErƏs – “Darvaz” evlərinin araları ilə “Jiquli”ni o yan-buyana bura-bura sürüb, “Mersedes”in yükünün Erməni yük maşını “Ar”a boşaldıldığını görüb qayıdıb, üstəlik də Midinin başına gətirilən oyunu görüb və Qrand Nəcəfin hədə-hərbələrindən tamam düşkünləşəndən sonra Səmi yalnız həyətə çatanda, elə bil yuxudan ayılıb qapını bağlı görüb geri qayıtmalı oldu, Mididən açarı alıb, gedib üzü üstə taxta döşəndi. Həmişə çox yorulanda olduğu kimi tez-tez diksinsə də, daş kimi yatdı. Əmma bir daha diksinəndə oyandı. Sədr Mədədin dövründən qalmış küt çaqqıltılı divar saatı dördü göstərirdi. Yuxarı başda, sağ divarda xalçanın üstündə Əmirlilərin şəkilləri, sazların simləri, şirmayıları işıldaşırdı. Kim isə, enlikürək bir adam orda dayanıb, iri gözlərini geniş açıb Səmiyə baxırdı. Şöşü? Başının dövrəsindən çiyinlərinə sallanan uzun ağ saçlar, doğma, əziz, ağsümük sifət isə ağlasığmaz adama oxşayırdı:
– Ata?! – Səminin bədəni təpədən-dırnağa sızıldadı. Dizləri titrədi.
– Səməd yorğun-yorğun, hüznlə gülümsündü.
– Niyə qorxdun, ay axmaq, mənəm də!.. Xortdamamışam ki, Planetdən gəlmişəm də! Xüsusi dərs keçmisən Məhərrəm əmindən. SafAğ alimi dərəcəsinə yüksəlmisən, sən qorxmama-lıydın bu insan qədər canlı SafAğ İşıq atandan… Özünə gəl, toxta. Atan özü OdAğÜz BağOdƏrdədi. EySardan icazə aldı, bu İşıq Səməd Əmirlini göndərdi. Gəlməli idim mən, başqa cür mümkün deyildi. Çünki sən mənim cavanlığımdakı kimi, səhv yola düşmüsən. Toxta deyirəm!
Tamam səssiz addımlarla bir az irəli gəldi.
– Əlbəttə, hər adamın hünəri deyil belə şeyə dözmək. Pünhanlar var ki, hətta huşlarını itirirlər, ayılanda, adam içinə çıxanda uzun müddət özlərinə gələ bilmirlər, ruhi xəstəyə oxşayırlar. Mən əminəm ki, sən dözəcəksən. Yoxsa göndərməzdilər məni.
EySar izn vermədi. Çünki çox sarsıntılıdı atam, sən sakit ol! Sakit ol!
Bir neçə gün bundan əvvəl Qazaxda bir oğlanı öldürüb maşının altına yıxmışdılar. “Ruh”u – ƏrAğı uça bilmirdi. Çünki Yerdə istəkli bacısı sarsıntıdan elə hala düşmüşdü ki, ƏrAğdan məhrum ola bilərdi. Oğlanın ƏrAğı yerdən yalvardı bizə, hamımıza ki, icazə alaq, Yerdə bir neçə gün də qalsın, bacısının gözünə görünsün, desin: “Bax, bax, qurbanın olum, ölməmişəm, Planetə uçacam, ətə-cana dolub, işıq gəmisiynən qayıdacam. Bax, bu qara sifətim dümağ olacaq, saqqalımı uzadacam, ağardacam, bu evimizin yaxınlığında ev tutacam. Mənə belə deyilir, mən də sənə deyirəm. Bir alimimizdən xahiş eləmişəm, mən Planetdən qayıdana qədər sənə xəlvəti dərs keçsin. Dünyanın sirri – SafAğ Elmini öyrən, sonra mən yenə ölüb ƏrAğıma dolub şar içində planetə uçanda daha heç sarsılmayacaqsan. Lap tez olacaq bunlar. Döz, qurbanın olum. Gözəgörünməz şar içindəyəm indi mən, gözünə göründükcə, gün keçdikcə şar pozulur, ordan-burdan iynə ulduzu deşiklər açılır, oksigen dolur içəriyə, toz dolur, toz alışıb yanır, şar korun-korun yanıb dağılır, qardaşıyın ƏrAğı dağılıb havada, gün işığında tüstüsüz, alovsuz yanır, bax, onda ölür qardaşın. Bəsdi ağladığın! Öldürmə məni! Özün də ölərsən, ƏrAğsız, məhv olarsan…” Səsi bacısı başa düşür, sakitləşir, oğlan da uçur gedir. OdAğÜzdədi indi. Bir vaxt gələcək, Yer planetini tamam yararsız eliyəcək bəşəriyyətimiz özü, ey! Çoxu da ƏrAğsız qalıb uçmayacaq. Bax, o vaxt biz buraya – tamam təmiz, əbədi planetimizə qayıdacağıq. Sənnən bir yerdə. Gözüyün yaşını sil, icazə ver uçum gedim öz təzə məkanıma. EySar izn verib onlara, bax, beləcə danışırlar iyirmi milyon kilo-metr məsafədən. Beyindən-beyinə!”
Əlini stulun başından asılı gödəkçənin qoyun cibinə salıb Səminin tapançasını çıxardı, “predoxranitel”i aşağı çəkib, sol əlinin ortasına bir güllə atdı və həmin sol əlini Səminin gözünün qabağına tutdu:
– Görürsənmi hanı qan, hanı yara?! Yoxdu ki? işıq güllənin səsini də udur, mənim səsimi də.
Səndən başqa heç kəs eşitmir. Yuxarı bax, hanı tavan? SafAğ işıq daşdan, divardan da keçir, ən mikroskopik deşiklərdən keçir, lazım gələndə predmetləri də bir növ yoxa çıxardır. Bax, bax, yoxdu ki tavan?! Ulduzları görürsən? Orda biz də elə Yerdəki kimi “Ulduz” deyirik. Yəni dilimiz zənginləşsə də, dəyişmir. O gördüyün parıltıların hamısı irili-xırdalı planetdi. Yerdə bilmirlər bunu. Heç nə, heç nə bilmirlər. Hətta, elmimizi öyrənənlər də çox şeyə inanmırlar. Budur sən özün tutulub qalmısan. İşıq tutub beynini. Bir gündə cəmisi bir saat belə saxlamaq olar insanı. Bir saatdan artıq işığa dözmür, insan beyni düz işləmir, sifətinin ifadəsi dəyişir. Bətni xarab adamlarla görüşüb o adamların fikirlərini hiss edəndə, özü də lap xarab olur, qarşısındakı adamın dediyi sözləri dərk eləmir, elə maddım-maddım baxa-baxa qalır. Bircə saat, Səmi! Bircə saat vaxtım var bu gecə… Dəqiqələr keçir, əmma sənə hələ heç nə deməmişəm.
İndi başlayıram deməyə. Diqqətli ol, əzizim. Çalış, lap sakitləş. Əlbəttə, işıqda da sakitləşdirici təsir Yerdəki insanın kamilliyindəki idrak qabiliyyətindən asılıdı.
Şüurdan məhrum insan müharibədən əl çəkə bilmir…
Dinlə! Dinlə! Yenə vəziyyət getdikcə dəyişir, ağırlaşır. İnsan vəh-şiləşib. Rəhm qılmır, böhtan, şər, şantaj yeyir SafAğlara. Sənin mühitin daha pisdi. Mənim başıma gətirdiklərini sənin də başına gətirməyə çalışırlar. Eşit: eynilə o cür böhtan, şər, şantaj var ətrafında. Sudüşənlilərin əksəriyyəti xüsusi dərs keçib… Əksəriyyəti! Bozqurdlar, “bəy” adlananlar, hamısı! Dillərinə bir ifadə düşüb: “qətlə yetirmək”. Kimi “qətlə yetirirlər”? O adamı ki, haqlı adamların hökmü ilə qətl olunmalıdır. Özün görürsən, hamısı özünü haqlı, ədalətli sayır, buna görə də öldürdükləri günahsız adamlar barədə o cür deyirlər: filankəs qətlə yetirildi… Özün nəticə çıxart: söz təsir eləmir “bəy”lərə. Qan tökmüyəndə darıxırlar. Çünki heç biri cəzalanmayıb, qudurublar. Bir də deyirəm: qudurublar! Çox qan içən it kimi qudurublar, uşaqları gülə-gülə öldürürlər. Bax, buna görə göndərildim mən, əzizim. Səni təhlükə gözləyir. Get təhvil ver bu silahları! Təhvil ver, əl çək qudurmuş itlə mənasız döyüşdən. Elm dili ilə danışmaq da çox vaxt tamam faydasızdı: qanmırlar, Səmi! “Elçibəy adlandırdıqları prezidentlərinin sözünü də eşitmirlər. Elçibəyin iradəsi özündə deyil. Amerikada, Fransada, Almaniyada, Cənubumuzda, bütün planetdə milyonlarla milyoner, milyarder qudurub. Bilirsən, fantastik miqdarda pul qoyublar “velikaya armeniya” ideyasına, Amerikanın Senatında xüsusi qərar çıxardıblar, bilirsən. Çox sürəcək bu döyüş. Çox qanlar töküləcək. Buna görə də sizin bu Sudüşən cəmaatına və ümumiyyətlə, belə psixologiya ilə xəstələndirilmiş cavanlarınız xüsusi dərs keçiblər ki “Yeraz”, “Türk” adlandırdıqlarını çox qıranda, əksmüqavimət – vətən müharibəsi dərəcəsinə yaxınlaşanda başqa üsullara da əl atsınlar: şantaja, zəhərə. Lap adi, sadə böhtanla, şərlə adamları sarsıtsınlar, Maksimum əsəbiləşdirib xəstələndirsinlər, sıradan çıxartsınlar. Həqiqi insani keyfiyyətləri olan adamlar dözmürlər şantaja, böh-tana. Başa düşdünmü, əzizim? Planet korlanıb, oğlum! Bəşəriyyətimizin psixologiyası Zora qana bağlanıb. Səbrli ol, Səmi! Səbr!.. Əl çək, əl çək silahdan! Polis sistemindən çıx! Xalqın korlanmamış qismi arasında Elm yaymaqla məşğul ol, Səmi! Orta məktəblərin yuxarı siniflərinə, universitetlərə, institutlara tut üzünü! Elçibəy guya Türkiyənin elçisidi, qələmli silahdaşlarının köməyi ilə türkçülük ideyası yayır, türk kökünü itirən “tat”ları, “kürd”ləri, “talış”ları öz qədim kökünə qaytarmaq, mənən birləşdirməyə çalışır. Əslində isə, həmin o qərarı – Senatın qərarını həyata keçirən bədbəxtin birisidi. Sizin qudurmuşlara, dövlət aparatına dolan kəm-savad, təcrübəsiz “liderlər”inizin dili ilə əmr olunur ki, Azərbaycanın var-yoxunu talayın, varlanın, kapitalist olun, hər şeyi yenidən qurun. Bu dediklərimi də sən müəyyən qədər bilirsən. Ərazinizi həmişəlik parçalamaq, “Midiya” – Bağday adında ideal keçmişinizin bərpasına imkan verməmək, bütün bəşəriyyətinizi vahid OdƏr kökü üstündə birləşdirməyə cəhd göstərənlərinizi büsbütün qırmaq niyyətindədirlər. O Qrand Nəcəfin dilindən düşməyən “perestrelyayem vsex” sözləri xaricdən gəlir. Qonşunuz Gürcüstanda da parçalanma gedir. Rusiyada da parçalanma gedir. “Rus”larla “Yevrey”lər arasında didişmə imperiyanı dağıdır. Bundan xəbərin yoxdu sənin. Əmma bilmirsən ki, uzaqbaşı üç-dörd il müddətində “Rus”lar, “Ukraynalı”lar, “Belorus”lar, “Alman”-lar, “Amerikalılar”, “Fransız”lar, “Ingilis”lər, hətta Xomeyniyə səcdə edənlər də, “Ərəb”lər də OdƏr köklərini tanıyacaqlar. Əmma bu üç-dörd il müddətində müharibə bürüyəcək Planeti. Dəhşətli qırğınlar, kütləvi xəstəliklər fəlakəti başlanacaq. Yalnız az miqdarda insan, “Amerika”, “Avropa”, “Yevrey”ləri öz ElƏrEy OdƏrliklərini tamam dərk edəndən sonra cəmi Yer üzündə Vahid Ədalət Səltənəti yaratmaq şəraiti yaranacaq. Demək istəyirəm ki, bu fəlakətin qurtarmasına az qalıb. At getsin o Kalaşnikovu! Çıxart əynindən o milis libasını! Ulu Bağ nəslindənsən! Qandan, qırğından qaça-qaça Bağdayın bütün ərazisini təhrif insanın, Fatehin tapdağında qoyub, vilayətlərdən çıxmağı daha üstün tutan on bir əbədi Bağ nəslində sən! Mənim gəncliyimin səhvini təkrar eləmə, Səmi! At silahı, qaç bu qudurmuşlar mühitindən! Sən, axı, unutmamalısan ki, geri sananan tarixin otuz mininci illərindən başlanıb bu vəhşilik – Bağdayı parçalamaq ehtirası! Təsəvvürə gətirə bilərsən ki, “Amerika”da, “Israyıl”da, bəzi “Yevrey”lər qismən də olsa öz EsƏrEyliklərini dərk eləməyə başlayanda Izrayılın baş naziri “Fələstin”lə sülh fikrinə düşdüyü məqamda o yarımcan ilan bircə nəfər qatillə təyyarəsinə minib gedib özü şəxsən öldürtdürəcək o naziri! Budu, bax, Yer üzündə bütün bəşəriyyətinizi zəhərləyən İlanın – Vatikanın qüdrəti – Vəhşilik! Sənin Kalaşnikovun nədi o İlanın tükənməz zəhəri müqabilində?! Xaliq Bağlarımızın hər şeyi əvvəlcədən görmələrinə inamı itirmə, Səmi!
Vaxtım azalır. İndi bir sirr açmalıyam sənə. “Şok” – filan vurmamışdı səni o bədbəxt qadınla uşağı öldürüləndə. Öz əzizin, hamımızın əzizimiz Mədəd dözmədi o vaxt sənin aldadılmağına, çox güclü təzyiq elədi sənin beyninə ki, bəlkə möcüzə ola, Ün eşidəsən, kin-küdurətdən, qisasçılıqdan qurtarasan. Mümkün olmadı, yıxıldın, iki il süründün bu evdə, o həyətdə. Bilirsənmi necə fasiləsiz ağlayırdı, Mədəd! Çünki təzyiq ehtirasına qapıldığına görə cəzalandırılmışdı: bildiyi həqiqətə, Yer insanının beyninə təzyiq qadağasına əməl eləməmişdi. Əzbər bildiyi həqiqəti hər gün, hər gün, aramsız təkrarla səsləndirirdilər beynində, Mədəd diz çökürdü EySarın qabağında, hönkürürdü, “Anladım! Anladım!” – deyirdi, EySar bağışlamırdı. O qadağanlı təzyiqin əzabını çəkmisən iki il, yenəmi o cür əzab çəkəcəksən, ay oğul?! Yenə deyirəm, at silahı, günü sabah Midini də götür, sür maşınını, birbaş AdıPünhanın sərəncamına. Vaxtım qurtarır! Mən bədbəxt də Mədəd kimi təzyiqə başlayıram. Başa düşürsənmi?! Qışqırıram! Təsir deyil bu daha, təzyiqdi! Tez cavab ver mənə! Tez! Tez! Cavab!.. – Səməd qışqıra-qışqıra oğlunun üstünə yeridi.
– Görmürsənmi gözlərimdən axanı?! Bu o deməkdi ki, atan ağlayır orda!”
Səmi hiss edirdi ki, silahdan əl çəkə bilməyəcək. Susurdu.
Səməd əlləriylə üzünü qapayıb, rəngini itirməyə, bozarmağa başladı və birdən yoxa çıxdı.
Səminin də gözlərindən yaş açıldı. Qollarının, qıçlarının üyüləri2 bir-birindən aralanan kimi, iflicsayağı oldu, beli uzunu tanış ağrı hiss itdi. Yazıq, hardan biləydi ki, atasının təzyiqindən canına artıq işıq dolmuşdu. Qolları, qıçları titrəyə-titrəyə, yavaş-yavaş yuxarı başa, yazı stolundan bəridə, sol divarın dibinə, sıxılı taxtına yıxılıb, ağlaya-ağlaya, bir müddət hərəkətsiz qaldı. Sonra səndələyə-səndələyə, taxta doğru getdi. Əlləri əsə-əsə, ağrı-əzab içində paltarını soyundu, yorğanı qaldırıb, üşütmə, titrətmə içində uzandı. Atasının səsi – qulaqlarında, üzüntülü yuxuya getdi.
3
…Bağça uşaqları biri-birilərinin dal ətəklərindən tutub, uzun, alabəzək sıra ilə düzülüb, Sudüşənlə Qonaqlı meşəsinin arasında, dərin, lal sulu “kanal”ın – arxın arxasındakı çəmənliyə çıxanda, sıraya qarışmayıb yançaqda yeriyən gödək qaraltı hamının diqqətini cəlb etdi. Bu vaxt həmin genişlikdə, meşə ətəyinin seyrək kol-luqları aralarında şuma nə isə səpə-səpə əl dımrıqları ilə dımrıqlayan Qudalılar birdən-birə püskürən kin vulkanını Səminin də qula-ğına çatdırdılar:
– Kökü kəsilmiş Yeraz toxumu genə “pissiniz” deyib aralı gəzir bizimkilərdən!
– Dədəsinin, Şöşü əmisinin sözünü deyir də, çattamış!
– Dədəsinin?! Boooy?! Ay qız, yəni doğrudanmı dədəsi çıxdı Səmi bunun?!
– Allah bu vələdin sonrasından saxlasın! Vurduğu damğaya bax Səm-səminin: “Pissiniz!”
– Pis sənin Cığa mamandı! Tez böyü, sənin özünü də oynaş eləsin özünə!
– Booy! Necə yəni səni də oynaş eləsin, ay qız! Yəni səksən yaşında da soyumuyacaq bunun Cığa maması?!
– Dədəsindən soruşun, Cığalının istisini, soyuğunu yaxşı bilir o!
“Dədəsi”, avtomat qucağında, əkindən xeyli aralı yük maşınında “narkotika” toxumu ilə dolu kisələrin üstündə oturmuşdu. Çox heyrətli idi ki, deyilənə görə, Qarabağ rayonlarından “deportasiya” edilən əhali ilə dolu yük maşınları Yevlax, Gəncə, Şəmkir aralarında yollarda vurnuxa-vurnuxa camaatı yerləşdirməyə yer axtardığı halda bu “”Ar” – Armeniya markalı maşın günün günortasında bütün “QAI postları”ndan maneəsiz keçib gəlib burada dayanmışdı. Səmi, əli Kalaşnikovun tətiyində, gəlib, nə erməni şoferi, nə də müşayiətçi “Bəy”lərdən heç kəsi tapmamışdı və yuxarı çıxıb kisələrdən birinin üstündə oturub, Şüşəliyə, Şöşünün “dalınca uşaq göndərməkdən” başqa bir əlac tapmamışdı. Kənardan baxanda, önlüklərindən ovuc-ovuc toxum çıxarıb kotan cızlarına tökə-tökə ağır-ağır maşına doğru gələn geyimli-kecimli, hamısı biri-biri kimi dolu – gırbıd arvadların, gəlinlərin, qızların səs-küyünü heç eşitməyən, gözlərini yumub dincələn yorğun-arğın, sakit bir polis idi. Əmma yaxınlaşanların söyüşlərini, “biz noxud əkirik! Narkotika nədi, ay eşşək!” – dediklərini eşitdikcə, bu “sakit” adamın çox erkən ağarmağa başlayan qalın saçları arasına geyinikli yoğun, cod barmaqlarının başını necə sıxdığını görmək olardı. Əsəbləri tarımlaşıb işıq atası ilə dünən gecəki görüşdən sonra hələ də özünə gələ bilməyən, hər adi səsdəndə diksinən bu adamın şaqqıltılı gülüş içində təhqirlərə laqeyd qalması, əlbəttə, mümkün deyildi. Tamam aydın idi ki, gecə-gündüz silahla əlləşən, qorxusuz-hürküsüz, “narkotika” səpən Sudüşən qəsəbəsinin – Qudalı məhləsinin arxasında heç də gəzlin – “mafiya”, “mafioz-polis” – filan yox, “Biz Türklər beş qurddan yaranmışıq!” – qışqıran, “Millət” adlı qəzetin başında canavar çap edən, hətta Şəmkir tərəfdə, magistral yolun qırağında canavara heykəl qoyduran biri-birindən yırtıcı “türk” “bəy”lərin Senatda xüsusi qərarla təşkil edilmiş antitürk “Türk” dövləti dayanmışdı. O dövlət ki, Boz qurd Nəcəflə yanaşı, polis kapitanı Səməd Səməd oğlu Əmirliyə – Səmiyə də məvacib verirdi. Atasının o cür ətraflı məlumatından sonra beyni daha da dumanlanmış Səmi üçün tamam anlaşılmazdı ki, “Narkotika ilə mübarizə qrupu”nu təyin edən də dövlət özü idi, “noxud” səpən də. Səminin beyni o dərəcədə sıxılıb, hətta ağrılı olmuşdu ki, “yuxarıdan” – OdAğÜzdən kiminsə qəzəbli təzyiqini hiss etsə də, nə o təzyiqi dərk edirdi, nə də vaxtı ilə tamam aydın dərk etdiyi həqiqətləri: “İkar”lara doluşub qaranlıq düşəndən sonra Erməni tərəfinə keçib o yandan bəriyə, sonra bəri keçib bu yandan o yana işıqlı güllə yağdıra-yağdıra, camaata: “Qaçın, Erməni gəldi!” – qışqırışan Boz qurdlar, OMON-çular doğrudanmı kiməsə arxalanırdılar?! AdıPünhanm göndərdiyi arxiv sənədləri surətlərində Nikolay Romanovun əmri ilə qurulduğuna görə qeyri-qanuni elan edilən, çar generalı Denikinin tərəfində döyüşə-döyüşə, açıq-aydın qeyri-qanuniliyini qanuniləşdirməyə çalışan “Müsavat” dövləti, indi yenidən qayıdıb, Nəcəfin rusca çərənlədiyi kimi, rus-erməni birliyinin əli ilə qayıtmışdısa “Qotov slujit rodine” deyən polis kapitanı “narkotika” ilə mübarizə edə-edə narkotika dövləti iləmi mübarizə edirdi?! Yoxsa, pul dövlətə gedirdisə, “Azərbaycan respublikası” adlanan bu dövlət Azərbaycan xalqını niyə belə dilənçi kökünə salırdı?! Adi, gündəlik çörək tapmayan bu üç para kənd kimi, ölkənin hər yerində əhali şəhərlərə üz tuturdusa, hər gün yüzlərlə, minlərlə ev qapısı bağlanırdısa və dövlət özü buna açıq yol verirdisə, bu kimin dövləti idi?! Rusiyadan borc alınan taxıl vaqonlarını günün günorta çağı boşaltdırıb satan məmurlar niyə bu qədər cəzasızdırlar?! Adı, soyadı, sifəti “Millət” qəzeti, bütün varlığı ilə “türk”, “türk” qışqıran prezidentlə nazirləri, Ali Sovet, Milli Məclis deputatları – xalq vəkilləri, hamı, hər şey bu xalqa məxsusdusa, bu xalqın övladı Səmi Əmirli niyə bu qədər təhqiramiz vəziyyətdə qalmışdı?! “Beş qurddan doğulmuşuq” sözlərinin əsli “beş KurOd” olduğu sübuta ehtiyacı olmayan bir həqiqət kimi yayılsa da, “qurd” kəlməsini həqiqi mənada işlətməklə bu milləti tamam beyinsiz sayırdılar.
Səminin beynində fikirlər bir-birinə qarışırdı.
Necə yəni “mı vas vsex perestrelyayem”?! Bu sözlərin arxasında “Velikaya Armeniya” ideyası dururdusa, bəs, ölümündən sonra da “türkçülük” yayan, “biz Midyalıyıq!” – qışqıran Məmməd3niyə “Velikaya Armeneiya” ideyasına xidmət edirdi?! Təyin olunmuş “qrup”un üzvləri Səmini nəinki “komandan”, hətta insan da saymadan, dindirib-danışdırmadan, suallarına cavab vermədən, maşınlarına doluşub harayasa yoxa çıxırdılarsa, qayıdanda da heç bir suala cavab vermədən, biri-birinə baxıb müəmma ilə gülürdülərsə, polis idarəsinin rəisi Gülənova, icra başçısı Məsimə müraciətlər də cavabsız qalırdısa, Səmi haraya, kimə müraciət etməli, xilası araqda görən şair polisdən – pyanska Şöşüdən başqa kimə söykənməli idi?! Söykənəcəyi yoxdusa, demək, doğrudan da silahı atmalı idi?! Yenə elm yaymaq?! Məktəblərə, universitetlərə, institut-lara üz tutmaq?! Yəni doğrudanmı bundan bir şey çıxar? Ölkə parça-parçadır axı! Erməni Şuşaya, Ağdama gəlib axı! Vətən əldən gedəndən sonra neyləyə bilər elm?! “Üsyan olmaz! Təzyiq olmaz!..” Sovetin silahı, texnikası ilə təpədən-dırnağa silahlanmış düşmənə müqavimət göstərənlərin meyitləri çöllərdə qalırdısa, Səmi hansı həvəslə elm yaysın?! Necə yəni ən çoxu üç-dörd ilə hər şey həll olunacaq?! Kim inanar buna?! Əbədi Bağlar elçisi, SafAğ Alim hansı əsasla belə dedi?!
Sarsıntılar arasında birdən canavar ulartısı kimi zil bir səs eşidildi:
– Əsil huuy, nəsil huuy! Əsil huuuy, nəsil huuuy!..
Xəlvət Rəhim idi, bir əli dümağ, lopa bığında, bir əli dümağ, yapıq saçında, bir gözü Səmidə, bir gözü cəmaatda, ulayıb, ulayıb çəliyinin ucunu göyə qaldırdı.
– O uçan sığırçınlara baxın!
Hamı dikəlib, meşə ətəyində təzə şumların üzərində o yan-bu yana burulan qarabulud quş dəstəsinə boylandı.
Xəlvət çəliyinə dirənib, eyni zil səslə:
– Sığırçın erkən gələndə əkində qurd-quş qalmır. Naxırlarda iri heyvanın, sürülərdə xırda heyvanın tükünün ara-bərəsində qurd-murd toxumunu da tər-təmiz dənləyir o bərəkət quşu. Çünki Allah elə xeyirxah yaradıb sığırçını. Vay o gündən ki, qara qarğa-quzğun gəlsin yazbaşı. Qurd-murdnan yanaşı taxılın, qarğıdalının toxumunu elə eşələyir çıxardır ki, cücərmə vaxtı hara baxırsan, qara şum görürsən!.. Çömçəyalayan desin görüm nə dedim mən?
Badsəba qarı, çiyinlərində qara kəlağayı, şumun arasında qara koma kimi yumalana-yumalana yaxınlaşıb, bir gözü qocada, bir gözü Səmidə:
– Sən dedin: “Əsil huuy!..” Xeyir xeyirdi, şər də şərdi. Quyruğun vurmaqnan qurd olmaz tula! Yəni ziyankardı. Quzğun da əkin vaxtı eləcə ziyankardı. Çəlik qalxıb Səmiyə tərəf uzandı, lopa bığ cəmaata sarı döndü:
– Bu nəslin nə Sultan Əmirliynən Mədəd Əmirlisi quzğunuydu, nə də Səməd Əmirliynən adı o xırca Midiyə qoyulan Mədəd Əmirli. Üzərdə Sovet çekistləriydi hamısı! Aşıq Çürüyün, Xızr Abının, Kamandarın xəlvəti məclislərində Türkün SafAğ elmini yayırdılar. Çekistlər ey! Belə hünərvərdilər Əmirlilər! “Molla əmiləri” dolayırdılar: “Məsim bala, o barmağındakı üzüyü ver, di-lini açsın molla əmin”.4 Lailahəilləllahı heçə-puça çıxardıb, lisus Xristosun həqiqi adını qaytarıblar, Bağ oğlu Bağ, ƏlAğ EySar eləyiblər! Niyə? “Beş gözəlin vurğunuyam!” – deyə-deyə, insanı insana bağlayan Bağ Ataynan dörd oğlunun adı altında bütün pla-netdə vahid səltənət yaratmaq xəyalındaydılar! Cəmi yer üzündə ey. Hünərə bax! Rus yevreylərini də başdan-beyindən çıxardıblar gizlin-gizlin. Bir azdan bunlar da “qlobalizasiya” deyəcəklər. “Cəmi Yer üzündə dövlətə”. İştaha bax! “Cəmi Yer üzündə…” Bir Lüt Cəfərləri vardı, bir də Qılınc Qurbanları. Bellərində mauzer, əllərində beşaçılan, işləripeşələri mən təki, göyüm Nəcəf təki çörək sahiblərinin çörəyini kəsməkdən ibarətiydi… Eyy!.. Səmi! “Ədalət” deyənləriyin hamısı getdi gedər-gəlməzə! Adlarını itlərimə qoymuşam! Bilirsən?! Sən də gedəcəksən! Nə oturmusan o toxumun üstündə, ay it! Allaha qurban olum, imkan verib, tər tökək, qazanc götürək! Təzə-təzə gəlib çatıb bizə ki, bütün dünya biznesnən məşğuldu! Xaricilərin prezidentləri də biznesmendi! Nə vaxt ayılacaqsan, ay bədbəxt? Bütün dünya narkobiznesnən dolanmırmı indi, ay bədbəxt?! Demədimmi sənə ki, “nayomniklər”ə verilən dollar hardandı?! O illəri o uşağın bələyinə qoyduğum torbadan birini də sənin cibinə qoydum, çıx get burdan! Təftiş Abbasnan oğludu, bir də sənnən pyanska Şöşüdü burda qalan. Nədi məqsədiniz?! Erməninin bu maşınını “konfiskovat” eliyəcəksən?! Nəcəf gecəynən ikincisini gətirəcək! Nə qədər demək olar ki, götür o küçüyünü, çıx get! Tapşıraram Bakıda, Sumqayıtda, Abşeronda, harda istəsən, mal verərlər, satdır, kefini çək! Bangdan kredit verdirərəm, kafe, restoran, dükan açarsan, qızıl yığarsan! Nə istəyirsən, axı, sən?! “SafAğ Elmi” nədi?! “OdƏr bəşəriyyəti” nədi?! “Ədalət” nədi?! Olandımı belə şeylər, a bədbəxt?! Xəbərin varmı ki, bu səhər o taydakı Azərbaycanınızın yarısını uçurdub-dağıdıb zəlzələ?! Qadasın aldıqlarım Boz qurdlar dolublar xarabalarda Muğannalarınızın təpələrini gülləynən doldurublar! Belə açıq gedir indi “qlobal terror” deyilən! Qandın?! Düş ordan, deyirəm. Rədd ol!
Qarı səsini Xəlvətin səsinə qatdı:
– Küçüyünü apararlar Boz qurdlar, Cığa mamasıynan bir yerdə! Mülkünü köklü-köməcli satsan da qaytarammazsan, ay bədbəxt! Düş o maşından, cəmaat toxumu gətirsin!
Səminin barmaqları sıxıldıqca sıxılırdı. Ordan-burdan tək-tək saç qopduğunu, sərin ilk bahar havasından soyumuş başının dərisinə damla-damla isti qan çıxdığını hiss edirdi. Şöşü harda batmışdı yenə?! Pivə içirdi! Saz çalırdı! Şeir yazırdı! Şüşəli pavilyonunda ofisiantlarla zarafatlaşırdı: “Özünüz bilirsiniz, mənimki elə quru zarafatdı. Çünki OdAğÜzdəkilər bəd əməlləri görürlər!..” – Yarımca saat, bircə saat danışdı ki, “Qudalı gədələr”ini – gom-bulları cinnəndirsin, hərəsinin xəyasına bir təpik vurub sızıldatsın və sair belə oyunlar çıxartsın, təki “Kalaşnikov işinə” getməsin! Dostu, qardaşı isə burada işgəncə çəkirdi!
Xəlvətin ovcunda telefon qaraldı.
– Vadar eləmə Nəcəfi çağırım! Vurduğu adamın meyitini satır Nəcəf, ay yazıq. Meyitini almağa pullu adamın da yoxdu. İy verə-verə qalarsan düzün ortasında! Düş ordan! Günü bu gün çıx get o generalınıza deynən qovdular kənddən!.. Mənim verdiklərimi istəmirsən, elə onun yanında bir iş tap, qal orda, bir də ayağın dəyməsin buralara! Düş deyirəm! Atan Səməd də ilişib qalmışdı burda. Getdi! Sən də gedəcəksən, a bədbəxt! Sən də xurd-xəşil olacaqsan, a bədbəxt!
Ücretsiz ön izlemeyi tamamladınız.