Kitabı oku: «Şəppəli», sayfa 2
Onun rəftarı, deyəsən, oğlanı təəccübləndirirdi.
– Mən özüm sənə qulluq göstərmək istəyirəm, dayı, – dedi və bununla Şəppəlini tamam çaşdırdı.
– Mənə?! Qulluq?!
Oğlan bir daha Şəppəlinin boy-buxununu gözdən keçirdi.
– Sən Mədəd kişi deyilsən?
Sual necə gözlənilməz oldusa, Şəppəli hətta gözlərini döydü. Lap çoxdan, “ağzı gedib qulağının dibində durandan” bəri Şəppəlinin əsl adı unudulmuşdu. Yüzdə, mindəbir adam onu adı ilə çağıranda Şəppəliyə dünya bağışlanırdı. Odur ki, birdən-birə dəyişib, bu ağbəniz, yaxşı oğlana rəğbətlə, minnətdarlıqla baxdı:
– Mədəd kişiyəm, ay oğul, – dedi. – Əmbə bir balaca düzəlişə ehtiyac var. Nə adım qalıb, nə də kişiliyim. İndi Şəppəli deyirlər mənə. Hesabdar Şəppəli.
Oğlan sakitcə gülümsündü.
– Çoxmu fikir çəkirsən Şəppəli deyilməyindən?
Şəppəli dedi:
– Qulağım dolub. – O dəqiqə də peşman oldu: bu cür nəzakətli oğlanla niyə səmimi danışmasın?
Dərhal səhvini düzəltməyə tələsdi:
– Adım üstümdə olsaydı, yaşayışım da, əlbəttə, ayrı cür olardı, oğul, – dedi.
– İstəyirsənmi sənin adını özünə qaytarım?
Şəppəli diksindi.
– Hə, dayı, niyə dillənmirsən? Adını özünə qaytarsam nə verərsən? Otuz toyuq əvəzində o quzulardan birini verərsən?
Şəppəli heyrətlə baxırdı. Otuz toyuq?! Bunu bu oğlan hardan bilirdi? Axı, mərhum Orucdan, Pəricahan arvaddan, bir də Şəppəlinin özündən savayı, bu köhnəlmiş, unudulmuş toyuq əhvalatını heç kəs bilmirdi.
Şəppəli kirpik çalmadan, diqqətlə, bir xeyli oğlana baxdı.
– Sən kimsən, ay oğul?
– Yenə tanımadın? – Oğlan güldü. – Ordan bir yaxşı quyruqlu əmlik seç, gəl otur, gedək!
– Hara?
– Bakıya. Gəlmişəm səni xəstəxanaya aparım.
– Dayan, dayan, oğul… – Şəppəlinin ürəyi çırpınırdı. – Keçmişdə mənim bir dostum vardı, oğul, yaxşı-yaman günümdə böyrümdə hazır olardı. Sən o dostumu yada saldın, əhvalımı dəyişdirdin…
– Mən Orucun oğluyam də!.. Məmməyəm də!.. Bəlkə təzədən tanış olaq?
Oğlan gözlərindən gülə-gülə qapını açıb düşdü. Əlini irəli uzatdı.
Şəppəli dala çəkildi.
– Tərpənmə!.. Qoy əvvəlcə bir yaxşı-yaxşı tamaşa eləyim… Görüm Oruca oxşarın varmı?
Oğlan bu “çudaklığı” tamamilə təbii bir şey hesab edib, itaətlə, öz sakit görkəmi ilə dayanıb səbirlə gözlədi.
Şəppəli isə bir xeyli köksünü ötürə-ötürə onun “eninə-uzununa” tamaşa etdi. Kişinin “ürəyi yerindən oynamışdı”. Mərhum dostunun oğlu Məmmənin tibb institutunu qurtarandan sonra Bakıda işlədiyini bilirdi. Nəinki bilir, hətta Pəricahanla görüşəndə, demək olar ki, ancaq Məmmə barədə danışırdılar. “Soyuyub, qəlbi daşa dönüb sağ olmuşun, elə vaxt olur, heç ildə bir kərə də yanıma dəymir. Gələndə də ayrı sözü yoxdu: “Yığış gedək Bakıya! Yığış gedək!” Daha demir ki, saçımı-birçəyimi Orucun yurdunda ağardandan sonra mən bu yurdu necə boş qoyum?!” – Pəricahan oğlundan şikayətlənirdi. Şəppəlini isə həmişə bir sual düşündürürdü: “Görəsən Oruca oxşarı varmı?” İndi, iyirmi ildən sonra mərhum Oruc elə bil möcüzə ilə dirilib qarşısında dayanmışdı; vaxtilə Bakıda kursda oxuyub qayıdanda Oruc da eynilə bu cür arıq, zərif, ağbəniz oğlandı. Görəsən necə olmuşdu ki, əziz dostunun varisini Şəppəli dərhal tanımamışdı?
Kişi o qədər riqqətləndi ki, hətta illərin uzaqlığından Orucun səsini eşitdi: “Bir molla tanıyıram. Adı molladı, özü loğman. Gedək onun yanına. Var-yoxdan çıxsam da səni sağaldacam!” Bunun ardınca, “dirilmiş Oruc” – Məmmə dilləndi:
– Hə, oxşarım varmı, dayı?
Şəppəli ağladı.
– Orucun torpağı sanı yaşayasan, sənə qurban olum!
…Məmmə onu bir ay, ayrıca palatada müalicə etdi.
Hər dəfə palatanın qapısını açanda, eynilə mərhum atası kimi, sakitcə gülümsəyirdi:
– Molla gəlir şapalaqlamağa!
– Gəlsin, gəlsin, mollama qurban olum! – Şəppəli hər dəfə kövrəlirdi. Əmma “molla şapalağı” əvəzində Şəppəlinin üzünə “hallıca-dulluca bir gəlinin”, olduqca xoşxasiyyət bir şəfqət bacısının “pilətək yumşaq” əlləri dəyirdi; şəfqət bacısı gündə üç dəfə onun sifətini “mazlarla massaj” eləyirdi, “şəppə suyu” əvəzində isə müxtəlif vitaminlər içirirdi.
“B-1” vitamininə Şəppəli “Bəbir” deyirdi, “S-1”-ə isə “Səbir”.
Məmmə ləzzətlə qəhqəhə çəkirdi.
– Bəs bunların cəmi nədi, dayı?
Şəppəli cavab verirdi ki:
– Bəbirnən Səbirin cəmindən kişi törəyir, qurbanın olum! Mədəd kişi!
Əlbəttə, heç kəs uzun illərin vərdişini atıb Şəppəlini ayrı cür çağırmadı. “Ağzı qayıdıb yerində dursa da” adı elə Şəppəli qaldı.
Xəstəxanadan çıxandan çox-çox sonralar, pay-ülüşlə yüklənib Məmmənin yanına gedəndə Şəppəli deyirdi:
– Rayondan sovxoza zəng vururlar: “Danışan kimdi?” Deyirəm: “Mədəd kişidi”. Deyirlər: “Mədəd kimdi? Biz elə adam tanımırıq”. Deyirəm: “Hesabdar Mədəd!” Xəbər alırlar ki, “sizi ora təzəmi götürüblər işə?” Axırda əlacım kəsilib, deyirəm: “Danışan Şəppəlidi”. Başlayırlar məzəmmətə ki:
“A kişi, bayaqdan belə desənə! Altmış yaşında, durub təzədən özünə ad qoyursan!”
Beləliklə, ad qaldı, “Bəbirlə səbirin cəmindən” tamam ayrı şey – Şəppəlinin “Məmmə” adlı yeni dünyası yarandı. “Balans stəkanı”, sağlıqlar, “kəndçi balnisəsinə” məktublar… İş o yerə çatdı ki, nəhayət, Məmmə özü onu ata-baba yurdunda bunca məşhurlaşdırmış Şəppəliyə məktub yazdı, mərhum atasının ən yaxın dostu və özünün ən sədaqətli “pasient”i kimi Bakıya dəvət etdi, məşhur cərrahın – professor Məmmədəlinin qızına elçi getməyə çağırdı. Deməyə ehtiyac varmı ki, bu, Şəppəlinin həyatında ən xoşbəxt gün idi?.. Varyoxunu yığışdırdı. Pəricahan arvadı da götürüb getdi. Burda, professor Məmmədəlinin ailəsi və qohum-əqrəbası ilə tanışlıq zamanı Şəppəlini yeni, daha gözlənilməz bir xoşbəxtlik gözləyirdi; Məmmə onu “pasient”i yox, doğmaca dayısı kimi təqdim edəndə, Şəppəlinin, eynilə “şəppə vuranda” olduğu kimi, alt dodağı səyriməyə, çimildəşməyə başladı. Ona elə gəldi ki, bu dəfə xoşbəxtliyinə görə ağzı yenə gedib qulağının dibində duracaq.
Əmma, əlbəttə, heç nə olmadı; Məmmə onu lap yerli-yataqlı, həmişəlik müalicə eləmişdi.
Şəppəli təntənəli bir mühitdə, professor qızı Zemfira balanın barmağına üzük taxdı. “Lap elə Məmmənin özü kimicə, cavanca bir adam” olan professor Məmmədəli ilə üz-üzə oturub “nə ki var vurdu”, sonra həftənin axırı olduğunu xatırlayıb, qədəhini kənara qoyub, stəkan istədi, bir daha Məmmənin sağlığına “balans stəkanı” qaldırdı.
– Şəppəli də adam olur ha!
– Ağzı düzələndən bəri dirçəlir.
– Sulanır!
– Qocalığında göyçəklənir kişi!
Sovxozda belə deyirdilər.
– Məmmənin qiyamət dayısı var.
– Əla kişidi!
Bakıda belə deyirdilər.
Xüsusən “Zemfira bala” “Məmmənin dayısına” vurulmuşdu.
– “Kakoy u tebya simpatiçnıy dyadka, Məmmə! Şuplenkiy, dlinnonosıy, vılitıy Buratino!..
Pay-ülüşlə yüklənib Bakıya gedəndə Şəppəli həmişə taksini “Nərgiz” kafesinin yanında saxladırdı, avtomatdan zəng vururdu ki, Məmmə düşüb çamadanları qaldırmağa kömək eləsin. Bu vaxt, kafe ilə üzbəüz binanın ikinci mərtəbəsində pəncərə taybatay açılırdı, Zemfira balanın incə qaməti görünürdü, sevinclə dolu cingiltili qışqırtısı eşidilirdi:
– Dyadya Buratino!..
Bunun üstündə Məmmə həmişə onu məzəmmət edirdi:
– Mən kişinin adını qaytarmaq istəyirəm, sən təzə ləqəb verirsən!..
Məzəmmət etməyinə edir, əmma eyni zamanda sakit-sakit gülümsəyirdi.
Ümumiyyətlə, tanıyanlar arasında elə bir adam vardımı ki, Şəppəlinin adı gələndə dodağı qaçmayaydı, gözləri gülməyəydi? Yoxdu. Bakıda da, sovxozda da. Əmma Şəppəliyə görə, onu duymayan, onun adı gələndə gülümsəmək əvəzinə qaşqabaq sallayan tək bir adam vardı ki, o da öz iş yoldaşı – baş mühasib Mursaqulu idi. Uzun-uzun illər ərzində bir otaqda, yanaşı stollarda oturduqlarına baxmayaraq, Şəppəli bu qaradinməz, mısmırıqlı adamla ülfət, ünsiyyət bağlaya bilməmişdi. Bir mühasib kimi, düzlük tərəfdarı, namuslu vətəndaş kimi Mursaqulu bəlkə də pis adam deyildi. Əmma bir həmsöhbət, ürək-dirək yoldaşı kimi heç nəyə yarayan deyildi. Elə ki Şəppəli başlayırdı Məmmədən danışmağa, Mursaqulunun dərhal sifəti ciddiləşirdi. Doğrudur, nəzakət xatirinə qələmini mürəkkəbqabına söykəyirdi, hətta gözlərini Şəppəlinin gözlüyünün şüşələrinə sarı yönəldirdi. Əmma “hə, hm” eləməkdən savayı bir kəlmə də demirdi. O, Şəppəlidən işdən başqa həyatın özündə “ümumiyyətlə, ciddi olmağı, ciddi şeylər danışmağı” tələb edirdi. Mursaquludan hər dəfə bunu eşidəndə Şəppəli qəzəblənirdi.
– A kişi, insan bəyəm elektrik hesablayıcısı-zaddımı ki, həməşə ciddi olsun? İnsan insandı! Lap ciddisi də, görürsən, sarsaqlayır. Məsələn, budey, sən özün! Mən sənə Məmmədən danışıram, deyirsən: “Ciddi ol, ciddi şeylər danış!” Sar-saqlıq deyil, bə nədi bu?!
Şəppəli, onunla “düz sarımayan”, onun adı gələndə mısmırığını sallayan bu şərti dostunun haqqında çox fikir-ləşirdi. Mursaqulunun yaşı keçmiş olsa da, Şəppəli onu da özü kimi “düzəldib adam eləmək” istəyirdi. Bunun üçün imkan da vardı, şərait də: imkan – Məmmə, şərait – “kəndçi balnisəsi”.
Bir səhər işə gələndə Şəppəli soruşdu:
– Bura bax, Mursaqulu, çoxdandı xəbər almıram, böyrəklərin yenə incidirmi?
Mursaqulu başını tərpətdi, yəni, hə, incidir.
Hər il avqust-sentyabr aylarında Mursaqulu birdən ikiüç kisə dolusu qarğıdalı saçağı yığırdı və bütün qışı da, yazı da, yayı da çay əvəzində qarğıdalı saçağını qaynadıb suyunu içirdi.
Şəppəli stolunun arxasına keçdi, orta siyirmədəki “yağlı kağızlardan” birini çıxartdı, qələmini mürəkkəbə batırıb başladı:
“Əzizim-gözüm Məmmə. Bu kişi ki, göndərirəm yanına, mənim şefimdir. Babalarımızın səcdəgahı Bursanın şərəfinə adı Bursaquludu. Biz Mursaqulu deyirik. Atan Orucun sağlığında da mühasib idi. Sovxozumuzun bütün ağırlığı bu kişinin çiynindədir. Bir yandan işinin çətinliyi, bir yandan böyrəklərinin ağrısı bunu lap adamlıqdan çıxardıb, özün görəcəksən, üz-gözündən zəhər damır. Göndərirəm ki, bu Bursa-qulunu da mən təki adam eləyib qaytarasan. Səni bağrıma basıb öpürəm. Orucun iyini səndən alan, qolubağlı qulun Mədəd”.
Mursaqulu düz bir həftə məktubu cibində gəzdirdi. Nə isə çox qəribə, hətta sirli inadla Məmmənin yanına getmək istəmirdi. Bu bir həftədə Şəppəli, demək olar ki, hər gün onu danlayırdı.
Nəhayət, Mursaqulu getdi. Və dabanı üstə qayıtdı.
– Məmmə orda yoxdu.
– Necə yəni yoxdu?
– Balnisədən çıxardıblar.
– Necə yəni çıxardıblar, a kişi?!
– Qovublar… xəstələrdən pul yığırmış.
– Nə danışırsan?!
Şəppəlinin alt dodağı çimildəşməyə başladı. Mursaqulu kiminsə, başqa bir həkimin yanında olmuş, özünü müayinə elətdirib, “analiz verib” çoxlu dərman-dava alıb gətirmişdi. Stolunun arxasına keçib, ikicə gündə iş üçün darıxmış kimi, dərhal kağızları qabağına tökdü.
Şəppəli isə, əlbəttə, daha işləyə bilməzdi…
Dəhlizə və mühasibliyin kandarına çoxlu adam yığışmışdı. Gah Şəppəliyə, gah da yerə baxır, susurdular. Elə bil hüzrə gəlmişdilər.
Şəppəli ovcunu sol üzünə və dodaqlarının küncünə sıxıb, beləcə qurumuşdu. Ona elə gəlirdi ki, əlini buraxan kimi “ağzı gedib qulağının dibində duracaq”. Əmma sonra bunu tamam unutdu.
– A Mursaqulu!.. Bir sualıma cavab, a Mursaqulu!
Baş mühasib gözlüyünün şüşələrini onun gözlüyünün şüşələrinə sarı çevirdi.
Şəppəli udqundu.
– De görüm… sənə kim deyib onu?.. A qurbanın olum, Məmmə hara, belə xəbər hara?!
Cavab əvəzində gurultu eşidildi.
– Bəsdi! Bəsdi, Şəppəli, bəsdi!.. – Mursaqulu bəlkə də ömründə birinci dəfə belə çılğın qışqırıb yumruğunu stola döydü. – Nə qədər Məmmə, Məmmə demək olar, Şəppəli! Bəsdi, eşidirsənmi?! Daha az qalıb atçot əvəzində Məmmə, Məmmə yazım! Canımız xirtdəyimizə yığıldı daha! Səhər – Məmmə! Günorta – Məmmə! Axşam – Məmmə! Yuxuda da sənin səsini eşidirəm! Ya xətm elə, yığışdır bu Məmməni, ya da bu otaqda ikimizdən birimiz oturacayıq! Ya sən və sənin Məmmən, ya da mən! Eşitdinmi, Şəppəli?!
Mursaqulu birdən qışqırmağa başladığı kimi, birdən də susdu. Mühasibliyə sükut çökdü.
Mursaqulu bir əlini böyrünə – kəmər yerinin üstünə, o biri əlini alnına sıxıb, donqarlanıb hərəkətsiz oturmuşdu. Quru, göyümtül sifətində, gözlüyün şüşələri altında kənarları qırışmış yarımqapalı gözlərində elə ifadə vardı ki, elə bil indicə ağlayacaqdı. Canımı ağrıyırdı, yoxsa otuz il ərzində onunla yanaşı stolda oturan, onun xəstəliyi üçün ürəkdən yanan bir adama belə qəfildən qışqırdığına görə peşmanmı olmuşdu? Hər nə isə, baş mühasib əzab çəkirdi. Şəppəli isə, ömründə birinci dəfə öz şərti dostuna laqeyd idi. Daha doğrusu, bir növ kütləşmişdi. Necə yəni “rüşvət?!” Necə yəni “xəstələrdən pul?!” Bu sualları dönə-dönə beynində dolandırmaqdan savayı bir kəlmə də düşünə bilmirdi.
Kandarda kim isə köksünü ötürdü.
– Fikir eləmə, Şəppəli. Çıxardıblar, canı sağ olsun, sənətini də əlindən almayacaqlar ha?! Oturar evində işlər, ney-nək!..
Pəncərədən Şəppəlinin stolunun üstünə şüa düşüb tərtəmiz silinmiş mürəkkəbqabını və knopkaları parıldadırdı. Şəppəli gözlüyünün altından gözlərini bu parıltılara dikib duruxub qalmışdı.
Haçandan-haçana başını qaldırdı. Günəş şüasının içərisində də xırda-xırda parıltılar vardı: tozcuqlar, zərrəciklər sakit-sakit fırlanıb işıldaşırdı. Şəppəli şüanın arxasında – kandarda dayananlara və ona təsəlli verənin kim olduğuna diqqət yetirmədən, işıldaşan zərrəciklərə baxa-baxa ağır-ağır dilləndi:
– Mənim gözüm çox şey görüb, – dedi. – Bu stolun üstündə haqq-hesab çəkdikcə ağlayanlar, gülənlər görmüşəm. “Elə yazma, belə yaz”, – deyib ayağıma yıxılanlar görmüşəm. Rayondan gəlib ilbəil “katibin, prokurorun, enkevedinin paylarını ver!” – deyə-deyə hər il balans vaxtı bizi çarmıxa çəkiblər, ikimiz də zar-zar ağlamışıq bu kabinetdə… Belə rəzillik görə-görə, kasıb qanı içən rəzillər düşməni olmuşam!..
Oruc bir qəpik də kəsməyib fəhlənin pulundan. “Rüşvət alan direktorlardan alın “pay”ınızı” deyib. Belə insanlıq görə-görə insan aşiqi olmuşam mən!.. Məmmə o insanın oğludu!